Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1003/2025 18.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna, LPO Cavabdeh2 ASCyə və Cavabdeh3 MMC-yə qarşı “zaminliyə xitam verilməklə borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna, LPO Cavabdeh2 ASCyə və Cavabdeh3 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh LPO Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanılmış 02 oktyabr 2017-ci il tarixli zaminlik müqaviləsinə xitam verilməsi və hesabından 3503.41 manat borcun silinməsi, həmçinin dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı rayonda istehlak və digər kreditlərin alınması üçün bank filiallarına müraciət etdiyi zaman şəxsi hesab vərəqəsində zamin öhdəliyi kimi 3503.41 manat borc məbləği olduğu bildirilmiş və bu səbəbdən kreditin verilməyəcəyi göstərilmişdir. Ləğv etmə prosesində olan (LPO) "xxxx" ASC Göyçay Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər X2, X1 və ondan kreditin əsas məbləği 3503.41 manat olmaqla, ümumilikdə 10239.69 manat kredit borcunun tutulmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(046)-115/2024 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək cavabdeh X2 ümumilikdə 10239.69 manat kredit borcunun tutulması qət edilmiş, iddia X3 və ona münasibətdə təmin edilməmişdir. İddianın qismən təmin edilməsinə səbəb iddia ərizəsinin zaminlərə münasibətdə müqavilə müddətinin bitməsindən 3 il keçdikdən sonra verilməsi olmuşdur. Qətnamədən apellyasiya şikayəti verilməmiş və qanuni qüvvəsini almışdır. Bundan sonra o, müxtəlif tarixli ərizələrlə ləğv prosesində olan "xxxx" ASC-yə və onun ləğvedicisi təyin edilmiş Əmanətlərin Sığortalanması Fonduna müraciətlər edərək zaminliyə xitam verilməsini və Azərbaycan Kredit Bürosundakı şəxsi hesab vərəqəsində zamin öhdəliyi kimi görünən 3503.41 manat borc məbləğinin silinməsini xahiş etmişdir. Lakin etdiyi müraciətlərə cavab olaraq LPO "xxxx" ASC tərəfindən ona göndərilmiş 12 avqust 2024-cü il tarixli, c**********609 saylı məktubla, Əmanətlərin Sığortalanması Fondu tərəfindən ona göndərilmiş 09 sentyabr 2024-cü il tarixli 12-5/2-A-6xx-xx-1084/2024 saylı, 18 sentyabr 2024-cü il tarixli 12-5/2-A-5xx-xx-1751/2024 saylı və 19 sentyabr 2024-cü il tarixli 12-5/2- A-6xx-xx-1785/2024 saylı məktublarla Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(046)-115/2024 saylı qətnaməsində zaminliyə xitam verilməsi ilə bağlı bankın üzərinə hər hansı bir öhdəliyin qoyulmadığı qeyd edilmişdir. Elə bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırkı halda işə əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(046)-115/2024 saylı qətnaməsində konkret olaraq iddianın qismən təmin edilməsinə səbəb olaraq iddiaçının zaminlərə nisbətdə iddia ərizəsini müqavilə müddətinin bitməsindən 3 il keçdikdən sonra verilməsi göstərilmişdir. Qətnaməyə əsasən üzərinə heç bir öhdəlik qoyulmamasına baxmayaraq, onun kredit hesabında zaminlik öhdəliyi kimi borc görünməkdədir və bu onu kredit alma hüquqlarından məhrum edir. Sözügedən qətnamə qanuni qüvvəsini aldığından hazırkı mülki işdə mübahisələndirilə bilməz və əsas sübut kimi dəyərləndirilməlidir. Cavabdeh LPO Cavabdeh2 ASC məhkəməyə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, ləğv prosesində olan “Dəmirbank" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər X5 (kredit götürən), İddiaçı (zamin) və X3 (zamin) qarşı “kredit müqaviləsi üzrə pul borcunun qaytarılması" tələbi ilə Göyçay Rayon Məhkəməsinə müraciət etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü iİ tarixli, 2(046)-115/2024 saylı qətnaməsi ilə iddia tələbi cavabdeh X5 (kredit götürənə) qarşı qaldırılan hissədə qismən təmin edilmişdir. Lakin qanunla nəzərdə tutulan 1 illik müddət ötürüldüyü üçün məhkəmə iddianı digər cavabdehlər - zaminlər İddiaçı və X4 qarşı qaldırılan hissədə təmin etməmişdir. Hazırki iş üzrə İddiaçı Göyçay Rayon Məhkəməsinin həmin qətnaməsini rəhbər tutaraq əsas öhdəlik mövcud olduğu halda hesabından 3503.41 manat pul borcunun silinməsini məhkəmədən xahiş etməsi absurddur. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərin əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair" 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0 4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). İddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi özözlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi) Qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bır müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. İddia müddətinin keçməsi özlüyündə öhdəliyin xitamına səbəb olmadığındandır ki, Mülki Məcəllənin 383-cü maddəsinə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 12 mart 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Beləliklə tam müəyyən olunur ki, müddətin keçməsi kredit müqaviləsi üzrə mövcud olan borc öhdəliyinin kreditor tərəfindən zamin İddiaçı tələb etmək hüququnun xitam olunmasına deyil, həmin pul tələbi hüququnun məhkəmə vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının mümkünsüzlüyünə səbəb olur. İddiaçı məhkəməyə ərizə təqdim edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X12 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumalandırılmalarına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək və mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda qeyd olunanlara əsasən təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı LPO Cavabdeh2 ASC-nin cavabdehlər X3, İddiaçı və X5 qarşı borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh X2 3503.41 manat əsas kredit borcu, 2420.89 manat faiz borcu, 407.36 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 524.79 manat olmaqla, cəmi 6856.45 manat borcun və 88.56 manat dövlət rüsumunun tutularaq iddiaçı LPO Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir; Əmanətlərin Sığortalanması Fondunun İddiaçı göndərilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X7 ilə Cavabdeh2 ASC arasında xx.xx.2017-ci il tarixli KM019T10170001S01 saylı kredit müqaviləsinə əsasən 4.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı və X6 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Sözügedən kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəlik vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədilə bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(046)-115/2024 saylı qətnaməsi ilə zaminliyə xitam verilməsi ilə bağlı bankın üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır; Azərbaycan Kredit Bürosunun xx.xx.2024-cü il tarixli çıxarışının surətindən görünür ki, İddiaçı zamin durduğu öhdəliyin məbləği 4000 manat təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq cavabdeh bankla zaminlik müqaviləsi bağlamışdır. Qeyd edilən kredit müqaviləsi üzrə borcun məhkəmə qaydasında tutulması qət edilsə də, zaminə qarşı borcun ödənilməsini tələb etmək üçün müddət ötürüldüyündün, iddia ona, yəni hazırki iş üzrə iddiaçıya münasibətdə təmin edilməmişdir. Hazırda iddiaçı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ona qarşı borcun tutulması tələbi təmin edilmədiyindən zaminliyə xitam verilməklə adından 3503.41 manat borcun silinməsini xahiş edir. Cavabdeh bank isə zaminliklə təmin edilmiş öhdəliyin, müddətin keçməsi səbəbilə aradan qalxmadığına istinad edərək iddiaya etiraz edir. İddiaçı ilə cavabdeh bank arasında zaminlik müqaviləsinin bağlanması, kredit götürənin öhdəliyini icra etməməsi və zaminə qarşı borcun ödənilməsinin məhkəmə qaydasında tələb etmək hüququnun itirilməsi işin mübahisələndirilməyən halıdır. Qeyd edilən hallar Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(046)-115/2024 saylı qətnaməsi ilə öz təsdiqini tapmışdır. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, "xxxx" ASC ilə X7 arasında illik 29 faiz olmaqla 36 ay müddətinə 4000 manat pulun verilməsi barədə xx.xx.2017-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. İddiaçı ilə "xxxx" ASC arasında olan zaminlik müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş, iddiaçı iddia ərizəsi ilə məhkəməyə bir il müddət keçdikdən sonra, yəni xx.xx.2023cü il tarixdə müraciət etmişdir. Hazırda işin mübahisələndirilən halı iddiaçının tələbi əsasında zaminliklə təmin edilmiş öhdəliklərə xitam verilməsinin və borcun silinməsi, yəni borcun olmadığını təsbit etmək iddiasının mümkünlüyü ilə bağlıdır. Qeyd olunmalıdır ki, tələb hüququ ilə bağlı olmayan, borcun olmadığını (borcun silinməsini) təsbit etmək barədə iddiaya müddət tətbiq oluna bilməz. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçının məhkəməyə təqdim etdiyi iddiasından da göründüyü kimi, iddiaçı mülki Məcəllənin 477-ci maddəsində nəzərdə tutulmuş kəsici müddətlərin tətbiq edilməsini və zaminliyə xitam verilməklə borcun silinməsini xahiş edir. Zaminliyə xitam verilməsi ilə bağlı qeyd olunmalıdır ki, zaminlik kreditorla zamin arasında bağlanan müstəqil müqavilədir və bu müqaviləyə görə, zamin, əsas borclunun öhdəliyini yerinə yetirməyəcəyi təqdirdə həmin öhdəliyi özünün icra edəcəyi barədə kreditora şəxsi təminat verir. Zaminlik müqaviləsinin mühüm əlamətlərindən biri də ondan ibarətdir ki, zamin bir qayda olaraq əvəzsiz şəkildə kreditor qarşısında öhdəlik götürür. Bu müqavilə ilə kreditor, adətən zaminə qarşı öhdəlik daşımır, yəni zamin qarşılıqsız borclanır. Bu səbəbdən, qanunverici, zaminliyin yaranma və aradan qalxma əsaslarını dəqiqliklə müəyyən etmiş, zaminin qorunması, qeyri-müəyyən müddətə məsuliyyət daşımasının qarşısının alınması üçün bir sıra təminatlar nəzərdə tutmuşdur. Bunlara zaminliyin özünün etibarsızlığına dair müdafiə imkanları, onun növünə görə mübahisələr, zaminliyə xitam verilməsi əsasları və s. aiddir. Zaminliyin qanuni təminatlarından biri də onun konkret müddətə bağlı olmasıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyində zaminliyin mövcudluğu müddətlərinin yuxarı həddi dəqiq müəyyən edilmişdir. Zaminliyə xitam verilməsi halları Mülki Məcəllənin 477-ci maddəsində müəyyən edilmişdir. Mülki Məcəllənin 477.0.1 və 477.0.4-cü maddələrinə görə, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Normanın məzmunundan göründüyü kimi, zaminliyin verildiyi müddət bir qayda olaraq müqavilədə göstərilməlidir. Qanun bunun göstərilməməsi imkanını nəzərdə tutsa da, müddətin göstərilmədiyi təqdirdə zaminliyin xitamı üçün konkret müddətlər müəyyən etmişdir. Bu müddətlər zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən xitam verilir. Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə xx.xx.2020-ci il tarixli Qərarına əsasən iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Beləliklə, məhkəmə Konstitusia Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq qeyd edir ki, müddətin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn məhkəmə vasitəsilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olduğundan borcun silinməsi ilə bağlı iddia təmin edilə bilməz. Hər bir halda hazırki iş üzrə iddiaçıya qarşı məhkəmədə iddia qaldırılmış, zaminliyə xitam verildiyindən ona münasibətdə iddia təmin edilməmişdir. İddiada iddiaçı zaminliyə xitam verilməsini ayrılıqda deyil, məhz borcun silinməsinin əsası kimi göstərmişdir. Belə ki, zaminliyə xitam verilməsi üçün ayrıca iddia qaldırılması və məhkəmə qərarının çıxarılması tələb olunmur. Lakin zaminliyə xitam verilməsi tələb hüququnun xitamına səbəb olmur. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli Qərarında da vurğulamışdır ki, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Göründüyü kimi, iddia müddəti və ya kəsici müddətlər mahiyyəti və hüquqi təyinatı etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. Başqa sözlə, müddətin keçməsi öhdəliyin aradan qalxması üçün hüquqi əsas olmadığından, onun ötürülməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Bu səbəbdəndir ki, müddət keçdikdən sonra borclunun kreditora etdiyi ödənişlər əsassız varlanma təşkil etmir, ona görə də geri qaytarılmır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, zaminə qarşı müddətin keçməsi ilə bağlı iddia irəli sürülə bilməməsi tələb hüququnun özünün xitamı, öhdəliyin götürülməsi anlamına gəlmir. Hazırki işdə də əsas öhdəlik üzrə borc mövcud olduğundan kreditorun tələb hüququ qalmışdır. Lakin kreditor bu hüququ məcburi qaydada həyata keçirmək imkanını itirmişdir. Bu baxımdan zaminin borclu kimi öhdəliyinə xitam verilməklə borcunun silinməsi iddiası təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fondu, LPO Cavabdeh2 ASC və Cavabdeh3 MMC-yə qarşı zaminliyə xitam verilməklə borcun silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fondu, LPO Cavabdeh2 ASC və Cavabdeh3 MMC-yə qarşı zaminliyə xitam verilməklə borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1003/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1003/2025
18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver