Məhkəmə qərarları › İş №e-2(004)-672/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-672/2025

12.02.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-672/2025 12.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin və əmək müqaviləsinin ləğv edilməsi və pul” tələbinə dair mülki iş (açar sözlər: əmək müqaviləsinə xitam verilməsi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi Qurbanova İlahə Nazim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin və əmək müqaviləsinin ləğv edilməsi və pul” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin və əmək müqaviləsinin ləğv edilməsi və pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin xx.xx.2024cü il tarixli, 13X/24 saylı əmrinin ləğv edilməsi, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixliəmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilməsi və cavabdehdən iddiaçının xeyrinə xx.xx.2024-cü il tarixdən hazırki iddia üzrə məhkəmə qətnaməsi icra edilən tarixədək aylıq 2385 manat məbləğində pulun və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MMC ilə xx.xx.2022-ci il tarixdə bağladığı müqavilə ilə pərakəndə ticarətin inkişafı üzrə menecer vəzifəsinə işə qəbul edilmişdir. Sonradan MMC-nin əvvəlki rəhbərliyinin maliyyə problemləri ilə əlaqədar ona xx.xx.2024-cü il tarixdə məcburi qaydada öz hesabına 6 ay müddətinə məzuniyyətə çıxmağı barədə ərizə yazdırılmış və bu məzuniyyətin uzun çəkəcəyini, ailədə yeganə gəlir gətirən şəxs olduğunu gördükdən sonra xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-də satınalma üzrə menecer vəzifəsinə işə qəbul olunmuş və cavabdehə bu barədə məktubla müraciət edərək yeni əmək müqaviləsi bağladığından aralarında olan əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən həmin məktuba heç bir rekasiya verilmədiyindən "xxxx" MMC xx.xx.2024-cü il tarixdə iddiaçı ilə aralarında olan əmək müqaviləsinə xitam vermək məcburiyyətində qalmışdır. İddiaçı baş verənlərlə bağlı X12 Xidmətinə müraciət etsə də müvafiq araşdırmanın da heç bir nəticəsi olmadığından əmək müqaviləsinin ləğvi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək niyyətində olması ilə bağlı cavabdehə mediasiya təklifi göndərmiş və mediasiya iclaslarında qarşılıqlı razılığa gələ bilmədiklərindən 11 oktyabr 2024-cü il tarixdə Bakı 14 saylı Mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verildi. Daha sonra isə, cavabdeh tərəflər arasında əmək mübahisəsinin olduğunu və İddiaçı mübahisə ilə bağlı məhkəməyə müraciət edəcəyini bilə-bilə xx.xx.2024-cü il tarixli, 13X/24 saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən əmək müqaviləsinə xitam vermişdir. Cavabdehin hərəkətləri qanunvericiliyin tələblərinə zidd olduğundan qeyd edilən əmr ləğv edilməli və tərəflər arasında olan əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilməli, cavabdehin hərəkətləri nəticəsində ona dəymiş maddi zərər tutulmalıdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək bildirmişdir ki, Əmək Məcəlləsinə görə işəgötürən işçi məzuniyyətdə olan zaman işdən azad edə bilməz. İşçi əgər işdən çıxmaq istəyirdisə, bu zaman o işdə olmalı idi. İddiaçı ərizə ilə məzuniyyətdən qayıtmaq istədiyini bildirməli, sonra əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ərizə ilə işəgötürənə müraciət etməli idi. Prosedur qayda bu idi. Əmək müqaviləsinə xitam verilməmişdən qabaq iddiaçı cavabdeh təşkilat ilə müvafiq razılıq əldə etməsi üçün mediasiya təşkilatına müraciət etmişdir. Həmin prosesdə cavabdeh tərəf də iştirak etmişdir. Onlar əmək müqaviləsinə tərəflərin qarşılıqlı razılığı ilə xitam verilməsi barədə razılığa gəlsələr də, iddiaçının tələb etdiyi kompensasiya məbləği onları qane etməmişdir. İddiaçıya qanunla nəzərdə tutulmuş qaydada hesablanmış kompensasiya və digər ödənişlər köçürülmüşdür. Lakin iddiaçının həddən yüksək məbləğ tələb etməsi onların mediasiyada ortaq bir məxrəcə gəlib çıxmamağı ilə nəticələndi.

III.Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 13X/24 nömrəli əmrinə əsasən "xxxx" MMC bölməsində "Pərakəndə ticarətin inkişafı üzrə menecer" vəzifəsində işləyən İddiaçı XXX ilə bağlanılmış 100CD2O000500 nömrəli əmək müqaviləsinə, AR ƏM-nin 70 "ç" - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir.

7. Cavabdeh MMC-də pərakəndə distribyutor şöbəsinin rəhbəri vəzifəsində çalışan Nizami Hüseynov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli təqdimata əsasən “Marvel Azerbaijan" MMC-yə qarşı dələduzluq əməli törədilmişdir. Belə ki, "xxxx" MMC-nin satış meneceri vəzifəsində çalışan X11 tərəfindən rəhbərliyi və/və ya təsisçiləri ilə yaxın əlaqəsi olan "xxxx" MMC (VÖEN:**********; X1) və "xxxx" MMC(VÖEN:********** X9 Anatolyeviç) adından müxtəlif mallar sifariş edilmiş və Malları həmin şirkətlərə təqdim etməyərək malları tanışı "xxxx" MMC-nin (VÖEN: **********. X3 nümayəndəsi olan X14i adlı şəxsə təqdim etmişdir. Məsələ ilə bağlı X7 izahatı alınmış, X11 izahatında bildirmişdir ki, "xxxx" MMC-nin mal götürmək limiti bitdiyindən X13 ilə razılaşaraq 32335.00 manat dəyərində olan mallar "xxxx" MMC-nin və 10500.00 manat dəyərində mallar "xxxx" MMC, cəmi isə 42835.00 manat dəyərində mallar bu şirkətlərin adına rəsmiləşdirilərək "Marvel Azerbaijan MMC-nin anbarında X10 təqdim edilmişdir. X7 izahatına görə X13 əldə etdiyi malların dəyərindən ona nağd şəkildə 6000.00 manat məbləğində ödəniş etmiş və sonradan zənglərinə cavab verilməmiş, X13 ilə əlaqə saxlamaq mümkün olmadıqda X11 törətdiyi əməl haqqında ona məlumat vermişdir. Beləliklə, X11 tərəfindən törədilən əməllər nəticəsində "xxxx" MMC-nə 36835.00 məbləğində ziyan dəymişdir. X11 barəsində yuxarıda qeyd olunan səbəblərə görə tədbirlərin görülməsi ilə bağlı müvafiq göstərişin verilməsi xahiş edilmişdir.

8. İddiaçı 15 aprel 2024-cü il tarixdə Cavabdeh MMC-nin direktoruna ərizə ünvanlayaraq işdə gördüyü nöqsanlar səbəbindən, araşdırılma müddəti dövrünə öz hesabəna (ödənişsiz) məzuniyyət verilməsinə sərəncam verilməsini xahiş etmişdir.

9. Cavabdeh MMC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli akta əsasən müəyyən olunur ki, "xxxx" MMC-də Pərakəndə ticarətin inkişafı üzrə menecer vəzifəsində çalışan Axundov Roiya öz hesabına məzuniyyət günləri başa çatmış və 16 oktyabr 2024cü il tarixində işə çıxmalı olsa da 16,17,18 oktyabr 2024-cü il tarixlərində iş yerinə gəlməmiş, əmək müqaviləsi və qanunvericiliyin tələbinə uyğun olan öhdəlikləri icra etməmişdir. Bundan başqa 16 oktyabr 2024-ce il tarixində işəgötürən tərəfindən həm poçt vasitəsilə, həm də elektron qaydada Axundov Roiya 4 (dörd) gün müddətində bildiriş göndərilmişdir.

10. Cavabdeh MMC tərəfindən X8 ünvanlanmış 0119/24 nömrəli, xx.xx.2024-cü il tarixli bildirişə əsasən xx.xx.2024-cü il tarixli ərizə və xx.xx.2024-cü il tarixli 002OH/24 sayı əmrə əsasən iddiaçıya təqdim edilən ödənişsiz məzuniyyət müddətinin xx.xx.2024-cü il tarixdə bitdiyi bildirilmiş, 3 (üç) gün ərzində əmək müqaviləsi üzrə öhdəliklərini icra etmək üçün iş yerinə, yəni işəgötürənin ofisinə (Yasamal rayonu, Tbilisi pr. 49C, Çıraq Plaza mərtəbə 4) yaxınlaşaraq əmək funksiyalarını icra etməsi xahiş olunmuşdur.

11. Əmək haqqın üzrə çıxarışa əsasən müəyyən olunur ki, iddiaçının əmək haqqısının ümumi məbləği 1485,65 manat təşkil edir.

12. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı cavabdeh müəssisədə pərakəndə ticarətin inkişafı üzrə menecer vəzifəsinə işə qəbul edilmişdir.

13. İddiaçı cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəyə əsasən Cavabdeh MMC-də tutduğu pərakəndə ticarətin inkişafı üzrə menecer vəzifəsindən xx.xx.2024-cü il tarixindən yeni şirkət ilə müqavilə bağladığı üçün öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir.

14. "xxxx" MMC-nin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 19/K nömrəli əmrinə əsasən "xxxx" MMC bölməsində “koorporativ satış menecer” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış 100CD2O000600 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 68.2 “a” – tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir.

15. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən iddiaçı "xxxx" MMC-də korporativ satış üzrə menecer vəzifəsinə işə qəbul edilmişdir.

16. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən bu əmək müqaviləsi 47.f tərəflərin hüquq vərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə bəndində qeyd olunan səbəbə görə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək 1 il 1 ay 3 gün müddətinə bağlanmışdır.

17. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X12 Xidməti Bakı Şəhər İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, izahatının alınması və əmək haqqı bank çıxarışının təqdim edilməsi məqsədilə Bakı şəhəri üzrə hər hansı DOST mərkəzinə gəlməyi ilə əlaqədar ünvanına (Bakı şəhəri, Xətai rayonu, G.Şıxlınski küçəsi, 37Q) 3-17-5/2-A-40084/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktub göndərilmiş, lakin izahatını təqdim etməmişdir. Müraciəti ilə əlaqədar Cavabdeh MMC-nin (ünvan 4 ünvanına 3-17-5/2-40043/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla müraciət olunaraq ona aid olan sənədlərin, “Vətəndaşların müraciət haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuş, lakin tələb olunan sənədlərin təqdim olunması müəssisə tərəfindən təmin edilmədiyindən müraciətinin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “’Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən onunla Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə dair bildirişin qüvvədə olduğu məlum olmuşdur. “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci və 2-ci hissəsinin tələblərinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmaqmaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Cavabdeh MMC tərəfindən sənədlər təqdim ediləcəyi təqdirdə müraciətinə yenidən baxılacaq nəticəsi barədə ona məlumat veriləcəkdir. Müraciətinə qeyd etdiyi məsələlərinin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüqüqu vardır.

18. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X12 Xidməti Bakı Şəhər İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, izahatının alınması və əmək haqqı bank çıxarışının təqdim edilməsi məqsədilə Bakı şəhəri üzrə hər hansı DOST mərkəzinə gəlməyi ilə əlaqədar ünvanına (Bakı şəhəri, Xətai rayonu, G.Şıxlınski küçəsi, 37Q) 3-17-5/2-A-40084/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktub göndərilmiş, lakin onun izahatını təqdim edilməmişdir. Müraciətini ilə əlaqədar Cavabdeh MMC-nin (ünvan 4 ünvanına 3-17-5/2- 40043/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla müraciət olunaraq ona aid olan sənədlərin, “Vətəndaşların müraciət haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuşdur. Cavabdeh MMC tərəfindən X12 Xidmətinin Bakı şəhər idarəsində təqdim olunan məktub və sənədlərdən onun işəgötürənlə qarşılıqlı razılıq əsasənda xx.xx.2023-cü il tarixindən öz hesabına ödənişsiz məzuniyyətə buraxıldığı və Bakı şəhər Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq aparıldığı məlum olmuşdur. Eyni zamanda tərəflərindən Azərbaycan Respublikasınının Əmək və Əhalinin Sosial Müdafiəsi X2 İnformasiya Siseminin “ Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən onunla Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixində bağışlanmış əmək müqaviləsinə dair bildirişin qüvvədə olduğu məlum olmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə əsasən işçi işəgötürəni yazılı ərizəsi ilə xərədar etməklə əmək müqaviləsini ləğv edə bilər, eyni zamanda 11-ci maddəsinin “b” bəndinə əsasən Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin hüququdur. Həmçinin həmin maddənin 2-ci hissəsində bildirilir ki, işəgötürənin bu maddədə nəzərdə tutulan hüquqarının həyata kieçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüqüui aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsi hər cür mdaxilə və maneələr edilməsi yolverilməzdir.Nəzərinizə çatdırırıq ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Müraciətində qeyd etdiyiniz məsələlərinin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüqüqu vardır.

19. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsidir.

20. Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

21. Həmin maddəsinin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

22. Həmin maddənin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

23. Həmin maddənin 4-cü hissəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

24. Həmin maddənin 5-ci hissəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

25. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən müəssisə ləğv edildikdə; işçilərin sayı və ya ştatları ixtisar edildikdə; peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda ləğv edilə bilər.

26. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

27. Həmin Məcəllənin 72-ci maddəsinin a bəndi isə özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

28. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı cavabdeh müəssisə ilə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlayaraq pərakəndə ticarətin inkişafı üzrə menecer vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək öz hesabına 6 aylıq məzuniyyətə çıxmışdır. İddiaçı məzuniyyətdə olduğu dövrdə xx.xx.2024-cü il tarixdə yenidən ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixindən yeni şirkət ilə müqavilə bağladığı üçün işdən azad edilməsini xahiş etmişdir. Həmçinin iddiaçı xx.xx.2024-cü il tarixdə "xxxx" MMC ilə əmək müqaviləsi bağlayaraq korporativ satış üzrə menecer vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra "xxxx" MMCnin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 19/K nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə iddiaçının öz xahişi ilə xitam verilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə hazırki tələblə bağı ilkin mediasiya sessiyasına müraciət etmişdir. Cavabdeh müəssisə isə iddiaçı ilə bağlamış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ilə xitam vermişdir.

29. Göründüyü kimi, iddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixindən yeni şirkət ilə müqavilə bağladığı üçün işdən azad edilməsini xahiş etməsinə baxmayaraq, cavabdeh müəssisə buna məhəl qoymamış və xx.xx.2024cü il tarixdə iddiaçı ilə bağlamış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişdir.

30. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi imperativ xarakter daşımır. Belə ki, qanun müqavilənin ləğv edilməsini mütləq qoymur, onu işəgötürənin səlahiyyətinə buraxır. İddiaçının işəgötürənlə əmək müqaviləsinə xitam verməsi ilə bağlı ərizəsinin olduğunu bildiyi halda onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verməsi düzgün olmamışdır. Baxmayaraq ki, cavabdeh iddiaçı tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı iddiaçının məktubunun onlara çatdırılmadığını qeyd etsə də, lakin tərəflər arasında mediasiya prosesi həyata keçirilərkən cavabdeh artıq bu haldan məlumatlı olmuşdur. Belə ki, iddiaçı cavabdehdən əvvəl onunla əmək münasibətlərini davam etdirmək niyyətində olmaması ilə bağlı iradəsini ifadə etmişdir. Əmək Məcəlləsinin 69-cu maddənin 3-cü hissəsi isə daha çox işçinin mənafeyinə xidmət edən norma olub, ümumi qaydadan istisnalar müəyyən edir.

31. Digər bir tərəfdən işin faktiki hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2024-cü il tarixdən işə gəlməməsi ilə əmək funksiyasını pozması müəyyən edilsə də, bu pozuntunun xarakteri və ağırlıq dərəcəsi onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin "a" bəndinin tələblərini pozması səbəbi ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə mütənasib deyildir. İşəgötürən olan cavabdeh mediasiya prosesi zamanı artıq işçinin işdən çıxmaq niyyətində olduğunu bildiyi halda həmin halı nəzərə almadan onun barəsində ən ağır intizam tənbeh tədbirini tətbiq etmişdir. Habuki, qanunvericilik işəgötürənə imkan verir ki, əmək intizamının pozulmasına görə işçi barəsində qanunvericiliklə nəzərdə tutulmuş alternativ intizam tənbeh tədbirlərindən birini tətbiq etsin.

32. Məhkəmə sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 13X/24 saylı əmri ləğv edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə öz ərizəsi ilə xitam verilməlidir.

33. Həmçinin iddiaçı cavabdehdən iddiaçının xeyrinə xx.xx.2024-cü il tarixdən hazırki iddia üzrə məhkəmə qətnaməsi icra edilən tarixədək aylıq 2385 manat məbləğində pulun və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun tutulmasını da xahiş etmişdir.

34. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir.

35. Belə ki, iddiaçı digər işəgötürənlə əmək müqaviləsi bağlandığı zaman əmək haqqının 2385 manat olduğunu, həmin işəgötürənlə əmək müqaviləsinə cavabdehlə əmək münasibətlərinə xitam verilmədiyi üçün xitam verildiyini əsas gətirərək xx.xx.2024cü il tarixdə hazırki iddia üzrə məhkəmə qətnaməsi icra edilən tarixədək aylıq 23856 manat məbləğində pulun tutulmasını tələb edir.

36. Lakin məhkəmə qeyd edir ki, digər işəgötürən "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış əmək müqaviləsi 1 il 1 ay 3 gün müddətinə, yəni xx.xx.2025-ci il tarixədək bağlanmışdır. Həmin müqaviləyə isə iddiaçının öz xahişi ilə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir.

37. Göründüyü kimi digər işəgötürənlə bağlanmış müqavilə 1 ay müddətə deyil, 1 ildən çox olan müddətə bağlanmış, cavabdeh isə öz xahişi ilə 1 ay tamam olmamış "xxxx" MMC ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Hazırki halda məhz cavabdehin iddiaçı ilə əmək müqaviləsinə xitam vermədiyindən iddiaçının digər işəgötürənlə bağlanmış əmək müqaviləsinə xitam verməsi sübut olunmur. Belə olan halda iddia həmin hissədə əsaslı hesab edilə bilməz.

38. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

39. İddiaçı tərəfindən təqdim edilmiş MŞB/14/2024-00577 nömrəli, xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, hər iki tərəf ilkin mediasiya sessiyasında iştirak etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ödənilmiş 50 manat mediasiya xərci iddiaçının özünə aid edilməlidir. V. Nəticə:

40. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 13X/24 saylı əmri ləğv edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə öz ərizəsi ilə xitam verilsin. İddia qalan hissədə təmin edilməsin. 50 manat mediasiya xərci iddiaçının özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar