Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6711/2025 12.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh qarşı “elektrik enerjisi və kommunal xidmətlərə görə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh qarşı “elektrik enerjisi və kommunal xidmətlərə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən və Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xidməti yaşayış sahəsindən “mənzillə təmin edilmədən” məcburi çıxarılması, eləcə də komunal xidmətlərdən istifadəyə görə yaranmış 6170 (altı min yüz yetmiş) manat məbləğində borcun cavabdeh tərəfindən ödənilməsi üçün iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Ordusu sıralarında 20 (iyirmi) təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatı məsələsinə baxılır. Mövcud fərmanın ikinci bəndinə əsasən yaradılmış müvafiq komissiya tərəfindən Cavabdeh 14 fevral 2025-ci il tarixdə Bakı şəhəri, ünvan 2 ünvanında ümumi sahəsi 76,67m olan 3 (üç) otaqlı daimi yaşayış sahəsi ilə təmin edilmişdir. Dövlət vəsaiti hesabına mənzillə təmin olunana qədər Cavabdeh 26 dekabr 2012-ci il tarixli 221 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən ünvan 1 ünvanında xidməti yaşayış sahəsi ilə təmin olunmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü bölməsində xüsusi təyinatlı mənzil fondu barədə məlumatlar əks olunmuşdur. Bu bölmənin 9-cu fəslinin 91-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələri göstərilmişdir: 1. xidməti yaşayış sahələri; 2. yataqxanalarda yaşayış sahələri; 3. manevr fondu yaşayış sahələri; 4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; 5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 6. qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. Həmin məcəllənin 102.2-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz. Bir daha qeyd etmişdir ki, Cavabdeh 14 fevral 2025-ci il tarixdə Bakı şəhəri, ünvan 2 ünvanında ümumi sahəsi 76,67 kv.m. olan 3 (üç) otaqlı daimi yaşayış sahəsi ilə təmin edilmişdir. Bildirmişdir ki, Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil fonduna aid olan və ünvan 1 ünvanında yerləşən xidməti yaşayış sahəsində yaşadığı müddətdə Cavabdeh komunal xidmətlərdən istifadəyə görə 6170 (altı min yüz yetmiş) manat məbləğində borcu yaranmışdır. Cavabdeh ünvan 1 ünvanındakı xidməti yaşayış sahəsini Müdafiə Nazirliyinin mənzil fonduna təhvil verməsi, eləcə də komunal xidmətlərdən istifadəyə görə yaranmış borcun ödənilməsi məqsədi ilə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq sözügedən xidməti yaşayış sahəsini halhazırkı vaxta qədər təhvil verməmiş, komunal xidmətlərdən istifadəyə görə yaranmış borcunu ödəməmiş və onun tərəfindən bu istiqamətdə heç bir iş görülməmişdir. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə təqdim edərək, elektrik enerjisi və kommunal xidmətlərə görə yaranmış borcun (müvafiq olaraq 6002 manat və 187 manat) Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilmiş, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Cavabdeh işə mahiyyəti üzrə baxılmasını xahiş etdi və məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, o, 2011-ci ildə mənzillə təmin olunmuşdur. 2014-cü ildə Mərdəkanda işləməyə başladığı üçün 2015-ci ildən həmin mənzildə yaşamamışdır. 2018-ci ildən isə ailə üzvlərini həmin mənzildən qeydiyyatdan çıxartmışdır. Əgər 6000 manat borcu olsa idi, kommunal xidmət göstərərdilər? Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi "xxxx" ASC-yə məxsus kommunal pulunu necə yığa bilər? xx.xx.2018-ci ildən ünvan 3 ünvanında o, tək qeydiyyatda olmağına baxmayaraq, 4 nəfər üçün müəyyən olunmuş kommunal pulunu ödəmiş və bununla bağlı qəbzləri var. İddiaçı tərəf onun 15 il işıq pulu ödəmədiyi barədə iddia tələbi ilə müraciət edib. Amma hesab edir ki, bu tələb əsassızdır. 1-ci mərtəbədə iddiaçı tərəfindən qoyulan adi nəzarətedici sayğacın necə hesablanması bilinmir. Özləri həmin sayğaca müdaaxilə belə edə bilirlər. Ona verilən suallara cavab olaraq bildirdi ki, evi dünən təhvil vermiş, bugünə kimi təhvil almırdılar. Kommunal pulunu illik ödəmişdir. Sayğac 1-ci mərtəbədə, blokda yerləşir. 2012-ci ildən etibarən elektrik enerjisi üçün ödəniş etmişdir. Sonuncu ödənişi dekabr ayında olub. 2016-cı ildən həmin evdə yaşamır. Onun elektrik borcu və kommunal xidmətə görə borcu yoxdur. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi ilə Cavabdeh arasında bağlanmış 221 saylı, 26 dekabr 2012-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 136 nömrəli binada 33 nömrəli mənzildə yerləşən, dövlət mənzil fonduna aid, yaşayış sahəsi 54,2 kv.m. ibarət 3 otaqlı yaşayış sahəsinin kirayə haqqı ödənilməklə, müvəqqəti yaşamaq üçün 20 gün müddətinə kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Kirayəçinin ailə üzvləri: həyat yoldaşı – X1, oğlu – X3 və qızı – X2. Həmin müqavilənin 2.4.9-cu maddəsinə əsasən kirayəçinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında ödəmək vəzifəsi vardır. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən kirayəçi yaşayış sahəsindən istifadəyə görə 1 kv.m. üçün 0,02 manat məbləğində istifadə haqqını (kirayə haqqını) hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək kirayəyə verənə ödəməlidir. - Cavabdeh 26 dekabr 2012-ci il tarixli iltizamına əsasən o, xidmət yerini dəyişdikdə, hərbi xidmətdən buraxıldıqda, iş yerindən azad edildikdə və s. hallarda şərtsiz Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinə təhvil verəcəyinə dair iltizam imzalamışdır. - Müdafiə Nazirliyinin xx.xx.2017-ci il tarixli mədaxil qəbzinə əsasən Cavabdeh kommunal xərcə görə 130 manat, elektrik enerjisinə görə 100 manat, cəmi 230 manat ödəniş etmişdir. - Müdafiə Nazirliyinin xx.xx.2019-cu il tarixli mədaxil qəbzinə əsasən Cavabdeh kommunal xərcə görə 305,76 manat ödəniş etmişdir. - Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli mədaxil qəbzinə əsasən Cavabdeh kommunal xərcə görə 51 manat ödəniş etmişdir. - Bakı Qarnizonu Mənzil-İstismar Hissəsi tərəfindən Cavabdeh ünvanlanmış 110 saylı, xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, onun yaşadığı mənzilə xx.xx.2024-cü il tarixinə kommunal xidmətlərə və elektrik enerjisinə görə 5390,35 manat borcu vardır. Göstərilən borcu xx.xx.2024-cü il tarixinədək Bakı Qarnizonu Mənzil- İstismar Hissəsinin 2 nömrəli Mənzil-İstismar Sahəsinə ödənilməsi xahiş olunmuş, əks təqdirdə xx.xx.2024-cü il tarixində mənzilə verilən elektrik enerjisi və istilik sisteminin dayandırılacağı barədə xəbərdar olunmuşdur. - Bakı Qarnizonu Mənzil-İstismar Hissəsi tərəfindən Cavabdeh ünvanlanmış 07 saylı, xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, onun yaşadığı mənzildə kommunal xidmətdən istifadəyə görə xx.xx.2025-ci il tarixinə 6015 manat borcu yaranmışdır. Yaranmış borcun 1 həftə müddətində ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. - Bakı Qarnizonu Mənzil-İstismar hissəsi tərəfindən Müdafiə Nazirliyi Mənzil-İstismar Xidmət rəisinə ünvanlanmış 112/2-504 nömrəli, xx.xx.2025-ci il tarixli şifahi sorğuya cavabdan görünür ki, Ş.Mehdiyev küçəsində yerləşən hərbi ailəvi yataqxanada ev 136, 33 nömrəli mənzildə yaşayan Cavabdeh kommunal xidmətlərə, o cümlədən elektrik enerjisinə 6170 manat borcu vardır. Dəfələrlə xəbərdarlıq etməklərinə baxmayaraq Cavabdeh ödəniş etməmişdir. - Bakı Qarnizonu Mənzil-İstismar Hissəsinin 2 nömrəli Mənzil-İstismar Sahəsinin 10 saylı, 09 dekabr 2025-ci il tarixli yaşayış sahəsinin təhvil-təslim aktına əsasən ünvan 1 ünvanında yerləşənyaşayış sahəsi 54,2 kv.m. ibarət 3 otaqlı yaşayış sahəsini və yaşayış sahəsinin əmlakını kirayəyə verən (kirayəçi) təhvil verdi, kirayəçi (kirayəyə verən) qəbul etdi. Kommunal xərclər xx.xx.2025-ci il tarixə 187,89 manat, elektrik enerjisinə görə 6002,63 manatdır. Qeyd: Cavabdeh bildirmişdir ki, onun kommunal və işıq borcu yoxdur. - Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 112/2-210 saylı, xx.xx.2025-ci il tarixli arayışına əsasən ünvan 1 ünvanda yerləşən xidməti mənzilə Cavabdeh xx.xx.2025-ci il tarixinə kommunal xərclərə 187,89 manat və elektrik enerjisinə 6002,63 manat borcu var. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 136 saylı şəxsi – hesab kitabına əsasən Cavabdeh 2025-ci ilə 5743,51 manat qalıq borcu var. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək və təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının elektrik enerjisi və kommunal xidmətlərə görə 6002,63 manat və 187,89 manat məbləğində borcun cavabdehdən tutulması barədə tələbi əsaslı və sübuta yetirilmiş hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında mövcud olan 110 saylı, xx.xx.2024-cü il tarixli, 07 saylı, xx.xx.2025-ci il tarixli xəbərdarlıqlarda, eləcə də xx.xx.2025-ci il tarixli arayışda cavabdehin müəyyən məbləğdə borcunun olduğu göstərilsə də, həmin borcun hansı dövr üzrə, hansı tariflər əsasında, hansı sayğac göstəricilərinə əsaslanmaqla hesablandığı barədə ətraflı və əsaslandırılmış hesablama məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, 09 dekabr 2025-ci il tarixli təhvil-təslim aktında göstərilən 6002,63 manat elektrik enerjisi və 187,89 manat kommunal borcun formalaşma mexanizmi, ilkin və son göstəricilər, tətbiq olunmuş tariflər, ödənişlərin çıxılması və borcun konkret hesablanma qaydası sübutlarla təsdiq edilməmişdir. Məhkəmə nəzərə alır ki, cavabdeh tərəfindən müxtəlif illərdə kommunal və elektrik enerjisinə görə ödənişlərin həyata keçirilməsi barədə mədaxil qəbzləri iş materiallarına əlavə olunmuşdur. Lakin iddiaçı həmin ödənişlərin hansı dövrə aid olduğunu, hesablamada nəzərə alınıb-alınmadığını və yekun borcun necə formalaşdığını sübut edən müfəssəl hesab təqdim etməmişdir. Bundan başqa, elektrik enerjisinin təchizatı üzrə xidmətlərin ixtisaslaşmış təsərrüfat subyekti tərəfindən həyata keçirildiyi halda, iddiaçı tərəfindən həmin borcun ilkin mənbə sənədləri (abonent kartı, sayğac çıxarışı, aylıq hesab-fakturalar və s.) məhkəməyə təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, yalnız daxili arayış və ümumi məbləğin göstərilməsi borcun mövcudluğunu və düzgün hesablanmasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Beləliklə, iddiaçı tərəfindən tələb olunan məbləğin hansı əsaslarla və hansı qaydada hesablandığı sübuta yetirilmədiyindən, iddia tələbi həmin hissədə əsassız hesab edilməli və təmin olunmamalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ- hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ, müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Həmçinin, Azərbayca Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh qarşı “elektrik enerjisi və kommunal xidmətlərə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh qarşı “elektrik enerjisi və kommunal xidmətlərə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-6711/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6711/2025
12.02.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver