Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1205/2025 17.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Heydərli Zeynəb Əmirxan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya borclu olduğu 4.000 manat pulun və 50 manat dövlət rüsmu üçün ödədiyi pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehi əvvəllər tanımamışdır. Cavabdehi tanımağı iddiaçının avtomobili ilə maraqlanmaları ilə bağlı olmuşdur. Belə ki, iddiaçıya məxsus olan **-LS-*** dövlət qeydiyyat nişanlı “Mitsubushi Artrec” minik avtomomobilini almaq üçün iddiaçıya müraciət etmişlər. İddiaçı maşını 8.500 manata satdığını bildirdikdə cavabdeh bununla razı olmuşdur. xx.xx.2022-ci ildə aralarında olan razılaşmaya əsasən avtomobil satılmışdır. Xırdalanda alqı-atqı rəsmiləşdirilmişdir. Rəsmiləşmə zamanı cavabdeh iddiaçıya 4.000 manat pul vermiş, sonradan hissə-hissə 550 manat da pul vermişdir. Qalan pulu isə qaytarmamışdır. Dəfələrlə onunla olan telefon zənglərinə və tələbinə baxmayaraq cavabdeh buna heç məhəl qoymur. Qeyd olunur ki, avtomobil satılan zaman özləri tərəfindən iddiaçının da razılığı ilə avtomobil ustaya göstərilmiş və heç bir problemi olmadığı bildirilmişdir. Sonuncu dəfə onunla danışan zaman pulu qaytarmayacağını bildirdi. Sonuncu ödənişi isə 2023-cü ilin fevral ayının 1-də edilmişdir. Cəmi ödəniş 4.550 manat olmuşdur. Yerdə qalan 4.000 manat isə cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdeh hər dəfə müxtəlif bəhanələrlə pulu verməkdən yayınır. Bundan öncə iddiaçı polisə şikayət etmişdir. Polisdən bildirilmişdir ki, ərizə ilə məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə ərizə ünvanlanaraq məhkəmə iclasında iştirak etməməsinin səbəblərini bildirmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, iddia ərizəsində söhbət gedən avtomobil ümumiyyətlə onun mülkiyyətində olmamışdır. Cavabdeh ilə aralarında bağlanmış alqı-satqı müqaviləsi təmsilçilik üzrə, yəni mülkiyyətçinin ona verdiyi etibarnamə əsasında həmin alqı-satqı müqaviləsi bağlanmışdır. Eyni zamanda iddiaçı məhkəmə iclasında dəfələrlə hüquqi yardım alması, onun vəkilinin olması, vəkilin iddia tələbini hazırlaması, vəkilin sübutlar toplaması və.s barədə bildirsə də, məhkəmə iclasında iddia ərizəsi üzrə heç bir subut təqdim edilməmişdir. İddia ərizəsinin məzmunundan tam aydın olur ki, tərəflər arasında olan razılaşma əsasında aralarında alqı-satqı müqaviləsi bağlanmışdır və bu günə qədər həmin alqı-satqı müqaviləsi mübahisələndirilməmişdir. Eyni zamanda məhkəmə iclasında iddiaçı qanunsuz əldə edilmiş subutları qeyd etmişdir. Həmin sübutların hazırkı iddia tələbində qeyd olunmuş cavabdehə heç bir aidiyyəti yoxdur və ümumiyyətlə hazırkı iş üzrə sübut olaraq qiymətləndirilməsinə etiraz edirik. Cavabdeh iddia tələbini qəbul etmir. Alqısatqı müqaviləsi bağlanmamışdan əvvəl tərəflərin iştirakı ilə avtomobili ustaya göstərmişlər. Avtomobilin matorunda və digər ehtiyyat hissələrində çox saylı problemlər çıxmışdır. Həmin hissələrin dəyişdirilməsi və təmiri də xeyrli məbləğdə pul tələb etdiyi üçün tərəflər alqı-satqı müqaviləsində qeyd olunmuş qiymətə razılaşdıqdan sonra aralarında qanunvericiliyin tələblərinə uyğun şəkildə alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh həmin alqı-satqı müqaviləsindən sonra avtomobilin mülkiyyətçisi olmuşdur. Bu günə qədər həmin alqı-satqı müqaviləsi qüvvədə olmuşdur. Ayrıca Cavabdeh həmin avtomobili aldıqdan sonra xeyli xərc çəksə də, avtomobili idarə etmək üçün tam qaydasına qoymaq mümkün olmadığından Cavabdeh da avtomobili başqa şəxsə satmışdır. Həmin alan şəxs də Cavabdeh dəfələrdə avtomobilin matorunu və.s ehtiyyat hissələrini dəfələrlə dəyişdirdiyini və xeyli xərc çəkməsini bildirmişdir. Aralarında bağlanmış alqı-satqı müqaviləsindən uzun müddət keçdikdən sonra iddiaçı Cavabdeh və ailəsini əsassız tələb ilə narahat etməyə, hədə-qorxular gəlməyə başlamış, əsassız varlanmağa təşəbbüs göstərmiş, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş mənimsəmə və ya hədə-qorxu ilə tələb etmə cinayətlərinin əlamətlərini törətmişdir. Məhkəmə, işdə iştirak edən iddiaçının izahatını dinləyib, cavabdehin etirazını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan, təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -xx.xx.2025-ci il tarixli, №3-13-16/2-75447/2025 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin göndərdiyi “Mitsubishi Airtrek” markalı **-LS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin surəti və qeydiyyat hərəkətləri barədə məlumatların çıxarışından görünür ki, həmin nəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixli şəhadətnaməyə əsasən X1 məxsus olmuş, xx.xx.2021-xx.xx.2022-ci il tarixi aralığında nəqliyyat vasitəsinə dair sərəncam hüququ etibarnamə əsasında İddiaçı məxsus olmuş, xx.xx.2022-ci il tarixində alqı-satqı müqaviləsi əsasında nəqliyyat vasitəsi Cavabdeh satılmışdır. -xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən, “Satıcı” X2 “Mitsubishi Airtrek” minik markalı **-LS-*** dövlət qeydiyyat nişanlı, buraxılış il 2004, mühərrik №-si DY8133, ban №-si CU4W0006725 nəqliyyat vasitəsini “Alıcı” Cavabdeh 10.000 manata satmışdır. Müqavilə satıcı hissəsində “Əliyev” qeydi ilə imzalanmışdır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, “Mitsubishi Airtrek” minik markalı **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində alqısatqı müqaviləsi əsasında satıcı X2 tərəfindən alıcı Cavabdeh 10.000 manata satılmışdır. Müqavilə satıcı yerində “Əliyev” qeydi ilə imzalanmışdır. Avtomobilə dair İddiaçı etibarnamə əsasında sərəncam vermək hüququ olmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı hazırkı iddianı irəli sürməkdə subyektiv hüququ olmamışdır. Ona görə ki, iddiaçının tələbinə qiymət verilərkən müəyyən edilir ki, o, “Mitsubishi Airtrek” minik markalı **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı nəticəsində alıcı, yəni cavabdehin ödəməli olduğu pul vəsaitinin bir hissəsini ona ödəməməsi nəticəsində hazırkı iddia ilə məhkəməyə müraciət etsə də, məhkəmə qeyd edir ki, sözügedən avtomobilin iddiaçının mülkiyyətində olmasını təsdiq edən heç bir sübut yoxdur. İddiaçı hazırda özünə məxsus olmayan avtomobilin alqı-satqısından irəli gələn öhdəliyin müqavilə tərəfi olan alıcı-cavabdeh tərəfindən yerinə yetirilməsini xahiş edərək, məhkəmədə subyektiv hüququ olmadan cavabdehə qarşı iddia qaldırmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 359.1-ci maddəsinə əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, sərəncam vermək hüququ verən etibarnamə ilə “Mitsubishi Airtrek” minik markalı **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobili əqd əsasında cavabdehə sataraq, sadəcə əqdin bağlanmasında üçüncü şəxsin adından təmsilçilik etmişdir. Təmsilçi isə təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göründüyü kimi, hər bir şəxsin məhkəmədə iddia qaldırmaq üçün ilk növbədə həmin tələblə müraciət etməyə subyektiv hüququ, cavabdehdən tələb etmək hüququ olmalıdır. Hazırkı halda isə iddiaçının belə bir hüququ yoxdur. Odur ki, iddia tələbi təmin edilə bilməz. Prosessual qənaət prinsipi baxımından məhkəmə iddia tələbinə münasibətdə həmçinin qeyd edir ki, iddiaçının hazırkı tələblə məhkəmədə iddia qaldırmaq hüququ olmadığı üçün əlavə araşdırmaya və sübutlara qiymət verməyə ehtiyac yoxdur. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hazırkı tələblə məhkəmədə iddia qaldırmaq hüququ olsaydı belə, təqdim edilmiş iddianın dəlilləri belə iddianın təmin edilməsi üçün yetərli deyildir. Məhkəmə bu cür qiymətləndirməni gələcəkdə eyni əsaslardan veriləcək əsassız iddiaların qarşısının alınması baxımından əhəmiyyətli hesab edir. Məhkəmə, iddianın və iddiaya olan etirazın əsaslarının təsdiqi kimi tərəflərin istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Belə ki, iş materialları və məhkəmə sorğusu əsasında tələb edilən nəqliyyat vasitəsinin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin surəti və qeydiyyat hərəkətləri barədə məlumatlardan bağlanmış müqavilənin hissə-hissə ödəniş şərtləri ilə bağlanması və yaxud ilkin ödənişin 4.000 manat məbləğində ödəniş olunduqdan sonra qalıq məbləğin hissə-hissə alıcı tərəfindən iddiaçıya ödəniləcəyi barədə razılaşmanın olması müəyyən edilməmişdir. Yəni görünən odur ki, müqavilə tərəfləri alqı-satqı müqaviləsi bağlamış, nəticədə satıcı avtomobili alıcı cavabdehin mülkiyyətinə vermiş, alıcı isə 10.000 manat pul vəsaitini satıcıya ödəmişdir. Bundan başqa, iddiaçı tərəfindən iddiasının təsdiqi kimi bir ədəd “CD” diskdə “WhatsAPP” yazışmalarına dair mobil telefon ekran görüntüləri və iki nəfər kişi cinsinə məxsus şəxs arasında telefon danışıqlarına dair səs yazıları məhkəməyə təqdim edilmişdir. Məhkəmə hesab edir ki, həmin sübutlar mötəbər sübut deyildir. Belə ki, həm səs yazılarında, həm də ekran görüntülərində səs yazısının kimlər arasında olduğu, konkret hansı avtomobilin satışı ilə bağlı olması, yazışmaların kimlər arasında olduğu və söhbətin nə barədə olduğu müəyyən edilmir. İddiaçının hazırkı tələbi Cavabdeh yönəlməsinə baxmayaraq, səs yazısında olan səslərin hər iki tərəfi kişi cinsinə məxsusdur və yazışmaların bir tərəfinin adı “Kərim 4.500” olaraq qeyd edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021ci il tarixli qərarında qeyd edilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 95-ci maddəsinə görə elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbləri məhkəmə araşdırılması zamanı təqdim etdiyi sübutlar əsasında da öz təsdiqini tapmadığından, təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-1205/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1205/2025
17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver