Məhkəmə qərarları › İş №e-2(004)-6379/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6379/2025

18.12.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6379/2025 18.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, eyni zamanda digər cavabdehlər Cavabdeh3, Manafova (Abdullayeva) Fərəh Bəhlul qızının və Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Manafova (Abdullayeva) Fərəh Bəhlul qızına qarşı “kirayə müqaviləsi üzrə borcun tutulması və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Manafova (Abdullayeva) Fərəh Bəhlul qızına qarşı “kirayə müqaviləsi üzrə borcun tutulması və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Manafova (Abdullayeva) Fərəh Bəhlul qızının, Cavabdeh2, Cavabdeh3 qızının və Cavabdeh4 Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, ev 78, 19 nömrəli mənzildən çıxarılması; Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, ev 78, 19 nömrəli mənzildən kirayə haqqına görə yaranmış 6400 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 84 manat dövlət rüsumunun Cavabdeh2 (kirayəçi) tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən 26 fevral 2014-cü il tarixdə verilmiş, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, ümumi sahəsi 102,70 kv.metr olan Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsində yerləşən 78 nömrəli evin, 19 nömrəli mənzili iddiaçının xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. İddiaçı İsmayıllı rayonunda müvəqqəti yaşamaq üçün getdiyindən həmin mülkiyyətində olan mənzili boş qalmamaq üçün kirayə vermək qərarına gəlmişdir. Həmin mənzili 23 dekabr 2024-cü il tarixdə kirayə müqaviləsinə əsasən bacısı X1 Cavabdeh2 ilə kirayə haqqı 800 manat olmaqla 12 ay müddətinə kirayə müqaviləsi bağlanmışdır. Daha sonra kirayəçi Cavabdeh2 aylıq kirayə haqqını ilk bir ayını ödəməklə qalan son 8 ayını, yəni fevral, mart, aprel, may, iyun, iyul, avqust və sentyabr aylarını ödəməməklə iddiaçının mənzilində yaşamağa davam edir. Bundan əlavə iddiaçının mənzilində kommunal, yəni qaz, işıq və su borcları kirayəçi tərəfindən ödənilmədiyindən həmin sayğaclar, yəni qaz, işıq və su idarələr tərəfindən istifadəsi dayandırılmışdır. Buna əhəmiyyət verməyən cavabdehlər qanunsuz yolla iddiaçının atasına məxsus mənzilin işıq xəttindən sözü gedən mənzilə elektrik xətti çəkərək, istifadə edirlər. İddiaçıya məxsus mənzildən kirayə haqqını tələb etdikdə iddiaçıya bildirirlər ki, pulları yoxdur və mənzildən çıxmırlar. İddiaçı Cavabdeh2 əməlləri barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat verərək, Cavabdeh2 və kirayədə qalan digər şəxslərin iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, ünvan 2 nömrəli mənzildən çıxarılmasını və qanunamüvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Yasamal rayon Polis İdarəsinin ərazi üzrə sahə inspektoru həmin ünvana dəfələrlə gedərək onların çıxarılmasına cəhd göstərsə də lakin heç bir nəticə verməyərək onlar həmin mənzili boşaltmaqdan imtina etmişdirlər. Buna görə iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qanunvericiliyin tələbinə əsasən kirayəçi Cavabdeh2 kirayə müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan mənzilin kirayə haqqını 8 aydan artıq müddətdir ki, ödənilməsini gecikdirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İzahatına əlavə olaraq bildirdi ki, kirayə müqaviləsi iddiaçının adından etibarnamə əsasında bağlanılmışdır, cavabdeh yalnız 1 aylıq kirayə haqqının ödənişini etmişdir. Həmçinin tərəflər arasında kirayə haqqının 500 manata endirilməsi ilə bağlı razılaşma olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh, eyni zamanda digər cavabdehlər Cavabdeh3, Manafova (Abdullayeva) Fərəh Bəhlul qızının və Cavabdeh1 nümayəndəsi Cavabdeh2 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. O ailəsi ilə birlikdə 23 dekabr 2024-cü il tarixdə sözügedən mənzilə kirayəçi qismində daxil olmuşdur. Həmin gün 800 manat məbləği ev sahibinə ödəmişdir. Həmin gün mənzilin natəmiz halda olduğunu, istilik sisteminin işləmədiyini görmüş və ev sahibindən pulu qaytarmasını tələb etmişdir. Ev sahibi 1 ay qalıb sonra çıxmaqlarını təklif etmişdir. Ailə ilə birlikdə həmin mənzildən başqa mənzilə köçmək çətin olduğundan məcbur orada qalmalı olmuşlar. Daha sonra mənzil sahibi ilə hər ay 500 manat kirayə haqqı ödəmək şərti ilə həmin mənzildə qalmağa razılaşmışlar. Buna görə də cavabdeh 200 manat pulu da ona ödəmişdir. Kirayə qaldıqları dövrdə mənzildə qaz, işıq və istilik təchizatı işləməmişdir. Mart ayından etibarən 5 ay müddətində həmin mənzildə işıq və qaz olmadan yaşamışlar. Bu səbəbdən qızı əməliyyat edilmişdir. 11 aydır ki, həmin mənzildə yaşayırlar. İddiaçı ilə aralarında yaranmış mübahisə cavabdehin maliyyə çətinliyi ilə əlaqədar olmuşdur. Cavabdeh avqust və sentyabr ayları üzrə olan borcundan hər dəfə 500 manat vermək istəməsinə baxmayaraq iddiaçı pulu almaqdan imtina etmişdir. Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 102.7 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan ev sahibi X4 ilə kirayəçi Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli kirayə müqaviləsinə əsasən kirayəçi kirayə götürülən Həsən bəy ünvan 3 ünvanında yerləşən mənzilə görə hər ay 800 manat kirayə haqqını ev sahibinə ödəməyi öhdəsinə götürür. Müqavilənin müddəti 12 aydır. Müqavilənin 7-ci bəndinə əsasən hər iki tərəf müqaviləni pozmaq istəsələr, bir ay əvvəl qarşı tərəfi xəbərdar etməlidirlər. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh2 ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdehə xx.xx.2024-cü il tarixli kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Manafova (Abdullayeva) Fərəh Bəhlul qızının Bakı şəhəri, Yasamal rayonu, ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılması, həmin mənzildən kirayə haqqına görə yaranmış 6400 manat oulun 17 oktyabr 2025-ci il tarixədək ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, etibar edən İddiaçı tərəfindən həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamaq səlahiyyətləri etibar edilən X3 etibar edilmişdir. Etibarnamə 5 il müddətinə verilmişdir. Beləliklə, məhkəmə işin hallarından müəyyən edildi ki, tərəflər arasında kirayə müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Mübahisə obyekti olan Bakı şəhəri, Yasamal rayonu, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 102.7 kv.m olan mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh2 ilə X2 (iddiaçının adından etibarnamə əsasında) aralarında bağladığı kirayə müqaviləsi əsasında cavabdeh ailəsi ilə birlikdə həmin mənzildə tərəflər arasında razılaşdırılmış aylıq 800 manat kirayə haqqı əsasında 23 dekabr 2024-cü il tarixdən hal-hazırki tarixədən 12 aydır ki, yaşayır. Lakin cavabdeh sözügedən mənzildə kirayə qaldıqları müddətdə yalnız 1 aylıq kirayə haqqını ödəmişdir. Cavabdeh2 müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada icra etmədiyindən mübahisəli mənzilin mülkiyyətçisi olan İddiaçı müqaviləyə birtərəfli qaydada xitam verilmə, mənzildən çıxarılma və ödənilməmiş kirayə haqqının ödənilməsi ilə bağlı iradə ifadəsini qarşı tərəfə bildirmişdir. Buna baxmayaraq, cavabdeh ailəsi ilə birlikdə hələ də mübahisəli mənzildə yaşayır və kirayə haqqını ödəmir. Hal-hazırda iddiaçı cavabdehdən 8 ay ərzində aylıq kirayə məbləği hesablanmaqla müəyyən edilən 6400 manat məbləğində kirayə haqqını tələb edir, cavabdeh isə iddia tələbini qəbul etmir. Göründüyü kimi, tərəflər arasında bağlanmış kirayə müqaviləsi üzrə öhdəliklərin cavabdeh tərəfindən tam icra edilməməsi işin materialları və iddiaçı tərəfin izahatı ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərin evdən çıxarılmasını və kirayə müqaviləsi üzrə ödənilməmiş kirayə haqqını tələb etməkdə haqlıdır. Hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, iş üzrə tərəflər arasında kirayə münasibətlərinin mövcud olduğunu təsdiq edən yazılı kirayə müqaviləsi mövcuddur və cavabdehlər 12 aydır ki, sözügedən mənzildə yaşayırlar. Həmçinin cavabdeh tərəfindən yalnız 1 aylıq kirayə haqqı məbləği iddiaçıya ödənilmişdir. Bu hallar cavabdehin etirafı ilə də öz təsdiqini tapmışdır. Həm İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, həm də Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübаhisəni həlli edən məhkəmə ilk növbədə iddiа qаldırmış şəxsin müvаfiq subyektiv hüquqа mаlik olub-olmаmаsını аrаşdırmаlıdır. Buna görə də ilk növbədə məhkəmə İddiaçı iddia tələbini irəli sürməyə subyektiv hüququnun olub-olmamasını araşdıraraq hesab edir ki, cavabdehlərə kirayəyə verilən mənzil İddiaçı mülkiyyətində olmuş, iddiaçı həmin mənzilə dair qanunla icazə verilmiş bütün əqdləri bağlamaq səlahiyyətini etibarnamə əsasında X3 etibar etmişdir. X4 da ona verilmiş səlahiyyətindən istifadə etməklə sözügedən mənzillə bağlı kirayə müqaviləsi bağlamışdır. Belə olan halda, yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçı həmin mənzilin mülkiyyətçisi olduğundan hazırki iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkündür. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Eyrenin İrlandiyaya qarşı iş üzrə” qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən - “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Məhkəmə iddia tələbinin “cavabdehlərin mənzildən çıxarılması” hissəsinə münasibət bildirirərək qeyd edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Eyni Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlatmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir Göründüyü kimi, mübahisəli mənzil iddiaçıya məxsusdur, həmin mənzil cavabdeh şəxsin ailəsi ilə birlikdə müvafiq kirayə müqaviləsi əsasında istifadəsindədir. İddiaçı kirayə haqqını ödəmədiyi üçün cavabdehə mənzildən çıxarılmaları ilə bağlı pretenziya məktubu göndərərək həmin mənzili onun qanunsuz istifadəsindən və sahibliyindən geri tələb etsə də, cavabdehlər mənzildən çıxmamışdır. İddiaçı hazırda həmin mənzildən istifadə edə bilmir, o, bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdeh şəxsin bu hərəkətləri nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. Həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəmə hesab edir ki, pretenziya məktubu ilə iddiaçı iradə ifadəsini qarşı tərəfə bildirmişdir və bununla da kirayə müqaviləsi ləğv edilmişdir. Buna görə də iddiaçı cavabdehlərin mənzildən çıxarılmalarını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin “8 aylıq ödənilməmiş kirayə haqqının, yəni 6400 manat pulun tutulması” hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 692.2.1-ci maddəsinə əsasən, kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda Kirayəyə verənin kirayə hüquq münasibətlərinə xitam vermək arzusu əsaslı sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kirayə müqaviləsi üzrə aylıq ödənişlərinin ödənilməsi barədə öhdəliklərini tam və vaxtında icra etmədiyindən, 8 ay üçün ödənilməmiş 6400 manat kirayə haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə cavabdehin kirayə haqqının məbləği ilə bağlı gətirdiyi arqumenti əsaslı hesab etməmişdir. Belə ki, cavabdeh izahatında qeyd etmişdir ki, tərəflər sonradan aralarında razılığa gələrək aylıq kirayə haqqı məbləğinin 500 manat müəyyən etmişlər. İddiaçının nümayəndəsi və vəkili isə izahatında bildirmişdir ki, tərəflər arasında belə bir razılıq olmamışdır. Bununla yanaşı cavabdeh gətirdiyi arqumenti sübut edəcək dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Halbuki sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını müəyyən edən Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Məhkəmə həmçinin aylıq kirayə haqqı məbləğinin 800 manat olması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, tərəflər kirayə müqaviləsi bağlanan zaman öz aralarında aylıq 800 manat məbləği razılaşdıraraq azad surətdə kirayə müqaviləsi bağlamışlar. Eləcə də mübahisə obyekti olan Bakı şəhəri, Yasamal rayonu, ünvan 2 ünvanında yerləşən mənzilin 4 otaqlı olduğunu nəzərə alsaq, aylıq kirayə haqqı məbləğinin 800 manat müəyyənləşdirilməsi ağlabatan və ədalətli olmuşdur. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Yuxarıda göstərilənlərlə yanaşı məhkəmə cavabdehin izahatına münasibətdə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh izahatında sözügedən mənzildə qaz, işıq, su və istilik təchizatının olmadığını qeyd etsə də, bu faktı təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq məhkəmə qeyd edir ki, bu fakt sübuta yetirilərsə, cavabdeh ona dəymiş zərərlə əlaqədar məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 84 (səksən dörd) manat dövlət rüsumunun əvəzi Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdeh şəxsin həmin əmlakdan qanunsuz sahibliyinə son qoyulmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Manafova (Abdullayeva) Fərəh Bəhlul qızı Bakı şəhəri, Yasamal rayonu, ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılmalı, Cavabdeh2 6400 (altı min dörd yüz) manat kirayə haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 84 (səksən dörd) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-in 217.4ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Manafova (Abdullayeva) Fərəh Bəhlul qızı Bakı şəhəri, Yasamal rayonu, ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılsınlar. Cavabdeh2 6400 (altı min dörd yüz) manat kirayə haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 84 (səksən dörd) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar