Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1016/2023 18.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh “EVROSTROY-S.S" MMC arasında bağlanmış 26 yanvar 2019-cu il tarixli, 148A saylı müqavilə üzrə cavabdehə ödənilmiş 53000 (əlli üç min) manat pulun, hüquqi yardıma görə ödənilmiş 750 (yeddi yüz əlli) manat xərcin və ödənilmiş 249 (iki yüz qırx doqquz) manat dövlət rüsumunun əvəzinin cavabdeh "EVROSTROY-S.S” MMC-dən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh MMC arasında 26 yanvar 2019-cu il tarixli 148A saylı müqavilə bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən cavabdehə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində inşa olunacaq yaşayış binasının 6-cı mərtəbəsində, ümumi sahəsi 87.2 kv.m olan 2 otaqlı 320 saylı mənzilin tikintisi həvalə edilmişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən podratçı tikinti quraşdırma işlərini layihə sənədlərinə və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına uyğun qüsursuz və yüksək keyfiyyətlə yerinə yetirir. Lakin, uzun müddətdir ki, cavabdeh tərəfindən qeyd olunan ünvanda hər hansı tikinti işləri aparılmır. Binanın inşası üçün aparılan işlər yarımçıq olaraq dayandırılıb. Bu müddət ərzində bir neçə dəfə iddiaçı ilə cavabdehin rəsmi nümayəndələri ilə görüşlər keçirilsə də, tikintisinin nə vaxt bərpa olunacağı və binadakı mənzilin nə vaxt iddiaçıya tam təhvil veriləcəyi barədə hər hansı inandırıcı məlumat təqdim olunmamışdır. Göründüyü kimi, cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. İddiaçı tərəfindən cavabdehə ümumilikdə 53000 (əlli üç min) manat pul ödənilmişdir. Cavabdehə iki dəfə rəsmi bildiriş göndərilsə də, lakin hər hansı cavab əldə etmək mümkün olmamışdır. 26 yanvar 2019-cu il tarixli 148A saylı müqavilənin 3.4-cü bəndinə əsasən Sifarişçi müqavilə qiymətinin qalan hissəsinin qrafikinə uyğun olaraq ödənilməsini 2 aydan artıq müddətə gecikdirərsə və Sifarişçi müqavilənin 3.3-cü bəndində göstərilən cəriməni və həmin tarixə olan borcunu ödəməkdən imtina edərsə Podratçı tərəfindən müqavilə ləğv edilir və müqavilə üzrə öhdəliklərə xitam verilir. Sifarişçi tərəfindən ödənilən məbləğ ödəniş qrafikinə uyğun olaraq geri qaytarılır. İddiaçı tərəfindən qarşı tərəfə bağlanmış müqavilənin ləğv edilməsi və ödənilmiş 53000 manatın 7 təqvim günü ərzində geri qaytarılmasını təklif edilsə də, bu günə kimi hər hansı cavab verilməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdilər. Cavabdeh MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Podratçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən sifarişçinin sifarişi əsasında podratçı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində inşa olunan 6 girişli 16 mərtəbəli yaşayış evinin F girişində, 6-cı mərtəbədə, ümumi sahəsi 87.2 kv.m olan 2 otaqdan ibarət 320 saylı mənzilini tikib təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən sifarişçi 2 otaqlı, tam sahəsi eyvanla birlikdə 87.2 kv.m mənzilin 1 kv.m. sahəsinin qiyməti 1100 AZN olmaqla, cəmi 95.920 AZN təşkil edir. Eyni zamanda sifarişçi müqavilənin imzalanması ilə bir vaxtda müqavilənin qiymətinin bir hissəsi olan 30.000 AZN məbləğində pulu ödəyir; Cavabdeh MMC xx.xx.2019-cu il tarixində 30.000 AZN, xx.xx.2019-cu il tarixində 3000 AZN, xx.xx.2019-cu il tarixində 2000 AZN, xx.xx.2019-cu il tarixində 2000 AZN, xx.xx.2019-cu il tarixində 2000 AZN, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il tarixlərində 2000 manat kassa mədaxil orderlərinə əsasən İddiaçı tərəfindən ödənilmiş həyata keçirilmişdir; xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixini əhatə edən ödəniş qrafikindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixinə qədər Cavabdeh MMC-yə 1830 AZN məbləğində ödəniş etmişdir; İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 19 noyabr 2022-ci il tarixli bildirişin məzmunundan görünür ki, İddiaçı 26 yanvar 2019-cu il tarixli 148A saylı müqavilə ödədiyi 53000 manatın 7 təqvim günü ərzində qaytarılması, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdar edilmişdir; 12 yanvar 2023-cü il tarixli İddiaçı ilə Vəkil arasında bağlanmış müqavilənin məzmunundan görünür ki, İddiaçı tərəfindən hüquqi yardımın göstərilməsi üçün sonuncuya 750 (yeddi yüz əlli) manat məbləğində ödəniş həyata keçirilmişdir. xx.xx.2023-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 249 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Podratçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən sifarişçinin sifarişi əsasında podratçı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində inşa olunan 6 girişli 16 mərtəbəli yaşayış evinin F girişində, 6-cı mərtəbədə, ümumi sahəsi 87.2 kv.m olan 2 otaqdan ibarət 320 saylı mənzilini tikib təhvil verməyi öhdəsinə götürmüş, lakin müqavilə öhdəliyi bugünədək icra edilməmişdir. Müqavilə şərtlərinə əsasən İddiaçı ilkin olaraq 30000 manat, sonra isə qrafikə uyğun olaraq 2000 manat, toplam olaraq 53000 manat ödəniş etmişdir. Hazırda müqavilə tərəfləri öhdəliyin cavabdeh tərəfindən pozulduğunu, buna görə də, həmin müqavilə üzrə cavabdehə ödənilmiş toplam 53000 manat pulun tutulmasını tələb edir. Göründüyü kimi, cavabdeh podrat müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətsizliyi, müqavilə bağlandıqdan təxmini 3 ilə yaxın müddət ərzində qeyd olunan ərazidə hər hansı inşaat işləri aparılmaması öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən EVROSTROY-S.S” MMC onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1-ci maddəsinə əsasən Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən, Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi ağlabatan müddətdə və vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, iddiaçıya ödənilmiş cəmi 53000 manat pulu ödəməlidir. Məhkəmə iddia tələbinin “müqavilə üzrə cavabdehə ödənilmiş cəmi 53000 manat pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə ləğv olunduğu halda və iddiaçı tərəfindən müxtəlif vaxtlarda 53000 manat ödənişin həyata keçirilməsi iş materialları ilə təsdiq olunduğundan bu hissədə iddia təmin olunmalıdır. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddənin tətbiqi tərəflər arasında sinallagmatic öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir. Aşağıdakı hallarda əlavə müddətin təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: - bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; - öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; - xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda (Mülki Məcəllənin 447.2-ci maddəsi). Müqavilədən imtinanı istisna edən hallar Məcəllənin 447.3-cü maddəsində əks olunmuşdur. Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; Məhkəmə eyni zamanda, iddianın “hüquqi xidmətə görə 750 manat, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 249 (iki yüz qırx doqquz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissələrdə də qismən əsaslıdır. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət göstərilməsi üçün 750 manat ödənilməsi barədə iddiaçı sübut təqdim etsə də, iddia tələbi bu hissədə qismən təmin edilməli və hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, hüquqi yardıma görə xərclər, işin halları nəzərə alınmaqla, cavabdehdən ağlabatan məbləğdə, yəni 75 manat məbləğində iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Beləliklə, iddiaçı tərəfindən ödənilmiş 249 (iki yüz qırx doqquz) manat dövlət rüsumu cavabdeh EVROSTROY-S.S” MMC-dən tutularaq ona ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, müqavilə üzrə ödənilmiş 53000 (əlli üç min) manat pul, hüquqi yardıma görə ödənilmiş 75 (yetmiş beş) və 249 (iki yüz qırx doqquz) manat məbləğində dövlət rüsumu İddiaçı ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı qismən təmin edilsin. Müqavilə üzrə cavabdehə ödənilmiş 53000 (əlli üç min) manat pul, hüquqi yardıma görə ödənilmiş 75 (yetmiş beş) və 249 (iki yüz qırx doqquz) manat məbləğində dövlət rüsumu cavabdeh "EVROSTROY-S.S” MMC-dən alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-1016/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1016/2023
18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver