Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-905/2023 28.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər X1rşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər X1rşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək cavabdeh Sosial Xidmətlər Agentliyi X3 **********5 nömrəli, xx.xx.2022-ci il tarixli əmrinin ləğv olunması, onun əvvəlki iş yerinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyi X5 xx.xx.2023-cü il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə iddia müddəti ötürüldüyündən iddianın təmin olunmamasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı 2009-cu ildə imtahan verərək, dövlət qulluğuna qəbul olunmuş və xx.xx.2009-cu il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müxtəlif qurumlarında işləmişdir. 2011-ci ildən 2016-cı ilədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Sosial xidmətlər sektorunda baş məsləhətçi vəzifəsində işləmişdir. 2016-cı ildə Dövlət Sosial Təminat Xidməti Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə ləğv edilmiş, səlahiyyətləri Dövlət Sosial Müdafiə Fonduna verilmişdir. 2016-cı ildən 2020-ci ilədək Dövlət Sosial Müdafiə Fondunda Sosial xidmətlər və proqramlar şöbəsində əvvəl baş məsləhətçi, sonra isə şöbə müdirinin müavini-Sosial xidmətlər sektorunun müdiri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi yaradıldıqdan sonra Agentliyin Səyyar sosial xidmətlərin təşkili departamentinin müdir müavini vəzifəsinə təyin olunmuşdur. İşlədiyi müddətdə heç bir nöqsanı olmamışdır və vəzifə funksiyalarını layiqincə yerinə yetirmişdir. Bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi yaradılana qədər iddiaçının tutduğu vəzifə dövlət qulluğunda inzibati vəzifələrin 5-ci təsnifatına aid olmuş, ixtisas dərəcəsi isə dövlət qulluğunun kiçik müşaviri olmuşdur. Lakin buna baxmayaraq, Agentlik yaradıldıqdan sonra iddiaçının əmək müqaviləsinə qanunvericiliyin tələblərinə zidd qaydada xitam verilərək 1 ay sınaq müddəti olmaqla 3 aylıq yeni əmək müqaviləsi bağlanmış və hər dəfə həmin müqavilə bir dəfə 3 ay, sonra isə 6 ay müddətinə uzadılmışdır. Sonuncu dəfə 10 yanvar 2022-ci il tarixdə ona heç bir məlumat verilmədən əmək müqaviləsi uzadılmamış və həmin gün iş vaxtı qurtardıqdan sonra ona bu barədə telefonla məlumat verilmişdir. İddiaçı həmin vaxt Sosial Xidmətlər Agentliyinin sədri ilə əlaqə saxlayaraq işdən azad olunma səbəbini öyrənməyə çalışsa da, ona səbəb açıqlanmamış və bildirilmişdir ki, bu Nazirliyin qərarıdır, Nazirliyin rəhbərliyi müqavilə bağlamaq istəmir və bu məsələlərlə bağlı heç kəsi qəbul etmir. Əmək kitabçasını götürdükdən sonra iddiaçıya məlum olmuşdur ki, onunla bağlanmış əmək müqaviləsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2022-ci il tarixli, **********5 nömrəli əmri ilə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə görə müqavilə müddətinin bitməsi əsası ilə xitam verilmişdir. O, pozulmuş hüquqlarını bərpa etmək və əvvəlki vəzifəsinə bərpa olunmaq üçün əmək kitabçasını cavabdehdən götürməzdən əvvəl, yəni 13 yanvar 2022-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikasının birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya müraciət etmişdir. Müraciətindən bir müddət sonra müraciətin nəticəsi ilə bağlı Azərbaycan Respublikasının birinci vitse-prezidentinin katibliyi ilə əlaqə saxladıqda ona müraciətinin aidiyyəti üzrə baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərildiyi bildirilmişdir. Bundan sonra iddiaçı uzun müddət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən müraciətinə cavab gəlməsini gözləmiş, lakin heç bir cavab gəlmədiyi üçün 01 noyabr 2022-ci il tarixdə ərizə ilə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə müraciət edərək, mübahisənin mediasiya vasitəsilə nizama salınmasını təklif etmişdir. Bundan sonra da müraciətinə cavab verilmədiyindən və ümumiyyətlə məsələ barədə onunla əlaqə saxlanılmadığından 6 saylı mediasiya təşkilatına müraciət etmişdir. Lakin yenə də məsələ öz həllini tapmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşin hallarından göründüyü kimi iddiaçının əmək fəaliyyəti bütünlüklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlıdır, bu sahədə ixtisaslaşmış bir kadrdır, o, işlədiyi sahə üzrə dəfələrlə konfranslarda, işgüzar görüşlərdə və seminarlarda iştirak etmişdir. İddiaçı səyyar sosial xidmət sisteminin yaradılmasında bilavasitə iştirak etmişdir. Ahıllara və sosial xidmətə ehtiyacı olan əlilliyi olan şəxslərə evdə səyyar sosial xidmətin göstərilməsi, sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada sosial-psixoloji və sosial-pedaqoji xidmətlərin göstərilməsi, İraq və Suriya Respublikalarından repatriasiya olunmuş şəxslərlə sosial işin təşkil olunmasında bilavasitə iştirak etmişdir. Nümunəvi əmək fəaliyyətinə görə 2021-ci ilin oktyabr və dekabr aylarında Agentliyin rəhbərliyi tərəfindən iddiaçıya fərdi mükafatlar verilmişdir. Həmçinin, kollektiv mükafatlandırmalar zamanı da rəhbərlik tərəfindən mükafatlandırılmışdır. Sosial xidmət sahəsində bu qədər iş təcrübəsi olan bir şəxsin xəbərdarlıq edilmədən və heç bir zərurət olmadan əmək müqaviləsinə xitam verilməsi məqsədəuyğun hesab edilə bilməz. Onu da qeyd edir ki, cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam verməsi nəticəsində iddiaçı dövlət qulluğunda uzun müddətli xidmətləri və təcrübəsi, yüksək ixtisas dərəcəsi olmasına baxmayaraq, başqa dövlət orqanlarında da ixtisasına, iş təcrübəsinə və tutduğu vəzifəyə uyğun vəzifəyə qəbul edilə bilmir. Müraciət etdiyi bütün qurumlar iddiaçının stajının və ixtisas dərəcəsinin yalnız sosial sahəyə aid olduğunu, onların sahəsinə aid olmadığını bildirərək, onu müsahibələrə buraxmır. Halbuki, iddiaçı uzun müddət dövlət qulluğunda çalışmış, həmişə dövlətə və dövlətçiliyə şərəflə və ləyaqətlə xidmət etmiş, xidmət etdiyi illər ərzində barəsində heç bir intizam tənbehi tətbiq edilməmişdir. Lakin, cavabdehin qanunvericiliyin tələblərinə zidd şəkildə onunla 3 aylıq müddətə əmək müqaviləsi bağlaması və əmək müqaviləsinə xitam verməsi hazırda onu bu imkanlardan məhrum etmişdir. Əlavə olaraq qeyd edir ki, iddiaçı xx.xx.2009-cu il tarixdən Səbail rayon Məşğulluq Mərkəzində baş məsləhətçi vəzifəsində dövlət qulluqçusu kimi işə başlamış, həmin vaxt 6 aylıq sınaq müddəti təyin edilməklə əmək müqaviləsi bağlanmışdır. Buna baxmayaraq cavabdeh tərəfindən təkrarən 1 ay sınaq müddəti təyin edilməklə iddiaçı ilə 3 aylıq müddətə əmək müqaviləsi bağlaması, daha sonra əmək müqaviləsini 6 ay müddətinə uzatması “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun və əmək qanunvericiliyinin tələblərinin pozuntusu kimi qiymətləndirilməlidir. Əmək qanunvericiliyinə görə əmək funksiyası yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olması qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddəti təyin edilmədən bağlanılmalıdır. Yalnız hüquq bərabərliyi prinsipinə əməl edilməklə tərəflərin qarşılıqlı razılaşması ilə müddətli əmək müqaviləsi bağlana bilərdi. İddiaçının təyin edildiyi vəzifə üzrə yerinə yetirdiyi işin daimi xarakter daşıması və dövlət qulluğuna ilk dəfə təyin edilərkən sınaq müddətinin müəyyən edilməsi, müvafiq sahədə kifayət qədər iş təcrübəsinin olması işin mübahisəsiz halıdır. Qarşılıqlı razılığa gəldikdə isə, işin hallarından açıq-aydın görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək qanunvericiliyin tələblərini kobud şəkildə pozmuş və iddiaçı ilə təkrarən sınaq müddəti müəyyən edilməklə müddətli əmək müqaviləsi bağlamışdır. İddiaçının iş təcrübəsi nəzərə alınmaqla onunla sınaq müddəti ilə əmək müqaviləsinin bağlanmasının yolverilməzliyi qabaqcadan bəlli olan haldır. Bu hal isə iddiaçının real olaraq mənafeyinə uyğun hesab edilə bilməz. İddiaçının isə heç bir irad bildirmədən əmək funksiyalarını yerinə yetirməyə davam etdirməsi isə onun işəgötürənlə münasibətlərinin pozulmasının istəməməsi zərurətindən irəli gəlmiş və cavabdeh faktiki olaraq öz mənafeyinə uyğun əmək müqaviləsi bağlamasını iddiaçını məcbur etməklə öz hüququndan sui-istifadə etmişdir. Odur ki, göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Verilmiş suala cavab olaraq o, bildirir ki, iddiaçı işə bərpa olunması ilə bağlı cavabdehin tabe olduğu quruma və ölkənin birinci vitseprezidentinə rəsmi qaydada müraciət etmiş və müraciətinə hazıradək cavab verilməmişdir. İddiaçı hüquqlarının bərpasını gözləmək məcburiyyətində qalmış və ona görə də hesab edir ki, 1 aylıq iddia müddəti ötürülməmişdir. Bu səbəbdən cavabdehin iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, nümayəndəsi və vəkilinin izahatını təsdiq edir. Əlavə olaraq bildirir ki, işlədiyi şöbənin 5 işçisinin əmək müqaviləsinə eyni gündə eyni əsasla xitam verilmişdir. Həmin işçilər arasında ən çox, yəni 10 ildən çox iş stajı ilə fəaliyyət göstərən o olmuş, belə ki, yalnız o, 2009-cu ildə dövlət qulluqçusu kimi işə qəbul edilmişdir. Xidmət göstərdiyi idarə struktur dəyişikliyi ilə əlaqədar Agentlik olduqdan sonra işini itirməmək üçün məcburi şərtlər daxilində müddətli əmək müqaviləsini imzalamışdır. Əmək kitabçasının götürülməsi ilə bağlı bildirir ki, kadrlarda əmək kitabçasını stolun üstünə ataraq ona vermişlər. İllərlə əziyyəti olduğu üçün və əmək kitabçasının orada itmək ehtimalı olduğu üçün onu götürməli olmuşdur, lakin işdən azad olmasına dair əmrlə razılaşmadığı üçün əmək kitabçasını götürməsi barədə sənədə imzalamaqdan imtina etmişdir. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş sübuta münasibətdə isə bildirir ki, o, kart hesabına köçürülmüş məbləğin son haqq-hesab olduğunu bilməmiş, bu barədə heç bir sənədə imza çəkməmişdir. Bundan başqa agentliyin nizamnaməsinə əsasən işçinin işə götürülməsi və işdən azad edilməsi nazirliyin razılığına əsasən həyata keçirilir. Bu səbəbdən də o, nazirliyə həm şifahi, həm də yazılı qaydada müraciət etmişdir. Nazirlik tərəfindən ona şifahi qaydada bildirilmişdir ki, onunla eyni gündə eyni əsasla işdən azad edilmiş 5 nəfər işçiyə münasibətdə haqsızlıq olmuşdur. Bu səbəbdən də gözləmələri məsləhət görülmüş və onların hissə-hissə işə bərpa olunacaqları vəd edilmişdir. Lakin uzun müddət gözləməsinə baxmayaraq ƏƏSMN tərəfindən ona rəsmi qaydada cavab verilməmiş, eləcə də şifahi qaydada verilmiş vədə əməl edilməyərək işə bərpa edilməmişdir. Zamanın uzanması onun nazirliyin rəsmi cavabını gözləməsi ilə bağlı olmuşdur. İşdən azad olunmasını ona görə qanunsuz hesab edir ki, o, nazirlikdə uzun müddət hətta maaşın aşağı və iş yükünün artıq olduğu müddətdə etirazsız və qüsursuz olaraq işləmişdir. İşlədiyi müdddətdə intizam məsuliyyətinə cəlb olunmamış və fəaliyyətində qüsura yol verməmişdir. Hazırda işsiz olmaqla digər iş yerlərinə müraciət etsə də ona fəaliyyətinin əsas hissəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı olduğu bildirilərək işə götürülməsindən imtina edilmişdir. İddiaçı verilmiş suallara cavab olaraq bildirmişdir ki, əmək kitabçası ona işdən azad olunmasını bildiyi vaxtdan bir ay sonra təqdim edilmişdir, eyni zamanda sonuncu dəfə bank kartına əmək haqqı məbləği işdən azad olunmasını bildiyi vaxtdan bir aydan sonra köçürülmüşdür. Həmçinin Agentlikdə 3 aylıq əmək müqaviləsinin müddətinin bitməsinə görə işdən azad edilən işçilər barədə məlumatı olmuşdur və onlardan məhkəməyə müraciət edən olsa da, müraciət gec olmuşdur. Məhkəməyə müraciət etmək prosedur qaydasını isə o, gec bilmişdir. O vaxtında nazirliyə müraciət etmişdir, ona işə bərpa olunacağı ilə bağlı şifahi vəd verilmişdir. Göstərilənlərə əsasən o, iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edərək izahatında bildirir ki, iddiaçı iddia müddətini ötürmüşdür. İddia müddətinin tətbiq olunmasını xahiş edir. İşin mahiyyəti ilə bağlı bildirir ki, əgər iddiaçı 3 aylıq müqavilənin bağlanması zamanı hüquqlarının pozulduğunu aşkar etsəydi vaxtında bununla bağlı aidiyyəti orqanlara müraciət edə bilərdi. Belə ki, iddiaçı əmək müqaviləsini imzalamaqla öz razılığını ifadə etmişdir. Bundan başqa iddia müddəti ilə bağlı qeyd edir ki, işin faktiki halları ilə sübut olunur ki, iddiaçı 2022-ci ilin fevral ayında əmək kitabçasını götürmüş və son haqq-hesab ona ödənilmişdir. İddiaçı işdən azad edildikdən sonrakı müddətdə işə gəlməmişdir. Bu isə ona dəlalət edir ki, işdən azad edilməsi ona aşkar olmuşdur. İddiaçının Azərbaycan Respublikasının vitse-prezidentinə və nazirliyə müraciət etməsi onun hüquqlarının müdafiəsini məhdudlaşdırmır və iddia müddətinin axımını dayandırmır. Belə ki, bu müddət ərzində iddiaçı nazirliyə müraciətlə eyni zamanda mediasiya təşkilatı və aidiyyəti məhkəməyə də müraciət edə bilərdi. Əgər Nazirlik tərəfindən rəsmi qaydada cavab verilməmişdirsə həmin orqanın hərəkət və hərəkətsizliyindən isə inzibati qaydada məhkəməyə müraciət edilə bilərdi. Odur ki, iddiaçı qanunla müəyyən edilmiş müddəti üzrsüz səbəbdən pozmuşdur. Göstərilənlərə əsasən iddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ******* saylı əmək kitabçasının surətinə əsasən müəyyən edilir ki, o, xx.xx.2009-cu il tarixdə eyni tarixli 09/11-163 saylı əmrlə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 28.6-cı maddəsinə əsasən 1 il müddətinə stajçı kimi ƏƏSMN-nin Bakı şəhəri Səbail rayon Məşğulluq Mərkəzinin baş məsləhətçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2010-cu il tarixdə isə 6 ay sınaq müddəti müəyyən edilməklə işə qəbul edilmişdir. Daha sonra xx.xx.2011-ci il tarixli 09/11-47 saylı əmrlə həmin Qanunun 28.6-cı maddəsinə əsasən Baş Məşğulluq İdarəsinin Beynəlxalq əməkdaşlıq və texnologiyaların tətbiqi sektorunun baş məsləhətçisi vəzifəsinə daimi dövlət qulluğuna keçirilmişdir. Bundan sonra daimi qulluqda müxtəlif vəzifələrdə işləmişdir. Daha sonra Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2016-cı il tarixli 976 nömrəli Fərmanı ilə İddiaçı işlədiyi Sosial Təminat Xidməti Dövlət Sosial Müdafiə Fonduna (DSMF) birləşdirilmişdir. xx.xx.2016-cı il tarixli 09/11-365 saylı əmrlə İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 29.2-ci maddəsinə əsasən ƏƏSMN yanında DSMF-nun Sosial Xidmətlər və Proqramlar şöbəsinin müdir müavini-Sosial Xidmətlər sektorunun müdiri vəzifəsinə təyin edilmiş və ona dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsi verilmişdir. xx.xx.2020-ci il tarixli **********7 nömrəli əmri ilə İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.1-ci maddəsinə əsasən (dövlət qulluqçusunun öz arzusu ilə) tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2020-ci il tarixdə eyni tarixli **********8 nöməli əmr ilə İddiaçı ƏƏSMN tabeliyində olan yeni yaradılmış Cavabdeh Aparatının Səyyar Sosial Xidmətlərin Təşkili Departamentinin müdir müavini vəzifəsinə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə eyni tarixli, **********5 nömrəli əmr ilə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsini “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin xx.xx.2022-ci il tarixli, **********5 nömrəli əmrinin surətinə əsasən müəyyən edilir ki, Sosial Xidmətlər Agentliyi Aparatının Səyyar Sosial Xidmətlərin Təşkili Departamentinin müdir müavini vəzifəsində çalışan İddiaçı ilə xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xx.xx.2022-ci il tarixdən xitam verilməsi və İddiaçı son haqq-hesabın ödənilməsi əmr edilmişdir. Beləliklə işin müəyyən olunan halları odur ki, iddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2020-ci il tarixədək ƏƏSMN-nin tabeliyində olan müvafiq qurumlarda dövlət qulluqçusu kimi daimi əsaslarla işləmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə tutduğu vəzifədən azad edilmişdir. Daha sonra o, yeddi gün sonra, yəni xx.xx.2020-ci il tarixdən ƏƏSMN-nin tabeliyində struktur dəyişikliyi ilə əlaqədar əvvəl xidmət etdiyi DSMFnun əsasında yeni yaradılmış Sosial Xidmətlər Agentliyində sınaq müddəti təyin edilməklə müddətli əmək müqaviləsi ilə Aparatın Səyyar Sosial Xidmətlərin Təşkili Departamentinin müdir müavini vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixli, **********5 nömrəli əmrə əsasən əmək müqaviləsinə müddətin qurtarması səbəbiylə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı işdən azad olunmasının qanunsuz olduğunu bildirərək əmrin ləğv edilməsi və işə bərpa olunmasını tələb edir. Cavabdeh isə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü bildirərək iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı ərizəni iş materialları ilə toplanmış sübutlara əsasən qiymət verərək hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı tərəfindən Azərbaycan Respublikasının vitseprezidenti Mehriban Əliyevaya ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsinin məzmunundan müəyyən edilir ki, o, Sosial Xidmətlər Agentliyi Aparatının Səyyar Sosial Xidmətlərin Təşkili departamentinin müdir müavini vəzifəsində çalışdığını və xx.xx.2022-ci il tarixdə heç bir əsas olmadan müddətli əmək müqaviləsinin müddəti uzadılmamasını və ona xəbərdarlıq edilmədən əmək müqaviləsinə xitam verilməsini göstərmişdir. O, həmçinin işdən azad edilməsi səbəblərinin araşdırılmasını xahiş etmişdir. İş materiallarında olan mediasiya prosesinin tətbiqi barədə təklifdən müəyyən edilir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə mübahisənin həlli ilə bağlı müvafiq bildirişini göndərmişdir. İş materiallarında olan 2022-ci ilin yanvar ayı üçün əmək haqqı barədə hesabatın surətinə əsasən müəyyən edilir ki, Sosial Xidmətlər Agentliyi tərəfindən İddiaçı son haqqhesab olaraq ödənilməli olan 2578,74 manat məbləğində pul vəsaiti xx.xx.2022-ci il tarixdə onun ABB-nin Nərimanov filialındakı əmək haqqı kart hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktın surətinə əsasən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixədək Sosial Xidmətlər Agentliyinin Səyyar Sosial Xidmətlərin Təşkili Departamentinin müdir müavini vəzifəsində çalışmış İddiaçı ona məxsus əmək kitabçasını təhvil aldıqdan sonra əmək kitabçalarının uçotu kitabında imzalamaqdan imtina etmişdir. Beləliklə, tərəflərin məhkəmə iclasında verdikləri izahatların məzmunundan və iş materiallarından olan sübutlarla müəyyən edilir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə işdən azad edilməzdən bir gün öncə, yəni xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban Əliyevaya ünvanlanmış ərizəsində müqavilə müddətinin bitməsi əsası ilə işdən azad edilməsi barədə məlumat verərək, cavabdehin qanunsuz hərəkətlərinin araşdırılmasını xahiş etmişdir. Bu hal isə ona dəlalət edir ki, iddiaçı cavabdehin onunla bağlanmış əmək müqaviləsinə hansı əsasla xitam vermək arzusunda olması barədə kifayət qədər məlumatlı olmuşdur. İddiaçı həmçinin izahatında təsdiq etmişdir ki, o, işdən azad edildikdən 1 (bir) ay sonra cavabdeh tərəfindən ona əmək kitabçası təqdim edilmiş, lakin o, etiraz əlaməti olaraq əmək kitabçasını təhvil almasına dair sənədə imza etməkdən imtina etmiş, eləcə də bir ay müddətindən əmək haqqı məbləği onun kart hesabına köçürülmüş, həmin vaxtdan o, işə çıxmamış və əmək haqqı ona ödənilməmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan hallar ona dəlalət edir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən etibarən əmək müqaviləsinə müddətin qurtarması əsası ilə cavabdeh tərəfindən xitam verilməsi barədə açıq-aşkar şəkildə məlum olmuşdur. Çünki əmək kitabçasında buna dair qeyd də aparılmışdır. Cavabdehin məhkəməyə təqdim etdiyi sübutlarla isə təsdiq edilir ki, iddiaçı əmək kitabçasını təhvil almasına baxmayaraq buna dair sənədə imza etməkdən imtina etmiş və xx.xx.2022-ci il tarixdə ona son haqq-hesab olaraq 2578,74 manat məbləğində pul vəsaiti kart hesabına köçürülmüşdür. Bundan sonra ona əmək haqqı ödənilməmişdir. Qeyd olunanlar bir daha onu deməyə əsas verir ki, iddiaçı 2022-ci ilin fevral ayında artıq işdən azad olunması barədə məlumatlı olmuşdur. Buna baxmayaraq o, hüquqlarının müdafiəsi barədə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etməzdən əvvəl mediasiya təşkilatına xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Bununla da o, qanunla müəyyən olunmuş iddia müddətini ötürmüşdür. İddiaçı və onun nümayəndəsi və vəkili məhkəmə iclasında müddətin ötürülməsi səbəbini onunla izah etmişlər ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban Əliyevaya ünvanlanmış ərizəsi ilə bağlı maraqlandıqda ona bildirilmişdir ki, ərizəyə baxılması üçün ƏƏSMN-nə göndərilmişdir. Buna dair iddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Həmçinin ƏƏSMN tərəfindən ona şifahi qaydada vəd verilmişdir ki, onu gələcəkdə işə bərpa edəcəklər. O, rəsmi qaydada müraciətinə cavab verilməsini gözlədiyi üçün uzun müddət gözləmək məcburiyyətində qalmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının rəsmi dövlət orqanına müvafiq məsələ ilə bağlı müraciət etməsi onun aidiyyəti məhkəməyə qanunla müəyyən edilmiş müddət çərçivəsində müraciət etməsinə maneə deyildir və qanunvericiliklə buna dair hər hansı məhdudiyyət müəyyən edilmədiyindən, bu halda iddia müddətinin axımı dayanmır. Eləcə də işin faktiki hallarından da müəyyən edilir ki, iddiaçının hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməsi üçün onun kifayət qədər vaxt imkanı olmuşdur. Odur ki, məhkəmə iddiaçı tərəfindən mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddətin ötürülməsi səbəbini üzrsüz hesab edir. Məhkəmə göstərilənlərə əsasən qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin məcəllənin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Həmin məcəllənin 68.2-ci maddəsinin “b” bəndinə əsasə əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilə bilər. Həmin məcəllənin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin məcəllənin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-905/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-905/2023
28.02.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver