Məhkəmə qərarları › İş №e-2(004)-901/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-901/2025

14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-901/2025 14.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə (açar sözlər: icraata xitam) Bakı şəhəri Yasamal Rayon Məhkəməsi Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc 533,99 USD məbləğində əsas borc, 702,37 USD məbləğində faiz borcu olmaqla, cəmi 1236,36 USD məbləğində pul vəsatinin, həmçinin 41,02 manat məbləğində dövlət rüsumu iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər; Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar; Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə; Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; Maddə 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.

3. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 24.1. Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir; Maddə 25.2. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır.

Məhkəmənin mövqeyi

4. Məhkəmə iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, iş üzrə icraata xitam verilməlidir.

5. Belə ki, “Elektron məhkəmə” inforrmasiya sistemindən görünür ki, iş üzrə Cavabdeh xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.

6. Hazırkı iddia ərizəsi isə cavabdeh vəfat etdikdən sonra – xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmişdir.

7. Göründüyü kimi, iddia ərizəsi verilərkən cavabdeh kimi göstərilən Cavabdeh artıq vəfat etmiş və iddia ölmüş şəxsə qarşı qaldırılmışdır. Buna görə də cavabdeh kimi göstərilmiş Cavabdeh tərəf kimi qəbul edilə bilməz.

8. Məhkəmədə iddia icraatı qaydasında mülki icraat açılması üçün isə mütləq ilkin şərt tərəflərin – iddiaçı və cavabdehin olmasıdır.

9. MPM-in 50.3-cü maddəsinin tələbinə görə, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Fiziki şəxs isə Mülki Məcəllənin 24.1-ci maddəsinə əsasən, hüquq münasibətlərində öz adından iştirak edən insan fərdi fiziki şəxsdir.

10. Odur ki, iş üzrə cavabdeh tərəf olmadığından, dolayısı ilə mübahisə mövcud olmadığından işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir və bu əsasla da iş üzrə icraata xitam verilməlidir.

11. Göstərilənləri və MPM-nin 50, 261, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə icraata xitam verilsin. **********94 nömrə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ödənilmiş 41,02 manat məbləğdə dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar