Məhkəmə qərarları › İş №e-2(005)-1253/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1253/2023

18.04.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1253/2023 18.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, İddiaçı, Cavabdeh X4 Komitəsi Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X4 Komitəsi Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X4 Komitəsi Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdeh X4 Komitəsinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən 60000 (altmış min) manat məbləğində kompensasiyanın, ödənilmiş dövlət rüsumlarının və vəkil xərclərinin əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlamaqla cavabdeh X4 Komitəsinin Azərbaycan nümayəndəliyində “B2” dərəcəsində “Hərəkatla əməkdaşlıq üzrə məsul işçi” kimi əmək fəaliyyətinə başlamışdır. Onunla bağlanmış əmək müqaviləsi müddətli olmaqla, bir il müddətinə bağlanmışdır. Müqavilənin 7-ci bəndində onun 3 aylıq sınaq müddəti ilə bağlandığı göstərilmişdir. 31 mart 2022-ci il tarixdə ona cavabdeh təşkilatın rəhbərliyinin adından yazılı xəbərdarlıq təqdim edilmişdir ki, “sınaq müddətini uğurla keçmədiyiniz üçün Sizinlə bağlanmış əmək müqaviləsinə 04 aprel 2022-ci il tarixində xitam veriləcəkdir”. Bundan sonra o, həm Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə, həm də cavabdeh nümayəndəliyin daxil olduğu BQXK-nin daxili prosedurlarına uyğun səlahiyyətli orqanlarına müraciət edərək, verilmiş xəbərdarlığın qanunsuz olduğu, əmək müqaviləsində sınaq müddətinin nəticələrinə uyğun ona xitam veriləcəyi şərtinin mövcud olmadığını, üstəlik bildirişin sınaq müddətinin son günündə verildiyini və eləcə də, sınaq müddətini uğurla keçməməsini təsdiq edən hər hansı əsaslandırıcı faktın olmamasını bildirmişdir. Həm X2 Xidmətinin Bərdə Regional ərazi şöbəsindən verilən məktubda, həm də BQXK-nın daxili struklarında müzakirələrdə onun guya sınaq müddətini uğurla keçməməsi əsası ilə əmək müqaviləsinə xitam verilməsi cəhdinin qanunsuz və əsassız olması qənaətinə gəlindiyindən, cavabdeh təşkilat onunla bağlanmış əmək müqaviləsinin qeyd edilən ləğv edilməsini rəsmiləşdirmədi və əmək müqaviləsinin başa çatması vaxtınadək öz əmək fəaliyyətini davam etdirmişdir. Bununla yanaşı, cavabdehin guya sınaq müddətini uğurla keçməməyi ilə bağlı təqdim etdiyi yazılı xəbərdarlıq onda həddən artıq böyük daxili hiddət və narazılıq doğurmuşdur və ona qarşı yol verilən bu aşağılayıcı münasibətin yaratdığı stress səhhətində ciddi və uzunmüddətli fəsadlar yaratmışdır. Belə ki, o uzun müddət ictimai və ictimai-siyasi fəaliyyətlə məşğul olmuş, bir sıra təşkilatlarda, o cümlədən, beynəlxalq təşkilatların nümayəndəlik və yerli təşkilatlarında rəhbər vəzifələrdə işləmişdir. Kifayət qədər böyük iş təcrübəsi və yetərli savadı vardır və bu həmdə onu işə götürərkən cavabdeh tərəfindən işəgötürənə prosedurlarına uyğun olaraq aparılan çox mərhələli seçim proseslərində də öz təsdiqini tapmışdır. Cavabdehin sınaq müddətində onun özünü doğrultmaması ilə bağlı ittihamı, sonradan bu əsasla əmək müqaviləsinə xitam verilməsə də, həm işlədiyi kollektivdə, həm də onu tanıyanlar, dost-tanışlar arasında onun nüfuzuna xələl gətirmiş ona olan etimadı zədələmişdir, illərlə əldə etdiyi təcrübə, bilik və bacarıqlarına kölgə salmışdır və buna görə də, o həddən artıq stress mənəvi sarsıntı keçirmişdir. Bununla bağlı mənəvi iztirablar yaşamış və eləcə də, sarsıntı ilə bağlı səhhətində problemlər yaranmış və müalicə olunmağa məcbur olunmuşdur. Hal-hazırda da müalicə almağa davam edir. Cavabdeh X4 Komitəsi Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxslə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlik) Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunvericinin tələbindən görünür ki, müvafiq normanın tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu arasında səbəbli əlaqə mövcud olmalıdır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. AR Əmək Məcəlləsinin 51-ci maddəsinə görə Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. Həmin Məcəllənin 53.1-ci maddəsinə görə sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Həmin Məcəllənin 53.4-cü maddəsinə görə sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər. Tərəflər arasında bağlanmış 13 sentyabr 2021-ci il tarixli əmək müqaviləsinin 7-ci bəndinə görə əmək fəaliyyətinin ilk 3 ayı sınaq müddəti hesab edilir. Göründüyü kimi qanunvericiliyin və əmək müqaviləsinin tələblərinə görə işəgötürənin işçiyə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilmək hüququ vardır. AR Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tərkibinin yaranması üçün yuxarıda qeyd olunan üç şərtdən heç biri mövcud deyildir. Nə mülki hüquq pozuntusu, nə şəxsiyyətə və ya əmlaka zərər vurulması halı, nə də ki hər-hansı bir səbəbli əlaqə mövcud deyildir. Bundan başqa iddiaçı iddia ərizəsində istinad etdiyi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 195-ci maddəsinin “ə” bəndinə görə işəgötürən əmək münasibətləri prosesində əmək müqaviləsi ləğv edildikdən sonra işəgötürən tərəfindən hər hansı üsulla işçinin şəxsi və peşəkarlıq keyfiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, habelə şəxsiyyətini ləkələyən digər məlumatlar yaydığına görə işə düzələ bilməməsi ilə əlaqədar işçiyə maddi və mənəvi ziyan vurulduqda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Göründüyü kimi normadan aydın olur ki, birincisi işçi ilə əmək müqaviləsi ləğv edilməlidir, ikincisi işəgötürən tərəfindən işçi barəsində şəxsi və peşəkarlıq keyfiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, habelə şəxsiyyətini ləkələyən digər məlumatlar yayınmalıdır və üçüncüsü nəticədə işçi bu səbəbdən işə düzələ bilməməlidir. İşçiyə işəgötürən tərəfindən xəbərdarlıq verilən zaman, hətta iddia qaldırılan zaman o, hələ ki işdən çıxarılmamışdır. Həmçinin işəgötürən tərəfindən işçi barəsində ümumiyyətlə hər-hansı bir məlumat yayınlanmamışdır. Üçüncüsü nəticə etibarı ilə onun başqa yerdə işə düzəlib-düzələ bilməməsi məsələsi kimi hal ümumiyyətlə müzakirə mövzusu deyildir. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin mahiyyətinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 Komitəsi Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi və vəkili Vəkil iddia tələbinin əsassız olduğunu, etirazın dəlillərinə uyğun izahat verərək bu səbəbdən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Diaqnoz Tibb Mərkəzinin müayinə vərəqəsindən görünür ki, İddiaçı sol mədəciyin hipertrofiyası qeyd edilir. Seqmentar divar hərəkəti pozulmaları qeyd edilmir. 0046566 saylı Əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, xəstəliyi ilə əlaqədar İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işdən azad edilmişdir. 844458 saylı Əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, xəstəliyi ilə əlaqədar İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işdən azad edilmişdir. 0673778 saylı Əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, xəstəliyi ilə əlaqədar İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işdən azad edilmişdir. 0841180 saylı Əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, xəstəliyi ilə əlaqədar İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işdən azad edilmişdir. 0841667 saylı Əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, xəstəliyi ilə əlaqədar İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işdən azad edilmişdir. 0663742 saylı Əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, xəstəliyi ilə əlaqədar İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işdən azad edilmişdir. xx.xx.2023-cü il tarixli “MyGov.az” portalından çıxarışdan görünür ki, İddiaçı X4 Komitəsi Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddətli əmək müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan çıxarışdan görünür ki, xəstə 1 aydır ki, xəstə hesab edir ki, xəstəliyi streslə əlaqələndirir. Sol mədəciyin sistola-diastolik ölçüləri genişlənməyib, sistolik funskiyası N(EF 61) sol mədəciyin hipertrofiyası Diastolik funksiyasl relaksativ tipdə pozulub Seqmentar divar hərəkət qüsuru qeyd olunmur. Perikartda 5 mm qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, X1 tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 211 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halına görə, iş üzrə iddiaçı xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlamaqla X4 Komitəsinin Azərbaycan nümayəndəliyində işləmiş, onun əmək müqaviləsi müddətli (xx.xx.2021-xx.xx.2022) olmaqla, bir il müddətinə bağlanmış, 3 aylıq sınaq müddəti müəyyən edilmişdir. 31 mart 2022-ci il tarixdə iddiaçıya yazılı xəbərdarlıq təqdim edilmiş və sınaq müddətini uğurla keçmədiyi göstərilmişdir. Bundan sonra iş üzrə iddiaçının müvafiq dövlət orqanına (həm Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2) müraciətləri olmuş, iddiaçı ilə əmək münasibətlərinə müqavilənin müddətinin qurtarması əsası ilə xitam verilmişdir. Hazırkı iddia ərizəsində iddiaçı cavabdehin hərəkətlərinin qanunsuzluğunu və ya əmək qanunvericiliyin hər hansı normasının pozulmasını mübahisələndirməmişdir. İddiaçının tələbi vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdeh X4 Komitəsinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən 60000 (altmış min) manat məbləğində kompensasiyanın tutulmasından ibarətdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. İddiaçı iddia tələbini Mülki Məcəllənin 21, 23-cü maddələri və ilə əsaslandırmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinad edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarından da göründüyü kimi, mənəvi zərər şəxsin pozulmuş hüququnun müstəqil nəticəsidir. «Pozulmuş hüquq» dedikdə məhkəmə, heç şübhəsiz Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsində vurğulandığı kimi, «qanunla qorunan hüquq»ların pozulmasını nəzərdə tutur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 yanvar 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin Qərarın 8-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Beləliklə, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona mənəvi zərərin dəydiyini iddia etsə də, mənəvi zərərin məhz cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsini sübut edə bilməmişdir. Məhkəmənin mövqeyinə görə İddiaçı cavabdehin hərəkətinin qanunsuz olmasını, məhz bu hərəkətlə onun mənəvi iztirabının səbəbli-əlaqəli olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etmədiyindən iddia ərizəsində irəli sürdükləri formal mülahizə kimi qiymətləndirilməlidir. Bir daha qeyd olunmalıdır ki, hər bir tələb kimi, zərərin və xüsusən mənəvi zərərin ödənilməsi tələbinin təmin edilməsi sübutetmədən asılıdır. Belə ki, hər-hansı bir şəxsə qarşı irəli sürülmüş iddianın təmin edilə bilməsi üçün onun qanun pozuntusuna yol verdiyi kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilən sübutlarla təsdiq olunmalı, daha sonra qeyd olunan əməlin qanunun dispozisiyasında göstərilən şərtləri pozubpozmaması aydınlaşdırılmalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məlum olduğu kimi Mülki Məcəllənin 21-ci maddəsi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: birincisi, törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; ikincisi, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; üçüncüsü, ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Sadalanan maddi hüquq normalarının tələbləri baxımından cavabdeh tərəfindən iddiaçıya qarşı hər hansı hüquqa zidd əmələ (hərəkət və ya hərəkətsizliyə) yol verilməsi iş materiallari ilə müəyyən olunmur. Digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün də ilk olaraq törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması baş verməlidir. Hazırkı iş üzrə iddiaçı işəgötürən olaraq cavabdehin hərəkətinin qanunsuz olub-olmamasını mübahisələndirməmişdir. Belə olan halda, cavabdeh mülki məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə iddia tələbinin «ödənilmiş dövlət rüsumlarının və vəkil xərclərinin əvəzinin tutularaq ona ödənilməsi» hissəsi ilə bağlı qeyd edir ki, mənəvi zərərlə bağlı iddia tələbi rədd olunduğundan iddianın bu hissəsi də təmin edilə bilməz, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə məhkəmə iddia ərizəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh X4 Komitəsi Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar