Məhkəmə qərarları › İş №e-2(005)-1260/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1260/2022

17.06.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1260/2022 17.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh “RR CONSTRUCTİONS”MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) qarşı “əmlak” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən iddiaçı Nailə İddiaçı mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, 10 ünvanında yerləşən və 0,00282 ha torpaq sahəsinin cavabdehin qanunsuz sahiblik və istifadəsindən alınaraq iddiaçıya qaytarılması və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 105 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq (tutularaq) ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, 10 ünvanında yerləşən qeyri-yaşayış binası mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. Eləcə də, həmin qeyri-yaşayış sahəsinin altında yerləşən, 0.00282 ha torpaq sahəsi də hal-hazırda mülkiyyətindədir. Bu DƏDRX-nin xx.xx.2018-ci il tarixli, Seriya RX ******* nömrəli Çıxarışı ilə təsdiq olunur. Eyni zamanda, "xxxx" MMC ilə arasında xx.xx.2019-cu il tarixli, QY-007 nömrəli Müqavilə imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən o mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsi və söküntü aparılan ərizədə yeni binanın tikilməsi, sonradan həmin binadan yeni qeyri-yaşayış sahəsinin verilməsi barədə razılaşmışlar. Lakin müqavilə üzrə ona məxsus olan torpaq sahəsi tərəflər arasında müqavilə ilə rəsmiləşdirilməmişdir. Bu barədə "xxxx" MMC-yə şifahi qaydada bildirilməsinə baxmayaraq, hər dəfə məsələnin normal olaraq həll ediləcəyi deyilsə də, ancaq bu günə qədər məsələ öz həllini tapmamışdır. Mülkiyyət hüququ ilə ona məxsus olan 0.00282 ha torpaq sahəsinə hündür mərtəbəli yaşayış binasının inşa edilməsi səbəbindən, mülkiyyətçi öz mülkiyyət hüquqlarını həm tam sərbəst idarə edə bilmir, həm də mülkiyyətini əldə etməsi qeyri-mümkün olmuşdur. Bu isə onu bildirir ki, istinad edilən 0.00282 ha torpaq sahəsinin mülkiyyətçinin hüquqları nəzərə alınmır və torpaq sahəsi də hazırda da mükiyyətindədir. Mülkiyyət hüququ ilə ona məxsus olan, torpaq sahəsi cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyətçiyə geri qaytarılması və mülkiyyət hüquqlarından tam, sərbəst və maneəsiz istifadə edilməsinə şəraitin yaradılmır. Bu səbəbdən, tərəfindən dəfələrlə şifahi qaydada tələb və göstərişləri yerinə yetirilmədiyindən, rəsmi qaydada müraciət etməyə məcbur olmuşdur. İlk növbədə AR-nın Vəkillər Kollegiyasının vəkili Nümayəndə1 ilə müvafiq müqavilə imzalamış və onun hüquqlarının müdafiəsi ilə bağlı razılaşmışlar. Daha sonra, müdafiəçi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla cavabdehə müraciət olunmuşdur. Müraciətə əsasən, müraciətin alındığı (istər rəsmi, istərsə də şəxsən) gündən 7 gün ərzində torpaq sahəsi geri qaytarılması istənilmiş və əgər həmin tələbin yerinə yetirilmədiyi halında, məhkəməyə müraciət olunaraq mülkiyyətçinin pozulmuş hüquqlarının bərpasının həyata keçirilməsi qaçılmaz olması bildirilmişdir. Göstərilən rəsmi müraciət cavabdehin həm faktiki, həm də rəsmi qeydiyyat ünvanına göndərilmişdir. Məktub Qəbələ rayonunda rəsmi qaydada "Mürşüdov" soyadlı, Bakı şəhərində isə "Sadıqova" soyadlı şəxslər tərəfindən qəbul edilməklə (imzalanmaqla) alınmışdır. Hər iki məktubun alınmasından artıq 7 gündən çox vaxt keçməsinə baxmayaraq, bu günə qədər cavabdeh iddiaçının mülkiyyət hüquqlarını pozmaqda davam edir və mülkiyyətçinin mülkiyyət hüquqları bərpa olunmamışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında “RR CONSTRUCTİONS” MMC-nin nümayəndəsi Nümayəndə2 oğlu iddia tələbini qəbul etmyərək, etiraz ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli sərəncamına əsasən "xxxx" MMC Pilot layihə çərçivəsində Bakı şəhəri Nərimanov rayonu Mayakovski küçəsi 8\9-10 küçəsində yerləşən qəzalı vəziyyətdə olan binaların yerində yeni binalar layihələndirmişdir. Qeyd olan layihə çərçivəsində həmçinin, İddiaçı ilə də xx.xx.2019-cu il tarixdə əvəzləşdirmə müqaviləsi bağlanılmış və onun mülkiyyətində olan 34.8 kv. m qeyri-yaşayış sahəsinin yerində ona yeni tikilmiş binada 45 kv.m qeyri-yaşayış sahəsi təqdim edilmişdir. Tərəflər arasında münasibətlər xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilə ilə tənzimlənir. İddiaçı iddia ərizəsində həmin müqavilənin şərtlərini ədalətsiz saysa da, indiyə qədər müqaviləni mübahisələndirməmişdir. Halbuki, onunla bağlanan müqavilənin şərtlərini ədalətsiz və ya müqavilənin natamam qaydada bağlanmasını hesab etdiyi halda Mülki Məcəllənin tələblərinə uyğun olaraq müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı məhkəmədə mübahisə qaldırmalı idi. Tərəflər arasında münasibətlər xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilə üzrə tənzimləndiyi üçün və həmin müqavilə üzrə də cavabdeh üzərinə düşən bütün öhdəliklərini yerinə yetirdiyi üçün iddiaçının cavabdehdən əlavə nəsə tələb etməyi tamamilə əsassızdır. Tərəflər arasında bağlanmış əvəzləşdirmə müqaviləsi normativ hüquqi aktların tələblərinə uyğun olaraq ədalət prinsipi rəhbər tutularaq bağlanmışdır. xx.xx.2019-cu il tarixdə bağlanan müqavilənin şərtlərindən göründüyü kimi, iddiaçıya 34.8 kv.m obyektin və onun altındakı torpağın əvəzinə 45 kv.m obyekt verilmiş və tikinti müddəti ərzində hər ay 600 manat pul ona ödənilmişdir. Cavabdeh Nazirlər Kabinetinin qərarına uyğun olaraq iddiaçının daşınmaz əmlakını əvəzləşdirmişdir. Müqavilənin şərtlərindən də görünür ki, müqavilə bağlanarkən iddiaçının bütün tələbləri nəzərə alınmış və tikinti zamanı onun tərəfindən narazılıq və ya əlavə pulun və ya əlavə sahənin verilməsi haqqında müraciət edilməmişdir. İddiaçının məhz kirayə pulunu alıb qurtardıqdan sonra absurd iddia ilə məhkəməyə müraciət etməsi onun əsassız varlanmaq məqsədinin olmasını bir daha sübuta yetirir. Qeyd olunan iş üzrə "xxxx" MMC ümumiyyətlə cavabdeh qoyula bilməz. Hazırda qeyd olunan ərazidə tikilən çoxmənzilli bina "xxxx" MMCnin sahibliyinə verilmişdir. İddiaçı mübahisə predmeti olan torpaq sahəsinin tikintinin ərazisinə düşməsi ilə bağlı məhkəməyə heç bir dəlil təqdim etməmişdir. İddiaçıya məxsus olmuş qeyri-yaşayış obyekti söküldükdən sonra onun yerində bina inşa edilməmişdir. Tikinti işləri zamanı bəzi obyektlərin sökülməsi yolun genişləndirilməsi üçün nəzərdə tutulmuşdur. İddiaçı da obyekti həmin yolun tikilməsi üçün nəzərdə tutulmuş hissəyə düşür. İddiaçı ona məxsus torpaq sahəsinin hara düşməsi haqqında məhkəməyə heç bir məlumat təqdim etməyib, halbuki onun obyektinin yerindən hazırda yol keçir, bu isə o deməkdir ki, ümumiyyətlə torpaq sahəsinin hansısa şəxs tərəfindən zəbt edilməsi faktı mövcud deyildir. Qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notarial təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvan xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Cavabdeh MMC ilə ”Mülkiyyətçi” İddiaçı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış Müqavilənin surətindən görünür ki, Cavabdeh MMC adlanacaq Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, 10 ünvanında yerləşən, istifadə üçün qəzalı və ətraf mühitə harmoniyasını itirmiş vəziyyətdə olan binada ”Mülkiyyətçi”yə məxsus qeyri yaşayış sahəsinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada ”Mülkiyyətçi”-nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 24.3 kv.m əsas sahə, zirzəmisi 10.5 kv.m köməkçi sahəsi olan cəmi 34.8 kv.m obyekt əvəzinə 45 kv.m ölçüdə obyekt ”Mülkiyyətçi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxaq hüququn prinsipi ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istəyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunverciliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi ilə qanusuz sahiblikdən özgənin əmlakının geri qaytarılması ilə bağlıdır. Tərəflərin izahatlarından məhkəmə iclasında müəyyən edilmiş hallardan göründüyü kimi iddiaçı cavabdeh ilə müqavilə bağlayarkən, mülkiyyətində olmuş Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, 10 ünvanında yerləşən, istifadə üçün qəzalı vəziyyətdə olan binada ona məxsus qeyri yaşayış sahəsinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, sökülmüş əmlakının əvəzinə 45 kv.m ölçüdə obyekt almağı niyyət etmişdir. Müqavilədən də görünürdüyü kimi, ”mülkiyyətçiyə məxsus qeyri yaşayış sahəsinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək”cümləsi qeyd edilmiş, bu da öz növbəsində iddiaçının müqavilə imzalayarkən söküləcək əmlakının yerində bina tikilməsindən və həmin binadan yeni əmlak əldə edəcəyini bilmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdeh tərəf etiraz ərizəsində iddiaçının qeyd etdiyi torpaq sahəsində cavabdeh tərəfindən hər hansı tikili tikməməsini qeyd etmişdir. İddiaçı tərəf cavabdeh tərəfindən torpaq sahəsinin zəbt olunması barədə sübut təqdim etməmişdir. Odur ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) qarşı “əmlak” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) qarşı “əmlak” tələbinə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar