Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6337/2025 21.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iş üzrə (açar sözlər: yaşayış sahəsindən çıxarılma) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin rəisi Nail Ağayevin xx.xx.2005-ci il tarixli 1162/5 nömrəli məktubu əsasında vətəndaş Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında boş olan otaqların birinə işlədiyi dövr ərzində müvəqqəti yerləşdirilmişdir.
2. Müdafiə Nazirliyinin balansında olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasının texniki vəziyyəti haqqında xx.xx.2025-ci il tarixli rəyinə əsasən binada təhülkəsizliyin təmin olunması üçün müvafiq layihə əsasında bərpa və gücləndirmə işləri aparılmalıdır.
3. Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin xx.xx.2025-ci il tarixli 1793 nömrəli məktubu əsasında vətəndaş Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında yaşadığı 316 nömrəli otaq xx.xx.2025-ci il tarixədək təhvil verilməsi tələb olunmuşdur.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və sonradan tələbin dəqiqiləşdirilməsi barədə ilə məhkəməyə müraciət edərək, Cavabdeh və ailə üzvlərinin Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 182 ünvanında yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xidməti yaşayış sahəsi olan “Turan” hərbi yataqxanasından çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddianın əsaslarına görə, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanası xx.xx.1989-cu il tarixli 386 nömrəli dövlət aktından da göründüyü kimi xüsusi təyinatlı yaşayış sahəsi olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. Bakı Qarnizonu Mənzil- İstismar hissəsinin rəisi Nail Ağayevin xx.xx.2005-ci il tarixli 1162/5 8 nömrəli məktubu əsasında vətəndaş Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında boş olan otaqların birinə (316) müvəqqəti yerləşdirilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən Müdafiə Nazirliyinə daxil daxil olan xx.xx.2025-ci il tarixli 0039/25 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin və “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun “Bina və qurğuların yükdaşıyan inşaat konstruksiyalarının müayinəsi” qaydalarına əsaslanan sözügedən rəyində Müdafiə Nazirliyinin balansında olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında hazırda insanların yaşaması (olması) üçün təhlükənin mövcud olması barədə nəticəyə gəlməklə, tikinti konstruksiyalarının yükgötürmə qabiliyyətinin və istismar göstəricilərinin zəifləməsi səbəbindən, bina texniki cəhətdən yolverilməz kimi qiymətləndirilmiş, binada təhlükəsizliyin təmin olunması üçün müvafiq layihə əsasında bərpa və gücləndirmə işlərinin aparılmasının zəruri olduğu bildirilmişdir. Müdafiə Nazirliyinin Əsaslı-Tikinti İdarəsi tərəfindən Cavabdeh müxtəlif tarixlərdə xəbərdarlıq məktubu ünvanlanaraq Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında olan 316 nömrəli xidməti otağı Müdafiə Nazirliyinin mənzil fonduna təhvil verməsinin zərurəti bildirilmiş, lakin edilmiş xəbərdarlıqlara baxmayaraq sözügedən xidməti yaşayış sahəsini hazırkı tarixədək təhvil verməkdən imtina etmişdir.
b) iddiaya qarşı etiraz
6. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) məhkəmə icraat iştiakçılarının izahatları
7. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin məzmununa uğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir.
8. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 10.0. Mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aşağıdakılar aiddir: ... 10.0.2. yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək; ... 10.0.5. dövlət mənzil fondunun yaşayış sahələrinin verilməsi məqsədilə digər kateqoriyalardan olan vətəndaşları müəyyən etmək; 10.0.6. kateqoriyaları qanunvericiliklə müəyyənləşdirilən və yaşayış sahələrinə ehtiyacı olan vətəndaşlara dövlət mənzil fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən etmək; 10.0.7. dövlət və bələdiyyə mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri üzrə yaşayış sahələrinin verilməsi əsaslarını müəyyən etmək; Maddə 17.1. Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur; Maddə 17.3. İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür: 17.3.2. xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu; Maddə 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; 91.1.2. yataqxanalarda yaşayış sahələri; Maddə 91.2. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir; Maddə 92. Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquqmühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir; Maddə 93.1. Yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur; Maddə 93.2. Yataqxanalar bu məqsədlər üçün xüsusi olaraq inşa edilmiş və yenidən təchiz edilmiş binalar və ya onların hissələrində yerləşir; Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir; Maddə 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir; Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir; Maddə 99.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır; Maddə 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”: Bənd 1.5. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci və 98.2-ci maddələrinə uyğun olaraq, xidməti yaşayış sahələri müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin edilməyən əmək münasibətlərinin xarakterinə görə dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyinedilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi
13. İşin faktiki hallarına maddi-hüquqi əsaslar baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
14. Cavabdehin iddiaçının balansında olan “Turan” hərbi yataqxanasında yaşadıqları mübahisəsizdir. “Turan” hərbi yataqxanası Mənzil Məcəlləsinin tələbləri baxımından xüsusi təyinatlı yaşayış sahəsi hesab edilir.
15. Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir.
16. Hazırkı işin halları baxımından xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi – səlahiyyətli dövlət orqanı olan iddiaçı tərəfindən yaşayış sahəsinin verilməsi barədə müvafiq qərarın verildiyi, yaşayış sahəsinə dair kirayə müqaviləsinin bağlandığı müəyyən edilmir.
17. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi adlanan Mənzil Məcəlləsinin 99-cu maddəsindən müəyyən edilir ki, kirayə müqaviləsi üçün yazılı forma şərti məcburidir, müqavilədə adıçəkilən maddədə sadalananlar göstərilməlidir. Kirayə müqaviləsi üçün yazılı forma şərtinin məcburiliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”nın 2.3-cü bəndində də təsbit edilmişdir.
18. Yaşayış sahəsinin verilməsinə dair müvafiq qərar və yazılı kirayə müqaviləsi mövcud olmadığından cavabdehin yataqxanada məskunlaşması qanunsuz olmuşdur ki, iddiaçının hazırda onların yaşayış sahəsindən çıxarılmaları barədə tələbi bu baxımdan əsaslıdır.
19. Nəzərə alınmalıdır ki, xüsusi təyinatlı yaşayış sahəsi olan xidməti yaşayış sahələri müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin edilməyən əmək münasibətlərinin xarakterinə görə dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyinedilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir.
20. Yaşayış sahəsinin əldə edilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş müvafiq qaydalara riayət edilmələdən yaşayış sahəsinə faktiki yiyələnmək xidməti yaşayış sahəsini əldə etmək hüququ olan şəxslərin kateqoriyasına aid digər şəxslərin yaşayış sahəsi ilə təmin edilməsinin qarşısını alır ki, bu da bu sahədə qanunvericiliyin məqsədlərinə və dövlət siyasətinə ziddir.
21. Cavabdehlərin yaşayış sahəsinə həmin vaxt iddiaçı dövlət orqanının səlahiyyətli şəxslərinin yazılı və ya şifahi razılığı əsasında müvəqqəti köçürülmələri də hazırkı iddianın təmin edilməsinin qarşısını almır.
22. Bunlardan əlavə, iş materiallarına əlavə edilmiş yataqxananın texniki vəziyyəti haqqında rəydən görünür ki, təmir-bərpa və gücləndirilmə işləri aparılmalıdır. Yataqxananın əsaslı təmirinin həyata keçirilməsi üçün də oranın boşaldılması zəruridir.
23. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh və ailə üzvləri Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 182 ünvanında yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xidməti yaşayış sahəsi olan “Turan” hərbi yataqxanasından çıxarılmalıdır.
24. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 182 ünvanında yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xidməti yaşayış sahəsi olan “Turan” hərbi yataqxanasından çıxarılsınlar. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə