Məhkəmə qərarları › İş №e-2(005)-1157/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(005)-1157/2022

31.05.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1157/2022 31.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MTK qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair ərizəsi üzrə işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında, qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-yə qarşı “mənzilin dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının 1-ci blok 8-ci mərtəbə, ümumi sahəsi 74 kv.m olan 1 otaqdan ibarət mənzilin təhvil verilməsi və həmin mənzildə təmir işlərinin aparılması üçün İddiaçı müvafiq şəraitin yaradılması vəzifəsi cavabdeh "Çinar-AN” Mənzil Tikinti Kooperativinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə əizə ilə müraciət edərək, Bakı Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində inşa etdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının D blok 5-ci mərtəbə, ümumi sahəsi 66.01 m2 olan 2 otaqdan ibarət mənzilin təhvil verilməsi və həmin mənzildə təmir işlərinin aparılması üçün İddiaçı müvafiq şəraitin yaradılması vəzifəsi cavabdeh "Çinar-AN” Mənzil Tikinti Kooperativinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK ilə İddiaçı arasında 03.04.2014-cü il tarixində 71 saylı müqavilə bağlanılmışdır. 03.04.2014-cü il tarixli 71 saylı müqaviləyə əsasən Cavabdeh MTK Satıcı olaraq Xırdalan şəh, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində inşa etdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının D blok 5-ci mərtəbə, ümumi sahəsi 66.01 m2 olan 2 otaqdan ibarət” mənzilin iddiaçıya vərilməsini təmin etməli idi. Cavabdeh MTK satın alınmış mənzili iddiaçıya təhvil verməkdən imtina etdiyinə və onun mənzillə bağlı sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələr yaratdığından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh MTK -nın rəhbərliyinə iddiaçı tərəfindən maneələrin aradan qaldırılması üçün müraciət edilsə də, ona heç bir rəsmi cavab verilməmişdir. Həmin müqaviləyə əsasən iddiaçı, üzərinə düşən öhdəliyi tamamilə yerinə yetirərək mənzilin haqqını tam və nəğd formada ödəmişdir. Cavabdeh isə müqavilə öhdəliyindən irəli gələn mənzilin iddiaçıya təhvil verməklə bağlı öhdəliklərini yerinə yetirmir. Qeyd etmək lazımdır ki, 03.04.2014-cü il tarixli 71 saylı müqavilə üzrə mənzilin qiyməti (1 m2 -550 manat olmaqla) 36.305 (otuz altı min üç yüz beş) AZN təşkil etmişdir. İddiaçı tərəfindən həmin məbləğ Cavabdeh MTK-nə tam olaraq ödənilmişdir. Həmin məbləğin ödənilməsinə dair Cavabdeh MTK tərəfindən Maliyyə arayışı verilmişdir. Qeyd etmək lazımdır müqavilələrin bağlandığı tarixdən artıq 7 (yeddi) ildən çox vaxt keçmişdir, lakin bu günədək mənzil iddiaçıya təhvil verilməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı nümayəndəsi və vəkili iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçının nümayəndəsi və vəkili etiraz etmədiyindən Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1157/2022 saylı 31.05.2022-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 03.04.2014-cü il tarixli 71 nömrəli alqı-satqı Müqaviləsindən görünür ki, Cavabdeh MTK Bakı Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində inşa etdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının D blok 5-ci mərtəbə, ümumi sahəsi 66.01 m2 olan 2 otaqdan ibarət mənzilin alıcı İddiaçı satılması, sonuncu isə həmin mənzili qəbul etməyi öhdəsinə götürür. Bunun müqabilində 2 otaqlı ümumi sahəsi 66.01 m2 sahəsi olan mənzilin şirkətə hər kv.m-nə 550 manat olmaqla, cəmi 36305 manat ödənilməsi müəyyən edilmişdir. Cavabdeh MTK tərəfindən tərtib edilmiş 03.04.2014-cü il tarixli X1 görünür ki, İddiaçı tərəfindən 03.04.2014-cü il tarixli 71 nömrəli müqaviləsi üzrə 36305 manat ödəniş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq göndərilmiş 12.05.2022-ci il tarixli **********50 nömrəli görünür ki, Bakı Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində inşa etdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının D blok 5-ci mərtəbə, ümumi sahəsi 66.01 m2 olan 2 otaqdan ibarət mənzilə dair daşınmaz əmlakın dövlət resyestrindən qeydiyyatdan keçməsi barəsində arxivdə məlumat aşkar edilmədiyi qeyd olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkilinin izahatı və təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh təşkilat arasında mənzilə dair müqavilə bağlanmış, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etsə də, lakin cavabdeh tərəfindən iddiaçıya müqavilə predmeti olan mənzil təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçı tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən pozulduğunu əsas gətirərək məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddia tələbi üzrə tələb edilən borc məbləği iddiaçı tərəfindən cavabdehə alınması nəzərdə tutulan mənzilin dəyəri ilə tənzimlənir. Qeyd olunan mənzilin dəyərinin tam şəkildə ödənilməsi iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş kassa mədaxil qəbzi ilə təsdiq olunur. Məhkəmə iddiaçının cavabdehdən alqı-satqı müqaviləsi üzrə üzərinə götürülmüş öhdəliyin yerinə yetirilməməsinə görə yaranmış borcun ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında məznilin alqı-satqısına dair müqavilə üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı razılaşma üzrə nəzərdə tutulmuş mənzilin dəyərini cavabdehə ödəmiş, cavabdeh isə həmin mənzilin cavabdehə təhvil vermyətək iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində inşa etdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının D blok 5-ci mərtəbə, ümumi sahəsi 66.01 m2 olan 2 otaqdan ibarət” mənzilin İddiaçı təhvil (istifadə və sahibliyinə) verilməsi və həmin mənzildə təmir işlərinin aparılması üçün İddiaçı müvafiq şəraitin yaradılması vəzifəsi cavabdeh "Çinar-AN” Mənzil Tikinti Kooperativinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin Bakı Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində inşa etdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının D blok 5-ci mərtəbə, ümumi sahəsi 66.01 m2 olan 2 otaqdan ibarət” mənzilin İddiaçı təhvil (istifadə və sahibliyinə) verilməsi və həmin mənzildə təmir işlərinin aparılması üçün İddiaçı müvafiq şəraitin yaradılması vəzifəsi cavabdeh "Çinar-AN” Mənzil Tikinti Kooperativinə həvalə edilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar