Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-743/2025 24.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin X7 Xidməti” publik hüquqi şəxsinə qarşı əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrünə görə əmək haqqının ödənilməsi tələbinə dair iş üzrə (açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrünə görə əmək haqqının ödənilməsi, işçilərinin sayının və ya ştatların ixtisar edilməsi) Bakı şəhəri Yasamal Rayon Məhkəməsi Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, cavabdeh “İri Şəhərlərin X7 Xidməti” publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin X7 Xidməti” publik hüquqi şəxsinə qarşı, iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan X1maqla əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrünə görə əmək haqqının ödənilməsi tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" ASC-nin Aparatın qulluqçularının 2024-cü il üçün ştat cədvəlinə əsasən “Su mənbələrinin və emal qurğularının idarə olunması” şöbəsi üzrə 1 şöbə rəisi, 1 şöbə rəisinin müavini, 7 aparıcı mühəndis və 2 mühəndis vəzifələri mövcud olmuşdur.
2. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli, 002/f nömrəli əmri ilə Agentliyin tabeliyindəki “İri Şəhərlərin X7 Xidməti” publik hüquqi şəxsin strukturu və ştat cədvəli təsdiq edilmiş, “İri Şəhərlərin X7 Xidməti” publik hüquqi şəxsin işçilərinin say həddi 7700 ştat vahidi, o cümlədən Xidmətin Aparatı üzrə 180 ştat vahidi müəyyən edilmişdir.
3. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli, 002/f nömrəli əmri ilə təsdiq edilmiş “İri şəhərlərin X7 Xidməti” publik hüquqi şəxsin aparatının strukturuna əsasən “Emal qurğularının istismarı şöbəsi” üzrə 5 ştat vahidi müəyyən edilmişdir.
4. "xxxx" ASC-nin aparatının tutduqları vəzifə üzrə ştat vahidi ixtisara düşmüş işçilərin siyahısından görünür ki, İddiaçı çalışdığı “Su mənbələrinin və emal qurğuların idarə olunması” sturuktur bölmə üzrə aparıcı mühəndis vəzifəsi ixtisara düşmüşdür.
5. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X7 Xidməti” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 923-K nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsi “İri Şəhərlərin X7 Xidməti” publik hüquqi şəxsinin təsdiq edilmiş sturukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilmiş, İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən "xxxx" ASC-də 13 il 2 ay 12 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 2 misli miqdarında işdən çıxma müavinəti verilməsi, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 34 təqvim günü pul əvəzinin ödənilməsi əmr edilmişdir.
6. Azərbaycan Su Təsərrüfatı X2 Respublika Komitəsinin xx.xx.2024-cü il tarixli, 71 nömrəli məktubundan görünür ki, ştat vahidinin ixtisarı ilə əlaqədar siyahıda qeyd olunan işçilərin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə etiraz edilmir.
7. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 2727 nömrəli sərəncamı ilə İddiaçı “Tərəqqi” Medalı ilə təltif olunmuşdur.
8. "xxxx" ASC-nin Azərbaycan Su Təsərrüfatı X2 Respublika Komitəsinin xx.xx.2021-ci il tarixli protokolu ilə təsdiq edilmiş "xxxx" ASC və Azərbaycan Su Təsərrüfatı X2 Respublika Komitəsi arasında 2022-2024-cü il üçün bağlanmış Sahə (Tarif) Kollektiv sazişinin 4.1.3 və 4.1.3.1-ci bəndlərinə görə müəssisənin, idarənin təşkilatın işçilərinin sayının ixtisarı zamanı qanunvericilikdə nəzərdə tutulan hallardan əlavə işdə saxlanmaq üstünlüyünə yaşa görə əmək pensiyasına çıxmağa 3 ili qalan işçilər də malikdirlər.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İri Şəhərlərin X7 Xidməti” publik hüquqi şəxsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə istinadən “əmək müqaviləsinin ləğv edilməsi haqqında” xx.xx.2024-ci il tarixli, 923-K nömrəli əmrinin ləğv edilməsi, onun “İri Şəhərlərin X7 Xidməti” publik hüquqi şəxsinin “Emal qurğularının istismarı” şöbəsinə mühəndis vəzifəsinə işə bərpa edilməsi, qanunsuz olaraq işləməkdən məhrum edildiyi bütün vaxt üçün, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan əmək haqqının, eləcə də mediasiya xərcləri üzrə 50 manat, vəkil xidməti ilə bağlı ödənilmiş 350 manat məbləğdə pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddianın əsaslarına görə, "xxxx" ASC-nin idarəetmə aparatında “Su mənbələrinin və emal qurğularının idarə olunması” şöbəsinin mühəndisi vəzifəsində işləmiş və həmin sahədə bütün növ su mənbələrinin və qurğularının istismarı və idarə olunması işini təmin etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli “Su ehtiyatları, su təsərrüfatı və melorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərmanına əsasən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yaradılmış və "xxxx" ASC ADSEA-nın tabeliyinə verilərək, onun bazası əsasında “Şəhərlərin X7 Xidməti” publik hüquqi şəxs yaradılmışdır. O da elə həmin Su Təchizatı Xidmətinin tərkibində “Su mənbələrinin və qurğularının idarə olunması” şöbəsində aparıcı mühəndis vəzifəsində işini davam etdirmişdir. Cavabdeh “İri Şəhərlərin X7 Xidməti” publik hüquqi şəxsinin 923-K nömrəli “əmək müqaviləsinin ləğv edilməsi haqqında” əmrinə əsasən işəgötürən ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə istinad olunmaqla xx.xx.2024-ci il tarixdən verilmişdir. Cavabdeh sözügedən əmrdə işçi olaraq onunla əmək müqaviləsinin ləğv edilməsini “İri Şəhərlərin X7 Xidməti” publik hüquqi şəxsinin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidinin ixtisar edilməsi ilə əsaslandırmışdır. O, 1984-cü ildə Moskva Neftkimya və X8 bitirmiş, 1984-2011-ci illərdə Dövlət Neft Şirkətinin Geofizika və Geodeziya İdarəsində müxtəlif vəzifələrdə çalışmışdır. xx.xx.2011ci ildən xx.xx.2016-ci ilədək dövrdə "xxxx" ASC-nin H.Z.Tağıyev adına Su Təchizatı İdarəsinin rəisi vəzifəsində işləmişdir. xx.xx.2016-ci ildən son tarixə kimi isə "xxxx" ASCnin idarəetmə aparatında “Su mənbələrinin və emal qurğularının idarə olunması” şöbəsində aparıcı mühəndis vəzifəsində işləmişdir. Cavabdeh şirkətdə işlədiyi dövrlərdə əmək funksiyasını yüksək səviyyədə yerinə yetirilmə bacarığına və peşəkarlığa görə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli sərəcəmaı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir. Hazırda 64 yaşı var, ümumulikdə 46 il əmək stajına malik olmaqla, onlardan 13 ilini cavabdeh şirkətdə çalışmışdır. Beləliklə, cavabdeh onu yeni struktur vahidinin yaranması və köhnə ştat cədvəli ştat vahidinin ixtisar edilməsini bəhanə gətirərək qanunsuz olaraq işdən azad etmişdir. Prezident fərmanına əsasən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılmış, strukturu təsdiq edilmiş, Agentliyin yanında Suların İstifadəsinə və X3 Xidməti yaradılmış, agentliyin tabeliyində yeni publik hüquqi şəxslər - X9 Xidmətləri, Şəhərlərin X7 Xidməti, Su və X6 İnstitutu, X4 Müdiriyyəti və Su və Melorasiya Komputer Layihələndirilməsi İnstitutu yaradılmışdır. Göründüyü kimi ADSEA-nın (Agentliyin) strukturuna yeni xidmət sahəsi əlavə edilmiş və yeni publik hüquqi şəxslər yaradılmışdır. Həmin publik hüquqi şəxs çevrilmə formasında yenidən təşkili nəticəsində bir sıra funksiyalarını bir-birinə ötürüsə də, əsas istiqamətləri və funksiyaları özlərində qalmış və bu sahədə vahid dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı ADSEA yaradılmışdır. Nəticədə Agentlikdə və onda olan qurumlarda xeyli sayda yeni iş yerləri və vakansiyalar yaradılmışdır. Fərmana uyğun olaraq "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə hazırkı iş üzrə cavabdeh “İri Şəhərlərin Birləşmiş Təchizatı Xidməti” publik hüquqi şəxsi yaradılmış, yeni yaradılmış publik hüquqi şəxsdə də əmək funksiyası eyni olmuşdur. xx.xx.2024-ci il tarixdən cavabdeh kütləvi olaraq bütün işçiləri, o cümlədən onu rəsmi olaraq “ştat vahidinin ixtisara düşməsi” barədə xəbərdarlıq etmişdir. Agentliyin rəhbərliyi stajlı, peşəkar və təcrübəli işçilərin işdə saxlanılmasında maraqlı olduqlarını, işlə təmin olunmasında heç bir problemin olmadığını, digər işçilərə isə “ixtisasa uyğun iş yeri barədə məlumat verəcəyini” həm yazılı həmdə şifahi olaraq bildirmişdir. Lakin, cavabdehin rəhbərliyi tam bunun əksinə olaraq yeni ştat vadiləri üzrə işçiləri komplektləşdirməkdə bununla bağlı əmək qanunveri tələblərini heç də tam əməl etməmiş, “özünün bildiyi” kimi hərəkət etmişdir. Belə ki, ixtisara kimi onun işlədiyi “Su mənbələrinin və emal qurğularının olunması” şöbəsində 10 ştat vahidi olmaqla 10 nəfər əməkdaş işləmiş, cavabdehin apardığı ixtisar nəticəsində onun işlədiyi sözügedən şöbədə 5 ştat vahidi saxlanılmış və şöbənin adı “Emal qurğularının istismarı” olmuşdur. Əvvəlki şöbədə işləmiş 3 əməkdaş, yeni şöbədə 3 yer üzrə iş almış, şöbə rəisi və 1 yer üzrə vakant yerə isə kənardan işçi gətirilərək yerləşdirilmişdir. Bundan başqa əvvəlki şöbədə işləmiş 6 əməkdaş isə ADSEA-nin X9 Xidmətində işlə təmin edilmişdir. Göründüyü kimi, onun işlədiyi şöbə üzrə ixtisar düşən 10 əməkdaşdan 9-u işlə təmin edilmiş, yalnız o, işlə təmin olunmaqdan məhrum olaraq sərbəstləşdirilmiş işçilərin sırasına qatılmışdır. Halbuki, həmin şöbədə tutduğu vəzifəyə görə, həmçinin əmək funksiyasının yerinə yetirilmə bacarığına və peşə səviyyəsinə görə ən təcrübəli işçilərdən biri olmuşdur. Əmək Məcəlləsinin 78-ci maddəsi müəssisədə ştatların ixtisarı həyata keçirilərkən işçilərin peşakarlıq səviyyəsini işəgötürən tərəfindən müəyyən etm ehtiva etsə də, müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik işçilərin işdə saxlanılmasını vəzifə olaraq işəgötürənin üzərinə qoyur. Hazırkı halda, cavabdeh ştat ixtisarını həyata keçirərkən işçlərin peşəkarlıq səviyyəsini düzgün müəyyən etməmiş, onun peşəkarlıq səviyyəsi işdə saxlanılmış işçilərə münasibətdə daha yüksək olmasına baxmayaraq işçi olaraq yalnız onu ixtisar edərək sərbəstləşdirilmiş işçilər siyahısına daxil etmişlər. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” hissəsinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin məcəllənin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Sözügedən normaya münasibətdə hesab edir ki, işəgötürənin əmri formal əsaslarla qəbul edilmiş, hüquqi və faktiki baxımdan əsaslandırılmamışdır. Belə ki, Prezident sərəncamına əsasən cavabdehin yalnız təşkilati-hüquqi forması dəyişmiş, bu zaman əvvəlki qayda da dövlət mülkiyyətində qalmaqla səhmdar cəmiyyətdən publik hüquqi şəxsə çevrilmişdir. Bu zaman cavabdehin nə istehsal gücü azalmamış, nə də profili dəyişməmişdir, həmçinin özəlləşməmiş, nə də yerli və ya xarici investisiyanın uzunmüddətli istifadəsinə verilməmişdir. Ən əsası, cavabdeh öz əsas funksiyasını fiziki və hüquqi şəxslərə su və kanalizasiya xidmətlərini əvvələr olduğu kimi yerinə yetirməkdə davam edir. Belə olan halda cavabdeh, eləcə də Agentlik məhkəmə araşdırması çərçivəsində kütləvi ixtisarın keçirilməsin ona münasibətdə əmək müqavləsinin ləğv edilməsi barədə əmrinin əsaslılığıını sübuta yetirilməlidir. Əmək Məcəlləsinin 78-ci maddəsi, müəssisədə ştatların ixtisarı həyata keçirilərkən işçilərin peşakarlıq səviyyəsini işəgötürən tərəf müəyyən etməsini ehtiva etsə də, müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanılmasını vəzifə olaraq işəgötürənin üzərinə qoyur. Belə ki, ixtisarı əvvəlcə planlayan işəgötürən keçmiş “Su mənbələrin emal qurğularının idarə olunması” şöbəsində çalışmış işçilərin peşakarlıq səviyyəsini qiymətləndirilməsini aparmış və nəticə olaraq onları yuxarı və ya aşağı ballarla fərqləndirməsinə dair sənəd hazırlamış, bunu üst qurumu olan Agentlik ilə razılşdırmış və yalnız bundan sonra işdə saxlanılan işçilərin siyahısına dair yekun sənəd hazır olmuşdur. Belə olan halda sual yaranır ki, cavabdeh ixtisar ilə bağlı işçlərin peşəkarlıq səviyyəsini necə müəyyən etmiş, hansı kriteriyalarla qiymətləndirmə aparmışdır. Bundan başqa cavabdeh kütləvi ixtisarlar apararaq buna dair bütün işçilərini müvafiq qaydada məlumatlandırmışdır. Lakin xəbərdalıq müddəti dövründə, cavabdeh tərəfdən ixtisar aparsa da digər tərəfdən köhnə şöbənin bazası əsasında yeni yaradılan “Emal qurğularının istismarı” şöbəsində ştat cədvəli üzrə kənardan xx.xx.2024-cü il tarixində mühəndis-işçi qəbul etmişdir. Ağlabatan olmasa da, bunun necə baş verdiyinin izah edilməsi və əsaslandırılması cavabdehin üzərinə düşməklə məhkəmə araşdırmasının predmetlərindən biri olmalıdır. Cavabdeh onu işdən azad edərkən özünün xx.xx.2024-ci l tarixli, 923-k nömrəli əmrini “İri Şəhərlərin X7 Xidməti” publik hüquqi şəxsinin təsdiq edilmiş struktur və ştat cədvəlinə əsasən ştat vahidinin ixtisar edilməsi ilə əsaslandırmışdır. O, maraqlı tərəf olaraq cavabdehdən, həmin ştat cədvəlini, buna dair müvafiq sənədləri, eləcə də Həmkarkarlar İttifaqı Komitəsinin əsaslandırılmış Qərarını (protokol ilə birgə) təqdim edilməsini xahiş etsə də (poçt qəbzi əlavə edilir) müraciət cavablandırılmayıb. Halbuki, yuxarıda qeyd olunduğu kimi, maraqlarıma toxununan məlumatı ona (verməyə) göndərməyə borcludur. Güründüyü kimi, bu halda cavabdeh Əmək Məcəlləsinin 88.1-ci maddəsinin tələblərinə əməl etməmişdir. Odur ki, sözügedən sənədlərin məhkəməyə təqdim edilməsi cavabdehdən olunmalıdır. Növbəti pozuntu kimi ixtisar ilə bağlı cavabdehin xəbərdalıq müddətinə əməl etməməsidir. İş materiallarından görünür xəbərdalıq bildirişinə o, xx.xx.2024 tarixdə tanış olaraq imza etmişdir, xəbərdarlıq müddəti 9 həftə olmaqla ixtisar dövrü 2 ay ərzində başa çatmalı olduğu halda və işdən çıxma əmrini xx.xx.2024 tarixdə verməli olduğu halda, bunu etməmiş və yalnız bunu 4 ay keçdikdən sonra, yəni xx.xx.2024-ci il tarixdə etməklə əmək qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdeh və onun üst qurumu olan Agentlik, apardıqları olan kütləvi ixtisarın miqyasını azaltmağa çalışır və ixtisarın “lokal” xarakter daşıdıqlarını bildirirlər. Halbu ki, bunun tam əksinə olaraq ixtisarın kütləvi surətdə aparılmasına dair kütləvi informasiya şəbəkələrində və sosial mediada materiallar mövcuddur. Belə olduğu halda və məşğulluq haqqında qanunvericlik kütləvi ixtisarın aparılması öncəsi işəgötürənin üzərinə bir sıra tələb və vəzifələr qoyur.
b) iddiaya qarşı etiraz
11. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
a) məhkəmə icraat iştiakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, göstərdilər ki, cavabdeh təşkilat əmək müqaviləsinə xitam verərkən kollektiv müqavilənin də tələbini nəzərə almamışdır. Belə ki, kollektiv müqaviləyə əsasən pensiya yaşına çatmağına ən azı 3 il qalmış şəxslərin ixtisar zamanı işdə saxlanılmaqda üstünlük hüquqları vardır. Ümumilikdə cavabdeh təşkilat ştatların ixtisarı zamanı əməl etməli olduğu 8 qanunvericilik tələbindən cəmi 1-nə əməl etmişdir.
13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etmədiklərini, əmək müqaviləsi ləğv edilərkən qanunvericiliyin bütün tələblərinə riayət edildiyini bildirmişdir.
14. Məhkəmə iclası barədə məlumatlandırılmış üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 16.
1. Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır; Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər
1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür; Maddə 77.
1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir;
3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında; Maddə 78.
1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır;
2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: … kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə; Maddə 80.
1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir;
2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir; Maddə 300.
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
18. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli, 002/f nömrəli əmri ilə Agentliyin tabeliyindəki “İri Şəhərlərin X7 Xidməti” publik hüquqi şəxsin strukturu və ştat cədvəli təsdiq edilmiş, publik hüquqi şəxsin işçilərinin say həddi 7700 ştat vahidi, o cümlədən Xidmətin Aparatı üzrə 180 ştat vahidi müəyyən edilmişdir. “İri şəhərlərin X7 Xidməti” publik hüquqi şəxsin aparatının strukturuna əsasən “Emal qurğularının istismarı şöbəsi” üzrə 1 şöbə rəisi, 1 şöbə rəisinin müavini və 3 mühəndis olmaqla 5 ştat vahidi müəyyən edilmişdir. Hansı ki, bu şöbənin əvvəlki sturukturda adı “Su mənbələrinin və emal qurğularının idarə olunması” şöbəsi olmuş, şöbədə 11 ştat vahidi mövcud olmuşdur.
19. İxtisarlar aparıldıqdan sonra iddiaçı işini davam etdirmiş, təxminən 4 ay sonra cavabdehin xx.xx.2024-cü il tarixli, 923-K nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsi “İri Şəhərlərin X7 Xidməti” publik hüquqi şəxsinin təsdiq edilmiş sturukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir.
20. İddiaçı bu əmri mübahisələndirərək, əmr verilərkən qanunvericiliyin tələblərinə əməl edilmədiyini bildirir.
21. Məhkəmə qeyd edir ki, işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biri olmaqla yanaşı, bunu həyata keçirərkən əmək qanunvericiliyinin tələblərinə riayət etmək də işəgötürənin vəzifəsidir.
22. İşəgötürən işçilərin sayını ixtisar etmək hüququndan istifadə edərkən, ixtisarın aparılmasının zəruriliyini əsaslandırmalıdır. İşçinin əmək müqaviləsi bu əsasla ləğv edilərkən də qanunvericiliyin tələblərinə əməl edilməlidir.
23. Hazırkı işdən görünür ki, əmək müqaviləsi ləğv edilərkən işə götürən tərəfindən bu kateqoriya işlər üzrə qanunvericiliyin tələblərinə əməl edilməmişdir.
24. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndindəki əsasla əmək müqaviləsi ləğv edilərkən əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Bunun üçün isə işəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən etməli, bu zaman onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.
25. Məhkəmə qeyd edir ki, işçinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsində işəgötürənin mülahizə sərbəstliyi olsa da, bu qiymətləndirmə ən azından aparılmalı, müqayisəli analizin nəticələri təqdim edilməli idi. Bunun əksi hüquqdan sui-istifadə olmaqla, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməzliyi kimi təməl prinsiplərin pozulması kimi qiymətləndirilməlidir.
26. Hazırkı iş üzrə iddiaçı uzun illər cavabdeh təşkilatda çalışmış, ixtisarlar aparılanadək “aparıcı mühəndis” vəzifəsində işləmiş, Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilmişdir. Cavabdeh isə ixtisar aparılarkən işdə saxlanılmış şəxslərə münasibətdə hansı kriteriyaların nəzərə alındığını, sərbəstləşdirilmiş iddiaçının işəgötürənin mülahizəsinə əsasən hansı kriteriyalara cavab vermədiyini əsaslandırmamış, bu barədə hər hansı dəlil, sübut təqdim etməmişdir.
27. Bundan əlavə, Əmək Məcəlləsinin 78-ci maddəsində ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin dairəsi sadalanmışdır, işin halları ilə isə sübut olunur ki, iddiaçı bu dairədə olan şəxsdir.
28. Belə ki, "xxxx" ASC və Azərbaycan Su Təsərrüfatı X2 Respublika Komitəsi arasında 2022-2024-cü il üçün bağlanmış Sahə (Tarif) Kollektiv sazişinin 4.1.3 və 4.1.3.1-ci bəndlərinə görə müəssisənin, idarənin təşkilatın işçilərinin sayının ixtisarı zamanı qanunvericilikdə nəzərdə tutulan hallardan əlavə işdə saxlanmaq üstünlüyünə yaşa görə əmək pensiyasına çıxmağa 3 ili qalan işçilər də malikdirlər.
29. Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən isə kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərin də işdə saxlanılmaqda üstünlük hüquqları var.
30. Hazırkı iş üzrə iddiaçının 64 yaşı olmaqla, əmək pensiyasına çıxmağa 1 ili qalmışdır ki, bununla da kollektiv sazişin, dolayısı ilə Əmək Məcəlləsinə əsasən işdə saxlanılmaqda üstünlük hüququ olan şəxslərin əhatə dairəsinə düşür.
31. Bütün bunlardan əlavə, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsi ləğv edilərkən qanunun həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması barədə tələbinə də əməl edilməmişdir.
32. İş materiallarına Azərbaycan Su Təsərrüfatı X2 Respublika Komitəsinin “ştat vahidinin ixtisarı ilə əlaqədar siyahıda qeyd olunan işçilərin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə etiraz edilmir” məzmunlu, xx.xx.2024-cü il tarixli məktubu əlavə edilsə də, bu məktub özlüyündə həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alındığını təsdiq edən sənəd kimi çıxış edə bilməz.
33. Ona görə ki, ilk növbədə Həmkarlar ittifaqı tərəfindən “siyahıda adları qeyd olunan işçilərin əmək müqaviləsinə xitam verilməsinə etiraz edilmir” məzmunlu məktubunun hazırkı iş üzrə iddiaçıya aidiyyəti müəyyən edilmir.
34. Qanuna əsasən, Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinin ləğv edilməsi barədə təqdimat hazırlanmalı və ən əsası Həmkarlar ittifaqının razılığı əsaslandırılmış qərar formasında ifadə edilməlidir.
35. Xüsusi ilə qeyd edilməlidir ki, əmək müqaviləsi göstərilən əsaslarla ləğv edilərkən, Həmkarlar ittifaqı tərəfindən əsaslandırılmış qərarın qəbul edilməməsi, digər sözlə işçinin əmək müqaviləsinin ləğv edilməsinə razılığın İttifaq üzrə Komitənin sədrinin iradəsinə bağlı olması qanunvericiliyin bu qaydanı təsbit etməkdə güddüyü məqsədə tamamilə zidd bir addımdır.
36. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsi ləğv edilərkən silsilə pozuntulara yol verilmişdir ki, bu da əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğvinə əsas verir.
37. Odur ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında” xx.xx.2024-ci il tarixli, 923-K nömrəli əmrinin ləğv edilməsi hissədə iddia təmin edilməli, eyni zamanda bu tələb əsaslı olduğundan iddiaçının işə bərpa edilməsi, qanunsuz olaraq işləməkdən məhrum edildiyi bütün vaxt üçün, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan əmək haqqının ödənilməsi ilə bağlı tələblər də təmin edilməlidir.
38. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğdə mediasiya xərci və vəkil xidməti ilə bağlı ödənilmiş 350 manat məbləğdə pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
40. Belə ki, iş materiallarında olan Bakı 13 saylı Mediasiya təşkilatının xx.xx.2024cü il tarixli arayışı və Sumqayıt şəhər 1 saylı Vəkil bürosuna 350 manat məbləğdə ödənişi təsdiq edən 18840 nömrəli qəbz iddiaçı tərəfindən sözügedən xərclərin çəkildiyini təsdiq edir.
41. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, “İri Şəhərlərin X7 Xidməti” publik hüquqi şəxsinin əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2024-ci il tarixli, 923-K nömrəli əmri ləğv edilməli, İddiaçı “İri Şəhərlərin X7 Xidməti” publik hüquqi şəxsinin “Emal qurğularının istismarı” şöbəsinə mühəndis vəzifəsinə işə bərpa edilməli, xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan məcburi işburaxma dövrü üçün əmək haqqı ona ödənilməli, 50 manat məbləğdə mediasiya xərci və vəkil xidməti ilə bağlı ödənilmiş 350 manat “İri Şəhərlərin X7 Xidməti” publik hüquqi şəxsindən tutularaq iddiaçıya ödənilməlidir.
42. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. “İri Şəhərlərin X7 Xidməti” publik hüquqi şəxsinin əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2024-ci il tarixli, 923-K nömrəli əmri ləğv edilsin. İddiaçı “İri Şəhərlərin X7 Xidməti” publik hüquqi şəxsinin “Emal qurğularının istismarı” şöbəsinə mühəndis vəzifəsinə işə bərpa edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan məcburi işburaxma dövrü üçün əmək haqqı İddiaçı ödənilsin. 50 manat məbləğdə mediasiya xərci və vəkil xidməti ilə bağlı ödənilmiş 350 manat “İri Şəhərlərin X7 Xidməti” publik hüquqi şəxsindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə