Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1100/2024 21.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh MTK-nın nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan 50.000 manat əsas vəsait və 95.000 manat məbləğində əldən çıxmış fayda qismində pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 435 manat məbləğində pulun, cəmi 145.435 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa edilən çoxmənzilli binadan xx.xx.2012-ci il tarixli 391 saylı müqavilə əsasında 125 kv.metr ümumi sahəsi olan 3 otaqlı 391 saylı mənzili dəyərini tam ödəməklə almışdır. Həmin mənzilə görə onun tərəfindən elə həmin tarixdə 50.000 manat məbləğində pul vəsaiti ödənilmiş və mənzilə dair borcunun olmaması barədə maliyyə arayışı verilmişdir. Təxminən 2020-ci ildə öz mənzilində təmir işlərinə başlamaq üçün həmin mənzilə getdikdə müəyyən etmişdir ki, ona məxsus mənzildə başqası yaşayır. Araşdırma nəticəsində müəyyən etmişdir ki, həmin mənzil Qurbanova Rəvanə adlı şəxsə satılmış və həmin şəxsin adına DƏDRX-dən çıxarış da verilmişdir. Bundan sonra hüquqlarının müdafiəsi üçün vəkillə müqavilə bağlamış və məhkəməyə mənzilin boşaldılması ilə bağlı müraciət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2006/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Bundan sonra MTK-nın rəhbərlərinə ona pul vəsaitinin geri qaytarılması barədə şifahi müraciətlər etsə də, nəticəsiz qalmışdır. Bütün bu qeyd edilən faktlar qanuni qüvvəsini almış Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsində öz əksini tapmışdır. Xüsusilə qeyd etmək lazımdır ki, mülki iş üzrə məhkəmə araşdırması aparılan dövrdə MTK-nın nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, guya İddiaçı tərəfindən mənzilin alınması üçün hər hansı vəsait ödənməmiş, maliyyə arayışı formal olaraq verilmişdir. Bütün bunlar qanuni qüvvəsini almış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə araşdırılmış və öz təsdiqini tapmamışdır. Göründüyü kimi cavabdeh öz öhdəliyini icra etməmiş, həmin mənzili iddiaçıdan sonra üçüncü şəxslərə satmışdır və nəticədə iddiaçının pul vəsaitini əsassız olaraq ələ keçirmişdir. Məlumat üçün bildirir ki, hazırda həmin ərazidə iddiaçıya satılmış mənzilin dəyəri 140.000-145.000 manat təşkil edir. Əgər cavabdeh öz öhdəliklərini icra etmiş olsa idi, iddiaçının aldığı mənzil qiymətlənəcək və iddiaçı daha çox pul əldə edəcəkdi. Lakin cavabdehin əməlləri nəticəsində iddiaçı bundan məhrum olmuşdur. İddia ərizəsinin məhkəməyə təqdim olunması üçün iddiaçı tərəfindən 435 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilən bu məsrəfləri iddiaçı məhz cavabdehin qanunsuz hərəkətləri səbəbindən sərf etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, iddiaçı Cavabdeh MTK-dan ümumi sahəsi 125 kv.metr olan mənzili 50000 manat ödəyərək almışdır. İddiaçıya borcunun olmaması ilə bağlı maliyyə arayışı da verilmişdir. Təxminən 2020-ci ildə iddiaçı mənzildə təmir işlərinə başlamaq üçün mənzilə gedən zaman mənzildə başqa şəxsin yaşadığını müəyyən etmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmişdir, lakin iddiası təmin edilməmişdir. Cavabdeh tərəf iddiaçı mənzil üçün heç bir ödəniş etmədiyini və maliyyə arayışının formal olaraq verildiyini iddia edir. Cavabdeh öz üzərinə düşən öhdəliyi icra etməmişdir. Hazırda həmin mənzilin dəyəri 140000-145000 manat arası təşkil edir. Cavabdeh tərəfin öhdəliyi icra etməməsi iddiaçıya ziyan vurmuşdur. Mənzil üçün 50000 manat ödəniş edilib. Mənzil 2012-ci ildə alınıb. 3-4 aydan bir iddiaçı evə gedib. Hətta iddiaçı tərəfindən müəyyən təmizlik işləri də həyata keçirilib. Cəmi 1-2 il iddiaçı evə gedə bilməyib. Təxmini 2020-ci ildə evə baxan zaman evin başqasına satıldığını bilib. Daha sonra prokurorluğa müraciət edib. 2018-ci ilə kimi mənzillə bağlı problem olmayıb. İddiaçı maliyyə arayışlarının fərqli formalarda olduğunu bilməyib. İddiaçıya təqdim edilən maliyyə arayışında heç bir yanlışlıq yoxdur. Mənzilin dəyəri ödənilib və imza ilə də təsdiq edilib. Onlar iddialarının əsaslı olduğunu hesab edirlər və ona görə də təmin edilməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, ümumi dəyəri 50000 manat göstərilən mənzil üçün ödəniş edilsə idi qəbz olardı. Lakin, ödəniş edilməsi ilə bağlı heç bir qəbz mövcud deyil. Binada 4 blok və ümumi 400 mənzil var. Həmin mənzillərin sakinləri tərəfindən edilmiş bütün ödənişlərin qəbzləri var. Təqdim etdiyi qəbzlərdə isə mənzilin hazırkı mülkiyyətçisi Rövşən bəyin yoldaşı tərəfindən edilmiş ödəniş göstərilib. Qəbzlərin hər biri imzalanıb. İddiaçı müqaviləni 2012ci ildə bağlayıb. MTK-nın faktiki rəhbəri X8 Paşazadə qohum olmuşdur. İddiaçı isə Cavanşir Paşazadənin tanışı olub. İddiaçı ev almaq istədiyini bildirib. Cavanşir bəy də MTK-da ev olduğunu və MTK-ya gedib onun adını verərək ev ala biləcəyini söyləyib. X11 tərəfindən imzalanıb. MTK-nın direktoru müqaviləni imzalamayıb. Sonra isə hansısa səbəbə görə müqavilə tamamlanmayıb, yəni rəsmiləşdirilməyib. 2019-cu ildə Hacı Ramazan qəzaya uğradı və bundan sonra xarici ölkəyə getdi. İddiaçı isə müqavilənin bağlanmasından 7 il ötdükdən sonra, yəni 2019-cu ildə ofisə gəldi. İddiaçı ofisə gələn zaman o da orada idi. O, bildirdi ki, komendant onu evinə buraxmır. Komendant isə onu tanımadığı üçün icazə verməyib. Hətta iddiaçı evin yerini belə bilməmişdi. O, Hacı Ramazanla əlaqə saxlamışdı. O isə ona bildirmişdir ki, iddiaçı tərəfindən heç bir ödəniş edilməyib. Əgər ödəniş etmiş olsa idi, qəbzləri olardı. 50000 manata o evi almaq mümkün deyildir. Çünki evin sahəsi də böyük olub. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MTK-nın nümayəndəsi X2 bildirmişdir ki, ofisdə demək olar ki, oturmurdu. O, ancaq siyahını götürüb mal daşınmasına baxırdı. Alqı-satqı işlərinə qarışmırdı. O, iddiaçını tanımır. Ola bilər ki, ona imza çək dedikləri üçün o imza çəkib, amma hazırki mülki iş üzrə maliyyə arayışındakı imza onun imzası deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, o, MTK-nın faktiki rəhbəridir. Qadını heç tanımırdı. Evi tanışı deputat Cavanşirin sürücüsü olduğu üçün Elçin adlı şəxsə satmağa razılıq verib. Cavanşir ondan dostluq xatirinə kreditləri aybaay ödəmək şərtilə verməsini xahiş edib, o da qiymətdə hörmət edərək evi verməyə razılıq vermişdir. 2019-cu ildə qəza keçirdib və 7 ay boyunca komaya düşüb. Həmin vaxtlarda qadın binaya gəlib, mühafizəçiyə hücum edib. Elçin ona ev üçün pul verməyib, bugün iddiaçı heç evin yerini də bilmir, ona açarlar verilməyib. O, komaya düşənə qədər gəlib ondan heç kim ev istəməyib. O xəstəxanada olan vaxtlar evi tələb ediblər. Mənzilə hissə-hissə ödəniş etməli olduğu halda, ödəniş etməmişlər, buna görə də həmin mənzili başqa şəxsə satmışlar. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, bina hələ hazır olmayan vaxtda mənzilə baxaraq, 2012-ci il tarixdə müqavilə imzalayıblar. Həyat yoldaşı işləyən zaman onun müdiri binanın sahibi ilə tanış idi. O, həmin ərazini bəyənirdi və bu səbəbdən də oradan ev almaq niyyətinə gəldilər. Onlar gedən zaman həmin mərtəbə hazır idi, lift də işləyirdi. Onlara mənzillər göstərildi və nəticədə mənzili seçdilər. Mənzil təmirsiz idi və açarı komendantda qalırdı. Çünki 2013-2014-cü illər arası yanğın baş vermişdi. Orada olan Mahmud adlı şəxs açarın onlarda qalmasını bildirmişdi. Çünki bəzi mənzillərin sakinləri orada yaşamırdılar. O, 6 il boyunca 3-4 aydan bir mənzilə gedirdi, açarı alıb mənzilə baxırdı. Mənzil 17-ci mərtəbədə idi və lift 16-cı mərtəbəyə kimi qalxırdı. Əzimov Mahmud onlara küncdə olan mənzili satmaq istəyir, lakin onlar həmin mənzili istəmədilər. Mənzilə baxdıqdan 3-4 gün sonra almağa qərar verdilər və ödənişi etdilər. Onlara maliyyə arayışı da verildi. Açarı isə o tələb etmədiyindən həmin gen vermədilər, bir müddət sonra açarı götürdü. Mənzili alan zaman onlar Zeynalovun ofisinə getmişdilər. Pulu Lalə xanıma vermişdilər və həmin gün də maliyyə arayışı verilmişdir. O, özü, yoldaşı həmişə işləmişdir. Həmçinin dayısının bağında anasının da payı var idi, həmin bağ satılanda ona pul verilmişdi. Həmin pullarla mənzilin dəyərini tam ödəmişlər. Uşaqlar böyüdüyü və ehtiyacları çox olduğu üçün təmir etdirmirdilər. Bir dəfə mənzilə baxmaq üçün gedəndə bütün zibillərin onların mənzilinə yığıldığını görmüş və həmin zibilləri öz hesabına təmizlətdirmişdi. Onlara təxmini 2017-2018-ci ildə bir dəfə zəng gəlib, evə sayğac qoyulduğu deyilib. O isə mənzildə yaşamadıqları üçün bu haldan şübhələnib. Mənzilə gedəndə ona deyiblər ki, mənzil kirayə verilib. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirmişdir ki, o, Cavanşir Paşazadənin 2008-ci ildən sürücüsü olub. 2018-2019-cu ildə işdən maddi vəziyyətilə əlaqədar çıxıb. 2012-ci ildə onunla məsləhətləşib, mənzili alıblar. Onları Mahmud adlı şəxsin yanına göndərmişdilər. Mənzilin biri küncdə idi, amma digərinin yaxşı olduğunu dedilər. Ofisə gedən zaman MTK-nın müdiri Vüqar bəy var orda olub, onunla danışıblar və bina hələ tikildiyi üçün onlara bir az ucuz qiymətə satıblar. Həm də Cavanşir müəllimlə işlədiyi üçün hörmət etdilər. 3-4 gün sonra pulu Lalə xanım adlı mühasibə verib, onlara borc qalmaması ilə bağlı maliyyə arayışı da verilib. Ofis bina tikilənə qədər Vorovskidə yerləşirdi. Onlar müqaviləni imzaladıqdan sonra Lalə xanım müdirin otağına girib imza etdirdi. Həmin vaxt pulları var idi, o səbəbdən də hissə-hissə deyil, birdəfəyə ödəyiblər. Onlara açar verilməyib, səbəb kimi binada yanğın olması göstərilib. Sonradan Mahmud deyib ki, açar onlarda qalsın. 2-3 aydan bir mənzilə baxmağa gedirdilər. Hacı Mazanla ev barəsində danışıqları olmayıb və onlara Zeynalov Vüqar tərəfindən mənzilin pulu ilə bağlı zəng gəlməyib. Bir dəfə MTK-dan həyat yoldaşına sayğaclarla bağlı zəng edilmişdi. Bundan sonra o Mahmuda zəng edib və ona yanlışlıq olduğu bildirilib. X7 razılaşdırmışlar, evin başqasına satıldığını biləndə o, Cavanşir Paşazadəyə bu barədə bildirib və o da məhkəməyə müraciət etməsini deyib. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X6 öz ifadəsində bildirmişdir ki, o, "xxxx" MTK-da 2006-cı ildən fəaliyyətini dayandırana kimi satış üzrə menecer, komendat vəzifələrində işləmişdir. MTK təqribən 2017-ci ildə fəaliyyətini dayandırmışdır. Satışı o həyata keçirib və bütün satışlardan məlumatlı olub, çünki o, müştəriləri tapıb və mənzilləri göstərib. Sevil xanım onlara heç bir ödəniş etməyib. Hacı Ramazan qəza edən zaman Sevil xanım gəlib və fürsətdən yararlanmağa çalışıb. Onu prokurorluğa da çağırıblar. Sevil xanım pul ödəmədiyi halda pul tələb edir. İddiaçı ilk dəfə 2019-cu ildə ofisə gəlib və o vaxta kimi onu heç görməmişdir. Prokurorluqda iş araşdırılarkən maliyyə arayışı ona göstərilmişdi. Onların maliyyə arayışı fərqli formadadır. İddiaçıda qrafik olub. Əgər şəxs kassaya pul ödəyirsə qəbz verilir. Sevil xanım Cavanşir bəyin sürücüsünün arvadıdır, elə söz olub ki, pul versə ona mənzil verilər, lakin o heç vaxt pulu gətimədi, mənzil ilə başqasına satıldı. Kimliyindən asılı olmayaraq kim pul ödəyirsə mütləq şəkildə qəbz verilir. Sevil xanımın isə qəbzi olmayıb. Təqribi olaraq 12 illik fəaliyyətində o, Ramazan bəyin kimdənsə pul alıb, mənzili başqasına satmasını görməmişdir. O, heç vaxt bu kimi işlərə əl atmayıb. Sevil xanım 2012-ci ildə əgər mənzil alıbsa nəyə görə təmir etdirməməsi maraq doğurur. Maliyyə arayışına vurulan möhür Lalə xanımda olurdu. Sevil xanımda olan qrafikdir, maliyyə arayışı deyil. 2012-ci ildə onların ofis Yasamalda, binanın 1-ci mərtəbəsində yerləşirdi. Satışları həmin ofisdə keçirilirdi. 2012-ci ildə onların satılmayan evləri var idi və buna görə ofis Yasamalda idi, həmin vaxt Vorovskidə ofis yox idi. Tikinti 2008-ci ildə bitib və qapılar 2008-2009-cu illərdə qoyulub. İlk 2019-cu ildə o özü köçüb. Rövşəni müştəri kimi tanımışdır və ev ona satılıb. Boş evlərin açarları onda olurdu və kimə ev satılırdısa, ona açar verilirdi. Rövşənə ev təxmini 100000 manat qiymətə satılıb. Rövşəndən pulu o, almış, kassada işləyən isə qəbz vermişdir. O, Rövşəndən pulu alıb kassada işləyənə vermişdir. O, prokurorluğa getdikdən sonra məsələ barəsində Hacıdan soruşub və o bildirib ki, qrafik mövcuddur, lakin pul ödənilmədiyi üçün qəbz verilməyib. Hacı Ramazan mənzil satsa belə pulu o, alıb kassaya verirdi. Sevil xanıma maliyyə arayışı verilən zaman orada olmamışdır. O, bütün hər şeydən məlumatlı olurdu, pul verilsə idi bilərdi. Hacı Ramazan özü Cavanşir bəyə və Elçin bəyə dəfələrlə zəng edib ki, qrafik var, lakin ödəniş edilmir. O da Elçin bəyə zəng edib ki, pulu ödəməyiblər. Elçin bəy evi satıb, onlara pul verəcəkdi, lakin, heç bir pul gətirmədi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh MTK (“Kooperativ”) ilə İddiaçı (“Payçı”) arasında bağlanmış 391 saylı, 07.03.12-ci il tarixli müqavilənin surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən yaşayış massivində 391 saylı, 125 kv.m. sahəsi olan mənzili təklif edir, “Payçı” isə bu müqavilə ilə müəyyən edilmiş qaydada 391 saylı mənzilin tam dəyərini ödəyərək mənzili qəbul edir; - Cavabdeh MTK-nın 07.03.12-ci il tarixli, 391 saylı müqavilə üzrə verilmiş arayışından görünür ki, mənzilin dəyəri tam ödənilib, İddiaçı mənzilə borcu yoxdur; - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2020-ci il tarixdə X3 adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır; - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, “İnam MTK”-nın direktoru X1 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir; - Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4444/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddiası rədd edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2006/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4444/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı əmlak tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir; - Məhkəmə tərəfindən keçirilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 0150 saylı rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, b.20, Xarici dairəvi yolu, giriş 2 ünvanında yerləşən, ümumi sahəsi 125 kv.m olan 391 saylı mənzilin bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 160000 manat müəyyən olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pul İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh MTK ilə ünvan 4 ünvanında inşa edilən çoxmənzilli binada yerləşən 125 kv.metr ümumi sahəsi olan 3 otaqlı 391 saylı mənzilin alğı-satqısına dair xx.xx.2012-ci il tarixli müqavilə bağlamışdır. İdiaçıya 50000 manat pulun tam ödənilməsi və MTK-ya borcunun olmamasını təsdiq edən maliyyə arayışı verilmişdir. 2020-ci ildə mənzil başqa şəxsə satılmış və həmin şəxs mənzilə dair çıxarış alaraq mülkiyyət hüquqlarını rəsmiləşdirmişdir. İddiaçı mənzilin təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etsə də, birinci instansiya və apellyasiya məhkəmələri tərəfindən iddiası təmin edilməmişdir. Hazırda iddiaçı müqavilə üzrə ödədiyi vəsaitin geri qaytarılmasını və mənzilin dəyərinin artması nəticəsində əldən çıxmış faydanın cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Mülki Məcəllənin öhdəliyin anlayışını müəyyən edən 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442, 443.1, 443.2-443.3.və 448.2-ci maddələrinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 459.1-ci maddəsinə uyğun olaraq, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Məcəllənin öhdəliklərin icrası zamanı vicdanlılıq prinsipini müəyyən edən 5.3 və 425.1-ci maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 752.1 və 752.2-ci maddələrinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Mülki Məcəllənin fərdi-müəyyən əşyanı vermək öhdəliyinin icra edilməməsinin nəticələrini müəyyən edən 452-ci maddəsinə görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu baxımdan bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilməlidir. Belə ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Hazırki iş üzrə müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflərin qarşılıqlı razılığı ilə müqavilə bağlanmış və müqavilə şərtləri müəyyən edilmişdir. Mülki iş üzrə tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə cavabdeh MTK, iddiaçıya 125 kv.m. ümumi sahəsi olan, 391 saylı mənzili təhvil verməyi öhdəsinə götürmüşdür. Bununla bağlı iddiaçıya mənzilin dəyərinin tam şəkildə ödənilməsi və borcunun olmaması barədə maliyyə arayışı vermişdir. Tərəflər arasında müqavilə bağlanması və maliyyə arayışının verilməsi işin mübahisələndirilməyən halıdır. Həmçinin müqavilənin predmeti olan mənzilin iddiaçıya təhvil verilməsinin mümkünsüzlüyü də işin mübahisələndirilməyən halıdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının mənzilin təhvil verilməsi tələbi, həmin mənzilə dair başqa şəxsin adına çıxarış verilməsi səbəbindən təmin edilməmişdir. Qeyd olunduğu kimi, hazırki iş üzrə müqavilə, tərəflərin əqdləri bağlamaqda əsas götürülən iradə sərbəstliyi prinsipləri çərçivəsində mülki qanunvericiliyin normalarına uyğun bağladıqları müqavilədir və həmin müqavilə çərçivəsində payçı kimi çıxış edən iddiaçı üzərinə düşən vəzifələri yerinə yetirərək mənzilin dəyərini tam şəkildə ödəmiş, lakin cavabdeh həmin mənzili ona təhvil verməmişdir. Halbuki bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında icra edilməlidir. Cavabdehin mübahisələndirdiyi hal, maliyyə arayışı verilməsinə baxmayaraq, iddiaçı tərəfindən mənzilin dəyərinin ödənilməməsindən, bunu təsdiq edə biləcək kassa mədaxil orderinin iddiaçı tərəfindən təqdim edilməməsindən ibarətdir. Bununla bağlı məhkəmə qeyd edir ki, mənzilin satılması barədə xx.xx.2012-ci il tarixli müqavilə və mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı cavabdeh tərəfindən tərtib edilib. Mənzilin alğı-satqısı sahəsində təşəkkül tapmış təcrübəyə və mövcud məhkəmə təcrübəsinə əsasən tərəfin mənzilə dair hüquqlarının yarandığını təsdiq edən sübutlara müqavilə və mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı aiddir. Belə ki, maliyyə arayışı ödənişin həyata keçirilməsini təsdiq edən sənəd kimi qəbul edilir. Digər tərəfdən nəğd pul vəsaitlərinin qəbul edilməsi barədə ciddi hesabat sənədi olan kassa mədaxil orderinin vətəndaşa təqdim edilməsi MTK-nın vəzifəsidir və mühasibatlığın aparılması qaydaları pozulmaqla müvafiq kassa mədaxil orderinin verilməməsi pul vəsaitini ödəyən şəxsin ziyanına şərh edilə bilməz. Digər tərəfdən iddiaçıya müqavilə üzrə müəyyən edilən məbləğ tam ödənilmədən hər hansı bir səbəbdən maliyyə arayışının verilməsi üçün məsuliyyəti də öz hüquq və vəzifələrinə daha ciddi şəkildə yanaşmalı olan, bu sahədə daha təcrübəli olan MTK daşımalıdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəf mənzilin dəyərinin ödənilmədiyini bildirsə də, hansı səbəblə müəssisənin möhür və rəhbərinin imzasının olduğu həmin maliyyə arayışının iddiaçıya təqdim edilməsini əsaslandıra bilməmişdir. Digər tərəfdən məhkəmə iddiaçı tərəfindən müqavilə öhdəliyinin yerinə yetirilməyərək mənzilin dəyərinin ödənilməməsinə, müqavilənin imzalanmasından 12 ildən çox vaxt keçməsinə baxmayaraq, cavabdehin maliyyə arayışının etibarsız hesab edilməsi, müqavilənin ləğvi tələbi ilə məhkəməyə müraciət etməməsini işin diqqətəlayiq hallarından hesab edir. Şahid ifadəsi ilə bağlı isə məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. Hazırki iş üzrə şahidlər bilavasitə MTK-ya rəhbərlik edən şəxs, eləcə də onun işçisi olduğundan və bilavasitə işin nəticəsində maraqlı olduğundan, onların ifadələri mötəbər sübut kimi qəbul edilə bilməz. Beləliklə, məhkəmə tərəflər arasında bağlanmış müqaviləni, iddiaçıya borcun olmaması, mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışının verilməsini, buna baxmayaraq mənzilin onun deyil, başqa bir üçüncü şəxsin adına rəsmiləşdirilməsini nəzərə alaraq hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu baxımdan müqavilə şərtlərinin məcburiliyinə və icra edilməli olması tələbinə əsaslanaraq hazırki iş üzrə cavabdeh, aralarında bağlanmış müqavilə şərtlərini pozduğuna, öhdəliklərini icra etmədiyinə görə iddiaçıya vurulmuş zərəri ödəməlidir. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, sözügedən normada zərərin iki növü fərqləndirilir: birincisi, real zərər; ikincisi əldən çıxmış fayda. Normanın mənasına görə real zərərin tərkibinə də aşağıdakılar daxildir: a) pozulmuş hüququn bərpası üçün çəkilmiş xərclər; b) pozulmuş hüququn bərpası üçün çəkiləcək xərclər; d) əmlakdan məhrum olma və ya əmlakın zədələnməsi nəticəsində yaranan zərər. Əldən çıxmış fayda dedikdə, hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Adi mülki dövriyyə şəraiti dedikdə isə öncədən görülməsi mümkün olmayan halların və qarşısıalınmaz qüvvənin təsir etmədiyi bazarın tipik fəaliyyət şəraiti nəzərdə tutulur. Hazırki iş üzrə cavabdeh yaşayış sahəsini təhvil verməməklə və ya onun dəyərini bugünədək iddiaçıya geri ödəməməklə onun həmin mənzilə münasibətdə hüququnu pozmuşdur və nəticədə iddiaçı müvafiq hüquqlarından, mənzillə bağlı adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən (nemətlərdən) məhrum olmuşdur. Mənzilin təhvil verilməli olduğu gündən ötən müddət ərzində həmin yaşayış sahəsinin iddiaçıya təhvil verilməməsi nəticəsində sonuncu müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, sonradan isə mənzilin təhvil verilməsinə nail olmadığından, mənzilin dəyərinin və əldən çıxmış faydanın ödənilməsini tələb etmişdir. Bu baxımdan məhkəmə cavabdehin müqavilə üzrə ödədiklərinin geri qaytarılması və əldən çıxmış faydanın ödənilməsi tələbini nəzərə alaraq, mənzil üçün ödənilmiş 50 000 manat məbləğində pulun və sözügedən müqavilə üzrə öhdəliklərini lazımınca və vaxtında icra etməməsi nəticəsində iddiaçıya vurulmuş zərər kimi mənzilin hazırki dəyərinin cavabdehdən tutulmasını ağlabatan və məqsədə müvafiq hesab edir. Müasir bazar şəraitində mənzilin dəyərlənməsi və qiymətinin qalxması nəzərə alınmaqla qeyd edilməlidir ki, iddiaçı mənzili vaxtında əldə etsə idi, hazırda onu daha yüksək qiymətə özgəninkiləşdirmək, daha yüksək qiyməti olan əmlaka sahib olmaq hüququna malik olacaqdı. Məhkəmə tərəfindən mənzilin hazırki dəyərinin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin edilmiş və "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 0150 saylı rəyi ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, b.20, Xarici dairəvi yolu, giriş 2 ünvanında yerləşən ümumi sahəsi 125 kv.m olan 391 saylı mənzilin bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 160000 manat müəyyən olunmuşdur. Qiymətləndirmə rəyindən də göründüyü kimi mənzilin dəyərində 110000 manat artım olmuşdur. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə uyğun olaraq iddia tələbindən kənara çıxmayaraq məhkəmə hesab edir ki, Cavabdeh MTK-dan müqavilə üzrə ödənilmiş 50000 manat pul və əldən çıxmış faydaya görə 95000 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki mülki iş üzrə iddiaçı tərəfindən 435 manat məbləğində dövlət rüsumu və məhkəmə tərəfindən keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri olaraq 300 manat pul qiymətləndirmə mərkəzinə ödənilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MTK-dan müqavilə üzrə ödənilmiş 50.000 manat pul, vurulmuş zərərə görə 95.000 manat pul, ödənilmiş dövlət rüsumuna görə 435 manat və məhkəmə qiymətləndirmə tədqiqatının dəyəri olan 300 manat pul, cəmi 145.735 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MTK-dan müqavilə üzrə ödənilmiş 50.000 manat pul, vurulmuş zərərə görə 95.000 manat pul, ödənilmiş dövlət rüsumuna görə 435 manat və məhkəmə qiymətləndirmə tədqiqatının dəyəri olan 300 manat pul, cəmi 145.735 (yüz qırx beş min, yeddi yüz otuz beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elekton kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1100/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1100/2024
21.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver