Məhkəmə qərarları › İş №e-2(004)-827/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-827/2024

06.03.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-827/2024 06.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X22 və qeyrilərini cəlb etməklə Cavabdeh qarşı “əmlakın açıq hərracda satılaraq satış pulunun paylara uyğun bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X22 və qeyrilərini cəlb etməklə Cavabdeh qarşı “əmlakın açıq hərracda satılaraq satış pulunun paylara uyğun bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 0,029970 ha. torpaq sahəsinin və üzərində inşa edilmiş həmin mülkün açıq hərracda satılaraq, mülkün paylı mülkiyyətçilər arasında, iddiaçılar İddiaçı1 11/40 hissəsinə, İddiaçı3 11/40 hissəsinə və İddiaçı2 4/40 hissəsinə uyğun satış pulunun paylara uyğun bölünməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçılara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 evi iddiaçılara validenlərindən miras kimi qəbul etmişlər. Belə ki, ataları X1 miras qalmış əmlakı qanun üzrə, anaları X5 vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mirası qəbul etmişlər. Hazırda ünvan 1 ev iddiaçılardan İddiaçı1 11/40 hissə, İddiaçı3 11/40 hissə və İddiaçı2 4/40 hissə məxsus olmaqla mülkiyyətlərindədir. ünvan 2 ünvanında yerləşən mülkün yerləşdiyi mülkiyyətdə olan 0,029970 ha torpaq sahəsində yerləşən və bir mərtəbəli faktiki 7 otaqdan 159 kv.metr tikililərindən ibarətdir. İddiaçı1 Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən çıxarışa əsasən sənəddə daşınmaz əmlakın ümumi sahəsi 36 kv. metr göstərilmişdir. ünvan 1 evin xüsusi mülkiyyət hüququ ilə hüquq sahibləri 6 (altı) payçıdan ibarətdir: 1. X14 4/40 hissə (açıq); 2. X18 3/40 hissə (açıq); 3. İddiaçı3 11/40 hissə; 4. İddiaçı2 4/40 hissə; 5. İddiaçı1 11/40 hissə; 6. Cavabdeh 7/40 hissə; adlarına qeydiyyatdan keçmişdir və hal-hazırda mülkiyyətlərində olması məlum olmuşdur. Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Yasamal rayon Mənzil-X13 32 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 28 avqust 2022-ci il tarixli 018 nömrəli Forma 2 arayışın surətindən də görünür ki, ünvan 2 ünvanında yerləşən və bir mərtəbəli 7 otaqlı 159 kv.metr tikililərindən ibarətdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 05 sentyabr 2023-cü il tarixdə verdiyi 3-21-3-30/2-31555/2023 **********55 nömrəli “Qeyd olunan ünvana dair müvafiq məlumatların verilməsi barədə “ məktuba əsasən hazırkı hüquqi vəziyyət haqqında məktubda yazılır ki, “ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair müvafiq məlumatların verilməsi ilə bağlı sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirirlər ki, Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsiev 181 ünvanında olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.02997 ha torpaq sahəsi Bakı şəhəri 19 saylı notariat ofisinin 727 nömrəli xx.xx.2018-ci il tarixli məktubuna və 1962-ci il tarixli texniki pasporta əsasən xx.xx.2019-cu il tarixdə X6 adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 19 saylı notariat ofisinin 2V-102 nömrəli xx.xx.2019-cu il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"yə və Bakı şəhəri 19 saylı notariat ofisinin 2V-101 nömrəli xx.xx.2019- cu il tarixli "Mülkiyyət hüququ haqqında şəhadətnamə"yə əsasən 6/10 hissəsi X9, 1/10 hissəsi X2, 1/10 hissəsi İddiaçı3, 1/10 hissəsi İddiaçı2 adına qeydiyyat alınmışdırYerdə qalan 1/10 hissəsi isə X6 adında açıq saxlanılmışdır. Həmçinin bildirir ki, 3 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X19 tərəfindən təsdiq edilmiş 2V-465 reyestr nömrəli "Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"yə əsasən 11/40 hissəsi İddiaçı3, 7/40 hissəsi Cavabdeh 11/40 hissəsi İddiaçı1 adlarına qeydiyyata alınmışdır. Yerdə qalan 3/40 hissə X9 adında və 4/40 hissəsi isə X6 adında açıq saxlanılmış, habelə İddiaçı2 həmin fərdi yaşayış evinin 4/40 hissəsinə dair mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri 19 saylı notariat ofisinin 2V-117 nömrəli xx.xx.2021-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"yə əsasən sözügedən fərdi yaşayış evinin 11/40 hissəsi Cavabdeh adına qeydiyyata alınmışdır. Məlumat üçün bildirilir ki, sözügedən fərdi yaşayış evinin 11/40 hissəsi İddiaçı3, 11/40 hissəsi İddiaçı1, 11/40 hissəsi Cavabdeh və 4/40 hissəsi isə İddiaçı2 adına qeydiyyata alınmışdır. Yerdə qalan 3/40 hissə X9 adında açıq saxlanılmışdır”. Bugünədək mülkün iddiaçılara düşən hissəsinin paylarının naturada real bölgüsü aparılmamışdır. Bu da bir çox hallarda çətinlik yaradır, belə ki, alğı-satqı, ipoteka, girov qoyulması və s. Lakin mülkiyyətçilərin hamısı eyni vaxtda müvafiq icra orqanına müraciəti mümkün olmadığına görə mülkün naturada real bölgüsünün aparılması mümkün olmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli 2(004)-5410/2022 nömrəli qərardadı ilə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 07 iyun 2023-cü il tarixli, 10/1211 nömrəli rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, o cümlədən həmin torpaq sahəsinin yaşayış məntəqləri təyinatlı torpaq sahəsi olduğunu, həmin torpaq sahəsində aparıla biləcək yaşayış və digər təyinatlı tikililərin qonşu torpaq sahələri və onlar üzərində inşa edilən tikililər ilə ara məsafəsinin saxlanılmasının zəruriliyinin, eləcə də həyətyanı torpaq sahəsinin müxtəlif hissələrində hazırda fərdi yaşayış evi və müxtəlif təyinatlı köməkçi tikililərin inşa olunduğunu, həmin tikililərə və həyətyanı torpaq sahəsinin müxtəlif hissələrində hazırda fərdi yaşayış evi və müxtəlif təyinatlı köməkçi tikililərin inşa olunduğunu, həmin tikililərə və həyətyanı torpaq sahəsinə alternativ giriş-çıxışların olmamasını, eləcə də tətqiqat obyektiin digər texniki göstəricilərini nəzərə alaraq, həmin torpaq sahəsinin bölünməsinin texniki cəhətdən mümkün olmadığı, eyni zamanda torpaq sahəsinin -4- üzərində inşa edilmiş ümumi sahəsi 36 kv.m olan fərdi yaşayış evinin mülkiyyətçilərin paylarına uyğun şəkildə naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texnikicəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 13 iyul 2023-cü il 2(004)-250/2023 nömrəli qətnaməsi ilə “İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh, X15, X32, X11, X23, X24, X16, X7, X3, X52, X4 və X17 qarşı “payın naturada bölünməsi” tələbi barədə iddiası rədd edilməsi qət edilmişdir. Göründüyü kimi “payın ayrılması və naturada real bölgüsünün aparılması”nın mümkün olmamasını nəzərə alaraq iddia tələbi təmin edilməmişdir. Buna görə də paylı mülkiyyətçilər paylı mülkiyyətdə olan ünvan 1 ünvanda yerləşən 0,029970 ha. torpaq sahəsinin və üzərində inşa edilmiş həmin mülkün açıq hərracdan satılaraq, mülkün paylı mülkiyyətçilər arasında, satış pulunun paylara uyğun bölünməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, təklif göndərilsə də, tərəf təklifə cavab verməmiş, məhkəmə iclasları zamanı da ümumiyyətlə hər hansı məbləğdə vəsaitin ödənilməsi imkanının olmamasını bildirmişdir. Bu səbəbdən əmlakın hərracdan satılması və satış pulunun paylara uyğun bölünməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmərəyək izahatında bildirdi ki, iddiaçı tərəf onu yaşamaq üçün evlə təmin etsələr, bu halda iddia tələbini qəbul edə bilər. Ancaq onlar buna razı deyillər. Hal-hazırda iddiaçılara hər hansı məbləğdə pul ödəmək imkanı yoxdur. Həmçinin həmin ərazidə cavabdehdən başqa da evi olan çoxlu şəxslər vardır. Bu zaman onların maraqlarına da toxunulacaqdır. İddianın rədd edilməsi baradə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etmərəyək izahatında bildirdi ki, sözügedən ərazidə vərəsələrdən başqa digər çoxlu şəxslər yaşayırlar. Onlar zamanında pul verərək bu evləri satın almışlar, ancaq lazımi sənədləşdirmələr aparılmamışdır. Hesab edirlər ki, buna görə də iddia tələbinin təmin edilməsi həmin şəxslərin maraqlarına toxunacaqdır. Gələcəkdə də bu baxımdan problemlər yarana bilər. İddianın rədd edilməsi baradə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 3 4/40 hissədə İddiaçı2, 11/40 hissədə İddiaçı3, 11/40 hissədə Cavabdeh, 11/40 hissədə İddiaçı1 və 3/40 hissədə X9 adına paylı mülkiyyət hüququ üzrə rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, X37, xx.xx.2007; X12, xx.xx.1959; X38, xx.xx.1982; X39, xx.xx.2013; X40, xx.xx.2008; X41, xx.xx.2007; X42, xx.xx.1979; X46, xx.xx.2008; X20, xx.xx.2000; X53, xx.xx.2011; X47, xx.xx.2014; X8, 20.08.19.62; Cavabdeh, xx.xx.1961; X62, xx.xx.1954; X33, xx.xx.1975; X43, xx.xx.2010; X22, xx.xx.1986; X44, xx.xx.2017; X25, xx.xx.1988; X26, xx.xx.1984; X10, xx.xx.1995; X27, xx.xx.1985; Əliyeva Äysu Seymur qızı, xx.xx.2015; X34, xx.xx.2017; X28, xx.xx.2015; X48, xx.xx.1996; X29, xx.xx.2014 ünvan 3 ünvanında qeydiyyatdadırlar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-250/2023 saylı qətnaməsinə əsasən, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh, X15, X32, X11, X23, X24, X16, X7, X3, X52, X4 və X17 qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “payın naturada bölünməsi” tələbi barədə iddiası rədd edilmişdir. Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Göründüyü kimi, ünvan 3 saylı tərəflərin paylarına uyğun olaraq naturada bölünməsi və payların naturada ayrılması mümkün olmamışdır. Tərəflər arasında iddiaçıların paylı mülkiyyətlərinin əvəzinə dəyərinin ödənilməsi ilə bağlı razılıq əldə edilməmiş, belə ki cavabdeh iddiaçılar tərəfindən göndərilən təklifə də münasibət bildirməmiş, eləcə də məhkəmə iclasında da cavabdeh hal-hazırda hər hansı pul məbləğinin ödənilməsi imkanında olmadığını bildirmişdir. Bu səbəblərdən məhkəmə belə qənaətə gəlir ki, ünvan 3 saylı mənzilin paylı mülkiyyətçiləri arasında paylara mütənasib olaraq naturada bölünməsi mümkün olmadığından, mübahisəli mənzil açıq hərracdan satılmalı və satışdan əldə olunan pul vəsaiti paylı mülkiyyətçilərin arasında öz paylarına uyğun bölünməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, ünvan 3 ünvanında yerləşən 0,029970 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 36 kv.metr olan fərdi yaşayış evi açıq hərracda satılmalı, satışdan əldə edilən vəsait paylı mülkiyyətçilərin paylarına uyğun, yəni 4/40 hissədə İddiaçı2, 11/40 hissədə İddiaçı3, 11/40 hissədə Cavabdeh, 11/40 hissədə İddiaçı1 və 3/40 hissədə X9 paylarına uyğun bölünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən, İddiaçı1 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı1 verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən 0,029970 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 36 kv.metr olan fərdi yaşayış evi açıq hərracda satılsın. Satışdan əldə edilən vəsait paylı mülkiyyətçilərin paylarına uyğun, yəni 4/40 hissədə İddiaçı2, 11/40 hissədə İddiaçı3, 11/40 hissədə Cavabdeh, 11/40 hissədə İddiaçı1 və 3/40 hissədə X9 paylarına uyğun bölünsün. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 (yüz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı1 verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar