Məhkəmə qərarları › İş №e-2(004)-647/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-647/2024

03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-647/2024 03.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 263000 ABŞ dolları məbləğində pul və 738 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, X6 məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Daha sonra, İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 263000 ABŞ dolları məbləğində pul, 186132,4 ABŞ dolları məbləğində faiz, 120 manat məbləğində hüquqi yardım xərci və 1031 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 249176 ABŞ dolları məbləğində pul, 186132,4 ABŞ dolları məbləğində faiz, 120 manat məbləğində hüquqi yardım xərci və 1031 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2ndə yerləşən 4C saylı əmlak kompleksi olan “Azərbaycan xörəkləri” kafesinin 300000 ABŞ dollarına satılması ilə bağlı cavabdehlə aralarında razılaşma olmuşdur. Aralarında olan razılaşmaya əsasən o həmin məbləği hissəhissə olmaqla cavabdehə ödəməli idi. Bundan sonra isə aralarında həmin əmlakın alqı-satqısı ilə bağlı müqavilə bağlanmalı idi. Aralarında olan razılaşmaya əsasən cavabdehə 263000 ABŞ dolları məbləğində pul ödəmişdir. Lakin 263000 ABŞ dolları məbləğində pulu ödədikdən sonra mən cavabdehə qalan 37000 (otuz yeddi min) ABŞ dolları məbləğində pulu verməklə ünvan 2ndə yerləşən 4C saylı əmlak kompleksi olan “Azərbaycan xörəkləri” kafesinin alqı-satqısını icra etməyi təklif etdikdə cavabdeh müxtəlif bəhanələrlə qeyd edilən daşınmaz əmlakı ona satmaqdan imtina etmişdir. Bununla bağlı dəfələrlə aralarında danışıqlar aparılsa da, heç bir nəticə əldə etmək mümkün olmamışdır. Cavabdeh aralarında olan razılaşmanın şərtlərini pozmaqla yanaşı aldığı 263000 ABŞ dolları məbləğində pulu bu günə qədər ona geri qaytarmamaqla onun hüquqlarını kobud şəkildə pozaraq əssassız olaraq varlanmışdır. Bu səbəbdən də pozulmuş hüquqlarını müdafiə və bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə İddiaçı Cavabdeh qarşı (X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbi barədə iddiasına etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, İddiaçı Rza oğlu 2015-ci ildə yaxın dostu X6 vasitəsilə Cavabdeh ilə tanış olmuşdur. Vaqif Quliyev dostu Khakpoor Nasirin Bakıda obyekt almaq istədiyini bildirmiş və daha sonra həmin ilin sentyabr ayında Cavabdeh mülkiyyətində olan “Azərbaycan Xörəkləri” əmlak-kompleksinin alqı-satqısı ilə bağlı ilkin razılığa gəlinmişdir. Lakin iddiaçı əmlakın dəyərini - 300.000 dolları birbaşa verə bilmədiyindən hissə-hissə ödənilməsini xahiş etmiş və razılıq əldə olunmuşdur. Həmin məbləğin 50.000 manatını Naser sentyabr ayında birinci dəfə Vaqif Quliyev vasitəsilə Cavabdeh vermişdir. Daha sonra isə növbəti oktyabr, noyabr və dekabr aylarında hər dəfə 50.000 manat olmaqla 3 dəfə Naser Vaqifə pul ödəmişdir. Daha sonra yenidən 50.000 manat verilmişdir. Vaqif isə həmin pullarla "xxxx" və “AccesBank”dakı kredit borclarını bağlamışdır. İddiaçı uzun müddət əmlakın alqı-satqısı barədə maraqlanmamış, ümumiyyətlə fiziki olaraq yoxa çıxmışdır. Daha sonra Vaqif Quliyev cavabdehə bildirmişdir ki, Naser onun yaxın dostudur, onları tanış edən və alqı-satqını razılaşdıran da odur. Ona görə də Naser əmlakı almaqdan faktiki imtina etdiyinə görə verilən məbləğ də məhz ixtiyari şəxs kimi ona, yəni Vaqif Quliyevə qaytarılmalıdır. Cavabdeh da sonuncu 50 min manatı da Vaqif Quliyevə vermişdir. Bundan sonra Vaqif Quliyev notarial qaydada Cavabdeh artıq heç bir borcunun qalmadığını bəyan etmişdir. Lakin daha sonra məhkəmədə iddia qaldırılsa da, məhkəmə heç bir borcun olmadığı haqqında qətnamə qəbul etmişdir. Faktiki olaraq, İddiaçı tərəfindən “Azərbaycan Xörəkləri” əmlak-kompleksinin satışı ilə bağlı ilkin olaraq ödənilmiş 250 min manat artıqlaması ilə Vaqif Quliyevə ödənmişdir. Ümumilikdə, Vaqif Quliyevə 304 min manat pul ödənilmişdir. Bütün bunlar qəbzlərlə, məhkəmə qətnamələri ilə, Vaqif Quliyevin öz etiraf və bəyanatları ilə, habelə, Bakı şəhəri Xəzər RPİ-nin ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında 10 iyul 2023-cll il tarixli Qərarında da öz əksini tapmışdır. “Azərbaycan Xörəkləri" əmlak-kompleksi nəticə etibarilə Cavabdeh adına qeydiyyatda olsa da həmin əmlakın idarə edilməsi və daha sonra satılması məsələsində Cavabdehla Vaqif Quliyev şərik kimi iştirak etmişlər. Əmlakın satışından əldə olunacaq pul da ikisi arasında bölünməliydi. Lakin Vaqif sonradan artıq Naserin həmin əmlakı almaq istəmədiyini və bütün pulların ona çatacağını bildirmişdir. Həmin əmlakla bağlı müxtəlif vaxtlarda Cavabdeh Vaqif Quliyevə borc pul vermiş və ya onun xeyrinə bankdan kredit götürmüşdür. 2014-cü ildə isə Cavabdeh Vaqif Quliyev üçün Unibankdan 175.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 2015-ci ilin fevralında baş vermiş devalvasiyaya görə məzənnə fərqindən 43.000 dollar zərər yaranmışdır. Bütün bunların ödənilməsini Vaqif Quliyev öz üzərinə götürmüşdür. Daha sonra Vaqif öz dostu Naserin “Azərbaycan Xörəkləri” əmlak-kompleksinin alışı üçün ona ödədiyi pullarla banklara olan kredit borcunu və öz şəxsi borclarını bağlamışdır. Cavabdeh ondan Naser haqqında soruşduqda, o, Naserin artıq əmlakı almaq üçün gəlməyəcəyini, onu gətirən adam və onun dostu kimi Naserin verdiyi pulların Vaqifə çatacağını söyləmişdir. Cavabdeh da Vaqif Quliyevin ixtiyarlı şəxs olduğuna inanmışdır. Çünki əvvəldən də İddiaçı böyük məbləğdə pulları Vaqif Quliyevə etibar etmiş və ödənişləri onun vasitəsilə etmişdir. Bu isə Vaqif Quliyevin həqiqətən Naserin güvəndiyi, etibar etdiyi şəxs olduğu, X7 adından hərəkət etmək səlahiyyətində olduğunu göstərirdi. Bakı şəhəri Xəzər RPİ-nin ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında 10 iyul 2023-cü il tarixli Qərarında da təsbit olunur ki, Cavabdeh İddiaçı Rza oğlu tərəfindən verilmiş pulları Vaqif Quliyevə qaytarmışdır. 2018-ci ildə Vaqif Quliyev ona demişdir ki, Nasiri alıcı kimi o gətirib, onun dostudur, özü Naserlə hesablaşacaq. Ümumilikdə, 187.600 manat Vaqif Quliyevin banka olan borcuna görə, 66.970 manat şəxsi borclarına görə Vaqif tərəfindən götürülmüş, daha sonra isə notarial qaydada son 50.000 manat yekun olaraq Vaqifə verilmişdir. Nəticədə, Cavabdeh Vaqif Quliyevə cəmi 304.000 manat pul vermişdir. Daha sonra, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə hazırki iddia tələbinə “iddia müddətinin tətbiqinə dair” ərizə təqdim edərək ərizədə qeyd etmişdir ki, işin faktiki hallarından və Bakı şəhəri Xəzər RPİ-nin ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında 10 iyul 2023-cü il tarixli Qərardan görünür ki, iddiaçı artıq əmlak alqısatqısının baş tutmayacağını, yəni ödədiyi pulun geri qaytarılması haqqında iddia qaldırmaq hüququnu 2019-cu ildə bilmişdir. Həmin vaxtdan isə artıq 4 ildən çox vaxt keçmişdir. Razılaşmanın və ödənişlərin olduğu 2015-ci ildən isə 8 il keçmişdir. Mülki qanunvericiliyin tələblərinə görə isə əsassız varlanma ilə bağlı tələblərin irəli sürülməsinə iki illik iddia müddəti tətbiq olunur. Qeyd olunanları nəzərə alaraq İddiaçı Rza oğlunun Cavabdeh qarşı iddia tələblərinə iddia müddətini tətbiq etməklə, həmin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə hazırki iddia tələbinə “iddia müddətinin tətbiqinə dair” yenidən ərizə təqdim edərək ərizədə qeyd etmişdir ki, işin faktiki hallarından və Bakı şəhəri Xəzər RPİ-nin ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında 10 iyul 2023-cü il tarixli Qərarından görünür ki, iddiaçı cavabdehə pulu 2015-ci ilin sentyabr-dekabr aylarında verdiyini (ilk dəfə 50 min manat, sonra dörd ay boyunca 200 min manat) iddia edir. Lakin həmin tarixdən etibarən 8 il müddətində pul tələbi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bu müddət ərzində də cavabdeh tərəfindən iddia müddətinin axımını kəsən heç bir hərəkət edilməmişdir. Beləliklə, faktiki olaraq, iddiaçının pul verdiyini iddia etdiyi dövrdən məhkəməyə müraciət edənə qədər 8 il, polisə müraciətə qədər isə 7 il müddət keçmişdir. Yəni bütün hallarda MM-nin 1095-ci maddəsinə əsasən, iddia müddəti ötürülmüşdür. Digər tərəfdən, MM-nin 380-ci maddəsində nəzərdə tutulan hərəkətlər iddia müddətinin axımının davam etdiyi müddətdə baş verərsə, axımı kəsir. Axım bitdikdən sonra baş verən hərəkətlər müddət axımının kəsilməsinə səbəb ola bilməz. Bununla bağlı həm apellyasiya məhkəmələrinin, həm də Ali Məhkəmənin qərarlarında oxşar mövqe bildirilmişdir. Məsələn, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-4213/2021 saylı qərarında məhkəmənin mövqeyi bu olmuşdur ki, MM-nin 380-ci maddəsinin məzmununa əsasən, iddia müddətinin axımının kəsilməsi o deməkdir ki, iddia müddəti hesablanmağa başlamış, müddətin axımı davam edir və müddəti hələ bitməmişdir. İddia müddətinin axımının kəsilməsinə əsas verən hərəkətlər iddia müddətinin axımının davam etdiyi dövrdə baş verməlidir. Müddət bitdikdən sonra iddia müddətinin axımı dayandığından həmin vaxtdan sonra edilmiş hərəkətlər iddia müddətinin axımının kəsilməsinə əsas verə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür.Qeyd olunanları nəzərə alaraq İddiaçı Rza oğlunun Cavabdeh qarşı iddia tələblərinə iddia müddətini tətbiq etməklə, həmin iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında ünvan 2ndə yerləşən 4C saylı əmlak kompleksi olan “Azərbaycan xörəkləri” kafesinin 300000 (üç yüz min) ABŞ dollarına satılması ilə bağlı razılaşma olmuşdur. Həmin razılaşma ilə bağlı iddiaçı cavabdehə 263000 (iki yüz altmış üç min) ABŞ dolları məbləğində pul ödəmişdir. Sonradan onlara məlum olmayan səbəblərdən cavabdeh öhdəliyin icrasından imtina edərək, həmin obyekti hüquqlarını təmsil etdiyi şəxsin mülkiyyətinə verməmişdir. Daha sonra cavabdeh 263000 (iki yüz altmış üç min) ABŞ dolları məbləğindən iddiaçıya müəyyən məbləğdə pul qaytarmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, o, Mərdəkan-Şüvəlan ərazisində işlədiyindən, həmin ərazidə obyekt axtarırdı. Dost-tanışları vasitəsi ilə cavabdehlə tanış olmuşdur. Cavabdeh sözügedən obyekti 300000 (üç yüz min) ABŞ dollarına satdığını bildirmişdir. O, cavabdehə həmin məbləği ayda 50000 (əlli min) ABŞ dolları olmaqla ödəyə biləcəyini bildirmiş, cavabdeh bu təkliflə razılaşmışdır. Əvvəlcə birinci dəfə 50000 ( əlli min) ABŞ dollarını cavabdehə ödəmiş, daha sonra üç dəfə hər dəfə 50000 (əlli min) ABŞ dolları olmaqla 150000 (yüz əli min) ABŞ dolları pulu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan Vaqif vasitəsi ilə cavabdehə ödəmişdir. Cavabdeh hər dəfə pulu aldığını telefon vasitəsi ilə danışıqlarında təsdiq etmişdir. Xeyli müddət sonra 2019-cu ildə beşinci 50000 (əlli min) ABŞ dollarını cavabdehə ödəmiş, cavabdehə qalan 50000 (əlli min) ABŞ dollarını hissə-hissə, 5 dəfəyə hər dəfə 10000 (on min) ABŞ dolları olmaqla ödəyəcəyini bildirmişdir. Daha sonra 2019-cu ilin ortalarında cavabdehə 10000 (on min) ABŞ dolları pul ödəmişdir. Elə həmin vaxtı da cavabdehin onu aldatdığını müəyyən etmişdir. Bundan başqa 3000 (üç min) ABŞ dolları pulu da Vaqifə vermişdir. Daha sonra, cavabdehdən obyekti verməyəcəyi təqdirdə, pulunu qaytarmağı tələb etmişdir. Daha sonra, Kamal ona obyektin girov ilə yüklü edildiyini bildirmiş və həmin sənədləri də ona göstərmişdir. Bundan sonra qərara gəlmişdir ki, qalan məbləği cavabdehə ödəməsin. Cavabdeh ona 2021-ci ilin dekabr ayında 8000 (səkkiz min) ABŞ dolları, 2022-ci ilin iyun ayında 2800 (iki min səkkiz yüz) ABŞ dolları və 40 (qırx) manat pul qaytarmışdır. Daha öncə polis orqanlarına müraciət etməməyinin səbəbi budur ki, cavabdehlə düşmən münasibətində olmadıqlarından məsələni aralarında həll etmək istəmişdir. Hətta cavabdehə pulu hissə-hissə, hər dəfə 50000 (əlli min) ABŞ dolları olmaqla qaytarmağı da təklif etdiş, lakin cavabdeh razı olmamışdır. Polisə müraciət etdikdən sonra, cavabdeh ona söz vermişdir ki, obyekti satıb pulunu qaytaracaq, lakin cavabdeh vədinə əməl etmədi. Bir müddət sonra obyektin satılması üçün müştəri də tapmış, lakin cavabdeh həmin qiymətə obyekti satmaqdan imtina etmişdir. Cavabdeh ona cəmi 11000 (on bir min) ABŞ dolları pul vermişdir. Cavabdehə 10000 (on min) ABŞ dolları pul verəndən sonra cavabdeh ona obyektin girov ilə yüklü edildiyini bildirmiş və həmin sənədləri də ona göstərmişdir. Vaqif ailəvi dostunun qohumudur. X9 tanış etmişdir. Kamal Vaqifə məhkəmə işi ilə bağlı pul verdiyini ona demişdir. Lakin bunun ona heç bir aidiyyatı yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, iddianı qəbul etmirlər. İş materiallarından da görünür ki, cavabdeh və mübahisə predmeti barəsində müstəqil irəli sürməyən üçüncü şəxs həmin obyekti şərikli olaraq işlətmişlər. Vaqifin borcları olduğundan obyektin satılmasını da o, təklif etmişdir. İddiaçı uzun müddət yoxa çıxdığından, cavabdeh pulu iddiaçının yeganə nümayəndəsi kimi Vaqifə qaytarmışdır. Belə ki, AR Mülki Məcəllənin 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. İddiaçı MM-nin 449.1-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Lakin 9 iyul 2009-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun “AR MM-nin 449.1-ci maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Qərarına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. AR MM-nin 449.3 və 449.4-cü maddələrinin müvafiq olaraq “pul vəsaitlərindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları MM-nin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Bu isə iddiaçı tərəfdən müvafiq sübutların təqdim edilməsini tələb edir. Başqa sözlə, “cavabdehin iddiaçıya verməli olduğu vəsaitin” qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin başqa şəkildə gecikdirilməsi və iddiaçının hesabına pul vəsaitinin əsassız əldə edilməsi və toplanması nəticəsində gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə edilməsi barədə sübutlar təqdim edilməlidir. Bundan əlavə, iddiaçı cavabdehə pulu 2015-ci ilin sentyabr-dekabr aylarında verdiyini (ilk dəfə 50 min manat, sonra dörd ay boyunca 200 min manat) iddia edir. Lakin həmin tarixdən etibarən 8 il müddətində pul tələbi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bu müddət ərzində də cavabdeh tərəfindən iddia müddətinin axımını kəsən heç bir hərəkət edilməmişdir. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Yəni həmin maddənin tələblərində polis orqanlarına müraciət etmək müddət axımının kəsilməsinə səbəb olan hallara aid deyildir. Beləliklə, faktiki olaraq, iddiaçının pul verdiyini iddia etdiyi dövrdən məhkəməyə müracit edənə qədər 8 il, polisə müraciətə qədər isə 7 il müddət keçmişdir. Yəni bütün hallarda MM-nin 1095-ci maddəsinə əsasən, iddia müddəti ötürülmüşdür. İddia müddəti onların əsassız varlanma ilə bağlı tələblərinə aiddir, lakin bu iddianı etiraf etdiklərini göstərmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Onlar Vaqiflə obyekti şərikli olaraq işlətmişlər. İddiaçı 150000 manat pulu Vaqifə, 100000 manat pulu isə ona vermişdir. O, iddiaçıya 15000 manat pul qaytarmışdır. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X6 iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Xəzər RPİ İŞ-nin xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında Qərarına əsasən İddiaçı Rza oğlunun müraciəti əsasında Xəzər RPİ-nin xx.xx.2022-ci il tarixli HK1-403 nömrəli materialı nəzərdən keçirilərək, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə fakta görə AR CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması qərara alınmışdır. İş materiallarında olan Xəzər RPİ İŞ-nin xx.xx.2022-ci il tarixli Cinayət işi üzrə icraata xitam verilməsi haqqında Qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən X6 və Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi, iş üzrə İddiaçı Rza oğlunun cinayət prosesində zərərçəkmiş şəxs qismində qalmasına əsas və səbəblər olmadığından onun zərərçəkmiş şəxs qismində iştirakına xitam verilməsi qərara alınmış və iş üzrə tərəflər arasında münasibətlər mülki öhdəliklərin icrası faktı ilə bağlı olduğundan mülki xarakterli münasibətlər kimi qiymətləndirilmiş, mülki hüquqi öhdəlik münasibətləri zamanı meydana çıxmış və çıxa biləcək münasibətlərin həlli zərurəti ilə əlaqədar onlara məhkəmə orqanlarına iddia ilə müraciət etmək hüquqlarının olması izah edilmişdir. İş materiallarında olan Xəzər RPİ İŞ-nin xx.xx.2023-cü il tarixli Cinayət işi üzrə icraata xitam verilməsi haqqında Qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən X6 və Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi, iş üzrə İddiaçı Rza oğlunun cinayət prosesində zərərçəkmiş şəxs qismində qalmasına əsas və səbəblər olmadığından onun zərərçəkmiş şəxs qismində iştirakına xitam verilməsi qərara alınmış və iş üzrə tərəflər arasında münasibətlər mülki öhdəliklərin icrası faktı ilə bağlı olduğundan mülki xarakterli münasibətlər kimi qiymətləndirilmiş, mülki hüquqi öhdəlik münasibətləri zamanı meydana çıxmış və çıxa biləcək münasibətlərin həlli zərurəti ilə əlaqədar onlara məhkəmə orqanlarına iddia ilə müraciət etmək hüquqlarının olması izah edilmişdir. İş materiallarında olan "xxxx" KB ASC (borcverən) ilə Cavabdeh (borcalan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 44BKƏ/14 nömrəli əlavə kredit xətti müqaviləsinə əsasən bu müqaviləyə görə borcverən müqavilənin 1.2-ci bəndində göstərilən məbləğdə krediti kredit xətti çərçivəsində tam şəkildə və ya hissə-hissə borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə borcverən tərəfindən borcalan üçün açılan kredit xəttinin ümumi məbləği 175000 ABŞ dolları təşkil edir və kredit xətti kreditdən istifadəyə görə illik 20 faiz ödənilməsi şərtilə 12 ay müddətinə 06 may 2015-ci il tarixinədək açılır. İş materiallarında olan "xxxx" ASC (kreditor - ipoteka saxlayan) ilə X6 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 100.CL.030412.00001/c nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka saxlayan və X6 (borcalan) arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 100.LN.2106.030412.00001 nömrəli kredit müqaviləsi və ona edilmiş və ya ediləcək əlavələr üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə ipoteka qoyan əmlakı (X3 mülkiyyətində olan, qiymətləndirmə üzrə dəyəri 145000 manat məbləğində olan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 may küçsəsi, 4C ünvanında istifadədə olan 0,05395 ha torpaq sahəsi üzrərində yerləşən ümumi sahəsi 408,3 kv.m olan əmlak kompleksi) ipoteka qoyur, eləcə də ona olan hüquq və maraqları ipoteka saxlayana verir. İpoteka müqaviləsindən görünür ki, "xxxx" ASC (kreditor) ilə X6 (borcalan) arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 100.LN.2106.030412.00001 nömrəli kredit müqaviləsinə əsasən kreditor borcalan 24 ay müddətinə fazi dərəcəsi illik 24 faiz olmaqla 60000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan X3 xx.xx.2020-ci il tarixdə imzalanaraq təsdiqlənmiş ərizəsində qeyd edilmişdir ki, hazırki ərizədəki imza təsdiqləndiyi tarixədək Cavabdeh ona heç bir borcu qalmadığını, aralarında olan bütün maddi tələblərin razılaşdırıldığını, ərizənin təsdiq edildiyi tarixdək olan bütün dövr üçün onun Cavabdeh heç bir pul və əmlak təlibinin olmadığını və olmayacağını etiraf edir. İş materiallarında olan X3 reyestrdə 8İ-4463 nömrə ilə qeydə alınmış xx.xx.2018-ci il tarixli ərizəsində qeyd edilmişdir ki, Cavabdeh qarşı maddi və mülki tələbi yoxdur və gələcəkdə də olmayacaq. İş materiallarında olan əlyazma ilə yazılmış qəbzin surətindən görünür ki, qəbzdə X1 Kamal Hüseyn oğlundan qalan 50000 manat (Nasirin verdiyi pulun qalan hissəsi) məbləğində pul vəsaitini aldığını qeyd etmişdir. Tarix olaraq qəbzdə xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixləri qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2010-cu il tarixli 21/01 nömrəli Hərrac protokolunun surətindən görünür ki, hərracın qalibi olan alıcı X2 Əmlak Məsələləri Dövlət Komitəsindən ünvan 2 ünvanında yerləşən İXMİM-in “Azərbaycan xörəkləri” kafesini 38672 manata almışdır. Belə ki, İddiaçı iddiasında Cavabdeh ünvan 2ndə yerləşən 4C saylı, ümumi sahəsi 108,3 kv.m olan “Azərbaycan Xörəkləri” əmlak kompleksi müəssisəsini ona 300000 ABŞ dollarına satacağı ilə bağlı vəd verdikdən sonra ilkin olaraq 2015-ci ilin sentyabr ayında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X3 iştirakı ilə birbaşa Cavabdeh 50000 ABŞ dolları, daha sonra X3 vasitəsi ilə Cavabdeh 2015-ci ilin oktyabr, noyabr, dekabr aylarında hər ay 50000 ABŞ dolları olmaqla, cəmi 150000 ABŞ dolları, daha sonra əmlak kompleksinə ödəniləcək məbləğdən çıxılması şərtilə X4 2016-cı ilin yanvar ayında 3000 ABŞ dolları, daha sonra 2016-cı ilin may ayında Cavabdeh 50000 ABŞ dolları, daha sonra 2019-cu ilin ortalarında Cavabdeh 10000 ABŞ dolları olmaqla, cəmi 263000 ABŞ dolları məbləğində pul verdiyini və bununla da Cavabdeh tərəfindən həmin pulun mənimsənilərək onun əsassız olaraq varlandığını qeyd etmişdir. Belə ki, İddiaçı ilə Cavabdeh arasında Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 may küçəsində yerləşən 4C saylı, ümumi sahəsi 108,3 kv.m olan “Azərbaycan Xörəkləri” əmlak kompleksi müəssisəsinin alqı-satqısına dair hər hansı bir müqavilə bağlanmamışdır. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 249176 ABŞ dolları məbləğində pul, 186132,4 ABŞ dolları məbləğində faiz, 120 manat məbləğində hüquqi yardım xərci və 1031 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə hazırki iddia tələbinə “iddia müddətinin tətbiqinə dair” ərizə təqdim edərək iddiaçı tərəfindən əsassız varlanma ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulan 2 illik iddia müddəti ötürüldüyündən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə təqdim edildiyindən, həqiqətən iddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətinin ötürülüb-ötürülməməsinin müəyyən edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin Məcəllənin 373.5-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başqa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Tərəflər arasında yaranan hazırki mübahisə əsassız varlanma ilə bağlıdır. Qanunvericilikdə isə əsassız varlanma ilə bağlı xüsusi iddia müddəti nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsində əsassız varlanma ilə bağlı tələblər üçün qanunvericilikdə xüsusi iddia müddəti nəzərdə tutulmuşdur. Belə ki, həmin maddədə qeyd edilmişdir ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Bununla yanaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı ilə digər səbəblərdən yaranmış əsassız varlanma halı bir-birindən fəqləndirilmiş və Qərarda qeyd edilmişdir ki, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Belə ki, hazırki mübahisədə tərəflər arasında hər-hansı bir müqavilə bağlanmamışdır, yəni əsassız varlanmanın əsası hər hansı bir müqavilə deyil, digər səbəblərdən yaranmış əsassız varlanmadır. Odur ki, mövcud mübahisə ilə bağlı iddia müddəti iki ildir. Hazırki mövcud mübahisəyə qeyd edilənlər nöqteyi nəzərdən yanaşılsa belə bir nəticəyə gəlmək olur ki, İddiaçı iddia tələbində qeyd etdiyi əsassız varlanma obyekti olan pul vəsaitinin qaytarılması ilə bağlı tələbi Cavabdeh onu aldatdığını, əmlak kompleksinə dair alqı-satqı müqaviləsini bağlamayacağını müəyyən etdiyi vaxtdan iki il ərzində həyata keçirə bilərdi. Belə ki, İddiaçı məhkəmə iclasında hakimin verdiyi suala cavab olaraq bildirmişdir ki, Cavabdeh onu aldatdığını, əmlak kompleksinə dair alqı-satqı müqaviləsini bağlamayacağını, yəni hüququnun pozulduğunu 2019-cu ilin ortalarında müəyyən etmişdir. 2019-cu ilin ortaları dedikdə 2019-cu ilin may, iyun, iyul, avqust ayları nəzərdə tutula bilər. İddiaçı isə əsassız varlanma ilə bağlı mövcud tələblə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Mövcud iddia tələbi ilə iddiaçının məhkəməyə müraciət etməsi üçün nəzərdə tutulmuş son müddət 2021-ci ilin may, iyun, iyul, avqust aylarına təsadüf edir. Lakin iddiaçı iddia müddətinin axımının başladığı 2019-cu ilin ortalarından qanunvericilikdə nəzərdə tutulmuş 2 il ərzində, yəni 2021-ci ilin ortalarına qədər məhkəməyə müraciət etməmiş, xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərkən iki illik iddia müddətini ötürmüş, iddia müddətinin axımı başladıqdan yalnız 4 ildən daha artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı iddia müddətini ötürmüşdür. Həmçinin, iddiaçı qeyd edilən mübahisə ilə bağlı polis orqanına müraciət edən zaman (xx.xx.2022-ci il) da iddia müddəti artıq ötürülmüşdü. Belə ki, İddiaçı izahatında cavabdehin ona 2021-ci ilin dekabr ayında 8000 (səkkiz min) ABŞ dolları, 2022-ci ilin iyun ayında 2800 (iki min səkkiz yüz) ABŞ dolları və 40 (qırx) manat pulun qaytardığını söyləmişdir. Tarixə nəzər yetirdikdə görmək olur ki, cavabdeh tərəfindən iddiaçıya ödəniş iddia müddətinin mövcud olduğu dövrdə (2019-cu ilin ortalarından (may, iyun, iyul, avqust ayları) – 2021-ci ilin ortalarına qədər (may, iyun, iyul, avqust)) deyil, iddia müddəti başa çatdıqdan sonra ödənilmişdir. Məhkəmə qeyd edir ki, belə olduğu təqdirdə iddia müddətinin axımının kəsilməsindən də söhbət gedə bilməz. Məhkəmə qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq sübutlara məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, mövcud iddia tələbi əsassız varlanma obyektini qaytarılması ilə bağlı olduğundan iddiaçı belə hüququnun həyata keçirilməsi ilə bağlı iki illik iddia müddətini ötürdüyündən və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə ərizə təqdim olunduğundan İddiaçı Cavabdeh qarşı (X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbi barədə iddiası təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı (X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar