Məhkəmə qərarları › İş №e-2(004)-6627/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6627/2025

19.01.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6627/2025 19.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndələri Nümayəndə3 və Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı işə bərpa tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı işə bərpa tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə Cavabdeh QSC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2025-ci il tarixli, 25-0814 nömrəli əmrin ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı və digər ödənişlərin Cavabdeh QSC tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə1 izahatında bildirdi ki, İddiaçı xx.xx.2024-cü il tarixindən etibarən "xxxx" QSC-də müştəri xidmətləri üzrə baş mütəxəssis vəzifəsində işləmişdir. O, uzun müddət ərzində bank sektorunda işləmiş, işlədiyi dövrdə daim öz peşəkarlığı və nümunəvi davranışı ilə fərqlənmişdir. İddiaçı Quba rayonunda peşəkar bank mütəxəssisi olduğuna görə məhz cavabdehin filial müdirinin dəvəti ilə əmək fəaliyyətini cavabdeh bankda davam etdirmişdir. Cavabdeh təşkilatda işlədiyi dövrdə, eləcə də iş stajı ərzində heç bir dəfə də olsun intizam tənbehinə məruz qalmamış, əksinə "xxxx" QSC-də xx.xx.2025 tarixində bank əməkdaşları arasında keçirilmiş müsabiqənin qalibi olmuş və müvafiq sertifikatla mükafatlandırılmışdır. İddiaçının fəaliyyəti dövründə Quba filialı uğurlu nəticələr göstərmişdir. Lakin 2025-ci ilin sentyabr ayında cavabdehin əməkdaşı tərəfindən bankın fəaliyyətinin yoxlanılması ilə əlaqədar, iddiaçının bir sıra pozuntulara yol verdiyi bildirilərək, xx.xx.2025-ci il tarixli 25-0814 nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2025-ci il tarixində həmin əmrin surətini əldə edən iddiaçı əmrdə qeyd olunan digər sənədləri tələb etsə də, ona bu sənədlər təqdim edilməmişdir. Hesab edir ki, cavabdehin bu əmri tamamilə əsassız və qanunsuzdur. Belə ki, cavabdehin araşdırma aparan Elhun adlı əməkdaşı öz vəzifə səlahiyyətlərini aşaraq, eləcə də bank sirrini pozaraq, müxtəlif manipulyasiyalara-aldatmalara, hədə-qorxulara yol verərək yalançı "sübutlar" toplamaqla iddiaçı haqqında müxtəlif yanlış fikirlərin formalaşdırılması ilə öz şəxsi-qərəzini həyata keçirmişdir. Həmin əməkdaş gəldiyi ilk gündən iddiaçını hədələmiş, ona hədə-qorxu ilə izahatlar yazdırmışdır. Halbuki, iddiaçının fəaliyyəti zamanı onun hərəkətlərində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin tələblərinə əsasən müəyyən edilmiş heç bir əsas mövcud olmamışdır, iddiaçı cavabdeh təşkilata hər hansı ziyan vurmamışdır. İddiaçının bankdan kredit almış iki yaxın adamından şəxsi borc alması və sonradan onu qaytarması, eləcə də müştərilərin öz vəsaiti hesabına kredit ödənişlərinin ödənilməsinə kömək etməsi nəticəsində banka heç bir ziyan dəyməmişdir. Başqa şəxslərin əvəzinə onların öz vəsaitləri ilə ödəniş edilməsi faktları digər bank əməkdaşları tərəfindən də icra edilsə də, həmin əməkdaşlar barəsində nəinki işdən çıxarma, hətta töhmət və ya digər intizam tədbiri belə görülməmişdir. Əslində rayon yerində kəndlərdə yaşayan müştərilərin xahişi ilə ödənişlərin bank əməkdaşı tərəfindən ödənilməsi normal haldır, həmin yerlərdə kommunal xidmət haqları da müvafiq əməkdaşlar tərəfindən nağd toplanır. İddiaçı da insanlıq xətrinə, təmənnasız olaraq ucqar kənddə yaşayan bir neçə şəxsin kreditlərini onların öz vəsaiti hesabına ödəməklə və bank müştərilərinə kömək etməklə, banka heç bir ziyan vurmamışdır. Yoxlama aparan şəxs isə iddiaçıya qarşı qərəzli olduğuna görə bu faktları şişirtmiş, halbuki aktda qeyd etmişdir ki, ödənişlər həm administrator vasitəsilə, həm də polis əməkdaşı vasitəsilə də həyata keçirilmişdir. Əgər bu məsələ bank üçün bu qədər, yəni işçini 70-ci maddənin “ç” bəndinə əsasən işdən çıxarma üçün yetərli olan ağır hal sayılsaydı, digər əməkdaşlar barəsində də heç olmasa daha yüngül intizam tədbiri görərdilər. Görünür, bank heç bir zərərlə üzləşmədiyini nəzərə alaraq, haqlı olaraq bu məsələni ağır hal hesab etməyib, lakin iddiaçıya münasibətdə qərəzə yol verərək, onu işdən azad edib. Aktda qeyd olunan müştərilərin heç birinin nə iddiaçıya, nə də banka qarşı şikayəti olmamışdır. Bundan başqa, mübahisələndirilən əmrdə və cavabdeh tərəfindən təqdim edilən etirazda adı çəkilən, bankın daxili qaydalarına dair Davranış Kodeksi xx.xx.2025-ci il tarixində qəbul edilmişdir. Lakin iddiaçı xx.xx.2024 tarixində, yəni daha əvvəldən həmin iş yerində işə başlamışdır. X15 qəbul edildikdən sonra isə onun iddiaçıya çatdırılması və iddiaçının onunla tanış edilməsi həyata keçirilməmişdir. Bununla bağlı cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, iddiaçı heç vaxt tanış edilmədiyi bir normativ sənədə istinadla işdən azad edilmişdir ki, bu da hüquqi müəyyənlik baxımından qüsurludur. İddiaçının bankda fəaliyyəti nəticəsində Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan halların heç biri baş verməmişdir, yəni onun heç bir hərəkəti bankın maddi ziyanla üzləşməsinə, yaxud hansısa mənafeyinə xələl gəlməsinə səbəb olmamışdır. Bundan başqa, Əmək Məcəlləsinin 186-cı maddəsində əmək və icra intizamının pozulmasına görə intizam tənbehi növləri müəyyən edilmişdir, bu tənbeh növlərinin heç biri tətbiq olunmadan birbaşa belə ağır tənbehin tətbiqi əmək qanunvericiliyinin prinsiplərinə ziddir. İddiaçının gənc kadr kimi peşəkar karyerasına əsassız olaraq zərbə vurulması, oxşar hərəkətlərə yol verən şəxslərə hər hansı tənbehin verilməməsi iddiaçıya qarşı ayrı-seçkiliyin və qərəzli münasibətin nəticəsidir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı İddiaçı onun nümayəndəsi və vəkili Nümayəndə1 izahatına uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, mövcud iş üzrə araşdırma aparılarkən bankın Bakı şəhərindən gəlmiş Elhun adlı əməkdaşı gəldiyi ilk gündən onunla kobud rəftar etmiş və bundan sonra da onu müxtəlif hədələrlə bir sıra izahatlar yazmağa məcbur etmişdir. O, başqalarının əvəzinə ödəniş etməyin cinayət xarakterli əməl olduğunu bildirərək onu tutdurmaqla hədələmiş, əgər tutulmaq istəmirsə, onun bildirdiyi qaydada izahat yazmağını tələb edərək, zorla izahatlar yazdırmışdır. Halbuki, o, Cavabdeh ASC-yə heç bir manat belə olsun zərər vurmamışdır. Fəaliyyətilə əlaqədar bank nəinki ziyan görməmiş, hətta işini yaxşı görməsi səbəbindən iş yeri olan banka xeyli qazanc gətirmişdir ki, bu da bankın özü tərəfindən müsbət qiymətləndirilmişdir. Qeyd olunan hallardan, yalnız başqa şəxslərin əvəzinə ödənişlər etməsini qəbul edir. Belə ki, bunları bankın müştərilərinə yardım etmək məqsədilə, təmənnasız olaraq, insanlıq naminə etmişdir. Buradan hər hansı fayda əldə etməmişdir, nə də bununla bağlı banka heç bir zərər dəyməmişdir. Rayon yerində müştərilərin xahişi ilə onların kredit ödənişlərinin ödənilməsinə istənilən bankın əməkdaşları köməklik göstərir, buna görə heç kim işdən azad olunmur. Həmçinin, yaxın tanışları olan Şahid1 və Şahid3 öz ehtiyacları üçün bankdan kredit götürmüş, onlara kreditin verilməsi bankın bütün qaydalarına uyğun olmuş və həmin kreditlərin ödənilməsində heç bir problem yaranmamışdır. Onun həmin şəxslərdən borc alıb qaytarmasının banka aidiyyəti olmamışdır. Bundan əlavə, əmək müqaviləsi bağlanarkən Davranış Kodeksi və X7 ilə tanış edilməmiş, bu barədə hər hansı sənədi imzalamamışdır. Aktda qeyd olunan məsələlər barədə də ona əvvəllər hər hansı xəbərdarlıq edilməmişdir. Onun birdən-birə, əsassız olaraq Əmək Məcəlləsinin ən ağır maddəsi ilə işdən çıxarılması nəticəsində bütün karyerası məhv olmuşdur. Ölkədə işsizliklə mübarizə aparıldığı bir vaxtda gənc ailə başçısı, bir azyaşlı uşaq atası olan şəxsin işdən belə ağır maddə tətbiq edilərək çıxarılması onun gələcək bütün həyatını mənfi yöndə dəyişdirə bilər. Ailəsində heç kim işləmir, yaşlı valideynləri də onunla birlikdə yaşayır. Həm onların ehtiyaclarını qarşılamaq, həm də övladını sağlam böyütmək üçün gənclik illərində belə ağır vəziyyətə düçar olmağı bir ailənin ağır fəsadlarla üzləşməsinə gətirib çıxara bilər. Bir daha qeyd edir ki, bankda hər zaman ən yaxşı işçilərdən biri olmuş, heç vaxt xəbərdarlıq belə almamış, əksinə yaxşı işçi kimi xüsusi sertifikatla təltif olunmuşdur, banka heç bir zaman ziyan vurmamışdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə3 iddia tələbinə yazılı etiraza uyğun izahat verərək bildirdi ki, müəssisədaxili yoxlamalar çərçivəsində və formalaşdırılmış standart prosedurlara uyğun olaraq cavabdehin Əməliyyatlara Nəzarət Departamenti tərəfindən iddiaçının pozuntulara yol verdiyi aşkar edilmişdir. Belə ki, iddiaçı şəxsi münasibətləri olan (biri dostu, digəri qaynanası olmaqla) 2 müştərinin adına kredit kartı və lombard krediti rəsmiləşdirərək şəxsi məqsədləri üçün (geyim mağazası və qardaşının xeyir işi üçün) istifadə etmiş, həmçinin sözügedən kreditlər üzrə ödənişləri şəxsi vəsaitləri hesabına iddiaçı özü icra etmişdir. Ümumilikdə 4 müştərinin (iddiaçının atası, qardaşı, qaynanası və dostu) kredit üzrə ödənişləri kreditlərin verildiyi tarixdən etibarən iddiaçının şəxsi vəsaitləri hesabına icra edilmişdir. İddiaçı bir çox hallarda digər müştərilərin kredit üzrə ödənişlərini də cavabdehin Quba filialının bankomatı (cash-in) vasitəsilə həyata keçirmiş, ümumilikdə 6 müştərinin (atası və qardaşı da daxil olmaqla) kredit üzrə ödənişlərini Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş, iddiaçıya məxsus kart vasitəsilə icra etmiş, bir sıra hallarda isə müştərilərin kredit üzrə ödənişləri iddiaçı tərəfindən cavabdehin Quba filialının administratoru və polis əməkdaşı vasitəsilə həyata keçirilmişdir. Cavabdehin Quba filialının rəhbəri tərəfindən müştərilərə verilmiş kreditlər üzrə ödənişlərin bank əməkdaşları tərəfindən icra edilməsinin daxili qaydalara zidd olduğu və hər bir əməkdaş tərəfindən belə hərəkətlərin qarşısını almağın vacibliyi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı tərəfindən sözügedən hərəkətlər icra edilmiş və bu barədə rəhbərliyə hər hansı məlumat verilməmişdir. Qeyd olunan faktlar xx.xx.2025-ci il tarixli “Kredit portfeli keyfiyyətinin və müştəri ödənişlərinin yoxlanılması” ilə bağlı akt, həmçinin iddiaçının xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli izahatlarında da öz əksini tapmışdır. Qeyd edilən bütün hallar və sənədlər nəzərə alınaraq, cavabdehin İdarə Heyətinin sədri Davit Tsiklaurinin 25-0814 nömrəli, xx.xx.2025-ci il tarixli əmrinə əsasən iddiaçının cavabdehlə imzalanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Hesab edir ki, həmin əmr tamamilə qanuni və əsaslıdır. Belə ki, əmək müqaviləsinə əsasən işçi iş prosesində yaranan maraqlar toqquşması barədə rəhbərliyə məlumat verməli və bankın mənafeyini üstün tutmalıdır. Davranış Kodeksi və X7 vaxtaşırı olaraq dəyişsə də, işçilər daim həmin qaydalarla onlayn rejimdə tanış ola və onları izləyə bilərlər. Davranış Kodeksinin pozulmasına görə işçilər məsuliyyət daşıyır. Hesab edir ki, iddiaçının bəzi müştərilərin kredit üzrə ödənişlərini icra etməsinə görə daha yüngül intizam tənbehi verilə bilərdi. Bu cür hallara praktikada rast gəlinir, bu hərəkətlərlə bağlı aktda qeyd olunan administratora da hər hansı intizam tənbehi verilməmişdir, polis əməkdaşına isə hər hansı tənbehin verilməsi barədə məlumat yoxdur. Lakin iddiaçı bunlardan əlavə iki halda müştərinin (qaynanasının və dostunun) adına kredit rəsmiləşdirərək vəsaiti özü istifadə etmiş, bu barədə rəhbərliyə məlumat verməmiş, həmin kreditlərin qaytarılması ilə bağlı risk və təhlükə, bununla da gələcəkdə bankın ziyana məruz qalması ehtimalını yaratmış, nəticə etibarilə iddiaçı bankın mənafeyinə zidd davranmışdır. Həmin kreditlərin qaytarılmasında problem yaranmasa da, cavabdeh bank bu cür hallarla daim mübarizə aparır. Əvvəllər də belə hallara görə işçilərə ciddi intizam tənbehləri verilmişdir, lakin belə hallara görə əmək müqaviləsinə xitam verilməsinin məhkəmə qaydasında mübahisələndirilməsi ilk dəfədir. Cavabdeh hesab edir ki, iddiaçı əmək müqaviləsinin, Davranış Kodeksinin, X2 tələblərini kobud şəkildə pozmuş, şəxsi maraqlarını cavabdehin maraqlarından üstün tutmuşdur. İddiaçının rəhbərliyə məlumat vermədən qohum və tanışlarına xidmət göstərməsi kredit qərarlarının obyektivliyinə, qərəzsizliyinə və risklərin düzgün qiymətləndirilməsinə birbaşa mənfi təsir göstərmişdir. Kredit əməliyyatlarında şəxsi münasibətlərin mövcudluğu bank üçün müştərinin ödəmə qabiliyyətinin müstəqil qiymətləndirilməsi və kredit portfelinin dayanıqlığının təmin edilməsi üçün əsas prinsipləri pozur. İddiaçının maraqlar toqquşması hallarını rəhbərliyə bildirməməklə etdiyi hərəkətlər cavabdehin müştərilər qarşısında etibarlılığına və şəffaflıq prinsiplərinə xələl gətirmişdir. Bütün bunlar onu göstərir ki, iddiaçı müqavilə öhdəlilklərini pozmaqla cavabdehin mənafeyinə ziyan vurmuşdur, cavabdeh isə pozuntuya görə adekvat tədbir görmüşdür. Ona görə də əmək müqaviləsinə xitam verilməsi qanunverciliyin tələblərinə uyğun olmuşdur. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 digər Nümayəndə3 izahatına uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, iddiaçı onun qızının həyat yoldaşıdır. Əvvəllər də bir neçə dəfə bankdan şəxsi ehtiyacları üçün kredit götürmüşdür, həmçinin qızıllarını qoyaraq da pul götürmüşdür. Cavabdeh-dan götürdüyü kreditləri öz ehtiyacları üçün götürmüşdür. Belə ki, bir müddət həyat yoldaşı işləməyib, həmçinin oğlunu evləndirib, pula ehtiyacı yaranıb. Krediti götürdükdən sonra Hüseyn ondan borc istəyib, qızının ailəsinə kömək məqsədilə ona borc verib, sonradan Hüseyn həmin borcu ona qaytarıb. Cavabdeh-a olan kredit borcunu isə tam şəkildə özü ödəyib, hazırda kredit borcunu tam bağlayıb, onun kreditinin Hüseynə heç bir aidiyyəti olmayıb, kreditə görə nə banka, nə də Hüseynə qarşı narazılığı yoxdur. Lakin bankın nümayəndəsinin onun şəklini dükanlara göstərərək onu axtarmasına görə çox narazıdır, bu hərəkəti ilə onu nüfuzdan salmağa çalışıb. Hazırda başqa bankdan kredit götürüb ödəyir, Cavabdeh-a heç bir borcu yoxdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirdi ki, Hüseyn onun həyat yoldaşının xalasının nəvəsidir. Kənddə yaşayır, azyaşlı uşağı olduğundan çox vaxt evdən çıxmır, həyat yoldaşı işdə olur, ona görə kreditin aylıq ödənişini etmək üçün pulu Hüseynə verərək ödəniş etməsini xahiş ediblər. Krediti öz şəxsi məqsədləri üçün götürüb, aylıq ödənişi də öz pulu ilə edir, kreditin və aylıq ödənişin Hüseynə heç bir aidiyyəti yoxdur. Sadəcə olaraq aylıq pulu bankda ödəmək üçün Hüseynə verərək ödəniş etməsini xahiş ediblər, Hüseyn də işə gedəndə həmin pulu ödəyib, bu yaxşılığına görə onlardan hər hansı əlavə pul istəməyib. Buna görə Hüseyndən və bankdan heç bir narazılığı olmayıb. Kənddə olduğu üçün terminal və mobil tətbiqlə ödəniş qaydalarını bilmir. Kənddə kommunal xidmətlər də əllə yığılır. Hüseyn bankda işlədiyinə görə aylıq ödənişin verilməsini ondan xahiş ediblər, o da sağ olsun, onlara təmənnasız kömək edib. Lakin sonradan bank işçisi həyat yoldaşı ilə əlaqə saxlayıb, krediti Hüseynin götürdüyünü deməsini xahiş edib, lakin bu yalan olduğuna görə həyat yoldaşı etiraz edib. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 Mürsəl oğlu ifadə verərək bildirdi ki, iddiaçının tanışı və dostudur. İddiaçı ilə "xxxx"-da tanış olub. Əvvəllər də bir neçə dəfə kredit götürüb, “Kapital Bank”-dan da kredit götürüb. Təsərrüfat məqsədlərinə və öz ehtiyaclarına görə yenidən pula ehtiyacı yaranmışdı, iddiaçı ilə əlaqə saxlayıb və “AccesBank”-dan bağladığı müqavilə üzrə 20 min manat və kart üzrə 3 min manat kredit götürüb. Həmin məbləğlərdə kreditin alınmasına görə iddiaçı ondan hər hansı məbləğdə pul istəməyib və almayıb. Sadəcə olaraq iddiaçı ondan üç min manat borc istəyib, bu məqsədlə kartı ona verib və sonradan iddiaçı borcu tam qaytarıb, həmin borcun banka heç bir aidiyyəti olmayıb. “AccesBank”-a olan kredit borcunu isə hazırda tamamilə bağlayıb. Kreditlə və kartla bağlı nə banka, nə də Hüseynə qarşı narazılığı yoxdur. Məhkəmə, izahatları, şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək "xxxx" Kommersiya Bankı ASCdə, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" ASC-də, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" ASC-də müxtəlif vəzifələrdə işləmiş, hər dəfə əvvəlki iş yerindən öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2024-cü il tarixdə Cavabdeh QSC-də müştəri xidmətləri üzrə baş mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işəgötürən Cavabdeh QSC işçi İddiaçı müştəri xidmətləri üzə baş mütəxəssis” vəzifəsinə işə qəbul etmişdir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, bu əmək müqaviləsi hüquqi qüvvəyə minən gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir. Həmin müqavilənin 3.1.4-cü bəndinə əsasən, işçi birbaşa və dolayı olan şəxsi və kommersiya marağını açıqlamalı, habelə iş prosesində yaranan maraqlar toqquşması barəsində işəgötürənə dərhal məlumat verməklə, hər zaman işəgötürənin maraqlarına müvafiq surətdə fəaliyyət göstərməlidir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, bu əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərdən birinin təşəbbüsü ilə ləğv edilə bilər. Həmin müqavilənin 10.4-cü bəndinə əsasən, tərəflər bu əmək müqaviləsi ilə nəzərdə tutulmamış, habelə bilavasitə Əmək Məcəlləsi ilə müəyyən edilən hallar istisna olmaqla üçüncü şəxslər qarşısında biri digərinin öhdəliklərinə görə cavabdehlik daşımırlar. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, Cavabdeh QSC-nin İdarə Heyətinin sədri Davit Tsiklauri tərəfindən verilmiş sertifikatın surətindən görünür ki, İddiaçı X12 Cavabdeh QSC əməkdaşları arasında X9 Təhsil Platformasındakı Bank İşi kursu üzrə keçirilmiş müsabiqədə qalib olmuşdur. İş materiallarında olan Cavabdeh QSC-nin İdarə Heyətinin sədri Davit Tsiklauri tərəfindən verilmiş əmək müqaviləsinə xitam verilməsi barədə 29 sentyabr 2025-ci il tarixli, 25-0814 nömrəli əmrin surətindən görünür ki, xx.xx.2025-ci il tarixli “Kredit portfeli keyfiyyətinin və müştəri ödənişlərinin yoxlanılması ilə bağlı” aktı və İddiaçı xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli izahatlarını, bu sənədlərdə qeyd edilən banka yalan məlumat vermək, bankın əmlakından şəxsi məqsədləri üçün istifadə etmək və digər xarakterli hərəkətləri nəticəsində onun əmək müqaviləsindən irəli gələn əmək funksiyalarını, xüsusilə də Davranış Kodeksinin “şəxsi fəaliyyət və digər məşğulluq”, “maraqların toqquşması”na dair hissələrindən və digər daxili qaydalardan irəli gələn tələbləri kobud şəkildə pozması əsas kimi nəzərə alınaraq, Cavabdeh bölməsində müştəri xidmətləri üzrə baş mütəxəssis vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə “AR ƏM-nin 70.“ç” – işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsinə əsasən xx.xx.2025-ci il tarixdən xitam verilməsi, işçinin xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş 3 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin İnsan Kapitalı Departamentinə həvalə edilməsi əmr edilmişdir. İş materiallarında olan Cavabdeh QSC-nin Əməliyyatlara Nəzarət Departamenti tərəfindən Quba filialının əməkdaşı İddiaçı kredit portfeli keyfiyyətinin və müştəri ödənişlərinin yoxlanılması ilə bağlı, yoxlama qrupunun üzvləri X8 və X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, monitorinq nəticəsində müəyyən edilmişdir ki, İddiaçı şəxsi münasibətləri olan iki müştərinin adına (Şahid1, Şahid3 Mürsəl oğlu) kredit rəsmiləşdirərək mənimsəmişdir. Bundan əlavə, o, bəzi müştərilərin kredit üzrə ödənişlərini Quba filialının bankomatı (cash-in) vasitəsilə həyata keçirmiş, ümumiliikdə 6 müştərinin (atası və qardaşı da daxil olmaqla) kredit üzrə ödənişlərini özünə məxsus kart vasitəsilə icra etmiş, bir sıra hallarda isə müştərilərin kredit üzrə ödənişləri İddiaçı tərəfindən Quba filialının administratoruna və polis əməkdaşına verilərək onlar vasitəsilə həyata keçirilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2025-ci il tarixli yazılı izahatının surətindən görünür ki, bankın müştərisi olan Şahid3 (dost) və Şahid1 (qaynana) başqa kənar hər hansı bir Cavabdeh müştərisinin krediti onun tərəfindən istifadə olunmayıb və ya hər hansı bir müştərilə borc alış-verişi olmayıb. İş materiallarında olan İddiaçı xx.xx.2025-ci il tarixli yazılı izahatının surətindən görünür ki, bankın əməliyyatlara nəzarət departamentinin apardığı monitorinq zamanı məlum olmuşdur ki, bankın dörd müştərisinin kredit ödənişləri onun şəxsi kartı vasitəsilə onlayn şəkildə ödənmişdir. İzah olaraq bildirir ki, müştəri terminaldan uzaqda olub və ya onlayn ödənişi edə bilmədiyi, kənar ödəniş terminallarından komissiya tutulduğu üçün və ya şəxsi işlərilə bağlı ondan xahiş etmişdilər ki, pulu onun bank kartına göndərsinlər, o da ödənişləri etsin, ödəniş etdikdən sonra qəbzləri müştərilərə “whatsapp” vasitəsilə göndərmişdir. Bəzi hallarda isə sözügedən müştərilərin kredit ödənişlərini bankın ödəniş terminalından istifadə etməklə nağd şəkildə etmişdir, yenə də bu hallarda müştərilər kredit ödənişlərini özləri olmasa da, kənar şəxs vasitəsilə ona göndərib. Yuxarıda göstərilən səbəblərdən müştəri narahatçılığı olmasın deyə filial rəhbərinə məlumat vermədən ödənişlər etmişdir. Bildirir ki, bundan sonra bu cür kənarlaşmalara yol verməyəcəkdir. İş materiallarında olan İddiaçı xx.xx.2025-ci il tarixli yazılı izahatının surətindən görünür ki, bankın əməliyyatlara nəzarət departamentinin apardığı monitorinq zamanı məlum olmuşdur ki, bankın müştərisi olan Şahid3 Mürsəl oğlunun adına olan 3000 AZN kredit kartı onun tərəfindən şəxsi məqsədləri üçün istifadə olunub və həmin kredit kart ödənişləri onun tərəfindən ödənilib. Bu hal ilə bağlı bildirir ki, müştəri Təbriz ilə dostluq münasibətləri var. Bundan əvvəlki iş yerində "xxxx" ASC-də işləyərkən müştərisi olub. Cavabdeh QSCyə gəldikdən sonra müştərini banka cəlb etmişdir. Müştərinin istəyilə kredit yenilənən zaman müştəriyə təklif etmişdir ki, yeni açdığı biznes üçün (geyim mağazası) pul lazımdır, bu məqsədlə kreditdən əlavə aldığı kredit kartından istifadə etmirsə, həmin məbləği bir neçə aya qaytarmaq şərtilə ona versin. Müştəri dostu olduğu üçün etiraz etməmiş, müştəriyə kredit verildikdən sonra kart onda qalmış, daha sonra həmin məbləği nağdlaşdırmışdır. Həmin ərəfədə bizneslə bağlı borc yarandığı üçün Təbrizdən götürdüyü pulu borca istifadə etmişdir. Həmin kredit kartının ödənişlərini bankın terminalından ödəmişdir. Qeyd edir ki, kənar hər hansı bi müştərinin kediti tərəfindən istifadə olunmayıb və ya hər hansı müştərilə onun arasında alış-veriş olmayıb, yəni kimdənsə borc almamış və ya borc verməmişdir. Müştəri ödənişləri ilə bağlı müəyyən vaxtlarda ona aid olan ABB kartından müəyyən səbəblərdən müştərilərin aylıq ödənişlərini etmişdir, bəzi hallarda isə bankın terminalından ödəniş etmişdir. Lakin bu haqda öz rəhbərliyinə məlumat verməmişdir. Bu cür halların bir daha təkrarlanmayacağını əminliklə bildirir. İş materiallarında olan İddiaçı xx.xx.2025-ci il tarixli yazılı izahatının surətindən görünür ki, bankın əməliyyatlara nəzarət departamentinin apardığı monitorinq zamanı məlum olmuşdur ki, bankın müştərisi Şahid1 götürdüyü lombard kreditləri onun tərəfindən istifadə olunub. Müştəri qaynanasıdır, birinci dəfə istifadə etdiyi krediti həmin ərəfədə açdığı paltar biznesinə istifadə etmişdir, ikinci dəfə istifadə etdiyi krediti isə qardaşının xeyir işinə sərf etmişdir. Hal-hazırda kredit ödənişləri onun tərəfindən ödənilir. Bu halın olması onda prosedur pozuntusu ehtimalı yaratmadığına görə və bank şərtlərinə uyğun olduğuna görə öz rəhbərliyinə məlumat verməmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2025-ci il tarixli izahatının surətindən görünür ki, Şahid1 (qaynanası) adına olan qızıl kreditini, Məmmədov Kənan (qardaşı) adına olan istehlak kreditini və Şahid3 (dostu) adına olan kredit kartı ödənişlərini İddiaçı edir. Əlavə olaraq, atasının adına olan biznes kreditinin ödənişlərini də edir, vəsait ev tikintisi və bağ ehtiyaclarına xərclənib. Bu günədək kredit ödənişlərində heç bir problem yaşanmamışdır. İş materiallarında olan AZ-İV seriyalı, 710813 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə Qusar rayonunda anadan olmuşdur, onun atası İddiaçı, anası X1r. İş materiallarında olan Cavabdeh QSC-nin Davranış Kodeksinin surətindən görünür ki, həmin sənəd xx.xx.2025-ci il tarixdə təsdiq edilmiş və qüvvəyə minmişdir. Davranış Kodeksi bankın əxlaqi və hüquqi öhdəlilklərini, necə hərəkət etmək və davranmaq üzrə standartlarını və gözləntilərini ehtiva edən etik qaydalar məcmusudur. Kodeksin 1-ci fəslində qeyd olunan “müştərilərə sadiqlik” prinsipinə görə, bank hər bir müştərinin daxili və xarici ehtiyaclarına dəyər verir, hörmət edir, başa düşür və onların gözləntilərini üstələməyə çalışır. Kodeksin 2-ci fəslində “müştərilərlə rəftar” prinsipinə görə, bank müştəriləri bütün fəaliyyətinin mərkəzinə qoyur və inanır ki, təqdim etdiyi həllər vasitəsilə müştəriləri üçün dəyər yaradaraq uğur əldə edə bilər. Həmin fəsildə “müştəri gizliliyi və konfidensiallığı” prinsipinə görə, müştərilərin gizliliyinə hörmət edərək və qoruyaraq bu etibarı gözləmək bank üçün son dərəcə vacibdir. Kodeksin 3-cü fəslində “şəxsi fəaliyyət və digər məşğulluq” prinsipinə görə, əməkdaşlar işlə bağlı öhdəliklərə zidd ola və ya bankın nüfuzuna mənfi təsir göstərə biləcək heç bir fəaliyyətlə məşğul olmamalıdırlar. Hər bir əməkdaş hər hansı maraqların toqquşmasından qaçmalıdır. Potensial toqquşma və ya problemlər varsa, əməkdaş öz birbaşa rəhbəri və ya İnsan Kapitalı departament rəhbəri ilə əlaqə saxlamalıdır. Kodeksin 4-cü fəslində “maraqların toqquşması” prinsipinə görə, maraqların toqquşması maliyyə və ya digər şəxsi stimullar əməkdaşın peşəkar fəaliyyətinə təsir etdikdə, və ya təsir edən kimi göründükdə mövcud olur. Əməkdaşlar öz şəxsi maraqlarının bank qarşısında və ya bankın öz müştəriləri qarşısında olan öhdəlikləri ilə toqquşmadığına əmin olmalıdırlar. Əməkdaş özünün və ya digərlərinin cəlb olunduğu hər hansı potensial maraqların toqquşması barədə birbaşa rəhbərinə məlumat verməlidir. İş materiallarında olan Cavabdeh QSC-nin X2 surətindən görünür ki, həmin sənəd xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş və xx.xx.2023-cü il tarixdə qüvvəyə minmişdir. Həmin Qaydaların 11.8-ci bəndinə əsasən, intizam tənbehi tətbiq edilməzdən əvvəl baş vermiş xətanın səbəbləri hərtərəfli və obyektiv surətdə təhqiq edilməli, xətaya yol verən işçidən qabaqcadan yazılı şəkildə izahat alınmalıdır. Həmin Qaydaların 11.9-cu bəndinə əsasən, intizam tənbehinin növü müəyyən edilərkən yol verilən xətanın xarakteri, vurulmuş zərərin ağırlığı, xətanın baş verdiyi şərait və səbəblər, işçinin təqsirinin dərəcəsi, xətaya yol vermiş işçinin buna qədərki xidmətləri nəzərə alınmalı və həmçinin etika qaydalarına riayət edilməlidir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bağlanmış, həmin əmək müqaviləsinə xx.xx.2025-ci il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə mülki iş üzrə sübutlara və tərəflərin dəlillərinə əmək qanunvericiliyinin tələblərinə əsasən hüquqi qiymət verərək müəyyən edir ki, iddia tələbi əsaslı hesab olunmalıdır. Belə ki, cavabdeh tərəf iddiaçının hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması, cavabdeh təşkilata hər hansı formada və məbləğdə ziyanın vurulması barədə məhkəməyə mötəbər sübutlar təqdim etməmiş, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin zəruriliyini əsaslandırmamışdır. Belə ki, əmrə əsas kimi qeyd olunan xx.xx.2025-ci il tarixli akta görə, İddiaçı iki müştərinin (qaynanası Şahid1, dostu Şahid3 Mürsəl oğlunun) adına kredit rəsmiləşdirərək özü istifadə etmiş, bundan əlavə, bəzi müştərilərin kredit üzrə ödənişlərini Quba filialının bankomatı (cash-in) vasitəsilə həyata keçirmiş, yaxud özünə məxsus kart vasitəsilə icra etmiş, bir sıra hallarda müştərilərin kredit üzrə ödənişləri Quba filialının administratoruna və polis əməkdaşına verilərək onlar vasitəsilə həyata keçirilmişdir. Halbuki, cavabdeh tərəfin nümayəndəsi də təsdiq edir ki, müştərilərin kredit ödənişlərinin iddiaçı tərəfindən ödənilməsinə görə daha yüngül tənbeh tətbiq edilə bilərdi, lakin ən ağır tənbeh tədbirinin verilməsinə əsas səbəb iddiaçının iki müştərinin (qaynanası Şahid1, dostu Şahid3 Mürsəl oğlunun) adına kredit rəsmiləşdirərək özünün istifadə etməsi olmuşdur. Məhkəmə, tərəflərin izahatlarına, işdə olan yazılı sübutlara və məhkəmə iclasında şahid qismində dindirilən Şahid1, Şahid3 Mürsəl oğlunun ifadələrinə əsasən müəyyən edir ki, cavabdeh tərəfin bu qiymətləndirməsi əsaslı olmamış, nəticədə əmək qanunvericiliyinin tələblərinə zidd olaraq, törədilən xətanın xarakterinə və ağırlığına mütənasib olmayan tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunan şahidlər məhkəmə baxışında krediti öz ehtiyacları üçün götürdüklərini və öz vəsaitləri hesabına tam şəkildə banka ödədiklərini, banka heç bir borclarının qalmadığını və hər hansı ziyanın vurulmadığını, kreditə görə iddiaçıya hər hansı məbləğdə pul vermədiklərini, yalnız şəxsi münasibətlər zəminində ona borc verdiklərini və sonradan borcun özlərinə qaytarıldığını, kreditə görə banka və iddiaçıya qarşı heç bir şikayətlərinin olmadığını təsdiq etmişlər. Həmçinin, cavabdeh tərəf həmin şəxslərə kreditin qanunvericiliyə və bank şərtlərinə zidd olaraq verilməsi barədə heç bir sübut təqdim etməmişdir. Bundan əlavə, məhkəmə qeyd edir ki, kredit müqaviləsinin predmeti olan pul vəsaitinə borcalanın sərəncam hüququ kreditin verildiyi gün yarandığından, kredit verildikdən sonra həmin pul vəsaitinin bankın əmlakı kimi qiymətləndirilməsi və onun iddiaçı tərəfindən istifadə olunduğunun iddia edilməsi qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.3-cü maddəsinə əsasən, borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Həmçinin, iddiaçının üçüncü şəxslər qarşısında öhdəliyinin banka heç bir aidiyyəti olmamışdır. Belə ki, əmək müqaviləsinin 10.4-cü bəndinə əsasən, tərəflər üçüncü şəxslər qarşısında biri digərinin öhdəliklərinə görə cavabdehlik daşımırlar. Ona görə də məhkəmə müəyyən edir ki, qeyd olunan hallarda iddiaçı, qanuni şəkildə verildiyi mübahisələndirilməyən krediti alan şəxslər barədə əmək müqaviləsinin 3.1.4-cü bəndinə əsasən rəhbərliyə məlumat verməyərək intizam pozuntusu törətmiş olsa da, onun bankın vəsaitini mənimsədiyi və ya ondan istifadə etdiyi, hər hansı formada və məbləğdə banka ziyan vurduğu öz təsdiqini tapmamışdır. Qeyd olunanlar bir daha təsdiq edir ki, iddiaçıya münasibətdə əmək qanunvericiliyinin tələblərinə zidd şəkildə, törədilən xətanın xarakterinə və ağırlığına mütənasib olmayan ən ağır tənbeh tədbiri tətbiq edilmişdir. Əmək kitabçasına əsasən on ildən artıq bank sektorunda işləmiş, cavabdeh təşkilatda işlədiyi dövrdə hər hansı intizam tənbehi almamış, əksinə xx.xx.2025-ci il tarixli sertifikata əsasən işyerində müsabiqədə qalib olmuş iddiaçının bu şəkildə tənbehə məruz qalması həm X3 (həmin Qaydaların 11.9-cu bəndinə əsasən, intizam tənbehinin növü müəyyən edilərkən yol verilən xətanın xarakteri, vurulmuş zərərin ağırlığı, xətanın baş verdiyi şərait və səbəblər, işçinin təqsirinin dərəcəsi, xətaya yol vermiş işçinin buna qədərki xidmətləri nəzərə alınmalıdır), həm də əmək qanunvericiliyinə zidd olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Həmin maddənin Vİ hissəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Həmin maddənin Vİİİ hissəsinə əsasən, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 6.1-ci maddəsinə əsasən, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin azad seçdiyi və ya könüllü razılaşdığı işlə həyatını təmin etmək hüququnu əhatə edən əmək hüququnu tanıyırlar və bu hüququn təmin olunması üçün müvafiq addımlar atacaqlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Həmin Məcəllənin 2.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinin a), b), c) bəndlərinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; əmək müqavilələrinə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada xitam vermək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələridir. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinə xitam verilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 186.3-cü maddəsinə əsasən, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bundan əlavə, məhkəmə iclasında tədqiq edilən sübutlara, o cümlədən Şahid2 ifadəsinə əsasən müəyyən edildi ki, iddiaçı bankın müştərilərinin kredit ödənişlərini terminal, yaxud özünə məxsus əmək haqqı kartı ilə ödəməklə də banka hər hansı məbləğdə maddi ziyan vurmamışdır. Sözsüz ki, belə hallar prosedur pozuntusu kimi intizam məsuliyyəti yarada bilər. Lakin həmin halların faktiki mahiyyəti, eləcə də eyni hərəkətlərə görə filial administratoruna intizam tənbehinin tətbiq edilməməsi nəzərə alınmadan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi, ayrı-seçkiliyin qadağan olunması barədə əmək qanunvericiliyi normaları ilə yanaşı cavabdehin daxili qaydalarına da (o cümlədən “müştərilərə sadiqlik”, “müştərilərlə rəftar” prinsiplərinə) uyğun gəlmir. Bundan əlavə, cavabdehin X2 11.8-ci bəndinə əsasən, baş vermiş xətanın səbəbləri hərtərəfli və obyektiv surətdə təhqiq edilməli olduğu halda, əmrə əsas olmuş pozuntular barədə akt xx.xx.2025-ci il tarixdə tərtib edilmiş, iddiaçı onunla xx.xx.2025-ci il tarixdə tanış edilmiş, lakin ondan yazılı izahatlar daha əvvəl, yəni xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərində alınmışdır. Bu hallarla yanaşı, Şahid2 ifadəsinə əsasən müştəriyə iddiaçının əleyhinə izahat verməyin təklif edilməsi, eləcə də əmək müqaviləsini xx.xx.2024-cü il tarixdə imzalamış işçiyə xx.xx.2025-ci il tarixdən qüvvəyə minmiş Davranış Kodeksinin şamil olunduğunun aydınlaşdırılmaması, araşdırmanın hərtərəfli və obyektiv surətdə aparılmasına şübhə yaradır. Qeyd olunanlar bir daha təsdiq edir ki, baş vermiş xətanın səbəbləri hərtərəfli və obyektiv surətdə araşdırılmadan, törədilən xətanın xarakterinə və ağırlığına mütənasib olmayan ən ağır tənbeh tədbiri tətbiq edilməklə, iddiaçıya münasibətdə əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Ona görə də xx.xx.2025-ci il tarixli əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının və digər ödənişlərin ödənilməsi barədə iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin g) bəndinə əsasən, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, işçilər arasında hər hansı birbaşa və ya dolayı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqların məhdudlaşdırılması qəti qadağandır. Həmin Məcəllənin 43.4-cü maddəsinə əsasən, bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Həmin Məcəllənin 46.6-cı maddəsinə əsasən, əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir.Həmin Məcəllənin 182.3-cü maddəsinə əsasən, daxili intizam qaydaları bu Məcəlləyə, habelə əmək qanunvericiliyi üzrə digər normativ hüquqi aktlara uyğun tərtib edilməlidir. Bu normativ hüquqi aktlara zidd olan daxili intizam qaydalarının müvafiq müddəaları və onların tətbiqinin hüquqi nəticələri etibarsız hesab edilir. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Həmin Məcəllənin 300.1-ci maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında qeyd olunur ki, əmək hüququ xüsusi hüququn bir sahəsi olsa da, dövlətin bu hüquq münasibətlərində xüsusi publik marağı mövcuddur ki, bu da onun həmin münasibətlərə müdaxiləsini labüd edir. Belə ki, əmək münasibətlərinin prinsipləri, işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatların minimum səviyyəsi, əməyin mühafizə edilməsi qaydaları, məşğulluq məsələləri və s. dövlət tərəfindən tənzimlənir. Əmək Məcəlləsinin 14-cü maddəsi ilə əmək münasibətləri sahəsində dövlət hakimiyyəti orqanlarının vəzifələri də qanunverici tərəfindən müəyyən edilmişdir. Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə deyillər. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, intizam sanksiyalarının yalnız işçiyə münasibətdə tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Belə ki, mülki hüququn təməl prinsipini hüquq subyektlərinin tam bərabərliyi təşkil edir. Bu baxımdan, işçinin işəgötürənə münasibətdə tabeli vəziyyətdə olması, habelə hüquqi və maddi imkanlarına görə adətən daha zəif tərəf olduğu nəzərə alınmaqla, dövlət tərəfindən işçilərin hüquqlarını və sosial müdafiəsini təmin etmək, onları işəgötürənin mümkün suiistifadələrindən qorumaq məqsədilə əmək qanunvericiliyində xüsusi imperativ qaydalar müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarında qeyd olunur ki, nəzərə alınmalıdır ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha nəzərə çatdırmağı vacib hesab edir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiyaya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar). Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə (xüsusilə Delkur Belçikaya qarşı işi üzrə xx.xx.1970-ci il tarixli, Piersack Belçikaya qarşı işi üzrə xx.xx.1982-ci il tarixli, X11rşı işi üzrə xx.xx.1984-cü il tarixli qərarlara) əsasən, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Davit Tsiklauri tərəfindən verilmiş 26 sentyabr 2025-ci il tarixli, 25-0814 nömrəli əmr ləğv edilsin, İddiaçı işə (Cavabdeh bölməsində müştəri xidmətləri üzrə baş mütəxəssis vəzifəsinə) bərpa edilsin, ona 26 sentyabr 2025-ci il tarixdən məcburi işburaxma müddəti üçün əmək haqqı və digər ödənişlər qanunamüvafiq qaydada hesablanaraq ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN : F. HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar