Məhkəmə qərarları › İş №e-2(004)-627/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-627/2024

23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-627/2024 23.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC-nin “Sənaye” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MK- 00023-01/22A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn ödənilməmiş 40283,45 manat əsas borc, 1380,44 manat faiz borcu, 242,66 manat dəbbə borcu, ümumilikdə 41906,55 manat borc, iddia qaldırılması üçün 215,72 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının Cavabdeh1 iddiaçının xeyrinə tutulması, tutulacaq məbləğ kreditin təminatı kimi cavabdehə məxsus olan 2013-cü il buraxılışlı, Porsche Cayenne minik markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satışı yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğin iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC-nin “Sənaye” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MK-00023-01/22A saylı kredit müqaviləsindən irəli gələn 11 yanvar 2024-cü il tarixə hesablanmış və ödənilməmiş 31706,55 borcun və iddia qaldırılması üçün 215,72 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının Cavabdeh1 iddiaçının xeyrinə tutulması, tutulacaq məbləğin kreditin təminatı kimi Cavabdeh2 məxsus olan 2013-cü il buraxılışlı, Porsche Cayenne minik markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh1 BANK BTB ASC-yə olan borcuna ödənilməsi, satışdan əldə edilən mələğ borc məbəlğinə yetərli olmaqdıqda qalıq borcun Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bank "xxxx" ASC-nin “Sənaye” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MK-00023- 01/22A saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə nəqliyyat vasitəsinin alınması məqsədi ilə 30 ay müddətinə, illik 19 faiz ödəmək şərti ilə 50 000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kredit müqaviləsinin 1.4-cü bəndinə əsasən kreditin təyinatı 2013-cü il buraxılışlı, Porsche Cayenne minik markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı, WP1ZZZ02ZELA73254 ban nömrəli, ağ rəngli avtomobilin alınması olmuşdur. Həmin kreditin təminatı qismində iddiaçıyla Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MKZ-00023-01/22A zaminlik müqaviləsi ilə nəzərdə tutulmuş cavabdehə mülkiyyət hüququ ilə məxsus olan 2013-cü il buraxılışlı, Porsche Cayenne minik markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı, WP1ZZZ02ZELA73254 ban nömrəli, ağ rəngli avtomobildir. Bank "xxxx" ASC-nin “Sənaye” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MK-00023-01/22A saylı kredit müqaviləsinə əlavə olunmuş “Ödəniş cədvəli”nə əsasən cavabdeh hər ay sabit məbləğdə olmaqla 2106,64 manat, ümumilikdə isə 63212,61 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Bununla əlaqədar olaraq tərəflər arasında tərtib edilmiş “Ödəniş cədvəli”nə əsasən kreditin faizlərinin cavabdeh tərəfindən banka qaytarılmasının müddətləri və qaydası müəyyən edilmişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında kredit müqaviləsi üzrə borcundan 11000 manat məbləğində pul ödədiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 (borcalan) arasında bağlanmış 12 sentyabr 2022-ci il tarixli, MK-00023-01/22A saylı kredit müqaviləsindən görünür ki, müvafiq müqaviləyə əsasən, Bank "xxxx" ASC tərəfindən X2 nəqliyyat vasitəsinin alınması məqsədi ilə 30 ay müddətinə, illik 19 faiz ödəmək şərti ilə 50 000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 12 sentyabr 2022-ci il tarixli, MKZ-00023-01/22A saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 (zamin) Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 12 sentyabr 2022-ci il tarixli, MK-00023-01/22A saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin tam həcmdə və lazımi qaydada yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti (ipoteka saxlayan), Cavabdeh2 (ipoteka qoyan) və Cavabdeh1 (borcalan) arasında bağlanmış 12 sentyabr 2022-ci il tarixli, MKGZ-00023-01/22A saylı İpoteka müqaviləsindən görünür ki, Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 12 sentyabr 2022-ci il tarixli, MK-00023-01/22A saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı qismində Cavabdeh2 məxsus “Porshche Cayenne” minik markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bank "xxxx" ASC-də ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan AC 932409 seriya nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Porshche Cayenne” minik markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA seriyalı 146790 nömrəli 12 sentyabr 2022-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh2 mülkiyyətində olan “Porshche Cayenne” minik markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə yüklülüyü daşınar əmlakın rəsmi reyestrində 12 sentyabr 2022-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan 18 avqust 2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 12 sentyabr 2022-ci il tarixli, MK-00023-01/22A saylı kredit və 12 sentyabr 2022-ci il tarixli, MKGZ-00023-01/22A saylı İpoteka müqaviləsi üzrə borc öhdəliyini icra etmədikləri təqdirdə borcun tutulması və tələbin ipoteka predimetinə yönəldilməsi üçün məhkəməyə müraciət edilməsi barədə xəbərdar edilmişlər. İş materiallarında olan Bank "xxxx" ASC-nin 11 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 Bank "xxxx" ASC-yə 12 sentyabr 2022-ci il tarixli, MK- 00023-01/22A saylı kredit müqaviləsi üzrə 31706,55 manat əsas, 0 manat faiz, 0 manat dəbbə borcu olmaqla, cəmi 31706,55 manat borcu qalmışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Mülki Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Göründüyü kimi, Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 (borcalan) arasında 12 sentyabr 2022-ci il tarixli, MK-00023-01/22A saylı kredit müqaviləsi və Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti (ipoteka saxlayan), Cavabdeh2 (ipoteka qoyan) və Cavabdeh1 (borcalan) arasında bağlanmış 12 sentyabr 2022-ci il tarixli, MKGZ-00023- 01/22A saylı ipoteka müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Bu səbəbdən iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsini və tutmanın ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsini tələb etməkdə haqlıdır. Məhkəmə 12 sentyabr 2022-ci il tarixli, MK-00023-01/22A saylı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas borcun məbləğini nəzərdən keçirib, iddiaçının yaranmış əsas borc tələbi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən Cavabdeh1 Bank "xxxx" ASC-yə 12 sentyabr 2022-ci il tarixli, MK-00023-01/22A saylı kredit müqaviləsi üzrə 31706,55 manat əsas, 0 manat faiz, 0 manat dəbbə borcu olmaqla, cəmi 31706,55 manat borcu qalmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh X1 12 sentyabr 2022-ci il tarixli, MK- 00023-01/22A saylı kredit müqaviləsi üzrə yaranmış 31706,55 manat əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 31706,55 (otuz bir min yeddi yüz altı manat əlli beş qəpik) manat əsas borc və ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 216,12 ((iki yüz on altı manat on iki qəpik) (215,72+0,40=216,12)) manat pul tutularaq iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Tutma - Cavabdeh2 məxsus olan ipoteka ilə yüklü edilmiş 2013-cü il buraxılışlı, Porsche Cayenne minik markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, avtomobil açıq hərrac yolu ilə realizə edilməlidir. Satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh1 tutulmalı olan ümumilikdə 31922,67 ((otuz bir min doqquz yüz iyirmi iki manat altmış yeddi qəpik) (31706,55+216,12=31922,67)) manat pul iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Artıq qalan vəsait mülkiyyətçi Cavabdeh2 qaytarılmalıdır. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissəsi ümumi qaydada icra edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 216,12 ((iki yüz on altı manat on iki qəpik) (215,72+0,40=216,12)) manat pul vəsaiti də Cavabdeh1 tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 31706,55 (otuz bir min yeddi yüz altı manat əlli beş qəpik) manat əsas borc və ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 216,12 ((iki yüz on altı manat on iki qəpik) (215,72+0,40=216,12)) manat pul tutularaq iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Tutma - Cavabdeh2 məxsus olan ipoteka ilə yüklü edilmiş 2013-cü il buraxılışlı, Porsche Cayenne minik markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin. Avtomobil açıq hərrac yolu ilə realizə edilsin. Satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh1 tutulmalı olan ümumilikdə 31922,67 ((otuz bir min doqquz yüz iyirmi iki manat altmış yeddi qəpik) (31706,55+216,12=31922,67)) manat pul iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Artıq qalan vəsait mülkiyyətçi Cavabdeh2 qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsi ümumi qaydada icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar