Məhkəmə qərarları › İş №e-2(004)-6953/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6953/2025

16.02.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6953/2025 16.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı oğlu Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 təqsiri nəticəsində İddiaçı gecikdirilərək ödənilmiş 71827.08 manat pulun 26 faizi, yəni 26 gün üçün, günə 1 faiz hesablanmaqla, ümumilikdə 18675 (on səkkiz min altı yüz yetmiş səkkiz) manat ödəncin cavabdehdən tutularaq ödənilməsi, iddiaçıya ödənilmiş məzuniyyət müddəti üzrə orta əmək haqqı hesablanarkən ona məcburi işburaxma dövrünə görə ödənilmiş pul məbləği nəzərə alınmaqla məzuniyyət pulunun yenidən və düzgün şəkildə hesablanaraq yaranmış fərqin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2002-ci ildən xx.xx.2025-ci ilə qədər fasiləsiz olaraq Dövlət Sosial Müdafiə Fondunun müxtəlif strukturlarında fərqli vəzifələrdə işləmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu 12 may 2022-ci il tarixində iddiaçı ilə olan əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam vermişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmiş və çoxsaylı məhkəmə proseslərinin nəticəsində Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4615/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə o, işə bərpa edilmişdir. Cavabdeh bununla bağlı 28 noyabr 2024-cü il tarixli əmr qəbul edərək, 12 may 2022-ci il tarixli əmri ləğv etmiş və İddiaçı 02 dekabr 2024-cü ildən etibarən yenə də öz vəzifəsində işləməyə davam etmişdir. İddiaçı işə bərpa edildikdən sonra ona əmək haqqı, məzuniyyət pulu və digər məbləğlər ödənilmişdir. İddiaçıya müəyyən qədər məbləğdə ödəniş edilsə də, bu tam və dəqiq olmamışdır. Həmçinin həmin məbləğlər iddiaçıya gecikdirilməklə ödənilmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fonduna sorğu göndərilmiş və həmin sorğuya cavabdeh tərəfindən cavab verilmişdir. Sorğuya cavabda qeyd edilmişdir ki, İddiaçı (2022-ci il 13 may- 2024-cü il 13 iyun tarixləri) üçün hesablanmış 71827.08 manat əmək haqqı və mediasiya təşkilatında iştirakı ilə əlaqədar ödənilmiş 50 manat məbləğində rüsumun dəyəri ödənilmişdir. Həmin ödənişlər müvafiq olaraq 2024-cü ilin 14 dekabr və 28 dekabr tarixlərində edilmişdir. Hazırda iddiaçının tələbi 2 hissədən ibarətdir: 1. Məcburi işburaxma müddəti üçün ödənilmiş əmək haqqı məbləğinin gecikdirildiyi üçün hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi 2. Onun işə bərpa edilməsi ilə əlaqədar ödənilmiş məzuniyyət pulu hesablanarkən məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanmasında yanlışlığa yol verilməsi və ona ödənilmiş məcburi iş buraxma müddəti üçün olan pulun orta əmək haqqına daxil edilməməsi. Belə ki, iddiaçı 02 dekabr 2024-cü il tarixində işə bərpa edilsə də, ona məcburi işburaxma dövrü üzrə ödəniş məbləği 28 dekabr 2024-cü il tarixdə, yəni 26 gün sonra edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.2-ci maddəsində qeyd edilmişdir ki, Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Həmçinin AR “İcra haqqında” Qanunun 70.2-ci maddəsində qeyd edilmişdir ki, işə bərpa etmək haqqında icra sənədi dərhal icra edilir. Qanunsuz olaraq işdən çıxarma və ya başqa işə keçirmə haqqında sərəncamın ləğv olunması barədə müdiriyyətin müvafiq əmrindən sonra işçinin əvvəlki vəzifələrini yerinə yetirməyə başladığı andan icra sənədi icra olunmuş hesab edilir. Əmək Məcəlləsinin 172.5-ci maddəsində isə göstərilmişdir ki, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Yuxarıda göstərilənlərdən də aydın olur ki, icra sənədi 02 dekabr 2024-cü il tarixdə icra edilmiş sayılmalı və iddiaçıya məcburi işburaxma dövrü hesablanmış məbləğ işə bərpa edildiyi gün ödənilməli idi. Lakin cavabdeh orqan tərəfindən məcburi işburaxma dövrü hesablanmış məbləğ işçinin işə bərpa edildiyi 02 dekabr 2024-cü il tarixdə deyil, işəgötürənin təqsiri üzündən 26 gün gec, yəni 28 dekabr 2024-cü il tarixində edilmişdir. Bu səbəbdən hesab edirik ki, İddiaçı 26 gün üçün, günə 1 faiz hesablanmaqla 71827.08 manat pulun 26 faizi, yəni 18675 manat pul vəsaiti tutularaq ödənməlidir. İddiaçının ikinci tələbi üzrə isə qeyd edir ki, ona məzuniyyət pulu 2025-ci ilin yanvar ayında hesablanmış və ödənilmişdir. Lakin məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan ödənişlərin siyahısında məcburi işburaxma dövrünün ödənilməsi öz əksini tapsa da, cavabdeh qanunsuz olaraq həmin məbləği orta əmək haqqı hesablanarkən nəzərə almamışdır Cavabdeh iddia tələbinə dair etiraz və etiraza əlavə təqdim edərək qeyd etmişdir ki, İşin hallarına əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə İddiaçı Fondda işə bərpa edilmiş və məcburi iş buraxma müddəti üçün hesablanmış 71.827,08 manat əmək haqqı 2024-cü ilin 14 dekabr və 28 dekabr tarixlərində ona ödənilmişdir. Eyni zamanda İddiaçı 2025-ci ilin 21 yanvar və 21 aprel tarixlərində əmək məzuniyyətinə çıxmışdır. Birinci tələb üzrə qeyd edir ki, İddiaçı 2022-ci il 13 may tarixindən 2024-cü il 13 iyun tarixinədək olan məcburi iş buraxma dövrü üçün 71.827,08 manat əməkhaqqı 2024-cü ilin 14 dekabr və 28 dekabr tarixlərində ona ödənilmişdir. İddiaçı birinci tələbi üzrə Əmək Məcəlləsinin 172-ci maddəsinə istinad edərək, məcburi iş buraxma müddəti üçün hesablanmış məbləğ 26 gün gecikdirilərək ödənildiyi üçün 71.827,08 manatın 26 faizi - 18.675 manatın ödənilməsini xahiş etmişdir. Lakin Əmək Məcəlləsinin 172-ci maddəsini hazırkı mübahisəyə tətbiq etmək tamamilə əsassızdır. Məcəllənin qeyd olunan maddəsi aylıq ödənilən əməkhaqqıya aid edilmişdir. Həmin maddənin 2 il 1 aylıq məcburi iş buraxma müddəti üçün ödənilən 71.827,08 manat məbləğə aid edilməsi nəzərdə tutulmamışdır. İddiaçının ikinci tələbi üzrə isə bildirir ki, onun cari iş ilində (2025-ci il yanvar və aprel ayları üzrə) əmək məzuniyyətinə çıxması ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qərarı ilə təstiq edilmiş məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmayan ödənişlər istisna olmaqla hesablanaraq ödənişə təqdim edilmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı 2025-ci il yanvar ayı üzrə əmək məzuniyyətinin hesablanması zamanı məcburi iş buraxma dövrü üçün ödənilmiş məbləğin 2024-cü ilin yanvar ayından 2024-cü ilin dekabr ayınadək olan hissəsi, habelə həmin dövrdə ödənilmiş digər əmək haqqı məbləğləri nəzərə alınmaqla hesablanmış və ödənişə təqdim edilib. Eyni zamanda, 2025-ci il aprel ayı üzrə əmək məzuniyyətinin hesablanması zamanı məcburi iş buraxma dövrü üçün ödənilmiş məbləğin 2024-cü ilin aprel ayından 2024-cü ilin dekabr ayınadək olan hissəsi üzrə nəzərə alınan ödənişlər, həmin dövrdə ödənilmiş digər əmək haqqı məbləğləri, eləcə də 2025-ci ilin yanvar, fevral və mart ayları üzrə ödənilmiş əmək haqqı məbləğləri əsasında hesablanaraq ödənişə təqdim olunmuşdur. Bir halda ki, iddiaçı ona ödənilmiş məzuniyyət pulunun hesablanması zamanı məcburi iş buraxma müddəti üçün əməkhaqqının da nəzərə alınmasını tələb etmişdir, işçinin məzuniyyətə çıxması zamanı son 12 aylıq gəlirinə uyğun olaraq orta aylıq əmək haqqının hesablanmasında onun son 12 aylıq müddəti əhatə edən məcburi iş buraxma üçün əmək haqqı da nəzərə alınmışdır. Lakin əgər iddiaçı 2 il 1 aylıq müddət üçün hesablanmış məcburi iş buraxma 71.827,08 manat məbləğində əməkhaqqının son 12 aylıq orta aylıq əməkhaqqının hesablanması zamanı nəzərə alınmasının tələb edirsə, bu tamamilə əsassızdır. iddiaçının nümayəndəsi yuxarıda qeyd olunan AR ƏM-nin 140-cı maddəsinin 2-ci bəndini əsas götürərək iddiaçının əməkhaqlarının 12-yə deyil, faktiki əməkhaqqı aldığı 7 aya bölünməli olmasını iddia etmişdir. Həmin norma 12 təqvim ayından az əmək münasibətində olan işçilərə şamil edilir. Məsələn, işçi işə qəbul edildiyi tarixdən 6 ay sonra əmək məzuniyyətinə çıxırsa, bu zaman 6 ay üzrə cəmlənmiş məbləğ 6-yə bölünməklə orta əmək haqqı müəyyən edilə bilər. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı Fondda əvvəlki vəzifəsinə bərpa edilmiş, məcburi iş buraxma müddəti kimi nəzərə alınmamasına baxmayaraq, həmin qətnamə əsasında 13 iyun 2024 - 02 dekabr 2024-cü il tarixlərini əhatə edən dövrdə işəgötürən Fond ilə əmək münasibətlərində olmuşdur. Bununla da qeyd olunan normanın İddiaçı tətbiq edilməsi mümkün hesab edilə bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, iddianı müdafiə edir və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 etiraza uyğun ifadə verərək iddia tələbinin əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-4615/2023 saylı qətnaməsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun **********3 saylı, xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi ilə bağlanan əmək müqaviləsinin müddətsiz hesab edilməklə işə bərpa edilməsi və və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icra edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin məcəllənin 172.5-ci maddəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin Məcəllənin 139-cu maddəsinə, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. Həmin Məcəllənin 140.1-ci maddəsinə əsasən, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. Məzuniyyət vaxtı üçün orta əməkhaqqı hesablanarkən qismən ödənişli sosial məzuniyyətdə və ya işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işlənilməyən və ya tam işlənilməyən aylar yaxın tam işlənilən təqvim ayları ilə əvəz olunur. Həmin məcəllənin 140.2-ci maddəsinə əsasən 12 təqvim ayından az əmək münasibətində olub məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair 11 aprel 2023-cü il tarixli qərarında formalaşan hüquqi mövqeyə əsasən müəyyən edilir ki, işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər. Şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.). Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin müvafiq öhdəlikləri yaranmış olmalıdır. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin “Qeyd” hissəsinə görə, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır. Həmin qərarda qeyd olunur ki, qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi ilə İddiaçı arasında bağlanmış xxxxxxx000300 saylı, xx.xx.2020-ci il tarixli 264 nömrəli əmək müqaviləsinə əsasən, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının Sosial Sığorta ödəmələri departamentinin Birdəfəlik və tənzimlənən müavinət sənədlərinin emalı şöbəsinin baş mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin 2.1-ci bəndinə görə bu müqavilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 3 ay müddətinə bağlanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2020-ci il tarixli **********3 nömrəli əmrindən Çıxarışa əlavədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının baş mütəxəssisi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun **********3 saylı, xx.xx.2022-ci il tarixli əmri ilə İddiaçı xx.xx.2022-ci il tarixdən müddətli əmək müqaviləsində göstərilən müddətin bitməsinə görə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 **********3 saylı, 12 may 2022-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi, 30 may 2022-ci il tarixində gecikdirilməklə ödənilmiş son haqq-hesabın gecikdirildiyi hər gün üçün 1 faiz olmaqla, ümumilikdə 18 gün üçün 18 faiz hesablanmaqla cavabdehdən tutulması, iş vaxtından artıq işlənilmiş vaxtın hesablanaraq ödənilməsi və mediasiya təşkilatında mediasiya keçmək üçün ödənilmiş 50 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mübahisələri iddiaçının xeyrinə həll edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-4615/2023 saylı qətnaməsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun **********3 saylı, xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi ilə bağlanan əmək müqaviləsinin müddətsiz hesab edilməklə işə bərpa edilməsi və və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icra edilmişdir. İddiaçının hazırda tələbi 2 hissədən ibarətdir: 1.Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 təqsiri nəticəsində İddiaçı gecikdirilərək ödənilmiş 71827.08 manat pulun 26 faizi, yəni 26 gün üçün, günə 1 faiz hesablanmaqla, ümumilikdə 18675 (on səkkiz min altı yüz yetmiş səkkiz) manat ödəncin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi;

2. iddiaçıya ödənilmiş məzuniyyət müddəti üzrə orta əmək haqqı hesablanarkən ona məcburi işburaxma dövrünə görə ödənilmiş pul məbləği nəzərə alınmaqla məzuniyyət pulunun yenidən və düzgün şəkildə hesablanaraq yaranmış fərqin iddiaçıya ödənilməsi. İşin hallarından görünür ki, İddiaçı məhkəmə qətnaməsinə əsasən 2 dekabr 2024-cü il tarixdə işə bərpa edilmişdir. Ona məhkəmə qətnaməsinə əsasən məcburi iş buraxma müddəti üçün hesablanmış 71.827,08 manat pul vəsaiti 2024-cü ilin 14 dekabr və 28 dekabr tarixlərində ödənilmişdir. İddiaçı hazırda hesab edir ki, ona ödənilməli olan vəsait 26 gün gecikdirilərək ödənildiyinə görə hər gün üçün 1 faiz hesablanmaqla, ümumilikdə 18675 (on səkkiz min altı yüz yetmiş səkkiz) manat ödəncin cavabdehdən tutularaq ona ödənilməlidir. Cavabdeh isə qeyd edir ki, məcburi iş buraxma müddəti üçün hesablanmış pul vəsaitinin 26 gün gecikdirilməsinin səbəbi iddiaçının xarici ölkədə olması olmuş, həmçinin həmin vəsait aylıq əmək haqqı hesab edilmədiyindən onun gecikdirilməsi əmək haqqının gecikdirilməsinə bərabər tutula bilməz.Məhkəmə iddia tələbinin birinci hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə əsaslı sayıla bilməz. Əmək qanunvericiliyinə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Qeyd olunduğu maddənin dispozisiya şərtləri baxımından uyğunluğun müəyyən edilməsi üçün hazırki vəziyyətdə işəgötürənin təqsiri müəyyən edilməlidir. Çünki qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsini hazırkı mübahisəyə tətbiq etmək tamamilə əsassızdır. Məcəllənin qeyd olunan maddəsi aylıq ödənilən əmək haqqıya aid edildiyindən hazırki mübahisəyə tətbiq edilə bilməz. İşəgötürənin təqsirinin olub-olmaması ilə bağlı məhkəmə qeyd edir ki, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülür. Bu hal bilavasitə qanunvericilikdə nəzərdə tutulduğundan fərqli qaydada şərh edilə bilməz. Lakin hazırki iş üzrə işəgötürənin təqsirinin nədən ibarət olmasını müəyyən etmək mümkün deyil. Əksinə, işəgötürən məhkəmə qətnaməsini vaxtında icra etməklə işçini işə bərpa etmiş, bundan 26 gün sonra isə məcburi işburaxma dövrü üçün ödənilməli olan vəsaiti işçiyə ödəmişdir. Həmin dövrdə ödənişin ödənilməməsinin bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi ilə bağlı hər hansı sübut isə iddiaçı tərəfindən təqdim edilməmişdir. İddiaçının nümayəndəsi də həmin dövrdə xarici ölkədə olması ilə bağlı suallara təkzibedici hər hansı cavab verməmişdir. Məhkəmə iddianın ikinci hissəsi ilə bağlı qeyd edir ki, iddaçı bu hissədə onun məzuniyyət haqqının düzgün hesablanmadığını bildirir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçının əmək məzuniyyətinə çıxdığı xx.xx.2025-ci il tarixdən əvvəlki 12 ay üzrə əməkhaqqı aşağıdakı qaydada hesablanmışdır: 2024-cü ilin yanvar ayı üzrə 2.300,00 manat; 2024-cü ilin fevral ayı üzrə 2.300,00 manat; 2024-cü ilin mart ayı üzrə 2.300,00 manat; 2024-cü ilin aprel ayı üzrə 2.300,00 manat; 2024-cü ilin may ayı üzrə 2.300,00 manat; 2024-cü ilin iyun ayı üzrə 1.293,75 manat (13 iyun 2024-cü il tarixədək məcburi iş buraxma müddəti nəzərə alınmışdır); 2024-cü ilin iyul ayı üzrə 0 manat (məcburi iş buraxma müddəti dövrü kimi nəzər alınmamışdır); 2024-cü ilin avqust ayı üzrə 0 manat (məcburi iş buraxma müddəti dövrü kimi nəzər alınmamışdır); 2024-cü ilin sentyabr ayı üzrə 0 manat (məcburi iş buraxma müddəti dövrü kimi nəzər alınmamışdır); 2024-cü ilin oktyabr ayı üzrə 0 manat (məcburi iş buraxma müddəti dövrü kimi nəzər alınmamışdır); 2024-cü ilin noyabr ayı üzrə 0 manat (məcburi iş buraxma müddəti dövrü kimi nəzər alınmamışdır); 2024-cü ilin dekabr ayı üzrə 2.600,00 manat. Həmin məbləğlər toplanmış (15.393,75 ~ 15.394 manat) və 12-yə bölünmüşdür. İddiaçının əmək məzuniyyətinə çıxdığı xx.xx.2025-ci il tarixdən əvvəlki 12 ay üzrə əməkhaqqı aşağıdakı qaydada hesablanmışdır: 2024-cü ilin aprel ayı üzrə 2.300,00 manat; 2024-cü ilin may ayı üzrə 2.300,00 manat; 2024-cü ilin iyun ayı üzrə 1.293,75 manat (13 iyun 2024-cü il tarixədək məcburi iş buraxma müddəti nəzərə alınmışdır); 2024-cü ilin iyul ayı üzrə 0 manat (məcburi iş buraxma müddəti dövrü kimi nəzər alınmamışdır); 2024-cü ilin avqust ayı üzrə 0 manat (məcburi iş buraxma müddəti dövrü kimi nəzər alınmamışdır); 2024-cü ilin sentyabr ayı üzrə 0 manat (məcburi iş buraxma müddəti dövrü kimi nəzər alınmamışdır); 2024-cü ilin oktyabr ayı üzrə 0 manat (məcburi iş buraxma müddəti dövrü kimi nəzər alınmamışdır); 2024-cü ilin noyabr ayı üzrə 0 manat (məcburi iş buraxma müddəti dövrü kimi nəzər alınmamışdır); 2024-cü ilin dekabr ayı üzrə 2.600,00 manat; 2025-ci ilin yanvar ayı üzrə 1.908,64 manat (21 yanvar 2025-ci il tarixindən əmək məzuniyyətdə olmuşdur); 2025-ci ilin fevral ayı üzrə 1.181,60 manat (məzuniyyətdə olmuşdur); 2025-ci ilin mart ayı üzrə 970,60 manat (məzuniyyətdə olmuşdur). Həmin məbləğlər toplanmış (12.554,59 * 15.555 manat) və 12-yə bölünmüşdür. Qanunvericiliyin tələbinə görə məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. Həmçinin 12 təqvim ayından az əmək münasibətində olub məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır. İddiaçı 2 dekabr 2024-cü ildə işə bərpa edildiyini bildirərək faktiki işlədiyi 7 ay müddətə əmək haqqının bölünməli olduğunu bildirir. Lakin, iddiaçı işdən azad edildikdən sonra yenidən işə qəbul edilməmiş, məhkəmə qətnaməsi əsasında işə bərpa edilmişdir. Hətta həmin müddət üçün məcburi iş buraxma dövrü üçün əmək haqqı hesablanaraq ona ödənilmişdir. Bu hal onu deməyə əsas verir ki, iddiaçı davamlı əmək münasibətlərində olmuş, qanunsuz işburaxma dövrü üçün məhkəmə qaydasında işə bərpa edilmişdir. Ona görə də, cavabdeh iddiaçıya məzuniyyət haqqı hesablayarkən haqlı olaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına bölmüş, hər hansı qanunsuzluğa yol verməmişdir. Belə ki, Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı Fondda əvvəlki vəzifəsinə bərpa edilmiş, məcburi iş buraxma müddəti kimi nəzərə alınmamasına baxmayaraq, həmin qətnamə əsasında 13 iyun 2024 - 02 dekabr 2024-cü il tarixlərini əhatə edən dövrdə işəgötürən Fond ilə əmək münasibətlərində olmuşdur. Bununla da qeyd olunan normanın İddiaçı tətbiq edilməsi mümkün hesab edilə bilməz. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “pul” tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar