Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6350/2025 28.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh qarşı “xüsusi təyinatlı yaşayış sahəsindən məcburi çıxarma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh qarşı “xüsusi təyinatlı yaşayış sahəsindən məcburi çıxarma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və digər ailə üzvlərinin Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən və Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xidməti yaşayış sahəsindən məcburi çıxarılması üçün iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanası 4 avqust 1989-cu il tarixli 386 nömrəli dövlət aktından da göründüyü kimi “xüsusi təyinatlı yaşayış sahəsi” olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin rəisi Nail Ağayevin xx.xx.2023-cü il tarixli 2139 saylı məktubu əsasında vətəndaş Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanasının 311 nömrəli otağa müvəqqəti yerləşdirilmişdir. Hörmətli məhkəmə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən Müdafiə Nazirliyinə daxil daxil olan xx.xx.2025-ci il tarixli 0039/25 №-li rəyindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin və “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun “Bina və qurğuların yükdaşıyan inşaat konstruksiyalarının müayinəsi” qaydalarına əsaslanan sözügedən rəyində Müdafiə Nazirliyinin balansında olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında hal-hazırda insanların yaşaması (olması) üçün təhlükənin mövcud olması barədə nəticəyə gəlməklə, tikinti konstruksiyalarının yükgötürmə qabiliyyətinin və istismar göstəricilərinin zəifləməsi səbəbindən, bina texniki cəhətdən yolverilməz kimi qiymətləndirilmiş, binada təhlükəsizliyin təmin olunması üçün müvafiq layihə əsasında bərpa və gücləndirmə işlərinin aparılmasının zəruri olduğu bildirilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsi tərəfindən Cavabdeh müxtəlif tarixlərdə xəbərdarlıq məktubu ünvanlanaraq Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında olan 311 nömrəli xidməti otağı Müdafiə Nazirliyinin mənzil fonduna təhvil verməsinin zərurəti bildirilmiş, lakin edilmiş xəbərdarlıqlara baxmayaraq sözügedən xidməti yaşayış sahəsini hazırkı tarixədək təhvil verməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü bölməsində xüsusi təyinatlı mənzil fondu barədə məlumatlar əks olunmuşdur. Nəzərə alınmalıdır ki, Cavabdeh həmin yataqxanada olan yaşayış sahəsində müqavilə əsasında yox, Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin rəisi Nail Ağayevin xx.xx.2023cü il tarixli 2139 saylı məktubu əsasında yerləşdirilmişdir. Həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə verilmiş xx.xx.2025-ci il tarixli 4/2-3503/25 saylı sorğuya cavab olaraq xx.xx.2025-ci il tarixli 3-21- 3-02/2-7333/2025 saylı məktubla daxil olmuş siyahıda vətəndaş Cavabdeh adına Masallı rayonu, Çaxırli kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə 0,66 və 0,23 ha kənd təsərüfatı təyinatlı torpaq sahələrinin olması müəyyən edilmişdir. Yuxarıda göstərilənlər nəzərə alınaraq, onun həmin yaşayış sahəsini boşaltması və aidiyyəti üzrə təhvil verməsinə dair qətnamə qəbul edilməldir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ona verilən suallara cavab olaraq bildirdi ki, cavabdeh mülki işçidir, nəşriyyatda çalışır. Məktub əsasında cavabdeh yataqxanada məskunlaşıb. Əsasnamənin 1.8-ci bəndinə əsasən cavabdehin yataqxanada qalması uyğun deyil, yəni o, həmin kateqoriyadakı şəxslərə aid deyil. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, 2006-cı ildən AR Müdafiə Nazirliyi və Azərbaycan Ordusu qəzetinin nəşriyyatında çalışır. 2023-cü ildən rəsmi qaydada, yəni məktub əsasında yataqxanada yaşayır. Başqa yaşayacağı evi yoxdur, həyat yoldaşı da vəfat edib. İddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsi tərəfindən “Turan” hərbi yataqxanasının komendantına 2139 nömrəli, xx.xx.2023-cü il tarixli məktub ünvanlanaraq bildirilmişdir ki, redaktor vəzifəsində işləyən mülki işçi Cavabdeh və onun ailə üzvləri müvəqqəti olaraq “Turan’’ hərbi yataqxanasının 311 nömrəli otağına yerləşdirilsin. - “AZƏRİNŞAATLAYİHƏ” Dövlət Baş Layihə-Konstruktor və X2 Nazirliyinin balansında olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasının texniki vəziyyəti haqqında xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, binada təhlükəsizliyin təmin olunması üçün müvafiq layihə əsasında bərpa və gücləndirmə işləri aparılmalıdır. - Bakı Qarnizonu Mənzil-İstismar hisəsi tərəfindən X1 ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Müdafiə Nazirliyinin Mənzil-istismar xidməti rəisinin xx.xx.2025-ci il tarixli 381 nömrəli Bakı Qarnizonu Mənzil-İstismar hissəsi rəisinin xx.xx.2025-cı ıl tarixli 24 nömrəli telefonoqrammalarına əsasən Turan yataqxanasında əsaslı təmir işləri aparılacaq. Qeyd olunanları nəzərə alaraq, Turan yataqxanasında yaşadığı 311 nömrəli otağın 30 iyul 2025-ci il tarixədək təhvil verilməsi tələb olunmuşdur. - Əsaslı Tikinti İdarəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ünvanlandığı xx.xx.2025-ci il tarixli raportundan görünür ki, Müdafiə naziri tərəfindən xx.xx.2025-ci il tarixdə Xankəndi şəhərində ezamiyyətdə olan zaman Müdafiə Nazirliyinin balansında olan “Turan” hərbi yataqxanası haqqında məruzənin edilməsi barədə şifahi göstəriş verilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən sözügedən yataqxananın binası 1969-cu ildə inşa olunub. Təyinatı üzrə yataqxana tipli, 5 mərtəbədən, hər mərtəbədə 1 ədəd 1 otaqlı, 1 ədəd 2 otaqlı lüks mənzildən və 2 xidməti otaqdan ibarət olmaqla ümumi 96 otaqdan ibarətdir. Binanın eni 13, uzunluğu 50, hündürlüyü 15 metrdir. Yataqxananın 23 otağında ehtiyatda olan 14 hərbi qulluqçu ailəsi, 21 otağında xidmətdə olan 12 hərbi qulluqçu ailəsi, 40 otağında Müdafiə Nazirliyi ilə əmək münasibəti olan 29 mülki ailə, 4 otağında Müdafiə Nazirliyi ilə əmək münasibəti olmayan 3 mülki ailə yaşamaqla ümumilikdə 58 ailə yaşayır, 6 otaqda hazırda yaşayış yoxdur. “Turan” hərbi yataqxanasında yaşayan 58 ailədən 3 ailə Bakı qarnizonu üzrə mənzil komissiyasının Protokolu ilə tərtib olunmuş Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında, 30 ailə Mənzil-İstismar İdarəsi tərəfindən, 21 ailə Bakı Qarnizonu Mənzil-İstismar hissəsi tərəfindən verilmiş məktub əsasında, 4 ailə yaşayış sahəsindən istifadəyə dair sənədi olmadan yaşayır. Yaşayış sahəsindən istifadəyə dair son məktub Bakı Qarnizonu Mənzil-istismar hissəsi tərəfindən xx.xx.2024cü il tarixdə verilmişdir. Sözügedən məktubların verilməsi Azərbaycan Respublikası müdafiə nazirinin 05 aprel 2014-cü il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında Əsasnamə”nin norma və tələblərinə zidd olduğundan xx.xx.2024-cü il tarixdən sakinlərə yaşayış sahəsindən istifadəyə dair məktubların verilməsi dayandırılmışdır. Müdafiə Nazirliyinin balansında olan “Turan” hərbi yataqxanasının təyinatının dəyişdirilərək xidməti tapşırığı yerinə yetirmək məqsədilə ezamiyyətə gələn zabit və gizirlərin müvəqqəti yaşaması üçün “Qonaq Evi”nə çevrilməsi barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş olunmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi tərəfindən Əsaslı Tikinti İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, aparılmış araşdırma zamanı “Turan” yataqxanasının 91 birotaqlı və 5 ikiotaqlı mənzillərdən ibarət olması, onlardan 2 mənzilin inzibati otaq kimi istifadə olunduğu, 82 mənzildə 54 ailənin yerləşdirildiyi, 12 mənzilin isə boş olduğu məlum olmuşdur. Həmçinin müəyyən edilmişdir ki, yalnız 5 mənzil kirayə müqaviləsi bağlanılmaqla verilsə də, Mənzil Məcəlləsinin 98-ci maddəsinin (Xüsusi təyinatlı yaşayış sahəsinin verilməsi üçün əsaslar), eləcə də sözügedən Əsasnamənin 6-cı bəndinin tələbləri kobud şəkildə pozularaq 72 mənzil kirayə müqaviləsi bağlanmadan əsassız olaraq Mil və BQ MİH-in məktubları ilə, digər 5 mənzil isə ümumiyyətlə heç bir sənədləşmə aparılmadan müddətsiz istifadəyə verilmişdir. Göstərilənlərə əsasən, aşkar olunmuş qanunsuz halların aradan qaldırılması üçün zəruri tədbirlər görülməsi və nəticəsi barədə DTTBİ-yə məlumat göndərilməsinə dair göstəriş verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 92-ci maddəsinə əsasən Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. 98.1-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. 99.1-99.2-ci maddələrinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. 102.1-ci maddəsinə əsasən, Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. 102.2-ci maddəsinə əsasən, Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.1. hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; 102.2.2. yaşa görə pensiyaçılar; 102.2.3. xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; 102.2.4. işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, peşə xəstəliyinə tutulma nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular. 102.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 102.2-ci maddəsində göstərilən vətəndaşlara müvafiq yaşayış məntəqəsinin hüdudları daxilində və ya onların yazılı razılığına əsasən digər yaşayış məntəqəsində yerləşən yaşayış sahələri verilir. 103.3-cü maddəsinə əsasən Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, həqiqi hərbi xidmətdə olan generallar, admirallar, zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (mülki işçilər) və onlarla birlikdə yaşayan ailə üzvləri (əri və ya arvadı, uşaqları, valideynləri, eyni zamanda hərbi qulluqçuların (mülki işçilərin) himayəsində olan digər şəxslər) bu əsasnamənin 1.6-cı bəndinə əsasən, göstərilmiş hallardan başqa Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil fondu hesabına xidmət yeri üzrə xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunurlar. Həmin əsasnamənin 1.13-cü bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə xidməti münasibəti olmayan şəxslərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fondu hesabına yaşayış sahəsinin verilməsi qadağandır. Həmin əsasnamənin 5.2-ci bəndinə əsasən, bir qarnizonda yerləşən tabeli hərbi hissələr arasında yaşayış sahələrinin bölüşdürülməsi planı qarnizon mənzil komissiyası tərəfindən tərtib edilir, müvafiq rayon, MİH, HDQ-nin Dəniz Mühəndis Xidməti, Müdafiə Nazirliyinin MİŞ rəisi ilə razılaşdırılır, qarnizon mənzil komissiyası sədri tərəfindən imzalanır və həmin qarnizonun rəisi tərəfindən təstiq edilir. Həmin əsasnamənin 5.7- 5.11-ci bəndlərinə əsasən, yaşayış sahəsinin bölüşdürülməsi üçün hərbi hissənin mənzil komissiyasının iclası keçirilir və protokol tərtib olunur. Hərbi hissənin mənzil komissiyasının tərtib etdiyi hərbi hissə üzrə yaşayış sahəsinin bölüşdürülməsi siyahısını komissiyanın sədri və üzvləri imzaladıqdan sonra hərbi hissə komandiri təstiq edir. Yaşayış sahəsinin bölüşdürülməsi siyahısı və hərbi hissənin mənzil komissiyasının protokolundan çıxarış ryonun MİH rəisinə təqdim olunmalı, digər sənədlər isə hərbi hissənin mənzil komissiyasında saxlanılmalıdır. Təqdim olunan sənədlər əsasında tərtib olunan qarnizon üzrə yaşayış sahəsinin bölüşdürülməsi siyahısı rayon MİH-nin rəisi ilə razılaşdırılır, qarnizon üzrə mənzil komissiyasında baxılır, protokollaşdırılırvə təstiq edilməsi üçün qarnizon rəisinə təqdim olunur. Qarnizon rəisi tərəfindən təstiq edilmiş siyahı xüsusi təyinatlı yaşayış sahəsinə kirayə müqaviləsi bağlanması üçün hüquqi əsasdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanası 4 avqust 1989-cu il tarixli 386 nömrəli dövlət aktından da göründüyü kimi “xüsusi təyinatlı yaşayış sahəsi” olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında 311 nömrəli yaşayış sahəsinə müvəqqəti yerləşdirilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına görə, xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilməlidir. Həmçinin, kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Cavabdeh və ailə üzvlərinin hərbi yataqxanada yerləşdirilməsi ilə bağlı kirayə müqaviləsi və ya xüsusi təyinatlı yaşayış sahəsinin verilməsi haqqında qərar iş materiallarında mövcud deyil. Cavabdehin “Turan” hərbi yataqxana binasında Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsi tərəfindən “Turan” hərbi yataqxanasının komendantına ünvanlanmış 2139 nömrəli, xx.xx.2023-cü il tarixli məktub əsasında yerləşdirilməsi müəyyən edilir. Bundan başqa Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə də təsdiqlənir ki, 72 mənzil, o cümlədən cavabdehlərin məskunlaşdığı mənzil də, Mənzil Məcəlləsinin 98-ci maddəsi və müvafiq Əsasnamənin tələbləri pozularaq, kirayə müqaviləsi bağlanmadan, əsassız olaraq məktublarla müvəqqəti istifadəyə verilmişdir. Mənkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin və “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun xx.xx.2025-ci il tarixli rəyi ilə “Turan” hərbi yataqxana binasında insanların yaşaması üçün təhlükənin mövcud olduğu müəyyən edilmişdir. Bina texniki cəhətdən yolverilməz qiymətləndirilmiş və təhlükəsizliyin təmin olunması üçün bərpa və gücləndirmə işlərinin aparılması zəruridir. Bu təhlükə səbəbi ilə Cavabdeh mənzili təhvil verməsi barədə xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu ünvanlanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin binada qalması həm binanın təhlükəli texniki vəziyyəti ilə bağlı vətəndaşın həyat və sağlamlığına təhlükə yaratdığına görə, həm də onun yaşayış sahəsinə müqavilə olmadan yerləşdirildiyi üçün yolverilməzdir. Eyni zamanda məhkəmə bildirir ki, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi nəşriyyatında və “Azərbaycan ordusu” qəzetində redaktor kimi çalışır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 182 ünvanında yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna daxil olan “Turan” Hərbi yataqxanasından (xidməti yaşayış sahəsindən) çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 182 ünvanında yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna daxil olan “Turan” Hərbi yataqxanasından (xidməti yaşayış sahəsindən) çıxarılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-6350/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6350/2025
28.01.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver