Məhkəmə qərarları › İş №e-2(004)-958/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-958/2022

05.03.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-958/2022 05.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 cəlb olunmaqla cavabdeh Azərbaycan Milli X5, Etnoqrafiya və Antropologiya İnstitutuna qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh Azərbaycan Milli X5, Etnoqrafiya və Antropologiya İnstitutuna qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Milli X5, Etnoqrafiya və Antropologiya İnstitutunun 26.10.2021-ci il tarixli, 267 nömrəli əmrinin ləğv edilməsi, onun İnstitutda kadrlar şöbəsinin müdiri vəzifəsinə bərpa olunması və işə bərpa olunacağı günə qədər ona məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Milli X5, Etnoqrafiya və Antropologiya İnstitutu 18.02.2022-ci ildə iddia ərizəsinə etiraz verərək iddia tələbinin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, hadisələr onun akademiyanın prezidenti Ramiz Mehdiyevə şikayətindən sonra başlamışdır. Akademiyanın prezidenti Ramiz Mehdiyevin dərkanar verməsindən sonra institutda yoxlamalar başlamışdır. X22 yanına çağıraraq, öz xoşu ilə işdən çıxmağını bildirmişdir. Rəyasət heyətinin iclasının qərarı ilə o işdən azad edilə bilməzdi. Bu AMEAnın nizamnaməsinə uyğun deyil. Həmkarlar Təşkilatının qurama iclası keçirilmiş və orada daha çox təhqirlər olmuşdur. O, 10 ilə yaxın kadrlar şöbəsində işləmişdir. İntizam pozuntusu olmamışdır. O həm şöbə müdiri olmuşdur, eyni zamanda digər işləri görmüşdür. Suala cavab olaraq bildirir ki, Prezident adminstrasiyasına heç bir sənəd göndərməmişdir. Sənədləri dəftərxana qəbul edir, o qəbul etmirdi. O, koridorda heç bir səs-küy etməmişdir, əgər elə bir hal olsa idi onun haqqında tədbir görərdilər. Ona ünvanlanmayan məktubu geri qaytarırdı. Cavabdehin nümayəndəsinin sualına cavab olaraq bildirir ki, onlar onu çağıranda deyirdi ki, bu direktorun təkididir, ərizəni yazıb işdən çıxsın. Həmkarlar Təşkilatının iclasına aldatma yolu ilə çağırılmışdır. O ekspedisiyanın layihəsini hazırlayır. Qərarı direktor verir. Ezamiyə vərəqələrini o yazmışdır, amma ezamiyyə vərəqi əmrin əsasında yazılır. Əmək haqqı kartla ödənilir və baş mühasibin imzası ilə təsdiqlənir. Əlavə olaraq bildirir ki, o, Şahid3 pul almamışdır, şahidin onunla konfilikti vardır. İddianın təmin olunmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, müvəkkili İddiaçı barəsində olan şikayətlərin heç bir əsası yoxdur, əmək fəaliyyətinə qanunsuz olaraq xitam verilmişdir. Belə ki, bir qrup işçi bir gündə, 20 oktyabr 2021-ci il tarixdə birləşərək İddiaçı şikayət vermək qərarına gəlmiş və şikayət ərizələri tərtib olunmuşdur. Ərizələr İnstitutun direktroruna deyil, X13 Təşkilatına ünvanlanmışdır. Həmkarlar Təşkilatı növbəti gün tez-bazar iclas keçirmişdir. İclasdan bir gün sonra məlum olur ki, ərizələr qeydiyyata alınmamış, 22 oktyabr 2021-ci il tarixdə qeydiyyata alınmışdır. 19 oktyabr 2021-ci il tarixdə direktor azad həmkarlar təşkilatına məktub göndərərək İddiaçı barəsində çoxsaylı şikayətlərin olmasını bildirmiş və onun işdə qalıb-qalmaması məsələsinə münasibət bildirilməsini istəmişdir. Halbuki şikayətlər 20 oktyabrda tərtib olunmuş, 22 oktyabrda qeydiyyata alınmışdır. Məsələ burasındadır ki, 20 oktyabrda tərtib edilmiş ərizələrdən direktor bir gün əvvəl necə xəbərdar ola bilər? Təşkilat isə qeydiyyata alınmamış ərizələrə necə baxa bilər? İclas protokolundan görünür ki, işəgötürən tərəfindən təqdimat verilməmiş, ərizələri təşkilat icraata qəbul edərək müzakirəyə çıxarmışdır. Əlbətdə ki, Təşkilat bunu etməli deyildi və buna ümumiyyətlə səlahiyyəti yoxdur. Həmkarlar Təşkilatı işəgötürənə qarşı işçinin hüquqlarını qorumalıdır. Hətta onu məhkəmədə müdafiə etməlidir. İnstitutun X11 21 oktyabr 2021 -ci il tarixli 15 nömrəli iclas protokoluna gədikdə isə protokolun bir hissəsi saxtalaşdırılmışdır. Belə ki, protokolun 1-ci vərəqində iclasda komitə üzvlərinin tam tərkibdə iştirak etdiyi göstərilir. Həmin gün komitə üzvlərindən X21, X14 rayonunda qazıntıda olmuşlar. İclas protokolunun sonrakı vərəqindədə görünür, İddiaçı isə komitə üzvü olsa da onun barəsində şikayətlər müzakirə olunduğu üçün iclasda komitə üzvü kimi iştirak edə bilməzdi, səs yazısına qulaq asanda komitə üzvü kimi iştirak etmədiyi anlaşılır. Qaldı 4 nəfər. Qeyd edir ki, Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının Nizamnaməsinə görə Komitənin iclası komitə üzvlərinin üçdə ikisindən az olmayaraq iştirak etdikdə səlahiyyətli sayılır. Yəni ən azı 5 nəfər iştirak etməlidir. Burada Şahid9 etiraf edir ki, sədr vəzifəsinə seçilməmişdir. İclas protokolu iştirak edən komitə üzvləri tərəfindən imzalanmalı idi. Amma səlahiyyəti olmayan sədr və bir nəfər üzv tərəfindən imza edilmişdir. Hazırlıq iclasında dəfələrlə cavabdehin nümayəndəsindən Təşkilatın işçinin işdən azad olunmasına dair əsaslandırılmış qərar qəbul etməli olduğunu və həmin qərarın təqdim edilməsini xahiş etsələr də təqdim edilməmişdir, çünki belə bir qərar mövcud deyil. İclas protokolun 19-cu vərəqinə baxsaq görərik ki, protokol həmin səhifədə Qərara çevrilib. Yəni bir sənəd həm protokol, həmdə qərardır. Təbii ki bu qəbul edilməzdir, bunlar ayrı ayrı səbədlərdir. İddianın təmin olunmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, İddiaçın işlədiyi müddətdə faktiki olaraq İnstitutun bütün işlərinə, o cümlədən sabiq direktor X1 aid işlərə müdaxilə etmiş, özündən qanunsuz əmrlər hazırlamış, direktor xəstə olduğu müddətdə əmrlər direktorun evində imzalatmış və dəfələrlə sürücü tərəfindən gətirilən möhürlə möhürlətmiş, imza isə xüsusi hazırlanmış imza ilə təsdiq edilmişdir. Bundan əlavə o, cinayət xarakterli qanuna zidd hərəkətlər etmişdir. İddiaçı İnstitutda tutduğu Kadrlar şöbəsinin müdiri vəzifəsindən X11 təqdimatına əsasən Elmi müəssisənin o vaxtki direktor əvəzi X10 tərəfindən 26 oktyabr 2021- ci il tarixli, 267 nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. İnstitutun X11 iclas protokolunun audio yazısı iddiaçıda da var. X11 iclasında iştirak edən şəhid ailəsi X8 şöbəsinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Şahid3 iddiaçı tərəfindən ona edilən qanuna zidd hərəkətlərdən şikayətlənmişdir. Bundan əlavə, o da bildirmişdir ki, AMEA-nın X15 şöbəsi tərəfindən İnstitutdan şəhid ailələri və müharibə iştirakçıları haqqında olan məlumat İnstitutun Kadrlar şöbəsinin müdiri İddiaçı dəfələrlə istənilməsi göstərilmişdir. Lakin iddiaçı tərəfindən bu sorğulara cavab verilməmişdir. Buna görə də şəhid ailələrinə və vətən müharibəsi iştirakçılarına dövlət tərəfindən ödəniləcək kompensasiya ödənilməmişdir. Bundan əlavə, İnstitutun əvvəlki direktoru X12 ilə iddiaçı arasında böyük konflikt yaşanmışdır. İddiaçı İnstitut direktorunun əmrlərinə tabe olmamış, öz bildiklərini etmişdir. AMEA-nın İnstitut əməkdaşları tərəfindən edilən çoxsaylı şikayətlərə əsasən Rəyasət Heyəti tərəfindən dəfələrlə İnstitutun Kadrlar şöbəsinin müdiri İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə şifahi və yazılı göstərişlər verilmişdir. AMEA-nın Rəyasət Heyətinin 1 oktyabr 2021-ci il tarixli, 17/25 qərarında İnstitutun Kadrlar şöbəsinin müdiri İddiaçı və digərlərinin əmək müqavilələrinə xitam verilməsi göstərilmişdir. İnstitutun baş mühasibi və İnstitutun Ümumi işlər üzrə direktor müavini qərarda adları olduğu üçün öz ərizələri ilə tutduqları vəzifədən azad olunmuşdur. İnstitutun əvvəlki və sonrakı rəhbərliyi iddiaçıya öz ərizəsi ilə 14-cü dərəcə Kadrlar şöbəsinin müdiri vəzifəsindən azad olub, İnstitutun başqa şöbəsində 16-cı dərəcə ilə digər vəzifəyə keçməsi tövsiyə olunmuşdur. Lakin buna baxmayaraq o, öz inadkarlığından dönməmiş özünün cinayət xarakterli əməllərini davam etdirmişdir. Belə ki, arxeoloji ekspedisiyaya gedən ekspedisiya rəhbərlərindən mütəmadi pul tələb etmiş, istədiyini almadıqda ekspedisiya rəhbərlərinin ezamiyyə vərəqlərini alıb özündə saxlamış və müəyyən haqq müqabilində onları geri qaytarmağı söz vermişdir. Müxtəlif ixtisasa malik şəxsləri müəyyən haqq müqabilində işə qəbul etmiş və onların ixtisasları İnstitutun profilinə uyğun gəlmədiyi halda onlarla qanuna zidd olaraq müddətsiz əmək müqavilələri bağlamışdır. O ki, qaldı iddiaçının işdən azad olunmağı barədə 267 saylı, 26 oktyabr 2021-ci il tarixli əmrin düzgün tərtib edilməməsinə, həmin əmri iddiaçı özü şəxsən tərtib etmişdir. Çünki, həmin vaxt o heç kimi Kadrlar şöbəsinin xidməti otağına buraxmırdı, əmrlər kitabı özündə saxlanılırdı. Onlar iddiaçıya təklif etmişdir ki, maddə ilə işdən çıxmasın. Öz istəyi ilə ərizə yazsın başqa vəzifəyə keçirsinlər. Hansı ki, iddiaçının həyat yoldaşı Səbuhi bu təklifə razılaşmışdır. Lakin, iddiaçı razı olmamışdır. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Milli X5, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru tərəfindən imzalanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 26.10.2021-ci il tarixli, 267 nömrəli əmrin təsdiq edilmiş surətinə əsasən İddiaçı AR ƏMnin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Milli X5, Etnoqrafiya və X6 Həmkarlar Təşkilatının 21.10.2021-ci il tarixli protokolundan çıxarışa əsasən institut əməkdaşlarının şikayətləri dinlənilmiş, Kadrlar şöbəsinin müdiri İddiaçı ona qarşı qaldırılan iddialarla razı olmamış, onların qərəzli olduğunu bildirmişdir. İnstitut əməkdaşlarının şikayət məktublarının əsas tutaraq İddiaçı dərhal işdən azad edilməsinin İnstitut rəhbərliyi qarşısında qaldırılması qərara alınmışdır. İş materiallarında olan İddiaçı məxsus olan ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı 04.11.2009-cu il tarixli əmrə əsasən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutuna böyük laborant vəzifəsinə qəbul edilmiş,03.07.2012-ci il tarixli əmrə əsasən müvəqqəti icra Kadrlar şöbəsinin müdiri vəzifəsinə keçirilmiş, 14.09.2015-ci il tarixli əmrə əsasən Kadrlar şöbəsinin müdiri vəzifəsinə təsdiq edilmiş və 26.10.2021-ci il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində bildirmişdir ki, hər şey onların akdemiyanın prezidenti Ramiz Mehdiyevə şikayətindən sonra başlamışdır. Onlara vədlər vermişlər ki, onlar yazsın, araşdıracaqlar. Sonra onlara qarşı şantajlar başlamışdır. Əvvəlki direktor Maisə xanımın pozuntularını iddiaçıya yükləmək istəyirdilər. Oranın rəhbər vəzifəliləri bu işin içərisində idilər. Onlar onların ailəsinə, təmizliyinə zərbə vurdular. Suala cavab olaraq bildirir ki, hesabatlar 2 yerə verilir, mədəni irs idarəsinə və onların institutuna. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində bildirmişdir ki, AMEA-nın Arxeologiya və X2 və Epiqrafika şöbəsinin müdiridir. Eyni zamanda Şamaxı, Lahıc arxeoloji ekspedisiyalarının rəhbəridir. Bu ilin may ayında Lahıca növbəti arxeoloji ekspedisiya təşkil edilərkən, o, ərizə ilə İnstitutun direktoruna müraciyət etmişdir. Ərizəsi imzalandıqdan sonra, o, İnstitutun kadrlar şöbəsinin rəhbəri İddiaçı müraciyət etmişdir. O, ərizəyə baxaraq tərtib etdiyi ekspedisiya heyətinin bir neçə üzvü artıq digər arxeoloji ekspedisiyanın tərkibinə daxil edilmişdir və onların yerinə ona digər əməkdaşların heyyətə salınacağını bildirmişdir. O, həmin şəxsləri, yəni Şahid5, Şahid6, Şahid8, Şahid7 adlarını ekspedisiyanın siyahısına daxil etmişdir. Bundan sonra ezamiyyət vərəqlərini götürmək üçün İddiaçı yaxınlaşmışdır. Onun otağında həmişə olduğu kimi, həyat yoldaşı Şahid1 oturmuşdu. O, ezamiyyət vərəqlərini verilməsini xahiş etdikdə İddiaçı bildirmişdir ki, 1000 manat pul verməlidir. O, nəyə görə bu pulu verməli olduğunu soruşanda Şahid1 bildirmişdir ki, vəziyət dəyişib, ona görə də 1000 manatı verməlidir. Bundan sonra İddiaçı əlavə etmişdir ki, hamı necə o da o cür pul verməlidir. O, otaqdan çıxaraq, direktoru Maisə Rənimovanın qəbuluna girmiş və bu barədə ona bildirmişdir. Direktor kadrlar şöbəsinin müdirinə tapşırmışdır ki, ekspedisiyanın ezamiyyət vərəqələrini ona versinlər. O, ezamiyyət vərəqələrinin götürərək ekspedisiyaya yola düşmüşdür. Ekspedisiya müddətində, kadrlar şöbəsinin rəhbəri tərəfindən heyətə daxil edilmiş, Şahid5, Şahid6, Şahid8, Şahid7 ekspedisiyada iştirak etməmişlər. O, maliyyə hesabatını bağlamaq üçün ezamiyyət vərəqələrinə imza atılması üçün kadrlar şöbəsinin rəhbəri İddiaçı yaxınlaşıb sənədləri ona təqdim etmişdir. Bir neçə gündən sonra ona yaxınlaşıb ezamiyyət vərəqələrinin Maisə xanıma verməməsini soruşduqda o bildirmişdir ki, ezamiyyət vərəqələrini o, direktora verməyəcək. O, ondan bunun səbəbini soruşduqda bildirmişdir ki, o belə istəyir, kimə şikayət edirsə etsin. Bundan sonra o, İddiaçı rəhbərliyə şikayət edəcəyini bildirmişdir. Onun bu sözlərindən qorxuya düşən İddiaçı Şahid5, Şahid6, Şahid8, Şahid7 otağına dəvət edərək, yalandan onlara Maisə xanımın göstərişi ilə onların xəbəri olmadan Şahid2 onları ekspedisiyanın tərkibinə salması barədə ərizə yazmalarını bildirmişdir. İddiaçı Şahid5, Şahid6, Şahid8, Şahid7 özünün qabaqcadan tərtib etdiyi ərizəni dikdə edərək, əməkdaşları aldatmış, ərizələrə qol çəkdirmişdir. Bundan sonra subardinasiyanı pozaraq, ərizələri direktora verməyərək, onları böhtan xarakterli şikayət məktubu ilə birlikdə Prezident Administrasiyasına göndərmişdir. Bu məsələ ilə bağlı institutun direktoru X20 Tağıyeva, Şahid6, Şahid8, Şahid7 direksiyaya dəvət edərək, onların izahatını almışdır. Əməkdaşlar İddiaçı tərəfindən onların aldadılması və onun riyakarcasına qurduğu oyunun qurbanları olduğunu bildirmişdilər. Suala cavab olaraq bildirir ki, Gülüstan ondan 1000 manat pul tələb etmiş və o, bu barədə Rəyasət heyətində bildirmişdir. Ekspedisiya tərkibini onlar seçir, direktor müəyyənləşdirir, təşkilati məsələri kadrlar şöbəsi həll edir, qərarı direktor verir. Ekspedisiyanın tərkibinin müəyyənləşməsi qərarında onun rolu yoxdur. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində bildirmişdir ki, 2013-cü ildə ailə qurduğu üçün soyadı dəyişmişdir. Bu səbəbdən siğorta kartını yeni soyadla almaq üçün İddiaçı müraciət etmişdir. Kadrlar şöbəsinin müdiri sığorta kartının hazır olduğunu bildirmiş və onu vermək üçün ondan pul tələb etmişdir. O onunla heç cür razılaşmamış və direktor Maisə Rəhimovaya narazılığını bildirmişdir. Lakin nəticə olmamış və İsayeva sığorta kartını 3 il müddətində özündə saxlamışdır. 2016-cı ildə həyat yoldaşı şəhid olduqdan sonra sənədləşmə ilə bağlı sığorta kartı üçün yenidən İddiaçı müraciət etmiş və eyni cavabı almışdır. Rüşvət məsələsində prinsipial olmağına baxmayaraq, sənədinin vacibliyinə görə onun istədiyi məbləği verməli olmuşdur. Suala cavab olaraq bildirir ki, şəhid ailəsi kimi ona kompensasiya ödənilib. O vaxt elə vəziyyət var idi ki, şikayət etmək olmurdu. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində bildirmişdir ki, İddiaçı kobud davranışlarından çox narazıdır, onun tərəfindən dəfələrlə təhqirlərə məruz qalmışdır. 2015-ci ildə ondan sənədini istəyərkən bu işi təhqiramiz şəkildə yubatmış və sonda nalayiq davranaraq polis çağıracağı ilə onu hədələmişdir. O isə səbrli davranmağı üstün tutmuş və o zamankı direktor Maisə xanım Rəhimovaya müraciət etmişdir. Maisə xanım isə Gülüstanın ailə problemlərinin olduğunu bildirmişdir. Sənədini isə direktor özü ona təqdim etmişdir. Həmin hadisədən ötən 6 il ərzində o, kadrlar şöbəsinə müraciət edə bilmir. Elm mərkəzində belə xoşagəlməz halların varlığı yolverilməzdir. Maisə xanım Gülüstandan çəkinirdi. Onların səbrini daşıran Gülüstanın şəhid xanımı ilə o cür davranması olmuşdur. İddiaçı institut direktorunun xəstəliyindən istifadə edib, öz həyat yoldaşını dəfələrlə ekspedisiyaya göndərdiyi halda, onlar getmirdi. Maisə xanım işə gəlmirdi. Bu insanın işdə qalmağı elmi fəaliyyətə zərbədir və mühiti pozur. Sonra onlar Təranə xanıma, Nəcəf müəllimə müraciət etmişlər. Suala cavab olaraq bildirir ki, elmi mühiti onu dəfələrlə süründürməçiliyə salmaqla, öz davaları ilə və başqa bu kimi əməlləri ilə pozur. 2009-cu ildən AMEA-da işləyir. Hazırda əmək müqaviləsi ilə işləyir. Şəhid ailəsi dedikdə Gülnaz xanımı nəzərdə tutur. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 öz ifadəsində bildirmişdir ki, İddiaçı onları otağına dəvət edərək bildirmişdir ki, etnoqrafik səfərlə bağlı anlaşılmazlıq yaranıb. Bu anlaşılmazlığı aradan qaldırmaq üçün İnstitutun direktoru Maisə xanım Rəhimovanın adına izahat yazmalıdırlar və onlara öz yazdığı şablonu təqdim etmiş, bu şəkildə yazmağı bildirmişdir. Sonradan məlum olmuşdur ki, onların yazdığı izahatlar İnstitutun direktoruna təqdim edilmədən birbaşa Prezident Aparatına təqdim edilmiş və oradan onlar da bu məsələni Rəyasət heyətinə baxılması üçün tapşırmışlar. İddiaçı səlahiyyətini aşaraq öz şəxsi məqsədlərini həyata keçirmək üçün onlardan istifadə etmişdir. Maisə xanımın isə həmin ərizədən xəbəri yox idi. Suala cavab olaraq bildirir ki, onlar ərizəni Maisə xanımın adına yazmışlar və İddiaçı ərizəni Maisə xanıma verəcəkdi. Ərizəni onları aldadaraq yazdırmışdır. İzahatı özü yazmışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 öz ifadəsində bildirmişdir ki, şəhid ailəsidir. X17 həyat yoldaşıdır. Maisə xanımın adına yazdığı sənəd Prezident Adminstrasiyasına getmişdir. Bunu edən İddiaçıdır. Sonra onları bununla bağlı rəyasət heyətinə yığmışlar. Onlar İddiaçı oyununa düşmüşlər. Suala cavab olaraq bildirir ki, vərəqi Gülüstan Gülnara vermişdi, şablon vərəqdə mətnin yazılması yadında deyil. Məktub birbaşa Prezident Aparatına getmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 öz ifadəsində bildirmişdir ki, İddiaçı onları otağına dəvət edərək bildirmişdir ki, etnoqrafik səfərlə bağlı anlaşılmazlıq yaranıb. Bu anlaşılmazlığı aradan qaldırmaq üçün İnstitutun direktoru Maisə xanım Rəhimovanın adına izahat yazmalıdırlar və onlara öz yazdığı şablonu təqdim edərək bu şəkildə yazmağı bildirmişdir. Sonradan məlum olmuşdur ki, onların yazdığı izahatlar İnstitutun direktoruna təqdim edilmədən birbaşa Prezident Aparatına təqdim edilmiş və oradan onlar da bu məsələni Rəyasət heyətinə baxılması üçün tapşırmışlar. İddiaçı səlahiyyətini aşaraq öz şəxsi məqsədlərini həyata keçirmək üçün onlardan istifadə etmişdir. Sonra onlar həmkarlar təşkilatına hüquqlarının müdafiəsi üçün müraciət etmişlər. Suala cavab olaraq bildirir ki, imzaladıqlarını İddiaçı vermiş, Gülüstan isə Maisə xanıma verəcəyini bildirmişdir. İddiaçı sənədi dəftərxanaya vermək təklifini etməmişdir. Hadisə mayın 31-də baş vermişdir. Ona görə 4 ay gözləmişlər ki, İddiaçı “fironluğunun” qarşısını almaq mümkün deyildi. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 öz ifadəsində bildirmişdir ki, İddiaçı onları otağına dəvət edərək bildirmişdir ki, etnoqrafik səfərlə bağlı anlaşılmazlıq yaranıb. Bu anlaşılmazlığı aradan qaldırmaq üçün İnstitutun direktoru Maisə xanım Rəhimovanın adına izahat yazmalıdırlar və onlara öz yazdığı şablonu təqdim edərək bu şəkildə yazmağı bildirmişdir. Sonradan məlum olmuşdur ki, onların yazdığı izahatlar İnstitutun direktoruna təqdim edilmədən birbaşa Prezident Aparatına təqdim edilmiş və oradan onlar da bu məsələni Rəyasət heyətinə baxılması üçün tapşırmışlar. İddiaçı səlahiyyətini aşaraq öz şəxsi məqsədlərini həyata keçirmək üçün onlardan istifadə etmişdir. Neçə illərdir ki, İsayeva onun mükafatını da az yazır. Suala cavab olaraq bildirir ki, Maisə xanımın izahatı adına yazmışlar. Dəftərxanaya verməmələrinin səbəbi İsayevanın şəxsən ona vermələrini bildirməsi olmuşdur. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 öz ifadəsində bildirmişdir ki, iddiaçının işdən azad edilməsi barədə əmrin düzgün verildiyini bildirir. Suala cavab olaraq bildirir ki, o, müvəqqəti əvəz etmişdir, sədr deyildi. Ərizələri həm direktora, həmdə ona yazmışlar. Protokolu katib yazmışdır. İşçilərin şikayətini iclasda qəbul edə bilərlər. Lazım gələrsə, direktoru müdafiə edə bilərlər. Onu səsvermə yolu ilə direktor seçmişdir. Ərizələrin qəbul edilmə səbəbi insanların incidilməyidir. İşin müəyyən edilmiş halları odur ki, iddiaçı AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda 2009-cu ildən işləmiş və 2012-ci ildən 2015-ci ilədək müvəqqəti, 2015-ci ildən daimi olaraq Kadrlar Şöbəsinin müdiri vəzifəsini icra etmişdir. Lakin institut əməkdaşlarının şikayət ərizələri əsasında institutun X11 21.10.2021-ci il tarixdə iclası keçirilmiş və iclas protokolundan çıxarışa əsasən iddiaçının dərhal tutduğu vəzifədən azad edilməsi qərara alınmış, İnstitut rəhbərliyinin 16.10.2021-ci il tarixli əmrinə əsasən iddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Hazırda iddiaçı İnstitutun onun işdən azad edilməsi barədə 26.10.2021-ci il tarixli, 267 nömrəli əmrinin ləğv edilərək onun məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerinə və tutduğu vəzifəyə bərpa edilməsini xahiş edir. Cavabdeh isə etiraz ərizəsi verərək iddiaçının işdən azad edilməsi haqqında 26.10.2021-ci il tarixli, 267 nömrəli əmrin əsaslı olduğunu bildirir və iddianın rədd olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə aşağıdakı şərtlər daxilində yol verilir işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir, işçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalıdır, işçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Əgər göstərilən şərtlərə əhəmiyyət vermədən əmək müqaviləsi ləğv edilərsə, bu zaman əmək müqaviləsinin ləğv edilməsi hüquqauyğun olmayacaqdır və həmin işçi ilə əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi yolverilməzdir. Bundan əlavə, cavabdeh müəssisə iddiaçının öz əmək funksiyasına daxil olan hansı vəzifələri yerinə yetirmədiyini və əmək müqaviləsi üzrə hansı öhdəlikləri icra etmədiyini əmrdə göstərməmiş, bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi haqqında 26.10.2021-ci il tarixli, 267 saylı əmrdə onun “əmək fəaliyyəti zamanı yol verdiyi ciddi nöqsanlara görə” işdən azad olunması qeyd olunmuşdur. Halbuki, işçinin əmək fəaliyyəti zamanı yol verdiyi ciddi nöqsanalar digər intizam tənbehi tədbirinin tətbiqinə də əsas ola bilərdi. Əmək Məcəlləsinin 80-ci maddəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. İş materiallarından görünür ki, işəgötürən tərəfindən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimat verilməmiş, AMEA-nın Arxeologiya, Etnoqrafiya və X9 Həmkarlar Təşkilatının 21.10.2021-ci il tarixli protokolunda da belə bir təqdimata baxılması qeyd olunmamışdır. İclasın protokolundan çıxarışda isə İddiaçı İnstitutun əməkdaşları ilə qeyri-etik davranışları, onları aşağılaması və vəzifə səlahiyyətlərini aşması nəticəsində müəssisənin işini iflic vəziyyətə gətirməsi qeyd edilmişdir. AMEA Arxeologiya, Etnoqrafiya və X6 Həmkarlar Təşkilatının 21.10.2021-ci il tarixli, 15 nömrəli protokolunun gündəliyində büroya daxil olan şikayət ərizələrinin müzakirəsi qeyd edilmişdir. İş materiallarında olan şikayət ərizələrinin verilmə tarixi 20.10.2021-ci il, qeydə alınma tarixi isə 22.10.2021-ci il qeyd edilmişdir. Belə müəyyən olunur ki, şikayət ərizələri həmkarlar təşkilatının iclasından bir gün qabaq yazılmış və iclasdan sonrakı gün isə qeydiyyata alınmışdır. Əmək Məcəlləsinin 11.1-ci maddəsinin d bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək hüququ vardır. Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin məcəllənin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən onunla bağlanmış əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək kimi inzibati tənbeh verə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinə görə, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il kimi məlumatlar göstərilir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əks halda, əmək müqaviləsinin ləğv olunması ilə bağlı tərəflər arasında fərdi əmək mübahisəsi yaranarsa, digər əlavə araşdırma aparılmadan işə baxan məhkəmə tərəfindən əmrin (sərəncamın, qərarın) etibarsız hesab edilməsi barədə qətnamə (qərar) çıxarıla bilər. Mühabisələndirilən əmrin surətindən isə müəyyən olunur ki, həmin əmrdə əmək müqaviləsinin ləğv edildiyi tarix göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh Azərbaycan Milli X5, Etnoqrafiya və Antropologiya İnstitutunun 26.10.2021-ci il tarixli, 267 nömrəli əmri ləğv edilməli, İddiaçı işdən çıxarıldığı 26.10.2021-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqı ödənilməklə Azərbaycan Milli X5, Etnoqrafiya və X3 şöbəsinin müdiri vəzifəsinə bərpa olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Milli X5, Etnoqrafiya və X4 Gülüstan Zülfü qızının işdən azad edilməsi barədə 26.10.2021-ci il tarixli, 267 nömrəli əmri ləğv edilsin. İddiaçı işdən çıxarıldığı 26.10.2021-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqı ödənilməklə Azərbaycan Milli X5, Etnoqrafiya və X3 şöbəsinin müdiri vəzifəsinə bərpa edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar