Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-73/2023 28.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı X2 İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə İddiaçılar X2 Cavabdeh MTK-ya qarşı “pul və əmlak” tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı X7 cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin şərtlərinin tam icra olunmadığı üçün ona məxsus evin söküldüyü yerdən təhvil verilmiş mənzilin sahəsi hər iki mənzildə cəmi 22 kv.m az olduğundan çatışmayan hər kv.m-in 1800 manatdan hesablanaraq, yəni 39600 manat pulun və 209 manat dövlət rüsumunun ödənilməsi və iddiaçıya məxsus olmuş və sökülmüş obyektlər yolun kənarında yerləşdiyindən, onun obyektlərinin söküldüyü yerdən, yəni binanın ön hissəsindən obyektin təmir olunaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon İcra Hakimiyyəti vasitəsi ilə iddiaçıya və onun ailəsinə Bakı şəhəri Sabit Rəhman küçəsi ev 18-də 2 saylı mənzil verilmişdir. 2017-ci ildə cavabdeh tərəfindən evləri “Pilot” layihəyə əsasən sökülmüşdür. X16 küçəsinə baxan hissəsində ona məxsus 45 kv.m qeyri-yaşayış sahəsini icarəyə verərək ailəsini dolandırmışdır. 2017-ci ildə Cavabdeh MTK tərəfindən ev pilot layihəyə əsasən sökülmüş və layihəyə əsasən ona ev və qeyri-yaşayış sahəsi verilməli idi. Mənzil və qeyri-yaşayış sahəsi Səməd Vurğun küçəsindən (magistral yol) verilməli olduğu halda, ona binanın sonundan, həyətin girişindən qeyri-yaşayış sahəsi verilmişdir. Mənzilə dair çıxarış alarkən MTK ilə bağlanmış müqavilələrə zidd olaraq ona MTK tərəfindən verilmiş mənzillərin ölçülərinin iki mənzildə cəmi 22 kv.m az olması müəyyən olunmuşdur. Həmçinin digər qonşuların əvvəlki mənzillərinin sahələrinə nisbətdə onlara verilmiş yeni mənzillərə münasibətdə ona verilmiş sahə azlıq təşkil edir. Misal olaraq, qonşuluqda yerləşən 116 kv.m, sahənin əvəzi olaraq təxminən 100 kv.m, 90 kv.m və 70 kv.m olan 3 mənzil və ön hissədən 40 kv.m qeyri-yaşayış sahəsi verilmişdir. Lakin iddiaçıya məxsus 124 kv.m sahənin əvəzində isə 97 kv.m və 76 kv.m olan 2 mənzil və binanın arxa tərəfindən qeyri-yaşayış sahəsi verilmişdir. Hər iki mənzildə sahə cəmi 22 kv.m az olduğundan çatışmayan hər kv.m-nin 1800 manatdan hesablanaraq, yəni 39600 manat pul ona verilməlidir. O cümlədən ona məxsus qeyri-yaşayış sahəsi sökülməmişdən əvvəl ona bildirilmişdir ki, söküldüyü yerdən də ona qeyri-yaşayış sahəsi veriləcək. Ona məxsus qeyri-yaşayış sahəsi yolun kənarında, mərkəzdə yerləşirdi. Lakin cavabdeh obyektlərinin yeri bahalı olduğu üçün hər kv.m-ni 15 000 manatdan digər şəxslərə satmış, ona isə tikilən binanın yanından, o qiymətdən qat-qat ucuz olan, yoldan kənar bir yerdən qeyri-yaşayış sahəsi vermişdir. Belə olan halda ona məxsus olmuş və sökülmüş qeyriyaşayış sahəsinin yerləşdiyi yerdən ona qeyri-yaşayış sahəsi verilməli, əks halda qeyriyaşayış sahəsinin hər kv.m 15 000 manatdan hesablanaraq ona ödənilməlidir. İddiaçının ölümü ilə əlaqədar olaraq X7, hüquqi varisləri - arvadı X8 və övladları , X3, X9 və X6 ilə əvəz edilmişdir. İddiaçının hüquqi varisləri - övladları, X3, X9 və X6 ataları X1 qalmış mirasda onlara çatan paydan anaları X2 xeyrinə imtina etdiyindən, onların Cavabdeh MTK-ya qarşı “pul və əmlak” tələbinə dair mülki iş üzrə iddiaçı qismində iştirakına Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-73/2023 saylı qərardadı ilə xitam verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 22 avqust 2022-ci il tarixli məhkəmə iclasının protokolundan görünür ki, məhkəmə iclasında Cavabdeh MTK-nın sədri iddiaya etiraz edərək izahatında iddiaçı tərəfindən tərəflər arasında müqavilə bağlandıqdan 6 il sonra iddia qaldırıldığını, müqavilələrdə nəzərdə tutulmuş mənzillərin sahələri ilə iddiaçıya verilmiş mənzillərin faktiki sahələrinin eyni olmasını, cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulmamasını, daşınmaz əmlaka çıxarış verilərkən mənzilin balkonlarının sahələrinə azalma əmsallarının tətbiq edilməsini, arakəsmələrin nəzərə alınmamasını, nəticədə verilmiş faktiki sahələrlə çıxarışda verilmiş sahələrin fərqli olmasını( az olmasını), iddiaçıya verilmiş qeyri-yaşayış sahəsinin hal-hazırda fəaliyyət göstərməsini və gəlir gətirməsini bildirərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş: X8, X6, X4 tərəfindən verilmiş 3 saylı Bakı “Asan Xidmət” mərkəzində notarius tərəfindən təsdiq edilmiş müvafiq olaraq xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli ərizələrindən görünür ki, həmin şəxslər qeydiyyatda olduqları ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilin sökülməsinə və həmin ünvanda inşa ediləcək yeni binada mənzillə təmin olunmaya dair müqavilənin X7 ilə bağlanmasına razı olduqlarını bildirmişlər. X7 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2016-cı il tarixli ərizəsindən görünür ki, o, onun qeydiyyatda olduğu ünvan 2 ünvanında onlara məxsus evin, Nazirlər Kabinetinin qərarına uyğun olaraq söküldüyünə görə, Cavabdeh MMC tərəfindən onlara Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində tikiləcək binanın A blokunda, 13-cü mərtəbəsində, 2 otaqlı, 76 kvadrat metr tam təmirli və D blokunda 6-cı mərtəbəsində, 2 otaqlı, 97 kvadrat metr tam təmirli mənzil verilmiş və müqaviləsi bağlanmışdır. Onun sahibi olduğu ünvan 2 ünvanında yerləşən evinin sökülməsinə heç bir etirazı yoxdur və gələcəkdə də heç bir iddia tələbi olmayacaqdır. X7 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2016-cı il tarixli və xx.xx.2017ci il tarixli ərizələrindən görünür ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi ünvanında ona məxsus qeyri-yaşayış sahəsinin, Nazirlər Kabinetinin qərarına uyğun olaraq söküldüyünə görə, Cavabdeh MMC tərəfindən onlara Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində tikiləcək binanın birinci mərtəbəsində 40 kv.m qeyri-yaşayış sahəsi verilmiş və müqaviləsi bağlanmışdır. Sahib olduğu Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində ona məxsus qeyri-yaşayış sahəsinin sökülməsinə heç bir etirazı yoxdur və gələcəkdə də heç bir iddia tələbi olmayacaqdır. X7 ilə Cavabdeh MMC arasında bağlanmış 23 may 2017-ci il tarixli iki müqavilədən görünür ki, ünvan 2 ünvanında N.Əkbərova məxsus hər birinin sahəsi 47 kv.m olan iki otaqlı və üç otaqlı mənzillərin əvəzinə Cavabdeh MMC 2 otaqlı 76 kv.m və 3 otaqlı 97 kv.m olan mənzillərin verilməsini öhdəsinə götürmüşdür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışlara əsasən X5 müqavilələr üzrə verilmiş mənzillər üzərində mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Çıxarışlara əsasən bir mənzilin ümumi sahəsi 68,50 kv.m, digərinin isə 91,60 kv.m təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 iyul 2023-cü il tarixli, 10/1705-9/1769 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları’’-na əsasən, X5 məxsus ünvan 3, 71 (yeni qaydalarla AZ 1078, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 82, M 13, m 5) saylı mənzilin ümumi sahəsinin 68,5 kv.metr, X5 məxsus ünvan 3, 71 (yeni qaydalarla AZ 1078, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 82, M 6, m 2) saylı mənzilin ümumi sahəsinin 91,6 kv.metr təşkil etdiyi müəyyən edilir. X5 məxsus olan ünvan 3 ünvanında yerləşən mənzillərin yerləşdiyi yaxın ərazilərdə, analoji mənzillərin 1 kvadrat metrinin hazırda mövcud olan orta bazar qiyməti təqribən 1850,0 manat məbləğində müəyyən edilir. ünvan 3 binaya yaxın ərazilərdə, analoji qeyri-yaşayış sahələrinin 1 kvadrat metrinin hazırda mövcud olan orta bazar qiyməti təqribən 3200,0 manat məbləğində müəyyən edilir. Rəydən göründüyü kimi, ekspert tərəfindən mənzillərin sahəsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin (“Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”) 2 və 3-cü hissələrinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli 7 saylı qərarı ilə təsdiq olunmuş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması" qaydalarının 3.8-ci bəndi nəzərə alınmaqla hesablanmışdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 59. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müəyyən edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması" qaydaları 3.8. Mənzillərin ümumi sahəsi – yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras,şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3;şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar)- 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Beləliklə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh tərəfindən X7 ilə bağlanmış 23 may 2017-ci il tarixli iki müqavilənin (mənzillərə aid) şərtləri pozulmamış və cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmişdir. Belə ki, cavabdeh tərəfindən müqavilələrdə N.Əkbərova verilmiş mənzillərin ümumi faktiki sahəsi göstərilmiş, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verildikdə isə mənzillərin ümumi sahəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müəyyən edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması" qaydalarına əsasən, yəni mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin, sobanın yerləşdiyi sahələr nəzərə alınmadan, eləcə də lociyanın sahəsinin azaltma əmsala vurulmuş sahəsi nəzərə alınmaqla hesablanmışdır. Bundan əlavə 23 may 2017-ci il tarixli digər müqavilədən görünür ki, həmin müqavilə ilə tərəflər, yəni X7 ilə Cavabdeh MMC N.Əkbərova məxsus Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi ünvanında yerləşən qeyri-yaşayış sahəsinin əvəzinə Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində tikiləcək binanın birinci mərtəbəsində 40 kv.m qeyri-yaşayış sahəsi verilməsi barədə razılığa gəlmişlər. Müqavilənin 2.1.3-cü bəndinə əsasən mülkiyyətçinin(N.Əkbərov) müqavilədə göstərilən müddətdə Cavabdeh MMC-dən müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun şəkildə qeyri-yaşayış sahəsini tələb etmək hüququ vardır. Müqavilədən göründüyü kimi, N.Əkbərova məxsus olmuş qeyri-yaşayış sahəsinin əvəzinə veriləcək sahənin yeni tikiləcək binanın birinci mərtəbəsində verilməsi barədə tərəflər razılığa gəlmiş, bu zaman sahənin binanın ön hissəsindən və ya arxa hissəsindən verilməsi barədə şərt nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, qeyri-yaşayış sahəsinin verilməsi barədə də 23 may 2017-ci li tarixli müqavilənin şərtlərinə cavabdeh tərəfindən əməl edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 209 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Eyni zamanda məhkəmə tikinti-texniki ekspertizasının dəyəri – 100 manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 209 (iki yüz doqquz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-73/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-73/2023
28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver