Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-86/2025 24.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, Cavabdeh2, Cavabdeh3 nümayəndəsi və vəkili X1, iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh arasında cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 arasında hüquqi xidmətin göstərilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında göstərilən hüquqi xidmət nəticəsində bankı cavabdehlərə qarşı ümumilikdə 15.523.642.54 (on beş milyon beş yüz iyirmi üz min altı yüz qırx iki manat əlli dörd qapik) manat həddində iddiası iddia müddətinin ötürülməsi əsası ilə təmin edilməmişdir. Müqaviləyə əsasən, tərəflər sözügedən mübahisə məbləğinin 1.5% həddində məbləği icraçı qismində İddiaçı ödəməlidir. Lakin, cavabdehlər müqavilə öhdəliklərinə əməl etməmiş, 232854,63 manat həddində öhdəliyini qismən icra etmiş, 210.645 (iki yüz on min altı yüz qırx beş) manat məbləğində hissə ödənilməmişdir. Odur ki, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ilə bağlanmış xx.xx.2023-cü il tarixli Müqavilənin 2.4.-cü, 3.2.-ci, 4.1.-ci və 4.2.-ci bəndlərinə əsasən, xidmət haqqı kimi əvvəlcədən ödənilmiş 22.190 (ödənilmiş avans) manat məbləğində pul vəsaitləri də nəzərə alınmaqla, 210.645 (iki yüz on min altı yüz qırx beş) manat məbləğində borcun, 500 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi xahiş edilir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh3 nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Digər cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarında olan icraçı İddiaçı ilə sifarişçilər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli Hüquqi xidmətlərin göstərilməsi haqqında müqavilənin 1-ci bəndinə əsasən müəyyən edilir ki, müqavilənin predmeti sifarişçilərlə "xxxx" ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqavilələri üzrə mübahisənin həll edilməsi ilə bağlı xidmət göstərilməsi barədə razılaşmışlar. Müqavilənin 2.4.-cü, 3.2.-ci, 4.1-ci və 4.2.-ci bəndlərinə əsasən ödəniş məsələləri razılaşdırılmışdır. 4.1-ci bəndə əsasən müqavilə üzrə xidmət haqqı sifarişçilərin xeyrinə həll edilmiş ümumi pul vəsaitinin 1.5% hissəsi təşkil edir. İş materiallarında olan ödəniş qəbzlərinə əsasən müəyyən edilir ki, müqavilə üzrə sifarişçi Cavabdeh3 tərəfindən icraçı İddiaçı 4 (dörd) ayrı-ayrı qəbz üzrə ümumilikdə 22190 manat ödəniş edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən İddiaçı ********** nömrəli VÖEN əsasında fərdi sahibkar kimi fəaliyyət göstərir, fəaliyyət istiqaməti Müəlliflərin hüquqları və patentlər üzrə hüquqi sənədlərin hazırlanmasıdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Tərəflər arasında yaranmış münasibətlər tapşırıq müqaviləsi münasibətləridir və mübahisənin qanuni əsası qismində tərəflər arasında bağlanmış müqavilənin şərtləri və aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 776.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339-cu maddəsinin başlığı bu qaydada müəyyən edilmişdir: hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası MM-in 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 3-cü hissəsi, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi, Azərbaycan Respublikası MMin 16.1 və 560.2-ci maddələrinin əlaqəli şərh edilməsinə dair” 18 dekabr 2023-cü il tarixli qərarında sərgilənən hüquqi mövqeyə əsasən, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarı). Buna görə də, Azərbaycan Respublikasının qanunvericiliyi ilə hüquqdan sui-istifadə üzərində həyata keçirilən razılaşmaların və hərəkətlərin etibarsız olduğu müəyyən edilmişdir (Mülki Məcəllənin 560.2-ci maddəsi). Qeyd edilənlərlə yanaşı hhüquqi yardım xidmətinin göstərilməsinə dair müqavilələr üzrə işin uğurlu nəticəsinə görə mükafatın ödənilməsinin nəzərdə tutulmasının sui-istifadəyə səbəb olacağı halların konkret olaraq dairəsini müəyyən etmək mümkün deyil. Bu, tapşırığın xarakterindən, tapşırılan işin mürəkkəbliyindən, ödənişin miqdarından və işin digər faktiki hallarından asılı olaraq qiymətləndirilməli olan meyardır. Bu səbəbdən hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, icraçı İddiaçı ilə sifarişçilər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli Hüquqi xidmətlərin göstərilməsi haqqında müqavilənin 1-ci bəndinə əsasən müəyyən edilir ki, müqavilənin predmeti sifarişçilərlə "xxxx" ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqavilələri üzrə mübahisənin həll edilməsi ilə bağlı xidmət göstərilməsi barədə razılaşmışlar. Müqavilənin 2.4.-cü, 3.2.-ci, 4.1.-ci və 4.2.-ci bəndlərinə əsasən ödəniş məsələləri razılaşdırılmışdır. Müqavilənin 4.1-ci bəndə əsasən müqavilə üzrə xidmət haqqı sifarişçilərin xeyrinə həll edilmiş ümumi pul vəsaitinin 1.5% hissəsi təşkil edir. Ödəniş qəbzlərinə əsasən müqavilə üzrə sifarişçi Cavabdeh3 tərəfindən icraçı İddiaçı 4 (dörd) ayrı-ayrı qəbz üzrə ümumilikdə 22190 manat ödəniş edilmişdir. "xxxx" ASC-nin cavabdehlərə qarşı ümumilikdə 15.523.642.54 (on beş milyon beş yüz iyirmi üz min altı yüz qırx iki manat əlli dörd qapik) manat həddində iddiası iddia müddətinin ötürülməsi əsası ilə təmin edilməmişdir. 15.523.642.54 (on beş milyon beş yüz iyirmi üz min altı yüz qırx iki manat əlli dörd qapik) manat vəsaitin 1.5% hissəsi 232854,63 manat təşkil edir. İcraçı İddiaçı Vəkillər Kollegiyasının üzvü deyildir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən İddiaçı ********** nömrəli VÖEN əsasında fərdi sahibkar kimi fəaliyyət göstərir, fəaliyyət istiqaməti Müəlliflərin hüquqları və patentlər üzrə hüquqi sənədlərin hazırlanmasıdır. Tələb əqdə əsaslandıqda məhkəmə xidməti vəzifəsinə uyğun olaraq tələbin əsası qismində müqavilənin etibarlılıq məsələsinə öz təşəbbüsü ilə hüquqi qiymət verməlidir. Məhkəmə qeyd edir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Aydın, anlaşılan hüquq normalarının hüquq tətbiq edən məhkəmələr tərəfindən geniş formada təfsir olunması yolverilməzdir. Hüquq tətbiq etmə aşağıdakı ardıcıllıqla həyata keçirilir.
1. İmperativ normalar (əgər varsa).
2. Müqavilə şərtləri.
3. Dispozitiv normalar.
4. İşgüzar adətlər.
5. Analogiya (qanunun və ya hüququn). “Müqavilə azadlığı” prinsipi mütləq xarakter daşımır və imperativ hüquq normasına zidd olan müqavilə şərtləri etibarsızdır. Etibarsızlığın hüquqi xarakteri məhz qanunsuzluğa dövlət müdaxiləsinin operativ tətbiq edilməsidir. Dövlət institutu tərəfindən qanunvericilik normalarının tətbiq edilməsi mülki hüquq münasibətlərinin subyektlərinin mənafələrinin və hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə bir sıra hallarda subyektin iradə ifadəsinin qarşısına keçməklə ədalətli münasibətləri tənzimləməyə xidmət edir. Nəzərə almaq lazımdır ki, mülki hüquq münasibətlərinin subyektlərinin sərbəst iradə ifadəsi imkanı olsa da, bu xüsusat mütləq mahiyyət daşımır və qanuna, cəmiyyətin, subyekt(lər)in qanunla qorunan mənafelərinə zidd olan hissədə etibarsızdır və heç bir hüquqi əhəmiyyəti yoxdur. İcraçı İddiaçı ilə sifarişçilər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli Hüquqi xidmətlərin göstərilməsi haqqında müqavilənin 4.1-ci bəndinin etibarsızlığı sifarişçilər tərəfindən mübahisələndirilməmişdir. MM-in 339-cu maddəsinə əsasən, əqdin (mübahisələndirilən əqd kimi etibarsızlıq halı) etibarsızlığını mübahisələndirmək zərərçəkənin iradəsindən asılı olmaqla subyektiv hüquq kimi ona məxsusdur, məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilməz. Bu barədə tələb olmadığından məhkəmə əqdin (tam və ya hissəvi) etibarsızlığı xüsusatına toxunmur. Həmçinin, MM-in 354-cü maddəsinin dispozitiv şərtləri (1 illik kəsici müddət) etibarsız əqd üzrə nəticələrin aradan qaldırılması nöqteyi-nəzərdən diqqətə alınmalıdır. Cavabdeh(lər) tərəfindən müqavilənin etibarsızlığı ilə bağlı məhkəmədən kənar və ya məhkəmə icraatı çərçivəsində iradə ifadəsi bildirilməmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış pretenziya məktubu isə həm nəticə hissəsi, həm də təhlili əsasında mahiyyəti üzrə etibarsızlıqla bağlı deyil, müqavilənin ləğvi ilə bağlıdır. Prinsip olaraq mülki hüquq münasibətlərin subyektləri hüquqlarından vicdanlılığın tələb etdiyi tərzdə istifadə etməlidirlər. Hazırki mübahisə mahiyyəti üzrə ədalətlilik meyarlarına (ümumi hüquqi prinsip) uyğun şəkildə həll edilməlidir. Müqavilə üzrə sifarişçilər tərəfindən 22190 manat ödəniş edilməsi xüsusatı, müqavilənin bağlanmasına səbəb olan kredit müqaviləsi üzrə müdafiə çərçivəsində göstərilmiş hüquqi xidmətin dərəcəsi, mübahisənin ağırlığı, mahiyyəti, həddləri nəzərə alınmaqla hesab edilir ki, göstərilmiş xidmət üzrə 22190 manat ödəniş kifayət qədər yüksək məbləğdir. Müqavilə üzrə qalıq 210.645 (iki yüz on min altı yüz qırx beş) manat tələb edilməsi hüquqdan sui-istifadədir, hüquqi baxımdan vicdanlı davranış deyildir, razılaşma şərti isə sifarişçilərin bilgisizliyindən, ağır vəziyyətdə olmalarından edilmiş sui-istifadənin nəticəsidir. Məhkəmə proseslərində nümayəndə kimi iştirak etmək hüququ müstəsna olaraq vəkilə və şəxsin yaxın qohumlarına məxsusdur. İddiaçının isə vəkillik statusu yoxdur. Bu şərtlər çərçivəsində göstərilən hüquqi xidmətin keyfiyyəti, dərəcəsi aşkardır. Nəzərə alınır ki, iddiaçın bankı iddia tələbi üzrə 3 illik iddia müddəti ötürüldüyündən iddia müddətinin tətbiq edilməsi proseduru üçün 1 cümlədən ibarət sadə yazılı ərizənin təqdim edilməsi kifayətdir. Həmin ərizənin təqdim edilməsi üçün 232835 manat həddində hüquqi xidmətin göstərilməsi ağlabatan və hüquqi baxımdan vicdanlı davranış deyildir. Odur ki, iddia tələbi əsassızdır və təmin edilə bilməz. Məhkəmə nəzərə alır ki, mübahisə predmeti üzrə tərəflər (iddiaçı və cavabdehlər) arasında bağlanmış müqavilənin bağlanması əsası qismində çıxış edən "xxxx" ASC ilə cavabdehlər arasında bağlanmış müqaviləsin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Məhz həmin iddia tələbinin təmin edilməməsi bank qarşısında ümumi öhdəliyin xitamına deyil, məhz iddia müddətinin ötməsi əsası ilə öhdəliyin məhkəmə qaydasında tələb edilməməsi ilə nəticələnmişdir. Həmin iddia tələbinin təmin edilməməsi cavabdehin oğlu X3 təqsirləndirilməsi ilə bağlı cinayət işinin nəticəsinə də (təqsirsizliklə əlaqədar) preyudisial olaraq müsbət mənada təsir edə bilməmişdir. Yəni, mahiyyəti üzrə tərəflər arasındakı xidmət müqaviləsinin predmetini təşkil edən mübahisə hüquqi baxımdan mahiyyəti üzrə uğurla yekunlaşmamışdır (iddia rədd edilmişdir). Məhkəmə qeyd edir ki, mübahisənin kommersiya mübahisəsi kimi qiymətləndirilməsi üçün 3 əsas şərt lazımdır:
1. Subyektlər (hər ikisi) sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdırlar.
2. Mübahisənin predmeti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır.
3. Subyektlər arasındakı münasibətlər sahibkarlıq münasibətlərdən əmələ gəlməlidir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan hər 3 (üç) şərt birlikdə mövcud olduqda münasibətlər sahibkarlıq münasibətlərindən əmələ gələn münasibət hesab olunur. İddiaçı kommersiya subyekti olsa da, cavabdehlər kommersiya subyekti deyillər və müqavilə üzrə hüquq münasibəti cavabdehlər nöqteyi-nəzərdən kommersiya münasibəti deyildir. Odur ki, mübahisənin məhkəmə aidiyyatı müvafiq kommersiya məhkəməsinə deyil, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə aiddir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə mülki iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Fariz Əlizadə