Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-7017/2025 25.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 və Sumqayıt şəhər 1 saylı Notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iş üzrə (açar sözlər: icra qeydinin ləğvi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh2 və Sumqayıt şəhər 1 saylı Notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli borc müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı 20000 manat məbləğdə borc verir. Müqavilənin 2-ci bəndinə əsasən borclu borc məbləğini xx.xx.2023-cü il tarixədək borverənə qaytarmağı öhdəsinə götürür. Müqavilənin 9-cu bəndinə əsasən ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən 20 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır.
2. Sumqayıt şəhər 1 saylı Notariat ofisinin xx.xx.2025-ci il tarixli 8İ-4634 nömrəli icra qeydinə əsasən Cavabdeh2 xeyrinə İddiaçı 20000 manat tutulmalıdır.
3. Sumqayıt şəhəri üzrə İcra idarəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Sumqayıt şəhər 1 saylı Notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-4634 nömrəli icra sənədi üzrə icraata başlanmışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(006)-1276/2025-ci il tarixli qərardadına əsasən Sumqayıt şəhər 1 saylı Notariat ofisinin xx.xx.2025-ci il tarixli 8İ-4634 nömrəli icra sənədi üzrə borclu İddiaçı ölkədən getmək hüququnun məhdudlaşdırılması qərara alınmışdır.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx.xx.2025-ci il tarixli, 8İ-4634 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddianın əsaslarına görə, Cavabdeh1 xx.xx.2025-ci il tarixli, 8İ-4634 reyestr nömrəli icra qeydinə əsasən məndən Cavabdeh2 xeyrinə 20025 manat tutulmalıdır. Qanunvericiliyin tələbinin pozulması ilə aparılmış icra qeyd ləğv edilməlidir. İlk növbədə bildirir ki, icra qeydi əsasında tələb edilən ümumi borcla razı deyil. İcra qeydinin aparılmasına qədər Cavabdeh2 ödədiyi ödənişlər nəzərə alınmamış və cavabdeh bu ödənişləri gizlətmişdir. İcra qeydi qanunvericiliyin tələbi pozmaqla aparılmışdır. Çünki bu barədə bildiriş təqdim edilməmişdir. Belə ki, mövcud qanunvericiliyin tələbinə uyğun olaraq cavabdeh bank icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli olsa da, notariat ofisi və cavabdeh qanunvericiliyin tələbini pozmuşlar. İcra qeydi aparılması barədə Sumqayıt icra və probasiya şöbəsindən məlumat alan kimi icra qeydinin ləğvi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
b) iddiaya qarşı etiraz
7. İddia tələbinə qarşı etiraz təqdim edilərək rədd edilməsi xahiş edilmişdir.
8. Etirazın əsaslarına görə, onunla İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 3 saylı Sumqayıt Notariat mərkəzində reyestr 3M-1443 nömrəli kredit müqaviləsinə əsasən o 20000 manat məbləğində pulu iddiaçıya faizsiz olaraq borca vermişdir. xx.xx.2023-cü il tarixdə həmin göstərilən məbləğdə pulu qaytarmadığı üçün xx.xx.2025-ci il tarixdə bildiriş yazaraq həmin pulu tələb etmişdir. Lakin iddiaçı həmin məbləğdə pulun geri qaytarılmadığı üçün müraciəti əsasında xx.xx.2025-ci il tarixdə icra qeydi qəbul edərək aidiyyəti üzrə icra edilməsi üçün Sumqayıt şəhər icra və probassiya şöbəsinə göndərilmişdir. Sumqayıt şəhər İcra şöbəsi həmin icra qeydini icraata qəbul etmiş və borclu İddiaçı göstərilən məbləğdə pulun mənə ödənilməsini tələb etmişdir. Lakin İddiaçı bu pulu qaytarmamışdır. Bundan sonra Sumqayıt şəhər icra və probassiya şöbəsi tərəfindən onun barəsində Sumqayıt şəhər məhkəməsinə təqdimat göndərilmiş və Sumqaytı şəhər məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə borclu İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudulaşdırılmışdır.
c) məhkəmə icraat iştiakçılarının izahatları
9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş, göstərmişdir ki, cavabdeh onun barəsində hüquq mühafizə orqanına şikayət edtiyi zaman, hüquq mühafizə orqanın əməkdaşının iştirakı ilə borcun çox hissəsini qaytarmışdır.
10. Məhkəmə iclasında iştirak edən cavabdeh etirazla eyni məzmunlu zahat verərək iddianın təmin edilməməsini xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, borcdan ödəniş edilməmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır; 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.
12. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 76. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır; İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır; Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır; İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər; Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması ilə eyni vaxtda icra qeydinin xüsusi icra məmurunun icraatına yönəldilməsi məqsədilə tələbkara təqdim edilməsi ilə bağlı müraciət edə bilər; Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur; Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur; İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər; Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; Maddə 79. İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və xüsusi icra məmurlarının icraatına yönəldilməsi üçün tələbkara verildiyi hal istisna olmaqla icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir.
13. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat: Maddə 161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir; Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir; Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir; İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər; Dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron notariat” informasiya sistemində yaradılacaq fərdi kabinetləri vasitəsilə elektron müraciət əsasında icra qeydinin aparılması barədə müraciət edirlər. Fərdi kabineti olan korporativ məlumat mübadiləsinin istifadəçiləri “Elektron notariat” informasiya sistemində yerləşdirilmiş forma üzrə tərtib etdikləri ərizə-məlumatı həmin informasiya sistemi vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər; Digər hüquqi, fiziki şəxslər və dövlət orqanları icra qeydinin aparılması üçün bu Təlimatla müəyyən edilən sənədləri skan edərək və ya elektron sənəd formasında ərizəyə qoşma şəklində əlavə edərək, “Elektron notariat” informasiya sistemində olan fərdi kabinetləri vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər; “Elektron notariat” informasiya sistemində Fərdi kabinet formalaşdırılması üçün fiziki şəxsin şəxsiyyəti təsdiq edən sənədi, hüquqi şəxsin isə hüquq qabiliyyəti - qurumun adı və hüquqi ünvanı; təşkilati-hüquqi forması; kommersiya qurumları və publik hüquqi şəxslər üçün vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi; qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında; qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yerini müəyyən edən məlumatları, dövlət orqanının isə əsanaməsinə (nizamnaməsinə) uyğun tam adı tələb olunur. Fiziki və ya hüquqi şəxslər barədə qeyd olunan məlumatlar sırasında “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzanın alınması zamanı təqdim edilməli məlumatlar tələb edilmir. Digər məlumatlar isə “X1 Sistemi”nə inteqrasiya olunan qurumların informasiya sistemindən əldə edilməsi mümkün olmadıqda tələb edilir; Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur; Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır; Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir; İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıbqaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
16. İşin faktiki halları ilə müəyyən olunur ki, tərəflər arasında notarial qaydada təsdiq edilmiş borc müqaviləsi bağlanmış, borc məbləği iddiyaçıya vermiş, iddiaçı müqavilə üzrə öhdəliyi yerinə yetirmədiyi üçün notariusa müraciət edilmiş, Notariat ofisi tərəfindən icra qeydi verilmişdir.
17. Sumqayıt şəhər 1 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-4634 nömrəli icra qeydinə əsasən İddiaçı 20000 manat məbləğdə borc tutulmalıdır.
18. İddiaçı iddia edir ki, icra qeydi verilərkən ona bildiriş verilməmiş, eyni zamanda borcun böyük hissəsini qaytarmışdır.
19. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, icra qeydinin aparılması zamanı hər hansı bir pozuntuya yol verilməmiş, icra qeydi qanuni və əsaslı olmuşdur. Belə ki, qanunvericiliyin tələblərinə uyğun olaraq icra qeydi borc mübahisəsiz olduğu halda aparılır və icra qeydinin verilməsindən öncə tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərilməlidir. Borcun mübahisəsizliyi barədə müvafiq notarial təsdiqli borc müqaviləsi təqdim edilmişdir. Tərəflər arasında üçüncü şəxs Fəqan adlı şəxsin iştirakı ilə mənzilin əldə edilməsi yönündə müəyyən hərəkətlər və münasibətlər mövcud olsa da, hazırkı halda müqavilənin predmeti 20000 manatın cavabdeh tərəfindən iddiaçıya verildiyi, notariat orqanın depozit hesabından iddiaçı tərəfindən götürüldüyü tərəflərin izahatlarına əsasən mübahisəsizdir. Eyni zamanda İcra qeydinin aparılmasından əvvəl tələbkar tərəfindən borcluya göndərilməsinin imperativliyi təsbit edilmiş müvafiq bildiriş (iş materiallarında olan xx.xx.2025-ci il tarixli bildiriş) cavabdeh tərəfindən təqdim edilmişdir.
20. Digər tərəfdən, keçirilmiş məhkəmə iclaslarında iddiaçının yeganə və israrlı dəlilləri borcun 13 min manata yaxın hissəsinin qaytarılması ilə bağlı olmuşdur ki, bu barədə hər hansı sübut, ödənişi təqdim edən sənəd məhkəməyə təqdim edilməmişdir. Bu halda isə icra qeydinin ləğv edilməsi üçün əsaslar müəyyən edilmir.
21. Məhkəmə qeyd edir ki, məhkəmə tədqiqatının tamlığı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan materialların və faktların tədqiqi ilə təmin olunur. Bu kontekstdə mülki mühakimə icraatı qaydasında baxılan mübahisələrdə tərəflərin iştirakı dispozitivlik prinsipinə söykənir. Dispozitivlik prinsipi isə formal həqiqət prinsipinə əsaslanır. Belə ki, MPM-in 14.2-ci maddəsi məhkəməyə öz təşəbbüsü ilə hər hansı sübutu işə əlavə etməyi və araşdırmağı qadağan etmişdir. Eyni Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir.
22. Sübutların qiymətləndirilməsi isə hüquqi proses olub, iş üzrə toplanmış sübutetmə materiallarının qanunun tələblərinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, hərtərəfliliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında düzgün nəticəyə gəlinməsini ehtiva edir. Sübutların qiymətləndirilməsi prosesi sübutların qəbul edildiyi və araşdırıldığı bütün icraat gedişində həyata keçirilir. Bu prosesdə sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti non neganti incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).
24. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
25. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı Cavabdeh2 və Sumqayıt şəhər 1 saylı Notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə