Məhkəmə qərarları › İş №e-2(004)-725/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-725/2023

15.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-725/2023 15.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X15 oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Bakı şəhəri, Talıblı (Əsəd Əhmədov) küçəsi, 26 saylı evin, 43 saylı mənzilinə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX seriyalı, ******* nömrəli, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Talıblı (indiki Əsəd Əhmədov) küçəsi, 26 saylı evin, 43 saylı mənzilinin mülkiyyətçisidir. AR DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışına əsasən, həmin mənzildə onunla birlikdə qızı xx.xx.1967-ci il təvəllüdlü X4, oğlu xx.xx.1960-cı il təvəllüdlü Cavabdeh, nəvəsi xx.xx.1997-ci il təvəllüdlü X5 qediyyatdadırlar. Cavabdeh onun oğludur. İddiaçı cavabdehin aşağıdakı əsaslara görə mülkiyyətçisi olduğu mənzilə istifadə hüququna xitam verilməsini xahiş edir. Belə ki, cavabdeh 1997-ci il tarixdə nikaha daxil olduqdan sonra 2 il – 1997-1999-cu illərdə qardaşı, iddiaçının vəfat etmiş oğlu xx.xx.1962-ci il təvəllüdlü X6 mülkiyyətində olduğu Bakı şəhəri, Yasamal rayonu, 5-ci Alatava (indiki Əsəd Əhmədov) küçəsi, 34 saylı evin, 30 saylı mənzilində yaşamışdır. Cavabdeh 1999-cu il tarixdə ailəsi ilə birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmış, 2001-ci ilədək İsraildə yaşamışdır. 2001-ci ildə ölkəyə qayıdıb yenə də faktiki olaraq özünə, rəsmi olaraq qardaşına məxsus Bakı şəhəri, 5-ci Alatava (indiki Əsəd Əhmədov) küçəsi, 34 saylı evin, 30 saylı mənzilində yaşamışdır. xx.xx.2003-cü il tarixdə oğlu, xx.xx.1962-ci il təvəllüdlü X13 mülkiyyətində olduğu Bakı şəhəri, 5-ci Alatava (indiki Əsəd Əhmədov) küçəsi, 34 saylı evin, 30 saylı mənzili 19 saylı Notariat Kontorunun notariusu X1 tərəfindən rəsmiləşdirilən bağışlama müqaviləsinə əsasən qardaşı – Cavabdeh bağışlamışdır. Həmin mənzil iddiaçının vəsaiti ilə alınmış, iki oğul övladı arasında olan şifahi razılaşmaya əsasən, qərar vermişdir ki, hazırki Bakı şəhəri, 5-ci Alatava (indiki Əsəd Əhmədov) küçəsi, 34 saylı evin, 30 saylı mənzil cavabdehə bağışlanılsın. Digər mənzil, yəni mübahisə predmeti olan mənzil isə digər oğlu X9 qalsın. Lakin həmin oğlunun xəstə olması və vəfat etməsi səbəbindən sonuncu məqsədi baş tutmamışdır. Cavabdeh 2004-cü il tarixdə yenə də İsrailə getmiş, 2018-ci ilədək orada yaşamış və 2018-ci ildə Azərbaycan Respublikasına qayıtmışdır. Cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını pozur, iddiaçı ona görə əlavə kommunal xərclər ödəyir, mənzil barədə istədiyi kimi sərəncam verə bilmir. Cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə yaşayış üçün ehtiyacı yoxdur. Çünki onun öz mülkiyyətində olan, qardaşı tərəfindən bağışlanılmış mənzili var. Həyat yoldaşı və övladı da həmin mənzildə qeydiyyatdadır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh onun böyük oğludur. Cavabdehin özünün üçotaqlı evi var. 20 ildir ki, cavabdeh onlarla yaşamır və onlarla maraqlanmır. Evi cavabdehə vəfat edən oğlu X13 bağışlayıb. X13 mənzili 2000-ci ildə alıb. 2015-ci ildə cavabdehin atası rəhmətə gedib. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahat verərək bildirmişdir ki, iddia ərizəsində göstərilən bəzi hallar təhrif olunduğuna görə iddianı qəbul etmirlər. Cavabdehin yaşadığı ev ona 2004-cü ildə verilmiş və həmin tarixdən orada yaşamağa başlamışdır. Eyni zamanda həmin ev 2000-ci ildə alınmışdır. Lakin cavabdehin adına ayrıca mənzilinin olması faktını qəbul edirlər. Cavabdeh 1999-cu ildə ailə qurub və ailə qurarkən hazırki qeydiyyatda olduğu mənzildə ailəsi ilə birlikdə yaşayıb. Həmin vaxt onların X6 adına olan mənzildə yaşaması qeyri-mümkündür. Həmçinin cavabdehin 2 il müddətinə İsrailə köçməsinin səbəbi uşağının müalicəsi ilə əlaqədar olmuşdur. Geri qayıtdıqdan sonra hazırki mübahisəli mənzildə yaşamağa davam etmişdir. 2003-cü ildə razılaşmaya əsasən Məmmədov Rauf bağışlama ilə mənzili Cavabdeh adına keçirib. Mənzilin cavabdehin adına keçirilməsinə baxmayaraq mənzildə faktiki olaraq Məmmədov Rauf yaşayıb. Daha sonra cavabdeh uşağının müalicəsi ilə əlaqədar yenidən İsraildə yaşamağa məcbur olub. Həmin xəstəliyin müalicəsi yoxdur, sadəcə yardım göstərilir. Hazırda cavabdeh ona bağışlanılan mənzildə yaşayır. Məmmədov Rauf vəfat edəndən sonra cavabdeh həmin mənzilə köçmüşdür. İddia ərizəsində Mülki Məcəllənin 228.5-ci maddəsinə əsaslanılmışdır. Lakin həmin maddə özü 21 oktyabr 2005-ci ildə qəbul edilmişdir. Əgər həmin normanın tətbiqi ilə cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi nəzərdə tutulursa, Mülki Məcəllənin 7.3-cü maddəsini qeyd etmək lazımdır. Həmin maddədə qeyd olunur ki, mülki hüquq subyektlərinə ziyan vurarsa və həmin subyektlərin vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Tərəflər arasındakı münasibətlər 2005-ci ildən əvvəl yarandığına görə və cavabdehin vəziyyətini pisləşdirdiyinə görə həmin maddənin tətbiq edilməsi doğru deyil. Həmin maddə ilə bağlı Konstitusiya Məhkəməsinin şərhi də məhz ailə münasibətləri pozulduqdan sonra keçmiş ailə üzvlərinə münasibətdə tətbiq olunur. Cavabdeh ailənin keçmiş üzvü deyil, faktiki üzvüdür. Məhkəmə iclasında dindirilən şahid X14 ifadəsində bildirmişdir ki, İddiaçı ilə qonşudur. Cavabdeh özünün evi olduğu halda iddiaçının evində qeydiyyatdan çıxmır. 1963-cü ildən onlar yaxın qonşu olublar. Cavabdeh evi qonşu həyətdədir. O, bəzən onu həmin həyətdə görür. Fəxrəddin iddiaçının evində əvvəllər yaşayıb. Evləndikdən sonra həmin evdən gedib. Əvvəl bir müddət kirayə qaldı. 10 ildən az müddətdir ki, Fəxrəddinin atası ona ev alıb. Həmin evi qardaşı təmir etdirmişdi. Ev alınmamışdan əvvəl də Fəxrəddin kirayə qalırdı. Sonuncu dəfə Fəxrəddini 1-2 ay əvvəl görmüşdür. Məhkəmə iclasında dindirilən şahid X2 ifadəsində bildirmişdir ki, İddiaçı ilə qonşudur, həm də tibb bacısıdır. 30 ildir ki, orada yaşayır, lakin Fəxrəddini görməyib. Heç İddiaçınin elə bir oğlu olduğunu da bilmirdi. 30 il ərzində Fəxrəddin anasının yanına gəlib-getməyib. Məmmədov Aydın xəstə olan zaman tibb bacısı kimi onların evində bir neçə dəfə olub, lakin həmin vaxt da Fəxrəddini orada görməyib. Məmmədov Aydın vəfat edəndən sonra da Fəxrəddin gəlməyib. İddiaçı ilə yaxın qonşu olublar. 1995-ci ildən həmin ərazidə yaşayıb. Məmmədov Aydın 16 il xəstə oldu. Lakin Fəxrəddin onun yanına gəlmədi. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, ünvan 2 İddiaçı xüsusi mülkiyyətindədir və bu daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışına əsasən müəyyən olunur ki, İddiaçı 31 oktyabr 2003-cü il tarixdən Bakı şəhəri, Talıblı küçəsi, ev 26, mənzil 43-də qeydiyyatdadır. X4, Cavabdeh, X7 həmin mənzildə qeydiyyatdadırlar. İş materiallarında olan 11 iyul 2003-cü il tarixli bağışlama müqaviləsinə əsasən müəyyən olunur ki, X13 ona məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60 m2 olan üçotaqlı evi qardaşı Cavabdeh bağışlamışdır. İş materiallarında olan X11, X12 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizədə qeyd olunur ki, Cavabdeh uzun müddətdir ki, ünvan 2 ünvanında yerləşən mənzildə yaşamır. İş materiallarında olan Mənzil Kommunal Təsərrüfat Birliyinin 56 saylı Mənzil Kommunal İstismar Sahəsinin 26 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh S.Talıblı (Ə.Əhmədov) küçəsi, 26 saylı evin 43 nömrəli mənzilində qeydiyyatdadır və yaşamır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən müəyyən olunur ki, Cavabdeh adına ünvan 4 ünvanı Bakı şəhəri 19 saylı DNK-nın 4ə/525 reyestr nömrəli, xx.xx.2003-cü il tarixli bağışlama müqaviləsinə əsasən qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İş materiallarında olan Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Qeydiyyat Vəsiqəsinə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsi, 34 saylı evin 47 m2 yaşayış sahəsindən ibarət üçotaqlı 30 saylı mənzili Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və bu barədə 601 saylı reyestr kitabında 30/2606 nömrə ilə xx.xx.2004-cü il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Qeydiyyat Vəsiqəsinə əsasən müəyyən olunur ki, Bakı şəhəri, 5-Alatava küçəsi, 34 saylı evin 47 m2 yaşayış sahəsindən ibarət üçotaqlı 30 saylı mənzili X6 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və bu barədə 601 saylı reyestr kitabında 30/24148 nömrə ilə xx.xx.2000-ci il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan Vİİ-KГ 321898 seriya nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X8 arasında xx.xx.1999-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu VVAQ Şöbəsində nikah bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 88 № ilə qeyd edilmişdir. Beləliklə məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsi, ev 26 ünvanında yerləşən 43 saylı mənzil İddiaçı mülkiyyətində olmaqla, onun övladı olan Cavabdeh qeyd olunan ünvanda pasport qeydiyyatındadır. Məhkəmə iclasında həmçinin tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh mübahisələndirilən mənzildə yaşamır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarında isə göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Habelə həmin qərarda qeyd edilmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Qeyd olunmalıdır ki, müraciətdə qaldırılan məsələnin həlli zamanı məhkəmə təcrübəsində qanunun analogiyası üzrə tətbiq edilən Mənzil Məcəlləsinin 82.3cü maddəsinin deyil, məhz Mülki Məcəllənin 262-ci maddəsinin müddəalarının tətbiqi bu institutun mahiyyətindən irəli gəlir. Belə ki, qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır. Həmin qərardan görünür ki, məhkəmənin gəlmiş olduğu qənaətə əsasən, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ərarvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. İddiaçı iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, o, ailə üzvü olan Cavabdeh iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüqununa həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdığı üçün kompensasiya ödənilmədən xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bununla əlaqədar məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının oğludur və 2003-cü ildən bəri, mübahisələndirilən ünvanda yaşamır və faktiki olaraq cavabdehin mülkiyyətində ünvan 6 ünvanında yerləşən 30 saylı mənzili var və hal-hazırda həmin mənzildə yaşayır. Cavabdehin 2003-cü ildə yeni mənzil üzərində mülkiyyət hüququ əldə etməsi və mübahisəli mənzildə daha yaşamaması ilə iddiaçıya məxsus olan yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı üçün Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Talıblı (Əsəd Əhmədov) küçəsi, 26 saylı evin 43 saylı mənzilinə istifadə hüququna xitam verilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin irəli sürdüyü yuxarıda qeyd olunan hüquqi mövqeyinə əsasən iddiaçının hazırki iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Talıblı (Əsəd Əhmədov) küçəsi, 26 saylı evin 43 saylı mənzilinə istifadə hüququna xitam verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar