Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-856/2023 22.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Cavabdeh1 ASC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Cavabdeh1 ASC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" İKB ASC ilə X4 arasında bağlanmış 26 fevral 2010-cu il tarixli 2289(G) saylı kredit müqaviləsinin təminatı kimi 26 fevral 2010-cu il tarixli 2289 (1) saylı ipoteka müqaviləsinə əsasən "xxxx" İKB ASC-nin xeyrinə yüklü edilmiş, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın ipotekasına xitam verilməsi və ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi, eləcə də ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun, 300 (üç yüz) manat vəkil xərcinin və 17,25 (on yeddi manat 25 qəpik) manat nümayəndə üçün ödənilən xərcin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" İKB ASC ilə X4 arasında 26 fevral 2010-cu il tarixli 2289(G) saylı kredit müqaviləsi bağlanılmışdır. Həmin kredit öhdəliyinin təminatı olaraq ona məxsus ünvan 2 ünvanda yerləşən daşınmaz əmlak 26 fevral 2010-cu il tarixli, 2289(1)c nömrəli ipoteka müqaviləsinə əsasən "xxxx" İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və həmin yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır. Daha sonra "xxxx" İKB ASC ilə X5, "xxxx" MMC və "xxxx" MMC arasında bağlanılmış 04 noyabr 2013-cü il tarixli “Borcun köçürülməsi və hüququn güzəşti haqqında” müqaviləyə əsasən 26 fevral 2010-cu il tarixli 2289 (G) nömrəli kredit müqaviləsi üzrə öhdəliklər yeni borcalan "xxxx" MMC-yə keçmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin tələblərinə görə əsas öhdəlik üzrə borc başqasına keçdikdə ipoteka qoyan ipotekanın qüvvədə qalmasına ipoteka saxlayana yazılı razılıq vermədikdə ipotekaya xitam verilir. Eyni ilə Mülki Məcəllənin 292-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə, əgər girov qoyan yeni borclunun əvəzinə cavabdeh olacağı barədə kreditora razılıq verməyibsə, girova xitam verilir. 26 fevral 2010-cu il tarixli 2289(G) saylı kredit müqaviləsi üzrə borc "xxxx" MMC-yə keçdikdə ipotekanın (girovun) qüvvədə qalmasına tərəfindən razılıq verilməmişdir. Kredit öhdəlikləri yerinə yetirilmədiyinə görə "xxxx" İKB ASC tərəfindən kredit borcunun tutulması və tutmanın ona məxsus olan ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsi barədə iddia qaldırılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli, 2(004)-4774/2017 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər X4, X7, X6 və İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2020-ci il tarixli, 2(103)-564/2020 nömrəli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli, 2(004)-4774/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmələrin gəldikləri nəticə onunla əsaslandırılmışdır ki, ipoteka ilə təmin edilmiş borc başqa şəxsə keçdiyi və ipotekanın qüvvədə qalmasına ipoteka qoyan tərəfindən razılıq verilmədiyi üçün iddia rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-1282/2021 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2020-ci il tarixli, 2(103)- 564/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərar qanuni qüvvəsini almışdır. Məhkəmə prosesləri zamanı “Borcun köçürülməsi və hüququn güzəşti haqqında” 04 noyabr 2013-cü il tarixli müqavilə iddiaçı "xxxx" İKB ASC tərəfindən mübahisələndirilməmiş və ya müqavilənin məzmununun qeyri-dəqiq və yaxud ziddiyyətli olmasına istinad olunmamışdır. Həmin müqavilə ləğv olunmamış və ya məhkəmə qaydasında etibarsız hesab edilməmişdir. Eyni zamanda həmin müqavilədə aydın şəkildə göstərilmişdir ki, X4 ilə bağlanmış xx.xx.2010-cu il tarixli 2289(G) saylı kredit müqaviləsi üzrə ******* manat manat məbləğində əsas kredit borcu və ona hesablanan faizlər yeni borclu "xxxx" MMC-yə keçmişdir. Yuxarıda qeyd edilən məhkəmə qərarlarını əsas götürərək əmlakın girovdan azad edilməsi barədə tərəfindən dəfələrlə cavabdehlərə müraciət olunmasına baxmayaraq əmlakı yüklülükdən azad edilməmişdir. Əmlakı hazırda hər hansı bir kredit borcunun təminatı deyil və bank tərəfindən ona tutma yönəldilə bilməz və əmlakı hər hansı bir borc qarşılığında bankın balansına götürülə bilməz. 2019-cu ildə "xxxx" İKB ASC-nin adı Cavabdeh1 adına rebrending edilib. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, "xxxx" İKB ASC, X4 və "xxxx" MMC arasında üç tərəfli müqavilə bağlanmış, tələb etmə hüququ "xxxx" İKB ASC-də qalmış, lakin borc "xxxx" MMC-yə keçmişdir və bank buna razılıq vermişdir. Lakin həmin prosesdə müvəkkilin öz əmlakının "xxxx" MMC-yə öhdəliyin keçməsi nəticəsində öhdəliyə təminat kimi girova razılıq verməmişdir. İddiaçı öz evini X3 görə girov qoymuş, X1 borcu da keçib "xxxx" MMC-yə keçmişdir, X1 hal-hazırda heç bir borcu olmadığı halda iddiaçının hələ də əmlakı girov predmeti olaraq yüklü qalmışdır. İpoteka müqaviləsi müstəqil müqavilə deyil, kredit öhdəliyinin təminatıdır. Ona görə də, yazılı razılıq vermədiyi üçün ona qarşı heç bir tələb irəli sürülə bilməz. Bununla bağlı, məhkəmə qətnamələri olmuş, "xxxx" İKB ASC-nin iddia tələbi rədd olunmuş və Ali Məhkəmədə qətnamələr qüvvədə saxlanılmışdır. 2 ildi əsassız olaraq "xxxx" İKB ASC müvəkkilinin evini heç bir əsas göstərmədən qirovdan azad etməkdən imtina edir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, vətəndaş banka müraciət etmiş və ona rəsmi olaraq cavab verilmişdir ki, rədd olunmuş qətnamədə ipotekaya xitam verilməsi barədə hər hansı bir məsələyə toxunmayıb. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə digər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə gəlmiş tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan kreditor "xxxx" İKB ASC, ilkin borclu X5, yeni borclu "xxxx" MMC və üçüncü şəxs "xxxx" MMC arasında bağlanmış borcun köçürülməsi və hüququn güzəşti haqqında xx.xx.2013-cü il tarixli müqavilənin surətinə əsasən ilkin borclu cəmi 11.000.000 (on bir milyon) manat məbləğində borcun yeni borcluya köçürülməsini həyata keçirmiş, yeni borclu isə əsas öhdəliyin ona köçürülməsini, yəni kreditor qarşısında əsas öhdəliyin ödənilməsini öhdəsinə götürmüş və bunun müqabilində üçüncü tərəf Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli Sərəncamı ilə ona ayrılmış Yasamal rayonu, Hüseyn Cavid prospekti 558-566-cı məhəllə ünvanında yerləşən 1.6996 ha torpaq sahəsində tikilməli olan yaşayış kompleksinin 5-ci, 6-cı, 7-ci və 8-ci blokları üzrə və binaların yerləşəcəyi torpaq sahəsi üzrə özünə məxsus olan bütün hüquqlarından yeni borclunun xeyrinə imtina etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4774/2017 nömrəli, 10 oktyabr 2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər X4, X7, X6 və İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2020-ci il tarixli, 2(103)-564/2020 nömrəli qətnaməsinə əsasən iddiaçı "xxxx" İKB ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-1282/2021 nömrəli qərarına əsasən iddiaçı "xxxx" İKB ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2020-ci il tarixli, 2(103)-564/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan İddiaçı "xxxx" ASC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəyə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli, 2(004)-4774/2017 nömrəli və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2020-ci il tarixli, 2(103)-564/2020 nömrəli qətnamələri, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-1282/2021 nömrəli qərarını nəzərə alaraq, ona məxsus olan və 26 fevral 2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən "xxxx" İKB ASC-nin xeyrinə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatının ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan "xxxx" ASC-nin ("xxxx" İKB ASC) İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən Bank ilə X4 arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 2289(G) saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik faiz dərəcəsi 18% olmaqla ******* manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq İddiaçı məxsus ünvan 2 nömrəli ev Bankın qarşısında ipoteka ilə yüklü edilmişdir. Bildirmişlər ki, ərizəsində qeyd etdiyi məhkəmə qərarlarında ipoteka ilə yüklü edilmiş əmlakın ipoteka yüklülüyündən azad olunması ilə bağlı tələb yoxdur. Məhkəmə araşdırması nəticəsində işin müəyyən edilmiş mübahisəsiz halları ondan ibarət olmuşdur ki, "xxxx" İKB ASC ilə X4 arasında 26 fevral 2010-cu il tarixli 2289(G) saylı kredit müqaviləsi bağlanılmışdır. Həmin kredit öhdəliyinin təminatı olaraq İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən daşınmaz əmlak 26 fevral 2010-cu il tarixli, 2289(1)c nömrəli ipoteka müqaviləsinə əsasən "xxxx" İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və həmin yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır. Bundan sonra 04 noyabr 2013-cü il tarixdə üç tərəfli “borcun köçürülməsi və hüququn güzəşti haqqında” müqavilə bağlanmış və kredit müqaviləsi üzrə öhdəliklər yeni borcalan "xxxx" MMC-yə keçmişdir. Lakin İddiaçı tərəfindən ipotekanın (girovun) qüvvədə qalmasına razılıq verilməmiş, ondan buna dair ərizə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 292-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə, əgər girov qoyan yeni borclunun əvəzinə cavabdeh olacağı barədə kreditora razılıq verməyibsə, girova xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə, əsas öhdəlik - əsas müqavilədən yaranan və icrası ipoteka ilə tam və ya qismən təmin edilən borc və digər öhdəliklərdir. Həmin Qanunun 3.1-ci maddəsinə görə ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. Həmin Qanunun 4.2-ci maddəsinə görə bu Qanunun 4.1.4-cü və ya 5-ci maddələrində nəzərdə tutulmuş tələblər istisna olmaqla, ipoteka müqaviləsində əsas öhdəliyin (bu Qanunun 4.1.1‒4.1.3-cü maddələrində nəzərdə tutulmuş tələblərin) konkret məbləği göstərilibsə, həmin öhdəlik yalnız bu məbləğdə təmin edilmiş sayılır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əşyanın ipotekasının dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 14.1.1-ci maddəsinə görə ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aparılır. Həmin Qanunun 29-cu maddəsinə görə əsas öhdəlik üzrə borc başqasına keçdikdə ipoteka qoyan ipotekanın qüvvədə qalmasına ipoteka saxlayana yazılı razılıq vermədikdə ipotekaya xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə görə əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, İddiaçı xəbəri olmadan borclu şəxs öhdəlikləri "xxxx" MMC-yə ötürmüş, buna dair 3 tərəfli müqavilə bağlanmış, "xxxx" İKB ASC tələbin ona ötürülməsinə etiraz etməmişdir. İddiaçı, ipoteka qoyan İddiaçı ipotekanın qüvvədə qalmasına, yəni öhdəliyin üçüncü şəxsə keçməsi ilə bağlı, həmin şəxsində öhdəliklərinin icrasının imtinasına dair mülkiyyətində olan əmlakın girov qoyulması barədə "xxxx" İKB ASC-yə yazılı razılıq verməmiş və bununla da, yeni borclunun əvəzinə cavabdeh olacağı barədə kreditora razılıq verməmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, iddia tələbinin ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmetinin ipoteka yüklülüyündən azad edilməsi hissələrində əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı, iddia tələbinin “cavabdehlərdən 300 (üç yüz) manat vəkil xərcinin və 17,25 (on yeddi manat 25 qəpik) manat nümayəndə üçün ödənilən xərcin tutulması” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hazırki mübahisə ilə bağlı nümayəndə və vəkil üçün ödənilmiş xərclər əsaslandırılmamış, bu barədə məhkəməyə heç bir mötəbər sübut (müqavilə, qəbz) təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80 və 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh1 ASC-dən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 ASC ("xxxx" İKB ASC) ilə X4 arasında bağlanmış 26 fevral 2010-cu il tarixli, 2289 (G) saylı kredit müqaviləsinin təminatı kimi 26 fevral 2010-cu il tarixli, 2289 (1) saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 ASC-nin ("xxxx" İKB ASC-nin) xeyrinə yüklü edilmiş, ünvan 2 ünvanda yerləşən daşınmaz əmlakın ipotekasına xitam verilsin və ipoteka yüklülüyünün dövlət qeydiyyatı ləğv edilsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh1 ASC-dən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-856/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-856/2023
22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver