Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1085/2023 22.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı müqavilənin və kassa mədaxil orderinin ləğvi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MTK Cavabdeh qarşı müqavilənin və kassa mədaxil orderinin ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən tikintidəki yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində, ümumi sahəsi 71,84 kv.m. olan, 1 otaqdan ibarat 95 nömrəli mənzilin tikintisinə dair İddiaçı MTK ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış “Kooperativ binanın mənzil tikintisi haqqında” müqavilənin və həmin müqavilə əsasında Cavabdeh adına xx.xx.2018-ci il tarixdə tərtib edilmiş və hüquqi qüvvəsi olmayan hesab edilməli olan kassa mədaxil orderinin ləğv edilmələri, həmçinin, ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh İddiaçı MTK-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında xx.xx.2018-ci il tarixdə bağlanmış “Kooperativ binanın mənzil tikintisi haqqında” müqavilənin şərtlərinə görə İddiaçı MTK Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində, ümumi sahəsi 71,84 kv.m. olan 1 otaqdan ibarət 95 nömrəli mənzili tikib dəyəri tam ödənilməklə, sanitariya avadanlığı və daxili tamamlama işləri aparılmadan Cavabdeh verməyi, cavabdeh isə həmin mənzilin dəyəri olan 46696 manat məbləğində pulu MTK-ya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə İddiaçı MTK arasındakı şifahi razılaşmanın şərtlərinə uyğun olaraq, cavabdeh MTK-nın tikdiyi yaşayış binasında 4000 kv.m. sahə üçün əsassız hesablanmış vergi borcunun ləğvedilməsinə nail olacağını və yüksək keyfiyyətli auditor xidmətləri göstərəcəyini öhdəsinə götürmüş, əvəzində isə cavabdehə verilməsi nəzərdə tutulan 60000 manatın ödənilməsini təmin etmək üçün ümumi dəyəri 46696 manat olan bir otaqlı mənzilin tikilib təhvil verilməsi barədə tərəflər xx.xx.2018-ci il tarixli “Kooperativ binanın mənzil tikintisi haqqında” müqavilə bağlamış, qalan 13000 manat isə cavabdehə nəğd qaydada verilmişdir. Həmin müqavilə üzrə heç bir ödəniş etməyən Cavabdeh şifahi razılaşma ilə üzərinə götürdüyü öhdəliklərini tam və uğurla yerinə yetirənədək, onun adına tərtib edilmiş xx.xx.2018-ci il tarixli kassa mədaxil orderində İddiaçı MTK-nın nə baş mühasibi, nə də pulu kassaya mədaxil etmək vəzifəsini daşıyan kassir imza etməmişdir. Cavabdehə MTK-ya üzvlük payının ödənilməsini təsdiq edən maliyyə arayışı və MTK üzvlərinin ümumi yığıncağının qərarı da verilməmişdir. Çünki hesab etmişlər ki, göstərəcəyi xidmət haqqının hamısını əvvəlcədən almış cavabdehə üzərinə götürdüyü öhdəliklərini tam və uğurla yerinə yetirənədək qeyd edilən müqavilədə göstərilan 1 otaqlı mənzil üzərində hər hansı hüquq, o cümlədən, istifadə, sahiblik və mülkiyyət hüququ əldə edə bilməz. Cavabdeh yaxşı bilirdi ki, İddiaçı MTK tərəfindən qeyd edilənlər yerinə yetirilməyəcəyi halda, onunla bağlanmış müqavilə mənzilin dəyəri ödənilmədiyi üçün əhəmiyyətsiz olacaq, heç bir hüquqi nəticə yaratmayacaqdır və həmin mənzilə heç bir halda buraxılmayacaqdır. Buna baxmayaraq, cavabdeh şifahi razılaşmanın şərtlərinə əməl etməyərək, MTK-nın əsassız olaraq vergiyə cəlb edilmiş 4000 kv.m. yaşayış sahəsi üçün hesablanmış vergi borcunun ləğv edilməsinə nail olmamış və auditor xidmətləri göstərməmişdir. Əlbəttə, bu halda 60000 manat dəyərində qiymətləndirilən həmin xidmətlərin əvəzi olaraq, tərəflər arasında bağlanmış müqavilənin qüvvədə qalması nə insafa, nə mənəviyyata, nə ədalətə, nə də qanuna uyğun deyildir. Əvvəllər vergi işçisi olmuş və vergi qanunvericiliyinin tətbiqi sahəsində kifayət qədər nəzəri bilik və praktiki iş təcrübəsina malik olan Cavabdeh xx.xx.2018-ci il tarixda İddiaçı MTK-da hüquqşünas vəzifəsinə işə qəbul edilmiş, ondan 3 gün sonra isə yəni, xx.xx.2018-ci il tarixdə tərəflər arasında hazırda barəsində mübahisə gedən müqavilə bağlanmışdır. Vəzifə təlimatına uyğun olaraq, hüquqşünas vəzifəsində işlədiyi 2 il 1 ay ərzində yəni, işdən azad edildiyi xx.xx.2020-ci il tarixədək Cavabdeh müəssisənin hüquqlarını və qanuni mənafeyini müdafiə etmək, ona lazımi hüquqi yardım etmək, o cümlədən, qanunlara aid məsələlər üzrə onu istənilən hüquqi və fiziki şəxslərlə münasibətdə, o cümlədən, məhkəmədə təmsil etmək vəzifələrini daşımışdır. Əslində cavabdeh hüquqşünas vəzifəsində işlədiyi xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində məhkəmələrdə İddiaçı MTK-nın iştirak etdiyi mülki mübahisələrdə müəssisəni nümayəndə qismində təmsil etməklə, onun hüquqlarını qorumalı idi. Lakin, göstərilən müddət ərzində İddiaçı MTK məhkəmələrdə bir neçə mülki mübahisədə tərəf qismində iştirak etsə də, cavabdeh müəssisənin hüquqşünası vəzifəsində olmasına baxmayaraq, nümayəndə qismində onu təmsil etmək üçün məhkəməyə bir dəfə də olsun göndərilməmişdir. Hüquqşünas olmaqla, cavabdeh, İddiaçı MTK-ya fəaliyyəti ilə bağlı heç bir hüquqi yardım etməmiş, hər hansı hüquqi sənədin layihəsinin hazırlanmasında iştirak etməmiş və hüquqi əhəmiyyət kəsb edən heç bir sənədə imza etməmişdir. Belə vəziyyətdə təbii sual yaranır ki, cavabdehin şəxsində hüquqşünası olan İddiaçı MTK nəyə görə mülki məhkəmə mübahisələrində bir dəfə də olsun öz hüquqşünası vasitəsilə təmsil olunmamışdır? Bu sualın düzgün cavabı onunla əlaqədardır ki, xx.xx.2018-ci il tarixdə hüquqşünas vəzifəsinə işə qəbul ediləndə cavabdeh ilə İddiaçı MTK-nın rəhbərliyi arasında əldə olunmuş şifahi razılaşmanın şərtlərinə görə təcrübəli və savadlı keçmiş vergi işçisi olmuş cavabdeh öz bilik və bacarığından istifadə edərək, İddiaçı MTK-nın vergi işləri ilə bağlı həmin vaxt artıq yaranmış problemlərini uğurla həll etməli yəni, müəssisənin əsassız olaraq vergiyə cəlb edilmiş 4000 kv.m. yaşayış sahəsi üçün hesablanmış vergi borcunun ləğv edilməsinə nail olmalı, yüksək keyfiyyətli auditor xidmətləri göstərməli, əvəzində isə İddiaçı MTK ona 60000 manat pul verməli idi. Cavabdeh ilə İddiaçı MTK arasında qeyd edilən şifahi razılaşma ilə bağlı mülki hüquq münasibətləri mülki qanunvericiliyin tələblərinə zidd deyildir, qaydası sahibkarlıq fəaliyyətində tez-tez rast gəlinən və tətbiq edilən hallardandır. Bu davranış isgüzar adət sayıla bilər. Çünki, bu halda tərəflər arasında artıq tətbiq edilən bu münasibətlərdə ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmışdır. Vergi orqanı ilə MTK-nın problemlərinin yarandığı ərəfədə 60000 manat pul bacarığından istifadə edib, ödəniləcəyi müəssisəyə 4000 kv.m halda, keçmiş vergi işçisi olmaqla, öz bilik və kv.m yaşayış sahəsi üçün əsassız hesablanmış vergi borcunun ləğv edilməsinə nail olacağına və yüksək səviyyədə auditor xidmətləri göstərəcəyinə dair cavabdehin vədlərini ciddi qəbul edən MTK-nın rəhbərliyi cavabdehin təkidi ilə razılaşmanın şərtlərini qabaqcadan və tam yerinə yetirərək, onu xx.xx.2018-ci il tarixdə hüquqşünas vəzifəsinə işə qəbul etmiş, bundan 3 gün sonra isə yəni, xx.xx.2018-ci il tarixdə onunla hazırkı müqaviləni bağlayaraq, ümumi dəyəri 46696 manat olan 1 otaqlı mənzili, daha bir müddət sonra isə qalan 13000 manat nəğd pulu cavabdehə vermişdir. Lakin, şifahi razılaşma şərtlərinə uyğun olaraq, MTK ödənilməsini öhdəsinə götürdüyü 60000 manatı qabaqcadan Cavabdeh verməsinə baxmayaraq, sonuncu müəssisənin əsassız olaraq vergiyə cəlb edilməsi nəticəsində hesablanmış vergi borcunun ləğv edilməsinə nəinki nail olmamış, əksinə hüquqşünas işlədiyi xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək vergi yoxlamaları nəticəsində müəssisənin maliyyə vəziyyəti pisləşmişdir. Vergi orqanının xx.xx.2020-ci il tarixli səyyar yoxlama aktı MTK-da satılmış mənzillərə görə 894148,85 manat ƏDV-siz dövriyyə müəyyənləşdirilmiş va nəticədə 160946,79 manat ƏDV üzrə kənarlaşma aşkar olunmuş, eyni zamanda 80473,40 manat va 180 manat məbləğində maliyyə sanksiyaları tətbiq edilməklə, müəssisənin vergi məsuliyyətinə cəlb edilməsi təklif edilmişdir. Müqavilə üzrə 1 otaqlı mənzil cavabdehin göstərəcəyi xidmətlərin haqqına görə ona ödənilməsi nəzərdə tutulmuş pulun əvəzi olaraq verilmişdir. Qeyd edilən 1 otaqlı mənzilin dəyərinin ödənilməsi həmin vaxt cavabdehdən tələb edilə bilməzdi. Cavabdehin özü də yaxşı bilir ki, həmin 1 otaqlı mənzillə bağlı heç bir ödəniş etməmişdir. Lakin, cavabdeh razılaşmanın şərtlərinə əməl etmədiyinə görə xidmət haqqının əvəzi olmaqla, ona 1 otaqlı mənzilin verilməsinə dair müqavilənin ləğv edilməsi zərurəti yaranmışdır. Cavabdeh xx.xx.2018-ci il tarixdə hüquqşünaq vəzifəsinə işə qəbul ediləndən 3 gün sonra onunla müəssisə arasında xx.xx.2018-ci il tarixdə “Kooperativ binanın mənzil tikintisi haqqında müqavilə”nin hansı məqsədlə bağlandığını, bu zaman cavabdehin həqiqətən də müəssisəyə pul ödəyib-ödəmədiyini müəyyən etmək üçün tərəflər arasında müqavilə bağlanana qədər aparılmış telefon danışıqlarının dinlənilməsi həqiqəti aşkara çıxarılmasına çox kömək edəcəkdir. Tərəflərin davranışında faktiki olaraq, tapşırıq müqaviləsinin bütün ünsürləri mövcuddur. İşin hallarından göründüyü kimi, vəkalət verən MTK-da hüquqşünas vəzifəsinə işə qəbul edilmiş, vəkalət alan cavabdeh tapşırıq müqaviləsi üzrə əldə olunan şifahi razılaşma şərtlərinə müvafiq olaraq, vergi işləri ilə bağlı yaranmış problemləri uğurla həll edib, müəssisənin əsassız olaraq 4000 kv.m. sahə üçün hesablanmış vergi borcunun ləğv edilməsinə nail olmalı, əvəzində isə müəssisə tərəfindən ona 60000 manat pul verilməli idi. MTK şifahi razılaşma şərtlərinə tam əməl edərək, ödənilməsini öhdəsinə götürdüyü 60000 manatı qabaqcadan cavabdehə verməsinə baxmayaraq, sonuncu şifahi razılaşma şərtlərinə əməl etməmiş və müəssisəyə vergi maliyyə sanksiyası tətbiq edilmişdir. Yəni, vəkalət alan cavabdehin tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət veranə yəni, MTK-ya zərər dəymişdir. Cavabdeh aralarında müqavilə ilə öhdəsinə düşən vəzifəsini icra etməyərək, tikilən mənzilin dəyəri olan 46696 manatı MTK-nın kassasına indiyədək ödəməmişdir. Cavabdehə verilmiş yalnız İddiaçı MTK-nın sədrinin imzaladığı və möhürlə təsdiq edilmiş 46696 manatın ödənilməsi barədə xx.xx.2018-ci il tarixli kassa mədaxil orderi həmin mənzilin dəyərinin ödənilməsini təsdiq edən hal qismində qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlətin maliyyə siyasətinin işləyib hazırlayan və həyata keçirən, mühasibat uçotunun təşkili və aparılması sahəsində dövlət tənzimlənməsinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının “Ciddi hesabat banklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” xx.xx.2016-ci il tarixli, Q-09 nömrəli Qərarı ilə “Kassa mədaxil orderi” ciddi hesabat blankı hesab edilmişdir. Həmin Qərarla təsdiq edilmiş 1 nömrəli Əlavədə “Forma № KO-1” kimi qeyd edilmiş “Kassa mədaxil orderi”nin forması və rekvizitləri göstərilmişdir. Rekvizitlərdən görünür ki, “Kassa mədaxil orderi”nin sonunda “Kassaya mədaxil edilmişdir” sözlərindən sonra “M.Y. Rəhbər, Baş mühasib, Kassir” sözləri yazılmışdır. Kassa mədaxil orderi nağd pulun mədaxili sənədlərindən biridir. Qərarda göstərildiyi kimi, kassa mədaxil orderini müəssisənin rəhbəri, baş mühasibi və kassiri birlikdə imza etməli, möhürlə təsdiq edilməlidir. Kassa mədaxil orderinin qəbzi kassaya pul ödəyən şəxsə verilir. Qüvvədə olan vəzifə təlimatlarında bildirilir ki, baş mühasib daxil olan pul vəsaitlərinin uçotunu aparır və mühasibat uçotu hesablarında onların hərəkətini təşkil edir. Kassir isə pul vəsaitlərinin və qiymətli kağızların qəbulu, verilməsi, uçotu və saxlanılması üzrə əməliyyatları həyata keçirir. Mədaxil va məxaric sənədləri əsasında xəzinə kitabını aparır. MTK-in sədri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş 46696 ödənilməsi barədə xx.xx.2018-ci il tarixli kassa mədaxil orderi cavabdeh tərəfindən qeyd edilən mənzilin dəyərinin ödənilməsi təəssüratı yaratsa da, bu həqiqətdən uzaqdır. Çünki, həmin kassa mədaxil orderini MTK-nın rəhbəri imzalasa da, nədənsə nə baş mühasib, nə də həmin pulu kassaya mədaxil etmək vəzifəsini daşıyan kassir imza etməmişlər. Əlbəttə, uzun illər vergi orqanlarında işləmiş, bu sahədə təcrübəli və savadlı, həm də hüquqşünas vəzifəsində işləyən cavabdeh 46696 manatı ödəməsini təsdiq edən “Kassa mədaxil orderi”nin təyinatını, onun tərtib olunma qaydasını, onu kimlərin imza etməli olmalarını sözsüz ki, çox yaxşı bilir. Çünki, ciddi hesabat blankı olan “Kassa mədaxil orderi” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2016-cı il tarixli, Q-09 nömrəli Qərarının tələbinə əsasən müəssisənin rəhbəri, baş mühasibi və kassiri imza etdikdə, möhürlə təsdiq edildikdə, maliyyə sənədi kimi qəbul edilir. Əgər həqiqətən də MTK-ya xx.xx.2018-ci il tarixdə cavabdeh tərəfindən 46696 manat pul ödənilmişdirsə, onda nə üçün bu ciddi hesabat blankında baş mühasib və kassir imza etməmşlər? Axi, təcrübəli vergi işçisi olmuş cavabdeh yaxşı bilir ki, nağd pul müəssisənin xəzinəsinə mədaxil edilir və bu zaman kassir pulu alanda “Kassa mədaxil orderi”ndə o da imza edir. Lakin, həqiqət bundan ibarətdir ki, cavabdeh həmin pulu iddiaçı MTK-ya ümumiyyətlə, ödəməmişdir. Həmin sənədə MTK-nın sədri imza etməklə, pul vəsaitinin qəbul edilməsinə razılıq vermiş, kassa mədaxil orderinin verildiyi xx.xx.2018-ci il tarixdə isə qeyd edilən şifahi razılaşma ilə üzərinə götürdüyü öhdəliyi hələ yerinə yetirməmişdir. Cavabdehin özü da yaxşı bilir ki, bu rəsmi maliyyə sənədində 3 vəzifəli şəxsin (müəssisənin rəhbəri, baş mühasibi və kassiri) imzası olmasa, onun heç bir hüquqi qüvvəsi olmayacaqdır. Belə vəziyyətdə cavabdeh məhz həmin kassa mədaxil orderinə istinad edərək hüquqlarından sui-istifadə edib, guya mənzil hüququnun pozulması görüntüsü yarada bilər. Əlbəttə, cavabdeh kassa mədaxil orderinə möhürün vurulmasından sui-istifadə edərək, həmin məbləğdə pulu guya nağd şəkildə MTK-nın sədrinə ödədiyini, ona görə də, kassa mədaxil orderində bunu MTK-nın sədri imzası va MTK-nın möhürü ilə təsdiq etdiyini, baş mühasibin və kassirin imzlarının olmamasının isə onun üçün heç bir əhəmiyyətinin olmadığını deyə bilər. Lakin, yuxarıda göstərilənlərə görə cavabdehin belə yanaşması onun haqlı olması inamına gəlinməsi üçün əsas sayıla bilməz. Cavabdehə verilən həmin kassa mədaxil orderi hüquqi qüvvəsi olmayan maliyyə sənədi sayılmaqla, ləğv edilməlidir. Cavabdehin mənzilin dəyərini ödəməməsini təsdiq edən fakt və hallardan daha biri cavabdeh barəsində mübahisə gedən mənzilin pay haqqını ödəmədiyinə görə onun MTKya üzv olmaq hüququ yaranmamışdır. Əlbəttə, əgər cavabdeh barəsində mübahisə gedən mənzillə bağlı pay haqqını ödəmiş olsaydı, onda ona bütün vəzifəli şəxsin imzaladığı kassa mədaxil orderi qəbzi verilər və ərizəsi əsasında MTK-ya üzv qəbul edilərdi. Lakin, MTK-da xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hüquqşünas vəzifəsində işləmiş və qanunları kifayət qədər yaxşı bilən cavabdeh xx.xx.2018-ci il tarixdə barəsində mübahisə gedən mənzilin pulunu ödəmişdirsə, onda nə üçün orada işlədiyi 2 il 1 ay ərzində mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi üçün ərizə ilə müraciət etməmişdir? MTK-ya üzv olmaq barədə cavabdehin orada işlədiyi 2 il 1 ay müddət ərzində ərizə ilə müraciət etməməsini, əksinə susaraq bu hüququndan istifadə etməməsini da qeyd edilən mənzilin dəyərinin onun tərəfindən faktiki olaraq, ödəməməsini təsdiq edən hallardan biri qismində qiymətləndirmək olar. Halbuki, MTK-ya üzv olmaq barədə qərar olmadan cavabdehin qeyd edilən mənzilə dair ehtimal edilən mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestri orqanında qeydə alına bilməz. Cavabdeh bunu da yaxşı bilir. Qeyd edilən mənzilə dair cavabdehin ehtimal edilən mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestri orqanında qeydə alınmasından ötrü 46696 manatın ödənilməsi barədə xx.xx.2018-ci il tarixli kassa mədaxil orderi deyil, MTK tərəfindən verilmiş müvafiq məzmunda olan maliyyə arayışı təqdim edilir. Cavabdeh ona əmlak payının tam ödənilməsinə va borcunun olmamasına dair maliyyə arayışının verilməsi barədə də orada hüquqşünas işlədiyi 2 il 1 ay ərzində MTK-ya etməmişdir. Bunun səbəbləri də aydın deyildir. Halbuki, cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli kassa mədaxil orderinə əsasən mənzilin dəyəri olan 46696 manat həqiqətən də ödənilmiş olsaydı, onda o, maliyya arayışının da ona verilməsini qətiyyətlə və təkidlə tələb edərdi. Maliyyə arayışının da ona verilməsini indiyədək tələb etməməsi də, cavabdeh tərəfindən mənzilin dəyərinin faktiki olaraq ödənilməməsi ilə birbaşa əlaqədardır. Çünki, cavabdeh belə tələblə MTK-ya müraciət etməkdə haqlı olmadığını yaxşı bilir. Sadaladığı faktlarla və hallarla təsdiq olunur ki, cavabdeh tərəflər arasında burada qeyd edilən razılaşma şərtlərini yerinə yetirmədiyi müddətdən sonra müqavilə ilə üzərinə düşən öhdəliyi indiyədək üzrsüz səbəbdən yerinə yetirməyərək, mənzilin dəyəri olan 46696 manatın heç bir hissəsini MTK-ya ödəməmişdir. Ona verilən xx.xx.2018-ci il tarixli kassa mədaxil orderi isə qeyd edilən məbləğdə pulun qəbul edilməsinə MTK-nın rəhbərinin razılığını bildirir, ödənilmə isə edilməmişdir. Cavabdehə göndərdiyi təklifdə aralarında bağlanmış müqavilə üzrə pay haqqını 10 gün müddətində MTK-nın xəzinəsinə ödəməsi, əks təqdirdə həmin müqavilənin ləğv edilməsinə dair razılaşma cavabdehə təklif edilmiş, lakin cavabdeh qanuni təklifə indiyədək heç bir münasibət bildirməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı MTK-nın nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh, sonuncu məhkəmə iclasında iştirak edən onun nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin əsassız olduğunu qeyd edərək, iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı Mənzil-Tikinti Kooperativi (kooperativ) ilə Cavabdeh (payçı) arasında bağlanmış xx.xx.2018-ci il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilədən görünür ki, kooperativ Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş tikilməkdə olan yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində 95 nömrəli mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2-ci bəndinə əsasən mənzil 1 otaqdan ibarət olmaqla mənzilin ümumi sahəsi 71,84 kv.m-dir. Həmin müqavilənin 3-cü bəndinə əsasən mənzilin dəyəri 46696 manat məbləğində müəyyən olunmuşdur; İddiaçı MTK-nın xx.xx.2018-ci il tarixli Kassa mədaxil orderinin surətindən görünür ki, Cavabdeh 2-ci blokun müqaviləsinə əsasən 46696 manat məbləğində ödəniş etmiş, qəbzdə MTK-nın möhürü əks olunmuş, “Rəhbər” qrafasında imza var, “Kassir” qrafasında imza yoxdur; Abşeron Rayon Məhkəməsinin 2(012)-1822/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia üzrə iddiaçı Cavabdeh İddiaçı MTK-ya qarşı sənədlərin təqdim edilməsi tələbinə dair ilkin iddiasının təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir; Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3510/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, ilk iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-1822/2021 saylı qətnaməsinin ləğv edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində 1 otaqdan, ümumi sahəsi 71.84 kv.m-dən ibarət 95 saylı mənzilə dair maliyyə arayışının və mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının Cavabdeh verilməsi İddiaçı MTK-ya həvalə edilməsi, İddiaçı MTK-nın Cavabdeh qarşı mənzil tikinti müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4132/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı MTK tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3510/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır; İddiaçı MTK-nın Cavabdeh xx.xx.2022-ci il tarixdə ünvanladığı “Kooperativ binanın mənzil tikintisi haqqında” müqavilənin ləğv edilməsi barədə təklifdən görünür ki, aralarında bağlanmış xx.xx.2018-ci il tarixli “Kooperativ binanın mənzil tikintisi haqqında” müqavilə üzrə pay haqqını 10 gün müddətində MTK-nın xəzinəsinə ödənilməsi tələb edilmişdir; Azərbaycan Respublikası “X1” MMC-nin xx.xx.2021-ci il tarixli, 603 saylı rəyində qeyd edilmişdir ki, təqdim olunmuş 1 ədəd “İphone 7” markalı mobil telefonun “Whatsapp” mesencer əlavəsində tədqiqi hissədə qeyd olunan informasiyalar aşkar olunmuşdur; “Dayandırılmış (təxirə salınmış) Səyyar vergi yoxlamasının bərpa edilməsi” haqqında **********190983 saylı, xx.xx.2019-cu il tarixli Qərarın surətindən görünür ki, İddiaçı MTK üzrə keçirilən xx.xx.2019-cu il tarixli Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlaması xx.xx.2019-cu il tarixdən bərpa edilməsi qərara alınmışdır; “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması)” haqqında **********198080 saylı, xx.xx.2020-ci il tarixli Qərarın surətindən görünür ki, İddiaçı MTK üzrə təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə müvəqqəti dayandırılması (təxirə salınması) qərara alınmışdır; “Dayandırılmış (təxirə salınmış) Səyyar vergi yoxlamasının bərpa edilməsi” haqqında **********198665 saylı, xx.xx.2020-ci il tarixli Qərarın surətindən görünür ki, İddiaçı MTK üzrə keçirilən xx.xx.2020-ci il tarixli Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlaması xx.xx.2020-ci il tarixdən bərpa edilməsi qərara alınmışdır; “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması)” haqqında **********198691 saylı, xx.xx.2020-ci il tarixli Qərarın surətindən görünür ki, İddiaçı MTK üzrə təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə müvəqqəti dayandırılması (təxirə salınması) qərara alınmışdır; “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında Qərarın ləğv edilməsi barədə xx.xx.2019-cu il tarixli Qərardan görünür ki, İddiaçı MTK üzrə səyyar vergi yoxlamasının keçirilməsi haqqında qəbul edilmiş xx.xx.2017-ci il tarixli qərarın ləğv edilməsi qərara alınmışdır; Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MTK ilə Cavabdeh arasında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş tikilməkdə olan yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində 95 nömrəli mənzilə dair xx.xx.2018-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən mənzil cavabdehə bir pay kimi verilmiş, mənzilin dəyəri 46696 manata razılaşdırılmış və bu məbləğin ödənildiyini təsdiq edən MTK-nın sədri tərəfindən imzalanan və möhürlənən kassa mədaxil qəbzi mövcuddur. İddiaçı MTK bildirir ki, həmin müqavilə formal olaraq bağlanmışdır, hüquqi qüvvəsi yoxdur. Belə ki, müqavilə kooperativin vergi borcunun silinməsində cavabdeh tərəfindən köməklik göstərilməsi müqabilində bağlanmışdır. Cavabdeh vergi problemlərini həll etmədiyindən aralarında mübahisə yaranmışdır. Mənzil cavabdehə MTK-nın vergi borcunun həll edilməsi əvəzində veriləcəkdi və cavabdeh mənzilin pulunu ödəməmişdir. Ona görə də, MTK hazırkı iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh isə bildirir ki, mənzilin pulunu tam şəkildə ödəmiş, bu fakt kassa mədaxil orderində öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 10.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. 10.2-ci maddəsinə əsasən qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Məhkəmə ilk olaraq qeyd edir ki, İddiaçı MTK ilə cavabdeh arasında bağlanmış müqavilə ilə tərəflər Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında inşa edilən yüksək mərtəbəli binada rekviziti və qiyməti dəqiq şəkildə göstərilən mənzil üzərindəki pay hüququnun cavabdehə satılmasını razılaşdırmışlar (bu məzmunda qarşılıqlı iradələrini yazılı müqavilələrdə bəyan etmişlər). Nəzərə alınmalıdır ki, müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Mülki hüquq subyektlərinin sağlam iradə bəyanlarını əks etdirən razılaşmaları etibarlıdır. Başqa sözlə, müqavilənin bağlanmış sayılması üçün hər iki tərəf qarşılıqlı olaraq bir hüquqi nəticəni əmələ gətirmək arzusunda olmalı və buna uyğun mühüm şərtləri özündə əks etdirən, zədələnməmiş iradələrini bəyan etməlidirlər. Məhz belə müqavilə etibarlı şəkildə bağlanmış sayılır və hüquqi nəticə (tərəflər üçün hüquq və öhdəliklər) yaradır. Bu hüquq qaydaları hazırkı işin faktiki hallarına tətbiq edildikdə aydın olur ki, tərəflər arasında sözügedən yaşayış sahəsinə pay hüququnun alqı-satqısına dair müqavilə bağlanmış, bu əqd tərəflər üçün hüquqi nəticələr doğurmuşdur. Yəni, İddiaçı MTK-nın sözügedən mənzili inşa edərək təhvil vermək, cavabdeh isə onların dəyərini ödəmək öhdəlikləri yaranmışdır. Mənzilin dəyərinin tam ödənilməsi faktı MTK-nın sədri tərəfindən imzalanmış və möhürlənmiş kassa mədaxil orderində öz əksini tapmışdır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı müqavilənin və kassa mədaxil orderinin ləğvini tələb etsə də, iddiaçının əsaslandığı hallar müqavilə və kassa mədaxil orderinin etibarsızlığı üçün əsas ola bilərdi. Lakin məhkəmələr tərəfindən müqavilənin etibarsızlığı ilə bağlı tələbə qiymət verildiyindən və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4132/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında iddiaçının göstərdiyi hallar müqavilənin etibarsız hesab edilməsi üçün yox, müqavilənin ləğvi üçün əsas ola biləcəyindən, məhkəmə müqavilənin etibarsız olub-olmamasına münasibət bildirmir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verməkdə davam edərək bildirir ki, müqavilənin ləğvi üçün heç bir əsas yoxdur. Belə ki, iddiaçı ərizəsində cavabdehin şifahi razılaşma üzrə üzərinə götürdüyü öhdəliyi icra etməməsini bildirsə də, lakin buna dair sübut təqdim etməmiş, əksinə kassa mədaxil orderindən görünür ki, cavabdeh bağlanmış müqavilə üzrə ödəməli olduğu məbləği ödəmiş, bununlada müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmişdir. Çünki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Hazırkı işdə müqavilənin ləğvi tələbini İddiaçı MTK irəli sürdüyü üçün bu halı sübuta yetirmək vəzifəsi onun üzərinə düşür. "xxxx" MTK tələbini onunla əsaslandırmışdır ki, mübahisəli müqavilə MTK-nın vergi borcunun silinməsinə cavabdehin köməklik göstərməsi müqabilində bağlanmış, sonradan isə cavabdeh tərəfindən vergi problemləri həll edilmədiyindən, aralarında mübahisə yaranmış və faktiki olaraq cavabdeh mənzilin pulunu ödəməmişdir. MTK bu hallara istinadən müqavilənin başqa əqdi pərdələmək üçün bağlandığını və hüquqi qüvvəsinin olmadığını qeyd edir. Həmçinin bu niyyətlə verilmiş kassa mədaxil orderində mühasibin və kassirin imzasının olmadığını əsas gətirərək kassa mədaxil qəbzinin ləğvini tələb edir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən telefon yazışmaları və səs yazılarında cavabdeh tərəfindən mənzilin hər hansı xidmətin əvəzində alınmasını və ya ödənişin edilməməsini təsdiq edən hal aşkar edilməmişdir. İddiaçı ərizəsində həmçinin bildirmişdir ki, MTK-nın vergi borcunun silinməsini əvəzində cavabdehə qeyd edilən mənzil və 13000 manat pul verilmiş, aralarında işguzar adətlərdən irəli gələn şifahi razılaşma olmuşdur. Bu səbəbdən cavabdehə kassa mədaxil orderi verilərkən məlumatlar tam əks edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, MTK-nın vergi borcunun hansı üsulla silinməsini və hansı xidmətlərin göstəriləcəyini aydınlaşdırmayan iddiaçı, işguzar adətlərə istinad etməsi yolverilməzdir. Belə ki, qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir. İddiaçı ərizəsində eyni zamanda bildirmişdir ki, tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin bununla bağlı məhkəməyə möhtəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MTK-nın Cavabdeh qarşı müqavilənin və kassa mədaxil orderinin ləğvi tələbinə dair iddia tələbi təmin edilməməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MTK-nın Cavabdeh qarşı müqavilənin və kassa mədaxil orderinin ləğvi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı MTK-ya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2
Məhkəmə qərarları › İş №e-2(005)-1085/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1085/2023
22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver