Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1229/2024 07.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (açar sözlər: müqavilə üzrə öhdəliklərin icra edilməməsi, gecikdirilmiş müddətə görə faiz borcu; vəkil xərci) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Cəmaləttin oğlunun Cavabdeh MMC-yə qarşı (Nərimanov Rayon İcra Hakimiyyəti müstəqil tələblər irəsli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “daşınmaz əmlaka dair müqaviləyə əsasən yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdehnə qarşı “daşınmaz əmlaka dair müqaviləyə əsasən yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2023-cü ilin may ayından hesablanmaqla, məhkəmə qətnaməsi tam icra olunanadək cavabdehdən hər aya görə 900 (doqquz yüz) manat pul vəsaiti və bütün pul vəsaitinin məbləğinə illik 5 (beş) faiz vəsaitin ərizəçinin xeyrinə tutulmasını, əsassız varlanmaya görə, cavabdehin ərizəçiyə köçürmədiyi vəsaitin məbləğinə məhkəmə qətnaməsi çıxarılan gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə bərabər faizlər tətbiq edilməklə, cavabdehdən ərizəçinin xeyrinə tutulmasını, iddiaçının ödədiyi dövlət rüsumu, habelə vəkil xərclərinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsindəki 17k nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Ərizəçiyə məxsus olub. Onun mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2017-ci il tarixində verdiyi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış (seriya RX, nömrə 1196007) ilə təsdiq olunub. Ərizəçi, Cavabdeh MMC ilə mülkiyyətində olan ev barəsində müqavilə bağlayıb. Müqaviləyə əsasən Ərizəçi özünün yaşayış sahəsinin cavabdehə təhvil verilməsi öhdəliyini, cavabdeh isə müqavilə ilə şərtləndirilmiş müddət və qaydada həmin ərazidə inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasında Ərizəçiyə yaşayış sahəsi verilməsi öhdəliyini götürüblər. Müqavilənin 1.2-ci bəndinə əsasən Cavabdeh inşa edəcəyi yaşayış binasının tikintisi başa çatana və Ərizəçi təmirli yaşayış sahəsi ilə təmin edilən günədək Ərizəçiyə 900 manat məbləğində aylıq kompensasiya ödənilməsi öhdəliyini də üzərinə götürüb. Həmin kompensasiya üç ayda bir dəfə 2700 (3x900) manat məbləğində Ərizəçinin hesabına köçürülməlidir. Lakin may ayından başlayaraq cavabdeh, Ərizəçiyə ödəməli olduğu vəsaiti köçürmür. Ərizəçi ona haqlı narazılığını bildirdikdə, cavabdeh bunu tamamilə məntiqsiz şəkildə onunla izah edir ki, məhkəmədə onun qohumu ilə mübahisəsi var. Nəticədə müqaviləyə əsasən cavabdehin bu günə Ərizəçiyə artıq 5400 manat məbləğində borcu yaranıb və həmin borc cavabdeh öz qanunsuz əməllərindən daşınmasa, artacaq. Cavabdeh təşkilat Ərizəçinin mənzilinə dair müqavilə üzrə nəzərdə tutulmuş hüquqlarını kobud şəkildə pozur. Lakin başqalarından fərqli olaraq, Ərizəçi ilə belə müqavilə bağlanılmayıb, onun qarşısında nə kirayə haqqı ödənilməsi, nə də mənzil verilməsi öhdəlikləri götürülməyib. Buna baxmayaraq, Ərizəçinin evi tam olaraq sökülüb, yerində artıq yeni bina inşa edilib. Cavabdeh Ərizəçiyə verməli olduğu mənzilin yerləşəcəyi çoxmənzilli binanın indiyə kimi bünövrəsini də qoymayıb. Üçüncü şəxs Nərimanov rayon İcra Hakimiyyəti öz sərəncamının icrasına tam nəzarət etmədiyindən, Ərizəçinin hüquqları təmin olunmur. Cavabdeh həm də əsassız varlanan şəxsdir, çünki AR Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Hazırda cavabdeh Ərizəçiyə ödəməli olduğu vəsaiti verməməklə, sonuncunun hesabına əmlak əldə edib və həmin əmlakdan bəhrələnir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasənözgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Beləliklə, cavabdeh nəinki müqavilə əsasında Ərizəçiyə ödəməli olduğu vəsaitin köçürülməsini təmin etməlidir, o həm də Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsi üzrə həmin vəsaitin məbləğindən Ərizəçiyə faizlər (hazırda – 8,5 faiz) də ödəməlidir. II. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib əlavə olaraq bildirmişdir ki, may ayından 06 fevral 2024-cü il tarixədək bir dəfə 2700 manat məbləğində ödəniş edilmişdir. İddia ərizəsi verilən vaxt vəkil xərcləri, əlavə 5% və Milli Bankın uçot faizləri nəzərə alınmamaqla borc məbləği 5400 manat təşkil edir. Cavabdeh tərəfindən bir dəfə üç aylıq birdəfəlik ödəniş olunub. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək bildirmişdir ki, iş məhkəməyə daxil olduqdan sonra 27 və 30 noyabr 2023-cü il tarixlərində cavabdeh iki dəfəyə ərizəçinin hesabına 5400 manat vəsait köçürüb. 2024-cü il fevralın 20-də isə daha 2700 manat vəsait ərizəçinin hesabına köçürüb. Cavabdehin birinci borcu xx.xx.2023 - xx.xx.2023-cü il tarixlərini əhatə eden dövr üzrə yaranmışdır va uzağı xx.xx.2023-cü il tarixində ödənilməli idi. Həmin vəsaitin 27 noyabr 2023-cü il tarixində ödənildiyini, yəni gecikmənin 99 gün olmasını nəzərə alaraq, Mülki Məcəllənin 445.7-ci maddasini tətbiq edəndə, gecikdirilmiş məbləğə görə cavabdehin ödəməli oldugu faiz 1,36 olur. 2700 manatin 1,36 faizi 36,62 manat təşkil edir. Cavabdehin ikinci borcu xx.xx.2023 - xx.xx.2023-cü il tarixlərini əhatə edən dövr üzrə yaranmışdır va uzaği xx.xx.2023-cü il tarixində ödənilməli idi. Həmin vəsaitin 27 noyabr 2023-cü il tarixində ödənildiyini yəni gecikmənin 7 gün olmasını nəzərə alaraq, gecikdirilmiş bu məbləğə görə cavabdehin ödəməli oldugu faiz 0,1 olur. 2700 manatın 0,1 faizi 2,7 manat təşkil edir. MM-nin 447.5-ci maddəsinə əsasən cavabdehin ödəməli oldugu vəsait bu günə 39,32 təşkil edir. Cavabdehin birinci borcu xx.xx.20233 - xx.xx.2023-cü il tarixlərini əhatə edən dövr üzrə yaranmışdır va uzağı xx.xx.2023-cü il tarixində ödənilməli idi. Həmin vəsaitin 27 noyabr 2023-cü il tarixinda ödənildiyini, yəni gecikmənin 99 gün olmasını nəzərə alaraq, Mülki Məcəllənin 449.1-ci maddəsini tətbiq edəndə, gecikdirilmiş bu məbləğə görə cavabdehin ödəməli oldugu faiz 2,7 olur. 2700 manatın 2,7 faizi 72,90 manat təşkil edir. Cavabdehin ikinci borcu xx.xx.2023 - xx.xx.2023-cü il tarixlərini əhatə edən dövr üzrə yaranmışdır va uzağı xx.xx.2023-cü il tarixində ödənilməli idi. Həmin vəsaitin 27 noyabr 2023-cü il tarixində ödənildiyini, yəni gecikmənin 7 gün olmasını nəzərə alaraq, gecikdirilmiş bu məbləğə görə cavabdehin ödəməli olduğu faiz 0,1 olur. 2700 manatın 0,1 faizi 2,7 manat təşkil edir. Beləliklə, qanunsuz varlanmaya göra cavabdeh ərizəçiyə bu günə cəmi 75,60 manat ödəməlidir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, şirkət tərəfindən xx.xx.2023-cü il tarixdə 2700 manat, daha sonra xx.xx.2023-cü il tarixdə 2700 manat məbləğində ödənişlər edilib. Bu barədə iddiaçıya məlumat verilmişdir. Ona bildirilmişdir ki, analoji başqa məhkəmə iclasları olduğuna görə gecikmələr var və proses bitdikdən sonra ödəniş həyata keçiriləcək. Məhkəmə prosesləri bitdikdən sonra məbləğ iddiaçının hesabına köçürülmüşdür. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında barışıq olmadığını bildirmiş, mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayıış evinin B tikilisinin İİ mərtəbəsi xx.xx.2017-ci il tarixdən İddiaçı məxsusdur. -Cavabdeh MMC-yə İddiaçıC tərəfindən ünvanlanmış ərizədən görünür ki, ünvan 2 ünvanında ona məxsus evinin sökülməsinə heç bir etirazı yoxdur və gələcəkdə də heç bir iddia tələbi olmayacaqdır. -Cavabdeh MMC və İddiaçı arasında bağlanmış 20 may 2021-ci il tarixli 148 nömrəli müqavilədən görünür ki, tikinti şirkəti əmlak mülkiyyətçisindən əmlakını təhvil təslim etdiyi tarixdən inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və əmlak mülkiyyətçisini təmirli mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə kompensasiya şəklində aylıq 900 manat məbləğində öhdəlik haqqında əvvəlcədən ilkin ödəniş gününə istinad etməklə üç ayda bir dəfə əmlak mülkiyyətçisinin hesabına köçürəcək. - xx.xx.2023-cü il tarixli 981 №-li ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" ASC vasitəsilə İddiaçı 2700 (iki min yeddi yüz) manat ödəniş edilmişdir. - xx.xx.2023-cü il tarixli 993 №-li ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" ASC vasitəsilə İddiaçı 2700 (iki min yeddi yüz) manat ödəniş edilmişdir. - xx.xx.2024-cü il tarixli 184 №-li ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" ASC vasitəsilə İddiaçı (iki min yeddi yüz) manat ödəniş edilmişdir. - "xxxx" MMC xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Vəkil1 tərəfindən kart hesabına 1000 AZN daxil edilmişdir. IV. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tərəflərin nümayəndə-vəkillərinin izahatları və təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 20 may 2021-ci il tarixli 148 nömrəli müqaviləyə əsasən, cavabdeh şirkət, əmlakın təhvil-təslim edildiyi tarixdən - inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və onu təmirli mənzil ilə təmin edən günədək kompensasiya şəklində aylıq 900 manat məbləği üç ayda bir dəfə (3 aydan bir 2700 manat olmaqla) İddiaçı Cəmaləttin oğlunun hesabına köçürmə öhdəliyi götürmüşdür. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehin 2023-cü ilin may ayından etibarən ödəməli olduğu vəsaiti ödəmədiyini bildirmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixdə 2700 manat, xx.xx.2023-cü il tarixdə 2700 manat, xx.xx.2024-cü il tarixdə 2700 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. -14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. -445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. -449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. - 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. İddia tələbi 4 hissədən ibarətdir:
1. 2023-cü ilin may ayından hesablanmaqla, məhkəmə qətnaməsi tam icra olunanadək cavabdehdən hər aya görə 900 (doqquz yüz) manat pul vəsaitinin ödənilməsi;
2. bütün pul vəsaitinin məbləğinə illik 5 (beş) faiz vəsaitin ödənilməsi;
3. əsassız varlanmaya görə, cavabdehin ərizəçiyə köçürmədiyi vəsaitin məbləğinə məhkəmə qətnaməsi çıxarılan gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə bərabər faizlər tətbiq edilməklə ödənilməsi;
4. vəkil xərcinin tutulması. Məhkəmə ilk olaraq iddia tələbinin 1-ci hissəsi üzrə hüquqi qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh şirkət 2023-cü ilin may ayından etibarən müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, hər üç aydan bir (xx.xx.2023 - xx.xx.2023, xx.xx.2023 – xx.xx.2023) iddiaçıya ödəməli olduğu 2700 (iki min yeddi yüz) manat məbləğində kompensasiyanı iddiaçının hesabına köçürməmişdir. Nəticədə cavabdehin iddiaçıya 5400 (beş min dörd yüz) manat məbləğində borcu yaranmışdır. İddiaçı Cəmaləttin oğlu bu səbəbdən 22 noyabr 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Məhkəmə mübahisəsi davam etdiyi müddət ərzində Cavabdeh MMC tərəfindən İddiaçı xx.xx.2023 - xx.xx.2023 və xx.xx.2023 – xx.xx.2023 müddət üzrə ödənilməli kompensasiyanın əvəzi kimi xx.xx.2023-cü il tarixdə 2700 (iki min yeddi yüz) manat, xx.xx.2023-cü il tarixdə 2700 (iki min yeddi yüz) manat, habelə xx.xx.2023 – xx.xx.2024 müddəti üzrə xx.xx.2024-cü il tarixdə 2700 (iki min yeddi yüz) manat ödəniş edilmişdir. Göründüyü kimi, cavabdeh şirkət müqavilə üzrə iddiaçı qarşısında götürdüyü öhdəliyini (gecikdirməklə də olsa) yerinə yetirmiş, iddiaçıya hazırki tarixə müqavilə üzrə borcu qalmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, ödənişlər edildiyindən iddia tələbinin birinci hissəsinin təmin olunması üçün əsaslar aradan qalxmışdır. Bu baxımdan iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin 2-ci və 3-cü hissəsi üzrə ödənilməli faiz məbləğlərinə münasibətdə iddiaçının nümayəndəsi və vəkilinin qeyd etdiyi hallarla razılaşır. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh şirkət iddiaçının hesabına xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə hər birində 2700 (iki min yeddi yüz) manat olmaqla cəmi 5400 (beş min dörd yüz) manat məbləğ ödəməli idi. Bununla belə, ən gec xx.xx.2023-cü il tarixində ödənilməli borc xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə ödənilməli olan borc isə xx.xx.2023-cü il tarixdə ödənilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən pul vəsaitinin icrası gecikdirilmiş və bu gecikmə işdə olan sənədlərlə, habelə cavabdehin nümayəndəsi və vəkilinin izahatı ilə də öz təsdiqini tapmışdır. Cavabdeh şirkətin borcu xx.xx.2023 - xx.xx.2023-cü il və xx.xx.2023 - xx.xx.2023-cü il tarixlərini əhatə eden dövrlər üzrə yaranmışdır. Həmin vəsaitlər 27 noyabr 2023-cü il və 30 noyabr 2023-cü il tarixlərində ödənildiyindən, ilkin dövr üzrə gecikmə 99 (doxsan doqquz) gün, ikinci dövr üzrə gecikmə isə 7 (yeddi) gün olmuşdur. AR Mülki Məcəlləsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur (445.7). Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, xx.xx.2023 xx.xx.2023-cü il dövrü üzrə faiz 1,36% (illik - 365 gün – 5% ; 99 gün – 1,36%), cavabdeh şirkət tərəfindən ödənilməli olan faiz bocunun məbləği 36,62 (gecikdirilmiş 2700 manat x 1,36%) manat, xx.xx.2023 - xx.xx.2023-cü il dövrü üzrə faiz 0,1 % (illik - 365 gün – 5%; 7 gün – 0,1 %), cavabdeh şirkət tərəfindən ödənilməli olan faiz bocunun məbləği 2,7 (gecikdirilmiş 2700 manat x 0,1 %) manat ümumilikdə 39,32 (otuz doqquz manat otuz iki qəpik) təşkil edir. Qanunvericiliyə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. (449.1) Bu maddənin mənasına görə borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Hal-hazırda Mərkəzi Bank tərəfindən müəyyən edilmiş bank uçot dərəcəsini, cavabdeh şirkətin borcu 20 avqust 2023-cü il tarixdən etibarən geri qaytarmamasını, habelə iddia tələbinin həcmini nəzərə alan məhkəmə hesab edir ki, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən xx.xx.2023 - xx.xx.2023-cü il dövrü üzrə gecikdirilmiş 99 gün üçün 72,90 manat, xx.xx.2023 - xx.xx.2023-cü il dövrü üzrə gecikdirilmiş 7 gün üçün 2,7 manat olmaqla, ümumilikdə 75,60 (yetmiş beş manat altmış qəpik) manat faiz borcu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Həmçinin İddiaçı Cəmaləttin oğlu vəkilin göstərdiyi hüquqi yardıma görə 1000 (min) manat xərcin cavabdehdən tutulmasını xahiş etmişdir. İddiaçının hazırkı məhkəmə mübahisəsinə görə peşəkar hüquqi xidmət alması işin mübahisəsiz halıdır. Belə ki, İddiaçı Cəmaləttin oğlu məhkəmədə fərdi qaydada fəaliyyət göstərən Vəkil1 tərəfindən təmsil olunmuşdur. Prosessual qanunvericiliyin məhkəmə xərclərini tənzimləyən normalarına əsasən nümayəndələrə və vəkillərə ödənilən xərclər məhkəmə məsrəflərinə daxildir. Həmin məsrəflər də digər məhkəmə xərcləri kimi ödənilmiş tələbin məbləğinə münasib olaraq tərəflərə aid edilir. Qanunvericilik eyni zamanda məhkəmənin üzərinə nümayəndəyə və ya vəkilə ödənilmiş xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə ağlabatan məbləğdə tutulması vəzifəsi qoyur. Konkret hallar dedikdə göstərilən yardımın həcmi (məhkəmə hərəkətlərinin və iclaslarının sayı), müddəti, baxılan işin mürəkkəbliyi və sair bu kimi amillər nəzərə alınmalıdır. Xərclərin ağlabatan məbləğ anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Belə ki, bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa iş üzrə ya həddən artıq, ya da hərdən az məbləğ kimi qəbul edilə bilər. Göründüyü kimi hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi ağlabatan həddə müəyyən olunmalı və xeyrinə qətnamə çıxarılan tərəfə verilməlidir. Məhkəmə vəkilin hazırki iş üzrə göstərdiyi hüquqi yardıma görə tələb etdiyi xərcin işin konkret halları və həcmi baxımından ağlabatan məbləğ hesab etmir və bu hissədə tələbin tam təmin edilməsini əsaslı hesab etmir. Belə ki, cavabdehin əmlak mənafeləri, habelə iddia tələbinin həcmi nəzərə alınmalıdır. Cavabdehin həddindən artıq maliyyə məsuliyyətinə cəlb olunması yolverilməzdir. Buna görə də məhkəmə hüquqi yardıma görə xərcin əvəzinin 500 (beş yüz) manat müəyyən olunmasını ağlabatan hədd kimi qiymətləndirir. Mülki Prosessual Məcəllənin: - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. - 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmçinin məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki mülki iş üzrə iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməsinə baxmayaraq, əsas tələbin iddiaçı məhkəməyə müraciət etdikdən sonra məhkəmə prosesləri zamanı ödənilməsi nəzərə alınmalı, cavabdehin dövlət rüsumu ödəməkdən azad olması halları müəyyən edilmədiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən gecikdirilmiş müddətə görə cəmi 114,92 (yüz on dörd manat doxsan iki qəpik) manat faiz borcu, hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat və dövlət rüsumu qismində ödənilmiş 100 (yüz) manat tutularaq İddiaçı Cəmaləttin oğlunun xeyrinə ödənilməli, ərizə qalan hissədə təmin edilməməlidir.
VI. Nəticə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən gecikdirilmiş müddətə görə cəmi 114,92 (yüz on dörd manat doxsan iki qəpik) manat faiz borcu, hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat və dövlət rüsumu qismində ödənilmiş 100 (yüz) manat tutularaq İddiaçı Cəmaləttin oğlunun xeyrinə ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səbinə Nuriyeva