Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-696/2025 31.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin X8 Xidməti” X5rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqınnın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “İri Şəhərlərin X8 Xidməti” X5rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqınnın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edərək, cavabdeh “İri Şəhərlərin X8 Xidməti” PHŞ-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2024-cü il tarixli 927-K nömrəli əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ona əmək haqqının ödənilməsi və Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən əmək haqqının gecikdirildiyi hər günə görə 1% miqdarında ödəniş ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2011-ci il tarixdən 41-K saylı əmrə əsasən "xxxx" ASC-də Energetika Şöbəsinin rəisi vəzifəsində işə başlamışdır. xx.xx.2021-cü il tarixdən isə iddiaçı Energetika şöbəsinin rəis müavini vəzifəsində çalışmışdır. xx.xx.2024-cü il tarixdə iddiaçıya tutduğu vəzifə - Energetika şöbəsinin rəis müavini vəzifəsi üzrə ştat vahidinin ixtisara düşəcəyi və 9 təqvim həftəsindən sonra işdən azad ediləcəyi barədə xəbərdarlıq edilmişdir. X6 Həmkarlar İttifaqı Respublika komitəsi tərəfindən 09 avqust 2024cü il tarixli rəyi ilə ştat ixtisarı ilə bağlı iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilmişdir. “İri Şəhərlərin X8 Xidməti” X10in İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Tahir Xəlilovun 14 oktyabr 2024-cü il tarixli 927-K saylı əmrinə əsasən Energetika şöbəsinin rəis müavini vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilmişdir. Hesab edir ki, aşağıda qeyd edilənlər baxımından cavabdeh müəssisənin xx.xx.2024-cü il tarixli 927-K nömrəli əmri qanunsuz və qərəzli olduğundan ləğv edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməli, ona məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməli və Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən əmək haqqının gecikdirildiyi hər günə görə 1% ödənilməlidir. AR Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Ancaq iddiaçıya ünvanlanmış xəbərdarlıq məktubunda qeyd edilmiş müddət bitdikdən sonra ona heç bir yeni iş təklifi edilmədən “İri Şəhərlərin X8 Xidmətinin” İdarə Heyətinin sədrinin xx.xx.2024-cü il tarixli 927-K nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat vahidi ixtisar edildiyinə görə) xitam verilmişdir. Beləliklə də, işəgötürən tərəfindən AR Əmək Məcəlləsinin 71-ci maddəsinin tələbləri pozulmuşdur. Nəticə etibarı ilə işəgötürən tərəfindən iddiaçının tutduğu ştat ixtisar edilən zaman heç bir tədbir görülməmiş, ona müəssisədə və ya Agentliyin tabeliyində olan digər müəssisələrdə iş təklif edilməmiş, onun (başqa) işlə təmin edilməsinin mümkünlüyü nəzərə alınmamışdır. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Lakin, hazırki mübahisə üzrə ştat ixtisarı ilə bağlı əmrdə heç bir əsaslandırma aparılmamışdır. Yəni, iddiaçının tutduğu vəzifənin hansı zərurətdən irəli gələrək ixtisar edilməsi əmrdə əsaslandırılmamışdır ki, bu da iddiaçıya qarşı qərəzli mövqeyin olduğunu dolayı yolla təsdiq edir. AR Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. "xxxx" ASC idarə heyəti sədrinin 19 yanvar 2024-cü il tarixində təsdiq etdiyi "xxxx" ASC-nin aparat işçiləri üçün 2024-cü il iş üçün ştat cədvəli ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 29 may 2024-cü il tarixli 002/1 nömrəli əmri ilə təsdiq edilmiş “İri şəhərlərin X8 Xidməti” PHŞn aparatının yeni ştat cədvəllərinin təhlili göstərir ki, "xxxx" ASC aparatının strukturunda olan Energetika və Mexanika şöbələri yeni strukturda birləşdirilərək Elektromexanika şöbəsi yaradılmışdır. Yeni yaradılmış Elektromexanika şöbəsinə bir aparıcı energetik, iki ədəd isə energetik ştatı verilmişdir. Həmin şöbəyə rəis vəzifəsinə isə 2019-cu ildən (iddiaçıdan 8 il sonra) "xxxx" ASC-də əmək fəaliyyətinə başlayan və müəssisədə cəmi 5 il stajı olan Vüqar Hacıyev təyin edilmişdir. Bir ədəd aparıcı energetik ştatına 2019-cu ildən "xxxx" ASC-də əmək fəaliyyətinə başlayan Elşən Sadıqov (2019-cu ildən fəaliyyətə başlayıb), iki ədəd energetik ştatlarını isə iddiaçıdan sonra əmək fəaliyyətinə başlamış Şahin Allahverdiyev və Aidə Hümbətəliyeva təsdiq edilmişlər. Beləliklə, Əmək Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinin tələbləri pozularaq Energetika şöbəsinin rəis müavini vəzifəsini tutan İddiaçı ixtisar edilmiş, digər işçilər isə işdə saxlanılmışdır. Nəticə etibarı ilə yeni yaradılmış həmin ştatlardan heç biri nədənsə müəssisədə daha çox stajı olan, həmçinin ixtisası və peşəkarlıq səviyyəsi digər işçilərdən üstün olan İddiaçı təklif edilməmişdir. Məhkəmənin nəzərinə çatdırmışdır ki, iddiaçının keçdiyi əmək fəaliyyəti və təhsili onun ixtisasının və peşəkarlıq səviyyəsinin ştat ixtisarı zamanı işdə saxlanmış digər işçilərə münasibərdə daha yüksək olmasını faktiki olaraq sübut edir. Belə ki, İddiaçı 1982-ci ildə Bakı Energetika Texnikomunu, 1990-cı ildə isə Azərbaycan Dövlət Neft və Kimya İnsitutunu “energetik” ixitası üzrə “fərqlənmə diplomu” ilə bitirmişdir. Əmək fəaliyyətində əldə etdiyi nailiyyətlərə görə elektik montyoru vəzifəsindən Energetika şöbəsinin rəisi - baş energetik vəzifəsinə kimi yüksəlmişdir. Lakin, işdə energetik vəzifəsində saxlanılan şəxslərin “energetik” ixtisasının olub-olmaması qeyri-müəyyən olaraq qalır və ştatların ixtisarı həyata keçirilərkən energetik vəzifələri üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanılması proseduru qanunvericiliyin tələbinə uyğun həyata keçirilməmişdir. Məlumdur ki, ixtisaslılıq işçinin müəyyən mürəkkəblik səviyyəsinə malik əmək funksiyasını yerinə yetirməsinə imkan verən hazırlıq səviyyəsidir, yəni işçinin zəruri nəzəri biliklərə və praktik təcrübəyə malik olmasıdır. Göründüyü kimi həm təcrübi, həm də nəzəri bilikləri baxımından iddiaçının peşəkarlıq səviyyəsi digər işçilərdən yüksək olmuşdur. AR Əmək Məcəlləsinin 185-ci maddəsinə əsasən əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirən işçilər işəgötürən tərəfindən mükafatlandırılır. "xxxx" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Köçərli Həsənovun xx.xx.2023-ci il tarixli 439 nömrli əmri ilə “su təsərrüfatının inkişafında səmərəli fəaliyyətinə görə” İddiaçı Fəxri Fərman verilmişdir. Nəticə etibarı ilə hazırkı mübahisə üzrə işçinin peşəkarlıq səviyyəsi nəzərə alınmamışdır. AR Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 232 nömrəli Qərarı ilə təsdiq edilmiş “İri Şəhərlərin X8 Xidməti” PHŞ-nin Nizamnaməsinin 4.3-cü bəndinə əsasən, xidmətin struktur bölmələrinin rəhbərləri, habelə onun idarə, filial və nümayəndəliklərinin, tabeliyindəki digər qurumların rəhbərləri, onların müavinləri, baş mühəndisləri, baş mühasibləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri ilə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad olunurlar. Lakin, hazırkı mübahisə üzrə İddiaçı energetika şöbəsinin rəis müavini olmasına baxmayaraq, onunla bağlanmış əmək müqaviləsi ləğv edilərkən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri ilə heç bir razılaşdırma aparılmamış, idarə heyəti sədrinin razılığı olmadan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. AR Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsində göstərilir ki, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini 70-ci maddəsinin (b) bəndi ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Azərbaycan Su Təsərrüfatı X1 Respublika Komitəsinin sədri Akif Məmmədov tərəfindən “İri Şəhərlərin X8 Xidməti” PHŞ-nin İdarə heyətinin sədri Köçərli Həsənova ünvanlanmış xx.xx.2024-cü il tarixli 71 nömrəli “əmək müqaviləsinə xitam verilməsi haqqında” cavab məktubunda göstərilmişdir ki, siyahıda adları göstərilmiş şəxslərlə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə həmkarlar ittifaqı komitəsinin heç bir etirazı yoxdur. AR Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsində qeyd edilir ki, həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. X3 Respublika Komitəsi qərar qəbul etmək əvəzinə işəgötürənə məktub ünvanlamışdır. Məktubda heç bir iclas protokoluna və ya qərara istinad yoxdur. xx.xx.2024-cü il tarixli 71 nömrəli məktubuna baxılsa aydın olar ki, həmin məktub Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, məktubda heç bir əsaslandırma yoxdur və məktub formal olaraq tərtib edilmişdir. Həmkarlar ittifaqı bu məsələ ilə bağlı iddiaçını məlumatlandırmamış və araşdırma aparmadan, heç bir iclas keçirilmədən cavabdeh müəssisəyə razılıq məktubu ünvanlamışdır. Məktubda həmkarlar ittifaqının iclasının keçirilməsi, iclasda kimlərin iştirak etməsi, iclas qərarının neçə səs çoxluğu ilə qəbul edilməsi ilə bağlı heç bir məlumat göstərilməyib. Bu da özlüyündə məktubun əsaslandırılmadan tərtib edildiyini, əslində faktiki olaraq heç bir iclasın keçirilmədiyini və iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğvinin müzakirə edilmədiyi göstərir. xx.xx.2024-cü il tarixdə iddiaçıya tutduğu vəzifə - Energetika şöbəsinin rəis müavini vəzifəsi üzrə ştat vahidinin ixtisara düşəcəyi və 9 təqvim həftəsindən sonra işdən azad ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 9 həftə isə 09 avqust 2024-cü il tarixdə tamam olmuş, lakin, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməmişdir. Xəbərdarlıq müddəti bitməsindən 2 aydan artıq vaxtın keçməsindən sonra (yəni xəbərdarlıq bildirişinin verilməsindən 4 ay sonra) xx.xx.2024-cü il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, xəbərarlıq müddəti ilə işdənçıxarma əmri arasında bu qədər uzun müddət fərqinin olması özlüyündə ştat ixtisarının qanunsuzluğundan və hüquqazidd şəkildə həyata keçirilməsindən xəbər verir. Həmçinin, bildirmişdir ki, 9 təqvim həftəsi bitdikdən sonra ştat ixtisarı əmrinin verilməməsi özlüyündə ştat ixtisarı prosesinin həyata keçirilmədiyini və öz əhəmiyyətini itirdiyini sübuta yetirir. Bu səbəbdən də yenidən ştat ixtisarı ilə bağlı tədbirlər keçirilməli olduğu halda bu tədbirlər yenidən həyata keçirilməmişdir. Qeyd edilənlərə əsasən, cavabdeh müəssisənin xx.xx.2024cü il tarixli 927-K nömrəli işdənçıxarma əmri qanunsuz, əsassız və qərəzli olaraq verildiyindən ləğv edilməli, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ona əmək haqqının ödənilməsi və əmək məcəlləsinin 172-ci maddəsinə əsasən əmək haqqının gecikdirildiyi hər günə görə 1% miqdarında ödəniş ödənilməsinə dair qətnamə çıxarılmalıdır. Onu da qeyd etmişdir ki, cavabdehə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi ilə bağlı müraciət etsə də, keçirilmiş mediasiya prosesində aralarında barışıq əldə olunmamışdır. Daha sonra iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil 08 dekabr 2024-cü il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “İri Şəhərlərin X8 Xidməti” X10 İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2024-cü il tarixli 927-K nömrəli əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün ona əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, 2011-ci ildən həmin qurumda energetik kimi işləmişdi. O, 8 il energetika sahəsində rəis vəzifəsində çalışdıqdan sonra, şöbənin müdir müavini kimi işləmişdi. Hazırki işlə bağlı onu qeyd etmişdir ki, cavabdeh qurum tərəfindən ona heç bir iş təklifi olmayıb. Sadəcə olaraq cavabdeh qurumun rəhbər işçilərindən biri ona Meliorasiya Xidmətində energetika üzrə sektor müdiri vəzifəsinə vakant yerin olduğunu bildirmiş və ona həmin işi təklif etmişdir. O, da qəbul edib həmin xidmətin yerləşdiyi yerə getmişdir. Həmin qurumun müdiri ona yalnız işdən çıxma barədə əmr imzaladıqdan sonra işə qəbul edilə biləcəyini bildirmişdi. O, da təzədən köhnə işinə qayıdıb başqa işəgötürənlə müqavilə bağlamağına dair müvafiq ərizə yazmışdır. Yenidən Meliorasiya Xidmətinə qayıdaraq 1 həftə ərzində orada müəyyən işlə məşğul oldu. Daha sonra ona köhnə iş yerində əmrləşmə aparılmadığına işə götürülməyəcəyi bildirildi. Bundan sonra köhnə iş yerinə qayıtdıqda, onu işdən azad etdilər. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onun nümayəndəsi olduğu və cavabdeh quruma qarşı olan işə bərpa tələbinə dair başqa 3 mülki işdə iddia təmin olunmuşdur. Həmin işlərdə cavabdeh qurumun AR ƏM-in 71ci maddəsinə əsasən iddiaçıya hər hansı başqa bir işin təklif edilməməsini əsas göstərdikdən sonra, hazırki iş üzrə cavabdeh qurum, guya iddiaçıya Nizami Sukanal İdarəsində iş təklif etməsi və iddiaçının həmin işi qəbul etməməsi barədə akt tərtib edilib. Halbuki belə bir şey baş verməyib. Buna görə də, həmin aktı imzalamış şəxslərin məhkəmə iclasında şahid qismində dindirilməsini və ya həmin faktı təsdiq etməsi barədə sübut təqdim etmələri barədə vəsatətini məhkəməyə təqdim etmişdir. Bundan başqa məşğulluq haqqında qanuna əsasən, hər hansı qurum ştat ixtisarı apardığı zaman bu barədə məşğulluq xidmətinə məlumat verməlidir. Halbuki tərəfindən verilmiş sorğuya cavaba əsasən cavabdeh qurumda heç bir ştat ixtisarı aparılmamışdır. Cavabdeh qurum "xxxx" ASC kimi fəaliyyət göstərdiyi vaxt mövcud olan ştat vahidi ilə hazırki ştat vahidi eynidir. İddiaçı energitika şöbəsinin rəis müavini vəzifəsində işləmişdir. Hazırda isə energetika və mexanika şöbələri ləğv edilərək, elektromexanika şöbəsi yaradılıb. Bundan başqa o, cavabdeh quruma müraciətində iddiaçının peşəkarlıq səviyyəsinin yoxlanılması və bu barədə hansı tədbirlərin görülməsi barədə məlumat verilməsi ilə bağlı müraciət etmişdir. Lakin bu müraciətinə cavab verilməmişdir. Faktiki olaraq iddiaçının iş stajı həmin şöbənin digər işçilərində çoxdur. Üstəlik həmin şöbənin rəis müavini kimi fəaliyyət göstərmişdir. Həmçinin cavabdeh qurum tərəfindən fəxri fərman digər fərqlənmə dərəcələri ilə təltif edilib və peşəkarlığa görə əlavə ödəniş də alıb. Bütün bu əsaslara görə iddiaçı işçilərin ixtisarı zamanı nəzərə alınmalı idi. Tərəfindən digər sorğu ilə işçilərin yerləşdirilməsi ilə bağlı cavabdeh quruma verilmiş tapşırığa əsasən hansı tədbirləri görməsi ilə bağlı müraciətinə də cavab verilməyib. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, əmr qanunidir, iddiaçının vəzifəsi üzrə ştat ümumiyyətlə ləğv edilmişdir. Hal-hazırda şöbə müdirinin müavini vəzifəsi üzrə ştat yoxdur. Akta əsasən bildirilir ki, iddiaçıya iş təklif edilmişdir. Lakin o, bunu qəbul etməmiş, bildirmişdir ki, ona Meliorasiya Xidmətindən təklif olunmuşdur. Hətta iddiaçının işdən çıxması barədə ötən ilin avqust ayında ərizəsi də var. Sadəcə olaraq həmin vaxt ərizəyə əsasən təmsil etdiyi qurum tərəfindən əmrləşmə aparılmamışdır. İddiaçı Meliorasiya qurumunda işlə təmin olunacağını bildirsə də, 1 aydan sonra əvvəlki işinə qayıtmış və bundan sonra oktyabr ayında əmrləşmə aparılaraq iddiaçı işdən çıxarılmışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - “İri şəhərlərin X8 xidməti” X10 Hüquq Departamentinin Hüquqi mübahisələrlə iş üzrə şöbəsinin xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş və xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş Ştat cədvəlinə əsasən müəyyən edilir ki, Energetika şöbəsində cəmi 7 ştat vahidi olmaqla onlardan 1-i şöbə rəisinin müavini, 6-ı energetik vəzifəsi, Mexanika şöbəsində cəmi 5 ştat vahidi olmaqla onlardan 1-i baş mexanik şöbə rəisi, 4-ü aparıcı mühəndis vəzifəsidir. - “İri şəhərlərin X8 xidməti” X12 tərəfindən Energetika şöbəsinin rəis müavini İddiaçı “ştat vahidinin ixtisara düşməsi barədə” xx.xx.2024-cü il tarixli xəbərdarlıq bildirişi ünvanlanmışdır. - “İri Şəhərlərin X8 Xidməti” X10 xx.xx.2024-cü il tarixli 927-K saylı əmrinə əsasən müəyyən edilir ki, işçi Energetika şöbəsinin rəis müavini İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilmişdir. - “İri şəhərlərin X8 xidməti” X10 müraciəti üzrə Həmkarlar ittifaqı komitəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilməsinə etiraz edilmir. - “İri Şəhərlərin X8 Xidməti” X11 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli Akta əsasən müəyyən edilir ki, İddiaçı ştat vahidinin ixtisarı ilə bağlı Nizami rayon Sukanal İdarəsinin Rəhbərlik yanında aparatda və X4 İdarəsinin Energetika şöbəsində “energetik” vəzifəsi təklif edilmiş, lakin, İddiaçı təklifdən imtina etmişdir. - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli 002/f nömrəli əmrinə əsasən müəyyən edilir ki, “İri şəhərlərin X8 xidməti” X10 ştat cədvəli təsdiq edilmişdir. - “İri şəhərlərin X8 xidməti” X10 Hüquq Departamentinin Hüquqi mübahisələrlə iş üzrə şöbəsinin xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş Ştat cədvəlinə əsasən müəyyən edilir ki, Elektromexanika şöbəsində cəmi 8 ştat vahidi olmaqla onlardan 1-i şöbə müdiri, 3-ü energetik, 4-ü mexanik vəzifəsidir. - Cavabdeh tərəfindən təqdim edilmiş Ştat cədvəlinə dair son məlumatdan müəyyən edilir ki, Energetika Şöbəsində cəmi 7 ştat vahidi olmaqla onlardan 1-i şöbə rəisinin müavini, Mexanika şöbəsində cəmi 5 ştat vahidi olmuş, şöbələr birləşdirildikdən sonra Elektromexanika şöbəsində 8 ştat vahidi yaradılmışdır. İddiaçının işlədiyi ştat vahidi, yəni şöbə rəisinin müavini ştatı isə ləğv edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında göstərmişdir ki, o, halhazırda X2 Şöbəsində kadrlar üzrə baş məsləhətçi vəzifəsində çalışır. Köhnə "xxxx" ASC-də 8800 ştat işçi yeri var idi, onlara ümumi 7700 ştat verilmiş, 1100 adam ixtisara düşmüşdür, onlarda hamıya bildirişləri paylamışlar. Aparatda 498 ştat 180-ə düşmüş, bəzi şöbələrin birləşməsi halı baş vermişdir. Elektromexanika şöbəsi Mexanika, Energetika və Nəqliyyat şöbələrinin birləşməsindən yaranmışdır, ümumi 15 ştatdan 8 ştat oldu. Hamıya 9 həftə müddət verdilər. Rəhbərlik qərara almışdır ki, Mexanika şöbəsindən 2 nəfər, Energetika şöbəsində 3 nəfər, nəqliyyat şöbəsindən 2 nəfər olmaqla, şöbə təşkil olunsun. Onlar Vilayət müəllimdən öncə də heç kimə xitam verməmişlər, Vilayət müəllim özü gəlib demişdir ki, ona Meliorasiya xidmətindən iş təklifi gəlib, o, sektor müdiri gedəcək. Zemfira xanım ona demişdir ki, onlar burda da ona iş təklif edirlər, Nizami rayon Sukanal İdarəsinin Rəhbərlik yanında aparatda və X4 İdarəsinin Energetika şöbəsində “energetik” yeri var, orada onu yerləşdirə bilərlər. O, isə istəməmiş və 05 avqust 2024-cü il tarixdə ərizə yazmış və AR ƏM-nin 69.3-cü maddəsi ilə başqa işəgötürənlə müqavilə bağlaması üçün bu əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Onlar da 08 avqust 2024-cü il tarixdə işçilərin ərizələrini qəbul edib yerləşdirməyə başlamışlar, energetikləri, mexanikləri və nəqliyyatın işçilərini işə götürmüşlər və yerlər bitmişdir. Vilayət müəllim 3 gün sonra gəlib dedi ki, onun ərizəsini etibarsız hesab etsinlər, orada onu işə götürmədilər. Bu zaman ona yenə Nizami rayon Sukanal İdarəsinin Rəhbərlik yanında aparatda və X4 İdarəsinin Energetika şöbəsində “energetik” vəzifəsini təklif etmişlər, lakin o, imtina etmiş və demişdir ki, “mən niyə ora getməliyəm? Mən Aparatda qalmaq istəyirəm”. Bundan sonra həmin günü o, akt tərtib etmiş və ona imzalamağa vermişdir, lakin Vilayət müəllim akta imzalamaqdan imtina etmişdir. Daha sonra o, həmin aktı poçt vasitəsi ilə onun ünvanına göndərmiş, və məktub həmin ünvanda yaşayan tərəfindən qəbul edilmişdir. Əlavə suala cavab olaraq bildirdi ki, onlar onu həmin vaxt ixtisara salmayıblar, əgər onu işdən çıxartmaq istəsəydilər, Həmkarlar İttifaqına göndərilmiş siyahıda ixtisara düşən işçilər arasına onun da adını qeyd edərdilər. Çünki o Meliarasiya xidmətinə keçməyə razılıq vermişdir. Vilayət müəllim ona təklif olunan heç bir vəzifəni qəbul etmədiyindən, onlar ən sonda məcbur qalıb onun əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “b” bəndi (ştatların ixtisarı) ilə xitam vermişlər. Mübahisənin qanuni əsası qismində aşağıdakı normalar çıxış edir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud pozuntusu hesab edilir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ilədək əmək stajı olduqda azı iki təqvim həftəsi, bir ildən beş ilədək əmək stajı olduqda azı dörd təqvim həftəsi, beş ildən on ilədək əmək stajı olduqda azı altı təqvim həftəsi, on ildən çox əmək stajı olduqda azı doqquz təqvim həftəsi rəsmi xəbərdar edilməlidir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 2-ci bəndinə əsasən, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən, əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqı miqdarında, bir ildən beş ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında, beş ildən on ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında, on ildən çox əmək stajı olduqda orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti ödənilir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, “İri Şəhərlərin X8 Xidməti” X10 Energetika şöbəsinin rəis müavini İddiaçı “ştat vahidinin ixtisara düşməsi barədə” xx.xx.2024cü il tarixli xəbərdarlıq bildirişi ünvanlanmışdır (mülki işin mübahisəsiz halıdır). “İri Şəhərlərin X8 Xidməti” X10 xx.xx.2024-cü il tarixli 927-K saylı əmrinə əsasən işçi Energetika şöbəsinin rəis müavini İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilmişdir. İşəgötürənin müraciəti üzrə Həmkarlar ittifaqı komitəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilməsinə etiraz edilməmişdir. “İri şəhərlərin X8 xidməti” X10 Hüquq Departamentinin Hüquqi mübahisələrlə iş üzrə şöbəsinin xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş Ştat cədvəlinə əsasən sözügedən şöbə cəmi 8 ştat vahidi olmaqla onlardan 1-i şöbə müdiri, 3-ü energetik, 4-ü mexanik vəzifəsidir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli 002/f nömrəli əmrinə əsasən, “İri şəhərlərin X8 xidməti” X10 ştat cədvəli təsdiq edilmişdir. “İri şəhərlərin X8 xidməti” X10 xx.xx.2024-cü il tarixdən etibarən qüvvədə olan Ştat cədvəlinə əsasən Elektromexanika şöbəsi ümumilikdə 8 ştat vahidindən ibarətdir. Məhkəmə qeyd edir ki, qanunla müəyyən edilmiş şərtlər daxilində ştatları ixtisara salmaq, işin operativ və səmərəli təşkilini təmin etmək işəgötürənin hüququdur. Yəni, işçi və işəgötürənin hüquqları müvafiq balans proporsionallıq) gözlənilməklə, qanun çərçivəsində qorunmalı, tərəflərin hər hansı birinin əsassız öhdəliklə yüklənməsinə yol verilməməlidir. Ştatların ixtisarı qarşıya qoyulan məqsədə uyğun olmalı, formal əsaslarla həyata keçirilməməli, işəgötürənin həqiqi islahat aparması iradəsinə əsaslanmalıdır. Hazırki mübahisə üzrə işəgötərən (hakimiyyət subyekti olaraq) fəaliyyətin təkminləşdirilməsi məqsədilə ciddi sturuktur dəyişikliyini həyata keçirtmişdir. Dəyişikliyin hansı nəticələrə səbəb olacağı hazırda dəqiq məlum olmasa da, pozitiv dəyişikliklə bağlı iradə ifadəsi müşahidə olunur. İşçilərin pozulmuş hüquqlarının bərpası, əmək qanunvericiliyin tələblərinə şərtsiz əməl edilməsi, xüsusən zəif tərəf kimi işçinin maraqlarının müdafiəsi dövlətin xüsusi marağında olsa da, bu, işəgötürənin qərar qəbul etmək, fəaliyyətini təşkil etmək səlahiyyətini məhdudlaşdırmaqla nəticələnməməlidir. İxtisara düşmüş işçilərin bərpa edilməsi (hüquqi əsas olmadan) icrası mümkün olmayan məhkəmə qərarlarının qəbul edilməsi ilə nəticələnə və ya işəgötürənin fəaliyyətinin məhdudlaşmasına (maliyyə yükü baxımından) səbəb ola bilər. Yəni, hazırki mübahisə üzrə iddiaçının işləmiş olduğu aparat üzrə ştat sayı 498-dən 180-a enmişdir. İşdən kənarlaşdırılan şəxslərin dairəsinin müəyyən edilməsi hüququ Əmək Məcəlləsinin tələblərinin (79-cu maddə) qorunması şərtilə işəgötürənə aiddir. Nəzərə alınmalıdır ki, işəgötürənlər müəssisə olmaqla iqtisadiyyat, vergi ödənişləri, işsizliyin aradan qaldırılması, xidmət sahəsində işlərin təşkili, büdcəyə vəsaitlərin mədaxil edilməsində müstəsna əhəmiyyətə malikdir. İşçilərin hüquqlarının işəgötürənin hüquqlarından şərtsiz üstün tutulması iqtisadi baximdan neqativ nəticələrə səbəb ola bilər. Mübahisə üzrə Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinin pozulması müəyyən edilmir. İşəgötürən tərəfindən iddiaçıya müvafiq vəzifələrin təklif edilməsinə dair akt təqdim edilsə də, iddiaçı həmin təkliflərin ona edilmədiyini, aktın isə həqiqətə uyğun olmadığını bildirir. Məhkəmə, işçinin bu arqumentini ağlabatan hesab etmir. İddiaçı özü də öz ifadəsində bildirmişdir ki, ona meliorasiya xidmətində energetika üzrə sektor müdiri vəzifəsinə vakant yerin olduğunu bildirilmiş və ona həmin işi təklif etmişlər. O, da qəbul edib həmin xidmətin yerləşdiyi yerə getmişdir. Həmin qurumun müdiri ona yalnız işdən çıxma barədə əmr imzaladıqdan sonra işə qəbul edilə biləcəyini bildirmişdir. O, da yenidən köhnə işinə qayıdıb başqa işəgötürənlə müqavilə bağlamağına dair müvafiq ərizə yazmışdı. Yenidən Meliorasiya xidmətinə qayıdaraq 1 həftə ərzində orada müəyyən işlə məşğul olmuş, daha sonra ona köhnə iş yerində əmrləşmə aparılmadığına və eyni zamanda sadəcə yaşına görə işə götürülməyəcəyi bildirilmişdir. Belə olan halda həmin vaxt Sektor müdiri vəzifəsinə təklif olunduğundan, imtina aktında olan vəzifə üzrə işləməkdən imtina etməsi gözləniləndir. Məhkəmə tərəfindən cavabdehin müvafiq boş ştat yerlərinə iddiaçının razılığı ilə işə götürülməsi üçün tərəflərin arasında mübahisənin barışıqla yekunlaşması məqsədilə baxış iclası təxirə salınmış, cavabdeh tərəfindən təklif edilmiş ştat üzrə işə qəbul iddiaçının iş yerinin uzaqlığı və digər maraqlarına uyğun olmaması səbəbindən barışıq baş tutmamışdır. Bundan əlavə mübahisə üzrə Həmkarlar ittifaqının məktubunu məhkəmə qərar kimi nəzərə alır. Yəni, məktubun giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrinin adlandırılmaması onun qərar olmaması anlamına və ya əksi isə qərar olması anlamına gəlmir. Sözügedən məktub aydın və anlaşılan olmaqla mahiyyəti üzrə qərar əhəmiyyətindədir. Həmçinin, həmin qərar olsa da, qərarın qəbul edilməsi prosedurası olaraq iclas protokolundan çıxarışın təqdim edilməməsi mahiyyəti üzrə işəgötürənin əmrinin qanunsuzluğuna dəlalət edə bilməz. Çünki, işəgötürən qəbul etdiyi əmrə münasibətdə subyektiv təqsir nöqteyi-nəzərdən məsuliyyət daşıyır. Həmkarlar ittifaqı komitəsi isə ayrıca subyekt olmaqla işəgötürənə tabe deyildir və sonuncunun fəaliyyətindəki nöqsanın məsuliyyəti işəgötürənin üzərinə qoyula, müvafiq əmr qanunsuz hesab edilə bilməz. Bu hal üzrə, məhkəmə obyektiv təqsiri deyil, subyektiv təqsiri nəzərə alır və əsas götürür. Lakin, həmkarlar ittifaqı komitələri işçilərin nümayəndəli orqanları olmaqla onları müdafiə etmək, hüquqlarını qorumaqla mükəlləfdirlər və mövcuddurlar. Əks halda, həmkarlar ittifaqı komitəsinin mövcudiyyətinə gərək olmaz. Məhkəmə hesab edir ki, iddiaçının AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işdən azad edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli 927-K saylı əmr qəbul edilərkən Əmək Məcəlləsinin tələbləri pozulmamışdır. Məhkəmə qeyd edir ki, məhkəmələr hüquq tətbiq edən orqan olmaqla qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hüququ tətbiq etməli, yalnız qanunda boşluq olduqda hüquq prinsipləri nəzərə alınmaqla qanunun və hüququn anologiyasından istifadə etməlidirlər. Məhkəmənin qanunvericiliyin aydın, müəyyən olan konkret normasını digər formada şərh etmək hüququ yoxdur. Nəzərə almaq lazımdır ki, qanunun hər hansı norması açıq-aşkar ədalətsiz olsa da, həmin normanın dəyişdirilməsi və ya qüvvədən salınması hüququ dövlətin hüquq yaradıcı (qanunverici) orqanlarına məxsusdur. Məhkəmələr isə hüquq tətbiq etmə prosesində müvafiq normanın şərh edilməsi və ya normaya yenidən baxılmasına dair səlahiyyətli orqanlara müraciət edilməsi məsələsini müzakirə edə bilərlər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi, mülki icraatda “formal həqiqət”in müəyyən edilməsi prinsipi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə yalnız mülki işdə olan sənədlər əsasında qərar qəbul etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki iş üzrə ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara və proses iştirakçılarının izahatlarına əsasən yuxarıda qeyd olunan hüquqi əsaslar nəzərə alınmaqla hesab edir ki, İddiaçı cavabdeh “İri Şəhərlərin X8 Xidməti” X5rşı cavabdeh “İri Şəhərlərin X8 Xidməti” PHŞnin İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2024-cü il tarixli 927- K nömrəli əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ona əmək haqqının ödənilməsi barədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh “İri Şəhərlərin X8 Xidməti” X5rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqınnın ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-696/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-696/2025
31.01.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver