Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1037/2024 24.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2nə qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2nə qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda Cavabdeh2 tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının 1-ci blok 13-cü mərtəbəsində 3 otaqlı sahəsi 145 kv.m. təşkil edən mənzilə sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması və mübahisəli mənzilə sahiblik hüququnun həyata keçirilməsinə maneə yaradılmasının cavabdehlərə qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda, iddia tələbləri üzrə Cavabdeh2 MTK tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci blok 13-cü mərtəbəsində 3 otaqlı sahəsi 145 kv.m. təşkil edən mənzili 15 aprel 2019-cu il tarixli 26 saylı müqavilə bağlayaraq almışdır. Müqaviləyə əsasən, mənzilin 1 kv.m. qiyməti 1000 (bir min) manat müəyyən edilmişdir. Müqavilə bağlanan gün tərəfindən mənzilin bütün dəyəri olaraq 145 000 (bir yüz qırx beş min) manat məbləğində ödəniş edilmişdir və ödənişin tam edilməsi əsası ilə ona MTK tərəfindən Maliyyə Arayışı da təqdim edilmişdir. Mənzilə onun tərəfindən qapı da quraşdırılmışdır. Bundan müəyyən müddət sonra mənzildə təmir işlərini başlanılmasını planlaşdırsa da, sonradan Mənzil-Tikinti Kooperativi tərəfindən onun gedişgəlişinə maneələr törədilməyə başlanmışdır. Daha doğrusu təmirin başlanılmasına maneələr yaradaraq icazə verilmirdi. Bunun səbəbi isə tikinti işlərinin tam yekunlaşmaması ilə izah edilirdi. Sonradan Cavabdeh2 MTK tərəfindən bu çoxmənzilli binanın mənzillərinin gər birinin bir neçə şəxsə satılması ilə bağlı problemlərin olduğu məlum olmuşdur. Müəyyən edildi ki, ona satılmış mənzil sonradan təkrar olaraq mülki iş üzrə digər Cavabdeh1 Nüsrət oğluna da satılmışdır. Zərərçəkən vətəndaşların şikayətləri əsasında cinayət işi qaldırıldı və məsul şəxslər həbs edildi. İstintaq orqanı tərəfindən ibtidai istintaq yekunlaşaraq iş məhkəməyə göndərilmiş, hal-hazırda 1(101)-2477/2023 nömrəli cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın icraatındadır. Bu müddət ərzində cinayət işi üzrə ibtidai istintaqın yekunlaşmasını gözləyirdi. Yekun olaraq tərtib edilmiş İttiham Aktına əsasən, ona məxsus mənzilin sonradan Cavabdeh1 Nüsrət oğluna da satılmış olması, Təbriz MTK və onun məsul şəxsləri tərəfindən ona qanuni olaraq satılmış olan mənzilə onun qanuni sahib olmaq hüququndan məhrum edilməsi, həmin mənzilin ona satılmış olmasını zərərçəkmiş Cavabdeh1 Nüsrət oğlundan gizlətməklə ona məxsus olan 120 000 (bir yüz iyirmi min) manat məbləğində pul vəsaitini ələ keçirmələri İttiham Aktında əksini tapmışdır. Əlavə olaraq bildirmək istəyir ki, cinayət işi üzrə təqsirləndirilən şəxslərin ifadələri də deyilənləri təsdiq edir. Bundan əlavə, qeyd etmək istəyir ki, cinayət işi üzrə yalnız Cavabdeh2 MTK-nın məsul şəxsləri təqsirləndirilməmiş, həm də hüquqi şəxsin özünə qarşı da cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Bu baxımdan hesab edirik ki, mülki icraat qaydasında mübahsəli mənzilə dair cavabdehlər tərəfindən yaradılan və yaradıla biləcək sahiblik və istifadə hüquqlarına maneələrin aradan qaldırılması və bəhs edilən mənzilin sahiblik və istifadəyə verilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Eyni zamanda, nəzərə alınmalıdır ki, Cavabdeh1 Nüsrət oğlu cinayət işi üzrə AR CM 178-ci maddəsinin tələbləri ilə zərərçəkən qismində tanınmış, ona qarşı isə, AR CM 308-ci maddəsinin tələbləri ilə cinayət əməlinə yol verilməsi səbəbindən, həmin maddənin tələblərinə əsasən zərərçəkmiş kimi tanınmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, Cavabdeh2 MTK ilə 16 sentyabr 2020-ci il tarixli müqaviləni mənzili əldə etmək, ona sahiblik və istifadə etmək məqsədilə bağlamamışdır. X2 arasında pul-borc münasibətləri olmuşdur. Nofəl 6-7 il bundan öncə ondan 3 gün ərzində qaytarmaq şərtilə 70.000 pul almışdı. Sonra müalicəyə ehtiyacı olduğu üçün pulu istədi, lakin Nofəl pulu qaytara bilmədiyi üçün əvəzində mənzil verəcəyini bildirdi. Mənzilin əvəzinə 90000 pul köçürtdü. Ümumilikdə 120.000 manat pulu və dostu Cabbara verəcəcəyi 10.000 manat pulu da Nofəl almışdır. Müqaviləni həmin pulun əvəzində mənzili verəcəyinə görə bağlamışdır. Mənzilə 2 dəfə getmiş və həmin vaxt mənzilin qapısı olduğunu görmüş, bunu Nofəldən soruşduqda isə o qapının səhvən qoyulduğunu bildirmişdir. İddiaçının müqaviləsi onun müqaviləsin öncə bağlanılıb. Ona indi də mənzil deyil, pul lazımdır. Belə ki, uzun müddətdir “Parkinson” xəstəliyindən əziyyət çəkir, müalicə olunması üçün pula ehtiyacı var. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov 57 ünvanında tikilən binanın 1-ci blok, 13-cü mərtəbə, 3 otaqlı, sahəsi 145 kv.m olan mənzilin 145000 manata alınması barədə İddiaçı və Cavabdeh2 arasında müqavilə imzalanmışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə aid maliyyə arayışından aydın olur ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov 57 ünvanında tikilən binanın 1-ci blok, 13-cü mərtəbə, 3 otaqlı, sahəsi 145 kvm olan mənzilin pay dəyəri 145000 manatı tam şəkildə ödəmişdir. Onun MTK-ya bocu yoxdur. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov 57 ünvanında tikilən binanın 1-ci blok, 13-cü mərtəbə, 3 otaqlı, sahəsi 145 kvm olan mənzilin 174000 manata alınması barədə Cavabdeh1 və Cavabdeh2 arasında müqavilə imzalanmışdır. Cavabdeh2 06 fevral 2021-ci il tarixli və 16 sentyabr 2020-ci il tarixli kassa mədaxil orderinin qəbzlərindən görünür ki, Cavabdeh1 tərəfindən müqavilə əsasında 10000 manat və 90000 manat məbləğində ödəniş edilmişdir. 17 noyabr 2023-cü il tarixli ittiham aktından görünür ki, cinayət işi üzrə qeyd edilən hissədə təqsirləndirilən şəxs qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, binanın 1ci blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 145 m2 olan mənzili 15 aprel 2019- cu il tarixdə İddiaçı 145.000 manat müqabilində satmış, sonuncu mənzilin dəyərini tam həcmdə ödədiyindən qeyd edilən mənzilin həmin tarixdə İddiaçı satılması barədə müqavilə və mənzilin dəyərinin tam həcmdə ödənilməsi barədə maliyyə arayışını tərtib edib Vahidə vermişdir. Növbəti dəfə həmin mənzili 16 sentyabr 2020-ci il tarixdə Cavabdeh1 174.000 manata satmış, sonuncu mənzilin dəyərindən ilkin olaraq 90.000 manatı ödədiyindən qeyd edilən mənzilin həmin tarixdə Cavabdeh1 satılması barədə müqavilə və 90.000 manatı qəbul etməyi barədə qəbzi tərtib edib Zeynalxana vermişdir. Növbəti dəfə sonuncu ona 06 fevral 2021-ci il tarixdə 10.000 manat ödəmiş, bu barədə qəbz tərtib etməklə Zeynalxana vermişdir. Lakin 2022-ci ilin may ayında Zeynalxan ona əlavə olaraq 20.000 manat ödəsə də o, hazırda xatırlamadığı səbəbdən hər hansı sənəd verməmişdir. Onu da qeyd etmişdir ki, Cavabdeh1 daha öncə başqa binanı inşa edərkən ondan mənzil almış, həmin vaxtdan Zeynalxanla münasibəti yaranmışdır, buna görə 20.000 manata görə qəbz verməyəndə Zeynalxan ona etiraz etməmişdir. Məhkəmə tərəfindən aparılmış yerli müayinənin protokolundan və cd diskdə olan görüntülərdən görünür ki, yerli müayinə zamanı İddiaçı qeyd edilən mənzili qapısını özünə məxsus açarı ilə açaraq mənzilə daxil olmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh2 MTK ilə İddiaçı, digər Cavabdeh1 arasında eyni mənzilə dair ayrı-ayrılıqda iki müqavilə bağlanmışdır. Həmin müqavilələrin hər ikisinin əsli məhkəmə tərəfindən tədqiq olunmuş və onların həqiqiliyi təsdiq olunmuşdur. Eyni hal, yəni sənədin həqiqiliyi həmin müqavilələrə dair verilmiş maliyyə arayışlarına münasibətdə də təsdiq olunmuşdur. İddiaçı Cavabdeh2 MTK ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov 57 ünvanında tikilən binanın 1-ci blok, 13-cü mərtəbə, 3 otaqlı, sahəsi 145 kvm olan mənzili tam dəyərini ödəməklə almışdır. Eyni mənzil Cavabdeh2 MTK tərəfindən xx.xx.2020-ci il tarixdə Cavabdeh1 da satılmışdır. Həmin mənzilin pay dəyəri sonuncu tərəfindən də ödənilmişdir. Mənzilin açarları İddiaçı təhvil verilmişdir. Mülki Məcəllənin 5.3 və 425.1-ci maddələrinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi əsasları adlanan 178.8-ci maddəsinə görə, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mənzilə mülkiyyət hüquqlarının əmələ gəlmə əsaslarından birini qanunla nəzərdə tutulmuş qaydada və şərtlərə əməl edilməklə bağlanmış etibarlı müqavilələr təşkil edir. Konstitusiya Məhkəməsi Plenumunun əqdlərin etibarlılığı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır:əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Mülki Məcəllənin etibarsız əqdlər anlayışını müəyyən edən 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Əhəmiyyətsiz əqd arzuolunan hüquqi nəticəyə səbəb olmadığından predmetini fərdi müəyyən əşya təşkil etdiyi halda, həmin əşyanın geri qaytarılması ilə bağlı irəli sürüləcək iddia hər hansı müddətlə məhdudlaşmır. Belə ki, fərdi müəyyən əşya hüquqi əsas olmadan qarşı tərəfin sahibliyinə keçdiyinə görə, qarşı tərəf həmin əşya üzərində mülkiyyət və s. əşya hüquqları əldə etmir. Ona görə də mülkiyyətçi özünün mülkiyyət hüququna istinad edərək qanunsuz sahib olan müqavilənin qarşı tərəfindən` müddətsiz olaraq öz əşyasını Mülki Məcəllənin 157.2 və 157.5-ci maddələrinə əsaslanmaqla istəyə bilər (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 17 sentyabr 2021ci il tarixli Qərarı). Hazırkı mülki iş üzrə aparılmış araşdırmalar zamanı tədqiq olunmuş iki müqavilənin Cavabdeh2 MTK ilə bağlanmasının zaman (vaxt) baxımından ardıcıllığının aşağıdakı kimi olduğu müəyyən olunmuşdur: Cavabdeh2 MTK ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə və Cavabdeh2 MTK ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə. Cavabdeh2 MTK ilə həmin müqavilələrin xronoloji ardıcıllığının yuxarıda qeyd olunduğu tarixlərə aid olması, eləcə də hər iki müqavilənin eyni, yəni Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov 57 ünvanında tikilən binanın 1-ci blok, 13-cü mərtəbə, 3 otaqlı, sahəsi 145 kvm olan mənzilə aid olması hazırkı işin mübahisəsiz halı kimi müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi, satıcı Cavabdeh2 MTK mənzili İddiaçı təhvil verməyi, o, isə öz növbəsində mənzilin qiymətini tam şəkildə ödəməyi öhdəsinə götürmüş və öz öhdəliyini icra etmiş, bununla da mənzilə sahiblik və istfadə hüququnu əldə etmişdir. Sonradan Cavabdeh2 MTK həmin mənzili digər şəxsə satmışdır. Eyni zamanda məhkəmə iclasında iştirak etmiş digər Cavabdeh1 izahatında bildirmişdir ki, onun mənzili almaq niyyəti olmamış, Nofəlin ona borcu olduğu üçün həmin mənzili borc pulun əvəzində ona vermişdir. Eyni zamanda o da vurğulanmalıdır ki, 17 noyabr 2023-cü il tarixli ittiham aktından göründüyü kimi X1 özü də qeyd edilən mənzili ilkin olaraq İddiaçı, daha sonra isə Cavabdeh1 satdığını bildirmişdir. Beləliklə, Cavabdeh2 MTK ilkin olaraq İddiaçı ilə həmin mənzilə dair müqavilə bağladığından və iddiaçı tərəfindən mənzilin dəyəri (əvəzi) Cavabdeh2 MTK-ya tam şəkildə ödənildiyindən, Mənzil Məcəlləsinin 112-ci maddəsinin tələbləri baxımından xx.xx.2019-cu il tarixindən İddiaçı həmin mənzilə mülkiyyət hüququ əldə etmişdir. Demək ki, həmin tarixdən sonra həmin mənzilə dair Cavabdeh2 MTK hər hansı sərəncam verə bilməz, o cümlədən digər şəxslərlə başqasının mülkiyyətində olan mənzilə dair alğı-satqı müqaviləsi bağlaya bilməzdi. Belə ki, həmin əşya üzərində satıcının mülkiyyət hüququna artıq xitam verilmiş və onun üzərində alıcının mülkiyyət hüququ yaranmışdır. Konstitusiya Məhkəməsi Plenumunun oxşar iş üzrə hüquqi mövqeyinə görə, mənzilin dəyərini tam ödəməklə M.Hüseynov həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, "xxxx" MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi (uzun müddət keçdikdən sonra həmin mənzil barədə E.Bağırlı ilə 6 iyul 2011-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır (M.Hüseynovun şikayəti üzrə 04 mart 2015-ci il tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli Qərarında Azərbayçan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.5-ci maddəsi). Həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin qaytarılmasını ehtiva edir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli Qərarının 6.1-ci bəndində göstərilir ki, əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, Cavabdeh1 münasibətdə Mülki Məcəllənin 337.5-ci maddəsi tətbiq edilməli və MTK ilə Ş.Zeynalxan arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən ödənilmiş pul MTK-dan alınaraq ona qaytarılmalıdır. Həmçinin Cavabdeh1 müqaviləyə əsasən mənzilə görə ödədiyi məbləğdən əlavə çəkmiş olduğu xərclərin və digər zərərin əvəzinin ödənilməsi ilə bağlı ayrıca iddia ərizəsi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikasının MPM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının MPM-nin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikasının MPM-nin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında bağlanılmış müqavilə üzrə iddiaçı tərəf öz öhdəliklərini icra etdiyi halda qarşı tərəf müqavilənin icrasına yönələn hərəkətlər etməmiş, müqavilə öhədliklərinin icra edilməsi ilə bağlı iddiaçılar tərəfindən edilən müraciətlərə cavab verilməmişdir. Mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2nə qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi təmin edilməlidir. Mülki Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanda Cavabdeh2 tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının 1-ci blok 13-cü mərtəbəsində 3 otaqlı sahəsi 145 kv.m. təşkil edən mənzilə sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələr aradan qaldırılsın və mənzilə sahiblik hüququnun həyata keçirilməsinə maneə yaradılması Cavabdeh2 MTK-ya və Cavabdeh1 qadağan edilsin. Mülki iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh2 MTK-dan İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-1037/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1037/2024
24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver