Məhkəmə qərarları › İş №e-2(004)-6950/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6950/2025

15.01.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6950/2025 15.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının (kompensasiyanın) ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının (kompensasiyanın) ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini təmin edərək, Cavabdeh 06 oktyabr 2025-ci il tarixdə onun əmək müqaviləsinə xitam verilməsinə dair əmrini ləğv edərək - həmin xx.xx.2025-ci il tarixdən etibarən məcburi proqula görə bütün kompensasiya ona ödənilməklə və əmək müqaviləsi də müddətsiz hesab olunmaqla öz işinə bərpa edilməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun əmək müqaviləsi işəgötürən Cavabdeh MMC tərəfindən imzalanıb təsdiq edilsə də, o, Şamaxı Şəhərində yerləşən keçmiş “Komxoz” adlı, indiki "xxxx" MMC-nin nəzarəti altında “Təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi” vəzifəsində işləyirdi. Bəzən el arasında işlədiyi bu Dövlət Müəssisəsinə - qeyri-rəsmi olaraq Cavabdeh Şamaxı filialı da deyirlər. Əmək müqavilələrindən görünür ki, o, xx.xx.2019-cu il tarixdən müddətli əmək müqaviləsi ilə Cavabdeh MMC-də “Təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi” vəzifəsinə işə qəbul edilmişdir. Hər il onun əmək müqaviləsinin müddəti 1 (bir) il artırılmaqla fasiləsiz müddətli əmək müqaviləsi ilə 6 (altı) il 6 (altı) ay həmin vəzifədə işlədi. İşlədiyi müddətdə nümunəvi olduğuna görə rəhbərlik tərəfindən heç vaxt xəbərdarlıq, töhmət və digər inzibati tənbeh növündə cəza almamışdır. Lakin əmək müqaviləsi üzrə növbəti bir il müddət tamam olmamış qeyri-qanuni və həm də ona heç bir xəbərdarlıq məlumatı verilmədən işdən çıxarılmışdır. Heç buna dair işdədiyi Cavabdeh MMC-nin Həmkarlar Təşkilatının hər hansı qərarı da mövcud deyildir - əgər olsaydı, bu barədə ona əvvəlcədən məlumat verilərdi. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, guya əmək müqaviləsinin müddətinin qurtarması səbəbi göstərilməklə qeyri-qanuni olaraq o, işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. X1 daxil edilmiş Əmək müqaviləsi bildirişlərindən aşkar görünür ki, o, xx.xx.2019-cu il tarixdən xx.xx.2025-ci il tarixinədək Cavabdehndə 6 il 6 ay müddətində fasiləsiz müddətli əmək müqaviləsi ilə işləmişdir. Buna görə də onun əmək müqaviləsi müddətsiz hesab olunmalıdır. Bununla əlaqədar rəy verilməsi üçün X2 Xidmətinə rəsmi müraciət etsə də hələlik onlardan ona hər hansı bir məlumat və çağırış göndərilməyib. Beləliklə o, Mediasiya Təşkilatına müraciət etdi. Lakin mediasiya arayışından görünür ki, Cavabdeh MMC həmin prosesdə iştirak etməkdən yayınmışdır. Odur ki, o, qanunamüvafiq qaydada və müddətdə “işə-bərpa və məcburi proqula görə kompensasiya” tələbi ilə məhkəməyə müraciət edir. Hesab edir ki, Cavabdeh MMC-nin 06 oktyabr 2025-ci il tarixdə onun əmək müqaviləsinə xitam verilməsinə dair əmri ləğv edilməli və həmin xx.xx.2025-ci il tarixdən öz işinə bərpa edilməklə, həmin tarixdən məcburi proqula görə bütün kompensasiya ona ödənilməklə və əmək müqaviləsi də müddətsiz hesab olunmaqla öz işinə bərpa edilməlidir. Cavabdeh MMC iddia tələbinə qarşı etiraz verərək bildirmişdir ki, İddiaçı iddia tələbi əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 30 oktyabr tarixli 602 nömrəli Sərəncamı ilə 2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası təsdiq edilmişdir. “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prenzidentinin Sərəncamı sosial cəhətdən həssas əhali qruplarının əmək bazarında iştirakının artırılmasına yönəldiyindən “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” məşğulluğun inkişafına dair işçi qüvvəsinin bacarıqlarının yüksəldilməsi, əmək məhsuldarlığının artırılması, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi təmin edilir. Sözügedən sərəncamın 4.4.5-ci maddəsinə əsasən işsiz və işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunun çevik və səmərəli təşkili məqsədilə əmək birjalarının və haqqı ödənilən ictimai işlərin təşkili mexanizminin yeniləşdirilməsi əsas prioritetlərdən biridir. Bu dövlət proqramı 2019-2030-cu illəri əhatə etdiyindən, həmçinin sosial layihə olduğundan müvəqqəti xarakter daşıyır. Bu proqramdan irəli gələn məsələrin həll edilməsi və ən əsas da proqramdan hər bir vətəndaşın yaralanması əsas prioritetlərdən biridir. Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən 2019-cu ilin əvvəlindən ictimai işlərin təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan “İşsizin DOSTu” proqramına başlanılmışdır. Həmin proqram Cavabdeh MMC tərəfindən icra olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 84 nömrəli Qərarı ilə təsdiqlənmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 1.2-ci bəndinə əsasən haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.6-cı bəndinə əsasən isə ictimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “e” bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Yuxarıda qeyd olunan Qanunların tələbləri nəzərə alınaraq tərəflərin qarşılıqlı razılığı ilə İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixində əmək müqaviləsi bağlanılaraq Şamaxı "xxxx" MMC ictimai işlər üzrə köməkçi vəzifəsinə təhkim edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin (müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) 1-ci bəndinə əsasən əmək müqaviləsinə xitam veriləcəyinə dair “Xidmət üçün müraciətlə bağlı” bildiriş xx.xx.2025-ci il tarixində Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemi vasitəsilə İddiaçı göndərilmiş, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə uyğun olaraq İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xitam verilmiş və son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) ödənilmişdir. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixində bağlanılmış əmək müqaviləsinin 2.3-cü maddəsinə əsasən müqavilə 1 (bir) ay müddətinə bağlanmışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqavilələri sərbəst bağlanılır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. İddiaçı özü də əvvəlcədən onunla müddətli əmək müqaviləsi bağlanılmasına razı olmuş və həmin dövrlərdə bu halı heç vaxt mübahisələndirməmişdir. Yalnız onunla bağlanmış əmək müqaviləsi ləğv edildikdən sonra müqavilə üzrə maddi hüquq normalarının pozulmasına istinad edərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ilə bağlanılmış əmək müqaviləsi ölkə miqyasında icra olunan, əhalinin sosial rifahının yüksəldilməsi və dayanıqlı məşğulluğunun təmin edilməsini nəzərdə tutan müddətli layihənin həyata keçirilməsindən irəli gəlmiş, vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək və bir çox vətəndaşın həmin layihədən yaralanması layihənin əsas prioritetlərindən hesab edilmişdir. Qanunvericiliyin tələbinə əsasən bu hal, yəni şəxsin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi əmək müqaviləsinin müddətli bağlanılmasına yol verilən hallar siyahısına daxil edilmişdir. Əmək müqaviləsi 1 ay müddətə nəzərdə tutulmuş, 1 aylıq müddət başa çatdıqdan sonra tərəflər əmək müqaviləsinə xitam verilməsini tələb etmədikləri halda müqavilənin eyni şərtlərlə uzadılması nəzərdə tutulmuşdur. Məlumat üçün bildirmişdir ki, hazırki mübahisə üzrə cavabdeh MMC olsa da, həmin MMC-nin fəaliyyət sosial yönümlü olmaqla dövlət layihəsidir (MMC-nin idarəretməsi dövlətə məxsusdur) və işçilərin təminatı vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi məqsədilə məhz dövlət tərəfindən həyata keçirilir. Belə olan halda məhkəmə hazırki hüquq münasibətlərinə formal olaraq deyil, mahiyyəti üzrə baxmaqla qiymətləndirməyi zəruri hesab etməlidir. Dövlətin müvafiq sosial layihəsi üzrə işçi uzun müddət işləmiş və məşğulluğunu, maddi təminatını qarşılamışdır, lakin müvafiq sosial layihədən təkcə eyni vətəndaşlar deyil, müxtəlif digər vətəndaşlar da faydalanmalı, dövlət məhdudiyyətsiz formada qeyri-müəyyən müddətə əmək münasibətlərini davam etdirməkdə yüklənməməlidir. Nəzərə alınmalıdır ki, sözügedən sosial layihələr müvafiq dövrə tətbiq edilməklə məhdud (müvəqqəti) xarakterlidir və vətəndaşları işləməyə, əməyə təşviq edir, maddi təminatlarına dəstək verir. Dövləti daimi əsaslarla əmək müqaviləsi bağlamaqla mükəlləf etmək həmin layihənin sosial mahiyyətinə və işçilərin pozulmuş əmək hüquqlarının müdafiəsinin fəlsəfəsinə uyğun gəlmir. Nəzərə alınmalıdır ki, müddətli, xüsusən 1, 2, 3 aylıq qısa müddətli əmək müqavilələrinə məhkəmələrin yanaşması təcrübi olaraq fərqlidir və bu münasibətlərdən işçilərin müdafiəsinin maksimal təminatı qorunur. Yəni, məlumdur ki, heç kim 1-2-3 aylıq müqavilə bağlamaqda maraqlı deyil, hər kəs istəyər ki, (istisnalar xaric) əmək müqavilələri təminatlı, daimi və uzun müddətli olsun. Bununla da, işəgötürənlərin işçilər üzərindəki hüquqlarından sui-istifadə etmək imkanları qanunla və məhkəmə vasitəsilə məhdudlaşdırılır, lakin hazırki mübahisədə yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, bir tərəfdə (işəgötürən) dövlət və dövlətin sosial layihəsi dayanır. Dövlətin sosial siyasətinə uyğun olaraq büdcəsinin sosial yönümlə xərcləri müvafiq məbləğlərlə məhdudlaşır, xərclərin həddləri büdcə imkanları həddində dəyərləndirilir. Hazırda həmin layihənin getdikcə məhdudlaşdırılması, analoji digər layihələrin tətbiq edilməsi, özünü məşğulluğun təmin edilməsi müvafiq dövlət orqanları tərəfindən planlaşdırılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73.1-ci maddəsində qeyd olunur ki, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Bu maddəyə əsasən müddətli əmək müqaviləsinin uzadılmasının tərəflərin iradə ifadə etməsindən əlavə cəmi bir yolu vardır. Yəni işçi heç bir etiraz olmadan müddətli əmək müqaviləsi müddəti bitməsindən sonra da əvvəl olduğu kimi maneəsiz işləməlidir və işəgötürən bu hala etiraz etməməlidir. Bu halda müqavilə uzadıla bilər. Qanunverici müqavilənin uzadılmasının digər halını müəyyən etməmişdir. Yuxarıda göstərilən hal müqavilə azadlığı hüququ və tərəflərin bərabərliyi prinsipi baxımından da yolverilməzdir. Belə ki, iddia təmin edildiyi halda məhkəmə işəgötürənin üzərinə öhdəlik qoyur ki, işçi ilə yenidən müqavilə bağlasın. Halbuki müqavilə azadlığı hüququ və tərəflərin bərabərliyi prinsipi bazar iqtisadiyyatının ən ümdə prinsiplərindən biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 1 və 5-ci hissələrinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsasıdır. Bildiririk ki, ilkin mediasiya sessiyasında iştirak edilməsi üçün Cavabdeh MMCyə hər hansı bildiriş daxil olmamışdır. İş materiallarından da göründüyü kimi mediator X3 tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə riayət etmədən düzgün arayış və ya protokol tərtib etməmiş və ilkin mediasiya sessiyası aidiyyəti üzrə göndərilməsi üçün zəruri hərəkətlər etməmişdir. Göründüyü kimi İddiaçı “məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğunu təsdiq edən sənədi” qanunvericiliyin tələblərinə riayət etmədən məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hesab edir ki, yuxarıda qeyd edilmiş qanunvericiliyin tələblərinə əsasən İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi proqula görə kompensasiya” tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Qeyd olunanlara əsasən İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi proqula görə kompensasiya” tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, o, 6 ildən çox Kommunal İdarədə çalışmışdır. Hər il müqaviləsinin müddəti bitdikcə 1il müddətinə uzadılıb. Cavabdeh MMC tərəfindən onun “işə bərpa və məcburi proqula görə kompensasiya” iddia tələbinə qarşı beş səhifəlik əsassız etiraz yazılmışdır. Bu əsassız etirazda yazılanlardan görünür ki, həm Mediasiya Təşkilatı, həm də o, guya qanunları və normativ aktları pozmaqları səbəbləri ilə günahlandırılırlar. İşə baxan Mediasiya Təşkilatının onun müraciətinə baxması ilə bağlı bildirmişdir ki, Mediasiya Təşkilatının əməkdaşı tərəfindən cavabdehə nəinki rəsmi bildiriş göndərildi, hətta telefon zəngləri edilsə də cavabdeh telefonla cavab verərək mediasiya prosesində iştirakdan imtina etdi. Mediasiya Təşkilatının iclası guya Şamaxıda yox, Bakıda olsaydı nə olacaq idi ki...? Mediasiya prosesi mübahisənin barışıq yolu ilə həll edilməsini tənzimləyən orqandır ki, cavabdeh buna razılaşmayıb orada iştirakdan imtina etmişdir. Qaldı ki, cavabdeh etirazında yazıb ki, Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 30 oktyabr tarixli 602 nömrəli Sərəncamı ilə 2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası təsdiq edilmişdir. “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prenzidentinin Sərəncamı sosial cəhətdən həssas əhali qruplarının əmək bazarında iştirakının artırılmasına yönəldiyindən “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” məşğulluğun inkişafına dair işçi qüvvəsinin bacarıqlarının yüksəldilməsi, əmək məhsuldarlığının artırılması, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi təmin edilir. Sözügedən sərəncamın 4.4.5-ci maddəsinə əsasən işsiz və işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunun çevik və səmərəli təşkili məqsədilə əmək birjalarının və haqqı ödənilən ictimai işlərin təşkili mexanizminin yeniləşdirilməsi əsas prioritetlərdən biridir. Bu dövlət proqramı 2019-2030cu illəri əhatə etdiyindən, həmçinin sosial layihə olduğundan müvəqqəti xarakter daşıyır. Bu proqramdan irəli gələn məsələrin həll edilməsi və ən əsas da proqramdan hər bir vətəndaşın yaralanması əsas prioritetlərdən biridir. Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən 2019-cu ilin əvvəlindən ictimai işlərin təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan “İşsizin DOSTu” proqramına başlanılmışdır. Həmin proqram “X5 ” MMC tərəfindən icra olunur. Çox yaxşı, əgər həqiqətən də 2030-cu ildə Cavabdeh MMC ləğv edilərsə, onda müəssisə (təşkilat və ya MMC) ləğv edildiyinə görə o da qanun-qayda ilə işdən azad edilər. Amma indiki halda cavabdehin yazdıqları mövcud deyildir, yəni Cavabdeh MMC Azərbaycan Respublikasında fəaliyyət göstərir. 2030-cu ilə hələ çox var. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndində heç bir şərt qoyulmadan yazılıb ki, müddətli əmək müqaviləsi fasiləsiz olaraq beş ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Ona görə də Cavabdeh MMC-nin bu etirazında istinad etdiyi bütün halların hamısı əsassızdır. Hər bir vətəndaşın sosial şəraitinin yaxşılaşdırılması və işsizlərin münasib işlə təmin olunması, həmçinin digər sosial layihələr dövlət tərəfindən həyata keçirilir. Azərbaycan Dövləti məni xx.xx.2019-cu ildən bacardığı münasib işlə təmin etmişdir və həmin Cavabdeh MMC, özlərinin etiraf etdiyi kimi hələ 2030-cu ilədək fəaliyyətdədir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndi onlara da aiddir. Odur ki, cavabdehin etirazı tamamilə əsassız olduğundan nəzərə alınmamalı və onun iddia tələbi haqlı, qanuni və əsaslı olduğundan təmin edilməlidir. Ona verilən suallara cavab olaraq bildirdi ki, əmək kitabçasını ona verməyiblər. Əmr ona təqdim olunmayıb, özü götürmüşdür. Bildiriş ona gəlməyib. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək, iddia tələbinə etirazın məzmunu ilə eyni məzmunlu izahat verdi və ona verilən suallara cavab olaraq bildirdi ki, iddiaçının sonuncu əmək müqaviləsi 2024-cü ilin mart ayında bağlanılıb. 1 ay müddətinə bağlanılmış əmək müqaviləsidir. 29 sentyabr tarixində iddiaçıya xəbərdarlıq məktubu göndərilib. 06 oktyabr tarixində işdən azad edilib. Regionlarda filialları yoxdur. İddiaçı Həmkərların üzvü deyil. Xəbərdarlıq məktubunu ƏMAS vasitəsi ilə göndərmişlər. İşçilərlə 1 ay müddətinə müqavilə bağlayırlar. Sosial layihədir, daimi xarakter daşımır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, iddia tələbinə etirazın məzmunu ilə eyni məzmunlu izahat verdi və ona verilən suallara cavab olaraq bildirdi ki, ilk dəfə müqavilənin nə vaxt bağlanması barədə məlumatı yoxdur. Son müqavilə 2024-cü ilin mart ayında bağlanılmışdır. Aprel ayına kimi 1 aylıq müddətdə bağlanılıb. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən iddiaçı Şamaxı rayonunda təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə işə qəbul olunmuşdur. Müqavilənin 2.1-ci bəndinə əsasən bu əmək müqaviləsi müddətsiz bağlanmışdır. Müqavilənin 2.3-cü bəndinə əsasən bu əmək müqaviləsi “47f. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə” bəndində qeyd olunan səbəbə görə xx.xx.2024-cü il tarixinədək 1 ay 1 gün müddətinə bağlanmışdır. Müqavilənin 2.4-cü bəndinə əsasən işçi 05 mart 2024-cü il tarixdən işə başlayır. - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli müddətli əmək müqaviləsinə əsasən Cavabdeh MMC tərəfindən təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi kimi qeyd edilmişdir. Əmək müqaviləsinin müddətinin bitdiyi tarix xx.xx.2019-cu il qeyd edilmişdir. - Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli müddətli əmək müqaviləsinə əsasən Cavabdeh MMC tərəfindən Şamaxı rayonunda təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi kimi qeyd edilmişdir. Əmək müqaviləsinin müddətinin bitdiyi tarix xx.xx.2022-ci il qeyd edilmişdir. - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli müddətli əmək müqaviləsinə əsasən Cavabdeh MMC tərəfindən Şamaxı rayonunda təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi kimi qeyd edilmişdir. Əmək müqaviləsinin müddətinin bitdiyi tarix xx.xx.2024-cü il qeyd edilmişdir. - Cavabdeh MMC-nin 06 oktyabr 2025-ci il tarixli, 3-17-7/3-4-6812/2025 saylı əmrindən çıxarışa əsasən Cavabdeh MMC-də müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş Şamaxı rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə əsasən xx.xx.2025-ci il tarixindən xitam verilmişdir. - xx.xx.2025-ci il tarixli, MŞŞ/MT-060/202-0085 saylı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə uyğun olaraq, əmək tələbi üzrə xx.xx.2025ci il tarixində, 14:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyi barədə arayış verilmişdir. Həmin arayışdan, eyni zamanda görünür ki, əmək mübahisəsi üzrə mediasiyanın tətbiqi barədə təklif 28 oktyabr 2025-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin Məcəllənin 47-ci maddəsinə əsasən işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübəsınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə, qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.5-ci bəndinə əsasən haqqı ödənilən ictimai işlər – müvəqqəti məşğulluğun təmin edilməsi məqsədi ilə bu Qanuna uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. . “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli Qərarı: 2.6. İctimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Zəruri hallarda müəssisə və məşğulluq mərkəzinin birgə razılığı ilə bu müddət artırıla bilər. 2.7. İctimai işlərdə iştirak etmək istəyən işsiz şəxslərlə işəgötürənlər arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq müddətli əmək müqaviləsi bağlanılır. İşsizlikdən sığorta ödənişi almayan işsiz şəxslər belə müqavilələrin bağlanmasında üstün hüquqa malikdirlər. Əmək qanunvericiliyi, işsizlikdən sığorta və sosial sığorta haqqında qanunvericilikictimai işlərdə məşğul olan vətəndaşlara da şamil edilir. 2.8. Müqaviləyə əsasən ictimai işlərin yerinə yetirilməsi müddəti qurtardıqda və bu müddət ərzində işsiz şəxs daimi iş yeri ilə təmin olunmadıqda mərkəzlər işsiz şəxsi yenidən ictimai işlərə göndərə bilər və yaxud ona yeni peşə və ixtisasa yiyələnmək təklif edə bilər Beləliklə, işdən də görünür ki, cavabdeh ictimai işlərin görülməsi üçün iddiaçı tərəfindən müqavilə əsasında 1 aylıq müddətə işlə təmin edilmiş, tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə azı bir həftə qalmış müqaviləyə xitam verilməsi barədə xəbərdar etmədiyindən həmin müddət bir neçə dəfə uzadılmış, cavabdeh xx.xx.2025-ci il tarixdə (müddətinin bitməsinə azı bir həftə qalmış) iddiaçını elektron informasiya sistemi vasitəsilə xəbərdarlıq etməklə 06 oktyabr 2025-ci il tarixindən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam vermişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən və müqavilənin müddəti qurtardığına görə ona xitam verilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilmiş, hər hansı qanun pozuntusuna yol verilməmişdir. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 47-ci maddəsində əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bilməsi ilə bağlı bir sıra hallar göstərilib. Həmin hallardan biri kimi də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülməsidir. Digər tərəfdən iddiaçı ilə bağlanmış əmək müqaviləsi onunla işəgötürənin qarşılıqlı razılığı əsasında müddətli bağlanmış, həmin müqavilə iddiaçı tərəfindən imzalanmışdır. Müddətli əmək müqaviləsinin bağlanması üçün əsas şərt işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmamasıdır. Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə bağlıdır. İddiaçının əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin xarakteri müvəqqəti xarakterli ictimai işlər olmuşdur. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən və iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının (kompensasiyanın) ödənilməsi” tələbinə dair iddia tələbləri rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar