Məhkəmə qərarları › İş №e-2(005)-1156/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1156/2022

13.04.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1156/2022 13.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “mənzilin təhvil verilməsi ” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının 1-ci blok 8-ci mərtəbə, ümumi sahəsi 74 m olan 1 otaqdan ibarət mənzilin İddiaçı təhvil (istifadə və sahibliyinə) verilməsi və cavabdeh tərəfindən həmin mənzildə təmir işlərinin aparılması üçün müvafiq şəraitin ona yaradılması vəzifəsinin Cavabdeh MTK-ya həvalə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh MTK ilə İddiaçı arasında 16.08.2019-cu il tarixli 15 saylı müqavilə bağlanılmışdır. 16.08.2019-cu il tarixli 15 saylı müqaviləyə əsasən Cavabdeh MTK Satıcı olaraq “ünvan 2 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının 1-ci blok 8-ci mərtəbə, ümumi sahəsi 74 m olan 1 otaqdan ibarət” mənzilin ona vərilməsini təmin etməli idi. Tərəfindən dəfələrlə şifahi qaydada MTKya müraciət olunaraq mənzili ona göstərməyi xahiş etmişdir. Lakin hər dəfəsində müxtəlif bəhanələr gətirərək mənzili ona göstərməmişdirlər. Sonuncu dəfə isə ona müqavilə ilə nəzərdə tutulan mənzil yox, ölçüsü az olan başqa bir mənzil göstərərək həmin mənzili ona verməyi təklif etmişdirlər. Bu cür hərəkətlərin olması artıq onda ciddi şübhələr doğurur. Göstərilənlərdən belə aydın olur ki, Cavabdeh MTK-nın rəhbərliyi yaşayış binasının inşaatı ilə yox, bu əsasla Azərbaycan Respublikası vətəndaşlarına vəd verərək onların pul vəsaitinin ələ keçirmə fəaliyyəti ilə məşğul olmuşdur və olmaqdadır. Cavabdeh MTK-dan satın aldığı mənzili mənə təhvil verməkdən imtina etdiyinə və onun mənzilə bağlı sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələr yaratdığından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh MTKnın rəhbərliyinə maneələrin aradan qaldırılması üçün dəfələrlə müraciət etsə də, ona heç bir rəsmi cavab verilməmişdir. Həmin müqaviləyə əsasən o, üzərinə düşən öhdəliyi tamamilə yerinə yetirərək mənzilin haqqını tam və nəğd formada ödəmişdir. Cavabdeh isə müqavilə öhdəliyindən irəli gələn mənzili ona təhvil verməklə bağlı öhdəliklərini yerinə yetirmir. Müqavilə üzrə mənzilin qiyməti (1 m -1200 manat olmaqla) 88.800 (səksən səkkiz min səkkiz yüz) AZN təşkil etmişdir. Tərəfimdən həmin məbləğ Təbriz MTK-nə tam olaraq ödənilmişdir. Müqavilə üzrə 88.800 (səksən səkkiz min səkkiz yüz) AZN məbləğin ödənilməsinə dair Cavabdeh MTK tərəfindən Maliyyə arayışı verilmişdir. Qeyd etmək lazımdır müqavilələrin bağlandığı tarixdən artıq 2 (iki) ildən çox vaxt keçmişdir, lakin bu günədək mənzil ona təhvil verilməmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MTK-ya məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar nümayəndələrinin nı məhkəmə iclasında iştirakını təmin etməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MTK ilə İddiaçı arasında bağlanılmış 16.08.2019-cu il tarixli 15 saylı müqaviləyə əsasən İddiaçı ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının 1-ci blok 8-ci mərtəbə, ümumi sahəsi 74 m olan 1 otaqdan ibarət mənzili 88.800 manat dəyərində almaq üçün müraciət etmiş və tərəflər arasında müqavilə bağlanılmışdır. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, “ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının 1-ci blok 8-ci mərtəbə, ümumi sahəsi 74 m olan 1 otaqdan ibarət mənzilinin 88.800 manat pay dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında bağlanmış 16 avqust 2019-cu il tarixli 15 saylı müqaviləyə əsasən İddiaçı ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının 1-ci blok 8-ci mərtəbə, ümumi sahəsi 74 m olan 1 otaqdan ibarət mənzili almış, mənzilin tam şəkildə dəyərini (88.800 manat ) ödəmişdir. Hazırda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan 16.08.2019-cu il tarixli 15 saylı müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının 1-ci blok 8-ci mərtəbə, ümumi sahəsi 74 m olan 1 otaqdan ibarət mənzilin ona təhvil verilməsini o cümlədən cavabdeh üzərinə həmin mənzildə təmir işlərinin aparılması üçün müvafiq şəraitin ona yaradılması vəzifəsinin qoyulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci hissəsinə görə Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 428.2-ci maddəsinə əsasən öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin vaxtından əvvəl icrasına yalnız öhdəliyin vaxtından əvvəl icrasının mümkünlüyü bu Məcəllədə və ya öhdəlik şərtlərində nəzərdə tutulduqda və ya işgüzar dövriyyə adətlərindən və ya öhdəliyin mahiyyətindən irəli gəldikdə yol verilir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 430.2-ci maddəsinə əsasən Öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. 445.2-ci, 445.2.1-ci və 445.2.2-ci maddələrinin tələblərinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hesab edir ki, ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin qanuniliyi yoxlanılmalı, həmin mübahisəyə qiymət verilməlidir. Odur ki, müqavilə münasibətləri çərçivəsində yaranan mübahisəyə qanuni əsaslarla qiymət verildikdə ümumi mübahisənin düzgün həllinə nail olmaq mümkündür. Məhkəmə qeyd edir ki, tərəflər arasında 16.08.2019-cu il tarixli 15 saylı müqaviləyə əsasən İddiaçı ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının 1-ci blok 8-ci mərtəbə, ümumi sahəsi 74 m olan 1 otaqdan ibarət mənzili almış, mənzilin tam şəkildə dəyərini (88.800 manat) ödəmişdir. Müqavilənin 13-cü bəndində qeyd edilir ki, bina tikilib başa çatdıqdan və alıcı order alıdqdan sonra müqavilə öz qüvvəsini itirmiş hesab olunur və satıcıya geri qaytarılır. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı 16 avqust 2019-cu il tarixli 15 saylı müqavilə üzrə öhdəliklərini tam icra edərək, mənzilin dəyərini tam şəkildə ödəmiş, cavabdeh MTK həmçinin müqavilə üzrə öhdəliklərini icra etməli və mənzili iddiaçıya təhvil verməlidir. Bundan başqa məhkəmə iddia tələbinin “cavabdehin üzərinə təmir işlərinin aparılması üçün müvafiq şəraitin yaradılması vəzifəsinin qoyulması” hissəsində qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 16.08.2019cu il tarixli 15 saylı müqavilənin 12-ci bəndində qeyd edilir ki, mənzilin tam dəyərini ödəmədən onun daxilində hər hansı təmir tikinti işləri aparmaq qəti qadağandır. İş materiallarında olan maliyyə arayışından görünür ki, iddiaçı mənzilin tam dəyərini MTK-ya ödəyərək, öz üzərinə düşən öhdəliyi icra etmişdir. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, “ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının 1-ci blok 8-ci mərtəbə, ümumi sahəsi 74 m olan 1 otaqdan ibarət” mənzil Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməli, həmçinin cavabdehin üzərinə həmin mənzildə təmir işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması öhdəliyi həvalə edilməlidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən tələb olmadığından dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının 1-ci blok 8-ci mərtəbə, ümumi sahəsi 74 m olan 1 otaqdan ibarət mənzil İddiaçı təhvil verilsin. Cavabdeh MTK-nın üzərinə ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının 1-ci blok 8-ci mərtəbə, ümumi sahəsi 74 m olan 1 otaqdan ibarət mənzildə təmir işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması öhdəliyi həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar