Məhkəmə qərarları › İş №e-2(005)-1072/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1072/2024

27.02.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1072/2024 27.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti cəlb edilməklə) “iş vaxtından artıq işləməyə görə pul tələbi və gecikdirilmiş günlər üçün ödəncin tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti cəlb edilməklə) “iş vaxtından artıq işləməyə görə pul tələbi və gecikdirilmiş günlər üçün ödəncin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı Çinar Soyuducuları Açıq Səhmdar Cəmiyyətindən iddiaçını iş vaxtından əlavə çalışdırdığı vaxt üçün 39 078 (otuz doqquz min yetmiş səkkiz) manat pul tutularaq İddiaçı ödənilməsi, cavabdeh Bakı Çinar Soyuducuları Açıq Səhmdar Cəmiyyətindən əmək haqqının ödənilməsini gecikdirdiyi günlər üçün ödənc məbləği hesablanması və məbləğ cavabdeh Bakı Çinar Soyuducuları Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi, 300 manat hüquqi xidmət xərci və 50 manat mediasiya xərci cavabdeh Bakı Çinar Soyuducuları Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh Bakı Çinar Soyuducuları ASC-nin arasında xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək qeyrirəsmi əmək müqaviləsi mövcud olmuş və tərəflər arasında xx.xx.2021-ci ildə isə rəsmi əmək müqaviləsi bağlanmışdır. Rəsmi əmək müqaviləsinə əsasən iddiaçı həftədə 40 saat çalışmalı, onun əmək haqqısı isə aylıq 180 manat olmalı idi. xx.xx.2022-ci il tarixdə iddiaçının əmək müqaviləsinə cavabdeh tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə xitam verildi. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)- 3361/2022 saylı qətnaməsi ilə işə bərpa olundu və hal hazırda iddiaçı həmin müqavilə əsasında cavabdeh ASC-də çalışır və hal hazırda iddiaçının maaşı 345 manatdır. Qeyd edilir ki, cavabdeh ASC, müqavilə üzrə iddiaçının həftədə 40 saat, ayda 160 saat çalışdırıb ona aylıq 345 manat maaş verməli olduğu halda, həftədə 72 saat, ayda isə 288 saat çalışdırıb yenə 345 manat maaş vermişdir. Cavabdehin bu hərəkəti iddiaçının hüquqlarını pozmuş, onun iş saatından əlavə çalışdırmış, lakin əmək haqqını isə ödəməmişdir. Bu proses hal-hazırkı vaxta qədər davam edir. İddiaçı bu iddia ərizəsini məhkəməyə verərək xahiş edir ki, xx.xx.2018-ci il tarixdən bu günə qədər cavabdehin çalışdırdığı, lakin ödəmədiyi əlavə iş vaxtları üçün ödəniş cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilsin. Cavabdeh iddiaçını 5 il 11 ay (xx.xx.2018xx.xx.2023), yəni 71 ay (təxminən 284 həftə) çalışdırıb. O, həftə 40 saat, ayda 160 saat çalışmalı olduğu halda, cavabdeh iddiaçını həftədə 72 saat, ayda isə 288 saat, yəni 32 saat, ayda isə 128 saat artıq çalışdırıb. İddiaçının hal hazırda aldığı əmək haqqı 343 manatdır. Cavabdeh "xxxx" ASC-nin İdarə Heyətinin sədri Eytibar Abdullayev iddia tələbinə qarşı məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddia ərizəsinin qismən sonuncu bir il ərzində ödənilməmiş 2064,00 mаnat əmək haqqının ödənilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsində göstərmisdir ki, ASC-də xx.xx.2018-ci il tаriхdən xx.xx.2021-ci il tarixədək əmək müqaviləsi оlmаdаn işləmişdir. xx.xx.2021-ci il tarixdən isə əmək müqaviləsi bağlayaraq işləyir. Onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmiş, lakin Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-3361/2022 saylı qətnaməsi ilə işə bərpa olunaraq cavabdeh ASC-də çalışır və hal-hazırda maaşı 345 manatdır. Cavabdeh ASC, müqavilə üzrə iddiaçını həftədə 40 saat, ayda 160 saat çalışdırıb ona aylıq 345 manat maaş verməli olduğu halda, həftədə 72 saat, ayda isə 288 saat çalışdırıb yenə 345 manat maaş vermişdir. ASC onu iş saatından əlavə çalışdırmış, lakin əmək haqqını ödəməmişdir. Bu proses hal-hazırkı vaxta qədər davam edir. Məhkəmədən, həftədə 40 saat işləməli olduğu halda 72 saat işləmiş, 5 il 11 ay müddətində ona əlavə iş vaxtı üçün ödənilməyən həftədə 32 saat, ayda 128 saat iş vaxtından əlavə ödənilməyən 39.078 manat məbləğində pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Belə ki, iddiaçı iddia ərizəsində Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-3361/2022 saylı qətnaməsinə istinad etmişdir. Qeyd edilir ki, həmin qanuni qüvvədə olan qətnamədən müəyyən olunur ki, iddiaçı məhkəməyə müraciət edərək,xx.xx.2021-ci il tarixədək, yəni əmək müqaviləsi bağlamadan ona hər ay minimum əmək haqqları 250 manat olduğu halda 180 manat əmək haqqı verildiyini bildirərək, 70 manat fərqin ödənilməsini tələb etmiş və 25 aylıq dövr üçün ASC-dən cəmi 1750 manat pul tutulmasını xahiş etmişdir. Məhkəmə qətnamədə iddianın həmin hissəsi ilə əlaqədar göstərmişdir ki, məhkəmə iddianın "ödənilməmiş 1750 manat əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi" hissəsində qeyd edir ki, iddiaçı tərəfindən göstərilən məbləğ əmək müqaviləsinin rəsmiləşdirilmədiyi dövrdə, yəni xx.xx.2021-ci ilədək ona minimum əmək haqqından az miqdarda ödənilmiş əmək haqlarının tamamlanması, yəni ödənilməyən hissələrin ödənilməsi ilə bağlıdır. Məhkəmə iclasında tərəflərin izahatından və iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, cavabdeh 721,60 manat məbləğində borcunun olduğunu qəbul etmiş və buna dair məhkəməyə müvafiq arayış təqdim etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı müvafiq iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni qalan məbləğin ona ödənilmədiyini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, əksinə iş materiallarına əlavə edilmiş ərizəyə əsasən, müvafiq dövlət orqanına heç bir şikayətinin olmaması və tələbləri ödənildiyindən şikayətinin geri götürməsi barədə məktub ünvanlamışdır. Cavabdehin iddianı bu hissədə qismən etiraf etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli və cavabdehdən 721,60 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Qeyd edilir ki, iddiaçı həmin dövrdə öz xahişi ilə əmək müqaviləsi rəsmiləşdirmədən işləmişdir və ona gördüyü işin müqavilində razılaşdırılan əmək haqqları ödənildiyinə görə o yalnız "ödənilməmiş 1750 manat əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi"ni xahiş etmişdir. Məhkəmə isə İddiaçı qalan məbləğin ona ödənilmədiyini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyini qeyd edərək cavabdehin etiraf etdiyi məbləğin ödənilməsini təmin edərək iddia ərizəsini qismən təmin etmişdir. Göründüyü kimi İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək müqaviləsi rəsmiləşdirilmədən işlədiyi müddət üzrə ödənilməyən əlavə əmək haqlarının almadığına dair əsassız tələb irəli sürmüşdür. İddiaçının xx.xx.2021-ci il tarixdən əmək müqaviləsi bağlayandan sonra onu həftədə 40 saat əvəzinə 72 saat işlədərək 32 saatın əmək haqqlarının ödənilmədiyinə dair isə bildirilir ki, iddiaçı xx.xx.2021-ci il tarixdən əmək müqaviləsinə əsasən ASC-də "Mühafizə şöbəsində gözətçi vəzifəsində işləmişdir və hal-hazırda 345 manat əmək haqqı alır. 0, bir sutka işləyərək iki sutka işləmir. İşdə olduğu hər 24 saat ərzində hər 4 saatdan bir 1 saat nahar fasiləsi nəzərdə tutulmuşdur və həmin 4 saat Əmək Məcəlləsinə əsasən iş saatı kimi nəzərdə tutulmur. Şikayətçinin sutka ərzində faktiki işdə olduğu müddət 24 saat - 4 saat nahar fasiləsi=20 saat Faktiki olaraq şikayərçi ayda 10 sutka işdə olmaqla hər ay cəmi (lOsutka x 20 saat=200 saat) 200 saat işləmişdir. Aylıq iş saatı normasi 160 saat olmaqla (200 saat - 160 saat=40 saat) 40 saat olmaqla şikayətçi hər ay 40 saat iş vaxtı normasından əlavə işləmişdir. Son bir ildə (12 ay x 40 saat=480 saat) 480 saat iş vaxtından əlavə işlədiyi aydındır. Şikayətçinin əmək haqqı 345,00 manat olmaqla onun bir saatlıq əmək haqqı (345:160 saat=2-15 manat) 2.15 manatdır. Şikayətçinin iş vaxtından əlavə işlədiyi saatların son bir ildə (12x40=480 saat) 480 saat olduğundan ona ödəniləcək məbləğ (480x2.15=1032 manat) 1032 manat təşkil edir. Əlavə iş saatlarına görə ödəniləcək məbləğ faktiki tarif dərəcəsinin 2 misli miqdarında olduğundan son nəticədə ona ödəniləcək məbləğ (1032-00x2=2064-00) 2064-00 manat olacaqdır. ASC-nin əmri ilə iddiaçı 27 noyabr 2023-cü il tarixdən həftədə 40 saat işləməsi nəzərdə tutulmuşdur və həmin vaxtdan onun əlavə işləməsinə yol verilmir. Hesab edilir ki, iddiaçı pul tələbinə dair iddia müddətini ötürdüyünə görə yalnız xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 2064,00 manat ödənilməmiş əlavə əmək haqqını ala bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia tələbi ilə eyniməzmunlu izahat verib, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 yazılı etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin qismən təmin edilməsini, ödənclərin tutulması hissəsində isə qanunvericiliyin tələbləri nəzərə alınmaqla, qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 3361/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı işə bərpa, əmək haqqının ödənilməsinə dair iddia tələbi qismən təmin edilmiş, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli, 5 nömrəli əmrin ləğv edilməsi, İddiaçı xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən əvvəllər tutduğu "xxxx" ASC-də “mühafizə şöbəsinin gözətçisi” vəzifəsinə bərpa edilməsi və ona xx.xx.2022-ci il tarixindən hesablanmaqla işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, "xxxx" ASC-dən 721,60 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. - xx.xx.2023-cü il tarixli MŞB/9/2023-02253 nömrəli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı İMS-də iştirak etmiş və 50 manat mediasiya xərcini ödəmiş, ASC-nin nümayəndəsi isə iştirak etməmişdir. - “İşçi” İddiaçı ilə “İşəgötürən” "xxxx" ASC arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı həmin ASC-də mühafizə şöbəsinə gözətçi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək bağlanmışdır. - "xxxx" ASC-nin sədri Eytibar Abdullayev tərəfindən AR ƏƏSMN yanında X1 Xidməti Bakı şəhər İdarəsinə ünvanlanan məktubun surətindən görünür ki, İddiaçı öz şikayət ərizəsini geri götürmək üçün X1 Xidməti Bakı şəhər İdarəsinə xx.xx.2021-ci il tarixdə teleqram vurmuş, eyni zamanda xx.xx.2021-ci il tarixdə İddiaçı "xxxx" ASC-nin sədrinə ünvanladığı məktubda hazırda müəssisəyə qarşı heç bir iddiası və şikayəti olmadığını bildirmişdir. - İddiaçı tərəfindən AR ƏƏSMN yanında X1 Xidmətinə ünvanlanan xx.xx.2021-ci il tarixli müraciət məktubundan müəyyən olunur ki, İddiaçı rəsmi işə götürüldüyünü və 250 manatdan 3 illik məzuniyyət pulu ödənildiyi üçün "xxxx" ASC-yə qarşı heç bir şikayəti olmadığını bildirmişdir. - İddiaçı hesablanmış əmək haqqına dair əmək haqqı cədvəlindən çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı 1305.01 manat əmək haqqı hesablanmış, 1219.86 manat ödəniləcək əmək haqqı qeyd olunmuşdur. - Sosial arayışın surətindən müəyyən olunur ki, İddiaçı xxxxxxx000101 nömrəli əmək müqaviləsinə əsasən "xxxx" ASC-də 300 AZN əmək haqqı almaqla, xxxxxxx000100 nömrəli əmək müqaviləsinə əsasən isə 250 AZN əmək haqqı almaqla, mühafizə şöbəsində gözətçi vəzifəsində çalışmışdır. Məhkəmə iclasında tərəflərin izahatlarından və mülki işə əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şifahi razılaşma əsasında əmək münasibətləri mövcud olmuşdur. İşəgötürən - "xxxx" ASC ilə İşçi - İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsi ilə İddiaçı mühafizə şöbəsində gözətçi vəzifəsinə təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının əmək müqaviləsinə cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-3361/2022 saylı qətnaməsinə əsasən "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli, 5 nömrəli əmrin ləğv edilməsi, İddiaçı xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən əvvəllər tutduğu "xxxx" ASC-də “mühafizə şöbəsinin gözətçisi” vəzifəsinə bərpa edilməsi və ona xx.xx.2022-ci il tarixindən hesablanmaqla işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, "xxxx" ASC-dən 721,60 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı xx.xx.2018-ci ildən xx.xx.2023-cü ilədək cavabdehdən cavabdehdən qanunla müəyyən edilmiş iş vaxtından artıq işlədildiyinə görə (həftədə 32 saat) 39078 manat pul və əmək haqqının ödənilməsini gecikdirdiyi günlər üçün ödənc məbləğinin hesablanaraq ona ödənilməsini tələb edir. Cavabdeh tərəfin nümayəndəsi isə iddia tələbini qismən qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 9-cu maddəsinin e bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək hüququ vardır. Tam iş vaxtı - müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. (ƏM-nin 89-cu maddənin 1,2 və 3-cü bəndləri) 99.1-ci maddəsinə əsasən, iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. 102.1-ci maddəsinə əsasən, işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. 102.2-ci maddəsinə əsasən, iş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir. 154.1-ci maddəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 157.1-ci maddəsinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. 157.3-cü maddəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. 165.1-ci maddəsinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. Əvvəla, məhkəmə iddianın dəlilləri ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 7-ci maddəsinin “a” yarımbəndinə əsasən, hər bir üzv dövlət bütün zəhmətkeşlər üçün ədalətli əmək haqqını tanıyır və təmin edir. Həmçinin, “Əmək haqqının mühafizəsi haqqında” Konvensiyasının 12-ci maddəsində nəzərdə tutulur ki, əmək haqqı müntəzəm surətdə ödənilməlidir. Eyni zamanda Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, əmək haqqı- müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir (Əmək Məcəlləsinin 172-ci maddəsinin 1, 2 və 4-cü hissələri). Həmin Məcəllənin 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Beləliklə, işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq və əmək müqaviləsi ilə razılaşdırılmış iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirməkdən ibarətdir. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməli, habelə işçinin istirahət hüququ, sağlamlığı və s. kimi hallar işəgötürən tərəfindən gözlənilməlidir. Əmək müqaviləsinin şərtlərindən biri işçinin həftəlik normal iş vaxtı müddətində işləməsi və buna görə vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı müddətində işləməsi və hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər. Belə olan halda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki iş materiallarından göründüyü kimi iddiaçıya iş vaxtından əlavə işləməsi dəlilini təkzib edən hər hansı mötəbər sübutlar mövcud deyil, o cümlədən, cavabdeh tərəfin məhkəmə iclasında verdiyi izahatlarında da bu hal öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 1 və 4-cü bəndlərinə əsasən, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Məhkəmə, iddia müddətinin tətbiqinə dair ərizəyə qiymət verilməsindən öncə aşağıdakıları qeyd edir. Bu baxımdan məhkəmə, iddiaçı ilə cavabdeh cəmiyyət arasında xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasında mülki hüquqi müqavilələrin rəsmiləşdirilməməsini nəzərə alıb, belə qənaətə gəlir ki, əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq rəsmiləşdirilməsə də, bu şəxslərlə cavabdeh cəmiyyət arasında nəticə etibarı ilə cavabdeh cəmiyyətin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı münasibətlər yaranmışdır. Bu səbəbdən həmin xx.xx.2018xx.xx.2021-ci il tarixləri arasındakı münasibətlər əmək münasibətləri hesab edilməlidir. Bu hal Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-3361/2022 saylı qətnaməsindəki iş materialları, o cümlədən cavabdehin 721,60 manat məbləğində ödənilməmiş əmək haqqı qalığının olması barədə etirafı və s.dən görünür. (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 20 oktyabr 2023-cü il tarixli Qərarı) Məhkəmə, cavabdeh cəmiyyətin iddia müddətinin tətbiqinə dair ərizəsini əsas götürüb hesab edir ki, iddiaçının xx.xx.2018-xx.xx.2022-ci il tarixinədək olan müddət üçün tələblərinə iddia müddəti tətbiq edilməli, iddiaçının bir saatlıq vəzifə maaşının 2,15 manat olması, o cümlədən cavabdehin etiraz ərizəsində əlavə iş saatlarına görə ödəniləcək məbləğin 2064 manat olduğunu etiraf etməsi nəzərə alınmalıdır. İddia tələbindən göründüyü kimi, iddiaçı mediasiyaya xx.xx.2023-cü il tarixdə müraciət etdiyindən xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün əmək haqqını tələb etməsi üçün qanunla müəyyənləşdirilmiş iddia müddətini ötürmüşdür. Lakin iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üçün iddia müddəti ötürülmədiyindən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə olan halda məhkəmə işin hallarını əsas götürərək hesab edir ki, iddia tələbi xx.xx.2022-ci il - xx.xx.2023-cü il tarixləri üçün ödənilməmiş əlavə iş saatlarına görə cəmi 2064 manat ödəniləcək əmək haqqının tutulması hissəsində əsaslıdır. Yuxarıda sadalananların kontekstində məhkəmə, iddiaçının “iş saatından artıq işlədildiyini müvafiq dövlət orqalarına müraciət etdiyi tarixindən məlumatlı olması” barədə dəlilinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, işçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. Göründüyü kimi, iddiaçı məhz elə həmin vaxtdan iş vaxtından artıq işlədildiyini bilmiş, lakin bununla bağlı mediasiyaya 1 illik iddia müddətini ötürməklə müraciət etmişdir. Bununla belə, iddiaçının əmək müqaviləsi rəsmiləşdirilmədən işlədiyi müddət üçün də iddia müddəti ötürülmüşdür. Belə ki, həmin vaxtda iddiaçıya iş vaxtından artıq işlədildiyi bəlli olmasa da, əmək müqaviləsi bağlandığı tarixdən yəni xx.xx.2021-ci il tarixdən sonra həmin hal iddiaçıya məlum idi. Beləliklə, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilməklə, iddianın əvvəlki müddətlərə görə rədd edilməsi, yalnız son bir il üçün təmin edilməsi xahiş edilmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçıya müvafiq aylar üzrə sonuncu bir il üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 165-ci maddəsinin 1-ci bəndinə əsasən, cavabdeh tərəfindən iddiaçıya iş vaxtından artıq işlədiyi müddət üçün əmək haqqı ödənilməlidir. Məhkəmə iddia tələbinin “əmək haqqının ödənilməsinin gecikdirildiyi günlər üçün ödəncin tutulması” hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qanunun yuxarıda qeyd olunan normasının tələbindən göründüyü kimi, əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsi halında hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi, bu halın fərdi əmək mübahisəsi yaratmaması ilə şərtləndirilmişdir. Qeyd olunmalıdır ki, şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.). Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, işəgötürənin təqsiri üzündən gecikdirilmiş əmək haqqına görə müvafiq dövr üçün bir faiz ödəncin verilməsi tələbinin məsələ ilə bağlı fərdi əmək mübahisəsinin yaranmış olması əsası ilə rədd olunması Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində müəyyən olunan müddəanın məqsədinə zidd olmaqla, işçiləri gecikdirilən vaxta görə qanunla təsbit edilmiş ödənci tələb etmək hüququndan da məhrum edir. Odur ki, əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi qaydası fərdi əmək mübahisəsi yarandığı halda da tətbiq edilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5ci hissəsinin ikinci cümləsi onu ifadə edir ki, ödənc verilməsi mübahisə yaradarsa, onun həlli Əmək Məcəlləsinin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Yəni ödəncin verilməsi barədə mübahisəyə xüsusi qaydada “Əmək mübahisələri” bölməsində müəyyən edilmiş prosedura uyğun baxılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, işçinin əmək haqqının gecikdirilməsinə görə ödənc barədə işəgötürənə qarşı tələbinə pul xarakterli tələb olaraq Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilən bir illik müddət tətbiq olunmalıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: - Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir; - Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 301-ci maddəsinin 1-ci bəndinə əsasən fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. Əmək Məcəlləsinin 301-ci maddəsinin 2-ci bəndinə əsasən məhkəmənin fərdi əmək mübahisəsinin həlli barədə çıxardığı qərar cavabdeh tərəfindən icra edilmədikdə, yaxud icraya müvafiq vəzifəli şəxs və digər fiziki şəxs tərəfindən mane olunduqda bununla əlaqədar işçiyə dəyən maddi ziyanın ödənilməsi barədə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanması üçün hakim tərəfindən tədbirlər görülməlidir. Beləliklə, məhkəmə onu da qeyd edir ki, iddia tələbi əmək haqqının gecikdirilməsinə görə ödəncin tutulması hissəsində yuxarıda qeyd olunanlara əsasən qismən əsaslıdır. Belə ki, göründüyü kimi iddia tələbi 2064 manat ödənilməmiş əmək haqqının tutulması hissəsində təmin edilmişdir. Bu səbəbdən də hazırda iddiaçının həmin məbləğdə əmək haqqının gecikdirilməsi ilə bağlı azı bir faiz məbləğdə ödənc tutulmasını tələb etmək hüququ yaranmışdır. Belə olanda məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2018-xx.xx.2022-ci il tarixinədək olan müddət üçün tələblərinə iddia müddəti tətbiq edildiyindən, cavabdeh tərəfindən iş vaxtından artıq işlənilmiş vaxta üçün əmək haqqının gecikdirilməsinə görə xx.xx.2022-ci tarixdən xx.xx.2023-cü il tarixinədək olmaqla hər gün üçün 1% ödənc hesablanaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə iş vaxtından artıq 2064 manat məbləğində əmək haqqı və xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixinədək iş vaxtından artıq işlənilmiş vaxta görə hesablanmış 2064 manat pul vəsaitinin 1 %-i məbləğində ödənc İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (AR MPM 14.2, 77.1, 88-ci və 217.4-cü maddələri) Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Bundan başqa məhkəmə iddia tələbi üzrə hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır və qismən təmin edilərək hüquqi yardıma görə ağlabatan məbləğdə yəni 150 manat məbləğində pul, eyni zamanda iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının “Dövlət rüsumu” haqqında Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdeh cəmiyyətdən 40,64 manat dövlət rüsumu tutularaq, Dövlət büdcəsinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 2064 manat məbləğində əmək haqqı, 150 (yüz əlli) manat vəkilin hüquqi xidmətinə görə çəkilmiş xərc və 50 (əlli) manat mediasiya xərci İddiaçı xeyrinə tutulsun. Cavabdeh "xxxx" ASC-dən xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixinədək iş vaxtından artıq işlənilmiş vaxta görə gecikdirilmiş 2064 manat pul vəsaitinin 1 %-i məbləğində ödənc İddiaçı xeyrinə tutulsun. İddia tələbləri qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" ASC-dən 40,64 manat dövlət rüsumu Dövlət büdcəsinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar