Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-106/2025 18.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi 6 ünvanında yerləşən 64.35 kv.m. qeyri-yaşayış sahəsinin 29 iyun 2021-ci il tarixindən təhvil verildiyi tarixədək hər ay üçün əldən çıxmış fayda olaraq 2.252.25 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, hesablama zamanı illik inflyasiya faizinin də nəzərə alınması, Cavabdeh MTK-dan iddiaçının xeyrinə əldən çıxan real faydanın qətnamə icra edilən günədək inflyasiya faizi nəzərə alınmaqla tutulması, bu məhkəmə tərəfindən mümkün hesab edilmədikdə iddia ərizəsi verilən gündən hesablanmaqla məhkəmə prosesi gedən dövr üçün də, yəni xx.xx.2024-cü il tarixindən 17 mart 2025-ci il tarixinədək, iddianın dəqiqləşdirilməsi barədə iddia ərizəsi verilən günədək əldən çıxan real faydanın da cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, məhkəmə qətnaməsinin vaxtında ödənilməməsinin iddiaçıya mənəvi iztirablar yaratması, psixoloji təsir göstərməsi və s. hallar nəzərə alınaraq mənəvi zərərin əvəzi olaraq 15000 manat məbləğində pulun, ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2021-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək əldən çıxmış faydanın, mənəvi zərərə görə 15000 manat məbləğində pulun tutulmasını və illik inflyasiya faizinin nəzərə alınmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi 6 ünvanında yerləşən iddiaçının mülkiyyətində olan 49.5 kv.m qeyri-yaşayış sahəsinə dair 164 nömrəli, 24 noyabr 2017-ci il tarixli müqavilə bağlanılmışdır. 24 noyabr 2017-ci il tarixli müqavilənin 1.1.1-ci bəndinə əsasən, “Əmlak mülkiyyətçisi” bu müqaviləyə əsasən 19 sentyabr 2008-ci il tarixində Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin verdiyi 001428 nömrəli şəhadətnamə ilə öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 49.5 kv.m qeyriyaşayış sahəsini sökülmək üçün Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürür. Həmin Müqavilənin 1.1.2-ci bəndinə əsasən, “Tikinti şirkəti” Cavabdeh MMC Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi 6 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi yaşayış kompleksinin Tələt Şıxəliyev küçəsindəki binasında 3 otaqlı, 64.35 kv.m sahəsinin “Əmlak mülkiyyətçisinin” mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Müqavilənin 2.2.3-cü bəndinə əsasən yeni tikiləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə qədər başa çatdıraraq müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini (ünvan 2 ünvanında tikilmiş çoxmənzilli hündürmərtəbəli binanın T.Şıxəliyev küçəsi tərəfindən 64.35 kv.m olan (texniki pasportda göstərildiyi kimi) ən azı küçəyə 9 metr vitrin olmaqla 3 otaqlı qeyriyaşayış sahəsi) “Əmlak mülkiyyətçisi”nə təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilə bağlandığı anda, yəni 24 noyabr 2017-ci il tarixdən ərazi sökülmüş və yeni çoxmənzilli hündürmərtəbəli binanın bünövrəsi qoyulmuşdu. 24 noyabr 2017-ci il tarixli müqavilə əsasında mülkiyyətində olan qeyri-yaşayış sahəsini sökərək yerində hündürmərtəbəli yaşayış binası tikən Cavabdeh MMC 24 aya təhvil verməli olduğu qeyri-yaşayış sahəsini bu günə kimi 71 aydan artıq müddət keçməsinə baxmayaraq təhvil verməkdən qəsdən yayınır. Cavabdeh MTK-nın sədri Şahin Qasımov tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, 37 nömrəli məktubda etiraf etmişdir ki, gecikmə olmuşdur, gecikmə ilə əlaqədar 63.45 kv.m deyil, kompensasiya qismində 70 kv.m qeyri-yaşayış sahəsi təhvil veriləcəyini dair öhdəlik götürmüşdür. Cavabdeh, 24 aya təhvil verməli olduğu qeyriyaşayış sahəsini 10 ay gecikdirməyə görə müqavilədə qeyd olunan sahədən əlavə olaraq 6.55 kv.m sahəni kompensasiya olaraq iddiaçıya verəcəyinə dair razılıq bildirmişdir. Qeyriyaşayış sahəsinin iddiaçıya vaxtında təhvil verilməməsinin əsas səbəbi həmin sahənin başqa şəxslərə icarəyə verilməsi olmuşdur. Bu baxımdan iddiaçı hesab edir ki, hər gecikdirilmiş günə görə cavabdehə ona vurduğu zərərin əvəzini ödəməlidir. Ona görə də İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ilə aralarında bağlanmış 24 noyabr 2017-ci il tarixli, 164 saylı müqaviləyə əsasən ünvan 3 ünvanda tikilmiş çoxmənzilli hündürmərtəbəli binanın Tələt Şıxəliyev küçəsi tərəfindən ümumi sahəsi 64.35 kv.metr olan texniki pasportda göstərildiyi kimi, ən azı küçəyə 9 metr vitrin olmaqla 3 otaqlı qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi, aylıq kirayə haqqına görə 12.000 manat, əldən çıxmış faydaya görə 45.000 manat pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(005)-3550/2021 saylı qətnaməsi ilə (hakim S.Ədilova) iddia qismən təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya 24 noyabr 2017-ci il tarixli, 164 saylı müqavilə üzrə ünvan 3 ünvanda tikilmiş Tələt Şıxəliyev küçəsindəki çoxmənzilli hündürmərtəbəli binadan 3 otaqlı, ümumi sahəsi 64.35 kv.metr olan qeyri-yaşayış sahəsinin təhvil verilməsi öhdəliyi həvalə edilmiş və qalan hissədə iddia rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 dekabr 2022-ci il tarixli, 2(103)-3017/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(005)- 3550/2021 saylı qətnaməsinin qismən-iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, yeni qətnamə qəbul edilməklə həmin hissədə iddianın qismən təmin edilməsi, cavabdehdən əldən çıxmış faydaya görə 45.000 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)-1980/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh MMC-nin kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2022-cü il tarixli, 2(103)-3017/2022 saylı qətnaməsinə-Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən əldən çıxmış faydaya görə İddiaçı xeyrinə 45.000 manat pulun tutulması hissəsində dəyişiklik edilmiş, Cavabdeh MMC-dən əldən çıxmış faydaya görə İddiaçı xeyrinə tutulacaq məbləğ 29.343,60 manat müəyyən edilmiş, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hazırda cavabdeh yenə də qeyri-yaşayış sahəsini təhvil verməkdən imtina edir. Halbuki cavabdehin nümayəndəsi apellyasiya instansiya məhkəməsində (məhkəmə iclasında) qeyd etmişdir ki, qeyri-yaşayış sahəsini 2023-cü ilin iyun-iyul aylarında təhvil verəcəklər. Qeyri-yaşayış sahəsinin təhvil verilməməsinin əsas səbəbi həmin sahənin başqa şəxslərə daha baha qiymətə icarəyə verilməsidir. Ona görə də hesab edirik ki, hər gecikdirilmiş günə görə cavabdeh vurduğu zərərin əvəzini ödəməlidir. Tərəflər arasında əvvəlki iş üzrə apellyasiya instanasiya məhkəməsində zərərin miqdarı müəyyən edilərkən mülki iş materiallarında olan 2021- 2022-ci illərdə tərtib olunmuş rəylərə əsaslanaraq 1 kv.metr üçün aylıq icarə haqqının məbləğini 24 manat müəyyən etmişdir. Hazırda qeyri-yaşayış sahəsinin hazırki aylıq icarə haqqı, qeyri-yaşayış sahəsinin mövcud vəziyyəti, yerləşdiyi ərazi, ümumi sahəsi, tikilinin konstruksiyası, aşınması və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 64,35 kv.m olan, 3 otaqlı, qeyri yaşayış sahəsinin 31 avqust 2023-ci il tarixinə aylıq icarə haqqı 35 manat təşkil edir. Sadalanan məhkəmə qətnamələri və Ali Məhkəmənin qərarı ilə müəyyən olunmuşdur ki, iddiaçı mülkiyyətində olan 49,5 kv.metr qeyri-yaşayış sahəsini sökmək üçün cavabdehə təhvil verdiyi halda, sonuncu müqavilə ilə razılaşdırılmış qaydada, müddətdə, yəni 24 ay ərzində yeni tikilən binadan 3 otaqlı, ümumi sahəsi 64.35 kv.metr olan qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməməklə öhdəliyini pozmuşdur. Məhkəmə həmin qərarı ilə müəyyən etmişdir ki, cavabdeh ümumi sahəsi 64.35 kv.metr olan qeyri-yaşayış sahəsini 24 noyabr 2019-cu il tarixədək tikib iddiaçıya təhvil verməməklə onun həmin obyektə münasibətdə hüququnu pozmuşdur və nəticədə iddiaçı, iddia ilə məhkəməyə müraciət etdiyi 29 iyun 2021-ci il tarixədək ötən 19 ay müddət üçün ümumi sahəsi 64.35 kv.metr olan qeyri-yaşayış sahəsindən adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Belə ki, cavabdehin müqavilə üzrə öhdəliyini pozması nəticəsində iddiaçı, adi mülki dövriyyə şəraitində son 30 ay üçün deyil, 19 ay, yəni sözügedən müqavilənin müddətinin bitdiyi 24 noyabr 2019-cu il tarixdən hazırki iddia ilə məhkəməyə müraciət olunduğu 29 iyun 2021-ci il tarixədək olan müddət üçün əldə edəcəyi gəlirlərdən (əldən çıxmış faydadan) məhrum olmuşdur. Ona görə də iddiaçının həmin müddət üçün əldə edilməmiş gəlirlərinin məbləği, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyini güman etdiyi gəlirlərin real (həqiqi) məbləği ilə müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa müvafiq izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Cavabdeh MTK məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməməsinin üzrlü səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyərək, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - MH seriyalı 017173 saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Talat Şıxaliyev küçəsində istifadədə olan 0.10637 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci mərtəbəsində 49.5 kv.m ümumi, 45.9 kv.m əsas, 3.6 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 52 nömrəli reyestr kitabının 4865 nömrəli vərəqində qeydiyyata alınmışdır; - “Tikinti şirkəti” Cavabdeh MTK ilə “Əmlak mülkiyyətçisi” İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 164 saylı müqavilənin surətindən görünür ki, əmlak mülkiyyətçisi” bu Müqaviləyə əsasən xx.xx.2008-ci il tarixində Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin verdiyi № 001428 saylı şəhadətnamə ilə öz mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi 6 ünvanında yerləşən 49.5 kv.m qeyriyaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş qeyriyaşayış sahəsini qəbul etməyi öhdəsinə götürür. “Tikinti şirkəti” Cavabdeh MMC Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi 6 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi yaşayış kompleksinin Tələt Şıxəliyev küçəsindəki binasında 3 otaqlı 64,35 kv.m qeyri-yaşayış sahəsini “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürür; - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1980/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(005)- 3550/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya 24 noyabr 2017-ci il tarixli, 164 saylı müqavilə üzrə ünvan 3 ünvanda tikilmiş Tələt Şıxəliyev küçəsindəki çoxmənzilli hündürmərtəbəli binadan 3 otaqlı, ümumi sahəsi 64.35 kv.metr olan qeyri-yaşayış sahəsinin təhvil verilməsi öhdəliyi həvalə edilmiş və qalan hissədə iddia rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 dekabr 2022-ci il tarixli, 2(103)- 3017/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(005)-3550/2021 saylı qətnaməsinin qismən-iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, yeni qətnamə qəbul edilməklə həmin hissədə iddianın qismən təmin edilməsi, cavabdehdən əldən çıxmış faydaya görə 45.000 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qərarla Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətin kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 dekabr 2022-cü il tarixli, 2(103)-3017/2022 saylı qətnaməsinə-Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətdən əldən çıxmış faydaya görə İddiaçı xeyrinə 45.000 manat pulun tutulması hissəsində dəyişiklik edilməsi, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən əldən çıxmış faydaya görə İddiaçı xeyrinə tutulacaq məbləğ 29.343,60 manat müəyyən edilməsi qərara alınmışdır; - Cavabdeh MTK-nın İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, 164 saylı xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MTK şirkəti öhdəlik üzrə İddiaçı 3 otaqlı 64.35 m2 qeyri-yaşayış sahəsini verməyi üzərinə öhdəlik götürmüşdür. Lakin köçürmə ilə əlaqədar baş verən gecikmə səbəbi ilə üzərimizə götürdüyümüz öhdəliyi vaxtında yerinə yetirə bilməmişik. Baş vermiş gecikmə ilə əlaqədar sizdən üzr istəyir və kompensasiya olaraq sizə 64.35 deyil, 70 m2 qeyri-yaşayış sahəsi veriləcəkdir; - "xxxx" MMC-nin 0143 saylı hesabatından görünür ki, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən təhvil verilməli olan Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi 6 ünvanında yerləşən 64.35 kv.m qeyriyaşayış sahəsi hazırda mövcud olsa idi, 1 kv.metrin aylıq icarə haqqı tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 36 manat müəyyən olmuşdur. Qiymətləndirmə xərci 400 manat təşkil etmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4375 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Ekspertiza təyini haqqında qərardadda qeyd edilən Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi 6 ünvanında yerləşən, ümumi sahəsi 64,35 m2 olan qeyri-yaşayış sahəsinin və oxşar şəraitli qeyri-yaşayış sahəsinin aylıq icarə haqqının orta bazar qiyməti təxminən 1500,00 manat, 1 m2-nin qiyməti isə təxminən 23,30 manat (1500 : 64,35) müəyyən edilir. Ekspertiza xərci 100 manat təşkil etmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8365 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda qeyd edilən Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi 6 ünvanında yerləşən və həmin ərazidə yerləşən oxşar şəraitli qeyri- yaşayış sahəsinin 1 m2-nin aylıq icarə haqqının orta bazar qiyməti təxminən 27,00 manat, 64,35 m2-nin qiyməti isə təxminən 1742,00 manat müəyyən edilir. Ekspertiza xərci 50 manat təşkil etmişdir.. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi 6 ünvanında yerləşən iddiaçının mülkiyyətində olan 49.5 kv.m qeyri-yaşayış sahəsinə dair 164 nömrəli, 24 noyabr 2017-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı qeyd edilən sahəni cavabdehə sökülmək üçün təhvil verməyi, cavabdeh isə razılaşdırılan müddətdə yeni tikiləcək binadakı müvafiq sahəni iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilə şərtləri yerinə yetirilməmiş, qeyri-yaşayış sahəsi hazırki dövrədək iddiaçıya təhvil verilməmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə qeyri-yaşayış sahəsinin təhvil verilməli olduğu 24 noyabr 2019-cu il tarixindən 29 iyun 2021-ci il tarixinədək ötən 19 ay müddət üçün əldən çıxmış faydaya görə hər ay 1500 manat olmaqla, cəmi 29343,60 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı qeyri-yaşayış sahəsinin bugünədək təhvil verilmədiyinə əsaslanaraq xx.xx.2021-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək əldən çıxmış faydanın, mənəvi zərərin tutulmasını və illik inflyasiya faizlərinin nəzərə alınmasını xahiş edir. Qeyri-yaşayış sahəsinin təhvil verilməməsi işin mübahisələndirilməyən halıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443-cü maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur. Mülki Məcəllənin 567 və 568.1-ci maddələrinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki Məcəllənin 569.1-ci maddəsinə görə satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Hazırki mülki iş üzrə cavabdeh tərəfindən müqavilə öhdəliklərinin lazımınca yerinə yetirilməməsi və nəticədə iddiaçıya zərər dəyməsi daha öncə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1980/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış 24 noyabr 2017-ci il tarixli, 164 saylı müqaviləyə əsasən iddiaçı, 19 sentyabr 2008-ci il tarixli çıxarışla mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, istifadədə olan 0,10637 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 49,5 kv.metr olan qeyri-yaşayış sahəsini sökmək üçün cavabdehə təhvil verməyi, sonuncu isə sözügedən qeyri-yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa edəcəyi yaşayış kompleksinin Tələt Şıxəliyev küçəsində olan binadan iddiaçının mülkiyyətinə 3 otaqlı, ümumi sahəsi 64.35 kv.metr olan qeyri-yaşayış sahəsini verməyi öz öhdəsinə götürmüş və tikinti işlərinin 24 ay müddətinə tam başa çatdırılması nəzərdə tutulmuşdur. Сavabdeh ümumi sahəsi 64.35 kv.metr olan qeyri-yaşayış sahəsini 24 noyabr 2019-cu il tarixədək tikib iddiaçıya təhvil verməməklə onun həmin obyektə münasibətdə hüququnu pozmuşdur və nəticədə iddiaçı, iddia ilə məhkəməyə müraciət etdiyi 29 iyun 2021-ci il tarixədək ötən 19 ay müddət üçün ümumi sahəsi 64.35 kv.metr olan qeyri-yaşayış sahəsindən adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Hazırda iddiaçı qeyri-yaşayış sahəsi təhvil verilmədiyindən xx.xx.2021-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək əldən çıxmış faydanın hesablanaraq ona ödənilməsini xahiş edir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən məhkəmə prosesi ilə məhz xx.xx.2021ci il tarixədək müvafiq hesablamalar aparılaraq əldən çıxmış fayda cavabdehdən tutulduğundan, hazırda həmin tarixdən sonrakı dövr üzrə qeyd edilən faydanın tutulmasını tələb etməkdə iddiaçı haqlıdır. Belə ki, Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 443-cü maddəsinin məzmununa əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Qeyd edilməlidir ki, məhkəmə tərəfindən bir neçə dəfə ekspertiza keçirilmiş, sözügedən ərazidə qeyri-yaşayış sahələrinin 1 kv.metrinin dəyərinin təqribən 23-36 manat civarında olduğu müəyyən edilmişdir. Məhkəmə tərəfindən keçirilmiş sonuncu ekspertiza - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8365 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi 6 ünvanında və həmin ərazidə yerləşən oxşar şəraitli qeyri-yaşayış sahəsinin 64,35 m2-nin qiyməti təxminən 1742 manat müəyyən edilmişdir. Belə olan təqdirdə məhkəmə həmin rəyi daha mötəbər sübut kimi qəbul edərək hesab edir ki, əldən çıxmış fayda məhz yuxarıda qeyd edilən dövr üzrə və hər ay üçün 1742 manat olmaqla hesablanmalı, 45 ay üçün ümumilikdə 78390 manat məbləğində pul cavabdehdən tutulmalıdır. Mənəvi zərərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə uyğun olaraq, mənəvi təzminat hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Bundan əlavə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Göründüyü kimi, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2002-ci il 31 may tarixli Qərarı). Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddiaçının qeyri-yaşayış sahəsindən məhrum olması, cavabdehlə bağlanmış müqavilənin vaxtında icra edilməməsi, dəfələrlə məhkəməyə müraciət etmək məcburiyyətində qalması nəticəsində əziyyət çəkməsi şübhəsizdir və o, bütün bunlar nəticəsində yaşadığı stress və əziyyətlərlə bağlı mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirabın xarakteri və dərəcəsini, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq iddiaçıya dəymiş mənəvi zərərin məbləğinin 2000 manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. İnflyasiya faizinin tətbiqi ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə pul ödənilməsi nəzərdə tutulmadığından və ödənilməli olan pul məbləği hazırki qətnamə ilə müəyyən edildiyindən, müvafiq məbləğə inflasiya faizlərinin tətbiq edilməsi qanunauyğun hesab edilə bilməz. Yalnız qətnamə qanuni qüvvəyə mindikdən sonra qət edilmiş pul məbləği ödənilməzsə və ya ödənilməsi gecikdirilərsə iddiaçı müvafiq iddia qaldırmaq hüququna malikdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MTK-dan əldən çıxmış faydaya görə 78390 manat, mənəvi zərərə görə 2000 manat olmaqla, cəmi 80390 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 100 manat pul iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin ekspertiza tədqiqatlarının dəyəri olan 150 manat məbləğində pul Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, qiymətləndirmə tədqiqatının dəyəri olan 400 manat məbləğində pul Cavabdeh MTK-dan tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MTK-dan əldən çıxmış faydaya görə 78390 manat, mənəvi zərərə görə 2000 manat olmaqla, cəmi 80390 (səksən min üç yüz doxsan) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul Cavabdeh MTK-dan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, müxbir hesabAZ41NABZ013601**********3944) ödənilsin. Qiymətləndirmə tədqiqatının dəyəri olan 400 (dörd yüz) manat məbləğində pul Cavabdeh MTK-dan tutularaq "xxxx" MMC-nin hesabına (hesab/İBAN AZ74RBTA********************, Rabitə Bank ASC, KOD 507280, müxbir hesab AZ61NABZ013501**********6944, SWİFT RBTAAZ22) ödənilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-106/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-106/2025
18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver