Məhkəmə qərarları › İş №e-2(005)-1227/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1227/2022

21.04.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1227/2022 21.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı vəkili Nümayəndə, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı işə bərpa və məcburi işsizliyə görə əmək haqqının tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı işə bərpa və məcburi işsizliyə görə əmək haqqının tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyəti tərəfindən qəbul edilmiş 29 dekabr 2021-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa olunması vəzifəsinin cavabdehə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı X1 1989-cu ildən fasiləsiz olaraq "xxxx" ASC zavodunda işləmişdir. İşlədiyi müddətdə onun heç bir nöqsanı olmamışdır. X2 Bakı Şampan Şərabları ASC zavodunda işləmiş və 1992-ci oldə torpaqların müdafiəsi üçün müharibəyə getmiş və müharibədə şəhid olmuşdur. Fəaliyyəti daim yüksək səviyyədə olmuş və işlədiyi dövrdə heç vaxt intizam tənbehi görməmiş təşəkkürlərə layiq görülmüşdür. Lakin son dövrlər səbəbini bilmədiyi əsaslardan qərəzə məruz qalmışdır. Belə ki, 29 dekabr 2021- ci il tarixdə əmr qəbul edərək onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Lakin əsassız olaraq əmək müqaviləsinin ləğv edilməsinə əsas kimi ştat ixtisarı göstərərək Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndini tətbiq etmişdir. Belə ki, həmin bildirişdə qeyd edilmişdir ki, onun işlədiyi sexlər işləmədiyi üçün bəzi sahələr ixtisar olunur. Bununla bağlı qeyd edir ki, bu, tamamilə yalandır zavod uzun müddətdirdir ki işləmir zavod rəhbərliyi qanunsuz olaraq müəyyən sexləri icarə verərək ordan mənfəət əldə edir. Onun zavodda səhimləri var əgər zavod işləmiş olsa idi iddiaçıya dividentlər verilərdi bu günə kimi. Əgər zavod işləmirsə niyə təkcə şəhid ailəsi olan iddiaçı ixtisara düşür digər heç bir şəxsə toxunulmur. Buna görə də çıxarılmış qanunsuz və əsassız əmr ləğv edilməli, iddiaçı öz işinə bərpa olunmalı, məcburi iş buraxmaya görə verilməli olan əmək haqqıları iddiaçıya verilməlidir. Bütün bu qanunsuzluqların aradan qaldırılması üçün Əmək Müfəttişliyi Xidmətinə müraciət etmişdir. Lakin müraciəti ilə əlaqədar iş aparılsa da bu günə kimi rəsmi heç bir cavab verilməmişdir. Bu səbəbdən hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək, tələbin təmin edilməsi barədə qətnamə qəbul ediləməsini xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında etiraz ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddia tələbini aşağıdakı səbəblərdən əsassız hesab edir: iddiaçıya qarşı cavabdehin heç bir ayrı-seçkiliyi yaxud qərəzi mövcud olmamış, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə səbəb məhz iddiaçının özünün də qeyd etdiyi kimi cavabdehin fəaliyyətinin məhdudlaşdırılmasından irəli gələrək bəzi ştatların ixtisar olunmasıdır. Mülki prosessual məcəllənin 77.1-ci maddəsinə əsasən, “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallan sübut etməlidir.” İddiaçı qərəzə məruz qaldığını ehtimal etsə də, bunun əsasını təsdiq edən sübutlan məhkəməyə təqdim edə bilməmişdir. Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən, “1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. 2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə;” Qeyd olunan maddənin məzmunundan da görünür ki, qanunvericilik işçilərin sayı və ya ştat vahidləri ixtisar edilərkən, şəxslərin işdə saxlanılma üstünlüyü hüququnu işəgötürənin seçim etmək imkanı və hüququ ilə əlaqələndirmişdir. Hazırkı mübahisənin hallarından isə görünür ki, iddiaçının işlədiyi qablaşdırıcı vəzifəsi 3 ştat vahidi olmaqla, ümumiyyətlə ləğv edilmiş və artıq belə bir ştat olmadığından işəgötürənin işçilər arasında seçim etmək imkanı da olmamışdır. İddiaçının səhmdar qismində dividend alması ilə qeyd etdiklərinə münasibətdə bildirmək lazımdır ki, əmək mübahisəsi üzrə münasibətlər ilə şəxsin səhmdar kimi mülki münasibətlərinin əlaqəsi mövcud deyildir. Mülki prosessual məcəllənin 80-ci maddəsinə əsasən, “Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” Cavabdeh qanunvericiliyin tələblərinə uyğun olaraq, ilk növbədə iddiaçıya 18.10.2021-ci il tarixli xəbərdarlıq bildirişi təqdim etmiş, iddiaçının iş stajına uyğun olaraq 9 həftəlik xəbərdarlıq müddəti təyin olunmuşdur. Bu müddət başa çatdıqdan sonra isə müəssisədə fəaliyyət göstərən Həmkarlar ittifaqına müraciət olunmuş, Həmkarlar İttifaqı Komitəsinin 27.12.2021-ci il tarixli, 03 saylı protokolu ilə bir sıra ştatlarına ixtisarına razılıq verilmişdir. Bundan sonra cavabdeh tərəfindən 28.12.2021-ci il tarixli, 06 saylı əmr qəbul edilmiş və aşağıdakı ştatlar ləğv edilmişdir: Araq süzmə sexi üzrə qablaşdırıcı, boş şüşələri nəql edən, aksiz yapışdıran a/maşinist, süzmə maşının maşinist, Şüşə qablar, karton sexi və material anbarı üzrə boş şüşə qabların yuyucusu, qutu və arakəsmə hazırlayan. Göründüyü kimi iddiaçınm iddia ərizəsində qeyd etdiyi kimi təkcə onun ştatı deyil, müəssisədə bir sıra əlavə ştatlar da ixtisar olunmuşdur. Bu əmr əsasında da 29.12.2021-ci il tarixli, 20/ŞH saylı əmrlə iddiaçı ilə bağlı əmək müqaviləsinə xitam verilmiş və əmrin surəti iddiaçıya təqdim edilmişdir. Yuxarıda qeyd olunanlar əsasında bir daha sübut olunur ki, işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələblərinə əməl edilmişdir. İddiaçının dəlilləri formal mülahizələrdən ibarət olub, qanunun tələblərinə riayət edilərək qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsinə dair 29.12.2021-ci il tarixli əmrin ləğv edilməsi üçün əsas ola bilməz. İddianın məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi hissəsininə dair qeyd etmək lazımdır ki, iddianın həmin hissəsi törəmə hüquq münasibəti olub, işə bərpa barəsində iddia tələbindən asılıdır. Buna görə də iddianın işə bərpa barəsində hissəsi əsassız olduğundan, iddianın məcburi işburaxmaya görə əmək haqqınm ödənilməsi barədə hissəsi də rədd edilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan 18.10.2021-ci il tarixli xəbərdarlıq bildirişindən müəyyən olunur ki, Səhmdar Cəmiyyətin istehsal və satış fəaliyyəti dayandırıldığından istehsal sexlərində işin olmamasi ilə əlaqədar olaraq sexlərdə iş yerlərin ixtisar edilməsinə qərar verilmişdir. Bu səbəbdən də işçi bağlanılmış əmək müqaviləsinə 22 dekadr 2021-ci il tarixindən əmək məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəkdir. İşçinin işə götürənlə bağlanmış əmək müqaviləsinə əsasən əmək stajının 15 ildən çox olduğundan əmək məcəlləsinin 77-ci maddəsinə əsasən 9 təqvim həftəsi rəsmi xəbərdarlıq müddəti nəzətdə tutulub. 18 oktyabr 2021-ci il tarixdən başlanan xəbərdarlıq müddəti 22 dekabr 2021-ci il tarixdə başa çatacaq. İşçi ödənişsiz məzuniyyətdə olduğuna görə yeni iş yeri axtara bilər. Eyni zamanda əmək məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə əsasən işçiyə 9 iş həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2.0 misli təklif olunur. İş materiallarında olan Həmkarlar İttifaqı Komitəsinin 27.12.2021-ci il tarixli, 03 saylı protokolundan müəyyən olunur ki, boş şüşə qabların yuyucusu- 1 ştat vahidi, qutu arakəsmə hazırlayan – 1 ştat vahidi, qablaşdırıcı – 3 ştat vahidi, boş şüşələri nəqledən – 1 ştat vahidi, aksiz yapışdıran a/maşinisti – 1 ştat vahidi, süzmə maşının a/maşinisti – 1 ştat vahidinin ixtisar olunmasına Komitə tərəfindən etiraz edilməmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti X5 28.12.2021-ci il tarixli, 06 saylı əmrindən müəyyən edilir ki, iş yerlərinə ehtiyac olmadığı üçün boş şüşə qabların yuyucusu- 1 ştat vahidi, qutu arakəsmə hazırlayan – 1 ştat vahidi, qablaşdırıcı – 3 ştat vahidi, boş şüşələri nəqledən – 1 ştat vahidi, aksiz yapışdıran a/maşinisti – 1 ştat vahidi, süzmə maşının a/maşinisti – 1 ştat vahidi ləğv edilmişdir. İş materiallarında olan işçi ilə əmək müqaviləsinə xitam verilməsi haqqında X5 20/ŞH nömrəli, 29.12.2021-ci il tarixli əmrindən müəyyən olunur ki, araq süzmə sexinin qablaşdırıcısı İddiaçı ilə bağlanmış 10.02.2014-cü il tarixli, 166 saylı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 29.12.2021-ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan qablaşdırıcı işində çalışan İddiaçı ünvanlanmış bildirişdən müəyyən olunur ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və əmək kitabçasını götürməli olması barədə xəbərdar edilmiş, hesablanmış müavinətin onun bank hesabına köçürüləcəyi bildirilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, işçi İddiaçı əmək müqaviləsinə 20/ŞH, 29.12.2021-ci il tarixli əmr əsasında Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən xitam verilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçıya qarşı cavabdeh tərəfindən onun işdən çıxarılması zamanı ayrı-seçkiliyə, yaxud qərəzli münasibətə yol verilməmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə səbəb bəzi ştatların, o cümlədən iddiaçının ştatının ixtisar olunmasıdır. İddiaçının işlədiyi qablaşdırıcı vəzifəsi üzrə bütün ştatların ixtisar edilməsi səbəbindən iddiaçının qeyd etdiyi kimi şəhid ailəsi olması və ya qanunveriliciklə nəzərə alınmaqla işəgötürənin işçilər arasında seçim etmək imkanı olmamışdır. Cavabdeh qanunvericiliyin tələblərinə uyğun olaraq, ilk növbədə iddiaçıya 18.10.2021-ci il tarixli xəbərdarlıq bildirişi təqdim etmiş, iddiaçının iş stajına uyğun olaraq 9 həftəlik xəbərdarlıq müddəti təyin olunmuşdur. Bu müddət başa çatdıqdan sonra isə müəssisədə fəaliyyət göstərən Həmkarlar ittifaqına müraciət olunmuş, Həmkarlar İttifaqı Komitəsinin 27.12.2021-ci il tarixli, 03 saylı protokolu ilə bir sıra ştatlarına ixtisarına razılıq verilmişdir. Bundan sonra cavabdeh tərəfindən 28.12.2021-ci il tarixli, 06 saylı əmr qəbul edilmiş və aşağıdakı ştatlar ləğv edilmişdir: Araq süzmə sexi üzrə qablaşdırıcı, boş şüşələri nəql edən, aksiz yapışdıran a/maşinist, süzmə maşının maşinist, Şüşə qablar, karton sexi və material anbarı üzrə boş şüşə qabların yuyucusu, qutu və arakəsmə hazırlayan. Göründüyü kimi iddiaçınm iddia ərizəsində qeyd etdiyi kimi təkcə onun ştatı deyil, müəssisədə bir sıra əlavə ştatlar da ixtisar olunmuşdur. Bu əmr əsasında 29.12.2021-ci il tarixli, 20/ŞH saylı əmrlə iddiaçı ilə bağlı əmək müqaviləsinə xitam verilmiş və əmrin surəti iddiaçıya təqdim edilmişdir. Göründüyü kimi, işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələblərinə əməl edilmişdir. İddiaçının dəlilləri formal mülahizələrdən ibarətdir. İddia tələbini əsaslandıran halları təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 11-ci maddəsinin “ə” bəndinə əsasən işəgötürənin həmin Məcəllənin və digər normativ hüquqi aktlarların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqları vardır. 70-ci maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər. 71-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 77-ci maddəsinə görə işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70ci maddəsinin «a» və «b» bəndləri ilə ləğv edilərkən işçilərə: orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti; işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir. İddiaçı tərəfindən irəli sürülmüş tələblərdən görünür ki, o, ştatların ixtisarı həyata keçirilərkən iş fəaliyyətinin daimə yüksək olmasına, işlədiyi dövrdə heç bir intizam tənbehi almamasına, təşəkkürlərə layiq görülməsinə eyni zamanda şəhid ailəsi olmasına istinad edərək, onun əmək müqaviləsinin ləğv edilməsini Əmək Məcəlləsinin 78-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirmişdir. Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndinə əsasən, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadlarına (ərlərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara; məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Qeyd olunan maddənin məzmunundan da görünür ki, qanunvericilik işçilərin sayı və ya ştat vahidləri ixtisar edilərkən, şəxslərin işdə saxlanılma üstünlüyü hüququnu işəgötürənin seçim etmək imkanı və hüququ ilə əlaqələndirmişdir. Hazırkı mübahisənin hallarından isə görünür ki, iddiaçının işlədiyi qablaşdırıcı vəzifəsi 3 ştat vahidi olmaqla, ümumiyyətlə ləğv edilmiş və artıq belə bir ştat olmadığından işəgötürənin işçilər arasında seçim etmək imkanı da olmamışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 79-cu maddəsinə görə işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə aparılmış araşdırma zamanı Əmək Məcəlləsinin 79-cu maddəsinin təsiri altına düşən hallar müəyyən edilməmişdir. Beləliklə yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı işə bərpa və məcburi işsizliyə görə əmək haqqının tutulması tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı işə bərpa və məcburi işsizliyə görə əmək haqqının tutulması tələbinə dair iddia ərizəsi dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar