Məhkəmə qərarları › İş №e-2(005)-1040/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1040/2025

23.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1040/2025 23.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Eldəniz oğlunun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh Eldəniz oğluna qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində 4 saylı Bakı Asan Xidmət mərkəzində Notariat Ofisi cəlb edilməklə) “nikah müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh Eldəniz oğluna qarşı nikah müqaviləsinin etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və xx.xx.2024-cü ildə 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən reyestrdə 3M-654 № ilə qeyd olunmaqla təsdiq edilmiş nikah müqaviləsinin etibarsız sayılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2021-ci ildə nikaha daxil olub və onları nikahı 1 saylı Bakı ASAN Xidmət mərkəzinin Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1216 № ilə qeyd olunub. Tərəflər nikahda olduqları dövrdə, 2022-ci ilin əvvəlindən xx.xx.2023-cü ilə qədər Türkiyədə, bu tarixdən sonra isə Bakıda yaşayıblar. Ailə münasibətləri həmişə normal olub, bir-birinə inanıb və etibar ediblər. xx.xx.2024-cü ildə cavabdehə iddiaçıya bildirib ki, Türkiyə Respublikasındakı biznes işləri üçün notariusda bəzi sənədlər rəsmiləşdirilməlidir. İddiaçı əri olduğu və inanıb etibar etdiyi üçün cavabdehdənn notariusda hansı sənədi imzalayacağı barədə heç nə soruşmayıb. Çünki cavabdeh Türkiyədəki biznesini həmişə özü idarə edib və iddiaçı heç vaxt bu işlə maraqlanmayıb. Hətta iddiaçının adına Türkiyənin KuveytTürk Bankında olan hesab üzrə əməliyyatları da onun verdiyi etibarnamə əsasında cavabdeh aparıb. Bundan başqa, iddiaçı cavabdehin təklifi ilə məzmunu ilə tanış olmadan və heç nə soruşmadan müxtəlif sənədlərə imza atıb. Qeyd olunan tarixdə günün 2-ci yarısında, cavabdeh şəxsi nəqliyyat vasitəsilə iddiaçını yaşadıqları evdən (Zooparkın yaxınlığında yerləşir) götürüb Bakıxanov qəsəbəsində yerləşən 4 saylı ASAN Xidmət mərkəzinə gətirib və iddiaçı bir müddət orada növbə gözlədikdən sonra iş gününün sonuna yaxın artıq hazır olan sənədlərə imza edərək evlərinə qayıdıblar. Notariusda rəsmiləşdirilən sənədləri isə cavabdeh həmişə olduğu kimi özündə saxlayıb. xx.xx.2024-cü ildə cavabdeh iddiaçıya onun Neftçala rayonunda yaşayan valideynlərigilə getməyi təklif edib və iddiaçı valideynlərini görmək istədiyi üçün razılaşaraq cavabdehin atası ilə birlikdə rayona gediblər. Cavadeh işləri ilə əlaqədar Bakıya qayıdacağını, əgər istəyirsə rayonda öz valideynlərinin yanında bir neçə gün qala biləcəyini iddiaçıya bildirib və elə həmin atası ilə birlikdə Bakıya qayıdıb. Növbəti gün, yəni xx.xx.2024-cü ildə axşam saatlarında cavabdeh iddiaçının qardaşının telefonuna mesaj göndərərək, iddiaçının cehiz əşyalarının ata evinə aparılmasını bildirib. Bundan xəbər tutan iddiaçı cavabdehlə telefon əlaqəsi yaradıb və nə baş verdiyini soruşanda cavabdeh ona övladı olmadığı üçün boşanmaq qərarına gəldiyini bildirib, notariusda imzalanan sənəd barədə atasına və qardaşına məlumat verəcəyi halda onu hədələyib. xx.xx.2024-cü ildə cavabdeh iddiaçının cehiz əşyalarını ata evinə göndərib və 2 gün sonra, yəni xx.xx.2024-cü ildə isə iddiaçının qeydiyyatda olduğu ünvana nikahın pozulması tələbi barədə mediasiya təklifi göndərib. İddiaçı xx.xx.2024-cü ildə notariusda imzalanan sənədin nə olduğu ilə sonradan maraqlananda həmin sənədin nikah müqaviləsi olduğunu öyrənib. Həmin müqaviləyə görə tərəflər razılığa gəlib ki, nikah dövründə Azərbaycanda və onda kənarda əldə edilmiş və ediləcək bütün daşınar və daşınmaz əmlaklar, bank hesablarındakı pul vəsaitləri kimin gəliri hesabına əldə edilməsindən asılı olmayaraq adına qeydiyyatdan keçmiş şəxsin ayrıca mülkiyyəti, borclar isə həmin öhdəliyi götürmüş şəxsin öhdəliyi hesab edilir. Həmin əmlakların bölünməsi ilə bağlı arvad (ər) heç bir iddia qaldırmayacaq, heç bir tələbi olmayacaq. Cavabdeh əvvəlcədən planlaşdırdığı boşanma niyyətini iddiaçıya bildirmədən nikah dövründə Türkiyədə öz adına satın aldığı 4 mərtəbəli binaya iddiaçını mülkiyyət hüququndan məhrum etmək üçün onun ailə bağlarından irəli gələn inam və etibarından, həmçinin iddiaçının bu tip sənədlər barədə anlayışının və marağının olmamasından istifadə edərək onu aldatmış və nikah müqaviləsini imzalamasına nail olub. Cavabdehin planlı və ardıcıl hərəkətləri: 1) xx.xx.2024-cü ildə iddiaçını Türkiyədəki biznes işləri üçün notariusda sənəd imzalamaq adı ilə inam və etibarından, hüquqi məlumatsızlığından istifadə edərək aldadaraq nikah müqaviləsinin imzalanması nail olması; 2) müqavilə imzalandıqdan 2 gün sonra xx.xx.2024-cü ildə iddiaçını Neftçala rayonunda yaşayan valideynlərinin evinə aparıb orada saxlaması; 3) növbəti gün, yəni xx.xx.2024-cü ildə axşam saatlarında iddiaçının qardaşının telefonuna mesaj göndərərək iddiaçının cehiz əşyalarının ata evinə aparılmasını tələb etməsi; 4) xx.xx.2024-cü ildə cavabdeh iddiaçının cehiz əşyalarını atası evinə göndərməsi; 5) xx.xx.2024-cü ildə isə iddiaçının qeydiyyatda olduğu ünvana nikahın pozulması tələbi barədə mediasiya təklifi göndərərək boşanma proseduruna başlaması onun nikah müqaviləsinin bağlanmasında niyyətinin tərəflərin birgə mülkiyyəti olan əmlakın müqavilə rejimini müəyyən etmək deyil, tezliklə boşayacağı iddiaçını birgə mülkiyyətdəki payından məhrum etmək olub. İddiaçı onun bu niyyətindən xəbərdar olsaydı, nikah müqaviləsini bu şərtlərlə imzalamazdı. Müqavilənin 4.6-cı bəndində onun 2 nüsxədə tərtib olunduğu, hər bir nüsxəsinin tərəflərə verildiyi, tərəflərə hüquq və vəifələrinin izah edildiyi, notariat hərəkətinin nəticələri barədə xəbərdarlıq olunduqu göstərilsə də, reallıqda isə iddiaçıya müqavilənin nüsxəsi verilməyib, müqavilə bağlanarkən hüquq və vəzifələri, həmçinin müqavilənin bağlanmasının hansı nəticələrə səbəb olacağı izah olunmayıb. Halbuki “Notariat haqqında” Qanunun 9-cu maddəsinə görə notarius öz vəzifələrini yerinə yetirərkən: 1) fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməli; 2) hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir. İddiaçının müqavilədəki imzası üçün nəzərdə tutulmuş qrafa müqavilənin 2-ci səhifəsindədir və iddiaçı imzalamaq üçün ona təqdim olunan sənədinin nə olduğunu, ümumiyyətlə, görmədiyni və bilmədiyini qeyd edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, cavabdehlə ailə qurduqdan sonra Türkiyə Respublikasında və Bakıda yaşamışdırlar. Övladları olmadığı üçün Türkiyədə müalicələr almış, müalicələr zamanı bəzi ağırlaşmalar yaşanmış, həyati təhlükələr keçirmişdir. Cavabdehin qardaşı və onun yoldaşı həkimdir, onların yönləndirmələri ilə həkimlərin qəbullarında olublar. Övladı olmaması səbəbi ilə dəfələrlə cavabdehin ailəsi və özü ilə danışıqlar apardığını, boşanmağa razı olduğunu bildirsə də, ailəsi və özü razı olmamışdır. Müalicələrin bir çox hissəsinin ödənişlərini ailəsinin ödədiyini qeyd etdi. Notariat ofisinə gedən zaman həyat yoldaşına inandığı üçün müqaviləni oxumadığını və notariat ofisindən çıxdıqdan sonra cavabdeh tərəfindən ailəsinə deməməyini bildirdiyini qeyd etdi. Cavabdehin onu aldatdığını bildirdi, Türkiyə Respublikasında olan əmlaklarla bağlı müəyyən rəsmi prosedurların davam etdirilməsi üçün imzasının zəruri olduğu barədə məlumat vermiş, müqavilə imzalandıqdan sonra onu rayona, atasıgilə aparmışdır. Məhkəmə iclasında iştirak edən,Cavabdeh Eldəniz oğlunun nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki, tərəflər uzun illər evli olublar və övladları olmayıb. Qarşılıqlı razılıq əsasında ayrılıq qərarını alıblar. Nikahın etibarsızlığı əsassızdır. Notariat ofisində müqavilə bağlanan zamanı tərəflərə hüquqları izah olunur. Cavabdeh boşanmaq istəməyib. İddiaçı cavabdehə təklif edib ki heç bir tələbi olmayacaq. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş 4 saylı Bakı ASAN xidmət Mərkzəzində Notariat Ofisinin xüsusi notariusu X1 elekron kabinet vasitəsilə ərizə ünvanlayaraq, notariat hərəkətləri aparılan zaman video yazı üçün çəkilişin aparılmadığını, yalnız tərəflərin görüntüsünün notariat hərəkətinə dair sənəddə fotoşəkil olaraq əks olunduğu qeyd edib. Eyni zamanda Nikah müqaviləsi bağlanan zaman əqdin layihəsinin əvvəldən iştiraçılar tərəfindən təqdim edildiyini, tərəflərə hüquq və vəzifələrinin izah edildiyi, təsdiq edildikdən sonra hər bir tərəfə bir nüsxə təqdim edildiyi, digər nüsxənin notariat ofisində saxlanıldığı bildirilib. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Mülki işin materialları: Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 1 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Eldəniz oğlu və X2 xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuşalr və bu barədə akt qeydlər kitabında 1216 № ilə qeyd edilmişdir.Ərə-Qədimov, arvada-Qədimova soyadı verilmişdir. - 23 sentyabr 2024-cü il tarixli nikah müqvaviləsinin 1.1-ci bəndinə əsasən, tərəflər birgə nikah dövründə həm Azərbaycan Respublikası ərazisində, həm də xarici ölkələrdə əldə edilmiş və ediləcək bütün daşınar və daşınmaz əmlak(əmlaklar), bank hesablarındakı pul vəsaitləri kimin gəlirləri hesabına əldə edilməsindən asılı olmayaraq adına qeydiyyatdan keçmiş şəxsin ayrıca mülkiyyəti, borclar isə həmin öhdəliyi götürmüş şəxsin öhdəliyi hesab edilir. Həmin əmlakların bölünməsi ilə bağlı arvad (ər) heç bir iddia qaldırmamağı,heç bir tələbinin olmayacağı barədə razılığa gəlmişlər.1.2-ci bəndinə əsasən tərəflərin hər birinə nikaha daxil olmamışdan əvvəl məxsus olan əmlak, eləcə də nikah dövründə onların biri tərəfindən hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, həmçinin digər əvəzsiz əqd üzrə əldə edilmiş əmlak hər birinin ayrıca mülkiyyəti hesab olunur. 1.3-cü bəndinə əsasən, birgə nikah dövründə əldə edilmiş əmlaklara tərəflərin hər birinin əmək, sahibkarlıq və ya intelektual (əqli) fəaliyyəti nəticəsində əldə edilmiş gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri aiddir. 1.4-cü bəndinə əsasən, qiymətli əşyalar və digər dəyərli əmlaklarlar da daxil olmaqla, səxsi istifadə əşyaları (paltar, ayaqqabı və sair) birgə nikah dövründə ümumi gəlir hesabına əldə edilmiş olsa belə onların üzərində bu əşyaları istifadə edən tərəfin hüquqları tanınır 1.5-ci bəndinə əsasəb, xüsusi təyinatlı gəlirlər (maddi yardımın məbləği, şikəstlik, sağlamlığın bu və ya diger formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ) üzərində onların ödənildiyi tərəfin hüquqları tanınır. 1.6-cı bəndinə əsasən, birgə nikah dövründə istənilən zaman ər-arvad qarşılıqlı razılaşma əsasında hazırki müqavilə ilə müəyyən edilmiş birgə mülkiyyət rejimini dəyişə bilməzlər - Bakı 15 saylı Mediasiya Şurası tərəfindən verilmiş xx.xx.2024-cü tarixli, MŞB/MT015/2024-0364/02 nömrəli arayışdan görünür ki,İddiaçı mediasiya sessiyasında iştirak etmiş və 50 manat medasiya haqqı ödəmişdir. Cavabdeh isə medasiya sessiyasında iştirak etməmişdir. - Salyan 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş,xx.xx.2024-cü il tarixli,MŞS/MT-028/2024/0808A nömrəli arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş və 50 manat medasiya haqqı ödəmişdir. Cavabdeh isə mediasiya sessiyasında iştirak etməmişdir. -CD disk səs yazısından məlum olur ki, İddiaçı – Coşqun ilə notariusa gedəcəyik, yazılı ərizə ilə hər şeydən..nə indi nə gələcəkdə heç bir şey tələb etmiyəcəm” bildirib. - Ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 50 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Maddə 38.1. Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Maddə 38.2. Nikah müqaviləsi ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər. Maddə 38.3. Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. Maddə 38.4. Ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, birbirinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər. Maddə 38.5. Nikah müqaviləsində nəzərdə tutulmuş hüquq və vəzifələr müəyyən müddətlərlə məhdudlaşa bilər, müxtəlif şəraitin yaranıb-yaranmamasından asılı ola bilər. Maddə 38.6. Nikah müqaviləsində ər-arvadın hüquq və fəaliyyət qabiliyyətini, öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququnu, uşaqlara münasibətdə hüquq və vəzifələrini, eləcə də ər-arvad arasındakı şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyən, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin(arvadın) saxlanılması üçün vəsait almaq hüququnu məhdudlaşdıran, ər-arvaddan birini çox əlverişsiz vəziyyətə salan və ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar nəzərdə tutula bilməz. Maddə 39.1. Nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər. Maddə 39.2. Nikahın bağlanmasının dövlət qeydiyyatına qədər bağlanmış nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir. Maddə 39.3. Nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Maddə 40.1. Nikah müqaviləsi ər-arvadın razılığı ilə istənilən vaxt bu Məcəllənin 39.3-cü maddəsində göstərilən qaydada dəyişdirilə və ya pozula bilər. Maddə 40.2. Nikah müqaviləsinin icrasından birtərəfli qaydada imtina etməyə yol verilmir. Maddə 40.3. Ərin (arvadın) tələbinə əsasən məhkəmənin qətnaməsi ilə nikah müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müqavilələrin dəyişdirilməsi və pozulması üçün nəzərdə tutulmuş əsaslarla və qaydada dəyişdirilə və ya pozula bilər. Maddə 40.4. Nikah müqaviləsində nikah pozulduqdan sonrakı dövr üçün nəzərdə tutulan vəzifələr istisna olmaqla, nikaha xitam verilməsi anından nikah müqaviləsinə də xitam verilir. Maddə 40.5. Nikah müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə əqdlərin etibarsız hesab edilməsi üçün nəzərdə tutulmuş əsaslarla məhkəmə tərəfindən tamamilə və ya qismən etibarsız hesab edilə bilər. Maddə 40.6. Müqavilənin şərtləri əri (arvadı) çox əlverişsiz vəziyyətə saldıqda nikah müqaviləsi onun tərəfindən mübahisələndirilə bilər. Nikah müqaviləsinin bu Məcəllənin 38.6-cı maddəsinin digər tələblərini pozan şərtləri əhəmiyyətsizdir və müqavilənin bağlandığı andan etibarsız hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339.2 Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3 Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Maddə 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər.[351] 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının: 8.1. Ailə Məcəlləsinin 38.1-ci maddəsinə əsasən nikaha daxil olan şəxslər öz aralarında nikah dövründə və (və ya) nikah pozulduqda əmlak hüquqlarını və vəzifələrini müəyyən edən saziş – nikah müqaviləsi bağlaya bilərlər. Bu halda onların ayrıca və ümumi əmlakının rejimi həmin müqaviləyə uyğun olaraq müəyyən edilir. Nikah müqavilələri mülki-hüquqi əqd olmaqla mülki qanunvericiliyin əqdlərin bağlanması, ləğvi və etibarsız hesab edilməsi barədə qaydalarına tabedir. 8.2.Nikah müqaviləsi ilə ər-arvad ümumi əmlakın rejimi ilə bağlı qanuna zidd olmayan istənilən razılığa gələ, o cümlədən mövcud və gələcəkdə əldə edəcəkləri birgə əmlakın qanunla müəyyən olunmuş rejimini dəyişə, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər (Ailə Məcəlləsinin 38.2 və 38.3-cü maddələri). 8.3.Öz aralarında nikah müqaviləsi bağlayan şəxslərin müqavilə azadlığı mülki qanunvericilikdə nəzərdə tutulmuş ümumi şərtlərlə yanaşı, Ailə Məcəlləsinin 38.6-cı maddəsində sadalanan hallarla məhdudlaşır, həmin tələbləri pozan müqavilə və ya şərtlər əhəmiyyətsizdir və bağlandığı andan etibarsız hesab edilir (Ailə Məcəlləsinin 40.6- cı maddəsi). 8.4.Nikah müqaviləsi istər nikahadək, istərsə də nikah dövründə bağlana bilər. Müqavilə yazılı formada tərtib olunmalı və notariat qaydada təsdiq edilməlidir. Belə müqavilə nikahadək bağlanmışsa, onun qüvvəyə minməsi nikahın dövlət qeydiyyatına alınmasından asılıdır (tamamlayıcı ünsür). Bu şərtlərə cavab verməyən nikah müqaviləsi Mülki Məcəllənin 329.1-ci maddəsinə əsasən etibarsız (əhəmiyyətsiz) olduğu üçün ərarvadın ümumi əmlakının bölünməsi zamanı hüquqi əsas kimi çıxış edə bilməz. 8.5.Ailə Məcəlləsinin 42.1-ci maddəsi nikah müqaviləsinin bağlanması, dəyişdirilməsi və pozulması barədə ərin (arvadın) üzərinə öz kreditoruna (kreditorlarına) məlumat vermək vəzifəsi qoyur və bu vəzifəni yerinə yetirməyən ər (arvad) nikah müqaviləsinin məzmunundan asılı olmayaraq öz öhdəliklərinə görə məsuliyyət daşıyır. Bu normanın tələbinə əsasən nikah müqaviləsinin bağlanmasından məlumatsız olmuş kreditor (kreditorlar) ər-arvadın əmlakının rejiminin həmin müqavilə ilə dəyişdirilməsinə bağlı deyil və nikah müqaviləsi əsasında borclunun ərinin (arvadının) ayrıca mülkiyyətinə keçmiş əmlaka tutma yönəldilməsini tələb edə bilər. 8.6.Kreditor (kreditorlar), həmçinin mülki qanunvericiliyin tələblərinə uyğun olaraq nikah müqaviləsinin şərtlərinin dəyişdirilməsini və ya onun pozulmasını tələb etmək hüququna malikdir (Ailə Məcəlləsinin 42.2-ci maddəsi). 8.7.Nikah etibarsız sayıldıqda ər və arvad arasında bağlanmış nikah müqaviləsi də Ailə Məcəllənin 38 və 39-cu maddələrinə əsasən etibarsız sayılır (Ailə Məcəlləsi, 28.3-cü maddə). Bununla yanaşı, ailə qanunvericiliyi konkret mübahisənin hallarına əsasən etibarsız nikah nəticəsində hüquqları pozulmuş ərin (arvadın) hüquqlarını nəzərə alaraq, nikah müqaviləsini tamamilə və ya qismən etibarlı hesab edə bilər (Ailə Məcəlləsi, 28.5- cü maddə). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmənin mövqeyi Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyət hüququnun, o cümlədən xüsusi mülkiyyət hüququnun qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13 və 29-cu maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. İlk olaraq, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Tərəflərin izahatlarını işin materialları ilə birlikdə araşdıran məhkəmə bu qənaətə gəlir ki, iddia rədd edilməlidir. Məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Məhkəmənin qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il və T.Qasımovanın şikayəti üzrə xx.xx.2020-ci il tarixli Qərarları). Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə hesab edir ki, müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə yə onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquqi münasibətlərini yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Məhkəmə baxışı iclasında iddiaçı tərəfin izahatlarından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər xx.xx.2021-ci ildə tarixdə rəsmi nikaha daxil olmuşlar, 1216 saylı akt qeydi ilə rəsmi nikah bağlamışlar. Tərəflər arasında öncə nişan mərasimi olmuş, daha sonra isə rəsmi nikah bağlanmışdır. xx.xx.2024-cü ildə 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən reyestrdə 3M-654 № ilə qeyd olunmaqla nikah müqaviləsi təsdiq edilmiş və müqavilə üzrə əmlakların bölünməsi ilə bağlı İddiaçı heç bir bir iddia qaldırmamağı, heç bir tələbinin olmayacağı barədə razılığa gəlmişlər. İddia ərizəsində iddiaçı əqdin etibarsızlığını aşağıdakı dəlillərlə əsaslandırmışdır: - İddiaçı cavabdehə inanaraq və etibar edərək hərəkətlərinin mənasını anlamamışdır; - Cavabdeh Eldəniz oğlu tərəfindən aldadılmışdır. Məhkəmə hər bir dəlilə münasibət bildirərək aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxsdə (şəxslərdə) səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onun (onların) bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Lakin iş materiallarından görünür ki, iddiaçı aldanma ilə bağlı heç bir mötəbər və tutarlı sübutlar təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcu olmalıdır: - Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; - Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; - Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. İddiaçı şüurlu və könüllü surətdə müqaviləni imzalaması nəticəsində ona qarşı aldanmanın hansı formada baş verməsini əsaslandıra bilməmiş, iddia ərizəsində aldanma ilə bağlı göstərdiyi hallar iş materialları ilə də müəyyən edilməmişdir. İddia ərizəsində nikah müqaviləsi bağlandıqdan qısa müddət sonra cavabdehin boşanma üçün məhkəməyə müraciət etməsi, münasibətləri yaxşı olduğundan cavabdehə inanması, iddiaçının nikah müqaviləsini imzalayarkən hüquqi nəticələrini anlamaması qeyd edilmişdir. İddiaçı məhkəmə iclasında uzun müddət uşaqlarının olması üçün müalicə aldığını psixoloji vəziyyətinin gərgin olduğunu, cavabdehə ailəsi tərəfindən boşanması üçün təzyiq edildiyini bildirmişdir. Göründüyü kimi, iddiaçı aldadılmasını müqaviləni imzalaması ilə deyil, əgər cavabdehin boşanma niyyətinin olduğu barədə məlumatlı olsa idi, müqaviləni bağlamayacağı və ya fərqli şərtlərlə bağlayacağı arqumentinin üzərində qurulmuşdur. Bu fikir iddia ərizəsində də əks olunmuşdur. Halbuki, nikah müqaviləsinin şərtlərindən görünür ki, tərəflər nəinki nikah pozulduğqdan sonraki, o cümlədən nikah dövründə mülkiyyət rejimini müəyyən edərək, birgə nikah dövründə hər bir tərəfin adına qeydiyyatdan keçmiş əmlakın tərəfin ayrıca mülkiyyəti hesab ediləcəyini razılaşdırmışdırlar. Müqavilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada, notariat ofisində təsdiq edilmiş, tərəflər müqaviləni şəxsən imzalamış, notarius tərəfindən hüquq və vəzifələri izah edilmişdir. İddiaçı müvafiq müalicələrin nəticəsində ağır psixoloji vəziyyətdə olduğundan hadiələri düzgün qiymətləndirə bilmədiyini bildirsə də, bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Yuxarıda istinad edilən normalarda, o cümlədən Ali Məhkəmə Plenumunun 12 mart 2024-cü il tarixli Qərarında sərgilənən hüquqi mövqedən aydın olur ki, nikah müqaviləsi ilə tərəflər əmlak hüquqlarını və vəzifələrini müəyyən edən saziş - nikah müqaviləsi bağlaya bilmə hüquqlarını təsbit edir. Bu zaman tərəflərin arasında bağlanan müqavilə Ailə Məcəlləsinin 38.6-cı maddəsinin tələblərini pozmamalıdır. Hazıki mübahisə predmeti olan müqavilədə ər-arvadın hüquq və fəaliyyət qabiliyyətini, öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququnu, uşaqlara münasibətdə hüquq və vəzifələrini, eləcə də ər-arvad arasındakı şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyən, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin(arvadın) saxlanılması üçün vəsait almaq hüququnu məhdudlaşdıran, ər-arvaddan birini çox əlverişsiz vəziyyətə salan və ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar nəzərdə tutulması halı müəyyən edilmir. İddiaçı tərəfindən əmlak rejiminin müəyyən edilməsinin iddiaçının əlverişsiz vəziyyətə salınması kimi qiymətləndirilməsi dəlili ilə məhkəmə razılaşmır. Belə ki nikah müqaviləsi institunun mahiyyəti, tərəflərə ailə qanunvericiliyindən fərqli qaydada mülkiyyət rejiminin müəyyən edilməsi imkanının tanınmasıdır. Əks təqdirdə, birgə nikah dövründə əldə edilmiş əmlaklarla bağlı fərqli rejim nəzərdə tutulan istənilən müqavilə şərti etibarsız hesab edilə bilər ki, bu da mülki hüququn təməl pronsiplərindən olan müqavilə azadlığı prinsipinə ziddir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır, iddia ərdd edilməlidir. Mülki işin materiallarında olan CD diskə münasibət bildirən məhkəmə qeyd edir ki, sübutun əldə edilmə üsulu şübhə doğurduğundan, iddiaçı tərəfindən səsin ona məxsus olmadığı bilirildiyindən, həmin səs yazısı mötəbər sübut qismində nəzərə alınmır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin: - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh Eldəniz oğluna qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində 4 saylı Bakı Asan Xidmət mərkəzində Notariat Ofisi cəlb edilməklə) nikah müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar