Məhkəmə qərarları › İş №e-2(004)-85/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-85/2024

13.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-85/2024 13.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, İddiaçının nümayəndəsi və vəkili Vəkil , Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı MMMC-nin Cavabdeh MTK-ya qarşı “Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanda yerləşən hər iki binanın yanğın təhlükəsizliyi ilə bağlı əvvəlcədən yerinə yetirməli olduğu bütün öhdəliklərinin hazırda icra edilməsi üçün yanğın təhlükəsizliyi sisteminin quraşdırılmasına görə 258.954.0 AZN (iki yüz əlli səkkiz min doqquz yüz əlli dörd manat) məbləğində çəkilməli olan xərcin, eyni zamanda dövlət rüsumu kimi ödənilmiş 549 manatın və hüquqi xidmət üçün ödənilən 150 manatın İddiaçı MMMC-nin bank hesabına ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMMC-nin Cavabdeh MTK-ya qarşı “Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanda yerləşən hər iki binanın yanğın təhlükəsizliyi ilə bağlı əvvəlcədən yerinə yetirməli olduğu bütün öhdəliklərinin hazırda icra edilməsi üçün yanğın təhlükəsizliyi sisteminin quraşdırılmasına görə 258.954.0 AZN (iki yüz əlli səkkiz min doqquz yüz əlli dörd manat) məbləğində çəkilməli olan xərcin, eyni zamanda dövlət rüsumu kimi ödənilmiş 549 manatın və hüquqi xidmət üçün ödənilən 150 manatın İddiaçı MMMC-nin bank hesabına ödənilməsi” tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK-nın yarıtmaz idarəçiliyi ilə əlaqədar, hər iki bina sakinlərinin çoxsaylı etirazları və narazılıqları nəticəsində qanunun tələbinə uyğun olaraq Cavabdeh MTK-nın idarəçiliyindən imtina edilmiş və İddiaçı MMMC yaradılmışdır. Lakin, problemlər bununla bitməmişdir. ünvan 1 ünvanda yerləşən hər iki binanın ümumi idarəçiliyi iddiaçıya verildikdən sonra hissə-hissə sakinlərin problemləri həll olunmağa başlamışdır. Hər iki bina Cavabdeh MTK tərəfindən təhvil alınarkən onların ümumi yanğın-təhlükəsizlik sistemləri çox bərbad vəziyyətdə istifadəyə təqdim olunmuş və təqdim olunduğu gündən bina sakinlərinin narazılığı ilə qarşılanmışdır. Hələ İddiaçı MMMC rəsmi qeydiyyata alınmamışdan əvvəl, yəni 2020-ci iln əvvəlində bina sakinlərinin narahatlıqlarını nəzərə alaraq hər iki binada problemlərin həlli məqsədi ilə iddiaçı tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə edilmiş müraciət əsasında həmin qurumun X4 Xidməti tərəfindən 24 yanvar 2020-ci il tarixində ünvan 1 ünvanda yerləşən hər iki binanın X3si aparılmış və tərtib olunmuş X3 Aktının nəticələrinə əsasən aşağıdakı çatışmazlıqlar müəyyən olunmuşdur: Binaların mərtəbələrində daxili yanğın su kranları üçün xəttlər çəkilmiş, lakin kran, şlanq, lülə və başlıqlarla təmin edilməmiş və təzyiq yüksəldici nasoslarla əlaqələndirilməmişdir; Binalarda avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusu ilə əlaqələndirilməmişdir; Binaların mərtəbələrinin dəhlizlərində avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmamış və işlək vəziyyətdə deyil; Binaların zirzəmi mərtəbəsinin avtomobil dayanacağı sahələrində tüstüsorucu vintiliyasiya sistemi, daxili yanğın su kranları ve avtomatik yanğın xəbərverici siqnalizasiya qurğuları quraşdırılmamışdır; Binaların zirzəmi mərtəbələrinə enən əsas pilləkən qəfəsəsi qapılarla təcrid olunmamışdır; Binaların bəzi girişlərində elektrik təsərrüfatı "X1 Qaydaları"-na uyğun quraşdırılmamışdır; Binaların zirzəmi mərtəbəsinin avtomobil dayanacağı sahələrində quraşdırılmış avtomatik yanğınsöndürmə qurğusu sahəni tam əhatə etmir və işlək vəziyyətdə deyil; 16 mərtəbəli yaşayış binasının damında istifadə olunan taxta materiallarının oda davamlı məhlulla hopdurulması barədə sənəd təqdim olunmamışdır; Binanın ərazisində mövcud su hovuzuna yanğın avtomobillərinin yan alması məhdudlaşdırılmış ve göstərici nişanlarla təmin edilməmişdir; Bina ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməmişdir. Göründüyü kimi bütün bu çatışmazlıqlardan sonra adıçəkilən binaların yanğın təhlükəsizlik sistemi bərbad vəziyyətdə olduğu üçün dəfələrlə köməkçi xarakterli təmir işləri aparılmağa çalışılmış, lakin bu nəticəsini vermədiyi üçün, Cəmiyyət tərəfindən hər iki binanın ümumi yanğın təhlükəsizlik sisteminin quraşdırılması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət olunmuş və onlar tərəfindən təqdimedilən qiymət təklifinə uyğun olaraq yanğın sistemi üçün 258.954 AZN (iki yüz əlli səkkiz min doqquz yüz əlli dörd manat) məbləğində xərclər müəyyən edilmişdir. Göründüyü kimi, ünvan 1 ünvanda yerləşən hər iki binanın yanğın təhlükəsizlik sistemində bütün bu qeyd olunan çatışmazlıqlar vaxtilə həmin binanın tikintisinini aparan Cavabdeh MTK tərəfindən icra edilməli olduğu halda qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq bu öhdəlik yerinə yetirilməmişdir. Eyni zamanda, hər iki binalar təhvil verilərkən təhvil-təslim katları tərtib edilməsə də, binalardan birincisi daha 8 il (yəni 2012-ci ildən 2020-ci ilədək), digəri isə 4 il (yəni 2017-ci ildən 2020-ci ilədək) Cavabdeh MTK-nın idarəçiliyində olarkən məhz qeyd olunan problemlər yaranmışdır. İddiaçının nümayəndəsi Nümayəndə2, iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək iddianın təmin olunmasını xahiş etmişlər. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iştirak edərək iddianın təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinin nəticə hissəsinin 1 və 2-ci abzalarına əsasən müəyyən edilir ki, ......tədqiq olunan yaşayış binalarının yanğın təhlükəsizliyi istismara təhvil verildiyi tarixdə müvafiq qaydaların tələblərinə uyğun olmuşdur. Faktiki olaraq isə həmin binalarda yanğın təhlükəsizliyi üzrə müvafiq (...) nöqsanlar mövcuddur. Nöqsanların siyahısı rəydə sadalanmışdır. Ekspertiza uzrə aparılmış tədqiqatın dəyəri 55 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinin nəticə hissəsinə əsasən müəyyən edilir ki, tədqiq olunan 2 (iki) bina üzrə yanğın təhlükəsizliyi qaydaları mövcud normalara uyğun deyil və tərtib edilmiş müvafiq smeta üzrə qüsurların aradan qaldırılması üçün aparılmalı olan təmir-bərpa işlərinin ümumi dəyəri 161551 manat göstərilir. Ekspertiza uzrə aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarına mübahisə predmeti olan 2 (iki) bina üzrə yanğın təhlükəsizliyi qaydalarına dair tərtib edilmiş müayinə aktları, qüsur aktları və qiymətləndirmə rəyi əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsindətəsbit olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 752.1-cimaddəsində göstərilir ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə görə podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 9.1-ci maddəsinə əsasən yanğından, təbii və ya texnogen xarakterli təhlükəli təsirlərdən müdafiə ilə bağlı tələblərə uyğunluğu baxımından tikinti ərazisinin və tikinti obyektinin təhlükəsizliyi təmin edilməlidir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən tikinti obyekti müvafiq tələblərə uyğun layihələndirilməli və tikilməlidir. Həmin Məcəllənin 57.2.1-ci maddəsinə əsasən tikinti obyekti yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, mübahisə predmeti olan 2 (iki) bina 2016-cı il tarixdə istismara qəbul edilmiş, 2020-ci il tarixdə isə cavabdeh tərəfindən faktiki olaraq iddiaçı MMMC-nin idarəçiliyinə verilmişdir. Binalar istismara qəbul edilən zaman yanğın təhlükəsizliyi qaydalarına cavab versə də, hazırda sözügedən binalarda yanğın təhlükəsizliyi qaydaları üzrə müvafiq nöqsanlar mövcuddur, həmin nöqsanların aradan qaldırılması mümkündür və bunun üçün tələb edilən xərc 161551 manat təşkil edir. Cavabdeh tərəfin müdafiəsinin əsasını təşkil edən arqumentə məhkəmə cavab olaraq bildirir ki, müvafiq ekspert rəyləri üzrə də sözügedən binaların istismara qəbul edilən zaman yanğın təhlükəsizliyi qaydalarına cavab verməsi öz təsdiqini tapır. Lakin, binaların 2020-ci il tarixdə iddiaçı MMMC-nin idarəçiliyinə verilən zaman cavabdeh MTK tərəfindən müvafiq təhvil-təslim aktı tərtib edilməmiş (bina ciddi tələblər əsasında sakinlər tərəfindən təhvil alması mülki işin mübahisəsiz halıdır), bu səbəbdən, həmin binaların hansı texniki vəziyyətdə iddiaçıya təhvil verilməsi müəyyən edilmir. Məhkəmə prezumpsiya olaraq qəbul edir ki, həmin binalar cavabdeh tərəfindən iddiaçı tərəfə müvafiq müvafiq nöqsanlarla birlikdə təhvil verilmiş və uzun sürən danışıqlara baxmayaraq cavabdeh tərəfindən həmin nöqsanlar aradan qaldırılmamışdır. Məhkəmə nəzərə alır ki, tərəflər arasında oxşar mübahisələr üzrə başqa mülki işlər də mövcuddur. Yəni, tərəflər mübahisəli vəziyyətdədirlər. Məhkəmə qərar qəbul edərkən hazırki mübahisənin xarakterini (bina sakinləri, vətəndaşlar baxımından) nəzərə alır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən qeyd edilən nöqsanların xarakteri və mahiyyətinin təhlili zamanı müəyyən edilir ki, həmin qüsurlar təbii amortizasiya nəticəsi avadanlıqların köhnəlməsi və sıradan çıxması ilə bağlı deyil, məhz ümumiyyətlə mövcud olmaması ilə bağlıdır. Binaların istismara qəbul aktları üzrə müvafiq yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsi qeyd edilsə də, məhkəmə mülki işi sənədlər əsasında deyil, faktiki vəziyyət üzrə ədalət çərçivəsində həll etməyi zəruri hesab edir. Müəyyən edilir ki, cavabdeh MTK öz qanun və müqavilə öhdəliklərinə əməl etməməsi nəticəsində binaların yanğın təhlükəsizliyi qaydalarında ciddi nöqsanlar mövcuddur. Lakin, sözügedən nöqsanların aradan qaldırılması xərci ilə bağlı xüsusi biliklərə malik ekspertiza rəyini müvafiq qiymətləndirmə rəyinə münasibətdə məhkəmə daha əsaslı və mötəbər hesab edir. Odur ki, nöqsanlarınn aradan qaldırılması üçün tələb olunan vəsaitin 161551 manat olması qənaətinə gəlinir. Cavabdeh arqument olaraq irəli sürür ki, əvvəla yanğın təhlükəsizliyi ilə bağlı hazırki tələblər əvvəlki illərdə mövcud olmamış, daha aşağı standartda olmuş, ekspert rəyi isə məhz bügünki dövrün tələblərinə (standart) uyğun tərtib edilmişdir. Həmçinin, cavabdeh tərəf hazırki iddia tələbinin predmeti olan müvafiq öhdəliklərlə bağlı (yanğın təhlükəsizliyi) digər subyektlə müqavilə münasibətlərinə daxil olmuş və həmin öhdəliklərin icrasını üçüncü şəxsə həvalə etmişdir. Sözügedən arqumentlərə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi üzrə binalarda mövcud olan faktiki qüsurlar təhlükəsizlik standartının səviyyəsi ilə bağlı deyildir, əskinə minimum tələblərdir. Yəni, bina varsa binanın yanğın təhlükəsizliyi minimal qaydada olmalıdır ki, bu tələb bütün dövrlərdə qüvvədə olmuşdur. Cavabdeh tərəf isə təhlükəsizlik standartının səviyyəsi bir yana, ümumiyyətlə minimum avadanlıqlarla binaları təchiz etməmişdir, etmişdirsə də, daha sonra əsassız olaraq onları götürmüşdür, çünki hazırda binalarda faktiki olaraq həmin avadanlıqlar mövcud deyildir. Müvafiq ekspert rəyi və qüsur aktında da həmin nöqsanlar aydın şəkildə öz əskini tapır. İkinci arqumentə münasibətdə məhkəmə qeyd edir ki, hüquq münasibəti, hüquq münasibətlərinin tərəfləri, öhdəliyin tərəflərini ayırmalıyıq. Belə ki, iddiaçı ilə cavabdeh arasında mövcud olan müvafiq hüquq münasibətləri ilə, cavabdehlə digər subyekt arasında mövcud olan (əgər olubsa) hüquq münasibətlərini, öhdəlik şərtlərini ayırmalı, fərdiləşdirməliyik. Əgər müqavilə üzrə üçüncü subyekt həqiqətən də cavabdeh qarşısındaki müqavilə öhdəliklərinə əməl etməmişsə, o, məhz cavabdeh qarşısında müvafiq müqavilə şərtləri üzrə məsuliyyət daşıyır ki, münasibətləri bir-birinə qatmaq olmaz. Odur ki, cavabdeh tərəfin sözügedən arqumentləri əsassızdır. Həmin arqumentlərin məhkəmə baxış mərhələsində təqdim edilməsi isə əsaslı hesab edilə bilməz. Belə ki, əgər həqiqətən də sözügedən hallar var idisə, bununla bağlı cavabdeh tərəf keçirilmiş uzunmüddətli məhkəmə hazırlıq mərhələsində bunu məhkəmənin diqqətinə çatdırmalı, məhkəmə isə çəkişmə prinsipinə şərait yaratmalı idi. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə mülki işdə olan mövcud sübutlar əsasında cavabdeh MTK-nın üzərinə öhdəliyin qoyulmasını daha əsaslı hesab edir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi ilə bağlı əsaslı sübutlar məhkəməyə təqdim edilməmiş, sübutetmə fəaliyyəti effektiv təşkil edilməmişdir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin qismən təmin edilməsi xüsusatı əsas götürülməklə ödənilmiş dövlət rüsumunun 300 (üç yüz) manat hissəsi cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər məhkəmə xərclərinə daxildir. Odur ki, iddiaçı tərəfindən hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 150 (yüz əlli) manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə aparılmış 2 (iki) ekspertiza üzrə ümumilikdə 155 (yüz əlli beş) (55+100) manat məbləğində ekspertiza xərci Cavabdeh MTK-dan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Beləliklə, məhkəmə mülki iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MTK-dan 161551 (yüz altmış bir min beş yüz əlli bir) manat pul, dövlət rüsumu kimi ödənilmiş 549 manat məbləğin 300 (üç yüz) manat hissəsi və hüquqi xidmət üçün ödənilmiş 150 (yüz əlli) manat tutularaq İddiaçı MMMC-nin xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMMC-nin Cavabdeh MTK-ya qarşı “Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanda yerləşən hər iki binanın yanğın təhlükəsizliyi ilə bağlı əvvəlcədən yerinə yetirməli olduğu bütün öhdəliklərinin hazırda icra edilməsi üçün yanğın təhlükəsizliyi sisteminin quraşdırılmasına görə 258.954.0 AZN (iki yüz əlli səkkiz min doqquz yüz əlli dörd manat) məbləğində çəkilməli olan xərcin, eyni zamanda dövlət rüsumu kimi ödənilmiş 549 manatın və hüquqi xidmət üçün ödənilən 150 manatın İddiaçı MMMC-nin bank hesabına ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilməsin. Cavabdeh MTK-dan 161551 (yüz altmış bir min beş yüz əlli bir) manat, dövlət rüsumu kimi ödənilmiş 549 manat məbləğin 300 (üç yüz) manat hissəsi və hüquqi xidmət üçün ödənilmiş 150 (yüz əlli) manat pul tutularaq İddiaçı MMMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış 2 (iki) ekspertiza üzrə ümumilikdə 155 (yüz əlli beş) (55+100) manat məbləğində ekspertiza xərci Cavabdeh MTK-dan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar