Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1155/2023 13.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X5 və Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 35, 3 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh və X2 himayəsində olan yetkinlik yaşına çatmayan uşaqları X6 və X7 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 35, 3 saylı mənzilindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı, iddianın dəyişdirilməsi barədə ərizə verərək Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 35 saylı evin, 3 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab olunması, cavabdeh X4 13000 manat məbləğində kompensasiya ödənilməklə Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 35 saylı evin 3 saylı mənzilindən istifadə hüququna xitam verilməsi, həmin evdə özünə məxsus olan əşyaları ilə və himayəsində olan yetkinlik yaşına çatmayan uşaqları X6 və X7 ilə birlikdə mənzildən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyətçisidir və həmin mənzildə qeydiyyatdadır. İddiaçı başqa həmin mənzildə onun keçmiş arvadı Cavabdeh, qızı X5 və sonuncunun yetkinlik yaşına çatmayan uşaqları – xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X7 da qeydiyyatdadırlar. İddiaçı ilə Cavabdeh xx.xx.1979-cu il tarixdə ailə qurmuşlar. Aralarında olan nikah xx.xx.2014-cü il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Bundan sonra Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 35, 3 saylı mənzilində qeydiyyatda ola-ola, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 305 sahənin bir hissəsi ünvanında yerləşən 0.03 ha torpaq sahəsi üzərində olan fərdi yaşayış evinə istifadə hüququnun tanınması və köçürülməsi ilə bağlı Sabunçu Rayon Məhkəməsində iddia qaldırmışdır. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(008)-2430/2019 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 305 sahənin bir hissəsi ünvanında yerləşən 0.03 ha torpaq sahəsi üzərində olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Bundan sonra iş icraya yönəlmiş və məhkəmənin qərarı tam icra olunaraq, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən yaşayış evinə köçürülmüşdür. Cavabdeh faktiki olaraq Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən yaşayış evində yaşayır, Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 35, 3 saylı mənzildə formal olaraq qeydiyyatdadır. Cavabdehlərin Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 35, 3 saylı mənzildə formal olaraq qeydiyyatda olmaları mülkiyyətçi İddiaçı mülkiyyət hüquqlarının pozulması ilə yanaşı, həmçinin mənzilə görə iddiaçı tərəfindən əlavə kommunal ödənişlərin həyata keçirilməsinə də səbəb olur. İddiaçı məhkəməyə iddia tələbindən qismən imtinaya dair yazılı ərizə ünvanlayaraq qızı olan cavabdeh X2 ağır xəstəlikdən əziyyət çəkməsi səbəbindən iddia tələbindən ona aid olan hissədə imtina etdiyini bildirmiş, bu səbəbdən məhkəmənin 2(005)-1155/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər X4 və Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dair iddiasından cavabdeh X4 münasibətdə imtinası təsdiq edilərək mülki iş üzrə icraata cavabdeh X4 aid olan hissədə xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdehlə nikahları xx.xx.2014-cü il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Bundan sonra cavabdeh, aralarında baş tutmuş məhkəmə mübahisəsi üzrə çıxarılmış qətnamə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 305 sahənin bir hissəsi ünvanında yerləşən 0,03 ha torpaq sahəsi üzərindəki fərdi yaşayış evinə köçmüşdür. Bununla belə, hələ də formal olaraq mübahəsəli ünvanda qeydiyyatda qalmaqdadır. Buna görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun zahat verməklə iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş və faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 305 sahənin bir hissəsi ünvanında yerləşən 0,03 ha torpaq sahəsi üzərindəki fərdi yaşayış evində yaşayır. Mübahisələndirilən mənzilə gedib gəlir. Lakin mübahisəli mənzildən qeydiyyatdan çıxarılsa, heç bir yerə qeydiyyata düşəməyəcək. Çünki yaşadığı ev sənədsiz olduğundan ora qeydiyyata düşmək mümkün deyildir. Həmçinin arada hazırki mübahisələndirilən evdə qızının yanında qalır. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH seriyalı, 103630 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Heydərov küçəsindəki 35 nömrəli yaşayış evinin 3 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə reyestr kitabında 131985 nömrə ilə xx.xx.1997-ci il tarixdə qeydiyyat aparılmışdır; Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2430/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, Cavabdeh ünvan 3 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi üzərində olan fərdi yaşayış evinə köçürülməsi qət olunmuşdur; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7621/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2430/2019 saylı, 28 mart 2019-cu il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur; Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-344/22 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 avqust 2021 il tarixli, 2(103)-7621/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır; İcraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2340/2019-012 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır; Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Səbinə Məmmədova, icra məmuru Gülizar Hüseynova, 14-cü polis bölməsinin sahə rəisi Anar Əliyevin, tələbkar Cavabdeh və borclu İddiaçı iştirakları ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, tələbkar Cavabdeh ünvan 3 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi üzərində olan fərdi yaşayış evinə köçürülmüş və açar ona təhvil verilmişdir; İcraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2430/2019-012 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi icra edildiyindən icra sənədinə xitam verilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1061/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakların (o cümlədən Bakı şəhəri, Heydərov küçəsi, 35 nömrəli yaşayış evinin 3 mənzilinin) 2/3 hissəsinə onun, 1/3 hissəsinə isə İddiaçı mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməmişdir; Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, xx.xx.1959-cu il təvəllüdlü Cavabdeh xx.xx.1991-ci il tarixdən hazırki vaxtadək ünvan 1 ünvanında qeydiyyatdadır; Bakı İcra Hakimiyyəti Mənzil Kommunal təsərrüfatı departamenti 2 saylı xüsusi təyinatlı MKTB-nin 25 saylı Mənzil Kommunal istismar sahəsinin 137 nömrəli xx.xx.2023cü il tarixli arayışından görünür ki, Cəfərova X1 rayon A.Heydərov küçəsi ev 35 mənzil 3 ünvanında qeydiyyatdadır; İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh və X5 xx.xx.2022-ci il tarixdə keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmişlər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında xx.xx.1979-cu il tarixdə bağlanmış nikah Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3096/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Mübahisələndirilən Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 35 nömrəli yaşayış evinin 3 saylı mənzili xx.xx.1997-ci il tarixdə ailə üzvlərinin razılığı əsasında iddiaçının adına özəlləşdirilmiş və xüsusi mülkiyyət hüququ əsasında onun adına qeydə alınmışdır. Cavabdeh xx.xx.1991-ci il tarixdən həmin mənzildə qeydiyyatdadır. Nikahlarının pozulmasından sonra qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi üzərində olan fərdi yaşayış evinə köçürülmüşdür. İddiaçı cavabdehin daimi yaşamaq üçün başqa ünvana köçməsi faktına əsaslanmaqla hazırkı iddia tələbini irəli sürmüşdür. İlki növbədə qeyd olunmalıdır ki, iş materiallarından göründüyü kimi, cavabdeh Bakı Şəhəri texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarıın qeydiyyatı idarəsinə ərizə ünvanlayaraq mübahisələndirilən mənzilin həyat yoldaşı İddiaçı adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Həmçinin iddiaçı birgə nikah dövründə əldə edilmiş daşınmaz əşyaların (o cümlədən Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 35 nömrəli evin 3 saylı mənzilinin) bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddia müddəti ötürüldüyündən iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarına görə isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində müəyyən edilmiş ərarvadın birgə (ümumi) mülkiyyətinin əldə olunmasının hüquqi əsaslarından fərqli olaraq, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 5-ci maddələrinə əsasən özəlləşdirilən mənzillər əvəzsiz əldə edildiyindən və ər və ya arvad həmin mənzilin onlardan birinin adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq verdiyindən həmin mənzil ərarvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasındakı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin (hazırkı mübahisə üzrə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsi tətbiq olunmalıdır) 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin maddənin 3-cü hissəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Eyni Məcəllənin 60-cı maddəsinə görə, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Məcəllənin 87-ci maddəsinə görə isə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir. Məhkəmə qeyd edir ki, cavadehin Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 35 nömrəli yaşayış evinin 3 saylı mənzilinə istifadə hüququnun yaranmış olduğu mübahisəli deyildir. Tərəflərin mübahisə etdikləri hal, cavabdehin həmin mənzilə istifadə hüququnun qalıb-qalmaması ilə bağlıdır; iddiaçı keçmiş arvadı olan cavabdehin mənzildə qeydiyyatda olmasına baxmayaraq, məhkəmə qətnaməsi əsasında köçürüldüyü Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi üzərində olan fərdi yaşayış evində daimi yaşadığını və bu səbəbdən onun mübahisəli mənzilə istifadə hüququnun itirilmiş hesab olunduğunu irəli sürmüşdür. Cavabdeh isə, əvvəlki məhkəmə iclaslarında işin qeyd edilən halını inkar etməyərək, əksinə həqiqətən də həmin fərdi yaşayış evində yaşadığını etiraf etmiş, bununla belə həmin evin yerləşdiyi torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına baxmayaraq, evin sənədləşdirilməməsi səbəbindən ora qeydiyyata düşə bilmədiyini, bununla yanaşı xəstə olan qızına baxmaq üçün ara-sıra mübahisəli mənzilə gəldiyini bildirməklə iddiaya etiraz etmişdir. Sonrakı məhkəmə iclasında isə cavabdeh mübahisələndirilən evdə də yaşadığını bildirmişdir. Həmçinin cavabdeh izahatında hələ birgə nikah dövründə olarkən Sabunçu rayonunda yerləşən fərdi yaşayış evinə köçdüklərini və orada yaşadıqlarını bildirmişdir. Göründüyü kimi, iş materialları və tərəflərin izahatları ilə cavabdehin Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi üzərində olan fərdi yaşayış evinə köçərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2430/2019-012 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icra edildiyi xx.xx.2022-ci il tarixdən mübahisəsi gedən mənzildə yaşamadığı müəyyən edilmişdir. Beləliklə, işdəki sübutların məcmusu cavabdehin mübahisəli mənzilə dair hüququnun itirilməsinə münasibətdə keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsasların mövcud olduğunu təsdiq edir. Məhkəmənin qənaətinə görə, cavabdehin köçdüyü fərdi yaşayış evinə qeydiyyata düşə bilməməsi də onun mübahisəli mənzilə dair hüququnun saxlanılmasına əsas vermir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, şəxsin əvvəllər yaşadığı yaşayış sahəsini tərk edərək daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi qənaətinə gəlmək üçün mütləq onun özünə məxsus yaşayış sahəsinə malik olması halının müəyyən olunmasına ehtiyac yoxdur. Burada əsas dəyərləndirilməli olan məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, oraya yaşamaq üçün qayıtmaq niyyətinin olub-olmadığı və ən əsası bununla bağlı real təşəbbüslər göstəribgöstərməməsidir. Bu mənada məhkəmə hesab edir ki, cavabdehin qızına (X4) baxmaq üçün ara-sıra həmin mənzilə gəlib-getməsi, hətta bu məqsədlə bir neçə gün orada qalması da yaşayış sahəsi ilə bağlılıq kimi deyil, valideyn-övlad bağlılığı olaraq qiymətləndirilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, onun həmin mənzildə yaşayan qızı ilə ünsiyyətdə olması, xəstəliyi səbəbi ilə onun qayğısına qalması cavabdehin daimi yaşamaq üçün başqa ünvana köçməsi faktını dəyişdirmir. Bu baxımdan cavabdehin istinad etdiyi arqumentlər onun köçüb getdiyi vaxtdan itirilmiş hesab olunan istifadə hüququnun bərpasına əsas verə bilməz. Mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Başqa sözlə, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələri). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 35 saylı evin 3 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab olunmalıdır. İş üzrə ödənilmiş dövlət rüsumu iidiaçıya aid edilsin. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 35 saylı evin 3 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1155/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1155/2023
13.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver