Məhkəmə qərarları › İş №e-2(005)-1169/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1169/2025

14.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1169/2025 14.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi, maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia tələbi və onun dəlilləri İddiaçı Cavabdehnə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC tərəfindən xx.xx.2018-ci il tarixli müqavilə şərtlərinə və müqaviləyə əlavə olunmuş yaşayış sahəsinin tərtib sxeminə uyğun mənzilin ən qısa müddətdə ona təhvil verilməsi; Müqavilədə nəzərdə tutulmuş 500 manat kirayə haqqının ödənilməsinin dərhal bərpa edilməsi; xx.xx.2024-cü il tarixindən etibarən ödənilməmiş kirayə haqqının hesablanaraq ona ödənilməsi; cavabdeh şirkətin qanunsuz əməlləri nəticəsində vurulmuş maddi və mənəvi ziyana görə 7500 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2017-ci ildə Cavabdeh MMC (keçmiş adı İNTEKS MMC) İddiaçı müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilini sökməyi, əvəzində isə Nemət Quliyev küçəsində inşa olunacaq yeni yaşayış binalarının birindən başqa bir mənzili onun mülkiyyətinə verməyi təklif etmişdir. O, ilk vaxtlarda onların təklifini qəbul etmədiyinə görə aralarında heç bir razılaşma olmamışdır. Lakin qarşı tərəf o və ailə üzvlərinin yaşamaq hüququnu məhdudlaşdırmağa başlamış, evin kommunal xidmətlərini dayandırmaqla və dözülməz vəziyyət yaratmaqla onlara təzyiq göstərmişdir. Onlar evdə olmayan zamanlar evin qapısı sındırılmış, evə kənar şəxslər daxil olmuş, evdən müxtəlif əşyalar oğurlanmış, həmçinin cavabdeh şirkət tərəfindən qaz, elektrik, su təchizatı məhdudlaşdırmaqla o və ailə üzvlərinin hüquqları kobud şəkildə pozulmuşdur. Nəticədə bu cür şəraitdə yaşamaq mümkün olmadığına görə Cavabdeh MMC-lə müqavilə bağlamağa məcbur olmuşdur. Beləliklə, cavabdeh şirkətin təzyiqləri nəticəsində onunla Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixində mənzilə dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə müvafiq olaraq, ünvan 1 ünvanında yerləşən mənzilini sökülmək üçün Cavabdeh MMCyə təhvil verməyi öhdəsinə götürmüş. Cavabdeh MMC isə öz növbəsində həmin mənzilin əvəzinə Nemət Quliyev küçəsində 36 ay (3 il) ərzində inşa olunacaq yeni yaşayış binasının 5, 6 və ya 7-ci mərtəbələrinin birindən 72.8 kv.m yaşayış sahəsini müqaviləyə əlavə olunmuş “yaşayış sahəsinin tərtib sxeminə uyğun” şəkildə onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Eləcə də müvafiq müqavilənin 1.2-ci bəndinə əsasən tikinti şirkəti inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və onları razılaşdırılmış yaşayış sahəsi ilə təmin edəcəyi günədək o və ailəsinin müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə onlara kompensasiya şəklində hər ay üzrə əvvəlcədən aylıq 500 (beş yüz) manat məbləğində kirayə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Nəzərə çatdırır ki, Cavabdeh MMC tərəfindən xx.xx.2018-ci il tarixli müqavilənin şərtləri pozulmuş və tikinti şirkəti müqavilə ilə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. İlk növbədə Cavabdeh MMC yaşayış sahəsinin müqavilənin bağlandığı tarixdən etibarən 3 il ərzində inşa edilməklə təhvil verilməsi öhdəliyini pozmuş və müvafiq tarixdən təxminən 7 il keçməsinə baxmayaraq bu günə kimi yaşayış sahəsinin tikintisini başa çatdırmamışdır. Cavabdeh xx.xx.2024-cü il tarixində 2 bildiriş təqdim edərək mənzilin təhvil verilməsi üçün hazır olduğunu və xx.xx.2024-cü il tarixindən etibarən isə aylıq 500 manat kirayə haqqınının ödənilməsinin dayandırılacağını bildirmişdir. Həmin bildirişlərin birində Bakı Şəhəri, Nərimanov Rayonu Təbriz, F.Məmmədov, Qarabağ və N.Quliyev küçələrinin kəsişməsində yerləşən “Triumf Palace” yaşayış kompleksinin 1 saylı binasının 5-ci mərtəbəsində, digər bildirişdə isə həmin binanın isə 6-cı mərtəbəsində yerləşən 72.8 kv.m mənzilin təhvil verilməsi üçün hazır olduğu qeyd edilmişdir. xx.xx.2024-cü il tarixində mənzillə tanış olmaq məqsədilə qeyd olunan binaya yaxınlaşsa da, işçilər onlara təhlükəsizlik səbəbindən binaya girişin qadağan olduğunu, həmin binanın yaşayış üçün hazır olmadığını və binada heç kimin yaşamadığını bildirdilər. Çoxsaylı müraciətlərindən sonra işçilərin köməyi ilə və ailə üzvləri tikinti kranının vasitəsilə binaya qalxdılar, daha sonra isə təhvil verilməsi nəzərdə tutulan mənzilin müqaviləyə əlavə olunmuş yaşayış sahəsinin tərtib sxeminə uyğun olmadığını aşkar etdlər. Cavabdeh bu addımı ilə aralarında bağlanmış xx.xx.2018-cil tarixli müqavilənin 1.1-ci maddəsinin şərtlərini pozmuşdur. Belə ki, həmin müqaviləyə əsasən ona təmirsiz, lakin istismara yararlı binada yerləşən və müqaviləyə əlavə olunmuş yaşayış sahəsinin tərtib sxeminə uyğun mənzil təhvil verilməli idi. Halbuki mənzilin yerləşdiyi bina istismara yararsız vəziyyətdədir və həmin binada tikinti işləri hələ də yekunlaşmayıb. Eləcə də həmin mənzil müqavilədə əlavə olunmuş plana uyğun deyil. Buna görə də o cavabdeh şirkətə həmin mənzilləri qəbul etməyəcəyini və ona müqavilə ilə nəzərdə tutulmuş mənzilin təhvil verilməli olduğunu bildirmişdir. Şirkət isə hər dəfəsində uyğunsuz cavablar vermiş, təqdim edilə biləcək başqa mənzilin olmadığını və müvafiq plana uyğun bütün mənzillərin artıq satıldığını bildirmiş və onun əsaslı tələblərimi yerinə yetirməmişdir. Nəticədə Cavabdeh MMC istismara yarasız binada yerləşən və müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğun olmayan mənzili guya təhvil verməklə hər ay ödəməli olduğu 500 manat kirayə haqqı ödənişini qanunsuz və əsassız şəkildə dayandırmış və xx.xx.2018-ci il tarixli müqavilənin 1.2-ci bəndini pozmuşdur. Bu məsələ ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət etmiş və İcra Hakimiyyətinin təkidləri nəticəsində cavabdeh noyabr ayı üçün 500 manat kirayə haqqını ödəsə də, dekabr ayının 1-dən etibarən yenidən 500 manat kirayə haqqının ödənilməsini dayandırmışdır. Nəzərə çatdırır ki, o, İİ qrup əlildir və həmçinin astma xəstəliyindən əziyyət çəkir. Cavabdeh MMC-nin son dövrlərdəki qanunsuz addımları isə onun sağlamlığına ciddi şəkildə mənfi təsir göstərməklə xəstəliyiyin daha da ağırlaşmasına səbəb olmuşdur. Səhhətində yaranmış ciddi problemlərə görə o davamlı olaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat X5 İnstitutunda müalicə alır. Əlavə olaraq bildirir ki, Cavabdeh MMC əvvəlki dövlər ərzində müqavilə ilə razılaşdırılmış aylıq 500 (beş yüz) manat məbləğində kirayə haqqını dəfələrlə ödəməyi gecikdirmiş və onların kirayə qaldığı evlərdən qovulmağına səbəb olmuşdur. Halhazırkı vəziyyətdə isə Cavabdeh MMC 500 manat kirayə haqqının ödənilməsini əsassız və qanunsuz olaraq dayandırmışdır, nəticədə o və ailəsi çıxılmaz vəziyyətdə qalmışlar Beləliklə, Cavabdeh MMC-nin xx.xx.2018-il tarixli müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməməsi nəticəsində hüquqları kobud surətdə pozulmuş və cavabdeh şirkətin qanunsuz əməlləri nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 385.1-ci maddələrinə, AR Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun 7 saylı xx.xx.2008-ci il tarixli qərarın qərarına əsasən iddianın təmin edilməsi xahiş olunur. Etiraz ərizəsi və onun dəlilləri Cavabdeh tərəfindən məhkəməyə daxil olmuş yazılı etiraz ərizəsi onunla əsaslandırılıb ki, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016cı il tarixli 430 №-li Sərəncamına əsasən pilot layihə çərçivəsində Bakı şəhəri, Nərimanov rayonunun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yerləşən qəzalı mənzillər sökülmüş və yerində "xxxx" MMC tərəfindən “Triumf Palace” yaşayış kompleksi inşa edilmişdir. Həmin ərazidə yerləşən, İddiaçı məxsus olmuş ümumi sahəsi 40.kv.m olan yaşayış sahəsinin əvəzinə 60 kv.m. təmirli mənzilin verilməsi nəzərdə tutulmuş lakin tərəflər arasında bağlanmış 232 saylı 23 fevral 2018-ci il tarixli müqaviləyə əsasən mənzilin təmir xərcləri əvəzi (60 kv.m. yaşayış sahəsinin hər 1 kv. m-nə düşən 300 manat təmir xərclərinin cəmi 18000 manat əvəzi) əlavə 12.8 kv.m. verilməklə cəmi 72.8 kv.m-lik ümumi sahəyə malik təmirsiz mənzilin İddiaçı verilməsi nəzərdə tutulmuş, "xxxx" MMC-nin hüquqi varisi olan Cavabdeh MMC 232 saylı, 23 fevral 2018-ci il tarixli müqavilə üzrə öhdəlikləri yerinə yetirərərk yeni inşa edilmış “Triumf Palace” yaşayış kompleksinin 1-ci binasında 72.8 kv.m. mənzilin əvəzinə ümumi sahəsi 75 kv.m. olan təmirsiz mənzili İddiaçı təqdim etmiş, lakin sonuncu həmin mənzili qəbul etməkdən imtina etmişdir. Daha sonra Cavabdeh MMC-nin vəsatəti əsasında məhkəmə tərəfindən təqdim edilmiş mənzilə yerli baxış keçirilmiş və yerli baxış keşirilən zaman təqdim edilmiş 3 otaqlı mənzildə natamam görülmüş işlər (mənzilə giriş qapısı və pəncərə şüşəsinin vurulmaması) müəyyən olunmuşdur. Nəzərə çatdırılır ki, yerli baxış keçirilən zaman müəyyən edilmiş nöqsanların dərhal aradan qaldırılması və işlər tamamlanana qədər aylıq kompensasiyanın ödənilməsinə göstəriş verilmiş, qısa müddət ərzində mənzildə işlər yekunlaşmış, pəncərə şüşələri və giriş qapısı qoyulmuş, 2025-ci ilin aprel ayı da daxil olmaqla kompensasiya məbləği İddiaçı ödənilmişdir. Lakin buna baxmayaraq iddiaçı yenə də mənzili qəbul etməkdən imtina etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. O qeyd etdi ki, cavabdeh tərəfindən müqavilə şərtləri pozulub. 2018-ci ildən indiyə qədər mənzil ona təhvil verilməyib. Həmin müddət ərzində cavabdeh MMC fəaliyyət göstərib, digər sakinlərin mənzilləri təhvil verilib. Kirayə haqqını keçən ildən ödəməsələr də, daha sonra iş məhkəmənin icraatında olan müddətdə bir hissəsini ödəmiş, lakin may, iyun və iyul ayları ödənməmişdir. Özü ağır dərəcəli bronxial astmadan əziyyət çəkir. Onunla razılaşdırılan mənzil layihəsi ilə təhvil vermək istədikləri mənzilin layihəsi arasında ciddi fərqlər var. Tərəflərin razılaşdırdıqları layihəyə uyğun mənzilin təhvil verilməsini tələb edir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini bildirdi və rədd edilməsini məhkəmədən xahiş etdi. O qeyd etdi ki, iddiaçı ilə razılaşdırılan layihə ilə təhvil vermək istədikləri mənzilin layihəsi arasında ciddi bir fərq yoxdur. Hətta razılaşdırılandan 3 kvadrat metr də artıqdır. Həmin binada iddiaçı ilə bağlanmış müqavilədə razılaşdırılmış sahədə digər mənzil yoxdur. Məhkəmə tərəfindən mənzilə baxış keçirilən vaxt müəyyən edilmiş nöqsanlar artıq aradan qaldırılıb, həmçinin ödənməmiş kirayə haqqının böyük hissəsi – may ayına qədər ödənilib. Məhkəmə iş materiallarını tədqiq edərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, yerində müayinə edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Mülki işin materialları - İNTEKS MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin 1.1 bəndindən görünür ki, «Tərəflər» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı Qərarının 1.3 maddəsinin tələblərinin və bu Müqavilənin icrası ilə əlaqədar müqavilə bağlayırlar: 1.1.2 bəndinə əsasən "Əmlak mülkiyyətçisi» ünvan 1 ünvanında yerləşən mənzili sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, MMC isə öz növbəsində həmin mənzilin əvəzinə Nemət Quliyev küçəsində 36 ay (3 il) ərzində inşa olunacaq yeni yaşayış binasının 5, 6 və ya 7-ci mərtəbələrinin birindən 72.8 kv.m yaşayış sahəsini müqaviləyə əlavə olunmuş “yaşayış sahəsinin tərtib sxeminə uyğun” şəkildə iddiaçının mülkiyyətitə verməyi öhdələrinə götürürlər. - Həmin müqavilənin 1.2-ci bəndinə əsasən tikinti şirkəti inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və razılaşdırılmış yaşayış sahəsi ilə təmin edəcəyi günədək iddiaçının müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə ona kompensasiya şəklində hər ay üzrə əvvəlcədən aylıq 500 (beş yüz) manat məbləğində kirayə haqqını ödəməyi öhdəsinə götürmüşdür. - Müqavilənin 2.2.5 bəndinə əsasən «Tikinti şirkəti» «Əmlak mülkiyyətçisi» tərəfindən yaşayış sahəsi təhvil verildikdən sonra tikinti işləri 36 ay müddətinə qədər başa çatdırılaraq müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş və müqaviləyə əlavə olaraq tərtib edilmiş «yaşayış sahəsinin tərtib sxeminə» üyğun yaşayış sahəsini təhvil verməyi öhdəsinə götürür. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat X5 İnstitutunun tibbi sənədlərindən görünür ki, İddiaçı «Qarışıq astma, Bronxial astma qarışıq forma, nəzarət olunmayan kəskinləşmə mərhələsi» diaqnozu qoyulmuşdur. - Təqdim edilən digər tibbi sənədlərdən görünür ki, İddiaçı İİ qrupp əlildir. - Ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. İşin faktiki halları İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 430 №-li Sərəncamına əsasən pilot layihə çərçivəsində Bakı şəhəri, Nərimanov rayonunun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yerləşən qəzalı mənzillər sökülmüş və yerində "xxxx" MMC tərəfindən “Triumf Palace” yaşayış kompleksi inşa edilmişdir. Bununla əlaqədar "xxxx" MMC-i tərəfindən həmin ərazidə yerləşən, İddiaçı məxsus olmuş ümumi sahəsi 40.kv.m olan yaşayış sahəsinin əvəzinə 60 kv.m. təmirli mənzilin verilməsi nəzərdə tutulmuş mənzilin təmir xərcləri əvəzi (60 kv.m. yaşayış sahəsinin hər 1 kv.m-nə düşən 300 manat təmir xərclərinin cəmi 18000 manat əvəzi) əlavə 12.8 kv.m. verilməklə cəmi 72.8 kv.m-lik ümumi sahəyə malik inşa olunacaq yeni yaşayış binasının 5, 6 və ya 7-ci mərtəbələrinin birindən təmirsiz mənzilin İddiaçı verilməsinə dair tərəflər arasında bağlanmış 232 saylı 23 fevral 2018-ci il tarixli müqavilə bağlanmışdır. Həmçinin, işin materiallarından görünür ki, "xxxx" MMC -nin hüquqi varisi olan Cavabdeh MMC 232 saylı, 23 fevral 2018-ci il tarixli müqavilə üzrə öhdəlikləri yerinə yetirərərək yeni inşa edilmış “Triumf Palace” yaşayış kompleksinin 1-ci binasında 72.8 kv.m. mənzilin əvəzinə ümumi sahəsi 75 kv.m. olan təmirsiz mənzili İddiaçı təqdim etsə də, sonuncu həmin mənzili qəbul etməkdən imtina etmişdir. İddiaçı cavabdeh tərəfindən sözügedən xx.xx.2018-cil tarixli müqavilənin 1.1-ci bəndinin şərtlərini pozmasını həmin müqaviləyə əsasən ona təmirsiz, lakin istismara yararlı binada yerləşən və müqaviləyə əlavə olunmuş yaşayış sahəsinin tərtib sxeminə uyğun mənzil təhvil verilməməsi ilə əsaslandırır. Cavabdeh tərəf inşa edilmiş yeni binada 72.8 kv.m. mənzilin olmamasını və müqavilə şərtlərinə uyğun daha artıq, yəni ümumi sahəsi 75 kv.m. olan təmirsiz mənzili İddiaçı təqdim edilməsinin mümkün olmasını bildirmişdir. Mülki işə tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iddia tələbləri üzrə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. - 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Həmçinin, Azərbaycan Respublikası MM-nin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının hazırki tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Məhkəmə tərəfindən “Triumf Palace” yaşayış kompleksinin 1-ci binasında 5-ci mərtəbəsində ümumi sahəsi 75,62 kv.m. olan mənzilinə yerində müayinə zamanı müəyyən edilmişdir ki, mənzil təmirsiz olmaqla, giriş qapısı qoyulmamış, pəncərə şüşələri vurulmamış vəziyyətdədir (daha sonra cavabdeh bu nöqsanların aradan qaldırıldığını təsdiq edən videogörüntüləri məhkəməyə təqdim etmişdir). İddiaçı tərəf bu mənzilin sxeminin müqavilə şərtlərinə və müqaviləyə əlavə olunmuş yaşayış sahəsinin tərtib sxeminə uyğun mənzi olmamasını göstərsə də, cavabdeh tərəf müqavilə şərtləri baxımından yalnız bu mənzili təklif edə bilməsini göstərmişdir. Belə ki, sökülən evin yerinə təklif edilən 3 otaqlı 72,8 kv.m sahəsi olan mənzilin sxemi 2018-ci ildə tərtib edilərək iddiaçıya təqdim edilsə də, həmin sxemdə mərtəbə göstərilməmişdir. Hazırda binada 5, 6, 7-ci mərtəbələrdə sahəsi 72,8 kv.m olan mənzil yoxdur. Məhkəmə ilk olaraq qeyd edir ki, MPM-nin 80 və 106.1-ci maddələrinin tələbləri baxımından iddiaçı tərəfin izahatları özü-özlüyündə iddianın müqavilə şərtlərinə və müqaviləyə əlavə olunmuş yaşayış sahəsinin tərtib sxeminə uyğun mənzilin ona təhvil verilməsi hissəsinin əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilədə iddiaçıya məxsus sökülmüş mənzilin əvəzinə konkret göstərilməyən mərtəbədə sahəsi 72,8 kv.m olan 3 otaqlı mənzil təhvil verilməsi nəzərdə tutulsa da, eləcə də, cavabdeh xx.xx.2024cü il tarixində təqdim etdiyi 2 bildirişdə mənzilin təhvil verilməsi üçün hazır olduğunu və həmin bildirişlərin birində Bakı Şəhəri, Nərimanov Rayonu Təbriz, F.Məmmədov, Qarabağ və N.Quliyev küçələrinin kəsişməsində yerləşən “Triumf Palace” yaşayış kompleksinin 1 saylı binasının 5-ci mərtəbəsində, digər bildirişdə isə həmin binanın isə 6-cı mərtəbəsində yerləşən 72.8 kv.m mənzilin təhvil verilməsi üçün hazır olduğu qeyd edilsə də, müəyyən edilmişdir ki, hazırki mövcud vəziyyətdə sözügedən kompleksin 5ci mərtəbəsində yalnız ümumi sahəsi 75,62 kv.m sahəsi olan mənzil qalmışdır ki, cavabdeh də həmin mənzili iddiaçıya təklif edir. Məhkəmə qəbul edir ki, cavabdeh tərəfindən konkret olaraq müqavilənin mərtəbə hissəsi üzrə deyil, mənzil sahəsi üzrə müqavilə şərtlərinə riayət olunmamışdır. Lakin hazırki mövcud, real vəziyyətdə iddiaçıya müqavilədə nəzərdə tutulan mərtəbələrdən biri olan 5-ci mərtəbədə təqdim edilən 3 otaqlı 75,62 kv.m sahəsi olan təmirsiz mənzil ona məxsus olmuş Nemət Quliyev küçəsi ev 10, mənzil 3 ünvanında yerləşən 40 kv.m sahəsi olan mənzillə əvəzləşdirlməsi ilə iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, müəyyən edilmişdir ki, təqdim edilən 5-ci mərtəbədə yerləşən mənzilin sxemində göstərilənlərlər xx.xx.2018-ci il tarixdə tərtib edilmiş sxemdən ciddi fərqlənmir, hər ikisi 3 otaqlıdır və sonuncu mənzilin sahəsi əvvəlkindən artıqdır. Həmçinin də məhkəmə tərəfindən məhz müqavilədə göstərilən mənzil sahəsinin cavabdehə təhvil verilməsi öhdəliyinin üzərinə qoyulması da formal olaraq mümkün olsa da, faktiki olaraq icrası mümkün olmayacaqdır. Çünki, tərəflər müqavilədə bu sahəli mənzilin konkret mərtəbəsini müəyyənləşdirməmiş, onu 5, 6 və 7-ci mərtəbədə olmasını şərtləndirmişdilər. Məhkəmə tərəfindən isə müqavilə üzrə konkret olmayan mərtəbə üzrə cavabdehin üzərinə 72,8 kv. m sahəsi olan mənzil verilməsi öhdəliyinin qoyulması qəbul edilən qətnamənin icrasız qalması, tərəflərin hüquqlarının real bərpasının mümkün olmaması ilə nəticələnəcəkdir. Məhkəmə qeyd edir ki, yerli baxışdan sonra cavabdeh tərəf nöqsanları aradan qaldırılmış mənzilin videoçəkilişini məhkəməyə təqdim etmişdir. (giriş qapısı, pəncərələrin şüşələri qoyulmuş və s.) Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən konkret olaraq müqavilənin mərtəbə hissəsi üzrə deyil, mənzil sahəsi üzrə müqavilə şərtlərinə riayət olunmaması iddianın müqavilə şərtlərinə və müqaviləyə əlavə olunmuş yaşayış sahəsinin tərtib sxeminə uyğun mənzil təhvil verilməsi hissəsinin əsaslı olması kimi qiymətləndirilə bilməz. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, məhkəmə tərəfindən yerində müayinə edilmiş mənzili cavabdeh baxış zamanı müəyyən edilən natamamlıqları aradan qaldırmaqla iddiaçıya təklif edir və bu təklifindən imtina etmir. Başqa sözlə, cavabdeh iddiaçının bu mənzili qəbul etməklə (təhvil almaqla) mübahisənin sonlandırılmasını arzulayır və bu təklifin icrası realdır. Məhkəmə cavabdehin bu mövqeyini və işin faktiki araşdırılmış halları ilə iddiaçının mənzil təhvil verilməsi hissəsi üzrə hüquqlarının özünün arqumetlərinə əsasən ciddi və kobud pozuntularla müşayiət olunmasının müəyyən edilməməsi, eləcə də ən əsası təqdim edilən mənzilin əvvəlki təqdim edilən mənzilin sahəsindən daha artıq olması baxımından hesab edir ki, iddianın müqavilə şərtlərinə və müqaviləyə əlavə olunmuş yaşayış sahəsinin tərtib sxeminə uyğun mənzi təhvil verilməsi hissəsində təmin edilməsi məqsədəmüvafiq deyildir. Lakin buna baxmayaraq müəyyən edilmişdir ki, cavabdeh tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş 500 manat kirayə haqqının ödənilməsində gecikmələrə yol verilmiş, yerində müayinədən sonra cavabdeh ərizə ilə müraciət edərək 2025-ci ilin aprel ayı da daxil olmaqla kirayə haqqı borcunun ödənilməsini bildirmişdir. İddiaçı tərəf 2025-ci ilin aprel ayı da daxil olmaqla kirayə haqqı borcunun ödənilməsini təsdiq etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh MMC tərəfindən xx.xx.2018-ci il tarixli müqavilə üzrə İddiaçı xx.xx.2024-cü il tarixindən deyil, 2025-ci ilin may ayından başlayaraq hər ay 500 manat kirayə haqqı borcu ödənilməli, bu ödəniş təklif edilən mənzil iddiaçıya təhvil verilənədək hər ay 500 manat məbləğində davam etdirilməlidir. Məhkəmə həmçinin iddia tələbinin “vurulmuş maddi zərərin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır Lakin işin araşdırılmış halları ilə cavabdeh tərəfindən iddiaçıya maddi zərər vurulması hallarının olması müəyyən edilməmişdir. Buna baxmayaraq məhkəmə cavabdeh tərəf olan Cavabdeh MMC-nin (İNTEKS MMC-nin hüquqi varisi) əvvəlki dövlər ərzində müqavilə ilə razılaşdırılmış aylıq 500 (beş yüz) manat məbləğində kirayə haqqını dəfələrlə ödəməyi gecikdirməsi və bunun da nəticəsində iddiaçı tərəfin bildirdiyinə görə kirayə qaldığı evlərdən qovulmağı, MMCnin yaşayış sahəsinin müqavilənin bağlandığı tarixdən etibarən 3 il ərzində yeni binanın inşa edilməklə sökülmüş mənzilin əvəzinə yeni mənzil təhvil verilməsi öhdəliyini pozaraq müvafiq tarixdən təxminən 7 il keçməsinə baxmayaraq bu günə kimi verilməli olan yaşayış sahəsi ilə bağlı müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməməsi nəticəsində iddiaçıya mənəvi ziyan vurulmasına dair dəlilləri ilə razılaşır. Məhkəmə iddianın mənəvi ziyanın ödənilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Məhkəmə iddiaçının mənəvi zərərin ödənilməsi tələbinə bu baxımdan yanaşaraq hesab edir ki, cavabdehin öz mənzilinin sökülməsi üçün təhvil verərək yeni mənzili 36 ay müddətinə alacağına dair iddiaçının ümidlərini doğrultmayaraq, hazırki vaxta kimi bağladığı müqavilə üzrə öhdəliklərini də tam yerinə yetirməməsi iddiaçının psixoloji sarsıntı və iztirab keçirməsi və buna müvafiq olaraq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir ki, bu faktların əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur. Məhkəmə, mənəvi zərərin hansı miqdarda tutulması ilə bağlı bildirir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10cu bəndində görə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.” Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə” dair 31 may 2002-ci il tarixli Qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə, zərərin məhz iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıları, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alıb hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 1000 (bir min) manat məbləğində pul tutulması ədalətli və məqsədə müvafiqdir. Odur ki, mənəvi zərər tələbi həmin həcmdə təmin olunmalı, qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin: - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC tərəfindən xx.xx.2018-ci il tarixli müqavilə üzrə İddiaçı 2025-ci ilin may iyun, iyul ayları üzrə hər ay üçün 500 manat kirayə haqqı borcu və mənzil təhvil verilənədək hər ay 500 manat kirayə haqqı ödənilməli, Cavabdeh MMC tərəfindən 1000 manat məbləğində pul mənəvi zərərin əvəzi olaraq tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC tərəfindən xx.xx.2018-ci il tarixli müqavilə üzrə İddiaçı 2025-ci ilin may, iyun, iyul ayları üzrə hər ay üçün 500 manat kirayə haqqı borcu və mənzil təhvil verilənədək hər ay 500 manat kirayə haqqı ödənilsin. Cavabdeh MMC tərəfindən 1000 manat məbləğəində pul mənəvi zərərin əvəzi olaraq tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar