Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-917/2023 20.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 iclas katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 MTK-nın nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh1 MTK və Cavabdeh2 MMC-yə qarşı “mənzilin təhvil verilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MTK və Cavabdeh2 MMC-yə qarşı “mənzilin təhvil verilməsi tələbi”nə dair iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 27 iyul 2007-ci il tarixli, “mənzil tikintisi haqqında” müqavilə ilə Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsi 4 ünvanında inşa ediləcək yaşyış binasının 1354 saylı mənzilinin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehlər Cavabdeh2 MMC və "xxxx" MMC-nin (hazırki Cavabdeh1 MTK) üzərinə qoyulması, bu mümkün olmadığı təqdirdə ödənilmiş 23.759 pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış “27” iyul 2007-ci il tarixli, “mənzil tikintisi haqqında” müqaviləyə əsasən, Cəmiyyət ünvan 1 ünvanında inşa ediləcək yaşayış binasının 1354 saylı mənzilini “Payçı”ya təhvil verməyi, “Payçı” mənzili qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.4-cü bəndinə əsasən, mənzilin dəyəri 36.753 manat məbləğində müəyyən edilmişdir. Müqavilənin 3.1-ci bəndinə uyğun olaraq, iddiaçı,“27” iyul 2007-ci il tarixli qəbzə əsasən, 16.252 manat məbləğində ilkin ödəniş edir. Bundan sonra iddiaçı, xx.xx.2008-ci il tarixli ödəniş qəbzinə əsasən 1.000 manat, xx.xx.2008-ci il tarixli ödəniş qəbzinə əsasən 700 manat, xx.xx.2008-ci il tarixli ödəniş qəbzinə əsasən 807 manat, xx.xx.2008-ci il tarixli ödəniş qəbzinə əsasən 850 manat, xx.xx.2008-ci il tarixli ödəniş qəbzinə əsasən 850 manat, xx.xx.2008-ci il tarixli ödəniş qəbzinə əsasən 850 manat, xx.xx.2008-ci il tarixli ödəniş qəbzinə əsasən 850 manat, xx.xx.2009-cu il tarixli ödəniş qəbzinə əsasən 800 manat və xx.xx.2009-cu il tarixli ödəniş qəbzinə əsasən 800 manat olmaqla, ümumilikdə cavabdehə 23.759 manat məbləğində ödəniş etmişdir. 2009-cu il tarixdən etibarən yaşayış binasının tikintisi dayandırılmışdır. Bununla bağlı Cavabdeh2 MMC tərəfindən müəyyən problemlərin yarandığı və tikintinin tezliklə davam etdiriləcəyi payçılara bildirilmişdir. Lakin Cəmiyyət müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, adıçəkilən yaşayış binasının tikintisi davam etdirilməmişdir. 2019-cu ildə iddiaçı sözügedən yaşayış binasının tikintisinə yenidən başlanıldığını, lakin tikintikinin müqavilənin tərəfi olan Cavabdeh2 MMC tərəfinədən deyil "xxxx" MMC (hazırki Cavabdeh1 MTK) tərəfindən davam etdirildiyini, binanın inşası yekunlaşdıqdan sonra isə mənzilin artıq başqa şəxsə satıldığını müəyyən etmişdir. Məsələni aydınlaşdırmaq məqsədilə dəfələrlə Cavabdeh1 MTK-nın rəhbərliyinin qəbuluna getsə də onu heç bir məsul şəxs qəbul etməmişdir. Bu səbəbdən mənzilin dəyərinin ödənilməyən hissəsində ödənişlər dayandırılmışdır. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırılır ki, iddiaçı mənzilin ona təhvil veriləcəyi təqdirdə ödənişin qalan hissəsini ödəyəcəkdir. Əldə olunan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3928/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 237 saylı sərəncamına əsasən, "xxxx" MMC-yə Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsində 3,00 ha ərazidə kooperativ yaşayış binasının layihələşdirilməsi və tikintisinə icazə verilmiş və həmin əraziyə bitişik 0,3 ha torpaq sahəsi eyni məqsədlə həmin MMC-nin icarə əsasında istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi və inşaat işlərinə çəkilən xərclərin mövcud qanunvericilik əsasında ödənilməsi "xxxx" MMC-yə tapşırılmışdır. "xxxx" MMC ilə Cavabdeh2 MMC arasında bağlanmış birgə təsərrüfat fəaliyyəti haqqında 17 aprel 2007-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən, birinci tərəf ("xxxx" MMC) özünə məxsus Bakı şəhəri İH-nin başçısının xx.xx.2004-cü il tarixli, 237 saylı sərəncamı ilə Bakı şəhəri,Yasamal rayonu, Talıblı küçəsində kooperativ yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün ayrılmış torpaq sahəsini bu müqavilənin şərtlərinə uyğun olaraq tikinti işlərinin aparılması üçün ikinci tərəfə (Cavabdeh2 MMC) həvalə edir, ikinci tərəf öz tikinti sənədlərinə uyğun olaraq öz vəsaiti hesabına tam yerinə yetirilməsini öz öhdəsinə götürür. Bu səbəbdən hesab edirlər ki, iddiaçının vəsaiti hesabına Cavabdeh2 MMC tərəfindən başlanmış yaşayış binasının inşası "xxxx" MMC tərəfindən davam etdirildiyindən və hazırki iş üzrə cavabdehlər arasında həmin yaşayış binasının tikintisinə dair “birgə fəaliyyət haqqında” müqavilə mövcud olduğundan hər iki şirkət – Cavabdeh2 MMC və "xxxx" MMC (indikiCavabdeh1 MTK) öhdəlik daşıyır. İşin hallarından da göründüyü kimi Cavabdeh2 MMC müqavilə üzrə yaşayış binasının tikilməsini və inşa ediləcək binanın 12-ci giriş, 10-cu mərtəbəsində yerləşən 1354 saylı mənzili“Payçı”ya verməyi öhdəsinə götürsə də, nə binanın inşasını yekunlaşdırmış, nə də həmin mənzili“payçı”ya təhvil vermişdir. Beləliklə də müqavilə üzrə öhdəliklərini ümumiyyətlə icra etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 27 iyul 2007-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən cavabdeh MMC ünvan 2 ünvanda inşa ediləcək yaşayış binasının 1354 saylı mənzilini iddiaçıya verməyi öhdəsinə götürüb. Müqaviləyə əsasən mənzilin dəyəri 36.753 manat məbləğində müəyyən olunub. Müqaviləyə əsasən iddiaçı hissə-hissə olmaqla 23.759 manat ödəniş etmişdir. 2009-cu ildə iddiaçıya müəyyən olub ki, binanın tikintisi dayandırılmışdır. Şirkətdən payçılara həmçinin iddiaçıya tikintinin müəyyən problemlərə görə dayandırıldığını, lakin davam etdiriləcəyi bildirilmişdir. 2019-cu ildə isə binada tikinti işlərinə yenidən başlandığı, lakin hazırki Cavabdeh1 MTK tərəfindən davam etdirildiyi məlum olmuşdur. Səbəb kimi isə Cavabdeh2 MMC-nin fəaliyyətinin dayandırılması olmuşdur. Onların əldə etdikləri Yasamal Rayon Məhkəməsinin 2(004)-3928/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə həmin binanın yerləşdiyi ərazidə tikinti işləri, inşaat işlərinə çəkilən xərclərin ödənilməsi "xxxx" MMC-yə tapşırılmışdır. Hazırda tələbləri sözügedən mənzilin iddiaçıya təhvil verilməsidir. "xxxx" MMC sonradan Cavabdeh1 MTK-ya birləşib. Cavabdeh2 MMC-nin rəhbərinin vəfat etməsini kütləvi KİV-dən öyrənmiş, ətraflı araşdırmamışlar. "xxxx" MMC və ya Cavabdeh1 MTK iddiaçı ilə hər hansı bir müqavilədə tərəf deyil. Lakin məhkəmə qətnamələrində öhdəlik daşıması öz əksini tapıb. Keçən məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak edirdi və aydın oldu ki, Cavabdeh2 və "xxxx" MMC arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən mənzillərin yarısı Cavabdeh2 MMC tərəfindən və yarısı da "xxxx" MMC tərəfindən payçılara satılmalı idi. Lakin bildirildi ki, Cavabdeh2 MMC "xxxx" MMC qarşısında öz öhdəliklərini yerinə yetirməmişdir, buna görə də "xxxx" MMC binanı təkbaşına tikərək başqa şəxslərə satmışdır. Bu işin mübahisə olunmayan halıdır, cavabdeh tərəfindən etiraf olunmuşdur. Cavabdeh2 və "xxxx" MMC arasında müqavilənin ləğv olunub-olunmaması ilə bağlı sual yaranır. Müqavilə ləğv olunmayıb. Çünki bununla bağlı hər hansı sübut məhkəməyə təqdim olunmayıb. Mülki qanunvericiliyə əsasən müqavilənin ləğv olunması şərtləri müəyyənləşdirilir: tərəflərin razılığı ilə, razılıq olmadıqda isə məhkəmənin qərarı ilə. Tərəflərin razılığı ilə bağlı yazılı razılaşma və ya məhkəmə qərarı məhkəməyə təqdim olunmayıb. Həmçinin Mülki Məcəllə tikintisi başa çatmayan binanın satılması ilə bağlı qaydalar təsbit etmişdir. Burada da qeyd olunur ki, tikintisi başa çatmayan binanın tərkib hissəsi haqqında müqavilə payçı ilə torpağın mülkiyyətçisi arasında bağlanılır. Burada torpağın mülkiyyətçisi "xxxx" MMC-dir. Ümumiyyətlə Cavabdeh2 MMC-nin mənzili satmaq səlahiyyəti yoxdur. Çünki iddiaçı vətəndaşdır. Vətəndaş mənzil almaq məqsədilə şirkətə yaxınlaşır, şirkət də özünü mənzilin mülkiyyətçisi kimi təqdim edir və binanı satır. Cavabdeh2 və "xxxx" MMC aralarına müqavilə bağlayaraq süni şəkildə məsuliyyətdən yayınmışlar. Cavabdeh2 MMC-nin belə bir səlahiyyəti olsa belə, Cavabdeh2 MMC tərəfindən satılan mənzillər yenidən ikinci dəfə "xxxx" MMC tərəfindən satıla bilməz. Cavabdeh2 MMC öz öhdəliklərini "xxxx" MMC tərəfindən yerinə yetirməmişdirsə, burada "xxxx" MMC öz ziyanını həmin mənzilləri başqa şəxslərə sataraq kompensasiya etmişdir. O, özünə dəymiş ziyanı Cavabdeh2 MMC-dən tələb etməli idi. Çünki tərəflər arasında müqavilə var və həmin müqavilə ləğv olunmayıb. Ona görə də hesab edirlər ki, iddiaçı haqlı olaraq öz iddiasını həm Cavabdeh2 MMC-yə, həm də "xxxx" MMC-yə qarşı irəli sürmüşdür. Qarşı tərəf də keçən məhkəmə iclasında həmin mənzillərin "xxxx" MMC tərəfindən başqa şəxslərə satıldığını etiraf etdi. Ona görə də onlar dəqiqləşmə vermişlər ki, həmin mənzilin iddiaçıya təhvil verilməsi mümkün olmayacağı təqdirdə dəymiş ziyan cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. Ziyanın məbləği 23759 manatdır. Pul vəsaiti Cavabdeh2 MMC-yə ödənilib. Hesab edirlər ki, Cavabdeh1 MTK-da cavabdeh qismində çıxış etməlidir. Bundan əvvəlki iclasda Cavabdeh1 MTK-nın nümayəndəsi iştirak etdi və bildirdi ki, onlarla birgə fəaliyyət haqqında müqavilə bağlanılıb və müqaviləyə uyğun olaraq mənzillərin bir hissəsinin satılması Cavabdeh2 MMC-yə, bir hissəsi isə "xxxx" MMC-yə tapşırılıb. Cavabdeh2 MMC bununla həmin binanın tikintisini öz öhdəsinə götürüb. Mülki Məcəllədən də bildiyimiz kimi, mənzili satmaq hüququ bir hüquqi və ya fiziki şəxsə məxsus ola bilər, eyni vaxtda bir neçə şəxsə malik ola bilməz. Həmin mənzil haqqında müqavilə Cavabdeh2 MMC ilə iddiaçı arasında bağlanılıb. Müqaviləni bağlama səlahiyyəti Cavabdeh2 MMC-yə birgə fəaliyyət haqqında müqavilənin bağlanması ilə verilmişdir. Cavabdehin nümayəndəsi keçən məhkəmə iclaslarında bildirdi ki, Cavabdeh2 MMC "xxxx" MMC qarşısında öz öhdəliklərini yerinə yetirmədiyinə görə "xxxx" MMC həmin binanı tikib və mənzili yenidən başqa vətəndaşlara satıb. Müqavilə olmadığı halda qanunverciliklə Cavabdeh2 MMC-nin də satmaq səlahiyyəti yoxdur. Tikintisi başa çatmayan binanın tərkib hissəsi ilə bağlı müqavilə ancaq mülkiyyətçi və payçı arasında bağlanıla bilər. Cavabdeh2 MMC-yə müqavilə ilə o satmaq səlahiyyəti verilir və müqavilə ləğv olunmayıb. Satmaq hüququ Cavabdeh2 MMCyə məxsusdursa, "xxxx" MMC-nin belə bir səlahiyyəti yoxdur. Müqavilənin mahiyyəti ondan ibarətdir ki, "xxxx" MMC binanın tikintisi üçün torpaq sahəsini alır və binanın tikintisini Cavabdeh2 MMC-yə tapşırır. Əgər öhdəliklər icra olunmayıbsa və bunun müqabilində "xxxx" MMC-yə hər hansı ziyan dəyibsə, həmin ziyanı Cavabdeh2 MMC-dən tələb etməlidir. Satılmış mənzilləri təkrar sataraq ziyanı kompensasiya edirsə, bu nə qanuni, nə də ədalətli deyil. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MTK-nın nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, məhkəməyə bir neçə məhkəmə qətnaməsi təqdim edir. Hansı ki, bu qətnamələrdə Cavabdeh2 MMC-nin apardığı tikinti işlərinə görə nə Cavabdeh1 MTKnın, nə də "xxxx" MMC-nin məsuliyyət daşımadığı öz əksini tapmışdır. Həmçinin bildirmək istəyir ki, iddiaçı tərəflə təmsil etdiyi qurum arasında heç bir müqavilə yoxdur və onların iddiaçı qarşısında hər hansı bir öhdəlikləri də yoxdur. İddiaçıya heç bir mənzil satmamışlar, nə də iddiaçı onların şirkətə hər hansı bir mənzilə görə ödəniş etməmişdir. Cavabdeh2 MMC-ilə "xxxx" MMC arasında olan razılaşmaya əsasən bütün görüləcək işlər yarıbayarı bölünmüşdür. Lakin Cavabdeh2 heç bir tikinti işlərini görməmişdir. Hal-hazırda bina Cavabdeh1 MTK tərəfindən tam olaraq tikilib başa çatdırılmışdır. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Onların məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı (payçı) ilə Cavabdeh2 arasında bağlanmış 27 iyul 2007-ci il tarixli, “mənzil tikintisi haqqında” müqavilənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, Cəmiyyət Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsi 4 ünvanında inşa ediləcək yaşayış binasının 1354 saylı mənzilini “Payçı”ya təhvil verməyi, “Payçı” mənzili qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.4-cü bəndinə əsasən, mənzilin dəyəri 36.753 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 27 iyul 2007-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Cavabdeh2 MMC-yə mənzil tikintisi üçün 16.252 manat məbləğində ilkin ödəniş edir. Bundan sonra İddiaçı notarial qaydada təsdiq edilmiş qəbzlərin surətindən görünür ki, xx.xx.2008-ci il tarixli ödəniş qəbzinə əsasən 1.000 manat, xx.xx.2008-ci il tarixli ödəniş qəbzinə əsasən 700 manat, xx.xx.2008-ci il tarixli ödəniş qəbzinə əsasən 807 manat, xx.xx.2008-ci il tarixli ödəniş qəbzinə əsasən 850 manat, xx.xx.2008-ci il tarixli ödəniş qəbzinə əsasən 850 manat, xx.xx.2008-ci il tarixli ödəniş qəbzinə əsasən 850 manat, xx.xx.2008-ci il tarixli ödəniş qəbzinə əsasən 850 manat, xx.xx.2009-cu il tarixli ödəniş qəbzinə əsasən 800 manat və xx.xx.2009-cu il tarixli ödəniş qəbzinə əsasən 800 manat olmaqla, ümumilikdə Cavabdeh2 MMC-yə Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsi 4 ünvanında inşa ediləcək yaşayış binasının 1354 saylı mənzili üçün 23.759 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan 17 aprel 2007-ci il tarixli birgə təsərrüfat haqqında müqaviləyə əsasən "xxxx" MMC və Cavabdeh2 MMC arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İ Tərəf özünə məxsus, Bakı şəhər İH-nin başçısının 12.10. 2004-ci il tarixli, 237 saylı sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsindən "xxxx" MMC-yə kooperativ yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün ayrılmış torpaq sahəsini bu müqavilənin şərtlərinə uyğun olaraq tikinti işlərinin aparılması üçün İİ Tərəfə həvalə etmiş, İİ Tərəf öz növbəsində ona təqdim olunmuş sahədə 5 bloklu yaşayış binasının tikintisini layihə və tikinti sənədlərinə uyğun olaraq öz vəsaiti hesabına tam yerinə yetirilməsini öz öhdəsinə götürmüşdür. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən qanuni və əsaslı olduğundan aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, xx.xx.2007-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən Cavabdeh2 MMC ünvan 3 ünvanında inşa ediləcək yaşayış binasının 1354 saylı mənzilini (payçıya) İddiaçı təhvil verməyi öhdəsinə götürmüş, İddiaçı isə mənzilin dəyəri 36.753 manat məbləğdən 23.759 manat məbləğində ödəniş etmişdir. Göründüyü kimi iddiaçı öz öhdəliyini icra etmiş, cavabdeh isə öz üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, ünvan 4 ünvanında inşa ediləcək yaşayış binasının 1354 saylı mənzili iddiaçıya təhvil verilməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh2 MMC-nin ünvan 5 ünvanda inşa edilən binada mənzilləri öz adından satmaq səlahiyyəti olmadığından İddiaçı ilə bağlamış olduğu xx.xx.2007-ci il tarixli mənzil tikintisi haqqında müqaviləsi əhəmiyyətsiz əqdir və heç bir hüquqi nəticə doğurmur. Yəni mübahisəsi gedən tikinti ilə əlaqədar alqı-satqı müqaviləsi bağlamaq "xxxx" MMC-ə məxsus olduğundan tikintiyə mülkiyyət hüququ olmayan Cavabdeh2 MMC-nin bağladığı müqavilənin hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamamsından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Qərarında qeyd etmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Beləliklə məhkəmə hesab edir ki, Olimpus-Az” MMC-nin ünvan 5 ünvanda inşa edilən binada mənzilləri öz adından satmaq səlahiyyəti olmadığından İddiaçı ilə bağlamış olduğu xx.xx.2007-ci il tarixli mənzil tikintisi haqqında müqaviləsi etibarsız müqavilə olduğundan Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) tətbiq edilməlidir. Odur ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının ünvan 4 ünvanında inşa edilən yaşayış binasının 1354 saylı mənzilinə görə ödəmiş olduğu 23.759 manat məbləğində pul Cavabdeh2ndən tutularaq iddiaçıya qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin dəblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ənzəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2ndən 23.759 (iyirmi üç min yeddi yüz əlli doqquz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-917/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-917/2023
20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver