Məhkəmə qərarları › İş №e-2(004)-6336/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6336/2025

16.12.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6336/2025 16.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh qarşı “xüsusi təyinatlı yaşayış sahəsindən məcburi çıxarma” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh qarşı “xüsusi təyinatlı yaşayış sahəsindən məcburi çıxarma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və digər ailə üzvlərinin Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən və Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xidməti yaşayış sahəsindən məcburi çıxarılması üçün iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanası 4 avqust 1989-cu il tarixli 386 nömrəli dövlət aktından da göründüyü kimi “xüsusi təyinatlı yaşayış sahəsi” olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin rəisi Qəhrəman Ağayevin xx.xx.2015-ci il tarixli 1821 saylı məktubu əsasında vətəndaş Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanasının 301 nömrəli otağa müvəqqəti yerləşdirilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən Müdafiə Nazirliyinə daxil daxil olan xx.xx.2025-ci il tarixli 0039/25 №-li rəyindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin və “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun “Bina və qurğuların yükdaşıyan inşaat konstruksiyalarının müayinəsi” qaydalarına əsaslanan sözügedən rəyində Müdafiə Nazirliyinin balansında olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında halhazırda insanların yaşaması (olması) üçün təhlükənin mövcud olması barədə nəticəyə gəlməklə, tikinti konstruksiyalarının yükgötürmə qabiliyyətinin və istismar göstəricilərinin zəifləməsi səbəbindən, bina texniki cəhətdən yolverilməz kimi qiymətləndirilmiş, binada təhlükəsizliyin təmin olunması üçün müvafiq layihə əsasında bərpa və gücləndirmə işlərinin aparılmasının zəruri olduğu bildirilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsi tərəfindən Cavabdeh müxtəlif tarixlərdə xəbərdarlıq məktubu ünvanlanaraq Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında olan 301, 302 nömrəli xidməti otaqları Müdafiə Nazirliyinin mənzil fonduna təhvil verməsinin zərurəti bildirilmiş, lakin edilmiş xəbərdarlıqlara baxmayaraq sözügedən xidməti yaşayış sahəsini hazırkı tarixədək təhvil verməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü bölməsində xüsusi təyinatlı mənzil fondu barədə məlumatlar əks olunmuşdur. Bu bölmənin 9-cu fəslinin 91-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələri göstərilmişdir: 1. xidməti yaşayış sahələri; 2. yataqxanalarda yaşayış sahələri; 3. manevr fondu yaşayış sahələri; 4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; 5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 6. qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri;

7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. Mənzil Məcəlləsinin 10-cu fəslinin 98.1-ci maddəsində qeyd olunmuşdur ki, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmçinin, Azərbaycan Respublikası Müdafiə nazirinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 2 nömrəli qərarının 6-cı maddəsində də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçilərinin xüsusi təyinatlı mənzil fondunun xüsusi təyinatlı yaşayış sahəsi ilə “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” (17 nömrəli əlavə) əsasında təmin edildiyi göstərilmişdir. Nəzərə alınmalıdır ki, Cavabdeh və ailə üzvləri həmin yataqxanada olan yaşayış sahəsində müqavilə əsasında yox, Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin rəisi Qəhrəman Ağayevin xx.xx.2015-ci il tarixli 1821 məktubu əsasında yerləşdirilmişlər, 302 nömrəli otağa isə ümumiyyətlə heç bir sənədləri yoxdur. Yuxarıda göstərilənlər nəzərə alınaraq, onun digər ailə üzvləri ilə birlikdə həmin yaşayış sahəsini boşaltması və aidiyyəti üzrə təhvil verməsinə dair qətnamə qəbul edilməldir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, Cavabdeh hazırda işləyən mülki şəxsdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki,hazırda işləyir, mülki işçidir Milli Elmlər Akademiyasının yaxınlığında yerləşən hərbiçilərə məxsus yataqxananın qazanxanasında operator vəzifəsində çalışır. 2015-ci il tarixdən “Turan” hərbi yataqxanasında yaşayır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “AZƏRİNŞAATLAYİHƏ” Dövlət Baş Layihə-Konstruktor və X2 Nazirliyinin balansında olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasının texniki vəziyyəti haqqında xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, binada təhlükəsizliyin təmin olunması üçün müvafiq layihə əsasında bərpa və gücləndirmə işləri aparılmalıdır. İş materiallarında olan Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin rəisi polkovnik Qəhrəman Ağayev tərəfindən “Turan” hərbi yataqxanasının komendantına təqdim etmək üçün verilmiş 1821 nömrəli, xx.xx.2015-ci il tarixli məktubdan görünür ki, Bakı rayon Mənzil- İstismar hissəsinin inzibati təsərrüfat bölməsinin bənnası Cavabdeh Qulu oğlunun sahəsi 10.64 kv.m olan 301 nömrəli otağa müvəqqəti yerləşdirilməsi qeyd edilmişdir. İş materiallarında olan Bakı Qarnizonu Mənzil-İstismar hissəsi tərəfindən Cavabdeh ünvanlanmış 1732 nömrəli, xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Müdafiə Nazirliyinin Mənzil-istismar xidməti rəisinin xx.xx.2025-ci il tarixli 381 nömrəli Bakı Qarnizonu Mənzil-İstismar hissəsi rəisinin xx.xx.2025-ci il tarixli 24 nömrəli telefonoqrammalarına əsasən Turan yataqxanasında əsaslı təmir işləri aparılacaq. Qeyd olunanları nəzərə alaraq, Turan yataqxanasında yaşadığı 301 və 302 nömrəli otaqların 30 iyul 2025-ci il tarixədək təhvil verilməsi tələb olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi tərəfindən Əsaslı Tikinti İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, aparılmış araşdırma zamanı “Turan” yataqxanasının 91 birotaqlı və 5 ikiotaqlı mənzillərdən ibarət olması, onlardan 2 mənzilin inzibati otaq kimi istifadə olunduğu, 82 mənzildə 54 ailənin yerləşdirildiyi, 12 mənzilin isə boş olduğu məlum olmuşdur. Həmçinin müəyyən edilmişdir ki, yalnız 5 mənzil kirayə müqaviləsi bağlanılmaqla verilsə də, Mənzil Məcəlləsinin 98-ci maddəsinin (Xüsusi təyinatlı yaşayış sahəsinin verilməsi üçün əsaslar), eləcə də sözügedən Əsasnamənin 6-cı bəndinin tələbləri kobud şəkildə pozularaq 72 mənzil kirayə müqaviləsi bağlanmadan əsassız olaraq Mil və BQ MİHin məktubları ilə, digər 5 mənzil isə ümumiyyətlə heç bir sənədləşmə aparılmadan müddətsiz istifadəyə verilmişdir. Göstərilənlərə əsasən, aşkar olunmuş qanunsuz halların aradan qaldırılması üçün zəruri tədbirlər görülməsi və nəticəsi barədə DTTBİ-yə məlumat göndərilməsinə dair göstəriş verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 92-ci maddəsinə əsasən Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. 98.1-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. 99.1-99.2-ci maddələrinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. 101.1-ci maddəsinə görə, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir. 101.2-ci maddəsinə əsasən xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir. 102.1-ci maddəsinə əsasən, Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. 102.2-ci maddəsinə əsasən, Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.1. hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; 102.2.2. yaşa görə pensiyaçılar; 102.2.3. xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; 102.2.4. işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, peşə xəstəliyinə tutulma nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular. 102.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 102.2-ci maddəsində göstərilən vətəndaşlara müvafiq yaşayış məntəqəsinin hüdudları daxilində və ya onların yazılı razılığına əsasən digər yaşayış məntəqəsində yerləşən yaşayış sahələri verilir. 103.3-cü maddəsinə əsasən Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, həqiqi hərbi xidmətdə olan generallar, admirallar, zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (mülki işçilər) və onlarla birlikdə yaşayan ailə üzvləri (əri və ya arvadı, uşaqları, valideynləri, eyni zamanda hərbi qulluqçuların (mülki işçilərin) himayəsində olan digər şəxslər) bu əsasnamənin 1.6-cı bəndinə əsasən, göstərilmiş hallardan başqa Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil fondu hesabına xidmət yeri üzrə xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunurlar. Həmin əsasnamənin 1.8-ci bəndinə əsasən,əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığıda yaşamalı olan, habelə kazarma-mənzil fondunun və kommunal qurğuların istismarı və onlara xidmət göstərilməsi sahəsində çalışan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mülki işçilərinə xüsusi təyinatlı yaşayış sahəsi verilə bilər. Həmin əsasnamənin 1.13-cü bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə xidməti münasibəti olmayan şəxslərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fondu hesabına yaşayış sahəsinin verilməsi qadağandır. Həmin əsasnamənin 5.2-ci bəndinə əsasən, bir qarnizonda yerləşən tabeli hərbi hissələr arasında yaşayış sahələrinin bölüşdürülməsi planı qarnizon mənzil komissiyası tərəfindən tərtib edilir, müvafiq rayon, MİH, HDQ-nin Dəniz Mühəndis Xidməti, Müdafiə Nazirliyinin MİŞ rəisi ilə razılaşdırılır, qarnizon mənzil komissiyası sədri tərəfindən imzalanır və həmin qarnizonun rəisi tərəfindən təstiq edilir. Həmin əsasnamənin 5.7- 5.11-ci bəndlərinə əsasən, yaşayış sahəsinin bölüşdürülməsi üçün hərbi hissənin mənzil komissiyasının iclası keçirilir və protokol tərtib olunur. Hərbi hissənin mənzil komissiyasının tərtib etdiyi hərbi hissə üzrə yaşayış sahəsinin bölüşdürülməsi siyahısını komissiyanın sədri və üzvləri imzaladıqdan sonra hərbi hissə komandiri təstiq edir. Yaşayış sahəsinin bölüşdürülməsi siyahısı və hərbi hissənin mənzil komissiyasının protokolundan çıxarış ryonun MİH rəisinə təqdim olunmalı, digər sənədlər isə hərbi hissənin mənzil komissiyasında saxlanılmalıdır. Təqdim olunan sənədlər əsasında tərtib olunan qarnizon üzrə yaşayış sahəsinin bölüşdürülməsi siyahısı rayon MİH-nin rəisi ilə razılaşdırılır, qarnizon üzrə mənzil komissiyasında baxılır, protokollaşdırılır və təsdiq edilməsi üçün qarnizon rəisinə təqdim olunur. Qarnizon rəisi tərəfindən təstiq edilmiş siyahı xüsusi təyinatlı yaşayış sahəsinə kirayə müqaviləsi bağlanması üçün hüquqi əsasdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanası 4 avqust 1989cu il tarixli 386 nömrəli dövlət aktından da göründüyü kimi “xüsusi təyinatlı yaşayış sahəsi” olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin rəisi polkovnik Qəhrəman Ağayevin 1821 nömrəli, xx.xx.2015-ci il tarixli məktubu əsasında vətəndaş Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında 301 nömrəli yaşayış sahəsinə müvəqqəti yerləşdirilmişdir. Cavabdehin və onun ailə üzvlərinin “Turan” hərbi yataqxana binasında 302 nömrəli yaşayış sahəsinə müvəqqəti yerləşdirilməsi ilə bağlı isə hər hansı bir sənədləri yoxdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına görə, xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilməlidir. Həmçinin, kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. İş materiallarından isə cavabdehin bu sahəyə yalnız Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin 1821 nömrəli, xx.xx.2015-ci il tarixli məktubu əsasında müvəqqəti yerləşdirildiyi görünür. Kirayə müqaviləsi və ya xüsusi təyinatlı yaşayış sahəsinin verilməsi haqqında qərar iş materiallarında mövcud deyil. Bundan başqa, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə də təsdiqlənir ki, 72 mənzil, o cümlədən cavabdehin məskunlaşdığı mənzil də, Mənzil Məcəlləsinin 98-ci maddəsi və müvafiq Əsasnamənin tələbləri kobud şəkildə pozularaq, kirayə müqaviləsi bağlanmadan, əsassız olaraq məktublarla müvəqqəti istifadəyə verilmişdir. Bundan əlavə məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Cavabdeh hazırda işləyən mülki şəxsdir və o, ailə üzvləri ilə birlikdə xidmət yeri üzrə xüsusi təyinatlı yaşayış sahəsində deyil, digər hərbi hissə üzrə yaşayış sahəsində yaşayır. Qeyd olunanlara əsasən, məhkəmə qeyd edir ki, cavabdeh ailə üzvləri ilə birlikdə yaşayış sahəsindən çıxarılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin və “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun xx.xx.2025-ci il tarixli rəyi ilə “Turan” hərbi yataqxana binasında insanların yaşaması üçün təhlükənin mövcud olduğu müəyyən edilmişdir. Bina texniki cəhətdən yolverilməz qiymətləndirilmiş və təhlükəsizliyin təmin olunması üçün bərpa və gücləndirmə işlərinin aparılması zəruridir. Bu təhlükə səbəbi ilə Cavabdeh mənzili təhvil verməsi barədə xx.xx.2025-ci il tarixli, 1732 nömrəli xəbərdarlıq məktubu ünvanlanmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin və onun ailə üzvlərinin binada qalması həm binanın təhlükəli texniki vəziyyəti ilə bağlı vətəndaşın həyat və sağlamlığına təhlükə yaratdığına görə, həm də onların yaşayış sahəsinə kirayə müqaviləsi olmadan, məktub əsasında qanunsuz yerləşdirildiyi üçün yolverilməzdir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 182 ünvanında yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna daxil olan “Turan” Hərbi yataqxanasının 301 və 302 nömrəli otaqlarından (xidməti yaşayış sahəsindən) çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cu maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 182 ünvanında yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna daxil olan “Turan” Hərbi yataqxanasının 301 və 302 nömrəli otaqlarından (xidməti yaşayış sahəsindən) çıxarılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar