Məhkəmə qərarları › İş №e-2(004)-756/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-756/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-756/2025 23.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” “tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 04 mart 2022-ci il tarixdə iddiaçı (vəkil) İddiaçı ilə Cavabdeh arasında hüquqi yardımın göstərilməsi haqqında müqavilə imzalanmışdır. Müqavilə həmçinin 22 saylı vəkil bürosunun müdirinin imzası və büronun möhürü ilə də təsdiqlənmişdir. Müqaviləyə əsasən Cavabdeh peşəkar hüquq xidmətləri göstərmək öhdəliyi götürülmüş və öhdəlik müqaviləyə uyğun olaraq yerinə yetirilmişdir. Belə ki, iddiaçı Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “iddiaçıya məxsus emalatxananın sökülməsi nəticəsində ona dəymiş zərərin əvəzinə kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsində verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Qərara əsasən iddiaçıya dəymiş maddi zərərin əvəzində 135.630 (yüz otuz beş min altı yüz otuz) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. Daha sonra iddianın tam olaraq təmin edilməsi üçün Ali Məhkəməyə vəkil qismində iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, lakin iddiaçının qərarına əsasən şikayətə məhkəmə iclasında baxılanadək kassasiya şikayəti geri götürülmüşdür. Yekun olaraq Bakı Apellyasiya Məhkəməsinin qərarı qanuni qüvvəyə minmiş və iddiaçıya 135630 manat pul ödənilmişdir. Həmin qərar 2024-cü ilin fevral ayında tam olaraq icra edilmişdir. İddiaçı ilə hüquqi yardım göstərilən şəxs Cavabdeh arasında imzalanmış Müqavilənin 2.2-1-ci maddəsinə əsasən işin uğurla nəticələnəcəyi təqdirdə iddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən yekun olaraq ödəniləcək məbləğin 5 (beş) faizi miqdarında əlavə pul mükafatını vəkilə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin məbləğ 6781.5 (altı min yeddi yüz səksən bir manat əlli qəpik) manat etməkdədir. Cavabdeh tərəfindən bugünədək iddiaçıya sadəcə 1000 (min) manat ödəniş edilmişdir. Mübahisə daha əvvəl də məhkəmənin icraatında olmuş və cavabdeh borcunu tam şəkildə ödəyəcəyini bildirdiyi üçün iddiaçı tərəfindən verilmiş ərizəyə əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Cavabdeh hazırda yenə də müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınmaqdadır. Buradan da görünür ki, Cavabdeh borcun ödənilməsində vicdanlı şəkildə davranmayaraq, qərəzli şəkildə borcunu ödəməkdən yayınır. Hazırkı vəziyyətdə məhkəməyə müraciət etməkdən başqa çıxış yolu olmadığı açıq aşkardır. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmişdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-460/2021 nömrəli icra vərəqəsinə əsasən müəyyən edilir ki, cavabdeh Bakı şəhər İcra Hakimiyyətindən iddiaçı Cavabdeh xeyrinə 135.630 manat pulun tutulması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli İcraata xitam verilməsi haqqında qərara əsasən müəyyən edilir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-460/2021 nömrəli icra vərəqəsi tam icra olunmuşdur. İş materiallarında olan Hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli 971/1 nömrəli müqaviləyə əsasən müəyyən edilir ki, vəkil İddiaçı ilə Cavabdeh arasında müqavilə münasibətləri yaranmışdır. Müqavilənin predmeti kasasiya şikayəti yazmaq və məhkəmədə hüquqların müdafiəsi, tapşırığın həyata keçirildiyi təşkilat isə Azərbaycan Respublikası Ali Məhkəməsidir. Həmin müqavilənin 2.2-1-ci bəndinə əsasən, işin uğurla nəticələnəcəyi təqdirdə iddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən yekun olaraq ödəniləcək məbləğin 5 (beş) faizi miqdarında əlavə pul mükafatını vəkilə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(103)-141/2022 nömrəli qərarına əsasən müəyyən edilir ki, iddiaçı Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsi və vəkili qismində hazırki mübahisə üzrə İddiaçı çıxış etmişdir. Həmin qərara əsasən müəyyən edilir ki, iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-460/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi qismən təmin edilmiş, cavabdeh Bakı şəhəri İcra Hakimiyyətindən iddiaçı Cavabdeh xeyrinə ona vurulmuş maddi ziyana görə 135.630,00 (yüz otuz beş min altı yüz otuz) manat məbləğində pul tutulması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1131/2022 nömrəli qərardadına əsasən müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(103)-141/2022 nömrəli qərarından cavabdeh inzibati orqan tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən imzalanmadığından mümkün sayılmamışdır. Cavabdeh və vəkili bu barədə xəbərdar edilmələrinə baxmayaraq, bildirişdə göstərilən çatışmazlıqların aradan qaldırılması üçün hər hansı tədbir görülməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Tərəflər arasında yaranmış münasibətlər tapşırıq müqaviləsi münasibətləridir və mübahisənin qanuni əsası qismində tərəflər arasında bağlanmış müqavilənin şərtləri və aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 776.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 3-cü hissəsinə əsasən, vəkil qurumları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən hüquqi yardımın göstərilməsinə görə təyin edilən haqqın məbləğinin məhdudlaşdırılması qadağandır. Hüquqi yardımın göstərilməsinə görə ödənilən haqqın məbləğinin təyin edilməsi bu yardımı göstərən tərəfin müstəsna hüququdur və yalnız tərəflərin razılığı ilə tənzimlənir. Vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hüquqi yardımın göstərilməsinə görə vəkilə dövlət hesabına ödənilən hüquqi yardım haqqının məbləği və ödənilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası MM-in 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 3-cü hissəsi, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi, Azərbaycan Respublikası MMin 16.1 və 560.2-ci maddələrinin əlaqəli şərh edilməsinə dair” 18 dekabr 2023-cü il tarixli qərarında sərgilənən hüquqi mövqeyə əsasən, müqavilə azadlığı prinsipindən irəli gələn imkan və səlahiyyətlər hüquqi yardım göstərilməsi ilə bağlı müqavilələr üçün də keçərli olmaqla, qanunvericiliklə tərəflərə müqavilənin məzmununun, o cümlədən haqqın ödənilməsi şərtlərinin və məbləğinin müəyyənləşdirilməsində sərbəstlik verilmişdir. Hüquqi yardım göstərilməsi ilə bağlı müqavilələr üzrə razılaşdırılmış haqq (qonorar) və mükafat bir-birindən fərqli anlayışlar olmaqla, birincisi vəkilə həvalə edilmiş tapşırığın müqabilində, onun üzərinə götürdüyü öhdəlik üzrə icra etdiyi işlərin əvəzi olaraq ödənilir və xidmətin nəticəsindən asılı deyil. Vəkilin peşə biliyindən, təcrübəsindən, ixtisas dərəcəsindən, səriştəsindən, hüquqi yardımın göstərilməsi ilə bağlı sərf edilmiş vaxtdan, işin mürəkkəbliyindən və s. amillərdən asılı olaraq, bu haqqın məbləğində fərqləndirmənin mövcudluğu mümkündür. Tərəflər arasında razılaşdırılmış mükafat isə tapşırığın uğurlu həllinə (məsələn, iddianın və ya şikayətin təmin edilməsi, hüquqi yardımla bağlı müraciət edənin maraqlarına uyğun qərarın qəbul edilməsi və s.) görə vəkilə ödənilən əlavə ödənişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-460/2021 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Bakı şəhər İcra Hakimiyyətindən iddiaçı Cavabdeh xeyrinə 135.630 manat pulun tutulması qərara alınmışdır. Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli İcraata xitam verilməsi haqqında qərara əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-460/2021 nömrəli icra vərəqəsi tam icra olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(103)-141/2022 nömrəli qərarına əsasən iddiaçı Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsi və vəkili qismində hazırki mübahisə üzrə İddiaçı çıxış etmişdir. Həmin qərara əsasən iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-460/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi qismən təmin edilmiş, cavabdeh Bakı şəhəri İcra Hakimiyyətindən iddiaçı Cavabdeh xeyrinə ona vurulmuş maddi ziyana görə 135.630,00 (yüz otuz beş min altı yüz otuz) manat məbləğində pul tutulması qərara alınmışdır. Sözügedən qərardan cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən kassasiya şikayəti verilmiş, lakin, şikayət mümkün sayılmamışdır. Nəticə etibarilə, apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minmiş və müvafiq icra vərəqəsi verilmişdir. Hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli 971/1 nömrəli müqaviləyə əsasən vəkil İddiaçı ilə Cavabdeh arasında müqavilə münasibətləri yaranmışdır. Müqavilənin predmeti kasasiya şikayəti yazmaq və məhkəmədə hüquqların müdafiəsi, tapşırığın həyata keçirildiyi təşkilat isə Azərbaycan Respublikası Ali Məhkəməsidir. Həmin müqavilənin 2.2-1-ci bəndinə əsasən, işin uğurla nəticələnəcəyi təqdirdə iddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən yekun olaraq ödəniləcək məbləğin 5 (beş) faizi miqdarında əlavə pul mükafatını vəkilə ödəməyi öz öhdəsinə götürmüşdür. Vəkil İddiaçı mübahisə üzrə Cavabdeh hüquq və mənafelərinin apellyasiya və kassasiya instansiyasında müdafiə etmiş, nəticə etibarilə, müqavilə öhdəlikləri üzrə cavabdeh inzibati orqanın kassasiya şikayəti qeyri-mümkün sayılaraq mübahisə Cavabdeh xeyrinə yekunlaşmaqla icra sənədi üzrə müvafiq ödənişin həyata keçirilməsi təmin edilmişdir. Nəzərə alınır ki, cavabdeh inzibati orqanın kassasiya şikayəti vəkil tərəfindən imzalanmaması əsası ilə mümkün sayılmamışdır. Bu hal özü-özlüyündə mübahisənin uğurla yekunlaşması ilə eynilik təşkil edir. İcra sənədi üzrə ödənilmiş məbləğin 5%-i 6781.5 (altı min yeddi yüz səksən bir manat əlli qəpik) manat təşkil edir. İddiaçı bildirir ki, həmin məbləğin 1000 (bir min) manat hissəsi cavabdeh tərəfindən ödənilmişdir. Nəticə etibarilə, cavabdeh tərəfindən müqavilə öhdəliklərinə tam əməl edilməmiş və müqavilə şərtləri pozulmuşdur. Mübahisə müqavilə şərtləri kontekstində həll edilməlidir. Sözügedən tapşırıq müqaviləsinin şərtləri aydın və konkretdir. Məhkəmə qeyd edir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Mübahisə predmeti üzrə tərəflər arasında bağlanmış Hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli 971/1 nömrəli müqaviləynin etibarsızlığı xüsusatları (hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı) müəyyən edilmir. Məhkəmə hesab edir ki, sözügedən müqavilə etibarlıdır. Mülki iş üzrə müqavilə öhdəliklərinə əməl edilməsi ilə bağlı sübutetmə yükü cavabdehin üzərindədir. Beləliklə, iddia tələbinin hüquqi və faktiki əsasları tərəflər arasında bağlanmış müqavilənin şərtləri və yuxarıda qeyd olunan mülki hüquq normalarının dispozitiv şərtləri ilə eynilik təşkil edir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 87.82 (səksən yeddi manat səksən iki qəpik) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 5781,5 (beş min yeddi nyüz səksən bir manat əlli qəpik) manat və ödənilmiş 87.82 (səksən yeddi manat səksən iki qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 5781,5 (beş min yeddi nyüz səksən bir manat əlli qəpik) manat və ödənilmiş 87.82 (səksən yeddi manat səksən iki qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar