Məhkəmə qərarları › İş №e-2(005)-1221/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1221/2024

01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1221/2024 01.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı MTK-nın nümayəndəsi X1, Cavabdeh nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı “pay haqqı” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MTK Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borclu olduğu 510 manat məbləğində pulun, məhkəməyə müraciətlə bağlı ödədikləri 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MTK-ya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında inşa olunan yaşayış binası 2006-cı ildə sakinlərin istifadəsinə verilmişdir. Lakin sakinlərə təhvil verilmiş yaşayış binası İddiaçı MTK-dan asılı olmayan obyektiv səbəblərdən istismara qəbul edilməmişdir. Azərbaycan Respublikası Prezidenti tərəfindən “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli Fərman verilmişdir. Bu məsələ ilə əlaqədar dövlət komissiyası yaradılmış və komissiya tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında inşa olunmuş yaşayış sahəsinə baxış keçirilmiş və həmin yaşayış binasının istismarına icazə verilməsi üçün bir sıra yeni (əlavə) tələblər irəli sürülmüşdür. Həmin binanın tikintisi üçün icazələr alınan və inşaatın həyata keçirildiyi zaman Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi mövcud deyildi. Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən yaşayış sahəsinin tikintiquraşdırma işləri yekunlaşdırıldıqdan sonra yəni 2006-cı ildə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi yaradılmış, bu nazirlik tərəfindən sonradan yaşayış binalarına dair yeni tələblər irəli sürülmüş, texnologiyanın inkişafı təhlükəsizlik üzrə daha müasir texnologiyaların tətbiqi məsələsini gündəmə gətirmişdir. İddiaçı MTK tərəfindən sakinlərə təhvil verilmiş binada yanğından mühafizə üzrə mərkəzi siqnalizasiya sisteminin quraşdırılması, yanğın təhlükəsizliyi ilə bağlı əlavə işlərin (müasir yanğından mühafizə sistemləri, siqnalizasiya, tüstüsovurma və havabasıcı qurğular, o cümlədən əvvəlcədən quraşdırılmış su şırnaqlarının yeniləri ilə əvəz olunması və pilləkən ilə dəhlizarasında arakəsmələrin quraşdırılması və s.) görülməsi tələb olunur. İddiaçı MTK müqavilə üzrə üzərinə düşən bütün öhdəlikləri tam yerinə yetirmişdir. Hüquq” MTK tərəfindən binanın tikintisinə icazələr alınan və bina tikilən zaman bu texniki şərtlər mövcud olmamış və mənzil sahibləri ilə bağlanan müqavilələrdə bu işlər nəzərdə tutulmamışdı. Bugünki gün İddiaçı MTK-nın inşa etdiyi çoxmənzilli yaşayış binasının istismarına icazə verilməsi üçün irəli sürülən tələblərin yerinə yetirilməsi üçün görülməli işlər əlavə işlərdir. Bundan sonrakı mərhələdə də binanın saxlanması xərcləri sakinlər tərəfindən yetirilməlidir. Belə ki, bina sakinlər tərəfindən istifadə olunduqca onun istismarı zamanı sonradan yaranacaq problemlərın həlli zamanı sakinlərin iştirakı zəruridir. Liftlərin, su nasoslarının və s. binaya məxsus hər hansı avadanlığın sıradan çıxmasına İddiaçı MTK cavabdeh deyildir. Yuxarıda da qeyd edildiyi kimi sadalanan işlər əlavə işlər olduğundan və müqavilədə nəzərdə tutulmadığından göstərilən xərclər sakinlər tərəfindən ödənilməlidir. Buna görə də İddiaçı MTK tərəfindən Bakı şəhəri Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının istismarına icazə verilməsi üçün irəli sürülən tələblərin (əlavə işlərin) yerinə yetirilməsi məqsədilə həmin binada yerləşən yaşayış sahələrinin mülkiyyətçilərindən 510 manat məbləğində əlavə pay haqqının alınması barədə qərar qəbul edilmişdir. Həmin qərar barədə də binada yerləşən yaşayış sahələrinin mülkiyyətçilərinə yazılı məlumat verilmişdir. İddiaçı MTK tərəfindən həmin binanın istismarına icazə verilməsi üçün irəli sürülən tələblərin yerinə yetirilməsi üçün görülməli işlər əlavə işlər olduğuna görə sakinlər tərəfindən müvafiq dövlət orqanlarının həmin çoxmənzilli yaşayış binasının istismarına icazə verilməsi üçün irəli sürdüyü və sakinlərin təhlükəsizliyinin daha da gücləndirilməsinə yönəlmiş tələblərin yerinə yetirilməsi üçün İddiaçı MTK-ya əlavə pay haqqı ödənilməlidir. Sakinlər tərəfindən qeyd olunan məbləğin ödənilməsi binanın saxlanması üçün zəruridir. Sakinlərin təhlükəsizliyi üçün nəzərdə tutulan həmin əlavə şərtlər (işlər) onlarla bağlanmış müqavilədə göstərilməmiş, binanın inşası üçün icazələrin alındığı zaman qanunvericiliyin tələblərində nəzərdə tutulmamışdır. Həmin işlər bina sakinlərinin və ailə üzvlərinin təhlükəsizliyi üçün nəzərdə tutulan işlərdir. Bu işlərin görülməsi və xərclərin mənzillər üzrə bölünməsi ilə bağlı İddiaçı MTK təsisçilərinin ümumi yığıncağı keçirilmiş və bu barədə müvafiq qərar qəbul edilmişdir. Lakin Cavabdeh qeyd olunan əlavə pay haqqının ödənilməsindən boyun qaçırır. Dəfələrlə cavabdehə pulun ödənilməsi ilə bağlı xəbərdarlıq etmələrinə baxmayaraq hələ bu günə kimi qeyd olunan məbləğ cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsinə əsasən yaşayış binası 2006-cı ildə sakinlərin istifadəsinə verilmiş və İddiaçı MTK-dan asılı olmayan obyektiv səbəblərdən istismara qəbul edilməmişdir. Həmin subutlar iddia ərizəsinə təqdim edilməlidir. İddia ərizəsinə əsasən Fövqəladə Hallar Nazirliyi 2006-cı ildə yaradılmışdır. Həmin tarixdən 19 fevral 2019-cu il tarixli Prezidentin hümanist fərmanınadək 13 il ötmüşdür. Bu 13 il ərzində hansı rəsmi sənədlərlə təsdiq olunan obyektiv səbəblərə görə yaşayış binası istismara qəbul edilməmişdir. Həmin sənədlər işə əlavə edilməlidir. İddia ərizəsinə əsasən xx.xx.2019-cu il tarixli Prezidentin fərmanından sonra dövlət komissiyası tərəfindən yaşayış binasının istismarına icazə verilməsi üçün bir sıra yeni (əlavə) tələblər irəli sürülmüşdür. Hansı yeni (əlavə) tələblər qoyulmuşdur? Habelə, binasının istismarına icazə haqda hansı işlər aparılmışdır. İddia ərizəsinə əsasən 2006-cı ildə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi yaradılmış, bu nazirlik tərəfindən sonradan yaşayış binalarına dair yeni tələblər irəli sürülmüş, texnologiyanın inkişafı təhlükəsizlik üzrə daha müasir texnologiyaların tətbiqi məsələsini gündəmə gətirmişdir. ‘'Hüquq” MTK tərəfindən sakinlərə təhvil verilmiş binada yanğından mühafizə üzrə mərkəzi siqnalizasiya sisteminin quraşdırılması, yanğın təhlükəsizliyi ilə bağlı əlavə işlərin (müasir yanğından mühafizə sistemləri, siqnalizasiya, tüstüsovurma və havabasıcı qurğular, o cümlədən əvvəlcədən quraşdırılmış su şırnaqlarının yeniləri ilə əvəz olunması və pilləkən ilə dəhliz arasında arakəsmələrin quraşdırılması və s.) görülməsi tələb olunur. X7 Nazirliyinin tələb etdiyi rəsmi sənədlər iddia ərizəsinə əlavə edilməlidir. İddia ərizəsinə əsasən “Hüquq" MTK müqavilə üzrə üzərinə düşən bütün öhdəlikləri tam yerinə yetirmişdir. İddiaçı MTK tərəfindən binanın tikintisinə icazələr alınan və bina tikilən zaman bu texniki şərtlər mövcud olmamış və mənzil sahibləri ilə bağlanan müqavilələrdə bu işlər nəzərdə tutulmamışdı. İddia ərizəsinə əsasən İddiaçı MTK tərəfindən Bakı şəhəri Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının istismarına icazə verilməsi üçün irəli sürülən tələblərin (əlavə işlərin) yerinə yetirilməsi məqsədilə həmin binada yerləşən yaşayış sahələrinin mülkiyyətçilərindən 510 manat məbləğində əlavə pay haqqının alınması bağlı İddiaçı MTK təsisçilərinin ümumi yığıncağı keçirilmiş və bu barədə müvafiq qərar qəbul edilmişdir. Həmin qərar barədə yaşayış sahə mülkiyyətçisinə yazılı məlumat verilməmişdir. Həmin ümumi yığıncağın keçirilməsi və bu barədə müvafiq qərar qəbul edilməsi barədə ona yazılı məlumat verilməmişdir. Odur ki, iddiaçı ilk növbədə həmin Ümumi Yığıncağın keçirilməsi barədə qərarı işə əlavə etməlidir. Habelə, Mülki Məcəllənin 111-ci və Mənzil Məcəlləsinin 44, 45, 46 və 47-ci maddələrində istinad edilən sənədlərin məhkəməyə təqdim edilməsi zəruridir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-ci il tarixli 19 nömrəli arayışın mötəbərliyi şübhə altındadır. Həmin arayışda qeyd olunur ki, 215 nəfər sakindən 510 manat öhdəlik üzrə pay haqqı olaraq 109 650 manat toplanmışdır. Odur ki, İddiaçı MTK maliyyə sızıntısı göz qabağındadır. Bilə-bilə koorpertivi vaxtında ləğv etməmiş, maliyyə vəsaitlərini israf etmiş və nəticədə məcburiyyətdən qanunsuz və əsassız şəkildə xx.xx.2023-ci il tarixli Razılaşma ilə “Hüquq" MTK-ya məxsus bütün öhdəlikləri və tələb hüquqlarını "xxxx" MMMC-yə ötürmüşdür. Odur ki, 215 nəfər sakindən alınmış 109 650 manat vəsaitin bank hesabına daxil olması haqda bank hesabından çıxarış təqdim edilməlidir. Habelə, aparılacaq xərclərin smetası, cəmiyyətin illik və rüblük hesabatları əlavə edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı MTK-nın nümayəndəsi X2 bildirmişdir ki, İddiaçı MTK tərəfindən inşa edilmiş yaşayış binası 2006-cı ildə sakinlərin istifadəsinə verilib. Lakin, İddiaçı MTK-dan asılı olmayan səbəblərdən istismara qəbul edilməmişdir. Sonradan 2019-cu il tarixli fərmana əsasən binanın istismara qəbul edilməsi üçün müəyyən şərtlər qoyuldu. Binanın tikintisi üçün icazə alınan və inşaat həyata keçirilən zaman Fövqəladə hallar Nazirliyi mövcud deyildi. Binanın tikintisi başa çatdıqdan sonra, yəni 2006-cı ildə Fövqəladə hallar Nazirliyi yaradıldı. Bundan sonra isə Nazirlik tərəfindən yaşayış binalarına dair yeni tələblər irəli sürüldü. İddiaçı MTK öz üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Nazirlik tərəfindən binanın istismara qəbulu üçün qoyulmuş şərtlərin, yəni əlavə işlərin edilməsi üçün vəsait tələb olunur. Həmin vəsaitin qarşılanması üçün bina sakinlərindən 510 manat pay haqqı tələb edilir. Binada yaşayan sakinlərin 80 faizi pay haqqını ödəyib. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (əri) Qanuni nümayəndə bildirmişdir ki, iddiaçı tərəfindən 510 manat pay haqqı əsassız şəkildə tələb edilir. İddiaçı MTK tərəfindən inşa edilən bina qüsurludur və bina müəyyən şərtlər əsasında istismara qəbul edilib. Həmin qüsurların aradan qaldırılması sakinlərin vəzifəsi deyil. Bina 2006-cı ildə tikilib, o isə mənzili 2019-cu ildə MTK-dan deyil, başqa şəxsdən almışdır. Mənzili aldığı vaxtdan neçə il keçdikdən sonra ondan əsassız şəkildə pay haqqı tələb olunur. Mənzildə yaşayan sakinlərdən heç kim pay haqqı kimi 510 manat pul ödəməyib. İddia tələbi əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin olunmamalıdır. Belə ki, surəti iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin MS-N seriyalı, 000109 nömrəli mənzil sertifikatına görə, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospektində yerləşən 38 saylı evin blok D1, mərtəbə 13, 56 nömrəli mənzilinə dair xx.xx.2019-cu il tarixdə verilmiş mənzil sertifikatının sahibi X4r. İş materiallarında olan İddiaçı MTK üzvlərinin iclasının 01 saylı, xx.xx.2019-cu il tarixli protokolunun surətindən görünür ki, X3 ərizəsinə əsasən Kooperativin üzvlüyündən çıxarılması, Cavabdeh ərizəsinə əsasən Kooperativə üzv qəbul edilməsi qərara alınmışdır. DYNX-nin 2-ci ərazi X9 İdarəsinin surəti iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli Yanğın-texniki müayinə aktına əsasən, keçirilmiş yanğın texniki müayinə nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasında çoxsaylı nöqsanlar aşkar edilərək qeydə alınmışdır. "xxxx" MMC-nin təsdiq etdiyi siyahıdan aydın olur ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38-də inşa edilmiş binalarda istismara hazırlıq aktı almaq üçün görüləcək işlərin ümumi dəyəri 730000 manat olaraq qiymətləndirilir. Surəti iş materiallarına əlavə olunmuş İddiaçı MTK-nın üzvlərinin Ümumi Yığıncağının xx.xx.2019-cu il tarixli Qərarına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının dövlət komissiyası tərəfindən istismarına icazə verilməsi üçün irəli sürülən tələblərin yerinə yetirilməsi məqsədilə zəruri işlərin yerinə yetirilməsi, həmin işləri görən şirkətlərlə müqavilələrin bağlanması, bu məqsədlə binada yerləşən qeyri-yaşayış sahəsi mülkiyyətçiləri olan Kooperativ üzvlərindən və binanı inşa etdirən əsas təsisçilərdən 561585 manat məbləğində, binada yerləşən yaşayış sahəsi mülkiyyətçiləri olan hər bir Kooperativ üzvlərindən isə 510 manat məbləğində əlavə pay haqqının alınmasının təmin edilməsi, habelə kooperativ üzvlərindən əlavə pay haqqının toplanılmasının və zəruri olan əlavə işlərin yerinə yetirilməsinin "xxxx" MMC-yə həvalə edilməsi qərara alınmışdır. İddiaçı MTK-nın xx.xx.2023-cü il tarixli arayışına görə, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında inşa edilmiş yüksəkmərtəbəli yaşayış binasında yaşayan 215 sakinin hər birindən 510 manat olmaqla öhdəlik üzrə pay haqqı ödənilmişdir. İş materiallarında olan İddiaçı MTK ilə "xxxx" MMMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli tələb hüququnun verilməsi və borc öhdəliklərinin ötürülməsi haqqında razılaşmanın surətindən görünür ki, tərəflər arasında 1. İddiaçı MTK-nın bütün bank, vergi və sair borc öhdəliklərinin "xxxx" MMMC-yə ötürülməsi və 2. İddiaçı MTK-nın mülki dövriyyə zamanı fəaliyyəti dövründə müqavilə və qanun əsasında bütün tələb hüquqlarının "xxxx" MMMC-yə ötürülməsi barədə razılığa gəlinmişdir. İş materiallarından aydın olur ki, Cavabdeh "xxxx" MTK-ya qarşı "hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-dən çıxarışın alınması üçün zəruri sənədlər toplusunun ona təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, hüquqi xidmət haqqı və dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi” barədə iddiasına Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmış, həmin məhkəmənin (006)-469/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospektində yerləşən 38 saylı binanın 56 saylı mənzilinə dair hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın alınması üçün mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və pay haqqının tam ödənilməsi barədə arayışın iddiaçıya təqdim edilməsi öhdəliyinin cavabdeh MTK-nın üzərinə qoyulması qət edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə, İddiaçı MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospektindəki 38 saylı binanın blok D1, 13-cu mərtəbəsində yerləşən 56 nömrəli mənzilinin ilkin sahibi olan X5 xx.xx.2019-cu il tarixdə sözügedən mənzil üzrə mənzil sertifikat hüquqlarını Cavabdeh ötürmüş, adıçəkilən MTK üzvlərinin həmin tarixdə keçirilən iclasında X3 Kooperativin üzvlüyündən çıxarılması, Cavabdeh isə Kooperativə üzv qəbul edilməsi qərara alınmışdır. İddiaçı MTK, DYNX-nin 2-ci ərazi X9 İdarəsinin xx.xx.2019-cu il tarixli Yanğın-texniki müayinə aktına, "xxxx" MMC-nin “Xətai prospekti 38-də inşa edilmiş binalarda istismara hazırlıq aktı almaq üçün görüləcək işlərin siyahısına və İddiaçı MTK-nın üzvlərinin Ümumi Yığıncağının xx.xx.2019-cu il tarixli qərarına istinad etməklə hazırkı iddia tələbini irəli sürmüşdür. İddiaya görə, sözügedən binanın istismara qəbulu üçün orada 730000 manat dəyərində əlavə işlər görülməlidir, bu məqsədlə binanın yaşayış sahəsi mülkiyyətçiləri olan üzvlərinin hər birindən 510 manat məbləğində əlavə pay haqqının alınması qərara alınmış, binanın 215 sakini (üzv) tərəfindən tam şəkildə ödənilmiş, lakin iddiaçı əlavə pay haqqını ödəməmişdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki, iş materiallarından İddiaçı MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospektində yerləşən 38 saylı çoxmənzilli yaşayış binasının tikintisi məqsədilə yaradıldığı, həmin MTK tərəfindən sözügedən binanın inşa edildiyi, binadakı yaşayış (mənzil) və qeyri-yaşayış sahələrinin üzvlük haqqını tam ödəyərək kooperativə üzv kimi qəbul edilən ayrı-ayrı şəxslərə (sakinlərə) təhvil verildiyi müəyyən edilmişdir. İş materiallarından həmçinin, iddiaçı MTK ilə sözügedən binanın idarə edilməsi məqsədilə yaradılmış "xxxx" MMMC arasındakı xx.xx.2023-cü il tarixli tələb hüququnun verilməsi və borc öhdəliklərinin ötürülməsi haqqında razılaşma ilə MTK-nın bütün bank, vergi və sair borc öhdəliklərinin və mülki dövriyyə zamanı fəaliyyəti dövründə müqavilə və qanun əsasında bütün tələb hüquqlarının MMMC-yə ötürülməsi barədə razılıq əldə olunduğu da təsbit edilmişdir. Mənzil Məcəlləsinin 109.5-ci maddəsində də göstərilir ki, kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Beləliklə, mənzil tikinti kooperativlərinin yaradılmasının məqsədi binaların tikintisi və (və ya) yenidənqurulması kimi müəyyən edilmiş, kooperativ binada yaşayış və qeyriyaşayış sahələrinin Mənzil Məcəlləsinin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsinin məqsədi isə yalnız müəyyən dövr üçün müəyyənləşdirilmişdir. Binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququnun mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənziltikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi imperativ şərt kimi müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə, qeyd edilənlər onu deməyə əsas verir ki, İddiaçı MTKnı hazırkı iddia tələbini irəli sürmək hüququna sahib subyekt kimi qəbul etmək mümkün deyildir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı MTK hazırkı məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilsə belə, yenə iddianın əsaslı olduğu qənaətinə gəlmək mümkün olmayacaqdır. Belə ki, yuxarıda da göstərildiyi kimi, iddiaçı MTK digər sənədlərlə yanaşı kooperativ üzvlərinin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli qərarına əsaslanmaqla hazırkı iddianı qaldırmışdır. Lakin məhkəmə hesab edir ki, həmin sənədi mötəbər sübut kimi qəbul etmək mümkün deyildir. Belə ki, sözügedən qərarın surətində ümumi üzvlərin sayının 5 nəfər, yığıncaqda iştirak edən üzvlərin isə 4 nəfər olduğu göstərilmiş və qərar yığıncağın sədri və katibi tərəfindən imzalanmışdır. Bu mənada ümumi yığıncağın qanunauyğun şəkildə keçirildiyi və ödənilməli olan əlavə haqqın məbləğinin ümumi yığıncağın qanuni şəkildə qəbul edilmiş qərarı ilə müəyyənləşdirildiyi müəyyən olunmamışdır. Bu hal öz növbəsində həqiqiliyi şübhə doğuran qərara əsaslanaraq iddia tələbinin təmin edilməsini istisna edir. Eyni zamanda, Mülki Məcəllənin 178.8-ci maddəsinə uyğun olaraq, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Hazırki iş materiallarından görünür ki, tərəflər arasında podrat münasibətləri yaranmış, MTK mənzili tikib cavabdehə təhvil vermiş, cavabdeh isə öz öhdəliyini icra edərək mənzilin dəyərini ödəmişdir. Bu qədər müddət sonra mülkiyyətçidən əlavə ödənişlərin tələb edilməsi isə əsassız olmaqla, heç bir qanuni əsasa söykənmir. Belə ki, binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq mülki qanunvvericilikdə podratçının vəzifəsi kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MTK-nın Cavabdeh qarşı “pay haqqı” tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “pay haqqı” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar