Məhkəmə qərarları › İş №e-2(004)-786/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-786/2025

14.02.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-786/2025 14.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X25 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “mənzilə köçürülmə və yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “mənzilə köçürülmə və yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmə və cavabdeh tərəfindən mənzildə yaşamağına yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, o, Cavabdeh ilə rəsmi nikaha girib ailə qurmuşdur. Rəsmi nikahları 04 sentyabr 2004-cü ildə Səadət Sarayında (Bakı nigah evi) 2015 nömrəli aktla rəsmiləşdirilmişdir. Rəsmi nikahlarından 04 iyun 2006-cı il təvəllüdlü X37, 08 aprel 2009-cu il təvəllüdlü X27 və 05 iyun 2015-ci il təvəllüdlü X34 anadan olmuşdur. Ailə quran zamanlarda onlar şəxsi mənzil üçün müəyyən vəsait toplamışlar. O vaxtlar cavabdeh çox az məvacib alsa da, onun əmək haqqısı kifayət qədər yüksək idi. Musa ailə qurana qədər MC Donalds şirkətində sıravi işçi, ailə qurduqdan sonra isə Bakı Tbilisi Ceyhan layihəsində təhlükəsizlik mühəndisi, uzun müddət Dövlət Neft Şirkətində, "xxxx" MMC-də menecer, Təchizad və logistika şöbəsində Tender masası üzrə yarımbölmə rəhbəri, bölmə rəhbəri vəzifəsində çalışmaqla aylıq əmək haqqısı 3116 manat, əlavə bonuslar və premyalar alırdı və bundan başqa digər işlədiyi müəssisələrdə də yüksək əmək haqqı alırdı. Təbii ki, onlar bir ailə idi. Topladıqları pulla torpaq sahəsi almağa qərar verdilər və 03 dekabr 2004-cü ildə Səbail rayonu, Badamdar qəsəbəsində 0,06 ha torpaq sahəsi aldılar. Alqı-satqı işləri ilə cavabdeh məşğul olurdu. Sonralar ona məlum oldu ki, torpaq sahəsini atası X16 adına rəsmləşdirilib. O, bu barədə bilən zaman Musa bildirdi ki, “atam ailənin ağsaqqalı sayılır hörmət əlaməti olaraq atamın adına rəsmləşdirilib”. Elə o vaxtdan da onlar evin inşasına başladılar. Demək olar ki, evin tikilib başa çatması neçə illər çəkdi. Çünki onlar istəyirdi ki, gözəl şəraitli bir mənzilləri olsun və övladları da yüksək şəraitli evlə təmin olunsunlar. Evin tikintisi başa çatdıqdan sonra mənzillərinə köçdülər və yaşamağa başladılar. Uşaqları həmin ərazi üzrə 34 saylı poliklinikada qeydiyyatdadırlar. Hazırda cavabdehlə bir ailə olaraq münasibətləri pozulmuşdur. O, mənzildə yaşamaqlarına manelər yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Məcəllənin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Qeyd olunan bu qanunvericilik tələblərinə görə hesab edir ki, o, övladları ilə bərabər, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 18 dekabr 2024-cü il tarixdə iddia tələbinə etiraz verərək bildirmişdir ki, İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh qarşı (bundan sonra “cavabdeh”) iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onun və uşaqlarının (iddianın mətnindən ehtimal edirik, çünki tələbdə uşaqların adları konkret göstərilməmişdir) ünvan 1 ünvanına köçürülməsinə və cavabdeh tərəfindən həmin mənzildə yaşamaqlarına yaradılan maneələrin aradan qaldırılmasına dair qətnamənin çıxarılmasını xahiş etmişdir. Qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunan faktiki hallar yanlış və təhrif olunmuş şəkildə göstərilmişdir. İddiaçının iddia tələbləri aşağıdakılara görə əsassızdır. 1. Yaşamaq üçün yaradılan maneələrlə bağlı: qeyd edilməlidir ki, cavabdeh iddiaçıya qarşı nikahın pozulmasına dair Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi versə də, iddiaçı ilə cavabdeh hal-hazırda ünvan 1 uşaqlarla birlikdə yaşayaraq birgə təsərrüfat aparırlar. İddiaçının həmin ünvanda yaşaması üçün hər hansı maneələr yaradılmamış, mənzildən çıxarılması ilə bağlı hər hansı iddia qaldırılmamışdır. Əgər iddiaçı ilə cavabdeh birgə təsərrüfat aparırlarsa, burada hansı maneaələrdən söhbət gedə bilər və maneələrin nədən ibarət olunması aydın deyil. Onu da qeyd etmişdir ki, cavabdeh Binəqədi Rayon Məhkəməsinə verdiyi iddia ərizəsində uşaqların onunla qalmasını tələb etmiş və hal-hazırda iş materialları Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının icraatındadır. Bu halda, uşaqların kimin yanında qalması hələ ki məlum olmadığından, iddiaçının onun uşaqlarla birlikdə köçürülməsi tələbi də aydın deyil. 2. Cavabdehin əsl cavabdeh olması ilə bağlı: iddiaçı iddia ərizəsinə müxtəlif sənədləri əlavə edərək, sübut etməyə çalışmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi cavabdehə məxsusdur və bu səbəbdən o əsl cavabdehdir. Birinci növbədə qeyd edilməlidir ki, iddiaçı çoxsaylı əmək müqavilələrini əlavə edərək sübut etməyə çalışmışdır ki, onun torpaq sahəsi alınan dövrdə maliyyə durumu elə vəziyyətdə olmuşdur ki, o Badamdar qəsəbəsində torpaq sahəsini almışdır. Lakin, iş materiallarına əlavə olunan əmək müqavilələrindən göründüyü kimi, bütün müqavilələr 2010-cu ildən sonrakı dövrə təsadüf edilir və torpaq sahəsinin alınmasında uzun müddət keçmişdir. Digər tərəfdən, iddiaçı cavabdehin maliyyə durumunu qənaətbəxş olmayan kimi göstərmək istəsə də, özü iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh "xxxx" MMC-də və Bakı-Tiflis-Ceyhan kəmərində işləmişdir. Lakin, cavabdeh "xxxx" MMC-də sıravi işçi deyil, paylayıcı mərkəzinin müdiri vəzifəsində işləmişdir. Bakı-Tiflis- Ceyhan kəmərində isə cavabdeh nikah bağlandıqdan sonra deyil, nikahdan 1,5 il əvvəl işləməyə başlamışdır. Lakin, cavabdehin maliyyə durumundan asılı olmayaraq, sözügedən torpaq sahəsini məhz cavabdehin atası X28 almışdır. Qeyd edilməlidir ki, cavabdehin atası sovet dövründən müxtəlif vəzifələrdə çalışmışdır. Sovet dövrü bitdikdən sonra isə, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və mülkiyyətində kifayət qədər daşınma əmlak var idi. Hətta, evin tikilməsi də cavabdehin atasının mülkiyyətində olan daşınmaz əmlakın hesabına həyata keçirilmişdir. Bildirmişdir ki, Səbail rayon Badamdar qəsəbəsi torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı cavabdehdə təəccüb doğuran mətnli məktublar versə də, həmin məktublarda cavabdehin torpaq sahəsinə və fərdi yaşayış evinə dair hər hansı sənədinin olmaması ilə bağlı razılaşırlar. Çünki, həmin sənədlər cavabdehin atasının adına olduğundan, cavabdehin adına olmamalıdır da. Belə ki, cavabdehin atası 03 dekabr 2004-cü il tarixdə notarial qaydada alqı-satqı müqaviləsini bağlayaraq, torpaq sahəsini almışdır. Sonradan, yəni 27 oktyabr 2009-cu il tarixdə cavabdehin atası layihə ilə bağlı müsbət rəy almışdır. 18 may 2011-ci il tarixdə isə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin müvafiq sərəncamı verilmişdir. Sadəcə, cavabdehin atası uzun müddət xəstə olduğundan, sənədləşmə işlərini yekunlaşdıra bilməmiş və 08 dekabr 2021-ci il tarixdə ölmüşdür. Göründüyü kimi, cavabdehin atasının isə “gözlənilən mülkiyyət hüququ” olmuşdur ki, burada analogiya üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin normaları tətbiq olunmalıdır. Hesab edir ki, cavabdeh əsl cavabdeh hesab oluna bilməz və iddia ərizəsi ona qarşı qaldırıla bilməz. 3. İddiaçının mülkiyyətində yaşayış sahəsinin olması ilə bağlı: qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi iddiaçının yeganə yaşayış yeri deyil. Belə ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 27, mənzil 112 ünvanında qeydiyyatdadır. Həmin yaşayış sahəsinin ½ hissəsi iddiaçının mülkiyyətindədir. Digər tərəfdən, iddiaçı ilə cavabdeh nikah bağladıqdan sonra, onlar ünvan 3 ünvanında yaşamışlar. Hal-hazırda da həmin mənzil cavabdehin mülkiyyətindədir. Göründüyü kimi, iddiaçıya maneələr yaradılmadığından, cavabdeh əsl cavabdeh olmadığından və iddiaçının digər yaşayış yerləri olduğundan iddia tələbləri əsassızdır və rədd edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsini rəhbər tutaraq, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmə və Cavabdeh tərəfindən mənzildə yaşamağına yaradılmış maneələrin aradan qaldırılması tələblərinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra cavabdehin nümayəndəsi və vəkili Vəkil2 18 dekabr 2024-cü il tarixdə iddia tələbinə etiraza əlavə verərək bildirmişdir ki, İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh qarşı (bundan sonra “cavabdeh”) iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, onun və uşaqlarının (iddianın mətnindən ehtimal edirik, çünki tələbdə uşaqların adları konkret göstərilməmişdir) ünvan 1 ünvanına köçürülməsinə və cavabdeh tərəfindən həmin mənzildə yaşamaqlarına yaradılan maneələrin aradan qaldırılmasına dair qətnamənin çıxarılmasını xahiş etmişdir. Verdiyi etirazda qeyd edilmişdir ki, cavabdehin atası 03 dekabr 2004-cü il tarixdə notarial qaydada alqı-satqı müqaviləsini bağlayaraq, torpaq sahəsini almışdır. 08 dekabr 2021-ci il tarixdə isə cavabdehin atası ölmüşdür. Sonradan, torpaq sahəsi vərəsəlik qaydasında cavabdehin anası X3 adına rəsmiləşdirilmiş və reyestrdə dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi, cavabdehin anasının “gözlənilən mülkiyyət hüququ” vardır ki, burada analogiya üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin normaları tətbiq olunmalıdır. Hesab edir ki, bu səbəbdən cavabdeh əsl cavabdeh hesab oluna bilməz və iddia ərizəsi ona qarşı qaldırıla bilməz. Yuxarıda qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsini rəhbər tutaraq, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmə və Cavabdeh tərəfindən mənzildə yaşamağına yaradılmış maneələrin aradan qaldırılması tələblərinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, mübahisə predmeti olan torpaq sahəsini cavabdeh birgə nikah dövründə alıb. Lakin öz atasının adına rəsmiləşdirib. İddiaçı bunu sonradan bilsə də, buna etiraz etməyib. Tərəflər hazırda birgə nikahda olsalar da cavabdeh nikahın pozulması ilə bağlı iddia qaldırıb. Həmin torpaq sahəsində ev tikilməyə başlayıb və 2016-cı ildə tikinti yekunlaşdıqdan sonra, tərəflər ora köçüb yaşamağa başlayıblar. Torpaq sahəsi 12 sot təşkil edir. Onların torpaqla bağlı heç bir iddiası yoxdur. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, o, hazırda həmin evdə yaşayır. Buna baxmayaraq cavabdeh tərəfindən onun evdən çıxarılmağı barədə təzyiqlər olur və o, hərdən bacısının yanına gedib qalır. Lakin qayıdıb gəldikdən sonra evə girməyinə heç bir maneə olmur və ona aid bütün əşyalar da həmin evdədir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, ilk növbədə qeyd edir ki, iddiaçı hal-hazırda da həmin evdə uşaqları ilə birlikdə yaşayır. Eləcə də cavabdeh də həmin evdə yaşayır. İddiaçının hal-hazırda yaşadığı evə köçürülməsi tələbi absurddur. Eyni zamanda iddiaçı cavabdehin ona həmin evdə yaşamasına maneələrin olmasını bildirsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmənin hər iclasda iddiaçıya vermiş olduğu suala cavab olaraq iddiaçı həmin evdə yaşadığını, məhkəməyə də həmin evdən gəldiyini bildirmişdir. Cavabdeh tərəfindən iddiaçıya həmin evdə yaşamağa heç bir maneə törədilmir. Maeə dedikdə açarın dəyişməsi, evə buraxmama və s. kimi hallar yoxdur. Hətta cavabdeh bütün cari xərcləri də qarşılayır və faktiki olaraq iddiaçının mənzilə köçürülmə tələbi üçün heç bir əsas yoxdur. İddiaçının bacısıgildə n vaxtsa bir həftə qalması isə cavabdehin xoş niyyəti kimi qəbul edilə bilər ki, o, iddiaçıya buna görə icazə verir. Belə olan halda belə uşaqlar evdə qalırlar. Ən əsası isə həmin torpaq sahəsi cavabdehin atasının adınadır və bütün sənədləşdirmə işlərində məhz cavabdehin atasının adı keçir. Lakin cavabdehin atası 2020-ci ildə vəfat etdiyinə görə sənədləşdirməni tam yekunlaşdıra bilmir. O, öldükdən sonra əmlak vərəsəlik qaydasında cavabdehin anasının adına keçir. Cavabdehin atası uzun müddət Sovet dönəmində məsul vəzifələrdə işləmiş, sovet dönəmindən sonra isə sahibkarlıq fəaliyyəti ilə məşğul olub və adına bir neçə daşınmaz əmlak olub. Hətta həmin daşınmaz əmlakların bir neçəsi satıldıqdan sonra məhz mübahisə predmeti olan əmlakın tikintisinə sərf edilib. Yəni sözügedən fərdi yaşayış evi tərəflərin birgə gəliri ilə tikilməmişdir. Ümumilikdə onlar tərəf olaraq düşünürlər ki, cavabdeh əsl cavabdeh deyil. Bundan əlavə iddiaçının paylı mülkiyyətində də mənzillər var. Yəni hazırki mənzil iddiaçının yeganə yaşayış yeri deyil. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 məhkəmədə iştirak etməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Səadət sarayı (Bakı nikah evi) tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, AZ-İ seriyalı 106173 saylı nikah haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə İddiaçı xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə akt qeydləri kitabında 2015 nömrə ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra ərə “Aşimli” , arvada “Cavadova” soyadı verilmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinin Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkili Vəkil1 ünvanladığı 05 sentyabr 2024cü il tarixli, 5/296 saylı məktubuna əsasən xx.xx.2016-cı il tarixli təsərrüfat pasportuna əsasən vətəndaş X17 Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 1200 kv.m. torpaq və 490.13 kv.m. tikilisi var. Həmin tikili və torpaq sahəsinə görə vergi uçotuna alınmışdır. Lakin nə torpaq sahəsinə, nə də üzərində olan tikiliyə mülkiyyət sənədi yoxdur. - X8 (satıcı) ilə X29 (alıcı) ilə arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli, xx.xx.2004-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satcı Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsini ********* manata alıcı X2. - Abunə kodu **********T0044 olan qəbzin surətindən görünür ki, Cavabdeh ünvan 1 mənzil üzrə "xxxx" ASC-yə 407,07 manat, 661,48 manat və 534,73 manat olmaqla kommunal ödənişləri ödəmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Vəkil1 ünvanladığı xx.xx.2024-cü il tarixli məlumatın verilməsi barədə məktubuna əsasən Cavabdeh adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsinə yerləşən 0,12 ha yaşayış məntəqələrinin torpaq sahəsinə dair ləğv edilmiş DTXK tərəfindən JN-19771D nömrəli xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətə veriİməsinə dair şəhadətnamə verilmişdir. Lakin, Bakı şəhəri 41 saylı DNK-nın xx.xx.2006-cı il tarixli 4Ə-722 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov meydanı, ev 5, 42 saylı mənzil xx.xx.2007-ci il tarixdə X12 adına qeydiyyatdan keçmişdir. Lakin, Bakı şəhərinin notariusu İ.A.Məmmədov tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli 4Ə-02-578 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. ünvan 5 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi xx.xx.2009-cu il tarixdə X12 adına qeydiyyatdan keçmişdir. Lakin, Bakı şəhəri notariusu X13 (şəhadətnamə 026) tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli 40-01-74 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2013-cü il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir. Lakin, Bakı şəhər notariusu X13 (şəhadətnamə 026) tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli 4Ə-01-18 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi, ev 12, 188 saylı mənzil xx.xx.2005-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi, ev 12, 100 saylı mənzil xx.xx.2005-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir. Lakin, Bakı şəhəri 5 saylı DNK-nın xx.xx.2014-cü il tarixli 4Ə-01-06 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdən **********28 reyestr nömrəsi ilə tam mülkiyyət hüququ üzrə X3 adına qeydə alınmışdır. - Bakı şəhəri İcra Hakimiyyətinin “Bakı şəhər Ekspertiza Mərkəzi”-nin 403-E/9 saylı, 27 oktyabr 2009-cu il tarixli rəyinə əsasən “Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsində 2 mərtəbəli, zirzəmili fərdi yaşayış evi” layihəsini ekspertizanın verdiyi iradların nəzərə alınması şərti ilə razılaşdırmaq və tikinti üçün tövsiyə etmək olar. - Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin 101 saylı, 18 may 2011-ci il tarixli sərəncamına əsasən vətəndaş X30 rayon İcra Hakimiyyətinə müraciət edərək, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cii yaşayış massivində (Azərbaycan Respublikasının Dövlət Torpaq və Xoritəçəkmə Komitəsinin JN-17244 D KOD 00400016, xx.xx.2004-cü il tarixli şəhadətnamə) 0.12 ha torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evinin hüquqi qeydiyyata alınmasını xahiş etmişdir. Qeyd olunan fərdi ev Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəriləçəkmə Komitəsinin JN-17244 D KOD 00400016, xx.xx.2004-cü il tarixli şəhadətnaməyə əsasən torpaq sahəsinin planı və ölçüsünə uyğun olan torpaq sahəsində inşa edilmişdir. Vətəndaşın ərizəsini və təqdim edilmiş sənədləri nəzərə alaraq: Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,12 ha torpaq sahəsində iki mərtəbəli, zirzəmili, yeddi otaqlı, yaşayış sahəsi 214,75 kv.m., köməkçi sahəsi 546,03 kv.m., ümumi sahəsi 760,78 kv.m. olan fərdi yaşayış evi sanitar norma və qaydalarına uyğun gəldiyi üçün hüquqi qeydiyyatdan keçirilməsi; mövcud sərəncam əsasında vətəndaş R.M.Aşimovun adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və texniki pasport verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən xahiş edilməsi sərəncam edilmişdir. - Bakı şəhəri Nizami rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ seriyalı 244197 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X30 xx.xx.2021-ci il tarixində Bakı şəhərində böyüklərin respirator pozğunluq (distress) sindromu nəticəsində vəfat etmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5586/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və uşaqların qalması” tələbinə dair mülki iş üzrə rəy, uşaqların və onların tərbiyəsi ilə məşğul olmaq istəyən şəxs(lər)in həyat şəraitinə dair müayinə aktının verilməsi üçün e-2(001)-5586/2024 saylı mülki işin Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilməsi və iş üzrə icraatın müvafiq rəy və müayinə aktları məhkəməyə təqdim olunanadək dayandırılması qərara alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin “Əkrəm Həsənov və Partnyorları” vəkil bürosuna ünvanladığı xx.xx.2024-cü il tarixli məlumatların təqdim edilməsi barədə məktubuna əsasən İddiaçı adına ünvan 8 ünvanı qeydiyyata alnmışdır və hazırda mülkiyyətindədir. Həmçinin bildirilmişdir ki, ünvan 10 ünvanı İddiaçı adına qeydiyyata alınmışdır, lakin xx.xx.2018-ci il tarixdə digər fiziki şəxsin mülkiyyətinə verilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 27, mənzil 112 ünvanı 258989 saylı, xx.xx.1986-cı il tarixli orderə, keçmiş Kirov Rayon İcraiyyə Komitəsinin 55/476 saylı, xx.xx.1989-cu il tarixli qərarına 102 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, N206 saylı forma 2 arayışına İddiaçı razılıq ərizəsinə əsasən xx.xx.2010-cu il tarixdə X1 adına ilkin qeydiyyata alınmışdır. Onun vəfatından sonra Bakı şəhəri 44 saylı NO-nun 2V-25 reyestr nomrəli xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında həmin mənzil hər birinə ½ hissə olmaqla İddiaçı və X9 mülkiyyətinə keçmişdir. ünvan 10 ünvanı ilkin olaraq 007105 saylı, xx.xx.2005-ci il tarixli Orderə, 07-05 saylı, xx.xx.2005-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2005-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Bakı şəhəri, 5 saylı NK-nın xx.xx.2014-cü il tarixli 4e/01-06 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X14 adına qeydiyyata alınmışdır. Bakı şəhəri, 5 saylı NK-nın xx.xx.2017-ci il tarixli 4ə-97 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən sözügedən mənzil İddiaçı mülkiyyətinə keçmişdir. Bakı şəhəri 46 saylı DNK-nın 4ə-540 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasında həmin mülk X5 xüsusi mülkiyyətinə verilmişdir. - Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsində Nümayəndəsinin 14 saylı, 15 fevral 2011-ci il tarixli arayışına əsasən Badamdar qəsəbəsi 3cü yaşayış massivi küçəsində 2010-cu ilin sentyabr ayında tikilmiş 747a saylı evə vətəndaş X30 şəxsi mülkiyyət hüququna malikdir. Ev 2 (zirzəmili) mərtəbədən, 7 otaqdan ibarətdir. Yaşayış sahəsi 214,75 kv.m., köməkçi sahə 546,03 kv.m., ümumi sahə 760,78 kv.m., torpaq sahəsi 1200 kv.m. Şəxsi mülk haqqında məhkəmədə heç bir iddia qaldırılmamış və mübahisə yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nailə Kərimova ifadəsində bildirmişdir ki, onun həyat yoldaşı İddiaçı ailəsinin dostu idi, onunla birlikdə işləyiblər. Sonra o, ailə həyatı qurmuş və ailəvi dost olmuşlar. O, onları 20 ildir tanıyır, mübahisəli evdə dəbir neçə dəfə olmuşdur. Mübahisəli ev tikilənə qədər İddiaçı ailəsi ayrı mənzildə iki otaqlı evdə qalırdılar. O vaxtlar yalnız bir övladları var idi. O, bilirdi ki, İddiaçı ailəsinin torpaq sahəsi var və ev tikməyə başlayırlar. Həmin evə hər ikisi pul xərcləmiş, Sevinc özü də işləyirdi, mebeli və digər əşyaları seçib həyat yoldaşına göndərirdi. Evi onlar çox gec tikib bitirdilər, təxminən 6-7 il olardı. İddiaçı qaynatası ilə qaynanası ayrı mənzildə qalırdılar. Hətta Sevinc üçüncü uşaqla bağlı dekretə çıxanda ona 22000 manat pul verilmişdir və o, həmin pula qaynanasının evinə mebel almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, İddiaçı evləndiyi gündən onların evində işləmiş, uşaqlarına baxmışdır. O, 11 ildi Sevincin gəlin köçdüyü evdə işləmiş, Badamdar qəsəbəsində olan evə az getmişdir. Mübahisəli ev tikilən zaman həm iddiaçı həm cavabdeh həmin evə pul xərcləmiş, ikisi birlikdə həmin evi tikmişlər. Hər ikisi işdən sonra gedib ev üçün materiallar seçib almışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, iddiaçı ilə cavabdehin ailə sürücüsüdür. O, 2009-cu ilin əvvəlindən onların sürücüsüdür. Onlar “Statistika” adlanan ərazidə qalırdılar, 2015-ci illərdə isə Badamdar ərazisinə gedirdi. Mübahisəli evin tikintisi zamanı o, Sevinc xanımla birlikdə tikinti avadanlıqları almaq üçün bazara gedib, alış-veriş edirdilər. Sevinc xanım “Bakcell” şirkətində şöbə müdiri işləyirdi, səhər işə aparıb axşam gətiridi. Dükana gedəndə isə Sevinc xanım artıq dekretdə idi, hər şeyi Sevinc xanım özü ödəyirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində bildirmişdir ki, o, iddiaçının bacısıdır. Bacısı üçüncü uşaqdan sonra dekretə çıxmış, ondan sonra işə qayıtmamış, bundan sonra onların münasibətləri pozulmuşdur. Yay aylarında o, böyük bacı kimi onları barışdımaq üçün cavabdehin anasının yanına getmişdir. Lakin Musa şərt qoymuşdur ki, iddiaçı məhkəmə olmadan evdən çıxsın. Cavabdeh bildirmişdir ki, əgər məhkəmə olsa, bacısı uduzacaq. Bu söhbət iyul ayında olmuş, həmin vaxt məhkəmədən bacısına nikahın pozulması barədə bildiriş gəlmişdi. 20 ilin ailəsidir, lakin bacısı boşanma haqqında məhkəmədən xəbər tutmuşdur. Bacısı həyat yoldaşından küsəndə gəlib anasının evində qalırdı. Onların münasibətləri 2-3 il olar ki, pozulub. Bacısı işləyib qazandığı pulları evin tikintisi üçün verirdi. Onlar əl-ələ verib birlikdə evi tikmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ələkbər-zadə Zaur Vaqif oğlu ifadəsində bildirmişdir ki, o, cavabdehin uşaqlıq dostudur, iddiaçını da tanıyır. 20 il bundan qabaq o, Musa ilə birlikdə Badamdar qəsəbəsində yerləşən ev üçün torpaq sahəsini axtarıb tapmışlar və torpaq sahəsini cavabdehin atası almışdır. Bir sotu 2500-3000 manat arası almış, təxminən 12 sot torpaq idi. Bir müddət sonra evin tikintisini başlamışlar. İlk dəfə o, həmin evdə 8 il qabaq olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, o, cavabdehin uşaqlıq dostudur. Badamdar qəsəbəsində yerləşən ev uzun müddətdir tikilib. Həmin torpaq sahəsini Musanın atası Rafiq müəllim almışdır. Onun fikrincə əvvəlcə Rafiq müəllim həmin torpaq sahəsində evi özü üçün tikmək istəyirdi. Musa evlənəndən sonra isə Rafiq müəllim o, torpaq sahəsini Musaya vermiş, özü üçün isə başqa yerdə ev tikmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsində bildirmişdir ki, o, cavabdehin bacısıdır. Qardaşı 2004-cü il tarixdə ailə həyatı qurmuş, o, isə həmin vaxt nişanlanmışdır, lakin onun gələcək həyat yoldaşı ilə yaşamağa evləri yox idi, kirayə qalacaqdılar. O zaman atası torpaq almaq qərarına gəlmiş və orada ev tikib hamısının orada yaşamasını istəmişdir. Torpaq sahəsi alındı, ev tikilməyə başlandı, bir müddət sonra isə tikinti dayandırılmışdır. Həmin müddət ərzində o, öz ailəsi ilə kirayə də yaşadı, öz evlərini də aldı, daha sonra tikinti bərpa olunmuşdur. O, öz həyat yoldaşı ilə Dubay şəhərinə köçüb orada yaşamağı qərarlaşdırmışlar. Atası da bildirmişdir ki, Badamdar qəsəbəsində yerləşən ev çox böyükdür, onda özü üçün balaca bir torpaq sahəsi almış, ev tikmiş və orada anası ilə yaşamağa başlamışdır. Badamdar qəsəbəsində yerləşən evi atası tikmiş, atasının vəsaiti hesabına o ev tikilmişdir. Anası polkovnik-leytenant, 30 ildir Milli Təhlükəsizlik Nazirliyində çalışır. Evin tikintisi ilə Musa məşğul olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, o, iddiaçı ilə birgə lahiyədə işləmiş, həmçinin cavabdehi də tanıyır, ailəvi dostdular. O, kimin nə əmlakının olması barədə maraqlanmamış, heç vaxt bu barədə soruşmamışdır. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh arasında Səadət Sarayında (Bakı nigah evi) 04 sentyabr 2004-cü il tarixdə 2015 nömrəli akt qeydi ilə nikah bağlanmış, tərəflərin birgə nikahdan 04 iyun 2006-cı il təvəllüdlü X37, 08 aprel 2009-cu il təvəllüdlü X27 və 05 iyun 2015-ci il təvəllüdlü X34 adlı övladları olmuşdur. Tərəflər nikaha daxil olduqdan sonra cavabdehin atası X29 ilə X8 arasında AN-İ seriyalı ******* nömrəli, xx.xx.2004-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və o, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsini almışdır. Həmin torpaq sahəsində ev tikiləndən sonra tərəflər oraya köçmüş və orada yaşamışlar. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdən tam mülkiyyət hüququ üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 adına qeydə alınmışdır. Tərəflər arasında münasibətlər pozulmuş və Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və uşaqların yanında qalması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatındadır. Hal-hazırda İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmə və cavabdeh tərəfindən mənzildə yaşamağına yaradılmış maneələrin aradan qaldırılmasını tələb edir, cavabdeh iddia tələbinə etiraz edir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə baxışında tərəflərin izahatları və iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı uşaqları ilə birlikdə, eyni zamanda cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayırlar. İddiaçının hal-hazırda həmin evdə yaşaması keçirilmiş məhkəmə iclaslarında vermiş olduğu etirafedici ifadəsi öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı hal-hazırda hansı hüququnun pozulduğunu sübut edə bilməmişdir. Belə ki, cavabdeh tərəfindən onun həmin evdə yaşamasına maneələrin olmasını qeyd etsə də, buna dair hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması ilə də iddiaçının sözügedən fərdi yaşayış evində yaşamasına cavabdeh tərəfindən hər hansı bir fiziki maneənin yaradılması müəyyən edilmədi. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasi Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X10 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “mənzilə köçürülmə və yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddiası rədd edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “mənzilə köçürülmə və yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar