Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6140/2025 16.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh Zeytin (Həsənova) Metanet Rafiq qızının nümayəndəsi və vəkili Nümayəndə2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakları ilə İddiaçı cavabdehlər Zeytin (Həsənova) Metanet Rafiq qızına və Bakı Şəhəri 5 saylı Notariat Ofisinə qarşı (X31, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və X9 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və sair” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Zeytin (Həsənova) Metanet Rafiq qızına və Bakı Şəhəri 5 saylı Notariat Ofisinə qarşı (X31, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və X9 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və sair” tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 5 saylı Notariat Ofisində aparılan B-122 reyestr nömrəli vərəsəlik işi və həmin vərəsəlik işi əsasında əsasında Zeytin (Həsənova) Mətanət Rafiq qızının adına verilmiş 07 may 1998-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və reyestrdən çıxarışın ləğv edilməsi, İddiaçı atası X7 ölümündən sonra miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və buna dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X14 13 avqust 1997-ci ildə vəfat etmişdir. Atasından ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır. Sözügedən əmlak atasının vəfatından sonra onun tərəfindən faktiki olaraq qəbul olunmuş həmin vaxtdan sonra həyat yoldaşı və 2 övladı ilə birlikdə həmin ünvanda yaşayır. Atasının vəfatından əvvəl atası ilə anasının nikahına xitam verilmiş, bacısı və qardaşı anası ilə birlikdə Binəqədi rayonu, 7-ci mikrorayon, ev 10, mənzil 58 ünvanında yaşamış, sonra bacısı Türkiyə Respublikasına köçmüş, həmin evdə hətta bir gün belə yaşamamış, əmlaka hər hansı formada sahiblik və istifadə etməmişdir. Daha sonra məlum olmuşdur ki, sözügedən əmlak onun və qardaşının razılığı olmadan hansısa yollarla 07 may 1998-ci ildə bacısının adına vərəsəlik qaydasında 5 saylı Notariat Kontorunda keçmişdir. Həmin vərəsəlik işinə o və qardaşı hər hansı formada cəlb edilməmiş, əmlakın bacısının adına keçməsi barədə hər hansı razılıq verməmişlər. Qardaşı ümumiyyətlə həmin vaxt cəzaçəkmə müəssisəsində olmuş və heç kimə etibarnamə verməmişdir. X10 cəzasını başa vurduqdan sonra anasına məxsus olan ünvan 2 ünvanda yaşayır və miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsi və müvafiq şəhadətnamənin alınmasına hər hansı etirazı yoxdur. İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Zeytin (Həsənova) Metanet Rafiq qızının nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirmişdir ki, iddiaçı 2015-ci il tarixdə cavabdehə qarşı eyni tələblə müraciət etmiş, məhkəmə iclasında iştirak etmədiyi üçün iddia ərizəsi baxılmamış saxlanılmışdır. Göründüyü kimi, iddiaçı 2015-ci ildə vərəsəliklə bağlı hüququnun pozulduğunu bilmişdir. Lakin bu müddət ərzində, yəni 10 il müddətində məhkəməyə müraciət etməmişdir. Bununla da iddiaçı iddia müddətini ötürdüyündən iddiadan imtina olunması barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 ifadəsində bildirmişdir ki, X14 ilə nikahda olmuş, nikah pozulduqdan sonra mübahisəli mənzildə 4-5 il müddətinə yaşamışdır. 1992-ci ildən 7-ci mikrorayonda yerləşən mənzili almış, qızı ilə birlikdə həmin mənzildə yaşamışdır. Keçmiş həyat yoldaşı 1997-ci ildə vəfat etmişdir. Atası vəfat etdikdən sonra İddiaçı həmin əmlakda yaşamağa davam etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X31 ifadəsində bildirmişdir ki, atası vəfat etməmişdən əvvəl məhkum edilmiş, cəzaçəkmə müəssisəsinə göndərilmişdir. Atası və anasının nikahına xitam verildikdən sonra iddiaçı anasının himayəsində olmuş, o və bacısı isə atasının himayəsinə verilmişdir. İddiaçı anası tərəfindən internat məktubinə yerləşdirilmişdir. O da internat məktəbindən qaçaraq atasının, yəni onların yanına gəlmişdir. Əlavə olaraq qeyd etmişdir ki, cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra sözügedən mənzildə yaşamamış, hazırda da həmin mənzildə yaşamır. Cavabdeh Bakı şəhəri 5 saylı Notariat Ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, iddiaçının qonşuluğunda yaşayır. İddiaçının atası vəfat etməmişdən əvvəl həmin evdə iddiaçı, iddiaçının valideynləri, X10 yaşamışlar. İddiaçının bir müddət internat məktəbində qalması, X19 tutulması barədə məlumatı olmuşdur. İddiaçının anası X9 nikahı pozulandan sonra uşaqları ilə birlikdə digər mənzildə yaşamışdır, lakin uşaqlar həmçinin mübahisəli əmlakda da yaşamışlar. X31 cəzaçəkmə müəssisəsindən çıxandan sonra mübahisəli evdə yaşamamışdır. İddiaçı evlənəndən sonra da həmin mübahisəli əmlakda yaşamışdır. Cavabdeh Zeytin (Həsənova) Metanet Rafiq qızını 17-18 yaşından sonra ümumiyyətlə görməmişdir. 1970-ci ildən qonşuluqda yaşayır. İddiaçı daimi olaraq həmin mübahisəli əmlakda yaşamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadəsində bildirmişdir ki, iddiaçının qonşuluğunda yaşayır. İddiaçı ilə həmçinin dostdurlar. İddiaçının valideynləri boşanandan sonra iddiaçının anası hələ bir müddət həmin evdə yaşamış, sonradan qızı ilə birlikdə öz mənzilinə köçmüşdür. Lakin iddiaçı həmin mübahisəli əmlakda yaşamağa davam etmişdir. İddiaçının atası vəfat edəndən sonra da iddiaçı həmin evdə yaşamışdır. O, hərbi xidməti başa vurub evə qayıdandan sonra cavabdeh Zeytin (Həsənova) Metanet Rafiq qızını həmin mübahisəli evdə görməmişdir. X5 cəzaçəkmə müəssisəsindən çıxandan sonra həmin mübahisəli evdə görməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən edilməlidir. Belə ki, iş materiallarında olan iş materiallarında olan xx.xx.1997-ci il tarixli, 296792 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 13 avqust 1997-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan 07 may 1998-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 5 saylı Notariat Ofisi tərəfindən 1B- 122 nömrəli vərəsəlik işi üzrə X3 X27 vərəsəsi kimi tanınmış, ona məxsus miras əmlak ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi miras əmlak kimi qalmışdır. İş materiallarında olan İddiaçı məxsus 482957 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1982-ci il tarixdə doğulmuş, atası X12r. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 iyun 2015-ci il tarixli 2-1(81)-1824/2015 saylı qərardan görünür ki, X17 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsinə reyestrdən çıxarışın təkrar verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, X15 ilə X4 3 övladı olmuşdur: İddiaçı, Zeytin (Həsənova) Metanet Rafiq qızı və X31. Tərəflərin nikah münasibətləri pozulmuş, X15 isə 13 avqust 1997-ci il tarixdə vəfat etmişdir. X8 miras əmlakı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsi olmuşdur. Cavabdeh 1998-ci ildə müraciət edərək qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almış, həmin sənəd əsasında yaşayış evinə dair çıxarış əldə etmişdir. Cavabdeh qanun üzrə vərəsə qismində müraciət edən zaman digər vərəsələr barədə məlumat verməmiş, onların şəxsiyyəti ümumiyyətlə müəyyən edilməmişdir. İddiaçı bugünki günə kimi atasından qalan əmlaka faktiki olaraq sahiblik etməsi ilə əlaqədar qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr sırasına daxildirlər. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Həmçinin, həmin Qərarda qeyd edilmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarı mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsə də, məhkəmə hesab edir ki, hazırki iddia tələbini irəli sümrəkdə İddiaçı haqlı olmuşdur. Baxmayaraq ki, miras əmlakın qəbulu ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş 6 aylıq müddəti ötürmüş olsalar belə, məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara əsasən miras əmlaka uzun müddət faktiki sahiblik etmiş şəxsin miras əmlaka yiyələnməsi ədalətli hesab edilə bilməz. Belə ki, işin məhkəmə iclasında müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, cavabdeh X28 atasının vəfatından sonra Türkiyə Respublikasına getmiş, orada ailə həyatı qurmaqla yaşamışdır. 2015-ci ildə ona verilmiş çıxarışın təkrar verilməsi tələbi ilə Bakı şəhəri 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən zaman da qeyd olunan halları təsdiqləmişdir. Bununla da müəyyən edilir ki, cavabdeh miras əmlakın qardaşının faktiki sahibliyində olmasından məlumatlı olmuş, buna baxmayaraq açıq-aydın başqa vərəsənin olmadığını bildirməklə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almışdır. İddiaçının mübahisəli fərdi yaşayış evində yaşaması həm şahid ifadələri, həm də müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin ifadələri ilə də təsdiq edilmişdir. İddiaçı atası vəfatı zaman 15 yaşında olmuş, notariat orqanına müraciət etməklə hüquqlarını müdafiə etmək imkanı olmamışdır. Həmçinin, valideyn himayəsində olmadığından onun hüquqları başqa şəxs tərəfindən də müdafiə edilməmişdir. Məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə təsdiq edilmişdir ki, iddiaçı valideynlərinin nikahı pozulduqdan sonra atasının sağlığında bəzən atasının yanında, bəzən isə anasının yanında olmuşdur. Atasının vəfatından sonra isə iddiaçı mübahisəli fərdi yaşayış evində yaşamağa başlamış, hazırda da ailəsi ilə birlikdə orada yaşamaqdadır. Cavabdeh isə qeyd olunan halları nəzərə almadan atasının vəfatından sonra vərəsəlik haqqında şəhadətnamənin alınması üçün müraciət etməklə mənzilə dair yeganə mülkiyyətçi olmuşdur. Bu halda, cavabdeh tərəf miras əmlakın hazırda da iddiaçının faktiki istifadəsində olması ilə bağlı dəlillərinin təkzibi ilə bağlı hər hansı sübut təqdim etməmiş, əksinə məhkəmənin suallarına cavab olaraq iddiaçının hazırda mübahisəli əmlakda yaşadığını bildirmişdir. İddiaçının atasından miras qalmış əmlakda uzun müddət ailəsi ilə birlikdə faktiki yaşadığı təsdiq olunduğu halda, onun miras əmlaka dair hüququnun mövcud olmaması nəticəsinə gəlmək ədalətli hesab edilə bilməz. Qeyd olunan halı təsdiq edən başqa sənəd mövcud olmadığından mübahisə məhkəmə qaydasında həll edilməli, İddiaçı atası X7 ölümündən sonra miras əmlakın qəbul edilməsi faktı müəyyən edilməlidir. Cavabdeh hazırki vəziyyətdə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə istinad etsə də, məhkəmə qeyd olunan ərizəni əsaslı hesab etmir. Belə ki, mülki məcəllənin 384.04-cü maddəsinə əsasən şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İddiaçı faktiki sahibliyində olan əmlaka dair mülkiyyət hüquqlarının müdafiəsi ilə əlaqədar iddia qaldırmışdır. Bu halda, iddia müddətinin tətbiqindən söhbət gedə bilməz. Həmçinin məhkəmə iddiaçı tərəfin miras əmlakın qəbul edilməsi ilə əlaqədar 6 aylıq müddətin ötürülməsi ilə əlaqədar cavabdeh tərəfin dəlilləri də əsaslı saymır. Çünki mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, hüquqi nəticəyə gəlmək üçün konkret hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir, mirası lazımi vəziyyətdə saxlayır, sığorta tədiyəsini və miras əmlak üçün vergini ödəyir və s. Cavabdeh birinci halda, notariat ofisinə müraciət etməklə mirası əmlakı qəbul etmiş, iddiaçı isə əmlaka uzun müddət faktiki sahiblik etməklə öz iradəsini bildirmişdir. Ona görə də, iddiaçının və cavabdeh miras əmlaka dair hüquqları tanınmalı, Bakı şəhəri, Yasamal rayonu, Zülfi Adıgözəlov küçəsi, ev 132 (köhnə adı ünvan 5 ünvanında yerləşən 1/2 hissədən ibarət olan miras əmlakda 1/4 hissədə Zeytin (Həsənova) Metanet Rafiq qızının, 1/4 hissədə İddiaçı payları müəyyən edildir. Mərhum X7 digər oğlu, X25 münasibətdə məhkəmə qeyd edir ki, atasının vəfat etdiyi dövrdə o, cəzaçəkmə müəssisəsində olmuş, cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra isə sözügedən mənzildə yaşamamış, miras əmlaka ümumiyyətli faktiki sahiblik etməmiş, miras əmlak barəsində nə həmin dövrdə, nə də bugünki gün mübahisə etməmişdir. İddiaçının bu günə kimi iddia qaldırmaması isə müxtəlif səbəblərdən ola bilər. Bu səbəbin araşdırılması isə hazırki mübahisə üçün əhəmiyyət kəsb etməyindən zəruri deyil. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X11 ilə X6 arasında bağlanmış nikah məhkəmə qətnaməsi ilə 1999-cu ildə pozulmuş və qətnamə qanuni qüvvəsini almaqla icra edilmişdir. Bu halda, X1 Çingiz Məmməd-Sadıx oğluna münasibətdə nikah münasibətlərindən irəli gələn hüquqlarını itirmişdir. Hətta cavabdeh nikah pozulduqdan sonra faktiki olaraq əmlakı qəbul edib bağ sahəsində yaşamasına dair arayışa və faktiki olaraq X2 qəyyum təyin edilməsinə istinad etsə də bu hal onu vərəsə kimi qəbul etməyə əsas vermir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, Zülfi Adıgözəlov küçəsi, ev 132 (köhnə adı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair Zeytin (Həsənova) Metanet Rafiq qızının adına verilmiş B-122 reyestrli, xx.xx.1998-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd və onun əsasında verilmiş çıxarış ləğv edilməli, İddiaçı atası X7 ölümündən sonra miras əmlakın qəbul edilməsi faktı müəyyən edilməli, Bakı şəhəri, Yasamal rayonu, Zülfi Adıgözəlov küçəsi, ev 132 (köhnə adı ünvan 5 ünvanında yerləşən 1/2 hissədən ibarət olan miras əmlakda 1/4 hissədə Zeytin (Həsənova) Metanet Rafiq qızının, 1/4 hissədə İddiaçı payları müəyyən edilməlidir. Həmçinin, bu qətnamə İddiaçı və Zeytin (Həsənova) Metanet Rafiq qızına onların hər birinin ayrı-ayrılıqda 1/4 hissədə müəyyən edilmiş payları üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ödənilmiş dövlət rüsumu iddiaçıya və müstəqil tələb irəli sürən üçüncü şəxsin özünə aid edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Zülfi Adıgözəlov küçəsi, ev 132 (köhnə adı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair Zeytin (Həsənova) Metanet Rafiq qızının adına verilmiş B-122 reyestrli, xx.xx.1998-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd və onun əsasında verilmiş çıxarış ləğv edilsin. İddiaçı atası X7 ölümündən sonra miras əmlakın qəbul edilməsi faktı müəyyən edilsin. Bakı şəhəri, Yasamal rayonu, Zülfi Adıgözəlov küçəsi, ev 132 (köhnə adı ünvan 5 ünvanında yerləşən 1/2 hissədən ibarət olan miras əmlakda 1/4 hissədə Zeytin (Həsənova) Metanet Rafiq qızının, 1/4 hissədə İddiaçı payları müəyyən edilsin. Bu Qətnamə İddiaçı və Zeytin (Həsənova) Metanet Rafiq qızına onların hər birinin ayrıayrılıqda 1/4 hissədə müəyyən edilmiş payları üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-6140/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6140/2025
16.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver