Məhkəmə qərarları › İş №e-2(005)-1082/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-1082/2024

18.03.2024 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-1082/2024 18.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin bağlanmış hesab edilməsi və sair tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 28 ünvanında yerləşən 20 nömrəli mənzilə dair İddiaçı ilə X2 arasında xx.xx.2008-ci il tarixli müqavilənin bağlanmış hesab edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 28 ünvanında yerləşən 20 nömrəli mənzilə iddiaçının sahiblik hüququna yaranan maneənin aradan qaldırılması, qanunla müəyyən olunmuş qaydada iddiaçının mülkiyyətinə verilməsi üçün alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X2 İddiaçı ilə öz aralarında Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 28 ünvanında yerləşən 20 nömrəli mənzilin alqı-satqısına dair xx.xx.2008-ci il tarixdə müqavilə bağlamışlar. Həmin müqaviləyə görə ünvan 1 ünvanında yerləşən sözügedən mənzilin 50.000 manat məbləğ qarşılığında İddiaçı satılması və İddiaçı tərəfindən ilkin olaraq 10.000 manat ödəməsi, gələcəkdə isə hissə-hissə 39000 manat pul ödədikdən sonra mənzilin mülkiyyətçisi X1 yaşayış sahəsini İddiaçı adına keçirilməsini öz öhdəsinə götürmüşdür. Müqavilədən göründüyü kimi Nərimanov rayonu, Əhməd Rəcəbli 28, mənzil 20 ünvanında yerləşən mənzilin alınması üçün İddiaçı tərəfindən şahidlərin iştirakı ilə ilkin olaraq 10000 manat, daha sonra hissə-hissə olmaqla ümumilikdə 39.000 manat pul ödəmişdir. Müqavilədə göstərilən 50000 manat pulun tamamlanması üçün 10000 manat pul ödənilməli idi. Sözügedən mənzil ilkin ödəniş olunduqdan sonra alıcı İddiaçı sahibliyinə və istifadəsinə təhvil verilmişdir. Həmin vaxtdan həmin əmlakın qanuni sahibi sayılır. Məhz bu səbəbdən cavabdehin qanunsuz hərəkətləri iddiaçının sahiblik və istifadə hüququnun pozulması ilə nəticələnib. ünvan 1 ünvanında yerləşən sözügedən mənzilin alqı-satqısının tam icra olunması xx.xx.2020-ci il tarixə göstərilmişdir. Lakin 2013-cü ilin sonunda X2 rəhmətə gedir. X2 vəfat etdiyindən, vərəsəlik hüququ əsasında Nərimanov rayonu, Əhməd Rəcəbli 28, mənzil 20 ünvanında yerləşən mənzil mərhumun qardaşı oğlu Cavabdeh mülkiyyətinə keçir. Bundan sonra Cavabdeh mərhum əmisi ilə İddiaçı ilə X2 arasında mənzil barədə bağlanmış müqavilənin icra olunması razılaşdırılmış və mənzilin İddiaçı adına rəsmiləşdirilməsi üçün 11000 manat Cavabdeh pul ödənilmişdir. Lakin Cavabdeh vərəsəlik əsasında əldə etdiyi mənzil barədə müqavilə öhdəliklərini yerinə yetirməkdən imtina edir. Cavabdeh əvvəlcə aldığı 11000 manat pulu etiraf etmir, çünki 11000 manat pulun Cavabdeh ödənilməsi barədə müqavilədə qeyd aparılmamışdır. İddiaçı hazırda əlavə olaraq 11000 manat pulu təkrar olaraq Cavabdeh ödəməyə hazırdır ki, vərəsəsi olduğu mərhum X2 İddiaçı ilə öz aralarında ünvan 1 ünvanında yerləşən mübahisəli mənzilin alqı-satqısına dair xx.xx.2008ci il tarixdə müqavilənin şərtləri tam icra olunsun. Göründüyü kimi Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməkdən imtina edir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, o, məhkəmə qətnaməsi əsasında ay yarımdır ki evdən çıxmışdır. Kommunal xərclərin hamısını vəfat etmiş Qasımov Sabirin adına keçirmişdr. Sonuncu dəfə ondan evin onun adına sənədləşdirilməsi üçün 8000 manat pul alınıb, amma onlar evi öz adlarına sənədləşdiriblər. İşin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etiraz edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, mənzilin mülkiyyətçisi, yəni cavabdehin əmisi öz iradəsi əsasında mənzili Minirə xanımın istifadəsinə verib. Uzun müddət Minirə xanımın həmin mənzildə yaşaması, kommunal xərcləri ödəməsi onun mənzilə olan sahiblik hüququna dəlalət edir. Daşınmaz əmlakın Nərimanov rayon ərazisində olduğunu nəzərə alınaraq Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. İşin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etiraz edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, cavabdehin qeydə alındığı ünvan Xaçmaz rayonudur. İddiaçının mübahisələndirilən mənzilə dair hər hansı bir hüququnun olmaması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir. Bu səbəbdən işin ərazi aidiyyəti üzrə göndərilməsini və əvvəl də eyni mahiyyət üzrə iddia qaldırıldığından iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iş ərazi aidiyyəti üzrə Xaçmaz Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hazırki iş üzrə “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh rəsmi qeydiyyatda olduğu ünvan Xaçmaz rayonu, Nabran Ə/D, Turist qəsəbəsi ünvanıdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin işə müstəsna aidiyyət qaydalarına uyğun olaraq baxılmalı olması dəlili ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüquqlarından məhrumetmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Göründüyü kimi, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Həmin iddia tələblərinə əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddialar daxildir. Müstəsna aidiyyət halının mövcudluğu zamanı, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə hər hansı xüsusiyyətlərindən asılı olmayaraq yalnız MPM-in 39-cu maddəsində göstərilmiş məhkəmədə baxıla bilər. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 iyun 2021-ci il tarixli Qərar). Hazırki iddia üzrə irəli sürülmüş tələblər isə mülki prosessual qanunvericilik normalarına əsasən müstəsna aidiyyət qaydasında baxılmalı olan tələblər siyahısına aid edilə bilməz. Belə ki, iddia ərizəsindən göründüyü kimi, iddia tələbi İddiaçı ilə X2 arasında xx.xx.2008-ci il tarixli müqavilənin bağlanmış hesab edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 28 ünvanında yerləşən 20 nömrəli mənzilə iddiaçının sahiblik hüququna yaranan maneənin aradan qaldırılması, qanunla müəyyən olunmuş qaydada iddiaçının mülkiyyətinə verilməsi üçün alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin Cavabdeh üzərinə qoyulması ilə bağlıdır. İddiaçı hazırda mübahisələndirilən mənzilin mülkiyyətçisi və ya qanuni sahibi deyildir. Bu hal qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə təsdiq edilmişdir. İddia daşınmaz əşya üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsi, mülkiyyət hüququnun sübyektiv hüquq kimi müdafiəsi və s. ilə bağlı deyildir. Hazırki iddia ilk növbədə mənzil üzrə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi ilə bağlıdır. Digər tələblər isə həmin iddianın təmin edilməsindən asılı olan tələblərdir. Göründüyü kimi, hazırki iş üzrə tələblər qeyd edilən maddənin təsir dairəsinə düşmür və bu səbəbdən müvafiq işə müstəsna aidiyyət qaydalarına uyğun olaraq deyil, ümumi aidiyyət qaydalarına uyğun baxılmalıdır. Nəzərə alınmalıdır ki, Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Çerniçkin Rusiya Federasiyasına qarşı” iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Mülki Prosessual Məcəllənin 40.1, 32.3 və 32.4-cü maddələrinə görə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Eyni Məcəllənin 44.2.2-ci maddəsinə əsasən isə iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 32.5-ci maddəsinə uyğun olaraq aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı müqavilənin bağlanmış hesab edilməsi və sair tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32, 35, 39, 40, 44, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı müqavilənin bağlanmış hesab edilməsi və sair tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar