Məhkəmə qərarları › İş №e-2(004)-648/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-648/2023

23.02.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-648/2023 23.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “əmək mübahisəsi üzrə pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “əmək mübahisəsi üzrə pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi zərərin əvəzi olaraq Cavabdeh 41985 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 07 iyun 2021-ci il tarixli əmək müqaviləsinə əsasən, o, Cəmiyyətdə satıcı vəzifəsinə işə qəbul olunmuşdur. Cavabdehlə “Cəmiyyət” arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 200-ci maddəsinin tələblərinə uyğun olaraq tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Sözügedən müqaviləyə əsasən; 1.2) “Satıcı”nın günahı üzündən müəssisəyə dəyən zərərin miqdarı müəyyən edildikdən sonra onun ödənişi mövcud qanunvericilik əsasında həyata keçirilir. 1.5) “Satıcı” ona etibar edilmiş maddi sərvətləri və görüləcək işlərin tam qeydinə qalmalı, eyni zamanda müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalıdır; 2.1) Tərəflər arasında ziyanın ödənilməsi ilə əlaqədar münasibətlər (əgər əməldə cinayət tərkibi yoxdursa) qarşılıqlı razılıqla həll olunur. Qarşılıqlı razılıqla həlledilməyən məsələlər qanuna müvafiq qaydada həlledilir. 07 iyun 2021-ci il tarixində, işçi-Cavabdeh eyni tarixli təhvil-təslim aktına əsasən, satmaq məqsədilə İddiaçı MMC-nin Ağcabədi rayonu, Hindarxı qəsəbəsində yerləşən satış nöqtəsindən 108 kisə Ammafos, 238 kisə Gürcü azotu, 208 kisə Karbamid, 273 kisə Rus Azotu təhvil almışdır. Lakin təhvil aldığı məhsulların o gün üçün bazar dəyəri olan 22.605 AZN məbləği və yaxud satılmadığı halda götürdüyü cəmi 827 kisə miqdarında məhsulu geri qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, iddialarını müdafiə edirlər. 7 iyun 2021-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi bağlanılmış və cavabdeh müəssisəyə satıcı vəzifəsinə işə qəbul olunmuşdur. Eyni tarixli tam maddi məsuliyyət haqqında müqavilə də bağlanılmışdır. Cavabdeh ona etibar ediləcək maddi sərvətləri və görüləcək işlərin tam qeydinə qalmağı və müəssisəyə heç bir səbəb üzündən ziyan verməməyi öz üzərinə götürmüşdür. Həmin tarixdə bir sıra məhsullar satıldıqda həmin məbləğlər, satılmadıqda isə məhsulların özü müəssisəyə təqdim olunması məqsədilə cavabdehə verilmişdir. 108 kisə Ammafos, 238 kisə gürcü azotu, 208 kisə Karbamid, 273 kisə rus azotu onu təhvil verilmişdir. Lakin cavabdeh tərəfindən nə pul, nə də malın satılmayan hissəsi qaytarılmamışdır. Həmin dövrdə bu malların cəmi miqdarı 827 kisə, dəyəri isə 22605 manatdır. Keçən müddət ərzində bu məhsulların bazar dəyərində artım olmuşdu. Bu səbəbdən də onlara dəymiş ziyan 41985 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edirlər. Qeyd etdiyi məhsullar Cavabdeh təhvil verilib. Bu faktı sübut edən xx.xx.2021-ci il tarixli aktı məhkəməyə təqdim etmişlər. Aktları direktor, mühasib və daxili auditor imzalayıb. Cavabdeh yalnız təhvil təslim aktını imzalayıb. Daxildə olan malların yerdəyişməsi ilə bağlı aktları işçilər imzalayıb. Aktlar ümumi vəziyyəti əks etdirir, yəni ümumi nə qədər malın verilməsi, malların dəyəri və qalıq. Cavabdeh həmin məhsulları onlara qaytarmayıb. Cavabdeh rəsmi şəkildə hələ də onların şirkətində işləyir, lakin fəaliyyət aparmır. Cavabdehin məhsulları qaytarması ilə bağlı heç bir sübutu yoxdur. Onlara post terminal verilir və ödəniş onun vasitəsilə həyata keçirilir. Ödəniş olduğu təqdirdə post terminaldan çıxarışlar təqdim edilərdi. Həmin dövrdə 70-in 30-a qanunu var idi. Məbləğin 70%-i post terminal vasitəsi ilə, 30%-i isə nağd qaydada qaytarılırdı. Nağd ödənildiyi zaman mədaxil qəbzləri olur. Qəbzlərin bir nüsxəsi onlarda, bir nüsxəsi işçidə olur. Cavabdehin həbsi bu işlə bağlı deyil. Nisyə satış olsa belə, indiyə kimi ödəniş olmalı idi. Onlar malları ona satması məqsədilə verirlər. Əgər nisyə sataraq qısa müddətə pulu əldə edə biləcəksə, bu mümkündür. Məhsullar nisyə verilir və pul qaytarılmırsa, məsuliyyət satıcının üzərindədir. Məhsulların nisyə satışının keçirilibkeçirilməməsi ilə bağlı məsələyə satıcı qərar verir, çünki məsuliyyət onun üzərindədir. Müqavilədə ona verilən məhsulun qorunub saxlanılması, onlara heç bir maddi ziyanın vurulmaması qeyd olunub. Məhsullar satıcıya təhvil verildikdən sonra bütün məsuliyyət onun üzərindədir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil izahatında bildirmişdir ki, iddianı qəbul etmirlər. Hazırda iddia ilə bağlı düzgün məlumatlar verə bilmir. Çünki müqavilə bağlanılandan sonra Səlim həbs olunub. Cavabdehdən əldə etdiyi məlumata görə bunları deyə bilər ki, cavabdeh həmin müəssisədə sadəcə satıcı kimi fəaliyyət göstərib. Malların paylanılması birbaşa şirkətin göstərişi ilə həyata keçirilir. Nisyə satışla bağlı göstəriş olub. Hazırda həmin mallar müəyyən şəxslərdədir. Malların nisyə satışı şirkətin göstərişi ilə həyata keçirilib. Məhkəmə prosesdə iştirak edən tərəflərin izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli Əmək müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-də xx.xx.2021-ci il tarixdən işə başlamaqla satıcı vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan Əmək müqviləsi bildirişindən görünür ki, Cavabdeh İddiaçı MMC-də Ağcabədidə səyyar satıcı vəzifəsində işləyir. Əmək müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlanılmaqla müddətsiz olaraq müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı Şirkətinin Ağcabədi rayonu Hindarxı qəsəbəsində yerləşən satış nöqtəsinin satıcısı X2 108 kisə Ammafos, 238 kisə Gürcü azotu, 208 kisə Karbamid, 273 kisə Rus Azotu olmaqla qeyd olunan gübrə qalıqlarını Cavabdeh təhvil vermişdir. X1 və Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan Arayışdan görünür ki, satıcı Cavabdeh 108 kisə Ammafos, 238 kisə Gürcü azotu, 208 kisə Karbamid, 273 kisə Rus Azotu olmaqla qeyd olunan gübrə qalıqlarını 07 iyun 2021-ci il tarixli təhvil-təslim aktına əsasən təhvil almışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş gübrə satıcısı Cavabdeh işlədiyi dövr ərzində məsuliyyətində olan gübrənin dövriyyəsinin təhvil qiyməti ilə üzləşdirmə cədvəlinə əsasən müəyyən olunmuşdur ki, gübrə qalıqlarının dəyəri 108 kisə Ammafos 5022 manat, 238 kisə Gürcü azotu 6188 manat, 208 kisə Karbamid 4160, 273 kisə Rus Azotu 7234,50 manat olmaqla cəmi 22604.5 manat təşkil etmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş gübrə satıcısı Cavabdeh məsuliyyətində olan gübrənin təhvil qiymətləri ilə bugünki günə bazar qiymətləri arasındakı fərq cədvəlindən görünür ki, 108 kisə Ammafos, 238 kisə Gürcü azotu, 208 kisə Karbamid, 273 kisə Rus Azotunun bugunə bazar qiyməti ilə cəmi dəyəri 41985 manat təşkil edir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilədən görünür ki, işçi İddiaçı MMC-nin satıcısı vəzifəsinə işə təyin edildiyi gündən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirərkən ona etibar edilmiş maddi və mənəvi sərvətləri gələcəkdə qoruyub saxlamaq məqsədi ilə aşağıdakı tələblərə əməl etməklə müqavilə bağlamışdır: 1.2. “Satıcı”nın günahı üzündən müəssisəyə dəyən zərərin miqdarı müəyyən edildikdən sonra onun ödənişi mövcud qanunvericilik əsasında həyata keçirilir. 1.5. “Satıcı” ona etibar edilmiş maddi sərvətləri və görüləcək işlərin tam qeydinə qalmalı, eyni zamanda müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalıdır; 2.1. Tərəflər arasında ziyanın ödənilməsi ilə əlaqədar münasibətlər( əgər əməldə cinayət tərkibi yoxdursa) qarşılıqlı razılıqla həll olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən:

1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 199-cu maddəsinin a bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağladıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 202.1-ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktiki itkilər üzrə müəyyən edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli Əmək müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-də xx.xx.2021-ci il tarixdən işə başlamaqla satıcı vəzifəsinə işə qəbul olunmuşdur. Root-Trade” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilədən görünür ki, işçi İddiaçı MMC-nin satıcısı vəzifəsinə işə təyin edildiyi gündən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirərkən ona etibar edilmiş maddi və mənəvi sərvətləri gələcəkdə qoruyub saxlamaq məqsədi ilə müqavilədə qeyd edilən tələblərə əməl etməyi öz öhdəsinə görtürmüş və müqavilə ilə tanış olduğunu və qəbul etdiyini öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən işçi Cavabdeh satıcı vəzifəsi üzrə tam maddi məsul vəzifəyə qəbul olunmuşdur və həmin müqaviləyə əsasən vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 07 iyun 2021-ci il tarixində, işçi-Cavabdeh eyni tarixli təhvil-təslim aktına əsasən, satmaq məqsədilə İddiaçı MMC-nin Ağcabədi rayonu, Hindarxı qəsəbəsində yerləşən satış nöqtəsindən 108 kisə Ammafos, 238 kisə Gürcü azotu, 208 kisə Karbamid, 273 kisə Rus Azotu təhvil almışdır. Lakin təhvil aldığı məhsulların o gün üçün bazar dəyəri olan 22.604.5 AZN məbləği və yaxud satılmadığı halda götürdüyü cəmi 827 kisə miqdarında məhsulu geri qaytarmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 202.1-ci maddəsində qeyd edilmişdir ki, işəgötürənə dəymiş ziyanın məbləği faktiki itkilər üzrə müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, dəymiş ziyanın məbləği hazırki bazar qiymətlərinə əsasən müəyyən olunmuş 41985 manat məbləğində deyil, məhsulları təhvil aldığı gün üçün müəyyən olunmuş 22604,5 manat məbləğində Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi qanuni və əsaslıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh dəymiş maddi ziyana görə 22604,5 (iyirmi iki min altı yüz dörd manat əlli qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 22604,5 (iyirmi iki min altı yüz dörd manat əlli qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar