Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-637/2023 24.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, iddiaçının nümayəndəsi və eyni zamanda vəkili X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh8 Atabala oğlu, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh8 Atabala oğlu, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı paylı mənzilə mülkiyyət hüququna xitam verilməsi və mənzilin naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mövcud faktiki fiziki bölgünün təsdiq edilməsi yolu ilə onun cavabdehlərlə birlikdə həmin ev üzərində ümumi paylı mülkiyyət hüququna xitam verilməsinə və evin texniki Pasportunda “A” literi ilə işarələnmiş tikilisinin üzərində “1” rəqəmi ilə işarələnmiş yaşayış sahəsi 42,3 kv.m. olan otağının, “2” rəqəmi ilə işarələnmiş köməkçi sahəsi 2.4 kv.m. olan otağının, cəmi 44,7 kv.m.-dən ibarət yaşayış sahəsinin, evin cavabdehlərə məxsus digər tikililərindən naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid küçəsində yerləşən 55 nömrəli bir mərtəbəli evin 44,7 kv.m.-dən ibarət olan yaşayış sahəsini 2017-ci il tarixində alqı-satqı yolu ilə əldə etmişdir. xx.xx.2017-ci il tarixdə mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə qeydiyyata aldıraraq RX seriyalı ******* nömrəli Çıxarış almışdır. Çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid küçəsində istifadədə olan 0,04083 ha torpaq sahəsi üzərində yerləşən ümumi yaşayış sahəsi 320,4 kv.m. olan bir mərtəbəli, ümumi paylı mülkiyyətdəki 55 nömrəli fərdi yaşayış evinin 1/5 hissədən ibarət 44,7 kv.m. ölçülü (42,3 yaşayış, 2,4 köməkçi sahədən ibarət) yaşayış sahəsi hissəsinin mülkiyyətçisi hesab olunur. Fərdi yaşayış evinin adına xx.xx.2017-ci il tarixdə tərtib olunmuş Texniki Pasportundan görünür ki, ona məxsus yaşayış sahəsi “A”, “B”, “D”, “V” tikililərdən ibarət evin “A” tikilisində yerləşir. Texniki Pasportun 3-cü vərəqində “A” tikilisinin planı əks olunmuşdur. Bildirmişdir ki, “A” tikilisindəki 42,3 kv.m. ibarət 1 nömrəli yaşayış sahəsi və 2,4 kv.m-dən ibarət 2 nömrəli köməkçi sahəsi onun faktiki sahibliyində və istifadəsindədir. “A” tikilisindəki digər sahələr - 3,4,5,6 nömrəli sahələr cavabdehlərdən Cavabdeh3 məxsusdur. Cavabdeh3 məxsus yaşayış sahəsi ilə onun yaşayış sahəsi arasında keçid (giriş-çıxış qapısı,yeri) yoxdur. Arakəsmə divarlar tam örtülüdür və bağlıdır. Onun öz yaşayış sahəsinə Hüseyn Cavid küçəsi tərəfindən girişi vardır ki, bu da iddia ərizəsinə əlavə olunmuş “Mütəxəssis rəyi”ndə əks olunmuşdur. Texniki Pasportdan görünür ki, “A” tikilisinin digər yaşayış sahələrinin həyətdən ayrıca giriş-çıxışı vardır ki, bu da 6 nömrəli sahə hesab olunur. Texniki Pasportun “Mərtəbələr üzrə otaqların təsnifatı” bölməsində 6 nömrəli sahə məhz “giriş” adlandırılmışdır. Bu, o deməkdir ki, faktiki və hüquqi sahibi Cavabdeh3 istifadəsində olan 3,4 və 5 nömrəli sahələrinə giriş 6 nömrəli sahə hesab olunur. Yəni, qonşusu Cavabdeh3 ayrıca giriş-çıxışı vardır, onunla ümumi keçidi və girişçıxış sahəsi yoxdur. Göründüyü kimi, ona məxsus sahə cavabdehlərə, həmçinin divar qonşusu olan Cavabdeh3 məxsus sahələrdən, həmçinin, ümumi paylı mülkiyyətdə olan evin digər tikililərindən ayrıca yerləşir, daxili arakəsmə ilə onlardan təcrid olunmuş vəziyyətdədir, yaşayış sahəsinin ümumi istifadədə olan həyətə deyil, küçəyə birbaşa və sərbəst çıxışı vardır. O, 2017-ci il tarixində yaşayış sahəsini alarkən, digər mülkiyyətçilərlə qapı, giriş-çıxış sahəsi yox idi və arakəsmə divarları tam hörülmüş vəziyyətdə idi. Yəni, faktiki olaraq aldığı sahə ilə “A” tikilisinin digər otaqları arasında keçid qapısı mövcud deyildi. Artıq həmin dövrdən indiyə kimi o, bu vəziyyətdə də oradan istifadə edir, özünün küçəyə və yol infrastrukturuna birbaşa müstəqil çıxışı vardır. Qeyd etmişdir ki, indiyə kimi birgə mülkiyyət yalnız sənəd üzərində mövcud olmuşdur, gerçəklikdə isə o, və digər sakinlər öz payından müstəqil və fərdi qaydada istifadə etmişlər, etməkdə də davam edirlər. Ona və digər sakinlərə, payçılara məxsus payların ayrıca sanitar qovşağı, fərdi köməkçi sahələri vardır. Öz sanitar qovşağı və köməkçi sahəsindən yalnız özü istifadə edir, bunlar ümumi istifadədə deyildir. Digər payçılara və sakinlərə məxsus otaqların da giriş-çıxış qapısı ayrıcadır və birbaşa həyətə və ya küçəyə - yol infrastrukturuna açılır, bunların ona heç bir təsiri və aidiyyəti yoxdur. Qeyd etmişdir ki, hazırda mülkiyyətində olan payına müstəqil surətdə sərəncam verə bilmir və mülkiyyət hüququnu istəyinə uyğun olaraq gerçəkləşdirə bilmir. Çünki, MM-nin 222-ci maddəsinə əsasən, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Bölgü ilə bağlı onunla cavabdehlər arasında, demək olar ki, fikir ayrılığı yoxdur. Lakin, onlardan bəziləri ilə şəxsi tanışlığı, yaxın qonşuluq münasibətləri olmadığından onları bölgü sxeminin tərtibi, notariat orqanında təsdiqi ilə bağlı rəsmiləşmə işlərinə cəlb edə bilmir, bəziləri isə mülk sahibləri olsalar da həyətdə yaşamırlar, evlərini kirayə veriblər, onları axtarıb tapmaq, məsələnin mahiyyətini anladaraq bunun razılaşma yolu ilə həllinə gətirib çıxartmaq mümkün deyildir. Bu üzdən məsələni qarşılıqlı razılaşma yolu ilə həll edə bilmir və hüquqlarını məhkəmə qaydasında təsdiq etdirmək məcburiyyətində qalmışdır. Bildirmişdir ki, o, öz payını cavabdehlərin payından ayırmaq, payı üzərində xüsusi mülkiyyət hüququnu fərdi qaydada, təkbaşına olaraq qeydiyyata aldırmaq niyyətindədir. Bunun üçün, ilk növbədə, mövcud fiziki ayrılmanın texniki sənədlərdə əks etdirilməsi tələb olunur. Fiziki bölgünün texniki sənədlərdə əks olunması üçün isə ya tərəflərin qarşılıqlı razılaşması ilə notarial qaydada təsdiq olunmuş bölğü sxemi tərtib edilməli, yaxud da bununla bağlı məhkəmə qətnaməsi olmalıdır. Məlum olduğu kimi, paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması qaydası Mülki Məcəllənin 220-ci maddəsi ilə tənzimlənir və həmin maddi hüquq normasında sözügedən məsələnin həll edilməsinin hüquqi mexanizmləri dəqiq və konkret şəkildə müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə müvafiq olaraq paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Qeyd etmişdir ki, payçısı olduğu fərdi yaşayış evində paylar məlumdur, neçə illərdir ki, faktiki olaraq (mövcud vəziyyətində) və fiziki olaraq (yerləşməsinə, istifadə və sahiblik imkanlarına görə) hissələrə ayrılmışdır, lakin hüquqi ayrılma aparılmamışdır və evin həm hüquqi, həm də texniki sənədləşmə cəhətdən ayrılmasına zərurət vardır. Hesab edir ki, qanunvericiliklə təsbit və müəyyən olunmuş hüquqları əsas tutularaq, digər mülkiyyətçilərlə aralarındakı ümumi paylı mülkiyyət hüququna mövcud faktiki fiziki bölgünün məhkəmə qaydasında təsdiqi yolu ilə xitam verilməli, payının naturada ayrılması təmin edilməlidir. MM-nin 221-ci maddəsinin (Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi) məzmununa əsasən, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü və digər yollarla xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür. İşə məhkəmə iclasında baxılan zaman iddiaçının nümayəndəsi və eyni zamanda vəkili X5 iddia tələbinin azaldılması barədə ərizə verərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində Texniki Pasportunda “A” literi ilə işarələnmiş tikilisinin üzərində “1” nömrəsi ilə qeyd edilmiş yaşayış sahəsi 42.3 kv.m. ibarət olan otağın və “2” rəqəmi ilə qeyd edilmiş 2.4 kv.m. olan köməkçi sahə, otağın, cəmi 44,7 kv.m.-dən ibarət yaşayış sahəsinin naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili X5 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, İddiaçı müraciəti əsasında Azərbaycan Respublikası “X1” 223 nömrəli, xx.xx.2022-ci il tarixli mütəxəssi rəyi ona təqdim edilmiş və həmin rəyə əsasən İddiaçı və digərlərinin ünvan 1 ünvanında və 0.04083 ha torpaq sahəsində yerləşən ümumi birgə mülkiyyətlərindəki 320.4m2 sahədən ibarət fərdi yaşayış evindən İddiaçı payına düşən 1/5 hissədən ibarət tikilinin - 1 otaq y/s - 42.3m2, k/s - 2.4m2)-dan ibarət yaşayış sahəsi hissəsinin ayrılması «İnşaat Norma və Qaydaları» 2.08.01.89*-un tələblərinə və “Məhkəmə Tikinti-X3 Metodları”-na uyğundur. Sözügedən hissədə yaşayış sahəsinin (y/s - 42.3m2, k/s - İ.4m2) mövcud vəziyyəti ayrıca olmaqla hüquqi sahibi İddiaçı tərəfindən müstəqil və hər-hansı faktiki ortaq istifadəçilik olmadan istifadə olunur. Kommunikasiya sistemləri - su, işıq, qaz müstəqildir, ayrıca sanuzel sistemi vardır. Göründüyü kimi, iddiaçıya məxsus sahə cavabdehlərə məxsus olan sahələrdən, həmçinin ümumi paylı mülkiyyətdə olan evin digər tikililərindən ayrıca yerləşir, daxili arakəsmə ilə onlardan təcrid olunmuş vəziyyətdədir, yaşayış sahəsinin ümumi istifadədə olan həyətə deyil, küçəyə birbaşa və sərbəst çıxış vardır. Həmçinin bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/854 nömrəli, xx.xx.2023-cü il tarixli rəyinə əsasən də, qeyd olunan yaşayış sahəsinin naturada bölünməsi mümkündür. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş (həmçinin elektron SMS vasitəsi ilə) cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh8 Atabala oğlu, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 1/5 hissədən qalan hissə Cavabdeh3, 1/5 hissə - 02 otaq Cavabdeh8 Atabala oğlunun, 1/5 hissədən V tik. – 01 otaq – 11,4 kv.m., k/s 6,6 kv.m. Cavabdeh1, 01 otaq – 24,8 kv.m., k/s 13,4 kv.m. Cavabdeh2, 1/5 hissədən qalan hissə Cavabdeh5, 1/5 hissədən qalan hissə Cavabdeh6, 1/5 hissə Cavabdeh4, 1/5 hissə Cavabdeh7, 1/5 hissədən 01 otaq (y/s-42,3 kv.m., k/s-2,4 kv.m.) İddiaçı adlarına daşınmaz əmlakın dövlət reyestrində ********* qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası “X1” 223 nömrəli, xx.xx.2022-ci il tarixli mütəxəssi rəyindən görünür ki, aparılmış tədqiqatlar nəticəsində, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı çıxarışına əsasən İddiaçı və digərlərinin ünvan 1 ünvanında və 0.04083 ha torpaq sahəsində yerləşən ümumi birgə mülkiyyətlərindəki 320.4m2 sahədən ibarət fərdi yaşayış evindən İddiaçı payına düşən 1/5 hissədən ibarət tikilinin - 1 otaq y/s - 42.3m2, k/s - 2.4m2)-dan ibarət yaşayış sahəsi hissəsinin ayrılması «İnşaat Norma və Qaydaları» 2.08.01.89*-un tələblərinə və “Məhkəmə Tikinti-X3 Metodları”-na uyğundur. Sözügedən hissədə yaşayış sahəsinin (y/s - 42.3m2, k/s - İ.4m2) mövcud vəziyyəti ayrıca olmaqla hüquqi sahibi İddiaçı tərəfindən müstəqil və hər-hansı faktiki ortaq istifadəçilik olmadan istifadə olunur. Kommunikasiya sistemləri - su, işıq, qaz müstəqildir, ayrıca sanuzel (sanitar qovşağı) sistemi vardır. Sözügedən hissədə yaşayış sahəsinin (y/s - 42.3m2, k/s - 2.4m2) yol nfrastrukturuna (Hüseyn Cavid küçəsinə) birbaşa çıxışı və sahəsinin ayrıca dam örtüyü vardır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/854 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı çıxarışına əsasən İddiaçı və digərlərinin ünvan 1 ünvanında və 0.04083 ha torpaq sahəsində yerləşən ümumi birgə mülkiyyətlərindəki 320,4 m2 sahədən ibarət fərdi yaşayış evindən İddiaçı payına düşən 1/5 hissədən ibarət tikilinin – 01 otaq (y/s -42,3 m2, k/s – 2,4 m2)-dan ibarət yaşayış sahəsi hissəsinin ayrılması «İnşaat Norma və Qaydaları» 2.08.01.89*-un tələblərinə və “Məhkəmə Tikinti-X3 Metodları”-na uyğundur. Sözügedən hissədə yaşayış sahəsinin (y/s – 42,3 m2, k/s – 2,4 m2) mövcud vəziyyəti ayrıca olmaqla hüquqi sahibi İddiaçı tərəfindən müstəqil və hər-hansı faktiki ortaq istifadəçilik olmadan istifadə olunur. Kommunikasiya sistemləri - su, işıq, qaz müstəqildir, ayrıca sanuzel (sanitar qovşağı) sistemi vardır. Sözügedən hissədə yaşayış sahəsinin (y/s – 42,3 m2, k/s – 2,4 m2) yol infrastrukturuna (Hüseyn Cavid küçəsinə) birbaşa çıxışı və sahəsinin ayrıca dam örtüyü vardır. Qeyd olunur ki, fərdi yaşayış evinin təklif olunan bölgü variantı rəyə əlavə edilmiş plan-sxemdə izahlı şəkildə göstərilmişdir. İş materialları və işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid küçəsində yerləşən 55 nömrəli bir mərtəbəli ev üzərində tərəflərin paylarına uyğun mülkiyyət hüququ tanınaraq, sonunculara DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar verilmişdir. Çıxarışa əsasən, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid küçəsində istifadədə olan 0,04083 ha torpaq sahəsi üzərində yerləşən ümumi yaşayış sahəsi 320,4 kv.m. olan bir mərtəbəli, ümumi paylı mülkiyyətdəki 55 nömrəli fərdi yaşayış evinin 1/5 hissədən ibarət 44,7 kv.m. ölçülü (42,3 yaşayış, 2,4 köməkçi sahədən ibarət) yaşayış sahəsi hissəsinin mülkiyyətçisi hesab olunur. Texniki Pasporta əsasən “A” tikilisindəki 42,3 kv.m. ibarət 1 nömrəli yaşayış sahəsi və 2,4 kv.m-dən ibarət 2 nömrəli köməkçi sahəsi İddiaçı faktiki sahibliyində və istifadəsindədir. Hazırda o, mülkiyyətində olan payına müstəqil surətdə sərəncam verə bilmir və mülkiyyət hüququnu istəyinə uyğun olaraq gerçəkləşdirə bilmir. İddiaçı öz payını cavabdehlərin payından ayırmaq, payı üzərində xüsusi mülkiyyət hüququnu fərdi qaydada, təkbaşına olaraq qeydiyyata aldırmaq niyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/854 nömrəli, xx.xx.2023-cü il tarixli rəyinə əsasən İddiaçı payına düşən 1/5 hissədən ibarət tikilinin – 01 otaq (y/s -42,3 m2, k/s – 2,4 m2)-dan ibarət yaşayış sahəsi hissəsinin ayrılması «İnşaat Norma və Qaydaları» 2.08.01.89*-un tələblərinə və “Məhkəmə Tikinti-X3 Metodları”-na uyğundur. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikasının MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə ekspertiza rəyinə digər sübutlarla yanaşı qiymət verərək qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin, İddiaçı mülkiyyətində olan 1/5 hissədən ibarət payı, texniki pasportunda “A” literi ilə işarələnmiş tikilinin üzərində “1” nömrə ilə qeyd edilmiş 42,3 kv.m.-dən ibarət yaşayış sahəsi, otaq və “2” nömrə ilə qeyd edilmiş 2,4 kv.m.-dən ibarət olan köməkçi sahə, otaq, cəmi 44,7 kv.m.-dən ibarət yaşayış sahəsi (ekspert rəyinə uyğun olaraq) naturada ayrılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan 10/854 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat olmaqla, dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 25 (iyirmi beş) manatı İddiaçı, 25 (iyirmi beş) manatı isə cavabdehlərdən müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin, İddiaçı mülkiyyətində olan 1/5 hissədən ibarət payı, texniki pasportunda “A” literi ilə işarələnmiş tikilinin üzərində “1” nömrə ilə qeyd edilmiş 42,3 kv.m.-dən ibarət yaşayış sahəsi, otaq və “2” nömrə ilə qeyd edilmiş 2,4 kv.m.-dən ibarət olan köməkçi sahə, otaq, cəmi 44,7 kv.m.-dən ibarət yaşayış sahəsi (ekspert rəyinə uyğun olaraq) naturada ayrılsın. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərcinin 25 (iyirmi beş) manatı İddiaçı, 25 (iyirmi beş) manatı isə cavabdehlərdən müştərək qaydada tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-637/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-637/2023
24.06.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver