Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6936/2025 05.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı xeyrinə maddi ziyana görə 3333 (üç min üç yüz otuz üç) manat və mənəvi ziyana görə 2000 (iki min) manat, vəkilə hüquqi yardıma görə ödənilmiş 320 (üç yüz iyirmi) manat, ödənilmiş dövlət rüsumuna görə 74 (yetmiş dörd) manat, cəmi 5727 (beş min yeddi yüz iyirmi yeddi) manat pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı (bundan sonra iddiaçı) ilə cavabdeh "X1" MMC (bundan sonra cavabdeh) arasında bağlanmış xx.xx.2024-cü il tarixli Xidmət göstərilməsi haqqında müqavilə ilə cavabdeh üzərinə götürdüyünü öhdəliyi icra etməmiş və nəticədə iddiaçıya 3333 (üç min üç yüz otuz üç) manat maddi ziyan və 2000 (iki min) manat mənəvi ziyan dəymişdir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli Xidmət göstərilməsi haqqında müqaviləyə əsasən cavabdeh iddiaçının Maldiv adasına turist kimi səfərini təşkil etməli, o cümlədən hoteldə yuxarı mərtəbədə dəniz mənzərəli otaqla təmin etməli və bunun təşkili üçün iddiaçı cavabdehə 3333 (üçü min üç yüz otuz üç) manat pul vəsaiti ödəməli idi. İddiaçı qeyd olunan pul vəsaitini ödəməklə öhdəliyini icra etsə də, cavabdeh müqavilə üzrə öhdəliyini tam və düzgün icra etməmiş, iddiaçıya vəd edilmiş formada turistik xidməti göstərməmişdir. Beləliklə, iddiaçıya 3333 (üçü min üç yüz otuz üç) manat maddi ziyan dəymişdir. Bununla yanaşı, cavabdehin müqavilə üzrə öhdəliyini düzgün icra etməməsi iddiaçının məzuniyyətdə istirahətini istədiyi kimi təşkil edə bilməməsi, iddiaçıda dərin əsəb sarsıntısı yaratmaqla mənəvi ziyana səbəb olmuşdur ki, iddiaçı həmin mənəvi ziyanın məbləğini 2000 (iki min) manat qiymətləndirir. Cavabdehin müqavilə üzrə öhdəliyini düzgün icra etməməsi nəticəsində ümumilikdə, iddiaçıya 5333 (beş min üç yüz otuz üç) manat ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddiaçının izahatı ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: - Cavabdeh MMC (agent) ilə İddiaçı (turist) arasında bağlanmış 22 avqust 2024-cü il tarixli müqaviləyə əsasən agent bu müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərlə turistə turizm xidmətlərini həayat keçirir və təşkil edir. Müqavilənin 3.1-ci bəndinə əsaəsn hazırki müqaviləyə əsasən göstərilən turizm xidmətlərinin dəyəri 3333 (üçü min üç yüz otuz üç) manat təşkil edir. Müqavilənin 3.3-cü bəndinə əsasən şəraitin əsaslı dəyişməsi ilə əlaqədar olaraq Agent müqaviləyə dəyişiklik etmək hüququna malikdir və ya Turist müqaviləni pozmaq və Agentin çəkdiyi faktiki xərcləri çıxmaqla, ödənilmiş məbləği geri tələb etmək hüququna malikdir. Cavabdeh MMC-nin 22 avqust 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, turpaketin dəyəri 3333 (üç min üç yüz otuz üç) manat İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətini İddiaçı ünvanladığı 25 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, müraciəti ilə bağlı aparılan araşdırma zamanı "xxxx" MMC-nin rəhbərliyi tərəfindən Dövlət Xidmətinə daxil olan məktubda fors-major hal (rezerv edilen otağın otel tərəfindan 2-ci dəfə satılması) baş verdiyi üçün aralarında bağlanmış müqavilənin 5.1-ci bəndinə əsasən otelin eyni səviyyəli digər otelə deyişdirildiyi, istəyinə əsasən normal standart otaqla təmin edildiyi, ölkəyə daxil olduğu zaman 60 ABŞ dolları məbləğində vergi odəyəcəyi barədə əvvəlcədən ona məlumat verildiyi, otağın dəyişdirilməsi üçün dəfələrlə otel idarəçiləri ilə əlaqə saxlanıldığı, lakin bütün otaqların dolu olması səbəbindən otağının dəyişdirilməsinin və həmin gün Azərbaycan Respublikasına geri qayıtmağının təşkil edilməsinin mümkün olmadığı, yaranmış problemin aradan qaldırılması məqsədilə səyahəti boyunca şirkət əməkdaşlarının onunla mütəmadi əlaqə yaratdığı birdirilmişdir. Məktubda qeyd edilən problem istisna olmaqla, digər bütün xidmətlərin lazımi keyfiyyətdə göstərildiyi, bu səbəbdən ödədiyi vəsaitin tam formada geri qaytarılmasından imtina olunduğu, otel dəyişikliyi ile bağlı yaranmış fərqin (220 ABŞ dolları) ona ödənilməsinin və ya 1200 ABŞ dolları dəyərində Dubay şəhərinə 2 nəfərlik tur paketinin ödənişsiz olaraq təklif edildiyi, lakin heç bir təklifi qəbul etmədiyi qeyd edilmişdir. Məsələ ilə əlaqədar Dövlət Xidmətinin əməkdaşı tərəfindən onunla telefon əlaqəsi (***-***-**-**) saxlanılan zaman (q.n.: 6870, xx.xx.2024-cü il) 220 ABŞ dollarının geri qaytarılmasının və 1600 ABŞ dolları dəyərində 2 nəfərlik tur paketinin hədiyyə olaraq təklif edildiyini, lakin təklifləri qəbul etmədiyini, vəsaitin tam olaraq geri qaytarılmasını tələb etdiyini, şirkətin mövqeyi ilə razılaşmadığını bildirmişdir. Həmçinin müraciəti səlahiyyətlərinə aid hissədə mahiyyəti üzrə baxılması üçün “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.10cu maddəsinə əsasən, xx.xx.2024-cü il tarixli 3-21-1/2-H-4xx-xx/2024/3 nömrəli məktubla Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə teqdim edilmişdir. Bildirilmişdir ki, cavabdehin mövqeyi ilə razılaşmadığı təqdirdə, həmçinin maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, mülki icraat qaydasında aidiyyəti üzrə məhkəmədə iddia qaldıra bilər. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 14.0.8-ci maddəsinə əsasən, müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadığı halda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnun olduğu qeyd edilmişdir. - 28 aprel 2025-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı “UNİON VƏKİL BÜROSU”na vəkil Nümayəndə adına 320 (üç yüz iyirmi) manat manat pul ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında 22 avqust 2024-cü il tarixli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən agent bu müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərlə turistə turizm xidmətlərini həyata keçirməli idi. Belə ki, iddiaçı tərəfindən ödənilmiş 3333 (üç min üç yüz otuz üç) manat turpaket ilə cavabdeh iddiaçının Maldivdə (aviabilet və otel də daxil olmaqla) 1 həftəlik istirahətini təşkil etməli idi. Tərəflər arasında vatsap yazışmaları və səs yazıları ilə də müəyyən olunur ki, razılaşmaya əsasən X3 otelində yerləşmə həyata keçirilməli idi. Lakin agent tərəfindən həmin oteldə yerlərin olmaması səbəbindən yerləşmə həyata keçirilməmiş, digər oteldə - X4 View oteldə yerləşdirilmiş, 1 həftə ərzində iddiaçının həmin oteldə istirahəti təşkil edilmişdir. Səs yazılarından görünür ki, iddiaçı həmin otelin otağından narazı olmuş, dənizə görüntüsü olmadığı üçün otelin dəyişdirilməsi, əks halda geri dönüşün həyata keçirilməsini tələb etmiş, lakin bunu həyata keçirmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya xidmətin qüsurlu həyata keçirilməsi işin mübahisəsiz halıdır. Belə ki, iddiaçı tərəfindən seçilmiş və razılaşdırılmış oteldə yerləşmə mümkün olmamış, başqa oteldə yerləşdirilmiş və iddiaçı yerləşdirildiyi otelin otağının dənizə görüntüsü olmadığı üçün xidmətdən narazı qalmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş məbləğin 220 ABŞ dolları hissəsi cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, məlumdur ki, 3333 (üçü min üç yüz otuz üç) manat məbləğində tur paketə - aviabiletlər, oteldə yerləşmə, sığorta, transfer və s xidməti daxildir. Hazırki halda iddiaçı oteldə ona ayrılmış otağın yerləşməsindən və hovuzsuz olmasından narazı qalmışdır. İş materiallarında olan sorğuya cavabdan da görünür ki, otel dəyişikliyi ilə bağlı yaranmış fərq 220 ABŞ dolları təşkil edir. Əksi iddiaçı tərəfidən sübuta yetirilməmişdir. Belə olduğu halda, məhkəmə vurulmuş ziyanın əvəzi olaraq 220 (iki yüz iyirmi) ABŞ dolları (ödənişin icra ediləcəyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) məbləğində pulun qaytarılmasını əsaslı hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Otel sifarişləri üzrə Booking.com internet səhifəsinə baxış zamanı müəyyən olunur ki, hər iki otel – Maldiv Mafuşi bölgəsində yerləşən Arena Beach və X4 View 4 ulduzlu otellərdir və qiymətləndirmələri də 8.7 və 8.4 olmaqla oxşardır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçıya mənəvi zərərin dəyməsi işin mübahisəsiz halıdır. Belə ki, istirahətinin istəyinə uyğun oteldə təşkil olunmaması, sonradan otel dəyişikliyinə məcbur olması şəxsin stress, əsəb keçirməsini danılmaz edir. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 20 nömrəli “ 24” dekabr 2025-ci il tarixli Qərarında göstərilir ki, Mənəvi zərər – fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır. Mənəvi sarsıntı – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan iztirab həddinə çatmayan neqativ emosional vəziyyətidir (stress, qorxu, qəzəb, kədər, alçalma, utanma, məyus olma, qıcıqlanma, uzun müddət davam edən qeyri-müəyyənlik və s.).Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir.Mənəvi iztirab – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan, davamlı fiziki (xəstəlik, orqanların zədələnməsi və ya onlardan məhrum olma, fiziki narahatlıq, ağrı və s.) və (və ya) psixi əzab (depressiya, psixi xəstəlik və s.) çəkməsinə səbəb olan güclü neqativ emosional vəziyyətidir. Mənəvi zərərə görə kompensasiya - hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. X2 7.5-ci bəndinə əsasən mənəvi zərərə görə təzminatın həcmi maddi zərər və sair əmlak xarakterli tələblər ilə bağlı təmin edilmiş iddianın miqdarından asılı olmamalıdır. Təzminatın həcmi məhsulun (işin, xidmətin) dəyərinə və ya cərimə cəzasının məbləğinə əsasən müəyyən edilə bilməz, təzminat hər bir konkret hala münasibətdə zərərçəkmişə vurulmuş mənəvi sarsıntı və (və ya) iztirabların xarakterinə və həcminə əsaslanmalıdır. Mənəvi zərərə görə təzminatın ödənilməsi istehlakçıya dəymiş itkilərin və əmlaka dəymiş zərərin ödənilməsindən asılı olmayaraq həyata keçirilir. X2 7.6-cı bəndinə əsasən mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin artıb-azalması da mümkündür. Belə ki, hadisədən dərhal sonra təzminat tələb edən şəxslə əhəmiyyətli müddətin keçməsindən sonra tələb irəli sürən şəxs arasında zərərin təsiri ilə bağlı qiymətləndirmə aparılmalıdır. Belə olan halda məhkəmə mənəvi zərər görə Cavabdeh MMC-dən 500 (beş yüz) manat məbləğində pulun İddiaçı xeyrinə tutulmasını ağlabatan hesab edir. Məhkəmə mənəvi zərərin həcmini müəyyən edərkən, sözügedən hadisədən 1 il yarımdan çox müddətin keçməsini də nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir; Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının MPM-in 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməli, iş materialında olan ödəniş qəbzinə əsasən, hüquqi xidmətə görə 320 (üç yüz iyirmi) manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 74 (yetmiş dörd) manat məbləğində pulun 30 (otuz) manat hissəsi Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən vurulmuş 220 (iki yüz iyirmi) ABŞ dolları (ödənişin icra ediləcəyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) məbləğində pul, vurulmuş mənəvi ziyana görə 500 (beş yüz) manat və hüquqi xidmətə görə ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 74 (yetmiş dörd) manat məbləğində pulun 30 (otuz) manat hissəsi Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-6936/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6936/2025
05.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver