Məhkəmə qərarları › İş №e-2(004)-770/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-770/2025

12.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-770/2025 12.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Respublika Təcili və X1 Mərkəzi” publik hüquqi şəxsinə qarşı əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair iş üzrə (açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, İddiaçı, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1, cavabdeh Respublika Təcili və X1 Mərkəzi publik hüquqi şəxsinin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh “Respublika Təcili və X1 Mərkəzi” publik hüquqi şəxsinə qarşı əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ******* nömrəli əmək kitabçasındakı qeydə əsasən İddiaçı xx.xx.2024-cü il tarixdən “Respublika Təcili və X1 Mərkəzi” publik hüquqi şəxsinə sürücü vəzifəsinə qəbul edilmişdir.

2. Həkim nevroloq X7 tərəfindən pasient İddiaçı verilmiş reseptə əsasən, pasientə “Sol Movalis” 1,5 ml ə/d N3 və “Sol Tramadoli 1 ml ə/d N1 dərman vasitələri tövsiyyə olunmuşdur.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” publik hüquqi şəxsinin vəkil sorğusuna cavabında bildirilir ki, İddiaçı sidik nümunəsi publik hüquqi şəxsin Nəsimi rayonu ərazisində yerləşən Toksikoloji kimyəvi müayinələr üzrə Referens laboratoriyasına xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Müayinə nəticəsində İddiaçı sidik nümunəsində tramadol izləri aşkar edilmişdir. Müayinə nəticəsi barədə protokol “Respublika Təcili və X1 Mərkəzi” publik hüquqi şəxsinin Şabran məntəqəsinə verilmişdir.

4. “Medora” klinikası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən, pasient İddiaçı alınmış nümunələr üzrə aparılmış test nəticəsində Tramadol, Connabinoid və digər narkotik tərkibli maddələr üzrə nəticələr neqativdir.

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması” haqqında 1/2548 nömrəli akta əsasən müayinənin nəticəsi olaraq narkotik tərkibli maddələr aşkar edilməmişdir.

6. İddiaçı tərəfindən “Respublika Təcili və X1 Mərkəzi” publik hüquqi şəxsinin direktoruna ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, onurğa yırtığı xəstəliyindən əziyyət çəkdiyi üçün vaxtaşırı ağrıkəsici dərman preparatlarından istifadə edir. Bu dərman preparatlarının sırasında “Tramadol”, “Diklofenat” kimi dərmanları ağrıkəsici kimi istifadə edir. Test müayinəsi zamanı aşkarlanan narkotik izləri qəbul etdiyi ağrıkəsicilərin əlaməti olaraq qiymətləndirir. İzahatı özü yazmışdır, heç bir əlavəsi yoxdur.

7. “Respublika Təcili və X1 Mərkəzi” publik hüquqi şəxsin direktoruna ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizə ilə İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilməsini xahiş etmişdir.

8. “Respublika Təcili və X1 Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 18-1-88/3-1-8602/2024 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən öz xahişi ilə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Respublika Təcili və X1 Mərkəzi” publik hüquqi şəxsin İddiaçı işdən azad olunması haqqında xx.xx.2024-cü il tarixli, 18-188/3-1- 8602/2024 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə almadığı əmək haqqını işə bərpa olunduğu tarixədək hesablanıb ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddianın əsaslarına görə, iddiaçı xx.xx.2019-cu il tarixdə xəstəxananın baş direktorunun 847 nömrəli əmrinə əsasən təcili yardım sürücüsü təyin edilmişdir. xx.xx.2024-cü ildə “Respublika Təcili və X1 Mərkəzi” publik hüquqi şəxsin 18-1-88/3-1- 4141/2024 nömrəli əmri ilə 1 ştat vahidi sürücü vəzifəsinə qəbul edilmişdir. Ümumilikdə 5 ilə yaxın sürücü işləmişdir. İşlədiyi müddətdə rəhbərlik tərəfindən heç bir töhmət və ya xəbərdarlıq almamışdır. Bel nahiyəsində ağrılar onu narahat etdiyindən müalicə üçün Şabran şəhərində Medora klinikasına getmiş, həkim nevroloq X3 qəbulunda olmuşdur. Azad Orucov ona göndəriş vermiş, göndərişə əsasən xx.xx.2024-cü ildə Oki hospitalda MRT-dən keçmişdir. Bel nahiyəsində sağ S1 sinir kökcüyünü sıxan 7 mm ölçülü sağ paramedian yırtıq aşkar olunmuşdur. xx.xx.2024-cü il tarixdə Azad Orucovun qəbuluna getmiş, ona yazdığı resept əsasında həmin gün, yəni xx.xx.2024-cü il tarixdə 1 ampula ağrı kəsici “Tramadol” iynəsi əzələsinə vurulmuşdur. İkinci ağrıkəsici “Tramadol” iynəsi ona bir aydan sonra, iyun ayının birinci on günlüyündə vurulmuşdur. xx.xx.2024-cü il tarixdə növbədə olduğu zaman RTTTYM-dən qəfil yoxlama gəlmişdir. X2 rəhbərliyi ilə keçirilmiş, qəfil yoxlamaqda məqsəd işçiləri narkoloji müayinədən keçirtmək olmuşdur. Lakin növbədə olan işçilərin hamısını deyil, yalnız sürücüləri və bir də xüsusi olaraq onu yoxlamaqları, habelə ona qarşı davranışları şübhəli olmuşdur. Elman Məmmədov ondan xəstəliyi və hər hansı bir ağrı kəsici dərman istifadə edib-etmədiyini soruşanda artıq ona məlum olmuşdur ki, Elman Məmmədov onun xəstəliyindən və qəbul etdiyi dərmanlardan xəbərdardır. Belə ki, həkim tərəfindən xəstəliyi ilə əlaqədar ona psixatrop tərkibli dərman yazılmış və müalicə olunduğunu işlədiyi yerdə işçilərə bildirmişdir. O, “onurğa sütununun bel nahiyyəsində 7 mm disk yırtığı olduğu və bu səbəbdən ağrıkəsici məqsədilə tramadol iynəsindən istifadə etdiyini Elman Məmmədova demişdir. Sonra onu təcili yardımın istirahət otağında narkoloji müayinədən keçirtmişlər, lakin müayinə aparılan zaman ona testin nəticəsini göstərməmişlər. Müayinə bitdikdən X8 ona demişdir ki, o, laborator müayinə məqsədi ilə Bakıya gəlməlidir. O da özündən arxayın olduğu üçün etiraz etməmişdir. Sonra Elman müəllim ona demişdir ki, onu Bakı Narkoloji Tibb Müəssisəsinə göndərsələr orada onu incidəcəklər. Bu səbəbdən Elman Məmmədovla 1 saylı X4rşısında görüşmüşlər. O, özündən yenə də arxayın olduğu üçün müayinə yerinə etiraz etməmişdir. Müayinə məqsədilə analiz verdikdən X8 demişdir ki, analizin cavabı gün ərzində çıxacaq. Buna baxmayaraq ona iki gün sonra məlumat verilmişdir ki, analizin cavabı çıxıb. Elman Məmmədov iki gün sonra sentyabr ayının 2-si onu X9 Mərkəzinə dəvət etmiş, görüş zamanı ona demişdir ki, analizində nəticə olaraq “tramadol izləri” aşkar edilmişdir. O da “tramadol”u istifadə etdiyinə dair reseptinin olduğunu və hansı səbəbdən istifadə etdiyinə dair MRT sənədinin olduğunu bildirmişdir. X8 demişdir ki, bu işlə bağlı araşdırma başlamalıdır və araşdırma başlaması üçün də o işdən çıxma ərizəsi yazmalıdır. Ərizə yazmaqla bağlı ona etiraz etdikdə bildirmişdir ki “onlarda prosedur qaydası belədir” və “əgər ərizə yazmasa onu polisə verməliyik, əgər polisə versələr bu iş xeyli uzanacaq”. O heç bir cinayət eləmədiyi üçün polisə verilməsinə etiraz etməmiş, lakin sonra Elman müəllim demişdir ki, “sən işdən çıxmaq ərizəsi yazsan həm bu iş uzanmayacaq, həm də səni belində olan yırtıqla bağlı müalicəyə göndərəcəyik, get müalicəyə aid sənədlərini yığ gətir.” O da RTTTYM yeni qurum olduğu üçün Elman müəllimə inanaraq ərizəyə qol çəkmiş, sonra rayona qayıtmışdır. Rayona qayıdıb sənədləri yığdıqdan sonra şöbə müdirləri Xəyalə xanım ona zəng vurub demişdir ki “Sənin əmək müqavilənə xitam verilib, get idarədən əmək kitabçanı götür”. O da Elman müəllimə zəng vurub “onun işinə xitam verilib-verilməməsini” soruşduqda ona demişdir ki, “narahat olma bizdə prosedur belədir, sənədlərivi yığ gətir.” O bu məsələdən narahat olmağa başlamış və Şabran rayonunda yerləşən “Medora” klinikasında qanın və sidiyin narkolojianalizini vermişdir. Analizin neqativ cavabı çıxdıqdan sonra vaxt itirmədən Bakı Narkoloji Mərkəzə getmiş və orada ödənişli şəkildə təkrar narkoloji analiz vermişdir. Bakı Narkoloji Mərkəzin də cavabı neqativ çıxmışdır. O digər sənədləri ilə birlikdə bu cavabları da götürüb Elman müəllimin yanına getmiş, Elman müəllim bu cavabları gördükdə ona “niyə tələsdin? biz özümüz sənə göndəriş verib göndərəcəkdik” dedi. Rayona qayıdıb Elman müəllimdən göndərişlə bağlı xəbər gözləmişdir. Göndərişlə bağlı Elman müəllimdən uzun müddət cavab gəlməyincə bu işin ona qarşı bir qərəz olduğunu düşünərək məhkəməyə müarciət etmişdir. Göründüyü kimi, labarator müayinənin nəticələri barədə aktı və rəyi ona verilməsini tələb etsə də ona heç bir sənəd verilməmişdir. Bu səbədən o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan "Respublika Narkoloji Mərkəzi" PHŞ-da xx.xx.2024-cü ildə müayinədən keçmişdir. “Narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında” analiz nümunəsində narkotik vasitələrin və psixotrop maddələrin aşkar edilməməsi barədə 1/2548 nömrəli akt verilmişdir.

a) iddiaya qarşı etiraz

11. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

a) məhkəmə icraat iştiakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verib, göstərdilər ki, cavabdeh qurumun əməkdaşı “Elman” adlı şəxs iddiaçını aldadaraq, müvafiq təzyiqlər göstərib ondan işdən çıxma barədə ərizə almışdır.

13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etmədiklərini, iddiaçının öz ərizəsi ilə işdən çıxdığını, buna görə də iddiaçı tərəfin digər dəlillərinin iş üçün əhəmiyyət daşımadığını bildirdi.

14. Cavabdehin nümayəndəsi eyni zamanda iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddiadan imtina barədə qərar qəbul edilməsini xahiş etdi.

15. Ərizənin əsaslarına görə, iş üzrə 1 aylıq iddia müddəti ötürülmüşdür. Belə ki, əmr xx.xx.2024-cü il tarixdə verilsə də, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə verilmişdir.

16. Məhkəmə iclasında şahid kimi dindirilmiş X5 ifadəsində göstərdi ki, İddiaçı onun qardaşıdır. Ərizə yazdığı gün qardaşı ona zəng etmişdir ki, Bakı şəhərində onun iş yerinin yaxınlığındadır. O qardaşının yanına getdikdən sonra qardaşı və cavabdeh qurumun əməkdaşı “Elman” adlı şəxs onun maşını ilə Bakı şəhərində 20 yanvar ərazisindəki baş idarəyə getmişlər. “Elman” adlı şəxs qardaşına demişdir ki, “Bizdə prosedur belədir, işdən çıxardırıq, daha sonra müalicə alıb qayıdırsan, yenidən işlə təmin eləyirik.”

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 16.

1. Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır; Maddə 1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; Maddə 69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər;

3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər;

5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir;

6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir;

7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır; Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası

1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir; Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər;

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər;

3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 300.

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

Məhkəmə baxışının hədləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

20. İşin mübahisəsiz hallarından da göründüyü kimi, iddiaçı öz ərizəsi ilə əmək müqaviləsinin ləğvini xahiş etmiş, ərizədə müqavilənin ləğv edilməsi tarixi xx.xx.2024-cü il tarixi göstərilmiş, həmin tarixli əmrlə də iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən xitam verilmişdir.

21. Məhkəmə ilk növbədə qeyd edir ki, əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi hallarından fərqli olaraq, hazırkı iş üzrə də olduğu kimi müqavilənin işçinin öz təşəbbüsü ilə ləğv edilməsi hallarında məhkəmə tərəfindən qanunvericiliyin tələblərinin pozulub-pozulmaması yalnız məhdud sferada (əmək müqaviləsinin ləğvi barədə əmrin rəsmiləşdirmə qaydaları və s.) araşdırılır.

22. Bu ondan irəli gəlir ki, əmək münasibətlərinə daxil olan zaman, eyni ilə də əmək münasibətlərinin sonlandırılmasında işçinin iradə sərbəstliyi var. Əmək münasibətlərinin davam etdirilməsi işçinin öz iradəsinə bağlıdır və qanunla müəyyən edilmiş şərtlər istisna olmaqla, heç kəs iradəsi əleyhinə işi davam etdirməyə məcbur edilə bilməz.

23. Odur ki, bu kateqoriya mübahisələrdə araşdırılmalı olan məsələ əmək müqaviləsinin ləğvi yönündə işçinin əsl, həqiqi iradə ifadəsinin, müqavilənin ləğv edilməsi barədə ərizənin yazılmasında kənar təsirlərinin olub-olmamasıdır.

24. Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsinə əsasən, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.

25. Hazırkı işin halları baxımından da, iddiaçı tərəfin dəlilləri ondan ibarətdir ki, əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli ərizə işçinin – iddiaçının əsl iradəsini ifadə etmir. Bu ərizə cavabdeh qurumun əməkdaşının qanunsuz təsirləri nəticəsində yazılmışdır. Belə ki, cavabdeh qurumun “Elman” adlı əməkdaşı iddiaçının psixatrop maddə qəbul etməsini öyrəndikdən sonra, onu həm iddiaçının iş yerində səyyar tibbi yoxlamaya məruz qoymuş, həm də daha sonra Bakı şəhərindəki tibbi mərkəzdə test verdirmişdir. Bundan sonra cavabdeh qurumun əməkdaşı ona işlə bağlı araşdırma başlamalı olmasını bildirmiş, ona işdən çıxma ərizəsi yazmağı təklif etmişdir. İddiaçı ərizə yazmaqla bağlı ona etiraz etdikdə bildirmişdir ki, “onlarda prosedur qaydası belədir” və “əgər ərizə yazmasa onu polisə verməliyik, əgər polisə versələr bu iş xeyli uzanacaq”. Eyni zamanda ərizə yazsa onun müalicəsi ilə məşğul olacaqlarını bildirmişdir.

26. İddiaçı tərəfindən həkim resepti, analzinin nəticələrinin mənfi çıxdığını göstərən müvafiq narkoloji test təqdim edilmişdir.

27. Məhkəmə qeyd edir ki, iddiaçının psixatrop maddə “Tramadol” qəbul etməsi işin mübahisəsiz halıdır. İddiaçı bu barədə həkim resepti təqdim etmişdir. Cavabdeh tərəfindən təqdim edilən və iddiaçının özü tərəfindən yazıldığı məhkəmə iclasında etiraf edilən xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, iddiaçı onurğa yırtığı xəstəliyindən əziyyət çəkdiyi üçün vaxtaşırı ağrıkəsici dərman preparatlarından istifadə etdiyini, bu dərman preparatlarının sırasında “Tramadol”, “Diklofenat” kimi dərmanları ağrıkəsici kimi istifadə etdiyini bildirmişdir.

28. İşin mübahisələndirilən halı, iddiaçının psixatrop maddə qəbul etməsi, bu barədə analiz nəticələrinin çıxması fonunda cavabdeh qurumun əməkdaşı ilə danışıqlar zamanı iddiaçının iradəsinin zədələnməsi faktı isə öz təsdiqini tapmır.

29. Əksinə, məhkəmə iclasında şahid qismində dindirilmiş iddiaçının qardaşı – Ariz Əhmədov ifadəsində bildirmişdir ki, “Elman” adlı şəxs qardaşına demişdir ki, “Bizdə prosedur belədir, işdən çıxardırıq, daha sonra müalicə alıb qayıdırsan, yenidən işlə təmin eləyirik.”

30. Yəni, görünən odur ki, iddiaçı ərizə yazarkən işdən çıxmaq barədə ərizə yazdığını bilmiş, bu barədə məlumatlı olmuş, könüllü şəkildə ərizəni təqdim etmişdir.

31. Cavabdeh qurumun əməkdaşının iddiaçı ilə digər danışıqlarının məzmunu, ərizə yazdıqdan sonra iddiaçıya nələrisə vəd etməsi və sonradan bu vədlərə əməl etməməsi, bir halda ki, iddiaçı iradəvi akt olaraq ərizəni şəxsən və bilə-bilə yazmışdır, hazırkı mübahisənin həlli baxımından əhəmiyyət kəsb etmir.

32. Odur ki, məhkəmə hesab edir ki, əmrin ləğvi barədə iddia tələbi öz təsdiqini tapmadığından bu hissədə, eyni zamanda bu tələbdən doğan digər əlaqəli tələblərlə bağlı, yəni bütövlükdə iddia rədd edilməlidir.

33. Bununla belə, cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirilməlidir. Məhkəmə ərizəyə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş 1 aylıq müddət ötürülməmişdir.

34. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, sözügedən 1 aylıq müddətin axımı ərizədə qeyd edildiyi kimi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin tarixindən yox, işçinin hüququnun pozulmasını aşkar etdiyi gündən başlanır. Hüququnun pozulmasının aşkar edildiyi gün isə işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür (ƏM 296.3).

35. Digər tərəfdən, “Mediasiya haqqında” Qanunun 35-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

36. Qanunun 32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir.

37. Sözügedən normaların məcmu halında qiymətləndirilməsindən məlum olur ki, iş üzrə iddia müddətinin axımı mediasiya təklifinin tarixindən – xx.xx.2024-cü il tarixdən, mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın tərəflərə təqdim edildiyi günədək dayanmışdır. Məhkəməyə müraciət tarixinin xx.xx.2024-cü il tarixi olduğu nəzərə alınarsa heç bir halda iddia müddəti ötmüş olmur.

38. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən öz tələblərinin əsası kimi istinad edilən hallar sübut edilmədiyindən iddia rədd edilməlidir.

39. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddiaçı cavabdeh “Respublika Təcili və X1 Mərkəzi” publik hüquqi şəxsinə qarşı əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar